Mənim də bölüşdüyüm belə bir fikir var ki, Azərbaycan cəmiyyətinin intellektual tarixində ən qabarıq və təsirli dövr aydınlanma (maarifçilik) dövrü sayıla bilər. Aydınlanma dövrünün təsirləri tək məzmun və mövzularda qalmayıb, cəmiyyətimizdə intellektual kəsimin özü haqqında refleksiyalarından tutmuş ictimai davranışına kimi müşahidə oluna bilər. Ancaq aydınlanma ideyasının Azərbaycan intellektual tarixində qəbul edilməsi formalarına baxsaq onun bir neçə deformativ təzahürlərini görə bilərik. Bu deformasiyalar əsas olaraq aydınlanma ideyasının orijinalına, bu fəlsəfənin əsasında duran mətnlərə baxanda daha da qabarıq görünür. Bu deformasiya özünü iki formada göstərir: yarımçıqlıqtəhrif. Birinci halda deformasiya olunan şey aydınlanma ideyasının əsas şüarı olan sapere aude (Öz ağlından istifadə edəcək cəsarətin olsun) çağırışının strukturudur. Yəni, sapere aude ancaq yarımçıq təqdim olunur. İkinci halda isə, aydınlanma ideyası bütünlükdə təhrif olunur, belə ki, sapere aude sözdə təsdiq, mahiyyətdə isə inkar olunur.

Bu deformativ təzahürləri bir-birindən fərqləndirmək üçün mən Aufklärung sözünün Azərbaycan dilinə tərcüməsi zamanı ortaya çıxmış iki sözdən öz xeyrimə istifadə edəcəyəm. Aufklärung almancadan Azərbaycan dilinə gah maarifçilik (maariflənmə), gah da aydınlanma kimi çevrilir. Hər iki söz, müvafiq olaraq sinonim kimi işlədilir. Mən isə bu iki sözü sinonim kimi işlətməyəcəyəm. Aydınlanma sözünü orijinal ideyanı (Aufklärung) bildirmək üçün,  maarifçilik sözünü isə aydınlanma ideyasının yarımçıq təzahürünü bildirmək üçün işlədirəm. Aydınlanma ideyasının təhrif olunmuş formasını bildirmək üçün isə psevdoaydınlanma sözündən istifadə edəcəyəm. Deməli, bu mətndə üç əsas sözdən istifadə olunur: aydınlanma, maarifçilikpsevdoaydınlanma. Psevdoaydınlanma dedikdə sözün özündən də aydın olduğu kimi təhrif edilmiş aydınlanmanı nəzərdə tuturam. Digər iki sözü – aydınlanma və maarifçilik – məhz sinonim kimi deyil, əksinə fərqləndirici funksiyada işlədirəm.

Aydınlanma haqqında

Aydınlanma fəlsəfəsinin təməl mətnlərindən olan İmmanuel Kantın Aydınlanma nədir? essesi belə başlayır: “Aydınlanma bir insanın onun öz qəbahəti üzündən yetkin olmama vəziyyətindən çıxmasıdır. Yetkin olmama insanın başqa birinin onun üzərində rəhbərliyi olmadan öz ağlından istifadə etmə qabiliyyətinin olmamasıdır. Yetkin olmamağın səbəbi o zaman insanın özündən qaynaqlanır ki, onun səbəbi ağlın zəifliyindən yox, insanın öz ağlından başqasının rəhbərliyi olmadan istifadə etmək cəsarətsizliyindən və sərbəst qərar verə bilmək bacarıqsızlığından irəli gəlir. Sapere aude! Deməli, aydınlanmanın aparıcı şüarı belədir: Öz ağlından istifadə edəcək cəsarətin olsun!”

Göründüyü kimi, Sapere aude aydınlanma cərəyanının əsas şüarıdır. Bu şüar həm də dünyanın dərk edilməsində ağlın üstünlüyü iddiasından çıxış edən nəzəri diskursun təməlində durur. Yəni, aydınlanma fəlsəfəsi həm də ağlın üstünlüyü iddiasından çıxış edən bir epistemoloji mövqedir. Bu mövqeyə görə dünyanı dərk etmək üçün ağıl əsas vasitədir (digər bu və ya başqa iddia olunan vasitələrdən üstündür) və bilik rasionaldır. Ağlın ambisiyası (və Aristotelçi ənənəyə görə həm də funksiyası) isə həqiqəti tapmaq, ya da yaratmaqdır. Aydınlanma fəlsəfəsinə görə ağıl mütəmadi olaraq yanlış olanı tapıb inkar etməyə və doğrunu təsbit etməyə çalışır. Sapere aude yanlışı inkara və doğrunu təsbit etməyə çağırışdır, müvafiq olaraq onun iki mərhələsi var: dekonstruktiv (inkar) və konstruktiv (yaradıcı). Birincisi analiz (hissələrə ayırma) və verifikasiya, ikinci isə abstraksiyadır. Birinci daha asan, ikinci isə daha çətindir. Birincisi əqli temperamentə xitab edir və bunun üçün də əsasən ədəbiyyat və dramaturgiyadan istifadə edir; ikincisi üçün isə nəzəri təfəkkür və müvafiq ifadə formaları vacibdir.

Bəs aydınlanma ideyasını maarifçilik və psevdoaydınlanma fenomenindən fərqləndirmək nə üçün lazımdır? İlk əvvəl ona görə lazımdır ki, bizim sovet keçmişimiz var, psevdo-aydınlanma ənənə yaradır və biz hazırda avtoritar bir mühitdə yaşayırıq. Necə ki, presovet (çar dövrü) maarifçiliyinin ənənəsi itmədi, SSRİ zəifləyən və dağılan kimi yenidən ortaya çıxdı və ictimai fikir üçün müəyyən bir baza təşkil edə bildi, eləcə də sovet dövrü psevdoaydınlanma təbliğatı da müəyyən bir ənənə yaratmışdır. Bu ənənənin də birdən-birə dağılacağı, ətalətinin aradan qalxacağı ağlabatan deyil. Biz bunu hazırkı reallığımızda da aydın görə bilirik. Təhsilin və informasiyanın manipulyasiyası və sui-istifadəsi artıq “maarifçilik” adı altında aparılmasa belə, üsul və alətlər tamamilə sovet dövrü ənənəsinin ətalətindədir. Hazırkı siyasi və sosial vəziyyəti nəzərə alsaq, bunun deqradativ potensialını görmək çətin deyil.

Maarifçilik

Yuxarıda izah edilmiş aydınlanma müstəvisindən baxdıqda bizdə aydınlanma adı altında təqdim olunan məzmunların və fəaliyyətin ilk çaşdırıcı tərəfi görünməyə başlayır. Burada ayırd edilə biləcək üç istiqamət var. Birincisi budur ki, maarifçilik anlayışı əsasən təhsil, ya da informasiya təbliğatı kimi başa düşülür və kəmiyyət konnotasiyalıdır. Yəni, vurğu daha çox informasiyanın həcminə qoyulur. Nə qədər çox informasiya, o qədər çox maarifçilik. Halbuki, təhsil və informasiya aydınlanma ideyası ilə eyni deyil. Əksinə, təhsil və informasiyanın manipulyasiyası ilə aydınlanma ideyasının təkzibi cəhdləri az olmayıb. Təhsil və bol informasiya hələ aydınlanma üçün qarantiya deyil. Bu, təhsil və informasiya təbliğatı fəaliyyətlərini bildirən söz adətən “maarifçilik” (ya da “maarifləndirmə”) olur. Nisbətən gec işləklik qazanmış “aydınlanma” tərcüməsi adətən bu kontekstlərdə işlənmir. Məsələn, adətən aydınlandırıcı tədbirlərdən yox, maarifləndirici tədbirlərdən danışılır. Ona görə də mətn boyu yuxarıda adı gedən təhsil və informasiya təbliğatını bildirmək üçün məhz maarifçilik sözündən istifadə edəcəyəm və bunu aydınlanmadan fərqləndirəcəyəm. Bu mənada maarifçiliyin aydınlanmadan əsas fərqini aydınlanma ideyasının keyfiyyət kredosu olan Sapere aude! şüarının ya tamam diqqətdən kənarda saxlanması, ya da yarımçıq başa düşülməsi olaraq təsbit edirəm.

İkinci olaraq demək olar ki,“maarifçilik” və “maariflənmə” adı altında həm də irrasionalizm, mistika və s. təbliğ edən məzmunların da paylaşıldığını görə bilərik. Həmçinin, fəlsəfə tarixində antiaydınlanma (counter enlightenment) kimi tanınan ənənə təmsilçilərinin təbliğini belə Azərbaycandakı bu təzadlı maariflənmə təşəbbüsləri içərisində görmək olar. Bunlar isə ağlın üstünlüyü şərtindən çıxış edən aydınlanma ideyası ilə ziddiyyət təşkil edən mövqelərdir. Aydınlanma məhz irrasionalizm, mistika kimi şeyləri epistemoloji mötəbərlilik aspektindən rədd edir, yəni iddia edir ki, bunlar bilik üçün mötəbər mənbələr sayıla bilməzlər. Çünki, aydınlanma ideyasına görə bilik irrasional yox, rasionaldır.

Üçüncü istiqamət isə budur ki,Azərbaycandakı postsovet ədəbiyyatı təmsilçilərinin timsalında maarifçilik tez-tez nihilizm və inkarçılıqda ittiham olunur. Əslində isə nihilizm və inkarçılıq eyni anlayışlar deyil. Birincisi aydınlanma ideyasına yad olduğu təqdirdə, inkar aydınlamaya aiddir.

Bəs nə üçün bu yuxarıda sadalanan üç növ fəaliyyət formasını mən aydınlanma yox, maarifçilik, yəni yarımçıq aydınlanma adlandırıram?Azərbaycanda aydınlanmanın tarixinə bu perspektivdən baxsaq, bu sualın cavabı aydın görünür. Bizdə aydınlanmanın tarixi həm ifadə formaları (janrlar), həm də məzmun baxımından sapere audenin inkar formasının, yəni birinci mərhələsinin tarixidir. Aydınlanma dövrünün əksər layihələri Azərbaycanda ədəbiyyat və dramaturgiya sahəsindədir, lakin fəlsəfi müstəvidə yeni ideyalar, yaxud analiz yoxdur. Sapere audenin daha çox birinci (inkar) mərhələsinə fokuslanmışıq, ikinci (yaradıcı) mərhələyə isə biganəlik müşahidə olunur. Başqa sözlə desək, Azərbaycan cəmiyyətinin intellektual tarixində maarifçilik var, aydınlanma isə yoxdur.

Sual yarana bilər ki, Azərbaycan cəmiyyətinin intellektual tarixini hansı genişlikdə başa düşməliyik? Siyasi və sosial dəyişmə proseslərini də bura aid edə bilərikmi? Yəni, cəmiyyətin intellektual tarixi dedikdə sadəcə yazılı mətnlər deyil, həm də sosial və siyasi dəyişiklikləri nəzərdə tuturuqsa, onda yuxarıdakı iddiada – yəni, bizdə aydınlanmanın sadəcə yarımçıq formada mövcud olması iddiasında israr edə bilərik? Məsələn, sual yaranır ki, XX əsrin əvvəlində AXC-nin(Azərbaycan Xalq Cümhuriyyəti) yaranması və bunun əsasında duran refleksiyalar hansısa formada  2-ci mərhələ sapere aude hadisəsi sayıla bilərmi? AXC sağ qala bilsəydi biz Azərbaycanda da sovet dövrü maarifçiliyindən fərqli bir aydınlanma mədəniyyəti arxivinə sahib olacaqdıqmı? Bu suallara cavablarancaq fərziyyələrdən ibarət ola bilər, ona görə də gəlin faktiki reallığa qayıdaraq baxaq ki, sovet maarifçiliyi kontekstində aydınlanma ideyasının problemi nədən ibarətdir. 

Psevdoaydınlanma

Aydınlanma fəlsəfəsinin inqilabi potensialı olduğu qədər, digər tərəfdən həm də paternalist potensialı var. Sapere aude şüarının ünvanı əzilənlərdir. Yol göstərən, xilasedici olan aydınlanmış tərəf əzilənlərin ağlına xitab edir. Məsələn, azad vətəndaşlar üçün olan elitar qədim yunan fəlsəfəsindən(qədim yunanlarda əzilənlərin ümumiyyətlə ağlının olub-olmaması şübhə altına alınırdı, onların fəlsəfəyə ümumiyyətlə çıxışı yox idi) fərqli olaraq,  aydınlanma fəlsəfəsinin rasionallıq iddiası hərkəsi əhatə edir. Bununla, əzilənlərin də intellektual statusu bərpa olunur. Lakin aydınlanma ideyasının Platonun mağara alleqoriyasına qədər uzanan bir paternalist konnotasiya ənənəsi var. Kantın Sapere audesinin xitab ünvanı olanlar Platonun mağarasının sakinlərindən intellektual statuslarına görə fərqlənsələr də, yenə də ortada onların ağlına işıq salacaq və onları cəsarətləndirəcək bir aydınlanmış subyekt obrazı var.

Təsadüfi deyil ki, sovet dövründə belə aydınlanma fəlsəfəsi geniş təbliğ olunurdu. İdeyanın eyni vaxtda özündə daşıdığı inqilabi və paternalist potensial sovet ideologiyasına uyğunlaşdırılmaq üçün çox münasib idi. Sovet dövründə təbliğ olunan aydınlanma ideyasının tamamilə anaxronizmə uğradılmış formada öyrədilməsi də təsadüfi deyil. Sovet dövrü maarifçilyində sapere audenin inkar etdiyi yanlışlar artıq tarixə qovuşmuş Çar Rusiyası dövrünün reallıqlarına aid idi. Məsələn, dini xurafat, sosial iyerarxiya, qadın haqlarının pozulması və s. ancaq Çar Rusiyası misalında tənqid və rədd edilirdi. Sovet reallıqlarına münasibətdə isə sapere aude tamamilə qadağan edildi. Aydınlanmış xilaskar statusu Kommunist Partiyasına keçdi. O, işığı hara yönəldəcəkdisə, hamı da orda olanı görməli idi. Daha sapere audeyə ehtiyac yox idi. Aydınlanma ideyası mahiyyətinə tamamilə zidd olan bir ideologiyanın dekorasiyasına çevrildi. 

Postsovet maarifçiliyi

SSRİ-nin dağılması ilə sapere aude qadağası da qismən ortadan qalxdı. Birdən-birə başlayan informasiya axınının və qarışıqlığın içində müəyyən bir formaya düşərək səsini eşidiləcək hala gətirə bilən intellektual kəsim yenə də maarifçilik ideyalarına qayıtmış oldu. Maraqlısı odur ki, onlar bu dəfə də elə sovet öncəsi, yəni Çar Rusiyası dövrünün maarifçilik ənənəsinin qaldığı yerdən, yəni sapere audenin birinci mərhələsindən başladılar. Müstəqil Azərbaycanın ziyalılarının fəaliyyət forması da çar dövrünün maarifçilik ənənəsinin qaldığı mərhələyə qayıtdı. Məsələn, postsovet dövrü maarifçiliyi də bu köhnə ənənənin ətaləti ilə əsasən ədəbiyyat sahəsində özünü ifadə edə bildi. Sapere aude Azərbaycanda hələ də ancaq inkar edə bilir. Postsovet maarifçilərinin ünvanına olan haqsız “nihilist” qınağı da bəlkə bununla bağlıdır.[1]Azərbaycan maarifçiləri arasında hələ də ənənəvi didaktik danlaq üslubu üstünlük təşkil edir və hələ də onların nəzəriyyəsizlik ətaləti davam edir.

Ədəbiyyatdan kənar nisbətən canlı olan sahə siyasətdir. Orada da sapere aude subyektlərinin fəaliyyəti inkar müstəvisindən quruculuq müstəvisinə keçməkdə böyük çətinliklər çəkir. Siyasi müxalifətin bütün fəaliyyəti inkarla (yanlış olanın təsbiti və rədd edilməsi) ilə məhdudlaşıb. Daha kiçik sosial aktivist qrupların da fəaliyyətində oxşar mənzərəni görə bilərik. Məsələn, son illərdə Azərbaycanda aktivləşən feminist aktivistlərin də fəaliyyəti qadınların problemləri ilə bağlı vəziyyəti təsbit edib yanlış olanın rədd edilməsinə fokuslanıb. Feminist nəzəriyyələrlə məşğul olmağa isə həmin aktivistlər arasında ciddi təşəbbüs və maraq yoxdur. Beləcə, ziyalılar, aktivistlər, ictimai fiqurlar və o cümlədən, siyasətçilər aydınlanmanın birinci mərhələsində ilişib qaldıqlarına görə Azərbaycanda ictimai fikir yaradıcılıq və yeni ideyalar mərhələsinə yüksələ bilmir. Qısacası, hələ də bizdə maarifçilik var, amma aydınlanma yoxdur. Sapere audenin ikinci mərhələsinə çıxa bilmirik. 

Nəticə əvəzi

Bu qısa yazıda göstərməyə çalışdım ki, aydınlanma ideyası Azərbaycan cəmiyyətində müəyyən bir özünəməxsusluqda təzahür edir ki, bu həm tarixi perspektivdə, həm də müasir dövrdə müşahidə oluna bilir. Bu məqalədə əsas məqsədim bu özünəməxsusluğun əslində aydınlanma ideyasının deformasiyasiyası olduğunu göstərmək idi. Bunu aydınlanma fəlsəfəsinin əsas şüarı sayıla biləcək Kantın sapere aude çağırışını qısaca analiz edərək göstərməyə çalışdım. Sapere audenin nümunəsində aydınlanma ideyasını iki mərhələdən ibarət kimi göstərərək bu modeldə Azərbaycan maarifçiliyinin koordinatlarını müəyyən etməyə çalışdım. Bu zaman gördük ki, bizdə aydınlanma kimi təqdim olunan fəaliyyət və məzmunlar ya yarımçıq aydınlanma, yəni maarifçilik, ya da təhrif olunmuş aydınlanma, yəni psevdoaydınlanmadır.

Psevdoaydınlanmanı aydınlanma və maarifçilikdən fərqləndirə bilmək ona görə faydalıdır ki, bununla aydınlanma ideyasını sovet dövrü ilə identifikasiya edərək zorakılıq və təhlükə ilə assosiasiya cəhdlərinə adekvat cavab verə bilək. Belə cəhdlər heç də az deyil, irrasionistlərdən tutmuş mühafizəkarlar, dini təriqətlər və millətçilik tərəfdarlarına kimi bir çox cəbhədə rast gəlinir. Bu fərqləndirmə həm də aydınlanma ideyasını nihilizmlə eyniləşdirmək  istəyənlərin eristik ambisiyalarına aydınlıq gətirə bilmək üçün faydalıdır.

Həmçinin, aydınlanmanın cəmiyyətimizdə yalnız maarifçilik formasında təzahür tapa bilməsi sosioloqlar və cəmiyyəti öyrənən digər sahələrin mütəxəssisləri üçün kifayət qədər maraqlı araşdırma mövzusu ola biləcəyi fikrindəyəm. Məsələn, qurucu təfəkkürün zəif olması cəmiyyətin intellektual durğunluğudur, yoxsa müqavimətidir? Cavabdan asılı olaraq, hər iki halda edilməli olan nədir, yaxud ümumiyyətlə edilməsi mümkün olan nəsə varmı? Ümid edirəm ki, yazı oxucularda bu və bu kimi digər suallara cavab axtarmaq, burada qoyulan iddiaları tənqid etmək üçün həvəs yarada biləcək.

 

[1]Məsələn, şair Həmid Herisçi  maarifçi yazıçılar kimi tanınmış Günel Mövlud, Seymur Baycan, Əli Əkbəri tez-tez nihilizmdə günahlandırmağı sevir.