Əxlaq normalarını insan üçün qəbul edən şəxs onları bütün insanlara şamil etməlidir və bu səbəbdən də hansısa bir qrup insanın, məsələn, ermənilərin istisna kimi qəbul edilməsi əxlaqsızlıqdır. Yəni bir insan “uşaq öldürmək olmaz” və ya “əsirləri alçaltmaq olmaz” kimi inamları özünün şəxsi əxlaqi norması kimi qəbul edir, lakin həmin normaları ermənilərə şamil etmirsə, onda həmin insan məhz həmin məsələlərə münasibətdə əxlaqsızlıq edir. Çünki erməniləri istisna kimi qəbul etdiyi anda məlum olur ki, əslində yuxarıdakı normaları əvvəldən bəri şəxsi əxlaqi norma kimi qəbul etməyib. Başqa sözlə desək, “uşaq öldürmək olmaz” və ya “əsirləri alçaltmaq olmaz” inamları həmin adamın nəzərində əxlaqi norma olmayıb. Bu nəticəni izah etmək üçün əvvəlcə terminləri aydınlaşdırmaq lazımdır. Şəxsi əxlaqi normaları digərlərindən ayırmaq üçün əvvəlcə insanların davranış növlərinə nəzər salmaq lazımdır, bunun üçün də ilk növbədə kollektiv, sonra isə şəxsi davranış növlərini sadalayacağam.[1] Müxtəlif davranış növlərinin izahında azərbaycanlı-erməni münasibətlərinə dair yox, əlaqəsiz məsələlərdən nümunələr gətirəcəyəm ki, oxucu üçün təsnifatlandırma aydın olsun. Lazımi bütün terminləri aydınlaşdırandan sonra isə yenidən əsas mövzuya – ermənilərə olan münasibətə qayıdacağam.

Kollektiv davranışlar dedikdə müəyyən bir qrup insan tərəfindən həyata keçirilən davranışlar nəzərdə tutulur. Kollektiv davranışlar həm müstəqil, həm də asılı ola bilər. Müstəqil kollektiv davranışlar insanlar tərəfindən tamamilə özlərinin şəxsi maraqlarını təmin etmək məqsədilə həyata keçirilir və bu zaman həmin şəxs başqalarının davranışını və ya başqalarının ondan nə gözləməsini nəzərə almır. Məsələn, kənardan bir cəmiyyəti müşahidə edən insan görə bilər ki, soyuq havada digər insanlar kimi Həsən də qalın geyinir; soyuqda qalın geyinmək kollektiv davranışdır. Bəs Həsənin qalın geyinməsinin səbəbi nədir? Həsən üşüməmək – öz maraqlarını təmin etmək üçün qalın geyinir (1), yoxsa başqa insanlar da qalın geyindiyi (2), yaxud da başqa insanlar Həsənin qalın geyinməsini gözlədiyi üçün? Məlumdur ki, bu sualın cavabı birinci bənddir – başqalarının nə etməsinin və Həsəndən nə gözləməsinin onun davranışına təsiri yoxdur. Deməli, onun və digər hər kəsin davranışı – soyuq havada qalın geyinməsi müstəqil davranışdır.

İndi isə təsəvvür edin ki, cəmiyyəti müşahidə edən insan görür ki, gənc kişilər və gənc qadınlar təxmini eyni növ paltar geyinirlər; onlar müəyyən bir geyim dəbinə uyğunlaşırlar. Məsələn, Həsənin, eləcə də digərlərinin, dəbdə olan paltar geyinməsi asılı kollektiv davranışdır, çünki əgər digər insanlar – daha dəqiq desək, Həsənin istinad şəbəkəsi həmin dəbə uyğun geyindiyi üçün Həsən dəbə uyğun geyinir. Bir şəxsin istinad şəbəkəsi onun dostları, əhəmiyyətli bildiyi, pərəstiş etdiyi adamlar ola bilər. Tutaq ki, Həsən özünə istinad şəbəkəsi kimi plazada işləyən orta sinif rusdilliləri seçə bilər. Belə olan halda, həmin Həsənin geyim dəbini izləməsi həmin istinad şəbəkəsindəki insanlardan asılı olacaq. Deməli, Həsənin və müəyyən istinad şəbəkəsi əsasında dəbə uyğun geyinən hər bir insanın davranışı müstəqil deyil.

Beləliklə, insanların müstəqil davranışları nəticəsində formalaşan kollektiv davranışlara vərdişləri və ənənələri, asılı kollektiv davranışlara isə dəbi və yol hərəkəti qaydalarını misal göstərmək olar. Bizim soyuq havada isti geyinməyimiz, azərbaycanlıların əksərinin səhər çay içməsi vərdişdir, başqa heç kim səhər çay içməsə də, Həsən çay içməyə davam edəcək. İnsanların soyuq havada isti geyinməsi isə ənənədir (bu, Biççierinin irəli sürdüyü termindir; gündəlik dildə istifadə etdiyimiz ənənə sözü ilə qarışdırmayın. Burada ənənə deyiləndə müstəqil kollektiv davranışlar nəzərdə tutulur). Hamı qışda çölə qolsuz köynəkdə çıxsa da, Həsən jaket geyinəcək. Digər tərəfdən isə Həsənin müəyyən marka ayaqqabı, gödəkçə geyinməsi məhz onun istinad şəbəkəsindəki insanların da həmin markadan istifadə etməsindən asılıdır. Və insanların heç biri yol hərəkəti qaydalarına riayət etməsə, onda Həsən də onlara riayət etməyəcək.

Bəs sosial normalar və əxlaq yuxarıdakı iki kateqoriyadan hansına aiddir? Suala cavab vermək üçün gəlin əvvəlcə seçimlərin növlərinə nəzər salaq. Seçimlər həm şəxsi ola bilər (“mən tünd qəhvə içmək istəyirəm”), həm də sosial (“kollektiv əmək nəticəsində yaranan dəyərin üzvlər arasında bərabər bölünməsini istəyirəm”). Sosial seçimlər həmin seçimi edən şəxsin uyğun bildiyi insanların davranışlarını, inamlarını və nə əldə edəcəklərini nəzərə ala bilər. Və sosial seçimlər özü də şərti və qeyri-şərti olur. Məsələn, təsəvvür edin ki, Həsən dörd nəfər ilə birgə ova çıxır və bir qaban ovlayırlar. Həsənin sosial seçimi budur ki, qabanın əti beş nəfər arasında bərabər bölünməlidir, çünki (a) Həsən inanır ki, əxlaqlı insan birgə əldə edilmiş neməti bərabər bölməlidir; (b) Həsən inanır ki, digər dörd nəfər inanır ki, insan birgə əldə edilmiş neməti bərabər bölməlidir. Deməli, (a) bəndində Həsən başqalarının nə gözləməsindən asılı olmayaraq məhz şəxsi əxlaqi mühakiməsi əsasında; (b) bəndində isə başqalarının inamını əsas tutaraq bu qənaətə gəlir. Beləliklə, (a) bəndində Həsənin sosial seçimi qeyri-şərti; (b) bəndində isə şərtidir. Deməli, bütün asılı kollektiv davranışlar özündə şərti sosial seçimləri ehtiva edir.

Yuxarıda deyilənləri xülasə edib ov misalının timsalında aşağıdakı kimi yazmaq olar:

1 .Qeyri-şərti fərdi seçim: “Qabanın bərabər bölünməsini istəyirəm.”

2. Şərti fərdi seçim: “Digər dörd nəfərin məndən xoşu gələcəksə, qabanın bərabər bölünməsini istəyirəm.”

3. Qeyri-şərti sosial seçim: “Qabanın yarısını özümə saxlamaq istəyirəm.”

4. Şərti sosial seçim: “Digər dörd nəfər qabanın bərabər bölünməsini istəyirsə, mən də qabanın bərabər bölünməsini istəyirəm.”

Həsənin şərti sosial seçimləri olanda, o, özünün istinad şəbəkəsindəki insanların onun haqqında nə düşünməsinə və ya ondan nə gözlədiklərinə əhəmiyyət verir, buna görə də Həsənin seçimlərinə onun sosial gözləntiləri təsir edir. Bu sosial gözləntilər Həsənin inamlarından bəziləridir. İnamlar isə empirik (faktual) və normativ ola bilər. Məsələn, Həsən inanır ki, dünən hava daha soyuq idi. Bu inam empirikdir, doğru və ya yanlış ola bilər. Eyni zamanda da Həsən inanır ki, digər dörd nəfər qabanın bərabər bölünməsini istəyir. Bu da empirik inamdır, doğru da ola bilər, yanlış da – bəlkə də qabanın ovlanmasında Həsən daha çox əziyyət çəkib və digər dörd nəfər istəyir ki, qabanın dörddə biri Həsənə getsin. Digər tərəfdən, Həsən inanır ki, adam verdiyi sözü tutmalıdır. Bu, normativ inamdır, çünki özündə əxlaqi qiymətləndirmə ehtiva edir – bu inam o deməkdir ki, sözünü tutan adamları Həsən müsbət qiymətləndirir, onların davranışını bəyənir.

İnsanların davranışını müşahidə edən zaman bizdə müəyyən empirik sosial gözləntilər yarana bilər. Məsələn, Həsən həmişə müşahidə edir ki, maşın qırmızı işıqda dayanır və beləliklə, gələcəyə dair də onda empirik sosial gözlənti yaranır ki, maşınlar qırmızı işıqda dayanacaqlar. Və bu empirik sosial gözlənti onun davranışına təsir edir: maşınlar üçün qırmızı işıq yananda o, yolu keçir (təkrar edim: bu empirik gözlənti bir inamdır və doğru, yaxud yanlış ola bilər). Digər tərəfdən, Həsənin normativ sosial gözləntiləri də var; məsələn, Həsən inanır ki, insanların çoxu inanır ki, adam verdiyi sözü tutmalıdır. Bu gözlənti də Həsənin davranışına təsir edir, çünki gələcəkdə özü söz versə və sonradan sözünü tutmaq istəməsə, biləcək ki, sözünü tutmadığı halda insanlar tərəfindən qınanacaq və cəmiyyət onun bu davranışını xoş qarşılamayacaq.

Qeyri-sosial inam Sosial inam
Qeyri-normativ inam Empirik inam Empirik sosial gözlənti
Normativ inam Şəxsi normativ inam Normativ sosial gözlənti

Bu yazıda məni maraqlandıran məhz şəxsi normativ inamlardır, çünki əxlaqi inamlar məhz bu növ inamların tərkib hissəsidir. Belə ki, şəxsi normativ inamlar bir şəxsin hansısa davranışa yönəlmiş qiymətləndirmə meyilləridir. Bu növ inamlar “sözünü tutan adamları xoşlayıram,” “adam gərək sözünü tutsun,” “adam verdiyi sözü tutmalıdır” kimi ifadə edilə bilər. Şəxsi normativ inamlar həm ehtiyatdan qaynaqlanan inamlar (buna praktiki səbəblərdən qaynaqlanan inamlar da demək olar), həm də əxlaqi inamlar ola bilər. Həsən “insan siqaret çəkməməlidir” dedikdə, bu fikrini “çünki siqaret çəkmək insan sağlamlığına ziyandır” deyərək əsaslandırırsa, bu, şəxsi ehtiyatdan qaynaqlanan normativ inamdır. Lakin o, eyni fikri “çünki siqaret çəkmək təhrimən məkruhdur”[2] deyərək əsaslandırırsa, bu, şəxsi əxlaqi normativ inamdır. Yaxud da başqa bir misala baxaq: “evlilikdən kənar cinsi münasibətə girmək olarmı” sualına Həsən “yox” deyib bu cavabını “evlilikdən kənar cinsi münasibətə girəndə axır-əvvəl insan boşanır və boşanan insan həm özü bədbəxt olur, həm uşaqlarının həyat keyfiyyəti aşağı düşür, həm də cəmiyyətə pis nümunə olur” deyə əsaslandırsa, bu, şəxsi ehtiyatdan qaynaqlanan normativ inamdır. Eyni cavabı “nəticəsindən asılı olmayaraq evlilikdən kənar cinsi münasibət insanın evlənəndə verdiyi sədaqət andını pozmasıdır” deyə əsaslandırsa, bu, şəxsi əxlaqi normativ inamdır.

Qayıdaq ermənilərə. Başlanğıca “ümumi əxlaqi normalar” dedikdə məhz özümün normativ sosial gözləntimi nəzərdə tuturdum, amma sonuncu termini izah etmək lazım gəldiyindən fikrimi dərhal yaza bilmədim. İnsanları müşahidə edib gəldiyim qənaət bu idi ki, Azərbaycanda insanların demək olar hamısı inanır ki, günahsız insanı, uşağı, qocanı, əsiri öldürmək və onları alçaltmaq olmaz. Bu, mənim Azərbaycan cəmiyyəti ilə bağlı normativ sosial gözləntim idi. Həmçinin özüm də inanıram ki, günahsız insanı, uşağı, qocanı, əsiri öldürmək və onları alçaltmaq olmaz. Bu da mənim şəxsi əxlaqi normativ inamımdır. Əgər mən azərbaycanlılarla bağlı normativ sosial gözləntimdə yanılmıramsa, onda azərbaycanlılar erməni uşaqlarını, qocalarını, əsirlərini, mülki əhalini öldürməyi, qovmağı, alçaltmağı arzulamamalıdır. Lakin müharibə başlayandan bəri daha da qabarıq şəkildə görünür ki, bir çox insan özünün şəxsi əxlaqi normativ inamlarında erməniləri istisna kimi qəbul edir. Məsələn, “erməni uşağını öldürmək lazımdır” (yaxud da “Qarabağdan sağ erməni çıxmamalıdır”) deyən adama “uşaq öldürmək olarmı” və ya “mülki əhalini öldürmək olarmı” deyə sual versək, çox güman ki, “yox” deyər. Çünki həmin adamın şəxsi əxlaqi normativ inamları uşaqların və mülki əhalinin öldürülməsini doğru hesab etmir. Amma eyni adam bu prinsipləri ermənilərə şamil etmirsə, deməli, o, əxlaqsızdır.

Kiminsə əxlaqsız olması nə deməkdir? Ermənini istisna kimi qəbul edən insan niyə əxlaqsızdır? Hər bir insanın şəxsi əxlaqi normativ inamları təbiəti etibarilə bütün insanlara şamil edilir və buna görə də hansısa qrup insanı istisna kimi qəbul etmək mümkün deyil. “Uşaq öldürmək olmaz” kimi şəxsi əxlaqi normativ inam bütün uşaqlara şamil edilir: azərbaycanlı uşağa da, erməni uşağa da. Lakin kimsə “erməni uşaqları öldürmək olar” deyirsə, deməli, o, “uşaq öldürmək olmaz” fikrini şəxsi əxlaqi normativ inam kimi qəbul etmir. Bu da o deməkdir ki, həmin insan əxlaqsızdır – yəni onun “uşaq öldürmək olmaz” kimi elementar bir əxlaqi dəyəri belə yoxdur. Başqa sözlə desək, uşaq öldürülməsini, mülki əhalinin öldürülməsini və ya qovulmasını dəstəkləyən adam əxlaqsızdır.

Hesab edək ki, Həsən yuxarıda təsvir edildiyi mənada əxlaqsız insandır. Amma nə vaxtsa Həsəndən “uşaq öldürmək olarmı” deyə soruşsaq, buna “yox” cavabı verəcək. Əgər bu fikri şəxsi əxlaqi normativ inam kimi qəbul etmirsə, onda niyə həmin suala mənfi cavab verir? Çünki Həsən “uşaq öldürmək olmaz” fikrini sosial normativ gözlənti kimi qəbul edir. Həsən inanır ki, cəmiyyətdə çox adam inanır ki, uşaq öldürmək olmaz. Buna görə də Həsən həmin suala “hə” cavabı versə, qınanılacağını bilir və qınanılmamaq üçün də “yox” deyir. Lakin eyni Həsən müharibə dövründə “Qarabağdan sağ erməni çıxmamalıdır” dedikdə başa düşür ki, onun öldürülməsini arzuladığı insanların içində uşaqlar, qocalar və mülki əhali də var. Bəs Həsən niyə belə bir fikri səsləndirir? Çünki Həsən inanır ki, müharibə dövründə çox adam inanır ki, erməni mülki əhalini öldürmək olar. Yəni Həsənin sosial normativ gözləntisi odur ki, o, erməni mülki əhalinin öldürülməsini arzulasa, onu çox adam qınamayacaq. Buna görə də bu fikrini dilə gətirməkdən çəkinmir. Əgər Həsən öz sosial normativ gözləntisində yanılmırsa, deməli, cəmiyyətdə çox adam da əxlaqsızdır, çünki həmin adamlar da “uşaq öldürmək olmaz” fikrini şəxsi əxlaqi sosial inam kimi qəbul etmirlər.

Mən ümid edirəm ki, Həsənin yox, mənim azərbaycanlılar barədəki sosial normativ inamım doğrudur. Yəni ümid edirəm azərbaycanlıların demək olar hamısı inanır ki, uşaqları, qocaları, günahsız insanları, mülki əhalini, əsirləri öldürmək və onları alçaltmaq olmaz. Əgər siz bu vaxta qədər “X olmaz” fikrini şəxsi əxlaqi normativ inam kimi qəbul edib sonradan erməniləri istisna hesab edirsinizsə, deməli, siz əxlaqsızsınız, çünki “X olmaz” fikrini əslində sosial normativ inam olaraq qəbul etmisiniz. Bu vaxta qədər isə ya özünüzü, ya bizi, ya da həm özünüzü, həm də bizi aldatmısınız. Təbii ki, azərbaycanlı uşaqların və mülki əhalinin öldürülməsində, əsirlərin alçaldılmasında iştirak edən, bu aktlara haqq qazandıran və ya bu yöndə çağırış edən insanlar da əxlaqsızdırlar. Lakin başqasının əxlaqsızlıq etməsi sizin də əxlaqsızlıq etməyinizə haqq qazandırmır.

[1] Yazı boyu bütün təsnifatlar bu kitab əsasında aparılıb: Bicchieri, Cristina. Norms in the Wild: How to Diagnose, Measure, and Change Social Norms. 1st edition. New York, NY: Oxford University Press, 2017.

[2] Təhrimən məkruh: harama yaxın günah.

25 noyabr 2020