Bir ildən artıqdır ki, Azərbaycan dilinin orfoqrafiya qaydalarında dəyişikliklərin planlaşdırıldığı deyilirdi. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində yerləşən və Nazirlər Kabinetinin icazəsi ilə qurulan Orfoqrafiya Komissiyası islahat üzərində işləyirdi. Bəzi dilçilərin təklifləri ictimailəşəndə onların detalları barədə qızğın debatlar başladı: ədəbiyyat yazılacaq, yoxsa ədəbiyat, əsgər yoxsa əskər? İslahatın tərəfdarları onların yazı dilini danışıq dilinə daha da yaxınlaşdıracağını dediyi halda tənqidçilər cavab verirdilər ki, dəyişikliklər əlavə çaşqınlıq yaradacaq və savadlılığa vurulmuş növbəti bir zərbə olacaq.

Ötən ilin sentyabr ayında Komissiya ən qızğın mübahisələrə səbəb olan bəzi təkliflərdən imtina olunacağını nümayiş etdirdi. Ərəb dilindən alınmış sözlərdəki qoşa y samitinin “sabitlik naminə”[i] (Azərbaycan orfoqrafiyasının öz müasir tarixində nadirən qarşılaşdığı bir vaciblik) saxlanılacağı qeyd edildi. XIX əsrdə Azərbaycan dilinin ərəb qrafikasında islahat aparmaq istəyi dövrün bir xeyli intellektualını orfoqrafiya və durğu işarələri qaydaları ilə maraqlanmağa vadar edərək, çox sayda nəşr edilmiş və edilməmiş traktatlar, təkliflərlə nəticələndi. XX əsrdə də davam edən orfoqrafiya qaydalarının genişlənməsi və dəyişdirilməsi prosesi əlifba dəyişikliyi ilə daha da sürətləndi; 1920-ci illərin sonlarından etibarən tez-tez yeni orfoqrafiya qaydaları hazırlanıb çap edilirdi. Belə görünürdü ki, bu dəfə mübahisə yaradan bəzi təkliflərin rədd edilməsi sonuncu islahatın ilkin olaraq tənqidçilərin düşündüyündən daha məhdud olacağının müjdəçisi idi.

Orfoqrafiya dəyişikliklərinin sonuncu versiyası 2019-cu il aprelin 20-də Nazirlər Kabinetinin veb səhifəsində[ii] dərc edildi və həqiqətən də təklif edilən dəyişikliklər mötədildir. “Azərbaycan dilinin Orfoqrafiya Normaları” adlı sənəddəki əksər dəyişikliklər sadəcə olaraq əvvəlki, yəni 2004-cü ildəki Nazirlər Kabinetinin qərarı ilə qəbul edilən “Azərbaycan dilinin Orfoqrafiya qaydaları”nı təkrarlayır.[iii] Sənəddəki bir çox əlavələr əslində dəyişiklik yox, sadəcə geniş qəbul edilən, amma nəyə görəsə 2004-cü ildəki sənəddə öz əksini tapmayan qaydaları təsdiqləyir. Məsələn, 2019-cu il qərarı qeyd edir ki, sonu [x][ğ] kimi tələffüz edilən bəzi sözlər q ilə yazılır: ayaq, bulaq, qatıq və s., yaxud tərkibində [kg] kimi tələffüz edilən sözlər kk ilə yazılır: mürəkkəb, səkkiz və s. Bunlar Nazirlər Kabinetinin 2004-cü ildəki qaydalarına daxil edilməsə də, bu vaxta qədər geniş qəbul edilmiş qaydalardır. Onlar yenilik kimi yox, indiki sənədi əvvəlkindən daha əhatəli etmək məqsədi ilə əlavə edilib.

Yeni normalardakı bəzi əlavələr hazırkı istifadəsində çoxlu fərqliliklərin mövcud olduğu bir neçə məsələyə aydınlıq gətirmək cəhdidir. Məsələn, 3.9-cu maddə qeyd edir ki, alınma sözlərdəki w hərfi Azərbaycan dilində v kimi yazılır. Hazırda Google axtarışında “Vilyam Şekspir” üçün 13,020 nəticə çıxırsa, bu göstərici “Uilyam Şekspir” adı üçün 20,200-dür. Aydındır ki, yeni normaların müəllifləri əvvəllər mövcud olmayan məsələlərdə standard müəyyən etməyi ümid edirlər.

2019-cu ildəki normalarda çox cüzi dəyişikliklər var. Misal üçün, adətən (2004-cü ildəki qaydaların 31-ci maddəsində qeyd edildiyi kimi) “nazir” sözünun ilk hərfi kiçik yazılır, məs. Səhiyyə naziri və ya Kənd Təsərrüfatı naziri. Lakin indi yeni qəbul edilmiş qaydaların 8.6-cı maddəsinə görə “Baş Nazir” söz birləşməsindəki hər bir sözün ilk hərfi böyük yazılır. 2019-cu ildən etibarən çoxlu nazirlər ola bilər, amma təkcə bir Nazir var. Yaxud da 2004-cü ildəki qaydaların 19.2-ci maddəsində anti- sözünün özü və müraciət etdiyi digər söz arasında defis yazılmalı olduğu deyilsə də, 2019-cu ildəki sənədin 51-ci maddəsi qeyd edir ki, anti- yalnız xüsusi isimlərdən əvvəl gəldikdə defislə yazılır (məs., anti-Azərbaycan), amma ümumi isimlərlə işləndikdə defissiz yazılır (məs., antivirus).

Əslində yeni dəyişikliklərin cüzi olması yaxşı haldır və tənqid üçün əsas vermir. Heç bir dilin orfoqrafiyası mükəmməl deyil və Azərbaycan dilinin orfoqrafiyası həqiqətən dünyadakı digər yazı sistemləri ilə müqayisədə olduqca yaxşıdır. Azərbaycan dilinin orfoqrafiyası əsasən tələffüz üzərində qurulub və tələffüzlə üst-üstə düşmədiyi yerlərdə də adətən məntiqi səbəblərdən belə olur. Məsələn, ədəbiyyat və ya səhiyyə sözlərindəki qoşa y samiti Azərbaycan dilində qoşa uzun səs kimi tələffüz edilmir, lakin bu yazılış forması sözlərin götürüldüyü orijinal ərəb dilini düzgün əks etdirir. Bunu Azərbaycan dilinin orfoqrafiya qaydası olaraq öyrənmək çətin deyil, çünki qoşa y samiti qaydalı şəkildə ərəb dilindən alınmış bütün sözlərdə ardıcıl olaraq istifadə edilir. Əlavə olaraq, islahatın tənqidçilərinin stabilliyi müdafiə etməsi əhəmiyyətli bir məsələdir. Yazı sistemindəki kiçik problemlər və qeyri-ardıcıllıqlar müdaxiləsiz, davamlı yazı ənənəsinin üstünlükləri nəticəsində rahatlıqla kompensasiya edilə bilir. Dil qaydalarının (əlifbanın) tez-tez dəyişməsi nəticəsində Azərbaycanda elə bir vəziyyət yaranıb ki, bəzi valideynlər savadlı olmaqlarına baxmayaraq öz uşaqlarına yaza bilmirlər və belə bir halda yəqin ki, dildəki stabilliyi qorumağa dəyər.

Lakin, təəssüf ki, yeni normaları oxumaq bir çox hallarda yorucu olur, çünki hətta edilmiş kiçik dəyişikliklər belə sistemsiz, motivasiyasız və diqqətsiz şəkildə yazılır. 2004-cü ildəki bələdçidə belə bir qayda var:

6. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət.

Bəzi insanların görünür ekspres sözünün bir s samiti ilə yazıldığını bilməməsi əslində bu qaydaların nə dərəcədə effektsiz olduğunu göstərir. Təsəvvür edin ki, Ekspres sözünün bir s samiti ilə yazılmasına qanunla qərar verildikdən iki il sonra, sonuncu dəfə 2006-cı ildə yenidən çap edilən dörd cildlik standard lüğətdə ekspress sözü yenidən qoşa s samiti ilə yazılıb.[iv] İstənilən halda yeni nizamlamada bu qayda yenilənmiş şəkildə saxlanılıb:

4.8. Mənbə dildə qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: hüsnxət, kilovat, mühüm, rəsmxət və s. …

4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros,bras, stres.

Qeyd. Press (mətbuat) sözü istisnadır.

Beləliklə, indi çoxhecalı sözlərdə olduğu kimi birhecalı sözlərdə də sondakı qoşa samitlərdən biri düşəcək, lakin bu yalnız sonu s samiti ilə bitən bir neçə sözlərə aiddir və press istisnadır. Bu dəyişiklik niyə zəruri hesab edildi? Niyə ancaq bu sözlər? Niyə press sözünə bu qayda şamil edilmir? Bu suallar cavabsız qalır.

Sənədin digər maddələri də problemlidir. Məsələn, götürək w hərfi haqqındakı 3.9-cu maddəni:

3.9 Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s.

Bu qayda olduqca geniş ifadə edildiyi üçün elə də faydalı deyil. Birincisi, alınma sözlərin yazılış qaydasını müəyyən edən istənilən maddə gərək söhbətin hansı xarici dillərdən getdiyini dəqiq desin. S hərfi, məsələn, ingilis dilində tipik olaraq [s] kimi, alman dilində [z] kimi, macar dilində isə [ş] kimi tələffüz edilir. Alınma sözlərdəki s hərfinin yazılış qaydasını müəyyən edən maddə gərək hər bir xarici dil üçün xüsusi olaraq qayda müəyyənləşdirsin və eyni şey istənilən başqa bir hərf barədə də deyilə bilər. Amma hətta bir xarici dil üçün belə qaydalar gərək olduqca xüsusi olsun. İngilis dilində s tipik olaraq [s] kimi tələffüz edildiyi halda sh adətən [ş] kimi oxunur. Alman dilində s tipik olaraq [z] kimi tələffüz edildiyi halda ss adətən [s], st isə [şt] kimi oxunur. 3.9-cu maddə hazırda yazıldığı kimi olduqca geniş bir qaydadır və görünür istənilən xarici dildəki istənilən sözün istənilən yerindəki istənilən w hərfinə şamil edilir. Bu o deməkdirmi ki, indi Azərbaycan dilində “New York” sözü Nev York kimi yazılacaq? Oxşar şikayət sənədin 3.3-cü maddəsi haqqında da edilə bilər; belə ki, bu maddədə qeyd edilir ki, alınma sözlərin əvvəlindəki h hərfi Azərbaycan dilində də h kimi yazılmalıdır. Bu qayda hərfin sözdəki yerini müəyyən etsə də, sözün alındığı orijinal dili müəyyənləşdirmir. Fransua Olland (François Hollande) 2012-2017 illər arasında Fransanın prezidenti olub. Azərbaycan dilində onun adı ilk h hərfi olmadan yazılır, çünki fransız dilində h hərfi tələffüz edilmir. İndi bu ad səhv yazılmış sayılacaq? Yeni normaların müəlliflərinin niyyətinin bu olduğuna şübhə edirəm, amma bu onların öz yazdığı qaydadır. Müvafiq olaraq rus цщ hərfləri ilə bağlı olan 3.1 və 3.2-ci maddələr daha detallıdır və asanlıqla tətbiq edilə bilər, amma 3.3 və 3.9 kimi başqa maddələr çox qeyri-müəyyəndir və ətraflı izah tələb edir.

Bu sənəd qətiyyən Azərbaycan dilinin orfoqrafiyasının kamil və sistemli qaydalarını özündə əks etdirmir. Sənəd alınma sözlərdəki bəzi hərflərin və ya səslərin Azərbaycan dilində necə yazılmalı olduğuna toxunur, amma hansısa xüsusi bir xarici dildən alınmış sözlərin necə yazılması ilə bağlı kamil sistem müəyyənləşdirmir. Bir neçə şəkilçini (-vari, -ağan/-əyən, -kı/-ki/-ku/-kü) sadalayır və onların saitlərin ahəng qanununa uyğun olaraq necə istifadə edildiyini qeyd edir, amma səbəb göstərilmədən əksər digər şəkilçilərə (əksəriyyətini) toxunulmur. Niyə şəkilçilərin bəziləri daxil edilib, bəziləri yox? Heç bir izah verilmir. Və anlaşılmır ki, daha kamil və sistemli oxşar bir sənəd mövcud olduğu halda natamam orfoqrafik qaydalardan ibarət yeni bir sənəd hazırlamağa nə ehtiyac var. Bu yeni qaydalar Abdulla Dəmirçizadənin Müasir Azərbaycan Dili kitabının orfoqrafiya bölməsini çox xatırladır, hətta bəzi qaydalar sözün əsl mənasında birbaşa kopyalanıb. Lakin etiraf edək ki, bir neçə onillik əvvəl yazılmış Dəmirçizadənin versiyası daha mükəmməldir. Onda bu yeni sənəd niyə yazılıb?

Yeni normalarla eyni zamanda Nazirlər Kabinetinin dərc etdiyi 175 saylı qərar[v] ilə prezident fərmanına uyğun olaraq “Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən” Monitorinq Mərkəzi yaradılır.[vi] Bu Mərkəzin necə fəaliyyət göstərəcəyi və hansı səlahiyyətlərə sahib olacağı aydın deyil, lakin ötən ilin noyabr ayında, yəni prezidentin ilk fərmanı imzalamasından bir qədər sonra “radikal addımlar” atmağa, həmçinin linqvistik xətalara görə cərimələr tətbiq etmək səlahiyyətinin Monitorinq Mərkəzinə verilməsinə dair çağırışlar oldu.[vii] Qüsurlarına baxmayaraq yeni orfoqrafiya normaları görünür hüquqi sənəd niyyəti ilə qəbul edilib ki, yeni Monitorinq Mərkəzi də onun qaydaları əsasında mediada və onlayn olaraq dilə nəzarət edə bilsin.

Və beləliklə yeni orfoqrafiya normaları orta statistik vətəndaşın üzərində ciddi təsirə malik olmayacaq, çünki adi vətəndaşlar qorxduqları kimi ədəbiyat və ya əskər yazmağa məcbur edilməyəcəklər. Lakin bu normaların təsirləri professional yazıçılar, redaktorlar, reklamçılar və mətn nəşr edən istənilən şəxs tərəfindən hiss ediləcək; ona görə yox ki, bunlar orfoqrafiya qaydalarını dəyişdirdi, ona görə ki, yeni normalar tezliklə icbari xarakter daşıya bilər və onların pozuntusu da cərimələr və ya digər növ senzura ilə cəzalandırıla bilər.

İstinadlar

[i] https://www.azadliq.org/a/azerbaycan-dili-orfoqrafiya/29489880.html

[ii] https://cabmin.gov.az/az/document/3621/

[iii] http://e-qanun.az/framework/5507 (arxiv versiyası buradadır: https://web.archive.org/web/20160306122808/http://e-qanun.az/framework/5507)

[iv] Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2006, s. 14.

[v] https://cabmin.gov.az/az/document/3617/

[vi] https://president.az/articles/30563

[vii] https://report.az/elm-ve-tehsil/dilcilik-i-nstitutunun-direktor-muavini-monitorinq-merkezine-cerimeler-tetbiq-etmek-selahiyyeti-verilmelidir/, https://report.az/elm-ve-tehsil/parlamentin-komite-sedri-azerbaycan-respublikasinin-dovlet-dili-haqqinda-qanuna-yeniden-baxilmasina-boyuk-ehtiyac-var/