Avropa nöqteyi-nəzərindən 2020-ci ilin payızında Qarabağdakı münaqişənin aktivləşməsi asanlıqla izah edilə bilər: bu, avtoritar və böyüyən müsəlman dünyası (Azərbaycan və Türkiyənin qismində) ilə xristian Qərbin (müdafiə olunan Ermənistanın qismində) növbəti toqquşması idi. Məsələn, məşhur fransız filosofu Mişel Onfrayın militant hesabatının istifadə etdiyi yanaşma məhz belə idi.[1] Onun niyyəti ictimai fikri Qarabağ ermənilərinin aqibəti barədə xəbərdar etmək idi (bu, legitim niyyət ola bilər), lakin onun müraciəti tamamilə mübahisəli bir mövzuda – sivilizasiyaların toqquşması mövzusu ətrafında qurulmuşdu. CCAF-nin (Fransadakı erməni lobbisi)[2] iddialarını əsas götürərək, Onfrayn, demək olar, erməni Qarabağını qorumağı Avropa dəyərlərinə (humanizm və ağıl) bağlı olan və barbarizmə qarşı çıxan hər bir qərbli üçün öhdəlik kimi təqdim edirdi. Eyni arqumentin əksini münaqişənin dini aspektlərini israrla vurğulayan Ərdoğan da dilə gətirirdi (yəni İslamofob Qərbin mühasirəyə aldığı İslam dünyasının intiqamı).[3]

Lakin bu yanaşmadan Azərbaycanda istifadə edilmədi (müəyyən islamçı diskursdakı azlıqlar arasında isə istifadə edildi). Hantinqtonçu sivilizasiyaların toqquşması paradiqması Azərbaycanda insanları qıcıqlandırır və bu məsələ qaldırıldıqda Azərbaycan rəsmiləri öz sözlərinin eşidilmədiyini və nəzərə alınmadığını hesab edirlər. Tam əksinə, rəsmi açıqlamalar məzhəbçi, monoetnik və təkdinli Ermənistanla müqayisədə dünyəvi və “multikultural”[4] (çoxmədəniyyətli) Azərbaycanın müasirliyini göstərməyə çalışır.[5] (Burada azlıq terminini etnik, linqvistik və dini azlıqlara istinad etmək üçün istifadə edəcəyəm. Bir çox beynəlxalq qurumlar milli azlıq anlayışına dəqiq və yekdil tərif verməkdə çətinlik çəkir.[6] Belə ki, bu anlayışa tərif vermək millətin müəyyən bir tərifini irəli sürmək deməkdir. Bu baxımdan, Azərbaycan hakimiyyəti etnik qruplarmilli azlıqlar terminlərinin hər ikisini sinonim kimi istifadə edir və güman ki, hakimiyyətin məqsədi mövcud debatda tərəf tutmamaq və istənilən mübahisədən yayınmaqdır.)

Doğrudur, Azərbaycanda fərqli linqvistik və dini icmalar dünyəvi bir institusional şəraitdə kifayət qədər dinc, yanaşı yaşayırlar və dövlət müəyyən Qərbi Avropa ölkələrindəki kimi multikultural bir modeli təşviq etmək niyyətindədir. Buna baxmayaraq, Azərbaycanın müstəqillikdən sonrakı narrativinin böyük ölçüdə ermənilərlə etnik ayrılığa söykəndiyini, bu türkdilli Qafqaz ölkəsində etnik zəmində gərginliklərin olduğunu və etnik azlıq fəallarının dəfələrlə həbs edildiyini unutmamaq lazımdır.[7] Buna görə də dövlətin multikulturalizm məsələsinə verdiyi əhəmiyyət olduqca təəccüblü və müzakirəyə layiqdir.

Əvvəlcədən multikulturalizmin tərifi barədə razılığa gəlmək məqsədəuyğundur. Bu sahədəki mütəxəssislərin, xüsusən, Bixu Parex, Vill Kimlika və Çarlz Teylorun (Azərbaycan multikulturalizmi bu üç müəllifə istinad edir) fikirlərinə əsaslanaraq, demək olar ki, multikulturalizm azlıq mədəniyyətlərini təbliğ edən və adətən müəyyən icmalar üçün fərqli kollektiv hüquqlar (məsələn, Kvebekdə ingilis dilinin istifadəsinə məhdudiyyət) verən aktiv siyasətə deyilir. Məqsəd yalnız mədəni deyil, həm də iqtisadi və siyasidir, çünki multikulturalizm etnik mənsubiyyətindən asılı olmayaraq, istənilən vətəndaşın resurslara ədalətli çıxışını təmin etməlidir.[8] Bu siyasət hər bir insana öz yaxşı anlayışı [conception of the good] əsasında yaşamaq haqqı verən bir çərçivə kimi başa düşülən siyasi liberalizm adı altında icra edilməlidir.[9] Yuxarıda qeyd olunan müəlliflər multikulturalizmin tolerantlıqdan (dözümlülükdən) fərqləndiyini vurğulayırlar: belə ki, azlıq icmalara qarşı tolerantlıq dedikdə azlıq icmalarının dövlət müdaxiləsindən azad olması başa düşülür (o mənada ki, dövlət azlıq icmalarla digər icmalara eyni münasibəti göstərir). Parex və ya Kimlika üçün dövlət azlıqlara hörmət etməli – yəni öz mədəni fərqliliklərini ifadə edə bilmələri üçün onlara şərait yaratmalıdır, çünki belə olduqda vahid yaxşı anlayışını bütün cəmiyyətə məcbur qəbul etdirmək mümkün olmayacaq və beləliklə, fərdlər öz yaxşı anlayışlarını seçib ona uyğun yaşamaqda azad olacaqlar.[10]

Əslində Azərbaycanda (ölkə özünü liberal olaraq təyin etmir[11]) belə iddialı multikulturalizm siyasət yoxdur, multikulturalizm hər şeydən əvvəl ölkənin mədəni çeşidliliyinə və tolerantlıq haqqında ümumi bir diskursuna istinad edir. Bu diskursun problemi onun azərbaycanlı kimliyinin digər komponentləri ilə ziddiyyət təşkil etməsidir. Azərbaycanlı kimliyi dedikdə Əli bəy Hüseynzadənin 1905-ci ildə Həyat qəzetində müəyyənləşdirdiyi və Azərbaycan Respublikasının bayrağının rənglərində öz əksini tapan üç prinsip nəzərdə tutulur: türkləşmək (mavi), müasirləşmək/qərbləşmək (qırmızı) və islamlaşmaq (yaşıl). Tolerantlıq və multikulturalizm ölkənin müasirQərb xüsusiyyətləridir, bunlar Qərbin inkişaf etmiş ölkələrinin mənimsədiyi dəyərlərdir. Hökumətin qarşılaşdığı çətinlik multikultural diskurs ilə milli birliyi təmin edən türkçülük elementini uyğunlaşdırmaqdır (mümkün xarici təsirləri azaltmaq üçün İslam elementi müəyyən qədər kənara qoyulsa da, dövlət bu elementə laqeyd yanaşmır).[12] Azərbaycan kimliyinin türk xarakteri əhali üçün xüsusilə əzizdir və hökumət öz ifadələrinə xüsusi diqqət etməlidir: hökumət ölkəni Türkiyəyə, hətta digər türkdilli ölkələrə bağlayan həmrəyliyi vurğulayır, eyni zamanda isə qeyri-türk azlıqları milli müstəvidən xaric etmir.

Azərbaycan eyni zamanda həm etnik millət, həm də göy qurşağı milləti olmaq istədiyindən paradoksla üzləşir. Belə olduqda multikulturalizm haqqında bu diskursun milli narrativə necə inteqrasiya olunduğunu müzakirə etmək və dövlət siyasəti kimi Azərbaycan multikulturalizmini sorğulamaq məqsədəuyğundur. Görünür, sonuncusu Azərbaycan dövlətinin təbliğ etdiyi tolerantlıq növüdür (lakin aktivistlərin həbslərini nəzərdə alsaq, bu təbliğat kövrəkdir), çünki rəsmi diskurs multikulturalizm ilə tolerantlığı bir-birindən ayırmır, onları eyniləşdirir – bu yanaşma isə yuxarıda sadalanan müəlliflərin dediklərinə ziddir. Aşağıda multikulturalizmin ilk növbədə bir diskurs olduğunu göstərəcəyəm. Beləliklə, o, real dünyada nəyəsə səbəb ola bilər; buradakı funksiyası həm xaricdə (bir növ marketinq məhsulu kimi), həm də bəlkə hər şeydən əvvəl ölkənin daxilində müəyyən bir kimlik təklif etmək; məqsəd isə paradoksal olaraq assimilyasiyaya meyilli olan müəyyən milli kimlik istiqamətini təşviq etməkdir.

Azərbaycanlı kimliyinin ideologiyasına baxış

Azərbaycanda çoxsaylı etnik və dini qrupların olmasını vurğulamaqda fayda var. Müstəqillikdən bəri erməni və rus icmalarının[13] əsas hissəsinin getməsi ilə ölkənin bu xüsusiyyətinin əhəmiyyətli dərəcədə zəifləməsinə baxmayaraq, Azərbaycan hələ də mərkəzi və etnik-dini periferiyaları olan “kiçik imperiya”[14] statusunu qoruyub saxlayır. Müxtəlif linqvistik ailələrin (Altay, Qafqaz, Hind-İran, Slavyan), müxtəlif dini icmaların (müsəlman, xristian, yəhudi və hətta bəhailər) üzvləri burada birgə yaşayır, sünni / şiə bölgüsü mövcud olsa da, birbaşa hiss olunmur.

SSRİ dövründə yaxşı lokallaşdırılmış azərbaycanlı kimliyi[15] ətrafında millət qurma siyasəti həyata keçirildi – məqsədlərdən biri də mümkün olan millətlərarası həmrəylikləri parçalamaq idi (SSRİ-də Sovet respublikalarının institusional həyatının yerliləşdirilmə [korenizatsiya] siyasəti tətbiq edildi və rus dili ilə yanaşı Azərbaycan dili də rəsmi dil olaraq təbliğ edildi), lakin müstəqillik və Birinci Qarabağ Müharibəsi (1988-1994) dövründə milli kimliyin tərifi ilə bağlı mübahisələr yarandı. Burada bu mübahisələrin təfərrüatları, nüansları və çoxsaylı mövqelər[16] üzərində dayanmayacağam, lakin bunlar əsasən etnik və türk kimliyi müdafiə edənlərlə ərazi üzrə müəyyən edilmiş azərbaycanlı kimliyinin tərəfdarları arasındakı ayrılığa əsaslanırdı. Mübahisələr eyni zamanda rus-sovet irsinə və qismən də İran irsinə hansı yerin verilməsi ilə bağlı idi. Sovet dövründən miras qalan millət, milliyyət və xalq anlayışları da sorğulanırdı: Azərbaycanlı millət adıdırmı, yoxsa türklər özlüyündə bir millətdirmi?[17] İstənilən halda, Azərbaycan Xalq Cəbhəsi və Elçibəy prezidentliyi (1992-1993)[18] himayəsi altında türkçülük ideologiyasının çiçəklənmə dövrünü müəyyən etmək mümkündür. Sonradan bu, tənəzzül etməyə başladı və Heydər Əliyevin prezidentliyi dövründə diqqət yenidən azərbaycanlı Qafqaz kimliyinə yönəldi.

Elçibəyin prezidentliyi Azərbaycan Respublikasının İran Azərbaycanı ilə birliyinə çağırışları ilə müşayiət olunan pantürkist, hətta panazərbaycan diskursunun zirvədə olduğu dövrə təsadüf edir. Hakimiyyətə gəldikdən sonra o, Türkiyə ilə daha yaxın əlaqələr qurmağa başladı, 1992-ci ilin dekabrında türk dilini rəsmi dil elan etdi və əhalinin rusdilli kəsimində narazılıq yaradan deruslaşdırma siyasətinə başladı. Hökumət azlıqlara onların mədəni irsinin qorunması ilə bağlı zəmanət versə də,[19] Azərbaycan kimliyinin türk xarakteri[20] yüksək səslə və aydın şəkildə bəyan edildi.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yenidən ərazi əsaslı kimlik anlayışına yönəldilmiş daha balanslı siyasət tətbiq edildi: diskurs tarixi proseslər nəticəsində yaranan azərbaycanlılığa və Oğuz türk mədəniyyətinin İran-Qafqaz əhalisi ilə tanışlığına yönəldi. Bu azərbaycanlılıq həm tarixi reallıq kimi, həm də erməni[21] və digər[22] separatçı təhdidlər qarşısında zəruri bir birlik çağırışı kimi təqdim olundu. Əliyev Rusiya və İranla qəlizləşən (xüsusən də Xalq Cəbhəsinin İran ərazilərinə qarşı irredentizmi səbəbindən) münasibətləri normallaşdırmağa çalışdı və ölkədəki dili türk dilindən fərqləndirmək, etnik millətçiliyi[23] sakitləşdirmək və milli xüsusiyyətlərə diqqət çəkmək üçün rəsmi dili Azərbaycan dili ilə əvəz etdi.

Zaman kontekstini unutmayaq: Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan dövləti hələ tam formalaşmamışdı (xüsusən də Dağlıq Qarabağ münaqişəsinin yaratdığı qarışıqlıq səbəbilə) və etnik müstəvidə iddiaları olan silahlı muxtariyyət hərəkatları ortaya çıxmışdı: şimalda ləzgilər üçün muxtariyyət əldə etmək istəyən Sadval, cənubda isə polkovnik Hümbətovun rəhbərliyi ilə 1993-cü ildə Talış-Muğan Muxtar Respublikasını (iki ay yaşadı) elan edən Talış milli partiyası. Bu səbəbdən də hökumət ölkədəki bütün əhaliyə müraciət edilə bilən və SSRİ-nin irəli sürdüyü konsepsiyaya qayıdışı təmsil edən daha inklüziv milli kimlik anlayışı təklif etdi. Amma unutmayaq ki, Heydər Əliyevin 1995-ci ildə Türkiyə parlamenti qarşısında səsləndirdiyi məşhur bir millət, iki dövlət ifadəsindən də göründüyü kimi, türk irsi rədd edilmədi.

Ümumiyyətlə, hökumət ərazi və vətəndaşlığa əsaslanan millət anlayışına yönəldi. Rəsmi sənədlərdən etnik mənsubiyyət qeydləri çıxarıldı; əlavə olaraq, 1995-ci il konstitusiyası irqindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq, bütün azərbaycanlıların bərabər hüquqlarını müəyyənləşdirir (Maddə 25), 44 və 45-ci maddələrində isə hər kəsin milliyyətinə hörmət prinsipi, hər kəsin ana dilindən istifadə etmək və ana dilində təhsil almaq hüququ öz əksini tapır. Bu siyasət, aşağıda da görəcəyimiz kimi, İlham Əliyevin prezidentliyi dövründə multikulturalizm ideyası ətrafında mərkəzləşmiş yeni konseptual yanaşma ilə davam etdi. 

Multikulturalizm dövlət ideologiyası kimi

2005-ci ildə Milli Azlıqlar və Dini Qurumlar üzrə Dövlət müşaviri vəzifəsi yaradıldı (qurumun indiki adı Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviridir). Bu qurum 2016-cı ildə məqsədi beynəlxalq miqyasda Azərbaycan multikulturalizm modelini tanıtmaq, dövlətlə dini və etnik icmaların nümayəndələri arasında əlaqələri asanlaşdırmaq olan Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında iştirak etdi. Mərkəz ölkənin azlıq mədəniyyətlərinə və Azərbaycanın mədəni müxtəliflik baxımından iddia olunan spesifikliyinə[24] dair kitabların nəşrini dəstəkləyir və müxtəlif etnik və dini icmaların nümayəndələri (hamısı az-çox birbaşa dövlət tərəfindən kooptasiya edilib) arasında konfrans və ekümenik görüşlər təşkil edir. Mərkəz həmçinin ölkə daxilində (ADA Universiteti) və dünyanın bir sıra universitetlərində (Romadakı La Sapienza Universiteti, San-Paulu Universiteti, Praqa Çarlz Universiteti və s.) verilən kurslar və ya seminarlar zamanı Azərbaycan multikulturalizminin tədrisi üçün bir təlimat da dərc edib. Bu konseptual nümayiş sünnilik və şiəlik arasındakı teoloji fərqliliklərdən təsirlənməyən (və ölkədə mövcud olan digər monoteizmlərlə dialoqa açıq olan) mötədil milli İslam ideyasını qurmağı hədəfləyən ekümenik dini diskursla – Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında – birləşdirilib.

Bunların hamısı müstəqillik dövründən miras qalan millət quruculuğu probleminə cavabdır, çünki bu, Qərbdən ilhamlanmış və 21-ci əsrin çətinliyi kimi təqdim olunan bir məsələ – milli dövlət daxilində fərqli icmaların birlikdə yaşamasını təmin edən model təklif etməklə bağlıdır.[25] Azərbaycan rəsmiləri bu birgə yaşayışı alqışlayarkən onu dövlət ideologiyası səviyyəsinə qaldırmaq istəyirlər ki, onu alternativ kimlik modeli kimi təqdim edib, ondan mümkün mübahisələri ört-basdır etmək üçün istifadə edə bilsinlər. Beləliklə, multikulturalizm, AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin sözləri ilə desək, “doğru ideoloji hədəf” halına gəlir.[26] Əlizadə multikulturalizmi həm təhlükəsizlik baxımından (yaranacaq iddialardan yayınmaq üçün azlıq mədəniyyətlərinə hörmət etmək), həm demokratik baxımdan (demokratiya yolunda zəruri bir addım kimi), həm də Azərbaycanın (qlobal səviyyədə mövcud olan) kimlik probleminə töhfəsi baxımından təyin etməyi təklif edirdi.

Buradakı problem Azərbaycan multikulturalizm modelini izah etməyin çətin olmasıdır. Buna heç vaxt dəqiqliklə tərif verilməyib, amma onu bu cür başa düşmək olar: multikulturalizm dedikdə ölkənin mədəni çeşidliliyi, uzunmüddətli tolerantlıq ənənəsi və həmin ənənənin dəstəklənməli və möhkəmləndirilməli olduğu nəzərdə tutulur.[27] Dövlət qurumları tərəfindən Azərbaycan multikulturalizmi ilə bağlı hazırlanan kütləvi sənədlərdə bəzən multikulturalizmin bir hədəf, yoxsa qorunmalı olan mövcud vəziyyət olduğunu söyləmək çətindir. Multikulturalizm həm tarixi həqiqət,[28]  həm də “ideoloji hədəfdir.”[29] Bu, eyni zamanda Avropa multikulturalizm modellərinin böyük ölçüdə uğursuz olduğu bir vəziyyətdə (Azərbaycan multikulturalizm ədəbiyyatının iddiasına görə) nümunə olmağı hədəfləyən bir idarəetmə modelidir.[30] Doğrudur ki, Azərbaycan multikulturalizm diskursunda ilk konseptual istinadlar yuxarıda qeyd olunan müəlliflərdir (Parex, Kimlika, Teylor) və onlar iddialı multikultural siyasətin həyata keçirilməsini müdafiə edirlər: onların hər birinə müvafiq ədəbiyyatda istinad verilib və bir neçə universitetdə Azərbaycan multikulturalizmini tədris edən İrina Kunina mənə müsahibəsində qeyd etdi ki, Kimlika və onun güclü multikulturalizm modeli (bu model qrup əsaslı haqları legitimləşdirir; zəif model isə dövlətdən sadəcə tolerantlıq tələb edir) buradakı ən vacib istinaddır.[31] Lakin onların müdafiə etdiyi siyasət xətti tolerant qanunvericiliklə kifayətlənən Azərbaycan dövləti tərəfindən izlənilmir; tolerantlıq isə o deməkdir ki, azlıq mədəniyyətinin özünüifadəsi qanunla qadağan edilmir (məsələn, hamının ana dilindən istifadə etmək və həmin dildə kitab nəşr etmək haqqı var).

Həqiqi multikultural siyasət azlıqların mədəniyyətlərinin təbliği üçün də əhəmiyyətli vasitələr təmin edər, yuxarıda qeyd olunduğu kimi iqtisadi və siyasi elementləri əhatə edərdi (məsələn: azlıqlar üçün məhdud özünüidarə hüquqları).[32] Bu model bu günə qədər Azərbaycan hakimiyyəti tərəfindən effektiv şəkildə qətiyyən tətbiq edilməyib. Formal olaraq linqvistik azlıqların öz dillərindən sərbəst istifadə etmək, onu öyrətmək və hətta öz dillərində bir sıra rəsmi sənədlər əldə etmək haqları var (həftədə iki dəfə Azərbaycan milli radiosunda talış, ləzgi və kürd dilində, həmçinin Azərbaycan dilləri sayılmayan fars və ərəb dillərində xəbərlər yayımlanır). Məsələn, ləzgi dilini tədris edən təxminən 100 məktəbin olduğu bildirilir. Ancaq bəzi həmsöhbətlərim müəllimlərin və tədris materiallarının çatışmazlığı səbəbindən bu dilləri tədris edən məktəblərin sayının kifayət qədər az olduğunu iddia etdilər. Bu səbəbdən də, bu konstitusion tələbin tətbiqi zəif qalmaqdadır. Azərbaycan dili həm idarəetmədə, həm də tədrisdə əsas dildir.

Konkret nailiyyətlər olsa da – azlıqların dillərində çıxan qəzetlər,[33] lüğətlərin nəşri, etnoqrafik muzeylərin açılması – onların əksəriyyəti dövlət tərəfindən deyil, özəl təşəbbüslər hesabına maliyyələşdirilir. Məsələn, Quba dağ yəhudilərinin muzeyi, tamamilə, icma tərəfindən maliyyələşdirilir, Talış mədəniyyət muzeyi isə dövlətdən qismən dəstək alır. Əlavə olaraq, azlıq qruplarından heç birinin konkret olaraq qrup əsaslı haqları yoxdur. Burada sözün əsl mənasında multikulturalizmdən yox, tolerantlıqdan danışmaq mümkündür; lakin tolerantlıq belə daha yaxşı tətbiq oluna bilərdi (ümumilikdə aktivistlər, ələlxüsus da azlıq aktivistlərinin bir çoxu ölkədə həbs olunur). Digər tərəfdən, dini etiqad azadlığı dünyəvi dövlət tərəfindən təmin edilir, lakin dövlətin müdaxiləçi dünyəvilik anlayışı[34] dini məkanı liberal çərçivədən kənarda qoyur. Əslində, dövlət siyasəti kimi multikulturalizmin əsasən diskursiv nailiyyətlərini də qeyd etmək lazımdır. Bu faktı çatışmazlığın etirafı olaraq qəbul etmək əvəzinə, bu diskursların məqsədini və mümkün təsirlərini təhlil etmək istərdim.

Multikulturalizm diskurs kimi

Bir siyasət kimi multikulturalizm mahiyyəti etibarilə diskursivdir, yəni normativ və təsviri narrativlərdən ibarətdir. Həmin narrativlərin məqsədi isə öz mədəni çeşidliliyi ilə qürur duyan və ona qarşı tolerant yanaşan bir milləti təsvir və təyin etməkdir (burada multikulturalizm dedikdə güclü multikulturalizm modeli deyil, mədəni müxtəliflik + tolerantlıq nəzərdə tutulur). Mənə elə gəlir ki, bu diskurslar dəsti özünəməxsus bir effektə malikdir, bunlar iki istiqamətə – daxilə və xaricə yönəliblər.

Multikulturalizm siyasəti hər şeydən əvvəl ölkənin xaricdəki imici ilə bağlıdır. Burada multikulturalizmə Azərbaycanı digər ölkələrə tanıtmaq üçün ümumi səylərin bir hissəsi kimi baxmaq olar. Azərbaycan iqtidarı 10 ildən çoxdur ki, ölkəni tanıtmaq, turistlərə, investorlara və xarici diplomatlara satmaq üçün kampaniya aparır. Yuxarıda adı çəkilən Azərbaycan multikulturalizm dərslərini bu kontekstdə anlamalıyıq. Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr olunan dərsliyə istinad etsək, burada multikulturalizm mütəfəkkirlərinin (Parex, Brayan Berri, Teylor, Kimlika) yazılarına verilən istinadları, eyni zamanda ölkənin çoxmədəniyyətli xarakterini tədqiq edən tarixi və ədəbi mətnləri,  Azərbaycanın haqlı olaraq sivilizasiyaların qovşağında yerləşən ölkə kimi təqdim olunduğunu görə bilərik. Müasir anlayışlar olan multikulturalizm və qeyri-ayrıseçkilik anaxronist şəkildə çoxəsrlik azərbaycanlı kimliyinin əsas prinsipləri kimi təqdim olunur. Əslində isə müxtəlif mədəniyyətlərin uzun müddət bu ərazidə mövcud olması, milli sənətkarlarla mütəfəkkirlərin poetik və fəlsəfi əsərlərinin humanist xarakteri vurğulanır. Mərkəzin redaktə etdiyi mətnlərin əksəriyyəti Azərbaycan mədəniyyətinin iddia olunan tolerant xarakterinin sübutu kimi təqdim edilən nümunələr siyahısından ibarətdir.[35]

Buradakı diskurs SSRİ dövründəki diskurs ilə üst-üstə düşür: Mirzə İbrahimov kimi Azərbaycan Kommunist Partiyası yazıçıları xalqlar arasında bərabərliyi təşviq etdiyi iddia olunan Azərbaycan humanizmini və hətta bəzən sinifsiz cəmiyyəti mümkün qıldığı üçün 1917 Oktyabr inqilabnını tərifləyirdi.[36] Bu humanist və tolerant xarakter beynəlxalq turistlərə yönəlmiş bir çox marketinq əlaqələrində, eləcə də bütün dünyada keçirilən konfrans və sərgilərdə hələ də vurğulanır. Bir nümunə 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən Parisdə təşkil edilmiş və multikulturalizm mövzusunun marketinq rolunu mükəmməl şəkildə əks etdirən Azerbaijan – Land of Tolerance (Azərbaycan – tolerantlıq yurdu) foto sərgisidir. Şəkillər əslən İran azərbaycanlısı olan fransız-iranlı fotoqraf Rza Diqqəti tərəfindən çəkilmişdi və Azərbaycan tolerantlığının nümunələrini göstərirdi: məsələn, Ramazan orucunu birgə açan yəhudi ravinləri və müsəlman din xadimləri, yaxud da Qubanın yəhudi məhəlləsində sinaqoqun yanındakı bir məscid. Bu strategiya qlobal diplomatik və reklam səyinin bir hissəsidir.

Tolerantlıq haqqındakı bu diskursun məqsədi, təbii ki, iqtisadidir: həyatın yaxşı olduğu, tolerantlığın hökm sürdüyü və dünyaya səmərəli idarəetmə modeli təklif edə biləcək ölkə imici yaratmaqla turist və investor cəlb etmək (baxmayaraq ki, bu model aydın şəkildə müəyyənləşdirilməyib). Məqsəd həm də siyasidir; belə ki, söhbət, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində xarici dövlətlərin (xüsusən Qərbin[37]) əhalisinin və ələlxüsus da siyasətçilərinin rəğbətini qazanmaqdan gedir, çünki ermənilərin əsas şəhərlərdə (Moskva, Vaşinqton və Paris) güclü əlaqələri var. Xaricdəki təbliğat bəlkə də qismən gözlənilməz bir aktora qarşı yönəldilib: xaricdə (ABŞ, Avropa və Rusiya) yaşayan azərbaycanlı icmaları. Onlar dövlətin 2000-ci illərin əvvəlindən boynuna götürdüyü diaspora quruculuğu işinin mərkəzində dayanır, məqsədlərdən biri isə erməni diasporası ilə rəqabətdir. Məqsəd müstəqil Azərbaycanı heç vaxt tanımamış, yaxud onu tərk etmiş insanların, ya da İran Azərbaycanından olan mühacirlərin milli amal uğrunda rəğbətlərini qazanmaqdır.

Narrativ hazırlamaq səyi yalnız xaricə yönəlməyib. Bu diskurs həm də Heydər Əliyevin prezidentliyindən bəri həyata keçirilən milli narrativin vacib bir elementi, millət quruculuğu prosesinin təməl daşıdır. Məqsəd mədəniyyətlərarası əlaqələrin və birgə yaşayışın şərəfli keçmişinə istinad edərək, tolerantlıq və başqalarına hörmət etməklə dinc sosial mühitin təşviq edilməsidir. Buna görə də məktəb tədris proqramlarında ölkənin tarixi boyunca mövcud olan çoxdinlilik vurğulanır, bir sıra hadisələrlə isə ölkənin mədəni zənginliyi və müxtəlifliyi nümayiş etdirilir. Məsələn, Heydər Əliyev Fondunun maliyyələşdirdiyi və 2019-cu ildə Bakı bulvarında qoyulan Bir günəş altında foto sərgisi ölkənin mədəni müxtəlifliyini təqdim etmək məqsədilə 17 fərqli etnik qrupdan olan azərbaycanlıların fotolarını nümayiş edir.

Yaradılmış normativ imic belədir: yaxşı azərbaycanlı olmaq tolerant olub ölkənin mədəni sərvəti ilə fəxr etmək deməkdir. Beləliklə, bu, əslində heç də çox olmayan və mövcud olduqda da terrorla birbaşa (haqlı və ya haqsız şəkildə) əlaqələndirilən azlıqların etirazlarına qarşı dayaq formasını təşkil edərkən, azlıqları inteqrasiya edən milli kimliyin yaradılmasına kömək edir.[38] Bu kimlik quruculuğunun effektivliyi 2020-ci il Qarabağ müharibəsi zamanı aydın şəkildə görünürdü. Sosial şəbəkələr vasitəsi ilə dövlət tərəfindən deyil, cəmiyyət tərəfindən yayılan diskurs həm çoxmədəniyyətli Azərbaycanın lehinə beynəlxalq həmrəylik çağırışları edir, həm də Ermənistanın monoetnik xarakterinə diqqət çəkib qarabağlı ermənilərin Azərbaycanın təklif etdiyi tolerant birgəyaşayışdan imtina etməsi fikrini yayırdı.[39] Müharibə zamanı Əliyev qeyd etdi ki, Azərbaycan mədəni müxtəlifliyə hörmət etdiyindən Qarabağda ermənilərə mədəni muxtariyyət veriləcək.[40] Buna görə də multikulturalizm paradoksal olaraq etnik münaqişə daxilində rəqibi gözdən salmağa yönəlmiş ideoloji silah kimi işləyirdi. 

Nəticə

Azərbaycanda həqiqi multikultural siyasət yoxdur. Əlbəttə ki, quraşdırılmış sistem hələ gəncdir və gələcəkdə nailiyyətlər gözləmək olar. Lakin bu multikulturalizm siyasəti hələ ki ölkənin mədəni müxtəlifliyini tanımaq və sülh mühiti yaratmağı hədəfləyən tolerantlıq təbliğatı ilə kifayətlənir. Azərbaycan tolerant ölkə kimi təqdim edilir, halbuki formal olaraq mövcud olan bu tolerantlıq çərçivəsini daha da yaxşılaşdırmaq mümkündür. Azərbaycanda tolerantlığın sərhədlərini dövlət təyin edir və bu sərhədlərdən kənara çıxan istənilən iddia separatizm, yaxud da terrorizm kimi qəbul edilib rədd edilir.[41]

Azərbaycan multikulturalizmi bir dövlət siyasəti olaraq hər şeydən əvvəl diskursiv reallıq – tolerantlıq və mədəni müxtəliflik ilə səciyyələnən bir xalqın özünəməxsus imicini yaratmağı hədəfləyən bəyanatlar və təqdimatlardır. Ən böyük çətinlik isə dindir və teoloji parçalanmaları elə də nəzərə almayan mülayim milli İslam qurma siyasəti bu günə qədər yaxşı işləyir. Məqsəd azlıqlardan gələcək tənqidlərin və potensial tənqidçiləri separatçı adlandırmağın qarşısını almaq üçün dinc atmosfer və nisbətən tolerant bir çərçivə yaratmaqdır. Bu mövqe belə təsvir edilə bilər: Azərbaycan dövlətin azlıq mədəniyyətlərinin qarantı olduğu tolerant bir ölkədir; bu səbəbdən də, ədalətli və tolerant qaydaları qəbul etmirsinizsə, problem sizsiniz və siz tolerant deyilsiniz.

Lakin müstəqillikdən sonra Azərbaycanın çoxetnoslu xarakterini şişirtmək olmaz. 1939-cu ildə qeyri-azərbaycanlı millətlər əhalinin az qala 40%-ni[42] təşkil edirdisə, 1990-cı illərin əvvəllərində rusların və xüsusən də ermənilərin (həm də bir sıra yəhudilərin və digər SSRİ vətəndaşlarının) ölkədən getməsi bu göstəricini 10%-ə qədər endirdi.[43] Sovet tarixi boyunca Azərbaycan çoxsaylı azlıqları assimilyasiya etdi,[44] bu gün Azərbaycan dili bütün ölkədə geniş yayılıb və istifadə olunur. Azərbaycan etnik mənsubiyyətinin üstüörtülü üstünlüyü aydın görünür və azlıqlar əksərən praqmatik səbəblərdən dolayı bu dominant modeli mənimsəməyə meyillidirlər.[45]

Azərbaycanın izlədiyi multikultural siyasət paradoksal olaraq azlıqların daha dərin assimilyasiyası ilə müşayiət olunur. Multikulturalizm zərurət yarandıqda türk həmrəyliyinə və hətta İslam həmrəyliyinə yer ayırmaq üçün vurğulanır. Ümumi baxdıqda bu siyasəti kifayət qədər səmərəli saymaq olar, çünki o, azərbaycanlılığı formalaşdırmağa davam edir və bununla da ölkə üçün müəyyən milli birliyi (uyğunluğu) qorumağa imkan verir. Bəzi insanlar hörmət sahəsinin genişləndirilməsini tələb etsələr də,[46] Azərbaycan bu baxımdan Yaxın Şərqdə pis bir nümunə deyil (Ermənistanla münaqişəni nəzərə almasaq).

[1] Onfray, Michel, Arménie, un choc des civilisations, 2020, https://www.youtube.com/watch?v=yFbrH8HMmvg

[2] https://twitter.com/FranckPapazian/status/1326843421097668608?s=20

[3] https://www.trt.net.tr/francais/turquie/2020/11/10/cavusoglu-la-liberation-des-territoires-occupes-est-une-victoire-importante-pour-l-azerbaidjan-1525289; Maïa-Gaveriaux, Laura, “Turquie. Le conflit du Haut-Karabakh nourrit la rancœur contre l’Europe’’, 2021, https://orientxxi.info/magazine/turquie-le-conflit-du-karabakh-nourrit-la-rancoeur-contre-l-europe,4209/

[4] https://multiculturalism.preslib.az/en_others-hpt5PRUsV3.html/

[5] Bax, http://multikulturalizm.gov.az/post/1720/azerbaycanda-yasayan-xalqlarin-numayendelerinden.html/

[6] http://www.humanrights.ch/fr/pfi/droits-humains/discrimination/dossier-minorites/definitions/definition-minorite-nationale/
https://journals.openedition.org/balkanologie/244/

[7] https://oc-media.org/talysh-blogger-sentenced-to-7-years-in-azerbaijan/
https://aws-www.meydan.tv/az/article/1-talysh-activist-2-talysh-newspaper-editors-arrested-in-azerbaijan/?ref=article-related-artciles/
https://avestatalysh.com/2020/11/12/prominent-talysh-activist-killed-in-prison-in-azerbaijan/

[8] Young Kim, Justice as right actions, Lexington Books, Maryland, 2015.

[9] Yenə orada, 7.

[10] “Multiculturalism”, Stanford Encyclopedia of Philosophy, https://plato.stanford.edu/entries/multiculturalism/#ClaMul/

[11] Bax, https://president.az/articles/34985/

[12] Goyushov, Altay, “The Azerbaijani Government’s Islamic Rhetoric During the Six-Week War in Karabakh”, 2021, https://bakuresearchinstitute.org/en/the-azerbaijani-governments-islamic-rhetoric-during-the-six-week-war-in-karabakh/.

[13] Vişevski Demoqrafiya İnstitutunun məlumatları üçün bax, http://www.demoscope.ru/weekly/ssp/sng_nac_39.php ; http://www.demoscope.ru/weekly/ssp/sng_nac_89.php/

[14] Tomas de Valın qeyri-rus sovet respublikalarını təsvir etmək üçün Andrey Saxarova aid etdiyi ifadə; Black Garden: Armenia and Azerbaijan through Peace and War, NY University press, 2003, 133.

[15] Əsasən İkinci Dünya Mübaribəsindən sonra. Bax, Məryəm Seyidbəyli, Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik, Elm və təhsil, Bakı, 2019, 225-273.

[16] Ceylan Tokluoglu, Definitions of national identity, nationalism and ethnicity in post-Soviet Azerbaijan in the 1990s, in Ethnic and Racial Studies Vol. 28 No. 4 July 2005, 722-758.

[17] Ibid, 745.

[18]Hunter, Shireen, The Transcaucasus in Transition: Nation-Building and Conflict, The Center for Strategic and International Studies, Washington DC, 1994, 64-65.

[19] 1992-ci ildə Elçibəy etnik və milli azlıqların hüquq və azadlıqlarının qorunması, dillərinin və mədəniyyətlərinin təşviq edilməsi haqqında fərman imzaladı.

[20]   https://www.enpolitik.com/gundem/hakki-oznur-dan-ebulfez-elcibey-yazisi-h323660.html/

[21] Qoşqar Əliyev, Heydər Əliyev və milli mentalitet fəlsəfəsi, Qismet, Baku, 2003, 134-135.

[22] Hacı Xanəli Babayev, Azərbaycançılıq, elmi-dini maarifçilik, mənəvi özünüdərk nümunəsi, Baku, 2004, 64.

[23] Türkçülük çox romantik və qeyri-realist hesab edilir. Bax, Məryəm Seyidbəyli, 59.

[24] Əsər əsasən Azərbaycan və rus dillərində, qismən isə ingilis dilində çap edilib. https://multiculturalism.preslib.az/en_ebooks.html

[25] Akif Əlizadə, “Dəqiq ideoloji hədəf”: http://www.science.gov.az/news/open/3455, 2016.

[26] Yenə orada.

[27] Bax, https://multiculturalism.preslib.az/en_others-hpt5PRUsV3.html/

[28] Bax, https://president.az/articles/16703

[29] Akif Əlizadə, “Dəqiq ideoloji hədəf”: http://www.science.gov.az/news/open/3455, 2016.

[30] Bax, https://www.bbc.com/news/uk-politics-12371994/

[31] Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində İrina Kunina ilə müsahibəm, 3 fevral, 2021.

[32] “Multiculturalism”, Stanford Encyclopedia of Philosophy, https://plato.stanford.edu/entries/multiculturalism/#ClaMul/

[33] Məsələn, Samur qəzeti ləzgi dilində yazıçı və şair Sədaqət Kərimova tərəfindən nəşr olunur. Həmçinin, Alam qəzeti talış dilində çıxır. Lakin, talış dilində çıxan Tolışi Sədo (Talış səsi) qəzetinin baş redaktoru Hilal Məmmədov 2013-cü ildə İran agenti kimi Azərbaycana xəyanətdə günahlandırılaraq həbs olundu.

[34] Svante E. Cornell, Halil Karaveli and Boris Ajeganov, 73-89.

[35] Bax, https://multiculturalism.preslib.az/en_others-hpt5PRUsV3.html/

[36] Mirza Ibrahimov, Anthologie de la Prose Azerbaïdjanaise, Editions du Progrès, Moscou, 1982, 5-10.

[37] Xatırlaya bilərik ki, Azərbaycan 2000-ci ildə etnik azlıqların hüquqlarının qorunması və təşviq edilməsini təmin edən milli azlıqlar haqqında Avropa Şurası Konvensiyasına qoşuldu. https://reliefweb.int/report/azerbaijan/azerbaijan-accedes-three-council-europe-conventions/

[38] PKK agenti olmaqda günahlandırılan bir neçə azərbaycanlı kürdün həbs olunması yada düşür.

[39] Bir çox şərh və nəşrlər Ermənistandakı az sayda məscid və sinaqoqa işarə edərək, Azərbaycan ərazisindəki kilsə və sinaqoqların sayının daha çox olduğunu, eyni zamanda Azərbaycanda ermənilərin (əsasən azərbaycanlılarla evlənən insanlar) olmasını vurğuladı.

[40] https://www.reuters.com/article/armenia-azerbaijan-karabakh-peacekeepers-idUSKBN2771H/

[41] https://web.archive.org/web/20080705033011/http://www.anspress.com/nid51166.html/ ; Çeterian, Viken, “Dağlıq Qarabağın siyasi statusu belə vacibdirmi?”, 2021, https://bakuresearchinstitute.org/az/is-the-political-status-of-nagorno-karabakh-that-important/.

[42] Vişevski Demoqrafiya İnstitutunun məlumatları üçün bax, http://www.demoscope.ru/weekly/ssp/sng_nac_39.php?reg=5/

[43]https://minorityrights.org/country/azerbaijan/#:~:text=Azerbaijan%20has%20a%20large%20number,Udins%20(0.04%20per%20cent)%20and/.

[44] Azlıqlar üzrə rusiyalı mütəxəssis Valeri Tişkov qeyd edir ki, keçmiş sovet respublikaları arasında Azərbaycan, Ermənistan və Özbəkistan azlıqları ən çox assimilyasiya edən dövlətlər idi. Tishkov. Sitat gətirilib: Thomas de Wall, Black garden, 133.

[45] Sitat gətirilib: Kotecha, Homa, “Islamic and ethnic identity in Azerbaijan: emerging trends and tendencies”, OSCE paper, 2006, 42; https://www.refworld.org/pdfid/49997ae42c.pdf/.

[46] Hüseynli, İlkin, “Əxlaq və ermənilərə münasibət”, 2020; https://bakuresearchinstitute.org/az/morality-and-the-azerbaijani-attitude-toward-armenians/.