Azərbaycan siyasi məhbusları içərisində dindarlar uzun müddətdir ki, çoxluğu təşkil edir. Siyasi Məhbusların Siyahısı üzrə İşçi Qrupun son siyahısına görə ölkədə hal-hazırda olan 70 siyasi məhbusun çoxu – 49 nəfəri dinlə bağlı motivlərə görə həbs olunanlardır.[i] Payızda siyahı yenilənərkən 2018-ci il Gəncə hadisələri[ii] ilə əlaqədar həbs olunanların hesabına bu rəqəmin daha da artacağı gözlənilir. Lakin həbsxanadakı dindarlar yalnız vicdan məhbuslarından ibarət deyil. Bunlar içərisində başqa cinayət işlərinə görə həbsə düşmüş dindar vətəndaşlar, müxtəlif terrorçu, radikal qruplaşma üzvləri və ən əsası həbsdə ikən ibadətlərini mütəmadi yerinə yetirməyə başlamış yeni dindarlar vardır. Təəssüf ki, bu yeni dindarlar içərisindən radikal qruplaşmalara qoşulanların sayı heç də az deyil. Məhz bu problemin kəskinləşməsi hökumətin də diqqətini cəlb etmiş, nəticədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Penitensiar xidmətlə razılaşma əsasında dindarlar arasında radikalizmin yayılmasına qarşı silsilə tədbirlər planı həyata keçirməkdədir. 2016-cı ilin yekunlarına dair hesabatında DQİDK il ərzində 30 belə maarifləndirici tədbirin keçirildiyi barədə məlumat vermişdi.[iii]

Lakin bu işin effektivliyi ciddi şübhələr doğurur. Bu tədbirlər daha çox sovet hakimiyyətinin “Bilik” cəmiyyəti vasitəsilə həyata keçirtdiyi formal və nəticəsiz ateizm dərslərinə oxşayır. Həmçinin DQİDK də “Bilik” fondunun[iv] ləğv olunana[v] qədər apardığı “maarifləndirmə” işlərində onunla birgə fəaliyyət göstərirdi.[vi] Düzdür, DQİDK mütəxəssislərin tənqidlərini nəzərə alaraq bu prosesə ölkənin Hacı Şahin kimi nüfuzlu din xadimlərini də cəlb etdi və bu addım belə tədbirlərə dindar məhbuslar arasında marağın artmasına səbəb oldu. Lakin müsahiblərimiz olan keçmiş siyasi məhbusların dediyinə görə həbsxanadakı sələfi dindarlar və həmçinin siyasi fəaliyyəti ilə tanınan nüfuzlu şiə ruhaniləri bu formal görüşlərə tənqidi-skeptik yanaşırlar. Hətta belə görüşlərə getməkdən qətiyyətlə imtina edərək buna görə cəza kimi karserə salınmaqdan belə çəkinməyən dindarlar da olur.[vii] Ən əsası, bəzən Penitensiar xidmət rəhbərliyi belə maarifləndirici tədbirlərə prioritet kimi yanaşmır, zalı özləri ilə iş birliyində olan məhbuslarla doldurmağa çalışır. Nəticədə proses formal, real olaraq nəticəsiz forma almağa başlayır.

Bütün bunlar Bakı Araşdırmalar İnstitutunu (BAİ) problem haqqında bu yazını hazırlamaq fikrinə gətirdi.[viii] Yazı sırf keçmiş dünyəvi siyasi məhbusların bu problem haqqında təəssüratlarından, təsvirlərindən, mülahizələrindən ibarətdir və qətiyyən hərtərəfli araşdırma iddiasında deyil. Bununla belə, düşünürük ki, bu yazı problemin tədqiqatçıları üçün əvəzedilməz ilkin mənbə rolunu oynaya bilər.

Həbsxanada dinə münasibət

Keçmiş siyasi məhbusların bu mövzu ətrafında xatirələrindən belə məlum olur ki, dinin həbsxanada xüsusi yeri var. Həbsxanadakı dini qrup üzvü olma məhbuslara müəyyən mənada ehtiyacları olduğu müxtəlif formalı dəstəyi almağa imkan verir. Həbsdəki cinayətkar dairələrin də dindarlara rəğbətli yanaşması həbsdə olanların arxa tapmaq üçün dini qruplara qoşulmasını stimullaşdırır. Məsələn, keçmiş siyasi məhbus Rəşadət Axundovun digər bir keçmiş siyasi məhbus olan Zaur Qurbanlı ilə bağlı bir hadisə barədə xatirələri əsasında belə qənaətə gəlinir ki, dindarlar cinayətkar dairələrdə  “yaxşı oğlan”[ix] sayıldığı üçün onlardan nə isə oğurlamaq qəbahət hesab edilir.

Ateist olmaq isə əksinə, ən yaxşı halda düzəldilməsi tələb olunan çatışmazlıq kimi qəbul olunur. Bununla belə, qeyri-dini qruplar içərisindən böyük əksəriyyət dindarlara (əsasən şiə dindarlara) ya rəğbət, ya da ehtiyatla yanaşsalar da, təxminən 5-10 faiz nisbətində məhbus var ki, dindarlara kifayət qədər skeptik və neqativ yanaşırlar. Bu qruplar arasında söz atışması şəklində zəif mübahisələrə də rast gəlinir. Lakin hər iki tərəf iri konfliktlərdən qaçmağa çalışır.

Təbliğatın uğur səbəbləri

Hakimiyyətin dini radikalizmə qarşı maarifləndirmə işinin hər hansı ciddi nəticəsi yoxdur və bunun ilk səbəbkarı da məhz elə rəsmi orqanlardır. Əksinə, cəzaçəkmə müəssisələrində həbsxana rəsmilərinin radikal adlandırılan dindarları qeyri-insani rəftara məruz qoyması onların daha da radikallaşmasına səbəb olur. Xüsusən, İraq Şam İslam Dövləti (İŞİD) silahlıları tərkibində Suriya və İraqda döyüşənlərə, onlara rəğbət bəsləyənlərə qarşı ya bilavasitə, ya da dolayısı ilə həbsxana rəhbərliyi tərəfindən pis münasibət ilk gündən baş verir. Onlardan daha təhlükəli hesab olunanlar isə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) göstərişi ilə daxili qaydalara əsasən  “qaçmağa meyilli məhkum” hesab olunur və onlardan hər saatın tamamında xüsusi qeydiyyata imza atması tələb edilir. Bəzən, hətta onlarla görüşə gələn adamların həbsi hallarına da rast gəlinir.[x]

Ümumən sələfilərin aktiv dəvət təbliğatı həbsxana rəhbərliyinin diqqətindən kənarda qalmır. Bəzən belə dəvətçilər xüsusi olaraq cəzalandırılır. Sələfi olaraq ekstremist dindarların qrupuna sonradan qoşulan şəxsləri də həbsxana rəhbərliyi nəzarətə götürür və mütəmadi fiziki-psixoloji təzyiqlərə məruz qoyur. Nəzərə almaq lazımdır ki, ümumən dövlətdən, hökumətdən narazılıq əhvali-ruhiyyəsinin hökm sürdüyü həbsxana mühitində dövlətin, rəsmilərin təqibinə məruz qalanlara dustaqların heç də az olmayan bir hissəsi içərisində istər-istəməz rəğbət formalaşır.

Həbsxana rejimi sərtləşdikcə hətta dindar olmayan məhkumların belə radikallaşma ehtimalı artır. Təsadüfi deyil ki, Qobustan qapalı həbsxanasına müvəqqəti göndərilən məhkumların seziləcək hissəsi öz ümumi rejimli cəzaçəkmə müəssisələrinə artıq əsasən radikal sələfi qruplara qoşularaq qayıdırlar. Bu hal hətta məhkumlar arasında hakimiyyətin radikal adlandırdığı şəxslərin uğurlu təbliğatı üçün dolayısı ilə şərait yaratması haqqında şayiələrin yayılmasına səbəb olub. Məsələn, Qobustan qapalı həbsxanasından ümumi rejimli cəzaçəkmə müəssisələrinə gələn bəzi məhkumlara istinadən dustaqlar arasında belə bir şayiə dolaşırdı ki, qapalı həbsxanada rəhbərlik sələfi dindarları kriminal aləmə aid şəxslərlə eyni kameralara yerləşdirirlər. Bu zaman kameralardakı məhkumların nisbəti radikal dindarların xeyrinə olurdu, məsələn, hər kameraya iki sələfi bir qeyri-dindar məhkum salınırdı. Nəticədə bu məhkumlardan xeylisi sələfi təbliğatı nəticəsində onların dünyagörüşünü qəbul edirdi.[xi]

Təşkilatlanmış dindar qrupların əvvəldən dindarlığı olmayan məhkumları öz yollarına çəkməkdə uğur qazanmasına təsir edən obyektiv səbəblər mövcuddur. Məsələn, bunun əsas səbəblərindən biri məhkumların sosial-maddi vəziyyəti ilə bağlıdır. Belə ki, digər bir çox məhkumlarla müqayisədə təşkilatlanmış dindarlar həbsxana xaricindən daha müntəzəm maddi yardımla təmin olunurlar və onların həbsxanada əksər qeyri-dindar məhbuslarla müqayisədə maddi vəziyyəti seziləcək dərəcədə yaxşı olur. Bu reallıq həm sələfi, həm də şiə məhbus dindarlara aid edilə bilər. Həbsxanadakı kameralarda dindarların dindar olmayan məhkumlara göstərdiyi maddi dəstək xeyli məhbusun onlara yaxınlaşması ilə nəticələnir. Dindarlar xüsusən ağır məhbəs şəraitində imkansız ailələrindən yardım ala bilməyən şəxslərə maddi dəstək verməklə ümumən məhbuslar arasında rəğbət qazana bilirlər. Bu, rəsmilərin qeyri-adekvat, çox vaxt ədalətsiz sərtliyi ilə müqayisədə ciddi kontrast yaradır. Hərçənd o da məlumdur ki, belə dindarlaşanların heç də hamısı azad edildikdən sonra dinə bağlılığını, yaxud bu qruplarla əlaqələrini davam etdirmir.

Lakin cəzaçəkmə müəssisəsində dindarlaşan məhkumların sayı kifayət qədər çoxdur. Əslində bu maddi dəstək çox böyük olmasa da, icma ilə yaxınlıq həm də ümumi kollektiv mənəvi dəstək atmosferi yaratmış olduğundan insanlara sanki nisbi təhlükəsizlik ümidi verməklə böyük təsirə malikdir. Dindarlara yaxınlaşmanın bir səbəbi də yəqin ki, həbsxanadakı ümidsizlik və mövcud dünyəvi sistemə inamsızlıq, yaxud ondan küskünlük fonunda məhbusların ədaləti başqa yerlərdə, xüsusən bu şəraitdə ən əlçatan instansiya kimi ilahidə axtarması və belə mühitdə dindarların o dünyadakı rifah dəvətini sanki ümidsizlikdən bir nicat kimi qəbul etməsi olur. Belə şəraitdə əksərən az təhsilli olan məhkumların adətən yüksək natiqlik qabiliyyəti və inandırma bacarığı olan dindarların təsirinə düşməsi o qədər təəccüblü görünmür.

Həbsxanada dindarlaşmış gənclərlə söhbətlərdən ölkədəki dünyəvi ümumtəhsil sisteminin çox ciddi tənəzzül dövrü yaşadığını da hiss etmək mümkündür. Amma yenə də ən əsası belələri üçün həbsxanadakı pis şərait və hüquq-mühafizə orqanlarının bir çox hallarda qeyri-insani davranışı, işgəncələri, geniş həbsxanadaxili və məhkəmə korrupsiyasının dövlətin düzgünlüyünə və ədalətinə inamı zəiflətməsi dindarlaşmanın, həmçinin radikallaşmanın əsas stimulyatoru kimi meydana çıxır.

Dindarlar kimdir?

Dindar məhkumlar arasında yalnız kiçik bir qrup bilavasitə radikal dini cərəyanlarla əlaqəsinə, iştirakına görə həbs olunanlardır. Əksəriyyət isə müxtəlif digər cinayətlərə görə həbs olunmuş dindar fərdlərdirlər. Bunların içində artıq həbsdə ikən müxtəlif dini qruplara qoşulanlar heç də az deyil. Məsələn, 13 nömrəli cəzaçəkmə müəssisəsində 1100 nəfərlik məhkum icmasından təxminən 30-35 faizi müxtəlif cərəyanlara qoşulan dindarlar idi.[xii] 2 nömrəli cəzaçəkmə müəssisəsində də vəziyyət təxminən bu cür idi.[xiii]

Sələfilər

Sələfilərin xeyli hissəsi dini radikal fəaliyyətə görə həbs olunanlardır. Onların çoxu İŞİD ilə əlaqələrinə görə həbs olunsalar da, ikinci böyük qrup Azərbaycanın şimal bölgələrində sırf dini təbliğlərinə görə həbs olunan sələfilərdir. Həbsxanada ayrı-ayrı sələfi qruplar arasında ziddiyyətli münasibətlər mövcuddur. Hətta İŞİD-lə bağlı həbs olunan radikallar arasında da bir-birinə xoş münasibət bəsləməyən qruplaşmalar var. Suriya döyüşlərində iştirak edib geri qayıdarkən həbs olunan sələfilər arasında da nisbətən kiçik bir qismi Suriyadakı mübarizənin öz inanclarına uyğun olmadığı üçün geri qayıtdıqlarını deyirlər.

Lakin bilavasitə həbsxanada dindarlaşan sələfilərin əksəriyyətinin İŞİD-ə münasibəti qətiyyən isti deyil. Azərbaycanın sünni məzhəbinə aid regionlarından olan və həbsxanada dindarlaşan şəxslər də əksərən dini ekstremist fəaliyyətə görə həbs olunan sələfilərin qrupuna qoşulmurlar və ayrıca qruplar formalaşdırırlar. Digər sünni fiqhlərinə mənsub olanlar isə ümumiyyətlə sələfilərdən uzaq dururlar.

Ümumiyyətlə, sələfi dustaqlar özlərini həbsxanada da radikal apardığı, sərt fikirlər səsləndirdiyi, dünyəviliyə və fərqli fikrə dözümsüz olduqları üçün xeyli məhkumlar əvvəl-əvvəl onlara ehtiyatlı yanaşırlar. Lakin vaxt ötdükcə əvvəlcə çəkinənlərin sonradan onların sırasına qoşulması halları da olur və bu tək-tük xarakter daşımır.

Keçmiş siyasi məhbus Tofiq Yaqublunun dediyindən belə anlaşılır ki, radikal dindar qruplar açıq şəkildə kitabxanalardakı qeyri-dini ədəbiyyatların oxunmasına qarşı təbliğat aparır və hətta öz yeni qrup üzvlərinin əllərində belə kitabları görəndə onları yararsız hala salırlar.[xiv]

Sələfilərin radikalları daha kəskin fikirlər səsləndirir və sekulyar dövləti, onun qanun və atributlarını tanımadıqlarını, İslam xilafəti qurmağı öz məqsədləri saydıqlarını deyirlər. Şiələr arasında isə bu məsələyə birmənalı münasibət yoxdur. Bəziləri İran tipli teokratik dövlətin qurulmasının tərəfdarı olduqlarını desələr də, digərlər sekulyar dövlət tərəfdarı olduqlarını, amma bu sekulyar dövlətin dini-şiə normalarını ehtiva etməsi tərəfdarı olduqlarını deyirlər. Fəqət şiə dindarların demək olar ki, hamısı birmənalı olaraq İran İslam Respublikasına rəğbətlə yanaşırlar.[xv]

Şiələr

Cəzaçəkmə müəssisəsindəki ən böyük qrup sözsüz ki, ölkədə olduğu kimi şiələrdir. Bunlar içərisində də həbsxanada ikən dindarlaşmış böyük bir qrup var. Sünnilərdən fərqli olaraq şiələr həbsxananın məscidindən daha mütəmadi istifadə edir, orada dini yığıncaqlar keçirirlər. Şiə ruhanilər arasında xaricdə, xüsusən İranda təhsil alanların böyük nüfuzu var. Həbsxana rəhbərliyi də əsasən şiə dindarlara daha rəğbətlə və yumşaq yanaşır. Bununla belə, hökumətin radikal adlandırdığı şiələrə, yəni, Tale Bağırzadəyə, Abgül Süleymanova və digər tanınmış dindar siyasi məhbuslara simpatiyası olan məhkumlar dərhal nəzarətə götürülür, psixoloji, bəzən fiziki təzyiqlərə məruz qalırlar.

Həmçinin digər şiələr də açıq şəkildə ictimai-siyasi mövqe nümayiş etdirərlərsə, dərhal həbsxana rəhbərliyi və nəzarətçilərinin təzyiqi ilə üzləşirlər. Şiələrin gənc bir ruhanisi həbsxana məscidində yığıncaq zamanı həbsxanada çay kimi maddi məhsulların qiymətinin bahalığıyla bağlı narazılıq ifadə etdiyi üçün rəis müavini tərəfindən döyülərək 15 sutkalıq karserə salınmışdı. Bu cür münasibət səbəbilə şiə dindarları adətən belə məsələlərdən danışmağa meyilli olmurlar. Şiə ruhanilərin həbsxanada təşkil etdiyi Quran oxumaq və digər din dərslərinə də xeyli məhbus qatılır. Şiə icması sələfi və digər sünnilərdən fərqli olaraq dövlətin apardığı maarifləndirmə yığıncaqlarına tanıdıqları və ehtiram bəslədikləri ruhani gəlirsə, orada iştirak edirlər.[xvi] İlkin Rüstəmzadənin dediyinə görə, bəzən bu görüşlərdə maraqlı hadisələr də baş verir. Misal üçün, Hacı Şahinin də iştirak etdiyi belə görüşlərdən birində nüfuzlu şiə məhbuslardan biri din xadimindən penitensiar sistemdəki korrupsiyaya qarşı mübarizədə köməklik göstərməsini təklif etmişdi. [xvii]

Keçmiş siyasi məhbusların dediklərindən belə görünür ki, hökumətin məqsədyönlü siyasəti nəticəsində həbsxanada şiə dindarlar arasında Ayətullah əl-Uzma Sistaninin fiqhə aid kitabları daha çox yayılıb. Belə görünür ki, şiələr içərisində digər müctəhidlərin, xüsusən Xameneyinin müqəllidləri mümkün problemlərdən sığortalanmaq üçün özlərini Sistani müqəllidi kimi qələmə verirlər. Lakin bilavasitə Sistani müqəllidləri də az deyil. Məhbus dindarlar arasında vilayəti-fəqihlik məsələsi ətrafında Xameneyi müqəllidləri ilə Sistani müqəllidləri arasında da müzakirə formatında keçən doqmatik mübahisələr olur. Lakin şiə dindarlar ümümən digər məhbusların şiə müctəhidlərə qarşı tənqidi fikirlərinə sərt reaksiyalar verirlər. Onlar həbs olunan şiə din xadimlərinə də rəğbət nümayiş etdirsələr də, bunu elə də açıq nümayiş etdirmirlər. Çünki yuxarıda qeyd edildiyi kimi həbsxana rəhbərliyi buna görə dindarlara sərt davranır.

Şiə-sünni münasibətləri

13 nömrəli cəzaçəkmə müəssisəsində 400 nəfərlik məscid var və sünni-şiə dindarlar camaat, cümə, bayram namazları üçün bura ayrı-ayrılıqda daxil olurlar. Saqqal saxlamağı çıxmaq şərtilə, dindarlara öz dini ayinlərini yerinə yetirmək, o cümlədən oruc tutmaq üçün əsasən şərait yaradılır.

Şiə və sələfi dindarlar arasında ciddi rəqabət var və bu rəqabət öz cərgələrinə daha çox məhbus çəkmək ətrafında gedir. Etiraf etmək lazımdır ki, bu işdə sələfilər daha proaktivdirlər və adətən onlara qoşulanlar da az sonra çox dindar dəvətçilərə çevrilirlər. Keçmiş siyasi məhbusların və digər müsahiblərimizin dediklərinə görə, sələfilərlə şiələr arasında münasibət kəskinliyini xüsusən TV xəbərlərdə 2015-ci ildə Suriya və İraqdakı hərbi əməliyyatlar barədə məlumatlar yayımlanarkən müşahidə etmək olurdu. İŞİD yeni ərazilər tutanda sələfilər, torpaq itirəndə  isə şiələr uca səslə “Allahu-Əkbər” deyirdilər. Keçmiş siyasi məhbus Tofiq Yaqublu da müsahibəsində sələfi və şiə qruplar arasında həbsxanada ciddi qarşıdurma atmosferinin olduğu, bir halda iri toqquşmanın baş verdiyi, hökumətin münaqişəni yatırtmaq üçün qoşun yeritmək məcburiyyətində qaldığını bildirir.[xviii] Bununla belə, siyasi məhbusların müşahidələrindən belə aydın olur ki, həbsxana şəraitində adətən əksəriyyət konfliktdən qaçmağa meyilli olur. Çünki bunun nəticələri ağır ola bilər. Əgər konflikt baş verirsə, buna həddən artıq böyük problemlər səbəb olur.[xix]

Şiə dindarların bir çoxları, həmçinin sələfi və İŞİD-çi məhbuslara təzyiqlərin edilməsi məqsədilə cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən əməkdaşlığa dəvət edilir. Ümumiyyətlə, müxtəlif keçmiş siyasi məhbuslarla müsahibələrdən məlum olur ki, həbsxana rəhbərliyi sələfi-şiə antaqonizmini  öz məqsədləri üçün istifadə edir. Digər tərəfdən, sanki həbsxanada məhbusların dindarlaşması prosesi qarşısında aciz qalmış həbsxana rəhbərliyi belələrinin şiələrə tərəf yönləndirilməsində maraqlı görünür.  Təbliğat nəticəsində şiələr içərisindən sələfilər tərəfə və həmçinin əksinə, sələfilər cərgəsindən şiələr tərəfə  keçmə hallarına da rast gəlinir.

Müsahiblərimiz həbsxanalarda bu məsələnin mövcudluğunu xüsusi qeyd etməsələr də, hökumət həbsxanalardan kənarda sələfilərdən də şiələrə qarşı təbliğatda məharətlə istifadə edir. Hökumətin bu sahədə atdığı addımlar dini sahədə yeritdiyi siyasətdə ən effektiv üsuldur. Bu da görünür, hökumətin bu qızışdırma siyasətinin sələfi və şiə dindarların bir-birinə antaqonist əqidələri ilə üst-üstə düşməsi, bir-birinə qarşı sərt təbliğatın hər birinin ayrı-ayrılıqda dini diskursunun vacib elementi olması ilə əlaqədardır.

Müzakirə

Sekulyar siyasi məhbusların söylədiklərindən belə qənaətə gəlirik ki, Azərbaycan həbsxanalarında dini vəziyyət müəyyən dərəcədə fərqli nisbətləri və elementləri ilə (o cümlədən daha çətin, sərt şəraiti ilə) bu sahədə ölkədəki ümumi vəziyyətin daha kiçik miqyasda əks olunmuş formasıdır. İntellektual imkanları və müvafiq savadı olan siyasi məhbusların repressiyalar səbəbilə çoxluq şəklində həbsxanalara düşməsi, nə qədər qəribə səslənsə də, onlara bu vəziyyəti müstəqil şəkildə yaxından dəyərləndirmək imkanı yaratmışdır. Şübhəsizdir ki, əksər sekulyar siyasi məhbuslar cəmiyyətdə İslam dini və dindar müsəlmanların tutduğu yer barədə məhz həbsxanada ilk, birbaşa, dolğun məlumatlar ala bilmişlər. Belə demək mümkünsə, bu vəziyyət təxminən ölkədəki vəziyyətlə üst-üstə düşsə də, onlar sanki fərqli dini situasiya ilə qarşılaşmışlar. Onlar həbsxana şəraitində müxtəlif qruplardan olan dindarlarla normal həyatda təsadüfi baş verə biləcək, burada isə qaçılmaz olan mütəmadi birbaşa kontaktlarda olmuş və bu reallıq da təəssüratın daha təsirli olması ilə nəticələnmişdir.

Yazıdan gələn əsas nəticə isə odur ki, hökumətin radikalizmə qarşı apardığı siyasət, o cümlədən maarifləndirici tədbirlər minimum effektə malikdir. Belə ilkin qənaətə gəlmək olar ki, həbsxanalardan kənarda, bütünlükdə ölkədə aparılan siyasət də belə qeyri-effektivdir. Təəssüf ki, bu cür formal, təsirsiz, hətta müəyyən mənada əks-təsirli metodlar daha da genişləndirilir və büdcə pulları səmərəsiz xərclənilir. Problemin üzə çıxmasının qarşısını alan yeganə vasitə isə dövlətin bir çox hallarda qanuna əsaslanmayan gücü və zorakı davranışıdır. Lakin bu siyasətin effektiv nəticələrə malik olduğunu düşünmək illüziyadır. Sovet dövrü təcrübəsindən bildiyimiz kimi, belə yanaşma problemi həll etmir, onu konservasiya edir və problem əlverişli şəraitdə püskürərək meydana çıxır.

Həsbxanalarda radikalizmin yayılmasının qarşısını almaq onu stimullaşdıran əsas səbəblərin aradan qaldırılması və bu istiqamətə səylər göstərilməsi ilə mümkündür. Bu səbəblər həbsxanalardakı pis şərait, korrupsiya, həbsxana rəsmilərinin pis rəftarı, məhkəmə sistemində ədalətsizliyin böyük miqyaslarıdır. Həmçinin elə bütövlükdə ölkədə də radikalizmə qarşı ən təsirli vasitə əhalinin rifahının yüksəldilməsi və məhkəmələrdə ədalətin təmin olunması istiqamətində əsaslı dönüş vasitəsilə mümkün ola bilər.

İstinadlar:

[i] http://humanrightsclub.net/siyasi-m%C9%99hbuslar/2019/siyasi-m%C9%99hbus-kimi-taninan-daha-70-n%C9%99f%C9%99r-h%C9%99bsd%C9%99-qalib/?fbclid=IwAR2q9BfFKxEABBUyNAJOs2Dr2H6KqC6xfKZukoIsPsRc7lz_DeuB6G9niuE

[ii] https://www.reuters.com/article/us-azerbaijan-protests-insight/assassination-attempt-and-protest-send-warning-to-azerbaijans-rulers-idUSKBN1KR0EY

[iii]https://report.az/din/dini-qurumlarla-i-s-uzre-dovlet-komitesinde-oten-ilin-yekunlari/

[iv] Sovet dövründən sonra Bilik cəmiyyəti bazasında eyniadlı fond yaradılıb

[v] https://president.az/articles/31521

[vi] http://www.scwra.gov.az/az/view/news/5167/kurdemirde-dini-radikalizmle-mubarizede-birge-fealiyyetin-teshkili-ve-ehemiyyeti-movzusunda-konfrans-kechirilib

[vii]Keçmiş siyasi məhbus Rəsul Cəfərovla müsahibədən

[viii] BAİ olaraq bu yazının ərsəyə gəlməsində mətndə adı keçmiş müsahibimiz olan keçmiş siyasi məhbuslara, ələlxüsus bu məqalənin yazılmasında iştirak etmiş İlkin Rüstəmzadə və Anar Məmmədliyə, həmçinin qiymətli yazılı qeydlərini əsirgəməmiş Qiyas İbrahimə, Rəşadət Axundova xüsusi minnətdarlığımızı bildiririk.

[ix] Keçmiş siyasi məhbus Zaur Qurbanlı və Rəşadət Axundovla müsahibələrdən

[x]Keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin BAİ üçün qeydlərindən

[xi] Yenə orada

[xii]Keçmiş siyasi məhbus Anar Məmmədlinin BAİ üçün qeydlərindən

[xiii]Bir neçə keçmiş siyasi məhbusla müsahibədən

[xiv] https://musavat.com/news/turme-meselesinde-rekordlar-qirdim-tofiq-yaqubludan-ilginc-aciqlamalar_336241.html

[xv]Müxtəlif keçmiş siyasi məhbuslarla müsahubələrdən

[xvi] İlkin Rüstəmzadənin BAİ üçün qeydlərindən

[xvii] Yenə orada

[xviii] https://musavat.com/news/turme-meselesinde-rekordlar-qirdim-tofiq-yaqubludan-ilginc-aciqlamalar_336241.html

[xix] Müxtəlif keçmiş siyasi məhbuslarla müsahibələrdən

1) Azərbaycanda sələfiliklə bağlı bax:

Azərbaycanda sələfiliyin müxtəsər tarixi

2) Azərbaycanda siyasi şiəliklə bağlı bax:

Postsovet dövründə Azərbaycanda siyasi Şiəliyin tarixi