2018-ci ilin sonları Dağlıq Qarabağ (DQ) münaqişəsinin həlli ətrafında növbəti canlanma ilə yadda qalacaq. Ümidlər və gözləntilər yaranıb ki, 2019-cu ildə problemin həlli istiqamətində nəhayət ki konkret razılaşmalar əldə oluna bilər. Bu nikbinliyin səbəbi nədir? Doğrudanmı 30-cu ilini geridə qoyan bu mürəkkəb ərazi ixtilafının həlli üçün real şans yaranıb?

Gəlin, əvvəlcə pozitiv düşüncələrə əsas yaradan hadisələrə nəzər salaq. Bu il Ermənistanda inqilabi dəyişiklik baş verdi və “Qarabağ klanı”nın 20 illik hakimiyyətinə son qoyuldu. Bu klanın liderləri Robert Köçəryan və Serj Sarkisyan Qarabağ müharibəsinin bilavasitə iştirakçısı olublar, hətta hərbi əməliyyatlara rəhbərlik ediblər. Bu amilin onların sülh prosesində kompromislərə getməsinin önündə psixoloji baryer yaradıb-yaratmadığını inamla söyləmək çətindir, amma bu cür fikirlər hər zaman mövcud olub. İndi onları qismən liberal baxışlara və fərqli vizyona sahib olan siyasətçi – Nikol Paşinyan əvəz edib. Yekunda hansı nəticənin əldə ediləcəyindən asılı olmayaraq, bunu Azərbaycan-Ermənistan münasibətlərində və konfliktin həllində yeni bir mərhələ kimi qiymətləndirmək yanlış olmazdı. Paşinyan baş nazir kreslosuna əyləşməklə Qarabağ münaqişəsi başda olmaqla, Ermənistanın bütün problemlərinin həllinin məsuliyyətini də öz boynuna götürmüş oldu. Onun mövzuya dair ilk açıqlamalarında nizamlanma prosesinə Dağlıq Qarabağ ermənilərinin də tərəf kimi cəlb olunması şərtini səsləndirməsi Azərbaycan tərəfindən destruktivlik və Sarkisyan dövrü ilə müqayisədə daha radikal yanaşma kimi qəbul olunmuşdu.

Amma sonrakı hadisələr – iki ölkə xarici işlər nazirlərinin dekabrın 5-də Milanda keçirilən görüşünün nəticələri əsasında birgə bəyanatın qəbul olunması və nazir Elmar Məmmədyarovun bu görüşü “uzun zamandan etibarən ilk dəfə qarşılıqlı anlayışa nail olduq” deyə qiymətləndirməsi; dekabrın 14-də Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki hərbi postların və hərbi obyektlərin Dövlət Sərhəd Xidməti bölmələri tərəfindən Müdafiə Nazirliyi bölmələrindən təhvil alınması barədə tapşırıq verildiyinin rəsmən açıqlanması; dekabrın 20-də Dağlıq Qarabağın azərbaycanlı icmasına diplomat etiketi daşıyan yeni rəhbərin (Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı, Şuşa şəhərində doğulmuş Tural Gəncəliyev) seçilməsi göstərdi ki, rəsmi Azərbaycan Dağlıq Qarabağın erməni icmasının prosesə qoşulmasına razıdır. Lakin o buna yalnız erməni icması ilə bərabər azərbaycanlı icmasının da eyni hüquqlarla masaya qayıtması şərtilə razıdır. Yəni, Dağlıq Qarabağın adından təkcə bir icma çıxış etməsin. Bu cür mövqe o mənaya gəlir ki, Azərbaycan tərəfi Ermənistanın yeni hökumət başçısının ideyasını ümumən rədd etmir, əksinə, onun təklifinə konstruktiv reaksiya verməyə çalışır. Düzdür, Dağlıq Qarabağ ermənilərinin bərabərhüquqlu tərəf kimi, yoxsa icma kimi prosesdə iştirakı məsələsi mübahisə yaradacaq, amma hər halda, prosesin “ölü nöqtə”dən tərpənməsi göz önündədir.

Nikol Paşinyanın DQ ermənilərinin sülh prosesində iştirakında israr etməsinin səbəbini aydınlaşdırmağa ehtiyac var. Bu israr onun “ümummilli problem” statusunda olan bu məsələ ilə bağlı təkbaşına qərar vermək istəməməsindən irəli gəlir. Paşinyan başa düşür ki, istənilən həll variantında erməni tərəfi əvvəlcə DQ ətrafındakı azı 5 rayonu boşaltmalı olacaq. Yəni, qarşılıqlı kompromislər barədə razılıq əldə edildikdən sonra Ermənistanın atacağı addımlar daha praktik olacaq, sadə dildə ifadə etsək, kağız üzərində sülh planı hətta Ermənistanın maraqlarına cavab versə belə, onun güzəştləri Azərbaycanın güzəştləri ilə müqayisədə gözlə görünən olacaq, bu isə Ermənistan daxilində hökumətə qarşı kütləvi etirazların baş qaldırmasına səbəb ola bilər. Şübhə yoxdur ki, devrilmiş klanın timsalında revanşist müxalifət bu durumdan hökumətin əleyhinə istifadə edəcək. Paşinyan bu təhlükəni başa düşdüyü üçün məsuliyyəti təkbaşına öz üzərinə götürməyərək qərarı DQ ermənilərinin verməsini, imzalanacaq sənədə onların da imza atmasını istəyir. Yaxın keçmişdə belə bir praktika var. Hazırda qüvvədə olan atəşkəs sazişinə – 1994-cü ilin aprelində imzalanmış Bişkek protokoluna DQ ermənilərinin nümayəndəsi kimi Karen Baburyan və Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi kimi Nizami Bəhmənov da imza atıblar.

1992-ci ildə ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycana münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Hər iki icma 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib. İndi nizamlanmanın həmin konfiqurasiyası bərpa oluna bilər və Azərbaycanın xarici işlər naziri buna hazır olduqlarını söyləyərək Dağlıq Qarabağ ermənilərinə yüksək özünüidarəetmə hüququ verməkdən danışıb. Cənab Məmmədyarovu məmnun edən Milan bəyanatının məzmununa gəldikdə isə orada qeyd olunur ki:

– Tərəflər uzunmüddətli sülhün təmin olunması üçün işi davam etdirəcəklərinə dair razılığa gəliblər;

– Həmsədr ölkələr Azərbaycan və Ermənistan liderlərinin Düşənbə şəhərindəki ayaqüstü söhbətindən sonra atəşkəs pozuntularının və qurbanların sayının azalmasından məmnunluq ifadə ediblər;

– Həmsədrlər tərəfləri əhalini sülhə hazırlamaq üçün konkret addımlar atmağa çağırıblar;

– Həmsədrlər yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderlərinin yüksək səviyyədə görüşlərinin bərpasına ümid etdiklərini bildiriblər.

Burada prinsipial baxımdan yeni bir müddəa yoxdur. E.Məmmədyarov “qarşılıqlı anlayışa nail olduq” dedikdə yəqin ki, xeyli fasilədən sonra birgə sənədin qəbulunu və özünün yeni həmkarının konstruktiv yanaşma nümayiş etdirməsini nəzərdə tutur.

Nikbinliyə əsas verən məqamları qeyd etdik, amma bədbin düşüncələrin də keçmişdən qaynaqlanan ciddi əsasları var. Tərəflər ötən illərdə bir neçə dəfə sülhə yaxın olublar. Elə Bişkek protokoluna nəzər yetirsək görərik ki, bu, sırf atəşkəs barədə texniki sənəd deyil, orada hərbi fəaliyyətlərin bərpa olunmamasını təmin edəcək mexanizmin yaradılmasına dair hüquqi sənədin imzalanması, təmas xəttində müşahidəçilərin yerləşdirilməsi, qoşunların ələ keçirilmiş ərazilərdən çıxarılması, kommunikasiyaların bərpası, qaçqınların öz yerlərinə qayıtması kimi konfliktin həllinə yönəlmiş mühüm məqamlar da yer alıb. Lakin sonradan bu müddəaların heç biri reallaşdırılmadı.

Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın 1999-сu il aprelin 25-də Vaşinqtonda, oktyabrın 11-də isə iki ölkə sərhədində – Naxçıvanda görüş və danışıqları həmin ilin noyabrında ATƏT-in İstanbulda keçiriləcək zirvə toplantısının gedişində tərəflər arasında sülh razılaşması imzalanacağına ümidlər yaratmışdı. Amma Naxçıvan görüşündən qısa müddət sonra, oktyabrın 27-də prosesin gedişini dəyişdirəcək hadisə baş verdi: Ermənistan parlamentinin iclas zalında terror törədilməsi nəticəsində baş nazir Vazgen Sarkisyan və parlamentin sədri Karen Dəmirçiyan da daxil olmaqla 7 nəfər öldürüldü. Bu hadisə ilə əlaqədar müəmmalar hələ də qalmaqda davam edir, amma həmin dövrdə belə spekulyasiyalar geniş yayılmışdı ki, terror aktının arxasında Dağlıq Qarabağla bağlı Qərbin yaxından iştirakı ilə hazırlanmış sülh razılaşmasını pozmaq istəyən Rusiya dayanır. Məlum olan budur ki, noyabrda İstanbulda Azərbaycan və Ermənistan arasında hər hansı sənəd imzalanmadı.

2007-ci ilin noyabrında münaqişənin həllinə dair Madrid prinsiplərinin irəli sürülməsi, 2009-cu ilin noyabrında isə yenilənmiş Madrid prinsiplərinin təqdim edilməsi müzakirələrin çərçivəsini cızmaqla və sülh müqaviləsi üçün baza təşkil etməklə irəliyə doğru böyük addım idi, amma 9 il ötsə də hələ nəticə yoxdur.

2011-ci ilin iyununda Azərbaycan və Ermənistan prezidentlərinin Kazan (Rusiya) görüşündə baza prinsipləri haqqında sənəd imzalanması gözlənilirdi, amma bu gözləntilər də özünü doğrultmadı. 2016-cı ilin aprel döyüşlərində Azərbaycanın hərbi imkanlarını genişləndirdiyini nümayiş etdirməsindən və lokal uğurlarından sonra intensivləşən görüşlər ümid yaradırdı ki, bu dəfə həll istiqamətində ciddi tərəqqiyə nail olunacaq. Prezidentlərin 2016-cı ilin may ayında Vyanada, iyun ayında Sankt-Peterburqda baş tutan görüşləri isə göstərdi ki, danışıqlar münaqişənin həlli üzrə aparılmır, təmas xəttində atəşkəs pozuntularının və lokal toqquşmaların qarşısını almaq məqsədilə xüsusi mexanizmin qurulması əsas müzakirə mövzusudur. Nəticədə bu mexanizmin qurulması da mübahisələr üzündən indiyədək alınmayıb.

Sülh danışıqlarının bazasını yenilənmiş Madrid prinsiplərinin təşkil etdiyini vurğuladıq. 2009-cu ilin iyul ayında “Böyük Səkkizlər”in (G8) İtaliyanın Akvill (L’Aquila) şəhərində keçirilən zirvə toplantısı zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – ABŞ, Fransa və Rusiya prezidentlərinin birgə bəyanatında əksini tapmış həmin prinsipləri xatırlayaq:

– Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması;

– Dağlıq Qarabağa təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi;

– Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması;

– Dağlıq Qarabağın yekun hüquqi statusunun məcburi iradə ifadəsi (yəni referendum – Ş.C.) yolu ilə müəyyənləşdirilməsi;

– Bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması;

-Sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları.

Bu çərçivə 2010-cu ilin iyununda Kanadada (Muskoka) keçirilən G8 zirvəsində həmsədr ölkə prezidentlərinin bəyanatında bir daha təkrar edildi. Həmin il dekabrın 1-də Astanada keçirilən ATƏT sammitində isə həmsədr ölkə liderləri (ABŞ-ı dövlət katibi Hillari Klinton təmsil edirdi) ilə Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanata imza atdılar. Bəyanatda münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də ABŞ, Rusiya və Fransa prezidentlərinin Akvill və Muskoka bəyanatları əsasında həllinə bağlılıq ifadə olundu. Beləliklə, münaqişə tərəfləri – Azərbaycan və Ermənistan problemin əvvəllər şifahi razılıqlarını bildirdikləri “yenilənmiş Madrid prinsipləri” əsasında həllinə razı olduqlarını öz imzaları ilə təsdiqləmiş oldular. Bu, o deməkdir ki, konfliktin sülh yolu ilə həllinin çərçivəsini məhz həmin prinsiplər təşkil edir və münaqişə tərəfləri də bunu qəbul etdiklərini öz imzaları ilə təsdiqləyirlər. 2011-ci ilin mayında Fransada – Dövildə keçirilən G8 toplantısında həmsədr ölkə liderləri bir daha, üçüncü dəfə eyni məzmunda bəyanat qəbul etdilər.

Tərəflər ümumi prinsipləri qəbul etdikləri halda yekun razılaşmanın əldə edilməsinə mane olan əsas səbəb budur ki, Azərbaycan bu müddəaların icrasının sülh müqaviləsində mərhələli şəkildə, Ermənistan isə paket halında əksini tapmasını istəyir. Azərbaycan bildirir ki, ilk müddəa DQ ətrafındakı rayonların boşaldılmasını ehtiva edir və Ermənistan buna əməl etməlidir ki, həll prosesi başlasın. Ermənistan isə Dağlıq Qarabağdakı referendumun bu ərazinin sesessiyasına yol açacağını düşündüyü üçün hesab edir ki, Bakı həmin plebissitin nəticələrini qəbul edəcəyinə dair öhdəlik götürməli, bununla yanaşı, yaradılacaq dəhliz Laçın və Kəlbəcəri əhatə etməklə çox geniş olmalı, DQ ətrafındakı rayonlara Azərbaycan Silahlı Qüvvələri daxil olmamalıdır. Bu ziddiyyətin necə çözüləcəyi aydın deyil.

Əgər həmsədr ölkələr artıq bu problemə son qoymağın vaxtının yetişdiyinə qəti qərar verərək öz aralarında razılığa gəlsələr və tərəflərə təzyiq göstərsələr, münaqişənin həlli mümkün ola bilər. Qeyd etmək zəruridir ki, son illər bu 3 dövlətin ən asan anlaşdığı problem məhz Dağlıq Qarabağ ixtilafı olub. Qərb (ABŞ və Fransa) Rusiyanın Ermənistan və Azərbaycanla tarixi və müasir dövrdəki yaxınlığını, hər iki ölkə üzərində real təsir imkanlarını nəzərə alaraq, onun bu məsələdə bir vasitəçi kimi bir addım önə çıxmasını mübahisələndirməyib. Qərb yaxşı başa düşür ki, Rusiya regionda yeni müharibənin baş verməsini əngəlləyən və Azərbaycanın işğal olunmuş ərazilərini hərbi yolla geri almaq istəyini azaldan faktordur. Moskvanın sülh prosesindəki qeyri-rəsmi liderliyi bu səbəblə Vaşinqton və Parisi narahat etmir. “Münaqişənin həllinin açarı Moskvanın cibindədir” fikri bu baxımdan əsassız deyil.

Amma Rusiya indiyədək münaqişənin həllində israr etməyib. Bunun səbəbi ilə bağlı çoxlu spekulyasiyalar var. Bunlardan biri də odur ki, Rusiya bu problemin həllini maraqlarına təhlükə sayır.  Təminat yoxdur ki, Azərbaycanla Ermənistan Moskvanın tarixən bir təzyiq vasitəsi kimi istifadə etdiyi bu ağır yükdən xilas olduqdan sonra avroatlantik inteqrasiya barədə düşünməyəcək. Erməni xalqının əsas potensialı və enerjisi məhz Qərbdə cəmləşib və yoxsul Ermənistanı maqnit kimi özünə cəlb edir. Azərbaycan isə hələ 1918-ci ildə Qərb siyasi modeli əsasında respublika qurmuş və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra özünü həmin respublikanın varisi elan etmiş, Qərblə birlikdə enerji layihələri həyata keçirən, ixracının yarısından çoxu Qərbə yönələn, NATO üzvü Türkiyə ilə çox yaxın əlaqələrə malik olan bir dövlətdir. Yəni Rusiya perspektivindən Cənubi Qafqazın bütöv şəkildə əldən çıxmaq təhlükəsi var. Moskva yalnız o şərtlə münaqişənin həllinə səmimi olaraq çalışar ki, onun regional maraqları zərbə almasın, əksinə, möhkəm təminat altına alınmış olsun. Son vaxtlar biz bu məqsədə yönəlmiş bəzi təklif və təşəbbüslər müşahidə etməyə başlamışıq. Söhbət Azərbaycanın hansısa şəkildə Avrasiya İttifaqına və Rusiyanın dominant olduğu təhlükəsizlik sisteminə cəlb olunmasından gedir. Artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində müşahidəçi və tərəfdaş ölkə statusunun təsis edilməsi müzakirə olunmağa başlayıb. Azərbaycanın əvvəlcə tamhüquqlu üzv deyil, müşahidəçi, yaxud tərəfdaş ölkə statusu ilə KTMT-də təmsil olunması son həftələrdə gündəmə gəlib. Hətta Nazarbayev və Lukaşenkonun təşkilatın noyabrda keçirilən toplantısına Azərbaycan prezidentinin dəvət olunması təklifi ilə çıxış etdiklərinə dair məlumat yayılmışdı.

Rusiya çox istəyərdi ki, Azərbaycanı cəlb etməklə özünün amorf inteqrasiya layihələrinə yeni nəfəs və dinamizm qazandırsın. Ermənistanı veto hüququndan istifadə etməyib buna razılıq verməyə vadar etmək üçün Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi tərəqqiyə ehtiyac var. Azərbaycan və Ermənistanın vahid iqtisadi və təhlükəsizlik məkanında təmsil olunaraq, haradasa SSRİ dövründəki vəziyyətə qayıtması ixtilafın həllini asanlaşdırardı – düşünürük ki, Rusiyada məhz bu baxış var.

Göründüyü kimi bu, kimi mürəkkəb və dolaşıq məsələdir. Bu dalandan çıxmaq mümkün olacaqmı? 2019-cu ildə nələr baş verəcəyini gözləyək.