fbpx

iqtisadiyyat

iqtisadiyyat

Qaz tarifləri. Nə baş verir və niyə?

Read this article on other language
Download article
image_pdf
image_pdf

2021-ci ilin ikinci yarısında dünya iqtisadiyyatında baş verən əsas proseslərdən biri qiymət artımıdır. Azərbaycan iqtisadiyyatı da beynəlxalq iqtisadi münasibətlərə ciddi inteqrasiya və eyni zamanda ondan asılı olduğundan bu proseslərdən kənarda qalmayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin oktyabr ayında qiymət artımı keçən ilin eyni dövrü ilə müqayisədə 10,0% təşkil edib[1]. Ərzaq məhsulları üzrə müvafiq artım isə 13,4%-ə bərabər olub. Müvafiq proseslərə təsir edən amillər arasında dünya bazarı tək deyil, çünki bir sıra məhsul və xidmətlər yerli istehsala bağlıdır. Bir çox hallarda müvafiq məhsul və xidmətləri dövlət qurumları və ya şirkətləri təqdim edir. Buna baxmayaraq, bu istiqamətlər üzrə də qiymət artımı müşahidə olunur. Dövlət şirkətlərinin təqdim etdiyi xidmətlərin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Dünya bazarından birbaşa asılılığının olmaması səbəbindən  bir çoxlarının ən azı bu məhsul və xidmətlər üzrə tariflərin dəyişilməyəcəyini düşündüyü anda, Tarif Şurası dəyişikliklərə dair qərar verdi. Oktyabrın 16-da həm təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış tariflərində, həm də təbii qazdan asılı olan elektrik enerjisi tariflərində dəyişiklik edildi. Bu dəyişiklik əhalinin gəlir və xərclərinə ciddi təsir edəcək. Rəsmi məlumata görə, 2021-ci ilin 9 ayı ərzində əhalinin real gəlirləri 3,2% azalıb[2]. Kommunal tariflərin artımı digər sahələrə də təsir göstərəcək ki, bu da ümumi qiymət səviyyəsinin artımına gətirəcək. Nəticə etibarilə noyabr-dekabr aylarında biz daha ciddi qiymət artımı müşahidə edəcəyik.

Bəs bu tarif artımının səbəbləri var idimi? Ümumiyyətlə, bu artım üçün uyğun vaxt seçilibmi? Məqalədə məhz bu suallara cavab axtarmağa çalışacağıq. Fikrimizcə artımın obyektiv səbəbləri yoxdur. Ümumiyyətlə, hökumət tərəfindən həyata keçirilən kommunal siyasətdə çox ciddi problemlər mövcuddur. Problemlər həm şəffaflıq və hesabatlılıq, həm də qaz təchizatı sisteminin idarəetməsinə aiddir. Nəticə etibarilə, müvafiq sistem qeyri-effektiv çalışır. Qeyri-effektiv çalışması nəticəsində zərər ilə üzləşir və bu da həm dövlət büdcəsinə neqativ təsir edir, həm də qiymət artımına səbəb olur. Tarif Şurası isə bir çox funksiyasına baxmayaraq, yalnız tarifləri artırmaqla problemləri vətəndaşların büdcəsinə yönəldir.

1. Tarif artımı necə baş verdi?

Birbaşa qiymət artımına (və ya dəyişikliklərə) keçməzdən əvvəl, Tarif Şurası barədə danışmaq lazımdır. Bəzən Tarif Şurası deyiləndə insanlar konkret şəxsləri yox, daha çox hansısa ayrı bir Şura təsəvvür edir. Reallıqda Tarif Şurası faktiki olaraq Nazirlər Kabinetinin bir hissəsidir. Tarif Şurasında bir çox iqtisadi və sosial istiqamətlərə məsul olan şəxslər yer tutur. Müvafiq sənədlərə görə, Tarif Şurasının tərkibi aşağıdakı kimidir[3]:

Şuranın sədri –iqtisadiyyat naziri (Mikayıl Cabbarov)

Şuranın üzvləri:

Maliyyə nazirinin müavini (Azər Bayramov)

Vergilər nazirinin müavini (Sahir Məmmədxanov)

Ədliyyə nazirinin müavini (Toğrul Musayev)

Energetika nazirinin müavini (Gülməmməd Cavadov)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini (Əli Abdullayev)

Kənd təsərrüfatı nazirinin müavini (İlham Quliyev)

Səhiyyə nazirinin müavini (Elsevər Ağayev)

Təhsil nazirinin müavini (Firudin Qurbanov)

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini (Anar Əliyev)

Dövlət Gömrük Komitəsi sədrinin müavini (İsmayıl Hüseynov)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini (Dövlətxan Dövlətxanov)

Bu siyahı Tarif Şurasının rəsmi saytından götürülüb. Maraqlıdır ki, Vergilər Nazirliyinin adının 2019-cu ilin oktyabrından[4] Dövlət Vergi Xidmətinə çevrilməsinə baxmayaraq, Tarif Şurası haqqında Əsasnamədə[5] hələ də Vergilər nazirinin müavini vəzifəsi qalır. Eyni zamanda vaxtilə bu vəzifəni tutan Sahir Məmmədxanov 2020-ci ilin may ayından etibarən İqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışır[6]. Yəni o, artıq Tarif Şurasında təmsil olunma hüququndan məhrumdur. Onu əvəz edən şəxs barədə isə heç bir məlumat yoxdur. Hazırda Dövlət Vergi Xidmətində müavin vəzifəsində İlkin Vəliyev və Samirə Musayeva çalışırlar[7]. Ehtimal ki, onlardan biri Tarif Şurasında təmsil olunur. Ancaq bu məlumat, deyəsən, gizli saxlanılır.

Bundan başqa qeyd etmək lazımdır ki, Tarif Şurasının Katibliyində maksimum 33 işçi çalışa bilər (2016-cı ilə kimi 30 idi), Şura üçün xidməti minik avtomobillərin limiti isə 2-dir[8]. 2019-cu ilin sonuna kimi Tarif Şurasının fəaliyyəti birbaşa olaraq dövlət büdcəsindən maliyyələşdirilirdi. Misal üçün, 2019-cu ildə katibliyin fəaliyyətinə 164 min manat ayrılmışdı[9]. Amma 2019-cu ildə həyata keçirilən islahatlar nəticəsində qərar verildi ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilsin və onun fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilsin[10]. Artıq 2020 və 2021-ci il üçün dövlət büdcələrində Tarif Şurasının saxlanılmasına vəsait nəzərdə tutulmamışdı. Başqa sözlə Şura bütövlükdə ictimai əsaslarla fəaliyyət göstərir. Müvafiq Katibliyin maliyyələşdirilməsinə dair açıq mənbələrdə heç bir məlumat yoxdur.

Əsasnaməsinə görə, Şura təkcə qiymət artımı işinə baxır. Rəsmi olaraq, Tarif Şurasının qiymətlərin tənzimlənməsi ilə bərabər:

1. Qüvvədə olan qanunvericiliyin pozulması yolu ilə təyin edilmiş qiymətlərin tətbiqinin dayandırılması haqqında qərar qəbul etmək, bu sahədə cərimə və sanksiyaların tətbiq edilməsi barədə təkliflər vermək;
2. Tənzimlənən qiymətlərə əsaslı təsir göstərən xərclərin azaldılmasına dair təkliflər vermək;
3. Ayrı-ayrı istehlakçı qruplar, müəssisə və təşkilatlar, investorlar üçün qiymətlər üzrə güzəştlərin verilməsinə, habelə limit və normaların müəyyənləşdirilməsinə dair təkliflər hazırlamaq səlahiyyətləri də vardır.

Yəni Tarif Şurasının fəaliyyəti yalnız hansısa təbii inhisarçı və ya dövlət qurumu tərəfindən təkliflərə reaksiya vermək ilə məhdudlaşmır. Misal üçün, bir çox hallarda qiymət artımına qeyri-effektiv idarəetmə səbəb olur. Tarif Şurası bunu nəzərə alaraq, müvafiq problemlərin həll edilməsinə yönəlmiş təkliflər də irəli sürə bilər. Amma praktikada biz belə hal müşahidə etməmişik. 2021-ci il ərzində Şura 5 dəfə iclas keçirib. Bu il yanvarın 4-də keçirilən ilk iclasında Şura Dövlət Neft Şirkətinin təbii qaz tariflərinin artırılması ilə bağlı təklifini məqsədəmüvafiq hesab etməyib[11]. Ancaq göründüyü kimi, 5 aydan sonra tarif dəyişiklikləri Şura tərəfindən məqsədəmüvafiq hesab edildi.

Ümumiyyətlə, Şuranın iclasları barədə bizim ətraflı məlumatımız yoxdur. Biz bilirik ki, iclaslar yalnız təkliflər daxil olduqda keçirilir. Dərhal qərar verilir, ya yox – bu barədə məlumat yoxdur. Eyni zamanda Şura iclaslarının necə və harada keçirildiyi də bəlli deyil. İctimaiyyətə əvvəlcədən məlumat verilmir və bir çox hallarda yayılan qərarlar iclasdan sonrakı günə aiddir. Eyni zamanda adətən Şuranın iclaslarında qəbul olunmuş qərarlar barədə məlumat axşam verilir. Amma son üç dəfə (iyun, sentyabr və oktyabr) məlumat günorta dərc edilmişdi. Bu il keçirilən iclaslar ərzində ən çox müzakirə olunan məsələ qaz tariflərinin dəyişilməsi idi. Beş iclasdan üçündə (birinci, üçüncü və beşinci iclaslarda) qaz tarifləri müzakirə olunub.

Cədvəl 1. Təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış tarifləri 2016-2021-ci illərdə

(ƏDV ilə, manat/min m3)

Xidmətlərin adı 28.11.2016 30.06.2021 16.10.2021
Təbii qazın emalı 5,50 5,50 5,50
Təbii qazın nəqli 2,00 5,30 5,30
Təbii qazın yeraltı qaz anbarlarına vurulması və götürülməsi
Təbii qazın yeraltı qaz anbarlarına vurulması yox idi 8,25 8,25
Təbii qazın yeraltı qaz anbarlarından götürülməsi yox idi 8,25 8,25
Təbii qazın istehsalçılardan satın alınması yox idi 75,00 90,00
Təbii qazın qaz paylayıcılarına topdansatışı 75,00 110,00 118,00
Təbii qazın pərakəndə satışı
Əhali 
illik istehlak həcminin 1500/1700/2200 m3 -dək (1500/1700/2200 m3 daxil) olan hissəsi üçün 100,00 ləğv olundu ləğv olundu
illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün yox idi 100,00 120,00
illik istehlak həcmi 1500/1700/2200 m3 çox olan hissəsi 200,00 ləğv olundu ləğv olundu
illik istehlak həcminin 1200 – 2500 m3 olan hissəsi üçün yox idi 200,00 200,00
illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün yox idi 250,00 250,00
Qeyri-əhali 
Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər, Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti və sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri yox idi 130,00 165,00
Metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə məqsədilə yox idi yox idi 200,00
Sənaye və kənd təsərrüfatı sahələri yox idi 200,00 220,00
Digər sahələr yox idi 250,00 250,00
Qeyri-əhali qrupu 200,00 ləğv olundu ləğv olundu
Magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla ölkə daxilində satılan elektrik enerjisinin (bu qərarın göstərilən istehlakçılar istisna olmaqla)  istehsalı məqsədləri üçün (aylıq istehlakı 10 milyon m3-dən az olmamaq şərti ilə) 120,00 130,00 165,00

Cədvəl Tarif Şurasının saytında təqdim olunan məlumatlar əsasında tərtib edilib[12].

Cədvəl 1-dən göründüyü kimi, 2021-ci ildən əvvəl təbii qaz ilə bağlı tariflərə sonuncu dəfə 2016-cı ildə baxılmışdı (2019-cu ildə tarifdə cüzi dəyişiklik edilmişdi). Görünən odur ki, təbii qazın emalı ilə bağlı tariflərə heç bir dəyişiklik edilməyib. Amma eyni zamanda təbii qazın nəqli ilə bağlı tariflərin formalaşmasında 2021-ci ildə ciddi dəyişiklik edilib. 2016-cı ilin müvafiq qərarında “hər 1000 kubmetr üçün hər 100 km məsafə üçün” qeyd olunmuşdu. İndi müvafiq bənd yığışdırılıb və tarif artıq hər bir 1000 kubmetr üçün hesablanır. Bundan başqa, məqsəddən asılı olaraq, əlavə tariflər də tətbiq edilib. Bu tariflərə “Təbii qazın yeraltı qaz anbarlarına vurulması və götürülməsi” aiddir. Misal üçün, əvvəllər yalnız “Təbii qazın pərakəndə satışı” bəndi mövcud idi. İndi isə dəyişiklik nəticəsində qiymətlər istehsalçılardan satınalma üçün 90 AZN, qaz paylayıcılarına topdansatış üçün 118 AZN təşkil edir. Qaz istehsalçısı qismində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) çıxış edir. Qaz paylayıcısı qismində isə Azərbaycan Dövlət Neft Şirkəti nəzdində olan Azəriqaz İstehsalat Birliyi. İstehsalçıdan əldə olunması və qaz paylayıcısına satılması ilə isə Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası Azərkontrakt Açıq Səhmdar Cəmiyyəti çıxış edir. Belə ki, 2020-ci ilin dekabrın 28-də qəbul olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında[13] qərarına əsasən, Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixindən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərkontrakt ASC-yə həvalə olunub. Tariflərdəki  son dəyişikliklər də məhz bununla bağlıdır. Nəticə etibarilə, ölkə üzrə qaz alıcıları (Azərenerji Açıq Səhmdar Cəmiyyəti, Azəriqaz İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) artıq təbii qazı SOCAR-dan yox, Azərkontrakt ASC-dən əldə edirlər. Bu da müvafiq olaraq tariflərə təsir edir.

Məsələnin əhali ilə bağlı olan əsas  aspekti isə təbii qazın pərakəndə satış tarifləridir. 2016-cı ilin 28 noyabrına kimi Azərbaycanda qaz istehlakından asılı olmayaraq, bütün əhali qrupu eyni tariflər üzrə ödəniş edirdi (1000 kubmetrə görə 100 manat və ya 1 kubmetrə görə 0,10 AZN[14]). Ancaq 2015-ci ilin devalvasiyasından sonra hökumət daha çox differensiasiyaya yönəlmiş addımlar atmağa başlamışdı, daha çox istehlak edən daha çox ödəniş etməlidir yanaşması əsas götürülmüşdü. Müvafiq yanaşma bir çox istiqamətlər üzrə sərgiləndi (misal üçün, elektrik enerjisi tarifləri). Təbii qaz tarifləri də istisna olmadı. 2016-cı ilin noyabr ayında təsdiqlənmiş qaydalara görə, limitlər belə formada idi: 1500 kubmetrə kimi və 1500 kubmetrdən çox[15]. Amma ilk qərar cəmiyyət arasında böyük səs-küyə səbəb oldu. Cəmiyyət arasında narazılığın nəticəsi olaraq, Tarif Şurası həm elektrik enerjisi, həm də qaz limitlərinə dəyişiklik etdi. Eyni ilin dekabrın 22-də limit 1500 kubmetrdən 1700 kubmetrə kimi artırıldı. Bundan sonra qaz limitlərində daha bir dəyişiklik 2019-cu ilin aprelin 30-da baş verib. Cədvəldə qeyd olunmaması müvafiq dəyişikliyin yalnız bir bənd ilə bağlı olmasıdır. Belə ki, qeyd olunan limit 1700-dən 2200 kubmetrə kimi artırıldı[16].

2021-ci ildə isə müvafiq limitlərə yenidən baxıldı və əhəmiyyətli şəkildə dəyişdirildi. Artıq üç səviyyəli limit tətbiq olunmağa başladı – 1200 kubmetr, 1200-2500 kubmetr və 2500-dən artıq. Faktiki olaraq əhali üçün qaz tarifləri bahlaşdırıldı. Oktyabr ayında isə ən aşağı limit qrupuna aid olanlar üçün də tariflər 20% qaldırıldı.

Qeyri-əhali qrupu üçün isə 2016-cı ildən vahid tarif tətbiq olunurdu. 2021-ci ildə burada da dəyişiklik edildi. Maraqlı dəyişiklik “Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər, Azəristiliktəchizat ASC və sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri” qrupu ilə bağlıdır. Belə ki, 2021-ci il iyunun 30-na kimi istilik sistemi üçün təbii qazdan istifadə edənlər hər 1000 kubmetr üçün 200 manat ödəyirdilər. İyunun 30-dan bu qrup üçün 130 manat tarif müəyyən edildi. Qeyd etmək lazımdır ki, Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayır. Amma istilik mövsümü başlamamış bu tariflərə yenidən baxıldı və hər min kubmetr üçün qiymət 165 manata kimi qaldırıldı. Bundan başqa, Cədvəl 1-də göstərildiyi kimi, sənaye, kənd təsərrüfatı və elektrik enerjisi istehsalı üçün istifadə olunan təbii qaz üçün də qiymət artımı həyata keçirilib.

2. Tarif artımı kimə və necə təsir etdi?

Tariflərin əhaliyə təsiri barədə danışarkən ilk əvvəl Azərbaycanda mövcud olan qaz infrastrukturunu təsvir etmək lazımdır. Bizi maraqlandıran bu məsələnin məhz əhali qrupu  ilə bağlı olan aspektidir. Azəriqazın 2021-ci il mayın 1-nə olan məlumatına görə, ölkə üzrə abonentlərin sayı 2 358 910 nəfərdir[17]. Onların 918 440-ı Bakı şəhərinin, 1 440 470-i isə bölgələrin payına düşür. Eyni zamanda bu İstehsalat Birliyinin verdiyi məlumata görə, ölkə üzrə qazlaşdırma səviyyəsi 96,2% təşkil edir[18]. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə müvafiq səviyyə 62,2% idi. Yəni 12 il ərzində 34%-lik artım baş verib. Məlumata görə, 15 şəhər (Gəncə, Sumqayıt, Mingəçevir, Naftalan və Şirvan) və bölgələrdə (Ağstafa, Balakən və s.) qazlaşdırma səviyyəsi 100%-ə çatıb. Buna baxmayaraq, Bakının 22 yaşayış məntəqəsində və ölkənin 33 şəhər və rayonunda yerləşən 13 qəsəbə və 23 kəndin, eləcə də, 26 yeni yaşayış massivinin qazlaşdırılması davam edir[19].

Rəsmi məlumata görə, əhali qrupuna aid istehlakçıların illik istehlakı çox da yüksək olmayıb və bir çoxu, ümumiyyətlə, təsdiq olunan limitə çatmayıb. Misal üçün, 2021-ci il aprelin 1-nə kimi müvafiq limiti (2200 kubmetri) yalnız 122 500 abonent və ya ümumi abonentlərin 5,19%-i keçmişdi[20]. 2020-ci ilin göstəricilərinə görə, 2,3 milyon abonentdən limiti yalnız 485 268 abonent və ya abonentlərin 20,9%-i keçmişdi. Təxmin etmək olar ki, tarif üzrə formalaşmış limitdə dəyişiklik edilməsəydi, göstəricilər 2020-ci ilin göstəricilərdən ciddi olaraq fərqlənməzdi (cədvəl 2). Ancaq dəyişikliklər onu deməyə əsas verir ki, limiti keçən abonentlərin sayı əvvəlki illərlə müqayisədə daha çox olacaq.

Cədvəl 2. 2020-ci ildə qaz üzrə 2200 kubmetr limiti keçənlərin sayı

Göstəricilər 01.08.2020 01.11.2020 01.12.2020 01.01.2021
Azəriqaz İB-nin abonentlərinin ümumi sayı 2 290 987 2 310 414 2 317 683 2 325 043
Güzəştli limiti (illik 2200 kubmetr) keçən abonentlərin sayı 161 574 223 599 361 926 485 268
Abonentlər arasında payı, % ilə 7,05 9,68 15,62 20,9%

Cədvəl Azəriqaz İB-nin rəsmi saytında verilən məlumatlar əsasında tərtib olunub.

İlk əvvəl qaz tariflərinin dəyişməsini ən çox qaz istehlak edən evlər hiss etdi. Cədvəl 2-dən də göründüyü kimi, 2020-ci ildə avqust ayı üçün limiti keçən abonentlərin sayı 161,5 min olduğu halda, qış ayları gəldikcə, müvafiq qrupun sayı artmağa başlayır və ilin sonuna avqust ilə müqayisədə 3 dəfə artır. İndi isə bu insanların bir qrupu üçün iyun ayında qazın qiyməti bahalaşdı. Belə ki, 2500 kubmetrdən çox istifadə edən şəxslər üçün hər əlavə 1 kubmetr artıq 0,25 manata başa gələcək.

Eyni zamanda iyun ayında tariflərə yenidən baxılması nəticəsində, əhali qrupunun böyük hissəsi dəyişikliyi hiss etdi. Qeyd etdiyimiz kimi, 2021-ci ilə qədər mövcud olan limitlər təbii qaz istehlakçılarının yalnız 20%-ni əhatə edirdi. Amma indiki halda bu artım daha böyük qrupu əhatə edəcək. Rəsmi məlumata görə, bir ev təsərrüfatının orta təbii qaz istehlakı 2017-2020-ci illər ərzində 13% artıb (cədvəl 3). Eyni dövr ərzində istehlakçıların sayı isə 11% artmışdı.

Cədvəl 3. Ev təsərrüfatlarının qaz istehlakı

Göstərici 2017 2018 2019 2020
Ev təsərrüfatlarının istehlakı, m3 2826500000 3055400000 3316900000 3560555000
Abonentlərin sayı, nəfər, Azəriqaz 2092641 2185460 2247618 2327481
Bir abonentə düşən orta istehlak həcmi, m3 1350 1398 1475 1529

Cədvəl Dövlət Statistika Komitəsi və Azəriqaz İB tərəfindən təqdim olunan məlumatlar əsasında tərtib olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ev təsərrüfatları tərəfindən 3,56 milyard kubmetr təbii qaz istehlak olunub[21]. Azəriqazın abonent sayına dair məlumatları nəzərə alsaq, bu, bir ev təsərrüfatının il ərzində orta olaraq 1529 kubmetr təbii qaz istehlak etməsi deməkdir. İndiki yeni limit – 1200 kubmetr bu göstəricidən 329 kubmetr azdır. Başqa sözlə, istehlakçıların böyük hissəsi artıq iyun ayından yeni tariflər üzrə ödəniş etməyə məcbur olub. Bunu Dövlət Statistika Komitəsi də təsdiqləyir. Belə ki, onların məlumatına görə, bu ilin ilk 6 ayında təbii qaz təchizatının bir kubmetr üçün orta satış qiyməti 0,12 AZN idi. Yəni istehlakçıların yalnız 20%-i limiti keçirdi, 80%-i isə bir kubmetrə görə 0,10 AZN ilə ödəniş edirdi. Amma artıq iyul-sentyabr ayları üçün DSK müvafiq orta satış qiymətinin 0,16 AZN olduğunu qeyd edir[22]. Təxmin edə bilərik ki, istehlakçıların 60%-i artıq iyun ayında qaz tariflərinin artması ilə üzləşib. Oktyabrda baş vermiş artım isə qalan 40%-i əhatə edir. Çünki limitə çatmayan istehlakçıların ödənişi də 20% artırıldı. Beləliklə, artıq bütün qaz istehlakçıları qiymət artımı ilə üzləşiblər.

Sıravi vətəndaşlar ilə bağlı digər məqam elektrik enerjisi tarifləri ilə bağlıdır. 2020-ci ilin nəticələrinə görə, istehsal olunan elektrik enerjisinin 87%-i istilik elektrik stansiyalarının payına düşür. İstilik elektrik stansiyaları isə əsasən Azərenerji ASC-yə məxsusdur. Azərenerji tərəfindən istehsal olunan elektrik enerjisinin 96%-i məhz təbii qaz hesabına əldə olunur.[23] Bundan başqa, İES-lərin xərclərində yanacaq xərcləri vacib yer tutur. Misal üçün, ölkənin ən iri istilik elektrik stansiyası olan Azərbaycan İES-də 2020-ci ildə xərclərin 63%-i məhz yanacaq ilə bağlı olub[24]. Beləliklə, xammal qiymətində artım birbaşa olaraq istehsal olunan məhsulun qiymətində artıma səbəb olub və nəticə etibarilə, Azərenerji ASC topdansatış tariflərini 5,7 qəpikdən 6,6 qəpiyə kimi artırıb (cədvəl 4). Adi ev təsərrüfatlarına elektrik enerjisinin nəqlini və bölüşdürülməsini isə Azərişıq ASC təşkil edir. O da müvafiq tariflərin artımı ilə bağlı təklif irəli sürdü. Tarif Şurası bu təklifi də qəbul edərək, artımı təsdiqlədi. Əgər bu vaxta kimi elektrik enerjisi istehlakçıları istehlakın həcminə görə iki qrupa bölünürdülərsə, indi artıq 3 qrup olaraq formalaşacaqlar. Əgər bundan əvvəl bir çox insan 300 kVts limitə çatmırdısa (Azərişıq ASC-nin məlumatına görə, 2016-cı ildə istehlakçıların 72%-də aylıq istehlak həcmi 250 kVts-ni keçmirdi[25]), indi orta istehlak həcmində ciddi dəyişiklik baş verməzsə, istehlakçıların böyük hissəsi minimal tarif üzrə yox (hətta o da 1 kVts üçün 7 qəpikdən 8 qəpiyə kimi qaldırılıb), ən azı orta tarif üzrə ödəniş etməyə məcbur olacaqlar. 

Cədvəl 4. Elektrik enerji tariflərin dəyişdirilməsi

Göstəricilər 16.10.2021-dən əvvəl 16.10.2021-dən sonra
Tariflər (qəpik/kVts, ƏDV ilə)
Azərenerji ASC üzrə topdansatış tarifi 5,7 6,6
Alüminium sənayesi üzrə gecə-gündüz tarifi 2,8-5,8 3,1-6,4
Kimya sənayesi 4,55 Digər istehlakçı qrupuna aid edilir
Əhali
300 kVts-dək 7
300 kVts-dən çox 11
200 kVts-dək (200 kVts daxil olmaqla) 8
200 kVts-dən – 300 kVts-dək (300 kVts daxil olmaqla) 9
300 kVts-dən çox 13
Qeyri-əhali
Ticarət və xidmət 9 11
Digər 9 10

Cədvəl Tarif Şurasının məlumatları əsasında tərtib edilib.

Beləliklə, qaz tariflərinin dəyişməsi nəticəsində ev təsərrüfatlarının birbaşa elektrik enerjisi xərcləri də artacaq. Eyni zamanda cədvəl 4-dən göründüyü kimi, qeyri-əhali qrupu, xüsusən ticarət və digər xidmətlər göstərən istehlakçılar üçün tariflər 22% artırılıb. Bu isə müvafiq olaraq mağaza və xidmət sektoruna aid digər müəssisələrin xərclərinin artımı deməkdir. Xərclərin artımı isə qiymət artımında özünü büruzə verəcək. Başqa sözlə, hər ev təsərrüfatında eyni zamanda həm birbaşa elektrik enerjisi və qaza çəkilən xərclər artacaq, həm də dolayısı ilə müxtəlif məhsul və xidmətlərin də qiyməti artacaq. Bu da daha yüksək inflyasiyaya səbəb olacaq.

3. Tarif artımının səbəbləri varmı?

Tarif Şurası qarşısında hansısa məsələ qaldırıldıqda, bu məsələyə dair əsaslandırma da təklif edilməlidir. Müvafiq məlumatlar və ya sənədlər ictimaiyyətə təqdim edilməsə də, dövlət şirkətləri və ya qurumların nümayəndələri KİV-lər vasitəsilə bəzi məlumatları ictimaiyyətə çatdırırlar. Bu baxımdan sonuncu dəfə də istisna olmadı. Bir neçə gün ərzində Azəriqaz İB nümayəndələri müxtəlif bəyanatlarla çıxış etdilər.

Bəyanatlarda tarif artımını əsaslandırmağa bir neçə əsas səbəb göstərildi:

İlk əvvəl, Tarif Şurasının məlumatında qeyd olundu ki, “ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinin əsas strateji hədəf kimi müəyyən edilməsi, enerji təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, bu sahədə mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması kimi amillər nəzərə alınmaqla müxtəlif tarif artımı variantları dəyərləndirilmişdir. Təhlillər göstərir ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına və dövlət büdcəsindən asılılığın artmasına səbəb olur.”[26] Eyni gündə Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev də KİV-lərə bəyan etdi ki, “burada söhbət iki qəpik artımdan gedir. Bu iki qəpiklik artım çox böyük artım hesab olunmasa da, Azəriqazın daha rentabelli işləməsinə xidmət edəcək. Dövlətin üzərində olan əsas problemlərdən biri budur ki, dövlət qurumları və müəssisələri rentabelli işləsin, büdcədən asılılıq minimuma endirilsin. Hesab edirəm ki, qiymətin artırılması işin keyfiyyətinə, rentabelliyin daha yüksək səviyyədə olmasına xidmət edəcək.”[27]

Azəriqazın baş direktoru Ruslan Əliyev isə bir neçə gün ərzində bu məsələ ilə bağlı bir neçə bəyanat yayıb (həm KİV-lərin sorğularına cavab verərkən, həm də Açıq qapı tədbiri vaxtı) və onun sözlərinə görə, Azərbaycanda təbii qaz qiymətinin qalxması üçün bir çox obyektiv və subyektiv səbəblər var. Ruslan Əliyevin sözlərinə görə, bu səbəblərə istehlakçı sayının çoxalması, beynəlxalq bazarda qaz və qaz avadanlığının bahalaşması[28], infrastruktur xərcləri[29], qazın səmərəsiz istifadəsi[30] və müəssisənin rentabelli olmaması[31] aiddir.

Müvafiq bəyanatları və səsləndirilən iddiaları qruplaşdırsaq, biz qiymət artımında bir neçə əsas səbəbi seçə bilərik:

1. Qiymət artımının rəsmilər tərəfindən çox da böyük artım hesab olunmaması;
2. Azəriqazın köhnə qiymətlərlə rentabelli olmaması;
3. Sahədə bazar münasibətlərinin olmaması;
4. Büdcədən yüksək asılılıq;
5. İstehlakçı sayının çoxalması;
6. Təbii qazın hasilat və istehlakçıya çatdırılması xərclərinin satış qiymətlərini üstələməsi;
7. Beynəlxalq bazarda qaz və qaz avadanlıqlarının bahalaşması.

Göründüyü kimi, səbəblər çoxşaxəlidir və bəzən bir-biri ilə ümumiyyətlə bağlı deyil. Birinci səbəb qismində iki qəpiklik artım çox böyük artım olmaması məsələsinə baxaq. Yuxarıda qeyd etdiyimiz kimi 16 oktyabr qərarı ilə artıq əhalinin bütün qrupları üçün tariflər artırıldı. Əgər iyun ayında bu yalnız 1200 kubmetr qazdan daha çox istehlak edənlərə aid idisə, indiki halda bütün əhaliyə şamil olundu. Dövlət Statistika Komitəsinin məlumatına görə, artıq iyun ayında əhali üçün satılan qazın 1 kubmetrinin orta dəyəri 0,12 manatdan 0,16 manata kimi artmışdı. Təxmin edə bilərik ki, noyabr ayında bu artım daha da yüksək olacaq. Başqa tərəfdən, istehlak səbətinə[32] görə, bir nəfər üçün aylıq qaz istehlakının həcmi 21 kubmetr müəyyən olunub. Orta statistik Azərbaycan ev təsərrüfatı tərkibi 4,12 nəfərdən ibarətdir[33]. Bu isə illik 1038,24 kubmetr istehlak deməkdir. Müvafiq olaraq bir ev təsərrüfatının bir aylıq istehlak səbətinə artımın birbaşa təsiri 1,73 manat təşkil edəcək.

Bu, azdırmı? Əgər ev təsərrüfatının qaz ilə bağlı xərclərinə birbaşa baxsaq, bu, qətiyyən az deyil. Yəni bir ay ərzində ailənin xərcləri yalnız bir istiqamətdə birbaşa olaraq 20% artır. Eyni zamanda, qaz tariflərinin dəyişməsi nəticəsində elektrik enerjisi tariflərinin də dəyişməsi eyni ev təsərrüfatının istehlak səbətinə uyğun olaraq elektrik enerjisi xərclərini 14,7% artıracaq. Nəticə etibarilə, hər ev təsərrüfatının yalnız qaz və elektrik enerji xərcləri aylıq olaraq 16,7% artacaq və 27 AZN-ə çatacaq. Bu məbləğ isə 2021-ci il üçün təsdiqlənmiş yaşayış minimumunun 14%-dir[34]. Yəni 2 qəpik öz-özlüyündə az görünə bilər, amma ev təsərrüfatının büdcəsi üçün ağır yükdür. Həmçinin 2021-ci ilin yanvarında su və kanalizasiya tariflərinin də 2 dəfə qalxmasını nəzərə almaq lazımdır.

Cədvəl 5. İstehlak səbətinə uyğun olaraq kommunal ödənişlər (AZN)

Kommunal ödənişlər İstehlak həcmi, adambaşı ayda 2020-ci ilin dekabrı 2021-ci ilin dekabrı Fərq, % ilə
İsti və soyuq su təchizatı, kubmetr 5 7,21 14,42 100,0%
Kanalizasiya, kubmetr 5 3,09 6,18 100,0%
Qaz təchizatı, kubmetr 21 8,65 10,38 20,0%
Enerji təchizatı, kVt/s 50 14,42 16,54 14,7%
CƏMİ 33,37 47,52 42,4%

2020-ci ilin və 2021-ci ilin dekabrı üçün bir ev təsərrüfatı 4,12 nəfər kimi qəbul olunub. Cədvəl Tarif Şurasının qərarları və istehlak səbətinin tərkibi əsasında tərtib olunub

Göründüyü kimi, 2021-ci ildə bütün kommunal tariflərdə demək olar ki, dəyişiklik baş verib. Ümumən istehlak səbətinə uyğun olaraq yaşayan ev təsərrüfatında 2021-ci ilin dekabrında su, kanalizasiya, elektrik enerjisi və qaz istehlakı ilə bağlı xərclər 47,52 AZN təşkil edəcək (cədvəl 5). Bu isə 2020-ci ilin dekabrı ilə müqayisədə (33,37 AZN) 42,4%-lik artım deməkdir. Bu artımın 1/3-i məhz qaz tariflərinin artımı ilə bağlıdır. Bu isə heç də kiçik göstərici deyil.

Bundan başqa, tariflərin dəyişməsi nəticəsində qeyri-əhali subyektlərinin xərcləri də artıb ki, bu da birbaşa olaraq qiymətlərə təsir edəcək. Rəsmi olaraq 2021-ci ilin ilk 9 ayının nəticələrinə görə, əhalinin adambaşına düşən nominal gəlirləri 1,5% artıb[35]. Əlavə edək ki, 2020-ci ildə müvafiq göstərici 2,5% azalmışdı[36]. İstehlak qiymətləri indeksi isə 5,2 və 2,8% olaraq artıb. Nəticə etibarilə, əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2019-cu il səviyyəsinə qayıtmayıb. Eyni dövr ərzində inflyasiyanın 2 dəfə artdığını nəzərə alsaq, 2019-cu illə müqayisədə əhalinin hər nəfərinə düşən real gəlirlərin ən azı 5% azaldığını görərik. Bu, yalnız Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsaslanaraq əldə etdiyimiz nəticədir. Reallıqda mənzərə tamamilə fərqli ola bilər. Beləliklə, real gəlirlərin 5% azalması şəraitində, kommunal xərclərin hətta 5% artması belə ciddi maddi çətinlik yaradır. Burada isə artım bir il ərzində 42% artıb. Görünən budur ki, Tarif Şurası qərar verən zaman ümumi olaraq əhalinin sosial vəziyyətini nəzərə almayıb.

İkinci səbəb qismində rentabellik məsələsi göstərilir. Azəriqaz İB rentabelli çalışırmı? Təəssüf, bu suala birbaşa cavab vermək çətindir. Şirkət ayrıca maliyyə hesabatları hazırlasa da, ictimaiyyət ilə müvafiq rəqəmləri bölüşmür. Ümumiyyətlə, Azəriqazın fəaliyyəti ilə bağlı şəffaflıq demək olar ki, təmin olunmur. Biz şirkətin infrastrukturu, xərcləri və s. barədə, demək olar ki, heç bir məlumata malik deyilik. Bizim ixtiyarımızda yalnız Dövlət Statistika Komitəsinin hər il hazırladığı su, qaz və istilik təsərrüfatı müəssisələrinin əsas göstəriciləri adlı bülleteni var. DSK-nın məlumatına görə isə, 2020-ci ildə təbii qazın satışından əldə olunan gəlirin həcmi 779,7 milyon manat (bunun 356 milyonluq hissəsi əhali qrupuna aiddir) olduğu halda təbii qaz təsərrüfatı üzrə istismar xərcləri 687,8 milyon manat olub[37]. Başqa sözlə, bu istiqamət üzrə şirkət 91,8 milyon manatlıq əməliyyat mənfəəti əldə edib (cədvəl 6). Ümumiyyətlə, 2016-cı ildə baş verən tarif dəyişikliklərindən sonra 2017-ci ildə qaz təsərrüfatının əməliyyat mənfəəti 3 dəfəyə qədər artaraq 151,4 milyon manata çatıb. Sonrakı müddətdə isə azalmalar olub və 2020-ci ildə 91,8 milyon manat təşkil edib.

Cədvəl 6. Qaz təsərrüfatının maliyyə göstəriciləri (min manat)

Göstərici 2015 2016 2017 2018 2019 2020
Təbii qazın istifadəsindən əldə olunan gəlir 414 085,80 470 356,20 716 194,40 746 760,70 819 373,80 779 710,00
Keçən ilə nisbətdə 3,10% 13,59% 52,27% 4,27% 9,72% -4,84%
O cümlədən əhalidən 243 639,60 270 080,40 293 739,80 320 089,50 319 349,00 356 055,50
Keçən ilə nisbətdə 10,60% 10,85% 8,76% 8,97% -0,23% 11,49%
İstismar üzrə xərclər 391 681,20 419 264,90 564 748,40 627 805,20 683 456,00 687 876,00
Keçən ilə nisbətdə 0,20% 7,04% 34,70% 11,17% 8,86% 0,65%
Əməliyyat mənfəəti 22 404,60 51 091,30 151 446,00 118 955,5 135 917,80 91 834,00

Cədvəl Dövlət Statistika Komitəsinin 2016-2020-ci illərə aid olan su, qaz və istilik təsərrüfatı müəssisələrinin əsas göstəriciləri adlı bülletenləri əsasında tərtib olunub.[38]

Şirkətin qaz təsərrüfatının saxlanması ilə paralel olaraq yeni qaz xətlərinin çəkilməsi ilə bağlı xərcləri də mövcuddur. Eyni zamanda bəzi istiqamətlər üzrə fəaliyyət göstərən bölmələri (AzəriqaztikintiAzəriqaz layihə inşaat QSC) də mövcuddur. Onlar özəl sektor üçün qaz xətlərinin çəkilməsi, planlaşdırılması və s. xidmətlərindən gəlir əldə edirlər. Yəni reallıqda İstehsalat Birliyinin gəlir və xərcləri daha çox ola bilər. Şirkətin hansı dərəcədə mənfəət əldə edib-etməməsini demək çətindir. Şirkət, dediyimiz kimi, hesabatları paylaşmır. Biz bilirik ki, 2017-ci ildə Hesablama Palatası Azəriqazın auditini həyata keçirmişdi və yayılan məlumata görə, “Birliyin ARDNŞ-nin öhdəliklərinə, ARDNŞ isə Birliyin öhdəliklərinə görə cavabdeh olmadığı müəyyən edilsə də, Azəriqaz İB-nin balansında olan əsas vəsaitlərin və müəssisələrin Dövlət Neft Şirkətinin tabeliyində olan hüquqi şəxslərə əvəzsiz verilməsi Azəriqaz İB-nin gəlirliliyinin azalmasına, ödəmə qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarması ilə yanaşı, əlavə öhdəliklərin yaranmasına da səbəb olub.”[39] Yəni SOCAR-ın  və ya onun digər bölmələrinin problemləri Azəriqazın gəlirliliyinin azalmasına səbəb olmuşdu. 2017-ci ildə işıqlandırılan bu problem həll olundumu? Bunu bilmirik, Azəriqaz bu barədə heç bir məlumat verməyib. Hər hansı digər audit barədə də heç bir məlumatımız yoxdur. DSK-ya istinad etsək, o zaman şirkətin, əslinə qalsa, əməliyyat mənfəəti əldə etdiyini görə bilərik (göstərdiyimiz rəqəmlərə maye qaz təsərrüfatı aid deyil. Amma bu sahədə çalışan şirkətlər də Azəriqaz ilə əməkdaşlıq edirlər).

Periodik olaraq bazar münasibətlərinin formalaşması da səbəb kimi önə çıxarılır. Bu sahədə bir məsələni qeyd etmək lazımdır. İlk əvvəl bazar münasibətləri deyiləndə rəqabət və korporativ idarəetmə nəzərdə tutulurdu ki, bunun üçün də bir neçə şirkətin mövcud olması lazımdır. Amma Azərbaycan reallığında vəziyyət bu baxımdan başqa cürdür. Azərbaycanda həm qaz istehsalı, həm də onun paylanması eyni şirkətin – Azəriqaz İB-nin əlindədir. Bu sahədə yeganə başqa şirkət Azərkontrakt ASC-dir ki, o da  istehsalçı və paylayıcı arasında olan vasitəçidir[40]. Normalda paylaşdırma sistemində müəyyən qədər bazar münasibətlərini tətbiq etmək olar. Bu məsələ daha çox sənaye müəssisələrinə aiddir (müxtəlif mənbələrdən qazın alınma imkanı, qaz satışı üzrə birjaların mövcudluğu və s.[41]). Ev təsərrüfatı səviyyəsində, qaz infrastrukturunun ümumiyyətlə çətin olmasını nəzərə alsaq, bu daha çox lokal inhisarların yaranmasına gətirəcək. Bəlkə də bu ümumölkə inhisarından daha yaxşıdır, amma hər bir halda əhalini bir paylayıcıya bağlayacaq və həmçinin müvafiq xərclər də artacaq. Nəticə etibarilə, əhali üçün heç də effektiv olmayacaq. Azərbaycanda vahid istehsalçının olduğunu nəzərə alsaq, bazar münasibətlərinə keçid üçün ən rahat sahə – maye qazın satışı və müvafiq sahədə müxtəlif xidmətlərin göstərilməsidir. Bu sahə isə, qismən olsa da, bazar münasibətlərinə keçib. Misal üçün, Azəriqazın nəzdində vaxtilə fəaliyyət göstərən Məişət Maye Qaz QSC 2007-ci ildən özəlləşdirilib. Rəsmi sahiblər qismində Femida MMC və Rasim Salmanov çıxış edir.[42] Sıxılmış təbii qazın satışı ilə isə SOCAR özü məşğuldur. Digər xidmətləri də müxtəlif şirkətlər həyata keçirir (misal üçün, dövlət satınalmalar reyestrinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün qaz xətlərini 2 özəl şirkət çəkir, BDU maye qazı Real-Qaz MMC-dən əldə edir və s.[43]). Yəni bu sahədə bazar münasibətləri mümkün dərəcədə formalaşıb.

Korporativ idarəetmə baxımından isə 2019-cu ilin iyunun 4-də Nazirlər Kabineti paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında[44] qərar qəbul edib. Bu qərar isə daha çox səhmdar cəmiyyətinə uyğundur. Bazar münasibətlərinə uyğunlaşma isə hər hansı hüquqi status tələb edir (İstehsalat Birliyi isə şirkətdaxili struktur bölmədir). Bu halda ya səhmdar cəmiyyəti, ya da məhdud məsuliyyətli cəmiyyət qismində çıxış etmək mümkündür. Bununla belə, hər iki halda iri dövlət şirkəti korporativ qayda və standartlara uyğunlaşmalıdır.

Bu məsələdə effektivlik və ya səmərəlilik mühüm amildir. Yuxarıda adı çəkilən qərara görə, səmərəliliyin artırılması üçün aşağıdakı addımlar atılmalıdır:

1. səhmdar funksiyasının dövlət tərəfindən effektiv şəkildə icrası;
2.effektiv fəaliyyət göstərən Müşahidə Şurasının (Direktorlar Şurası) təşkili;
3. səhmdar cəmiyyətin fəaliyyətində şəffaflığın təminatı;
4. səmərəli və çevik icra sisteminin təşkili;
5. risklərin effektiv idarə edilməsi sisteminin formalaşdırılması;
6. korporativ idarəetmə prinsiplərinə riayət olunmasının təşkili;
7. korporativ sosial məsuliyyət.

Qeyd olunan istiqamətlər üzrə hər hansı addım atılıbmı? Demək çətindir. Şirkətin idarəetmə məsələlərində ciddi problemlər mövcuddur. İstehsalat Birliyinin idarəçiliyinə dair məlumatı rəsmi saytda tapmaq mümkün deyil. İB və SOCAR-ın saytında yalnız birliyin baş direktoru barədə məlumat əldə etmək olar.[45] Baş direktorun müavinləri barədə məlumatı biz yalnız KİV-lərə sızan xəbərlərdən əldə edə bilirik.[46] Eyni zamanda qeyd olunur ki, birliyin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, Beynəlxalq standartlar, digər normativ aktlar, SOCAR-ın bu sahədə daxili normativ sənədləri və Birliyin Nizamnaməsi əsasında tənzimlənir. Amma rəsmi saytda birliyin nizamnaməsinə dair heç bir qeyd yoxdur (haqqımızda bölməsində şirkətin missiya və məramı qeyd olunub). E-qanun.az portalında isə yalnız 1992-ci ilə aid Azəriqaz Dövlət Şirkətinin Nizamnaməsi mövcuddur.[47] Portalın məlumatına görə, müvafiq nizamnamə hələ də ləğv olunmayıb. Başqa tərəfdən İB öz fəaliyyətində SOCAR-ın nizamnaməsini əsas tutur. SOCAR son dönəmlərdə korporativ idarəetmə tələblərinə uyğunlaşsa da, şirkətin hüquqi statusuna dair aydın qanunvericilik bazası mövcud deyil.[48]

Eyni zamanda səmərəli və effektiv fəaliyyət üçün ən vacib meyarlardan biri də şəffaflıqdır. Amma İstehsalat Birliyinin rəsmi saytı qeyd etdiyimiz kimi heç bir halda şəffaflığı təmin etmir. Şirkətdə risklərin effektiv idarə edilməsi sisteminin olub-olmaması, korporativ sosial məsuliyyət prinsiplərinə sadiq olması barədə də heç bir məlumat tapmaq mümkün deyil. Yəni bu cəhətdən şirkətin nə dərəcədə səmərəli işləməsi barədə nəsə deyə bilmərik. Məlumat olmadığı halda səmərəliliyin mövcudluğunu təxmin etmək çətindir. Eyni zamanda şirkətin daxili idarəetmə qaydaları, mövcud qanunvericilik uzun illərdir yenilənmir və təxmin edə bilərik ki, heç ciddi dəyişiklik də baş verməyib.

Yuxarıda göstərilən çıxışları birləşdirən cəhətlərdən biri bazar münasibətlərinə uyğunlaşmanın yalnız qiymət artımı ilə əlaqələndirilməsidir. Heç bir çıxışda şəffaflıq və ya effektiv idarəetmə məsələlərinə dair məlumat yoxdur.

Başqa tərəfdən bazar münasibətlərinin formalaşmasına mane olan amillərdən biri qismində dövlət büdcəsindən asılılıq göstərilib. Periodik olaraq qeyd olunur ki, dövlət büdcəsinin xərcləri yüksəkdir və Azəriqaz İB ciddi olaraq büdcədən asılıdır. Halbuki, bu istiqamət üzrə də detallı və ətraflı məlumat verilmir. Amma ümumi olaraq biz bilirik ki, şirkət 2018-2020-ci illər ərzində dövlət büdcəsindən 1032,1 milyon manat vəsait alıb:

2018-ci ildə – 518,3 milyon manat[49] (bu bizim təxminimizdir[50];

2019-cu ildə – 462,3 milyon manat[51];

2020-ci ildə – 51,5 milyon manat[52];

Bu vəsaitin əldə olunmasına dair məlumatımız olduğu halda, xərclənməsinə dair detallı məlumat yoxdur. Bununla belə, bir maraqlı məqamı nəzərə almaq lazımdır. 2020-ci ildə xərclər birdən-birə 9 dəfə azalıb. Adətən birbaşa qazlaşdırma ilə bağlı işlərə hər il 100 milyon manat ayrılırdı. Misal üçün, 2018-ci ildə prezident tərəfindən imzalanmış sərəncama görə, şirkətə 100 milyon manat ayrılmışdı.[53] 2020-ci ildə 4 sərəncam çərçivəsində 40,08 milyon manat ayrılmışdı. Bu sərəncamlar 2020-ci ilin ilk 3 ayı ərzində imzalanmışdı. 2020-ci ilin avqustun 6-da isə Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirdi. Bu müşavirədə o qeyd etdi ki, “Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir.”[54] Göründüyü kimi, 100 milyon manatın xərclənməsi planlaşdırılmışdısa, ilin nəticələrinə görə, bu məbləğ 51,5 milyon manatı keçmədi. Təxmin etmək olar ki, qalan işləri SOCAR öz hesabına etdi. Ancaq dövlət statistikası bunu təsdiqləmir. DSK-nın məlumatına görə, birbaşa qaz bölüşdürülməsinə son 5 ildə minimal məbləğ yatırılıb (cədvəl 7). Müqayisə üçün, 2012-2013-cü illərdə qaz paylanmasına edilən daxili investisiyaların həcmi hər il 23-25 milyon manat təşkil edirdi. Başqa tərəfdən nəzərə almaq lazımdır ki, bəzən qaz təchizatı ilə bağlı xərclər digər maddələr üzrə uçota alına bilər (misal üçün, mənzillərin tikintisiinfrastruktur layihələrinin həyata keçirilməsi). Ona görə təxmin edə bilərik ki, müvafiq xərclərin həcmi daha yüksəkdir.

Cədvəl 7. Qaz infrastrukturu

2016 2017 2018 2019 2020
Qazın istehsalı, qazabənzər yanacağın bölüşdürülməsi, min manat 3 521,3 1 494,9 1 740,9 3 998,5 2 588,8
Qaz xətlərinin istifadəyə verilməsi, km 5,2 9,4 18,1 1702,8 1 394,1
İl ərzində küçə qaz şəbəkəsinin tək (birtərəfli) uzunluğunun artması, km 10083 3209 3178 2382 1334
İl ərzində təbii qaz çəkilmiş mənzillərin sayı, min ədəd 161,3 99,2 75,9 92,7 80,9

Cədvəl Dövlət Statistika Komitəsinin məlumatları əsasında tərtib edilib.

Eyni zamanda daha bir vacib məqamı nəzərə almaq lazımdır. Dövlət büdcəsindən Azəriqaz-a ayrılan vəsaitlərin heç də hamısı birbaşa əhali üçün nəzərdə tutulmuş qaz infrastrukturuna getmir. Misal üçün, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünə görə, “Şamaxı rayonunun Sabir qəsəbəsi yaxınlığında yaradılan heyvandarlıq kompleksinin xarici qaz təchizatının təmin edilməsi” nəzərdə tutulur[55]. Bu məqsədlə 550 min manat ayrılıb (eyni kompleksin elektrik enerjisi təchizatına 7,2 milyon manat ayrılıb. Başqa sözlə kompleksin elektrik və qaz ilə təchizatı dövlət büdcəsinə 7,75 milyon manata başa gələcək). Burada əsas problem heyvandarlıq kompleksinin qaz təchizatında deyil. Məsələ bunun dövlət büdcəsi hesabına baş verməsidir. Dövlətə məxsus olmayan heyvandarlıq kompleksinin qaz və elektrik enerjisi təchizatı dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu tipli layihələrin nə qədər olduğunu demək çətindir. 2019-cu ildə Azərsun Holdinqə məxsus olan Biləsuvar Konserv Zavodunun xarici qaz təchizatı üçün də dövlət büdcəsindən 625 min manat ayrılmışdı.[56] Hansı əsaslar ilə dövlət büdcəsindən özəl təsərrüfatlar maliyyələşir, bəlli deyil.

Bazar münasibətləri üçün daha bir vacib məqam qaz təchizatının maya dəyəri ilə bağlıdır. Azəriqazın baş direktorunun sözlərinə görə, “hazırda 1 000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 174 manat təşkil edir.”[57] Bu rəqəmi yoxlamaq çətindir, çünki müvafiq məlumatların böyük hissəsi ictimaiyyət ilə paylaşılmır. Amma hər ilin nəticələrinə görə, SOCAR öz hesabatlarında qaz istehsalının maya dəyərinə və təchizat dəyərinə dair rəqəmləri təqdim edir. Belə ki, SOCAR-ın hesabatına görə, 2020-ci ildə 1000 m3 qazın faktiki istehsal maya dəyəri 61,27 manat təşkil etmişdir ki, bu da 2019-cu il ilə müqayisədə 0,62 manat və ya 1,0 % azdır. İstehlak etdiyimiz təbii qazın böyük hissəsi SOCAR tərəfindən istehsal olunmur. Ona görə onun nəqli, paylaşdırılması və s. məsələləri də mövcuddur. Nəticə etibarilə, hesabata görə, SOCAR-ın xərcləri ilə yanaşı İstehsalat Birliyinin digər xərcləri, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2020-ci ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 140,24 manat təşkil etmişdi[58].

Cədvəl 8. SOCAR tərəfindən istehsal olunan təbii qazın və qaz təchizatının maya dəyəri

(hər 1000 kubmetr üçün AZN)

Göstərici 2016 2017 2018 2019 2020
SOCAR-ın istehsal etdiyi təbii qazın maya dəyəri 46,77 62,19 57,60 61,89 61,27
Azəriqazın faktiki xərci 128,77 163,70 155,75 140,46 140,24
Ev təsərrüfatların orta ödənişi 100,00 100,00 100,00 100,00 100,00

Cədvəl SOCAR-ın təqdim etdiyi 2016-2020-ci illərə aid olan illik hesabatları əsasında tərtib edilib[59].

Cədvəldən də göründüyü kimi, 2017-ci ildə həm SOCAR-ın istehsal etdiyi, həm də ümumiyyətlə nəql etdiyi təbii qazın dəyərində ciddi artım baş verib. Hesabata görə, bunun əsas səbəbi “əsas vəsaitlərə texniki xidmət”lə bağlı idi: mövcud olan qaz infrastrukturunun texniki xidmət dəyəri 3 dəfə artmışdı. Amma bir məsələni qeyd etmək vacibdir. Azəri-Çıraq-Günəşli üzrə müqaviləyə uyğun olaraq ABƏŞ səmt qazının bir hissəsini Azərbaycana (yəni SOCAR-a) pulsuz olaraq təqdim edir. Burada yalnız nəql və saxlanma xərcləri mövcuddur. 2020-ci ildə müvafiq göstərici 2,2 milyard kubmetr təşkil edib[60]. Ev təsərrüfatlarının istehlakı isə 3,56 milyard kubmetr olub. 2017-2019-cu illər üzrə Azərbaycana verilən səmt qazının həcmi isə: 2,9, 2,3 və 2,1 milyard kubmetr təşkil edib[61]. Eyni illər üzrə ev təsərrüfatlarının istehlakı isə 2,82, 3,05 və 3,31 milyarda bərabər olub[62]. Buradan belə nəticə çıxarmaq olar ki, pulsuz əldə olunan təbii qazı məhz ev təsərrüfatlarına yönəltmək olardı. Bu həm də hər ev təsərrüfatı üzrə qazın maya dəyərini azaldardı (yalnız nəql və bölüşdürmə xidmətləri qalardı).

SOCAR-ın rəsmi hesabatlarına görə, 2020-ci ilin sonuna belə qazın maya dəyəri 174 manat təşkil etmir. 2021-ci ilin 9 ayı ərzində isə hər 1000 kubmetr xərcləri birdən-birə 24% artdı. Bəs 2021-ci ildə nə baş verdi? Yuxarıda qeyd etdiyimiz kimi, 2021-ci ilin yanvarın 1-dən Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında Nazirlər Kabinetinin qərarı qüvvəyə mindi. Bu qərar qeyd etdiyimiz kimi, istehsalçı və satıcı arasında Azərkontrakt ASC qismində vasitəçini müəyyən etdi[63]. Bunun nə səbəbə edildiyi barədə, təəssüf, məlumat yoxdur. Azərkontrakt ASC-nin saytında son yenilik 2020-ci ilin dekabrın 30-na aiddir. Vasitəçinin nəyə görə məhz Azərkontrakt olması da izah edilməyib. Bu şirkətə aid ən məşhur aktiv Prezident İ. Əliyevin qohumlarına məxsus olan, lisenziyası ləğv edilmiş Lider TV-nin yerləşdiyi binadır. Şirkətin strukturuna isə Azərətsüd icarə topdansatış birliyi, Azərlizinq lizinq şirkəti, Avtomobil-Nəqliyyat təsərrüfatı və s. tipli şirkətlər daxildir. Ümumən bu korporasiya sovet dövründə mövcud olmuş müxtəlif trestlərin və 90-cı illərin əvvəlində mövcud olmuş Material Ehtiyatlar və Ticarət Nazirliyinin əsasında qurulub (1996-cı ildə Material Ehtiyatlar nazirliyi mövcud idi. Azərkontrakt ASC  də onun hüquqi varisidir[64]). 2020-ci ilin fevralın 11-də ASC-nin rəhbəri olan Miri Qənbərov vəfat etmişdi. Ondan sonrakı rəhbər barədə heç bir məlumat yoxdur. Ümumiyyətlə, bu müəssisənin nə işə baxdığını aydın şəkildə başa düşmək mümkün deyil. Amma bildiyimiz odur ki, vasitəçinin mövcudluğu qazın maya dəyərini 24% artırdı. Eyni zamanda qeyd etmək lazımdır ki, istehsalçıdan hər 1000 kubmetr qaz 90 manata alındığı halda, paylayıcıya 118 manata satılır. Məhz bu 28 manat Azərkontrakt ASC-nin payıdır. Bu ilin iyun ayında təsdiqlənən tariflərə görə isə bu fərq daha çox, 35 manat idi.

Azəriqaz İB-nin baş direktoru öz izahatlarında tez-tez “beynəlxalq bazarda qaz və qaz avadanlıqlarının bahalaşması”nı göstərirdi. Azərbaycanın qaz hasil edən ölkə olmasını nəzərə alsaq, dünya bazarında qazın qiymətinin artması bizə necə təsir edə bilər? Bu barədə Azəriqaz nəsə demədi, amma bir tərəfdən bunun təsiri var idi. Ancaq bu, müsbət bir təsirdir, çünki dünya bazarında qiymət bahalaşdıqda Azərbaycan daha çox qazanmaq imkanına malik olur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin dekabrında Azərbaycanın ixrac etdiyi qazın 1 kubmetri 0,14 manata satılırdısa, 2021-ci ilin avqustunda artıq ixrac qiyməti 0,48 manat təşkil edib[65].

2021-ci ildə beynəlxalq qaz layihələrinin işə düşməsi nəticəsində qaz ixracı daha da artıb. Belə ki, 2020-ci il ərzində Azərbaycan 12,4 milyard kubmetr qaz ixrac etmişdisə, 2021-ci ilin 8 ayı nəticəsində müvafiq göstərici artıq 13,2 milyard kubmetr təşkil edib[66].

Bəs bu, daxili istehlaka necəsə təsir edirmi? Maraqlıdır ki, bunun daxili istehlaka təsiri olmayıb. Azərbaycan, qeyd etdiyimiz kimi, ABƏŞ-dən pulsuz olaraq səmt qazı əldə edir. Bundan başqa SOCAR özü də qaz hasil edir. Hər bir halda daxili iqtisadi münasibətlər  dünya bazarında baş verən dəyişikliklərdən o qədər də asılı deyil. (Nəzərə almaq lazımdır ki, bu sahədə heç bir mərhələdə kənardan hansısa özəl qurum yoxdur. Qazı hasil edib, çatdıran da, onu bölüşdürən də SOCAR-dır.)

Qaz avadanlığı məsələsinə gəldikdə isə, bu baxımdan çatışmazlıq var. Azərbaycan bu sahədə yerli istehsal ilə təmin olunmayıb. Ona görə də avadanlığın böyük hissəsini idxal etməliyik. Amma bunun necə baş verdiyinə dair bizim məlumatımız yoxdur. Azəriqaz öz xərcləri barədə məlumatı çox da şəffaf açıqlamır. SOCAR-ın rəsmi saytında satınalmalar ilə bağlı bölmədə biz Azəriqazın müxtəlif müqavilələri haqqında məlumat tapa bilərik. Bununla belə, bir çox hallarda bu və ya digər ili digər illər ilə müqayisə etməyə imkanımız yoxdur. Misal üçün, Azəriqazın tələbat planına[67] uyğun olaraq, 2021-ci ildə şirkət 3765 müxtəlif tipli manometr, 210 müxtəlif tipli qaz tənzimləyicisi və 200 ədəd detektor siqnalizatoru əldə etməlidir. Bu cihazların neçəsi əldə edilib, bunu demək çətindir. Amma Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəyə gətirilən “Maye və qazların təzyiqinin ölçülməsi və ona nəzarət etmək üçün cihazlar”ın 2021-ci ilin 8 ayı ərzində orta qiyməti 48 dollar təşkil edib. 2020-ci ilin eyni dövründə müvafiq göstərici 106,8 dollara bərabər idi. Qaz təzyiqinin tənzimlənməsi ilə bağlı lazım olan avadanlıq üzrə müxtəlif göstəricilər var. Bəziləri üzrə qiymət 4-5% azalıb, bəziləri üzrə 53%-ə kimi artım qeydə alınıb. Siqnalizatorlar üzrə artım isə bəzən 4 dəfəyə kimi çatır. Amma bu rəqəmlər bizə konkret məlumat vermir. Azəriqazın əldə etdiyi bu tipli avadanlıqlar müxtəlifdir və bəzən digər ucuz avadanlıq ilə eyni Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası kodu üzrə gedə bilər. Məsələ ondan ibarətdir ki, müvafiq satınalmalar qeyri-şəffaf şəraitdə keçirilir. Biz ümumən bilmirik ki, elan olunan tenderdə neçə iştirakçı olub. Onlardan hansı və nə qədər məbləğ təklif edib.

Misal üçün, bu ilin aprelin 21-də Azəriqaz İB Ninox Alliance JSC şirkəti ilə müqavilə imzalayıb[68]. Müqaviləyə görə, 23 ədəd sənaye qaz sayğacı və 10 dəst korrektor Bakıya çatdırılmalıdır. Müqavilənin dəyəri 34,3 min avro təşkil edib. Maraqlıdır ki, 2017-ci ildə qaz sayğaclarına dair müqavilədə iştirakçılardan biri yenə də Ninox Alliance adlı şirkət idi. O zaman bu şirkətin qeydiyyat ölkəsi kimi Marşall adaları göstərilmişdi[69]. İndiki müqavilədə Gürcüstan göstərilib. Axtarış zamanı bu şirkətin adını Ninox Alliance JSC kimi müəyyən etmişik. Eyni şirkət 2016-cı ildə də 32,1 min dollarlıq müqavilə qazanmışdı[70]. Eyni ada malik şirkət həmçinin kənd təsərrüfatı sahəsində inək[71] və taxılyığan kombayn[72] təchizatını da həyata keçirib. Şirkət Gürcüstanın Kutaisi şəhərində yerləşən azad ticarət zonasında qeydiyyatdan keçib[73]. Şirkət nümayəndəsinin elektron ünvanı isə Xəzər Trade MMC və Xəzər Sənaye Qrupu ilə bağlıdır (sonuncusu Azərbaycanda bir sıra kənd təsərrüfatı texnika istehsalçısının distribütorudur). Başqa sözlə, bir neçə istiqamət üzrə məşğul olan şirkət həmçinin qaz sayğaclarının idxalı ilə də məşğuldur. Gürcüstan isə ümumiyyətlə belə tipli məhsulların istehsalı ilə məşğul deyil. Ən azı 2021-ci ilin ilk 8 ayında Azərbaycan bu ölkədən müvafiq məhsul idxal etməyib. Beləliklə, buradan görə bilərik ki, Azəriqazın imzaladığı satınalma müqaviləsində bir çox problemlər mövcuddur. Burada şirkət, idxalın həyata keçirildiyi ölkə və s. məlum deyil. Nəticə etibarilə bu, qiymətin artmasına səbəb ola bilər. O da müvafiq olaraq maya dəyərinin artımına gətirir.

Nəticə

Təbii qaz tariflərin artımı əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir. Son 1 il ərzində kommunal xidmətlərə görə ödənişlərin məbləği yaşayış minimumu ilə yaşayan ev təsərrüfatı üçün 42% artıb. Birbaşa artımdan savayı, tariflərin dəyişməsi digər məhsul və xidmətlərin qiymətinə təsir edərək, ümumi qiymət artımına və yüksək inflyasiyaya səbəb olur. İnflyasiyanın yüksək olması isə real gəlirlərin azalması ilə nəticələnir.

Yuxarıda qeyd edilənlərə əsasən, tariflərin artımında iki əsas səbəb göstərə bilərik. Birinci səbəb 2021-ci ilin yanvarın 1-dən etibarən qaz satışı və bölüşdürülməsində eyni şirkətin iki bölməsi arasında (Azneft və Azəriqaz) Azərkontrakt ASC adlı vasitəçinin yaradılmasıdır. 2021-ci ilə qədər onun fəaliyyəti barədə ictimaiyyət ümumiyyətlə heç bir məlumata malik deyildi. Amma 2021-ci ildən bəri bu şirkət formal olaraq qazın 1000 kubmetrini Azneft İB-dən 90 manata əldə edir və Azəriqaz İB, Azərenerji ASC və digər topdansatış alıcılara 118 manata satır. Nəticə etibarilə, arada 28 manatlıq fərq yaranıb ki, bu da tariflərin artımına səbəb olub. Vasitəçinin tətbiqi üçün isə ortada obyektiv bir səbəb göstərilməyib və real infrastruktur baxımından heç bir dəyişiklik olmayıb.

İkinci səbəb isə Azəriqaz İstehsalat Birliyində mövcud olan qeyri-effektiv idarəetmə sistemi və eyni zamanda onun qeyri-şəffaf fəaliyyət göstərməsidir. Birliyin idarəetmə məsələlərində ciddi problemlər qalmaqdadır. Onun idarə edilməsi mövcud olan şirkət idarəetmə tələblərinə uyğun həyata keçirilmir. Eyni zamanda İstehsalat Birliyi ictimaiyyət üçün tam qapalı şirkətlərdən biridir. Birliyin bir çox müqavilələri, əldə etdiyi avadanlıqların qiyməti və həcmi barədə açıq və şəffaf məlumat verilmir, hesabatlar ictimaiyyətə təqdim edilmir. Mövcud olan nümunələr əsasında bir çox satınalma müqavilələrini şübhəli və qeyri-effektiv hesab etmək olar.

Beləliklə, vasitəçinin mövcudluğu və qeyri-effektiv idarəetmə nəticəsində artırılan tariflər bütün əhalini əhatə edəcək. Nəticə etibarilə, hətta orta statistik ev təsərrüfatı belə həm qaz istehlakına, həm də elektrik enerji istehlakına görə mövcud olan minimal limiti keçməli olacaq və daha yuxarı tariflər ilə ödəniş edəcək. Bu isə real gəlirlərin azalması fonunda əhalinin sosial vəziyyətinin pisləşməsinə səbəb olacaq.

 

Qeyd və istinadlar

[1]İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında. Dövlət Statistika Komitəsi. 15.10.2021.  https://www.stat.gov.az/news/source/Press-10_21.pdf [Daxil olub: 11/15/2021]

[2]2021-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri. Dövlət Statistika Komitəsi. 19.10.2021. https://www.stat.gov.az/news/macroeconomy.php?page=1 [Daxil olub: 11/15/2021]

[3]Şuranın üzvləri. Tarif Şurasının rəsmi saytı. http://www.tariffcouncil.gov.az/?/az/content/48/ [Daxil olub: 11/15/2021]

[4]Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.  https://president.az/articles/34548 [Daxil olub: 11/15/2021]

[5]Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə.  http://e-qanun.az/framework/11239 [Daxil olub: 11/15/2021]

[6]Sahir Məmmədxanova vəzifə verildi. 19.05.2020.  https://anews.az/az/sahir-memmedxanov-vezife-verildi-nazirden-yeni-teyinat-foto/ [Daxil olub: 11/15/2021]

[7]Rəhbərlik. Dövlət Vergi Xidməti.  https://www.taxes.gov.az/az/page/rehberlik [Daxil olub: 11/15/2021]

[8]Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında.  http://e-qanun.az/framework/11541 [Daxil olub: 11/15/2021]

[9]Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası prezidentinin fərmanı.  http://www.e-qanun.az/framework/45414 [Daxil olub: 11/15/2021]

[10]Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı.  http://www.e-qanun.az/framework/41202 [Daxil olub: 11/15/2021]

[11]Tarif Şurasının növbəti iclası keçirilib. 04.01.2021. Tarif Şurasının rəsmi saytı.  http://www.tariffcouncil.gov.az/?/az/news/view/174/ [Daxil olub: 11/15/2021]

[12]Şuranın qərarları. Tarif Şurasının rəsmi saytı.  http://www.tariffcouncil.gov.az/?/az/resolution/archive/ [Daxil olub: 11/15/2021]

[13]Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.  http://www.e-qanun.az/framework/46545 [Daxil olub: 11/15/2021]

[14]Şuranın qərarları. Tarif Şurasının rəsmi saytı.  http://www.tariffcouncil.gov.az/?/az/resolution/archive/ [Daxil olub: 11/15/2021]

[15] Yenə orada.

[16] Yenə orada.

[17]Aprel ayında 5 mindən çox yeni abonent qeydə alınıb. Azəriqaz İB-nın rəsmi saytı.  http://azeriqaz.az/az/news/1109 [Daxil olub: 11/15/2021]

[18]Azərbaycan Respublikasının Energetika Nazirliyinin tərəfindən 2020-ci ildə görülmüş işlərə dair Hesabat.  S. 15. https://minenergy.gov.az/uploads/Hesabatlar/Nazirlik%20ve%20qurumlar%20%C3%BCzre%20hesabat%202020_SON_CA_%C6%8FH_OH_v2.pdf [Daxil olub: 11/15/2021]

[19]Neçə rayonumuz 100% qazlaşdırılıb. Azəriqaz İB-nın rəsmi saytı.  http://azeriqaz.az/az/news/690  [Daxil olub: 11/15/2021]

[20]Dörd ay ərzində 5,19% abonent güzəştli limit həddini keçib. Azəriqaz İB-nın rəsmi saytı.  http://azeriqaz.az/az/news/1120 [Daxil olub: 11/15/2021]

[21]Eergetika. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı.  https://www.stat.gov.az/source/balance_fuel/ [Daxil olub: 11/15/2021]

[22]Qiymət indeksləri. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı.  https://www.stat.gov.az/source/price_tarif/ [Daxil olub: 11/15/2021]

[23]Tarif Şurasının növbəti iclası keçirilib. 16.10.2021. Tarif Şurasının rəsmi saytı.  http://www.tariffcouncil.gov.az/?/az/news/view/181/ [Daxil olub: 11/15/2021]

[24]Azərbaycan İstilik Elektrik Stansiyası MMC. 31 dekabr 2020-ci il tarixinə bitən il üzrə Maliyyə Hesabatı.  http://www.azerenerji.gov.az/files/2021_06_14_08_00_56_f2b9.pdf [Daxil olub: 11/15/2021]

[25]Tarif Şurasının növbəti iclası keçirilib. 28.11.2021. Tarif Şurasının rəsmi saytı.  http://www.tariffcouncil.gov.az/?/az/news/view/145/ [Daxil olub: 11/15/2021]

[26]Tarif Şurasının növbəti iclası keçirilib. 16.10.2021. Tarif Şurasının rəsmi saytı.  http://www.tariffcouncil.gov.az/?/az/news/view/181/ [Daxil olub: 11/15/2021]

[27]Azəriqaz: “Təbii qaz üzrə tariflərin dəyişməsi qurumun rentabelli işləməsinə xidmətedəcək”. 16.10.2021. Report.az https://report.az/energetika/azeriqaz-tebii-qaz-uzre-tariflerin-deyismesi-qurumun-rentabelli-islemesine-xidmet-edecek/ [Daxil olub: 11/15/2021]

[28]Azəriqaz rəhbəri qazın qiymətinin dəyişməsi səbəblərini açıqlayıb. 16.10.2021. Report.az.  https://report.az/energetika/azeriqaz-tebii-qazin-qiymetinin-qiymetinin-qalxmasinin-sebeblerini-aciqlayib/ [Daxil olub: 11/15/2021]

[29]Ruslan Əliyev: “Tarif dəyişməsi hansısa müəssisənin gəlirlərinin artırılması üçün hesablanmır”. 22.10.2021. Report.az.  https://report.az/energetika/ruslan-eliyev-tarif-deyismesi-hansisa-muessisenin-gelirlerinin-artirilmasi-ucun-hesablanmir/ [Daxil olub: 11/15/2021]

[30]Azəriqaz: “Hər bir abonent çalışır ki, qazdan səmərəli istifadə etsin”. 22.10.2021. Report.az.  https://report.az/energetika/azeriqaz-bir-bir-abonent-calisir-ki-qazdan-semereli-istifade-etsin/ [Daxil olub: 11/15/2021]

[31] Azəriqaz İB-nin baş direktorundan tarif açıqlaması. Azəriqaz İB-nin rəsmi saytı.  http://azeriqaz.az/az/news/1193 [Daxil olub: 11/15/2021]

[32] Azərbaycan Respublikasının minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı. 23.06.2005.  http://www.e-qanun.az/framework/10061 [Daxil olub: 11/15/2021]

[33] Ev təsərrüfatı tədqiqatının yekunları. 2021-ci il yanvar-iyun ayları üçün. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Bakı. 2021. 57s. s.6

[34] Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu. 29.12.2020.  http://www.e-qanun.az/framework/10061 [Daxil olub: 11/15/2021]

[35] 2021-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri. Dövlət Statistika Komitəsi. 19.10.2021. https://www.stat.gov.az/news/macroeconomy.php?page=1 [Daxil olub: 11/15/2021]

[36] 2020-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı. 13.01.2021.  https://www.stat.gov.az/news/macroeconomy.php?page=10 [Daxil olub: 11/15/2021]

[37] Tikinti. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı.  https://www.stat.gov.az/source/construction/ [Daxil olub: 11/15/2021]

[38] Yenə orada.

[39]Hesablama Palatası Azəriqazda korrupsiya faktları aşkarladı. Günün Səsi. 31.03.2017.  https://www.gununsesi.info/hesablama-palatasi-az%C9%99riqazda-korrupsiya-faktlari-askarladi/ [Daxil olub: 11/15/2021]

[40] Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.  http://www.e-qanun.az/framework/46545 [Daxil olub: 11/15/2021]

[41]Хренков Н. Россия нужна национальная модель газового рынка. 16.05.2012. https://www.gazprom.ru/press/news/reports/2012/stages-of-big-way/ [Daxil olub: 11/15/2021]

[42]Məişət Maye Qaz QSC-nın 2019-cu il üzrə illik hesabatı. Mühasibat Balansı. Şirkərin rəsmi saytı.  http://www.mmq.az/xeberler.php?id=18 [Daxil olub: 11/15/2021]

[43] Bağlanmış müqavilə haqqında məlumat. 02.12.2021. https://etender.gov.az/media/contracts-register [Daxil olub: 12/4/2021]

[44] Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında Nazirlər Kabineti qərar. №257, 04.06.2019.  https://nk.gov.az/media/files/c198f337d8b4de3f3d7bff80b637d630.pdf [Daxil olub: 11/15/2021]

[45]Azəriqaz İstehsala Birliyi. Şirkətin strukturu. https://socar.az/socar/az/info/printable/company/organization/azerigas-production-union [Daxil olub: 11/15/2021]

[46]Azəriqazın baş direktoruna yeni müavinlər təyin olunub. Marja.az. 19.03.2021. https://marja.az/69166/azeriqazin-bas-direktoruna-yeni-muavinler-teyin-olundu [Daxil olub: 11/15/2021]

[47] Azəriqaz Dövlət Şirkətinin Nizamnaməsi. 29.10.1992. http://www.e-qanun.az/framework/18446 [Daxil olub: 11/15/2021]

[48]Əhmədov İ. Azəriqaz İstehsalat Birliyi Dövlət Neft Şirkətinin kölgəsində. “Azərbaycan: iri dövlət müəssisələrində səmərililiyin artırılması” yazılar toplusu. Tərtibçi S. Bağırov. Bakı, 2020, ss. 38-53.

[49] Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi. Azərbaycan Respublikası Hesablama Palatası. Bakı 2019. 271s. s. 248

[50] Digər illərdən fərqli olaraq, 2018-ci ildə Hesablama Palatası tərəfindən ayrıca olaraq araşdırılan şirkətlər arasında Azəriqaz İB yox, SOCAR göstərilib. Rəydə göstərilmiş məlumata görə, 2018-ci ildə SOCAR dövlət büdcəsindən 1 486 milyon manat vəsait alıb. Bunun 518,3 milyon manatlıq hissəsini “əsaslı vəsait qoyuluşu” (investisiya xərcləri) maddəsi üzrə alıb. Birbaşa SOCAR əməliyyatlarına dövlət investisiya yatırmadığını nəzərə alsaq, təxmin edə bilərik ki, bu vəsait Azəriqazın qazlaşdırılma əməliyyatlarına xərclənib.

[51] Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi. Azərbaycan Respublikası Hesablama Palatası. Bakı 2020. 225s. S. 209

[52] Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi. Azərbaycan Respublikası Hesablama Palatası. Bakı 2021. 202s. S. 122

[53]Yaşayış məntəqələrin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamı. 05.03.2018.  http://www.e-qanun.az/framework/38076 [Daxil olub: 11/15/2021]

[54] Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.  06.08.2020.  https://azertag.az/xeber/1554479 [Daxil olub: 11/15/2021]

[55] Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 fevral tarixli 2522 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 08.07.2021.  http://www.e-qanun.az/framework/48345 [Daxil olub: 11/15/2021]

[56] Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.67-ci bəndində nəzərdə tutulan vəsaitin azaldılan hissəsinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 12.04.2019.  http://www.e-qanun.az/framework/42874 [Daxil olub: 11/15/2021]

[57] Azəriqaz İB-nin baş direktorundan tarif açıqlaması. Azəriqaz İB-nin rəsmi saytı.  http://azeriqaz.az/az/news/1193 [Daxil olub: 11/15/2021]

[58] 2020-ci il üçün illik hesabat. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti. Bakı. 2021. 113s. S. 42

[59] SOCAR hesabatları. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi saytı.  https://socar.az/socar/az/economics-and-statistics/economics-and-statistics/socar-reports [Daxil olub: 11/15/2021]

[60]Business updates. Bp-Azerbaijan. Official website.  https://www.bp.com/en_az/azerbaijan/home/news/business-updates.html [Daxil olub: 11/15/2021]

[61] Yenə orada.

[62]Energetika. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı. https://www.stat.gov.az/source/balance_fuel/az/003_1.16.xls [Daxil olub: 11/15/2021]

[63] Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.  http://www.e-qanun.az/framework/46545 [Daxil olub: 11/15/2021]

[64] Nizamnamə. Dövlət Kontrakt Korporasiyası Azərkontrakt ASC-nın rəsmi saytı.  http://azerkontrakt.az/nizamnam%c9%99/ [Daxil olub: 11/15/2021]

[65] Hesablamalar Dövlət Statistika və Dövlət Gömrük Komitələrinin məlumatları əsasında aparılıb: Ticarət. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı.  https://www.stat.gov.az/source/trade/ [Daxil olub: 11/15/2021]

[66] Yenə orada.

[67] Azəriqaz İB -nin 2021-ci il üçün Maddi-Texniki Vəsait (MTV) ehtiyatlarına kateqoriyalar üzrə olan tələbat planı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi saytı.  https://socar.az/socar/assets/documents/az/demand-plan/2021%20-%20Az%C9%99riqaz.xlsx [Daxil olub: 11/15/2021]

[68]Təltif 23.04.2021 29008-21. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi saytı.  https://socar.az/socar/assets/documents/az/contract-awards/Teltif%2023.04.2021%2029008-21.docx [Daxil olub: 11/15/2021]

[69]Təltif edilmiş müqavilələr. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi saytı.  https://socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards [Daxil olub: 11/15/2021]

[70] SOCAR qapalılıq pərdəsinin götürür. Azadliq.org. 11.07.2016.  https://www.azadliq.org/a/27852171.html

[71] Исмайлов А. Азербайджанское село выдоили на миллионы долларов. 10.01.2014.  https://haqqin.az/news/15404 [Daxil olub: 11/15/2021]

[72] Aqrolizinq 60 ədəd taxılyığan kombayn alacaq. 13.03.2019.  http://interfax.az/view/760122 [Daxil olub: 11/15/2021]

[73] Global Agents/Distributors.  http://www.zenner-metering.com/en/distributor/distributor.html [Daxil olub: 11/15/2021]

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.