Dünya Bankı tərəfindən hazırlanmış Millətlərin sərvətlərinin dəyişməsi adlı hesabatdan məlum olur ki, insan kapitalı qlobal sərvətlərin  64, yüksək gəlirli ölkələrin sərvətlərinin 70, aşağı gəlirli ölkələrin sərvətlərinin isə 41 faizini təşkil etdiyi halda, Azərbaycanda sərvətlərin formalaşmasında insan kapitalının payı cəmi 14 faizə bərabərdir, yəni, aşağı gəlirli ölkələrin göstəricisindən belə təxminən üç dəfə aşağı. Azərbaycanda sərvətlərin formalaşmasında insan kapitalının payının az olmasının səbəblərinin müəyyənləşdirilməsi və insan kapitalının formalaşmasına təsir edən sahələrdəki mövcud vəziyyətin dəyərləndirilməsi ölkədə dayanıqlı iqtisadi inkişafa mane olan problemlərin müəyyən edilməsi baxımından vacib amildir.

Dünya Bankı tərəfindən bu yaxınlarda yayımlanmış Sağ qal, Öyrən, İnkişaf et: Azərbaycanın iqtisadi artımını sürətləndirmək üçün strateji insan kapitalına investisiyaların yatırılması adlı araşdırmada Azərbaycanda insan kapitalının sərvətlərin formalaşmasında payının az olmasının səbəblərinin müəyyən edilməsi ilə bağlı vacib məlumatlar əks olunub. Araşdırma hökümətin insan kapitalının inkişafı sahəsindəki fəaliyyətini qiymətləndirmək və iqtisadi artımın sürətləndirilməsi üçün imkanları müəyyən etmək baxımından da əhəmiyyətlidir.

Adambaşına sərvət göstəricisi dörd komponentin cəmindən ibarətdir: təbii resurslar, fiziki kapital, insan kapitalı və xalis xarici aktivlər. Təbii resurların dəyəri ölkədə mövcud olan təbii ehtiyatların dəyərlərini əhatə edir. Fiziki kapital dedikdə isə yaradılmış əsas fondlar (bina, qurğu, avadanlıq, cihaz və s.) başa düşülür. İnsan kapitalına gəldikdə, bu, əmək qabiliyyətli yaşda insanların ömürboyu yaratdıqları diskontlaşdırılmış (gələcəkdə ödəniləcək (və ya alınacaq) məbləğin bu günə hesablanmış dəyəri) gəlirlər əsasında hesablanır. Xalis xarici aktivlər qeyri-rezidentlərin Azərbaycan qarşısında öhdəlikləri ilə rezidentlərin xarici subyektlər qarşısındakı öhdəlikləri arasında nisbətə bərabərdir.

Azərbaycanda təbii resursların sərvətlərin formalaşmasında payı 54 faiz, fiziki kapitalın payı 23.6 faiz, insan kapitalının payı 14 faiz, xalis xarici aktivlərin payı isə 8.4 faizdir. İnsan kapitalının sərvətlərin formalaşmasındakı payı baxımından Azərbaycan hesabatın əhatə etdiyi ölkələr arasında ən aşağı nəticələrdən birinə malik olsa da, təbii resursların ümumi sərvətdə payına görə dünyada 16-cı yerdədir. Hesabatın əhatə etdiyi illərdə (2010-2014) hökumətin ümumi gəlirlərinin içərisində təbii resurslardan gələn gəlirlərin payı 80 faizə yaxın olub.

İnsan Kapitalı insanların ömürləri boyu topladığı biliklər, bacarıqlar və sağlamlıqdan ibarətdir və onların cəmiyyətin məhsuldar üzvləri kimi potensiallarının reallaşdırılmasını təmin edir. İnsanların qidalanması, tibbi yardımı, keyfiyyətli təhsili, iş yerləri və bacarıqlarına investisiyaların yatırılması insan kapitalını inkişaf etdirməyə yardım edir və bu, daha inklüziv cəmiyyətlərin yaradılması üçün vacibdir. Bu baxımdan, araşdırmada ölkədə insan kapitalının vəziyyəti və hökumətin insan kapitalının inkişaf etdirilməsi ilə bağlı fəaliyyəti üç istiqamət üzrə qiymətləndirilir: təhsil, səhiyyə və sosial müdafiə, əmək. Bu qiymətləndirmə insan kapitalının formalaşdırılmasını təmin edən və ona mane olan faktorları müəyyən edir.

Təhsil

Araşdırmada təhsillə bağlı diqqət çəkən məqam Azərbaycanda təhsilin keyfiyyətinin və aktuallığının gözləniləndən aşağı olmasının qeyd edilməsi ilə yanaşı, bu sahədə müşahidə olunan qeyri-bərabərliklərin xüsusi vurğulanmasıdır. Belə ki, 2016-cı ildə keçirilmiş PIRLS tədqiqatının nəticələrinə görə, Azərbaycan Avropa və Mərkəzi Asiya (AMA) ölkələri arasında yüksək və aşağı nəticələr göstərmiş şagirdlər arasında ən çox fərq olan ölkədir. Tədqiqatın nəticələrinə əsasən zəngin ailələrdən olan şagirdlər yoxsul ailələrdən olanlarla müqayisədə 700 ballıq sistemdə 96 bal daha yüksək nəticə göstəriblər. (Bu fərq üç tədris ilinə bərabər qiymətləndirilir.)  Şəhərlərdə təhsil alan şagirdlərin nəticələri isə kənd ərazilərində təhsil alanlara nəzərən 48 bal daha çox olub.

Qrafik: Təhsil səviyyəsinə görə təhsilə xalis cəlb olunma səviyyələri

Mənbə: Dünya Bankının inkişaf indikatorları

Daha bir diqqət çəkən məqam Azərbaycanın məktəbəqədər və ali təhsil müəssisələrinə cəlb olunmaqla bağlı qonşu ölkələr arasında ən aşağı nəticələrdən birinə malik olmasıdır. Statistika Komitəsinin göstəricilərində də qeyd edilir ki, hazırda Azərbaycanda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərinə düşən ali təhsilli vətəndaşların sayı 134 nəfərdir. Bu isə həm region ölkələrinin göstəricilərindən, həm də dünya ölkələri üzrə orta göstəricidən iki dəfəyə yaxın aşağıdır. Hökumətin hazırladığı Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası adlı sənəddə də qeyd olunur ki, ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə uzlaşmır və özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranıb.

Məktəbəqədər təhsilə cəlb edilməklə bağlı isə qeyd etmək lazımdır ki, bu problem özünü Bakı şəhəri və regionlar arasında daha kəskin büruzə verir. Belə ki, Bakı şəhərində 6 yaşdan aşağı təxminən 200 minə yaxın uşağın 46 mini, başqa sözlə, 23 faizə yaxını məktəbəqədər təhsil müəssisələrinə cəlb edildiyi halda, digər regionlarda 6 yaşadək olan təxminən 720 minə yaxın uşağın 73 mini, yəni, 10 faizə yaxını məktəbəqədər təhsilə cəlb olunub. Bu baxımdan regionlarda məktəbəqədər təhsillə əhatə səviyyəsi paytaxt Bakıdan iki dəfədən çox aşağıdır.

Azərbaycanda insan inkişafı indeksinin təhsil istiqaməti üzrə zəif hesab olunan daha bir məqam adətən digər ölkələrdə tədqiqat və innovasiyaların stimulu kimi çıxış edən ali təhsil müəssisələrinin iqtisadiyyat ilə güclü əlaqəsinin olmaması və bu müəssisələrin sahibkarlıq və biznesin inkişafını stimullaşdırmaq baxımından çox az potensiala malik olmasıdır. Araşdırmada bu vəziyyətin yaranmasının səbəblərindən biri olaraq Azərbaycanın əhali baxımından eyni ölçülü ölkələrə nəzərən tədqiqat və inkişafa ən az vəsait ayıran ölkə olması qeyd edilir. Belə ki, Azərbaycanda ÜDM-in cəmi 0,2 faizi tədqiqat və inkişafla bağlı istiqamətlərə xərclənir, digər tərəfdən, rəqabətli maliyyələşmə imkanlarının məhdud olması da sektorun inkişafına mane olan səbəblərlər arasındadır.

Səhiyyə

Araşdırmanın ortaya çıxardığı daha bir maraqlı göstərici ölkədə səhiyyə xərclərinin 78.6 faizinin əhalinin öz vəsaitləri hesabına maliyyələşdirildiyinin müəyyən edilməsidir. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu göstəricinin 20 faiz həddində olmasını tövsiyə edir. Bu baxımdan, qeyd etmək lazımdır ki, səhiyyə sistemində effektiv idarəetmə sisteminin qurulması və xəstəliklərin erkən mərhələdə müəyyən edilməsinə şərait yaradılması təkcə səhiyyə nəticələrinin yüksəldilməsi baxımından yox, əhalinin xərclərinin azaldılması baxımından da vacib töhfə verə bilər.

Qrafik: Ümumi səhiyyə xərcləmələrində əhalinin öz vəsaitlərinin payı (%)

Mənbə:  ÜST Qlobal Səhiyyə Xərclərinin Məlumat Bazası, 2018.

Təhsillə bağlı olduğu kimi, sağlamlıq göstəricilərində də gəlir səviyyəsinə görə fərqlər müşahidə edilir. Belə ki, gəlir səviyyəsi ən yüksək olan 20 faizlik əhali qrupuna aid ailələrdə doğulan uşaqların cəmi 16 faizi alçaq boylu olduğu halda, ən aşağı gəlirli 20 faizlik əhali qrupuna aid ailələrdəki uşaqların 33 faizi alçaq boyludur.

Gəlir səviyyəsi ilə yanaşı, Bakı və regionlar arasında da tibbi xidmətlərlə təminat səviyyəsi arasında ciddi fərqlər mövcuddur. Bakı şəhərində əhalinin hər 10.000 nəfərinə düşən ixtisaslı həkimlərin sayı 92 olsa da, respublika tabeli şəhərlərin bir hissəsi  və Qazax, Bərdə rayonları istisna olmaqla, digər bütün bölgələrdə bu göstərici 20-dən azdır, bu da, paytaxtın malik olduğu göstəricidən 5 dəfəyə yaxın aşağıdır.

Sosial müdafiə və əmək

Araşdırmada Azərbaycanda sosial müdafiə və əməklə bağlı fəaliyyət qiymətləndirilərkən qeyd edilir ki, “2000-ci illərin əvvəllərindən Azərbaycan yoxsulluğun azaldılması sahəsində yüksək iqtisadi artım dərəcələri, məşğulluq və pensiya köçürmələrinin artması nəticəsində təqdirəlayiq nailiyyətlər əldə etmişdir. Lakin sosial mudafiə və əmək sahələrində siyasət məsələləri Azərbaycanın iqtisadi artım potensialını məhdudlaşdırır. Yoxsulluğun mühüm dərəcədə və tədricən azalmasına baxmayaraq, əhalinin böyük qismi şoklara həssasdır, həmçinin coğrafi yerlərin göstəriciləri arasında böyük fərqlər mövcuddur. Bununla yanaşı, Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olsa da, kiçik və orta müəssisələr üçün rentabelli maliyyələşdirməyə əlçatanlığın məhdud olması, məhdudlaşdırıcı ticarət tənzimləmələri və yaxşı idarəçiliyin olmaması şirkətlərin inkişafı və iş yerlərinin yaradılmasına mane olur. Əmək bazarında gənclər və qadınların iştirakı da çox aşağıdır, bu da o deməkdir ki, Azərbaycan tam işçi quvvəsi potensialından istifadə etmir.”

Nəyi dəyişməli?

İnsan kapitalının inkişafına təsir imkanları olan sahələrdə irəliləyiş əldə etmək üçün konkret sahələrlə bağlı müxtəlif siyasət və təşfiq mexanizmləri, təkliflər səsləndirmək olar. Ancaq Azərbaycanda insan kapitalının vəziyyəti barədə araşdırmadan görünür ki, insan kapitalı ilə bağlı problemlərin bir çoxu müxtəlif sosial qruplar və regionlar arasında ciddi sosial-iqtisadi bərabərsizliklərdən qaynaqlanır.

Bu bərabərsizlikləri hətta əhatəliliyi tez-tez müzakirə mövzusuna çevrilən rəsmi statistikaya əsaslanan hesablamalardan da görmək mümkündür. Belə ki, 2015-ci ilin göstəricilərinə əsasən, Azərbaycanda təxminən 53 milyard manata bərabər olan milli gəlirin 10.5 milyard manatı (19.8%) əmək gəlirləri kimi işləyənlərə, 4.5 milyard manatı (8.4%) istehsal və idxala vergilər formasında hökumətə, 38 milyard manatı (71.8%) ümumi mənfəət (qarışıq gəlirlər) fomasında sahibkarlara və mülkiyyət sahiblərinə çatıb. Burada ümumi mənfəət dedikdə mülkiyyətin icarəsindən renta gəlirləri, qiymətli kağızlardan və depozitlərdən faiz gəlirləri və sahibkarlıq fəaliyyətindən əldə edilmiş bölüşdürülməmiş mənfəət  nəzərdə tutulur. Yəni, ölkədə  milli gəlirin hər 4 manatından təqribən 3-ü sahibkarlara və mülkiyyətdən gələn gəlirlərin payına, yalnız 1 manatı işçilər və dövlət büdcəsinin payına düşür. Halbuki, İsveç, İsveçrə, Almaniya kimi ölkələrdə milli gəlirin 50-55 faizi işləyənlərə aiddir.

Bu baxımdan, ölkədə insan kapitalına təsir imkanları olan sahələrdə irəliləyiş əldə etmək üçün atılmalı ən vacib addımlar arasında kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının və sərbəst fəaliyyət imkanlarının genişləndirilməsi, sərbəst idxal və ixrac əməliyyatlarının dəstəklənməsi, mütərəqqi vergi sisteminin yaradılması kimi iqtisadi addımlarla yanaşı, kölgə iqtisadiyyatının leqallaşdırılması,  inzibati müdaxilələrin azaldılması, ümumilikdə iqtisadi azadlıqların artırılması və rəqabət mühitinin hökm sürdüyü iqtisadi mühit yaradılması kimi institusional addımlar da olmalıdır. Belə olan halda, həm hər kəsin biznes fəaliyyəti ilə məşğul olmasına imkan yaratmaqla bu imkanı kiçik imtiyazlı qrupun inhisarında qalmasından qurtarmaq, həm də işçilərin rəqabət mühiti çərçivəsində ədalətli əməkhaqqı almasına şərait yaratmaq olar.

Son illərdə Azərbaycanda regionların sosial-iqtisadi inkişafıyla bağlı müəyyən proqramlar həyata keçirilsə də, iqtisadi gəlirlərin və dəyərin formalaşmasında hələ də Bakı və digər regionlar arasında böyük fərqlər qalmaqdadır. 2019-cu ildə ümumi məhsul buraxılışının 73, sənaye məhsulu buraxılışının isə 90 faizə yaxını Abşeron yarımadasının payına düşüb. Təəssüf ki, bu bərabərsizliklər özünü xərclənən vəsaitin bölgüsündə də göstərməkdədir. Ötən il ölkədə əsas kapitala yönəldilmiş vəsaitlərin 73 faizi Abşeron yarımadasına yönəldilib. Başqa cür ifadə etsək, əsas kapitala yönəldilmiş təqribən hər dörd manatdan üçü coğrafi olaraq ölkənin yeddi faizinə sərf edilir.

Dövlət vəsaitləri regionlar arasındakı sosial-iqtisadi fərqlərin azaldılması və insan kapitalının inkişaf etdirilməsi baxımından mühüm təsir imkanlarına malikdir. Ancaq daha uğurlu nəticələr əldə etmək üçün regionların inkişafı ilə bağlı yeni yanaşmalara ehtiyac var. Burada da, müxtəlif güzəşt və təşviqlər kimi iqtisadi qərarlarla yanaşı, yerli özünüidarəetmə orqanları olaraq seçki ilə formalaşan bələdiyyələrin gəlir qaynaqlarının və səlahiyyətlərinin artırılması, regional idarəetmə siyasətinin daha əhatəli xarakter alması, bu prosesin şəffaf və hesabatlı həyata keçirilməsi kimi institusional xarakterli dəyişikliklərə də ehtiyac var.

Qeyd etmək lazımdır ki, bu tip addımların nəinki regional idarəetmə sahəsində, digər sahələrlə bağlı fəaliyyətdə də atılması zəruridir. Ev təsərrüfatlarının təhsil və səhiyyəyə xərclədikləri vəsait insan kapitalının formalaşmasına mühüm töhfə verir. Ancaq bu istiqamətə yetərli səviyyədə maliyyə vəsaiti ayırmaq heç də bütün ailələr üçün əlçatan olmur. Bu səbəbdən dövlət vəsaitləri hesabına həyata keçirilən layihələrin məqsədyönlü və effektiv olması istiqamətində daha çox addımlar atılmalıdır.

Ümumiləşdirsək, qeyd edə bilərik ki, insan kapitalının inkişaf etdirilməsi ilə bağlı fəaliyyət iki istiqamətdə həyata keçirilə bilər. Burada həm dövlət həyata keçirdiyi layihələrin, yatırdığı investisiyaların səmərəliliyini və effektivliyini yüksəltməli, bu fəaliyyətin həyata keçirilməsində şəffaflığı və hesabatlılığı artırmalı, maraq qruplarının iştirakçılığını təmin etməli, digər tərəfdən də, vətəndaşların rəqabət mühiti çərçivəsində azad şəkildə iqtisadi fəaliyyətə qoşulmasına şərait yaratmalıdır. Belə olan halda, həm insanların sosial-iqtisadi rifahının yüksəlməsi, həm də, insan kapitalının inkişafı üçün münbit şərait yaranmış olar.

Nəticə

Hazırda ölkələrin əsas iqtisadi hədəflərindən biri dayanıqlı iqtisadi inkişafa nail olmaqdır. Dayanıqlı iqtisadi inkişafın ən vacib şərtlərindən biri isə məhz insan kapitalıdır. Azərbaycan iqtisadiyyatının da qarşısında duran ən böyük problemlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və resurs asılılığının azaldılması məsələsidir. Bu problemin aradan qaldırılması baxımından Azərbaycanın ən böyük resursu məhz insan kapitalı ola bilər. Ancaq o şərtlə ki, insanların potensialının formalaşması və bu potensialın reallaşdırılması üçün münbit şərait yaradılsın. Hazırda Azərbaycanda sərvətlərin formalaşmasında insan kapitalının payının cəmi 14 faiz olması və bu gün Azərbaycanda doğulan uşaqların tam təhsil və sağlamlıqdan faydalandıqları halda, cəmi 60 faiz məhsuldar ola biləcəkləri kimi göstəricilər ölkədə insan kapitalı məsələsi ilə bağlı ciddi problemlərin olduğunun göstəricisidir. Bu problemləri aradan qaldırmaq və dayanıqlı iqtisadi inkişafa nail olmaq baxımından insan kapitalının formalaşmasına təsir edən sahələrdə hökumətin fəaliyyətinin təhlilinə və daha effektiv yanaşmaların hazırlanmasına ehtiyac var.