fbpx

iqtisadiyyat

iqtisadiyyat

Parlamentdə iqtisadi qərarların qəbulu: nəyi dəyişməli, necə dəyişməli

Read this article on other language
Download article
image_pdf
image_pdf

İqtisadi sistemin effektiv çalışması parlamentin fəaliyyətinin keyfiyyətindən birbaşa asılıdır. İctimai rəydə yanlış təsəvvür var ki, iqtisadi siyasətin formalaşması və həyata keçiriliməsinin bütün məsuliyyəti icra hakimiyyətinin üzərindədir. Doğudur, ali dövlət qurumlarının (nazirlik, komitə, agentlik və s.) əsasnamələrində bu qurumların səlahiyyətli olduqları sahədə dövlət siyasətini müəyyən etdikləri və həyata keçirdikləri vurğulanır. Lakin cəmiyyət həyatının istənilən sahəsi, o cümlədən sosial-iqtisadi problemlərlə bağlı hökumət siyasəti avtonom formalaşmır – bütün siyasi qərarlar üçün çərçivə parlamentin qəbul etdiyi qanunlardır.

Sadəcə Azərbaycanın siyasi reallığı belədir ki,  parlament demokratik yolla deyil, icra hakmiyyətinin iradəsilə formalaşdığı  üçün öz əsas funksiyasını – qanunların icrasına, icra orqanlarının bütün fəaliyyətinin qanunlar çərçivəsində təmin edilməsinə nəzarət funksiyasını icra edə bilmir.

Qarşıdakı 10 illik  Azərbaycan üçün çox məsuliyyətli dövdür – bütün iqtisadiyyatı resurslardan yüksək asılılığı olan ölkə qlobal iqtisadiyatda baş verən reallıqları qulaqardına vuraraq ayaqda qala bilməz. Dünya artıq “enerji transformasiya” adlanan bir mərhələyə qədə qoyub. Bir tərəfdən alternativ enerji mənbələrinin gücünün, o biri tərəfdən texnologiyanın inkişafı nəticəsində ənənvi enerji mənbələrinin qənaətliliyinin sürətlə artması dünayada təbii resurslara tələbatın azalması ilə müşaiyət edilir. Bu isə özünü dünya birjalarında xam neft və təbii qazın qiymətinin ucuzlaşmasına, resurs ixracatçılarının ciddi miqyasda gəlir itkisinə səbəb olur.

Bunları nəzərə alsaq, yeni parlament ciddi makroiqtisadi risklər və onların doğuracağı sosial-iqitsadi kataklizmləri yaxşı qiymətləndirməyi bacarmalı, iqtisadi siyasətin formalaşdırılmasında və həyata keçirilməsinə nəzarətdə kifayət qədər fəal olmalıdır. Şübhəsiz ki, burda parlamentin öz konstitusion imkanlarına uyğun fəaliyyətilə yanaşı onun tərkibində peşəkarların üstünlük təşkil etməsindən asılıdır.

Konstitusiyanın parlamentə iqtisadi siyasətin reallaşdırılmasında iştirakla bağlı verdiyi səlahiyyətlər ilk baxışdan çox genişdir. Sənədin 95-ci maddəsinə görə, bura iqtisadi qanunların qəbulundan tutmuş inzibati ərazi bölgüsü, dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarətə dair bir sıra istiqamətlər daxildir. Amma qeyd olunan konstitusion təsbitlər parlamentin iqtisadi siyasətdə rolunun gücləndirilməsi üçün bir sıra yeni addımların atılmasını zəruri edir.

Büdcəyə nəzarət funksiyasının gücləndirilməsi

İlk növbədə dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlərin parlamentə daha erkən – sentyabrın 25-dən gec olmayraq daxil edilməsi, sentyabrın 30-dan gec olmayaraq deputatlara paylanması təmin edilməlidir. Hazırkı təcrübədə isə “Büdcə sistemi haqqında” Qanunun 13-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq parlamentə daxil olmalıdır. Lakin bu qanun müzakirələrin necə və hansı formatda keçirilməsini, ən geci neçə gün ərzində deputatlara paylanmalı olduğunu reqlamentləşdirmir. Yəni büdcə qanunu layihəsi neçə oxunuşda müzakirə edilməli, hər oxunuşda büdcə sənədinin hansı aspektləri təhlil edilməli, müzakirələr minimum neçə plenar iclasda aparılmalı, millət vəkillərinin, fraksiyaların (əgər varsa), yaxud siyasi partiyaların büdcə ilə bağlı mövqeyini ifadə etməsi üçün vaxt məhdudiyyəti necə olmalı kimi müddəalar bu qanunda əksini tapmayıb.

Yeni parlament hökumətin nəticə və proqram əsaslı büdcəyə keçidinin maksimum 2-3 il ərzində başa çatdırılmasına nail olmalıdır – effektiv büdcə nəzarəti funksiyasının reallaşdırlması məhz bu mexanizmlərin reallşadırılmasından keçir. Nəticə əsaslı büdcə mexanizmi parlamentə imkan verəcək ki, hökumətə büdcə  qanunu ilə ayırdığı hər manatın hara və necə xərcləndiyini, cəmiyyətin bu xərcləmədən hansı faydanı götürdüyünü sora bilsin. Əks halda köhnə təcrübə davam edəcək – ildə bir dəfə maliyyə naziri maksimum 1-2 saatlıq məruzə ilə 1000-1200 səhifəlik büdcə səsnədinin xülasəsini verəcək, cəmiyyətin təhsilə, səhiyyəyə, aqrar sektora, sosial müdafiə sisteminə, ekologiyaya çəkilən xərclərdən hansı konkret nəticələri götürdüyünün üzərindən sükutla keçəcək.

Bu əsnada parlament müzakirlərin təkcə müddətini deyil formatını da dəyişməlidir – həm də təkcə nəticə indikatorlarına və proqramlara əsaslanan büdcə tərtibatı vasitəsilə yox. Büdcə müzakirələrinin və təqdimatının inzibati formatı da dəyişməlidir: növbəti dövr üzrə planlanan hər sahənin büdcəsini bu sahəyə məsul şəxs təqdim etməli, həmin büdcənin icrası bitdikdən sonra eyni səlahiyyətli şəxs icra hesabatı təqdim etməli, parlamentin bütün suallarını cavablandırmalıdır.

Parlamentin büdcə müzakirələri çərçivəsində vətəndaş cəmiyyəti və maraq qrupları ilə debatlar təşkil edilməlidir. Ən ideal yanaşma bu olardı ki, parlamentin nəzdində Büdcə Ofisi təşkil edilsin. Peşəkar ekspertlərdən təşkil ediləcək həmin ofis ilboyu hökumətin büdcə fəaliyyəti, eləcə də büdcə sənədlərilə ehtiyacı olan bütün deputatlara zəruri rəy, analiz və ekspertiza sənədləri hazırlaya bilər.

Parlament ictmai maliyyə – istər kreditlər, istərsə də büdcə vəsaitləri hesabına investisiya layihələri ilə bağlı bütün qərarları parlament verməlidir. Bütövlükdə büdcə xərcələmələri, büdcənin dəyişdirilməsi ilə bağlı icra hakimiyyətinin səlahiyyətləri maksimum məhdudlaşdırılmalı, bu məsələlər parlamentin müstəsna səlahiyyətləri çərçivəsində olmalıdır.

Bu istiqamətdə ən vacib məsələlərdən biri Hesablama Palatasının rolunun və imkanlarının gücləndirilməsidir. Palata hər il bütün büdcə qurumlarının səmərəlilik auditini aparmalı, auditin tam nəticələrini parlamentə təqdim etməlidir. Məhz bu sənədlər əsasında deputatlar icra qurumlarının büdcə fəaliyyətini effektiv şəkildə nəzarətdə saxlaya bilər.

Əslində çox doğru olar ki, Parlamentdə iqtisadi siyasət komitəsindən ayrıca maliyyə-büdcə komitəsi yaradılsın.

Hökumətin hesabatlılığının dəyişdirilməsi 

Bu istiqamətdə dəyişikliklər 2 yöndə baş verməlidir. Əvvəla, Nazirlər Kabineti hər il mart ayının ilk yarısında əvvəlki ilin nəticələrinə görə Parlamentə hesabat verir. Bu hesabatın tədqim edilmə formatının dəyişdirilməsinə ehtiyac var. Hesabat nəticəəsaslı hazırlanmalı, hər bir hökumət proqram və strategiyası üzrə əvvəlki ildə müəyyən olunmuş öhdəliklər, həmin öhdəliklərin icrasını qiymətləndirməyə imkan verən ölçüləbilən indikatorlar əsasında hazırlanmalıdır.  Eyni zamanda, hökumət tam tərkibdə parlamentin qarşısına çıxmalı, hər bir sahə üzrə hesabatla bağlı məsul şəxslər özləri çıxış etməlidirlər. Hesabatlar ən azından parlamentin 3-4 iclasında geniş dartışılmalıdır.

Digər mühüm istiqamət  hökumət üzvlərinin maliyyə və əmlak məlumatlarının açıqlığıdır. 2005-ci ildə vəzifəli şəxslərin gəlir və əmlakının bəyan edilməsinə dair qanun qəbul edilsə də, əvvəlki 3 parlament bu mexanizmin hansı səbəbdən işləməməsinin qayığısına qalmadı. Yeni seçilən parlament dərhal bu problqmi qaldırmalı, həmin qanunun yenidən işlənməsini təmin etməli, bəyannamələrin ictimaiyyət üçün tam açıq olmasını qanuna daxil etməlidir. Amma gərək yeni deputatlar özləri də məmurlara nümunə olsun və sərvətlərini cəmiyyətə açıqlasınlar.

İqtisadi siyasətdə iştirakçılığın genişləndirilməsi

Parlamentin fəaliyyəti iqtisadi qanunların qəbuli ilə məhdudlaşmamalıdır. Hökumət sosial-iqitsadi sahədə həyata keçirdiyiy bütün proqram və strategiyaların layihələrini müvafiq parlament komitələrilə açıq debatlarda müzakirə etməli, hər bir icra edilmiş proqrama sərf edilən vəsaitlər, onlardan iqtisadiyyatın götürdüyü faydalara dair yekun hesabatını da qanunverici orqan təqdim etməlidir.

Yeni parlamentdən daha bir gözlənti 14 ilə yaxın müddətdə müzakirəsi yarımçıq saxlanmış Rəqbət Məcəlləsinin qəbuluna nail olmaqdır. Bu sənəd ölkədə avtonim və geniş müstəqilliyə malik antiinhisar orqanının yaradılmasına, həmin orqanın bütün bazar seqmentlərində inhisarçılığın müntəzəm monitorinqinə yaşıl işıq yandıra biləcək səlahiyyətlər qazanmasına zəmanət verməlidir.

Nəhayət, yeni parlament təcili olaraq əksmərkəzləşmə strategiyasının qəbuluna, ölkədə regional idarəetmənin təkmilləşdirilməsi və yerlərdə seçkili institutların həlledici səlahiyyət sahibinə çevrilməsinə təşəbbüs göstərməlidir.

Gözləntilərin siyahısını uzatmaq mümkündür, amma bu qədəri də yetərlidir. Əgər sadalanan istiqamətdə parlamentin real gücü görünəcəksə, ölkədə yeni parlamentin varlığından nəsə gözə dəyəcək. Əgər olmayacaqsa, sadəcə qarşımızda yeni qiyafədə əski parlament görəcəyik.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.