Biz möhkəmlənmiş avtoritar rejimdə müxalif siyasi qrupların hökumət binası önündə siyasi aksiya keçirəcəyi halda hansı aqibətlə üzləşəcəyini çox asanlıqla təsəvvür edə bilirik. Bəs adi vətəndaşlar eyni yerdə sosial məsələlərlə əlaqədar etiraz üçün toplaşırlarsa, nə baş verir? 2019-cu ilin yanvar ayında Azərbaycan müxalifəti özünün sonuncu icazə verilmiş aksiyasını keçirtdi. Bu aksiyaya tanınmış siyasi məhbusların azadlığa buraxılmasını və əhalinin yaşayış standartlarının yaxşılaşdırılmasını tələb edən iyirmi minə yaxın etirazçı toplaşmışdı.[1] Həmin etirazdan sonra ölkədə hökumət əleyhinə etirazlara faktiki qadağa tətbiq edilib. Müxalif partiyaların bir neçə icazəsiz mitinq və nümayiş keçirtmək cəhdi isə hüquq mühafizə orqanlarının sərt müdaxiləsi ilə nəticələnib.[2] Eyni zamanda adi vətəndaşların konkret məsələlərin həllinə yönəlik, sosial məzmunlu və əsasən yerli xarakterli etirazları isə davam edir, hətta bəlkə də çoxalıb. Lakin belə etirazlar, onların cəmiyyəti narahat edən başlıca problemləri qabartma potensialına baxmayaraq, əsasən diqqəti cəlb etmir. Bu boşluğu doldurmaq üçün bu məqalə Azərbaycanda son dövr etiraz aksiyaları dinamikasının tədqiqini və ardınca da onların avtoritar hakimiyyətin stabilliyinə potensial təsirlərinin təhlilini təqdim edir. Mətn üç hissədən ibarətdir. İlk hissədə orijinal məlumatlara istinadən, son etiraz aksiyalarının təsviri təqdim edilir. Bu təsvirə həmçinin etirazçıların əsas tələbləri, məqsədləri və hökumətin ilkin reaksiyası daxildir. Məqalənin ikinci hissəsi nəzəriyyə əsasında hökumətin, xüsusən avtoritar stabillik nöqteyi-nəzərindən etirazlara verdiyi reaksiyasının məntiqini araşdırır. Nəhayət, məqalə ölkənin siyasi kontekstində davam edən etirazların potensial nəticələrini müzakirə edir.

Metodologiya 

Bu məqalə etirazların müəllifin özü tərəfindən yaradılmış məlumat bazasına əsaslanır.[3] Yarım il müddətində, 2021-ci ilin aprel ayından başlayaraq avqust ayı da daxil olmaqla, hər iki aydan bir bu dövr ərzində ölkədə baş verən hər bir etiraz aksiyası məlumat bazasına daxil edilib. Etirazlar haqqında məlumatlar ölkədə baş verən hadisələri işıqlandıran internet mənbələrindən toplanıb.  İlkin monitorinq əsasında etirazların işıqlandırılmasında göstərdikləri aktivliyi nəzərə alaraq altı media vasitəsi seçilib. Müəyyən edilmiş zaman çərçivəsində seçilmiş media vasitələri müntəzəm olaraq yoxlanılmış və onların haqqında məlumat verdiyi hər bir etiraz, etirazların baş verdiyi məkan, etirazçıların tələbləri, etirazçıların sayı və dövlət orqanlarının reaksiyası(ları) da daxil məlumat bazasında qeydiyyata alınmışdır. Mümkün olan hallarda məlumatların toplanmasında sosial mediadakı (əsasən, Feysbuk və Yutub) canlı yayımlara və videolara üstünlük verilmişdir ki, etirazlarda hökm sürən mühiti və mövzuları daha yaxından qavramaq imkanı olsun. Monitorinqə cəlb edilmiş altı media vasitəsinin ayrı-ayrılıqda abunəçilərinin sayı bir neçə mindən bir milyonadək dəyişir. Tədqiqat mövzusunun həssaslığı nəzərə alınaraq bu mətndə monitorinqə cəlb edilmiş yerli media vasitələrinin etirazlar barədə məlumatlarına istinad verilməmişdir. Bu tədqiqat verilən müddətdə etirazların sayı deyil, etiraz trendləri üzərində fokuslandığından məlumatlar hər iki aydan bir toplanmışdır. Beləliklə, məlumat bazasına 2021-ci ilin aprel, iyun və avqust aylarında baş verən etirazlara aid informasiyalar daxil edilmişdir.

Məlumat yığımı metodologiyasının bir sıra məhdudiyyətləri mövcuddur. Birincisi, media mühiti hökumət tərəfindən məhdudlaşdırıldığından, yalnız kiçik sayda müstəqil media vasitəsi hökumət nəzarətindən kənar baş verən hadisələri işıqlandırdığından[4] biz güman edə bilərik ki, etirazların real sayı daha çoxdur. Xüsusən regionlarda, müstəqil medianın imkanlarının məhdudluğu səbəbindən xeyli sayda etirazlar barədə geniş ictimaiyyət xəbər tutmur. İkincisi, media etirazlardan sonra baş verən proseslər haqqında məlumat vermir, bu da etirazçılar üçün iştirakın nə ilə nəticələndiyini, yaxud onlar üçün hansısa mənfi nəticələr doğurduğunu izləməyə çətinlik törədir. Yalnız etirazlar təkrarlandıqda biz belə nəticəyə gələ bilirik ki, etirazçıların tələbləri hansısa formada qulaq ardına vurulub. Digər bir problem, sözsüz ki, Covid-19 və bununla əlaqədar məhdudiyyətlərdir. Tədqiqatlar göstərir ki, distansiya saxlamaq məhdudiyyəti səbəbilə, pandemiya dövründə qlobal miqyasda etiraz aktivliyi ciddi şəkildə aşağı düşmüşdür.[5] Azərbaycanda komendant saatının qaldırılması daxil ən məhdudlaşdırıcı karantin tədbirlərinin aprel ayında yumşaldılmasına baxmayaraq, iddia edə bilərik ki, Covid-19 siyasi etirazların sayının azalmasına və iştirakın kiçilməsinə səbəb olmuşdur. Lakin buna baxmayaraq, toplanmış məlumat aşağıda təqdim edəcəyimiz mühüm nəticələrin əldə edilməsinə imkan vermişdir.[6]

Aşkara çıxarılanlar 

Ümumən aprel, iyun və avqust aylarında 122 etiraz qeydə alınmışdır. Yuxarıda qeyd edildiyi kimi, haqqında məlumat verilmiş etirazların əksəriyyəti paytaxt Bakıda baş tutmuşdur. 21 faizi isə ölkənin digər şəhər, kənd və qəsəbələrində keçirilmişdir. Amma hansısa regiona aid xüsusi bir qanunuyğunluq aşkar edilməmişdir. Etiraz səbəbləri mülkiyyət hüquqları pozuntuları, mülkiyyət mübahisələri, ədalətsizlik (ədalətsiz məhkəmə qərarları, yaxud istintaqları), infrastruktur çatışmazlıqları, sosial müdafiə, işçi hüquqları (iş yükünün çoxluğu və (yaxud) maaşların verilməməsi), itkin düşmüş əsgərlər, ətraf mühit problemləri, polis zorakılığı, saxtakarlıq və sairə kimi məsələləri əhatə etmişdir (cədvəl 1-ə bax). Etirazın ən geniş yayılmış forması qrup şəklində toplaşmaqdır. Lakin bəzi hallarda yolların bağlanması, yürüş, tətil, aclıq edilməsi, özünü yandırma cəhdləri də olmuşdur. Etirazların beşdə biri etirazçıların tələblərinin ünvanladığı yerli icra hakimiyyət orqanları qarşısında keçirilmişdir. Etirazların tez-tez baş verdiyi digər məkanlar Prezident Administrasiyası (12%), parlament (5%), müxtəlif nazirliklər (18%), məhkəmələr (7%) və Baş Prokurorluq (6%) olmuşdur. Etirazlar ən azı 9 müxtəlif nazirliyin, o cümlədən, Daxili İşlər, Təhsil, Səhiyyə və Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında təşkil olunmuşdur. Bununla belə, onların içində sayca xüsusilə çox vətəndaş etirazlarının keçirildiyi məkanlar Əmək və Əhalinin Sosial Müdafiəsi və Ədliyyə nazirliklərinin önü olub. Ayrı-ayrı etirazlarda iştirak edənlərin sayı bir nəfərdən iki yüz nəfərədək dəyişkən olmuşdur. Məlumat bazasına əsasən, etirazlarda iştirakçıların orta sayı 29, etirazların iştirakçı sayına görə sıralamasında cədvəlin mərkəzinə düşən aksiyada isə (median) iştirakçı sayı 10 olmuşdur.

Cədvəl 1. Etiraz səbəbləri 

Ölkədə ən iri etiraz icması mərkəzi Bakının Sovetski məhəlləsinin sabiq sakinləridir. Onlara 2014-cü ildə evləri hökumət tərəfindən zorla sökülərkən ədalətli kompensasiya verilməyib.[7] Artıq altı ildir ki, yüzlərlə sabiq Sovetski sakini bu vəziyyətdən çıxış yolu tapmaq üçün toplaşırlar. Lakin son vaxtlarda onların etirazları miqyasına və həcminə görə böyüyür. İndi onlar etirazlarını müxtəlif dövlət orqanlarına ünvanlasalar da yetkililər kompromis əldə etməkdə maraqlı görünmürlər. Sabiq Sovetski sakinləri çox sayda etiraz aksiyası keçirdiblər. Ancaq maraqlıdır ki, aprelin 26-da Prezident Administrasiyası qarşısında toplaşarkən polis müdaxilə edərək, onları avtobuslara doldurub yerli icra hakimiyyəti orqanının qarşısına aparmışdır ki, etirazlarını orada davam etdirsinlər. Bu yanaşma hökumətin etirazlara reaksiya məntiqinə uyğundur ki, bu barədə növbəti paraqraflarda danışılacaq.

Son bir neçə ayda, postmüharibə dövründə Qarabağ müharibəsi veteranlarına və onların ailələrinə hökumətin münasibəti ilə bağlı etirazların sayında artım baş vermişdir. Bu etirazlara səbəb, xüsusən veteranlara hərbi medal və rütbələrin verilməsi, sosial imtiyazlar məsələsi, işlə təmin olunma, psixoloji reabilitasiya, yaralıların müalicəsi və digər məsələlər olmuşdur.[8] Gənc müharibə veteranlarının müxtəlif qruplarının etirazları hər ay baş vermiş, onlar, xüsusən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmışdır.  Digər bir müharibədən sonrakı etiraz qrupu İkinci Qarabağ Müharibəsində (2020) itkin düşmüş əsgərlərin ailə üzvləri olmuşlar. İtkin düşmüş əsgərlərin qohumları etirazlarını hərbi və xüsusi xidmət orqanlarına ünvanlamış, onları itkin düşmüş əsgərlərin axtarışında fəaliyyətsiz olmaqda günahlandırmışlar.

Son zamanlarda səlahiyyətli şəxslər 23 min vətəndaşa verilən əlil müavinətini ya ləğv etmiş, yaxud dayandırmışlar. Bu da sosial müdafiədən məhrum olmuş əlil vətəndaşların, o cümlədən, müharibədə daimi qalacaq xəsarətlər almış veteranların və onların ailə üzvlərinin hiddətinə səbəb olaraq, xeyli sayda etirazlara təkan vermişdir.[9] Bundan əlavə, hökumətə vətəndaşların vəziyyətini nəzərə alan daha müvafiq sosial siyasət qurmaq tələbli ictimai təzyiqə baxmayaraq, daha 190 min vətəndaşın əlillik təqaüdləri də 2021-ci ilin sonunda dayandırılacaq.[10]

Yolların yoxluğundan tutmuş, elektrikin kəsintilərinə qədər ən müxtəlif məsələlərin daxil olduğu infrastruktur problemləri vətəndaşların, xüsusən Bakıdan kənarda mütəmadi narazılıq səbəblərindən olmuşdur. Bunlar içində su təchizatındakı çatışmazlıq məhəllələrdən insanların daha böyük qruplarının etiraz üçün bir araya gəlməsinə səbəb olmuşdur. Bu etirazların səbəbi əsasən kiçik kənd təsərrüfatı ilə məşğul olan fermer ailələrinin gəlir mənbəyi olan əkin sahələrinin suvarılması ilə bağlı yaşadığı problemlərdir. Acıqlı etirazçılar məhdud su ehtiyatları üzərində monopoliya qurulmasında yerli varlı hökumət nümayəndələrini ittiham ediblər. Bu cür etirazlar Bakının ucqar yaşayış hissələrində, həmçinin Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Göyçay və Sabirabad rayonlarında baş vermişdir. Mütəxəssislərin fikrincə, səlahiyyətli şəxslər su çatışmazlığı problemini yoluna qoymaq üçün lazımi tədbirləri həyata keçirməyiblər.[11]

Ədalət mühakiməsi problemləri kiçik etirazların meydana gəlməsinə səbəb olan digər bir amil olmuşdur. Bu etirazlar əsasən məhbus ailələrinin ədalətli məhkəmə tələbləri ilə bağlı keçirilmişdir.  Bunların heç də hamısı siyasi motivli işlərlə bağlı deyil. Xeyli hallarda vətəndaşlar məhkəmə və hüquq mühafizə orqanlarında mövcud olan korrupsiya, rüşvətxorluq hallarının fırıldaq və mülkiyyət mübahisələri ilə bağlı işlərdə obyektiv qərarların qəbul edilməsinə, həmçinin artıq qəbul edilmiş qərarların icrasına maneçilik olduğunu əsas gətirərək etiraz etmişlər.

Xüsusi qeyd edilməli etiraz trendlərindən biri də yeni növ vətəndaş cəmiyyəti qrupları, o cümlədən ətraf mühit təəssübkeşləri, heyvan hüquqları müdafiəçiləri, feministlər və LGBT+ aktivistlərinin qaldırdıqları problemlərə diqqəti cəlb etmək üçün səlahiyyətli şəxslərlə təmasın alternativ vasitələrindən istifadə etməsidir. Bu qruplara ona görə yeni deyilir ki, onlar dövlət orqanlarının qeyri-hökumət təşkilatlarına qarşı 2013-2015-ci illərdə repressiyalarından sonra ictimai sferaya daxil olmuşlar. Hökumət siyasi qərarların qəbulunda istənilən şəkildə əsl vətəndaş cəmiyyətinin iştirakını çoxdan qapatdığı üçün yeni qeyri-formal vətəndaş qrupları tələblərini aşağıdan yuxarı çatdırmaq üşün tez-tez müxtəlif tipli etiraz aksiyaları təşkil edirlər. Bütün bu qruplar son aylarda, o cümlədən, müvafiq olaraq meşələrin qırılmasına, küçə itlərinin öldürülməsinə, qadınların qətlinə, homofobiya zəminində qətllərə etiraz olaraq aksiyalar təşkil etmişlər. Baxmayaraq ki, bu etirazlara hökumət və cəmiyyət tərəfindən dərhal verilən, eləcə də uzunmüddətli müstəvidə cavablar birmənalı olmamışdır, ümumən bu yeni vətəndaş cəmiyyəti qrupları, ən azından sosial mediada, digər etirazçılarla müqayisədə daha çox müzakirələrə səbəb olmuşlar.

Toplanmış məlumatlar onu göstərir ki, yalnız bir etiraz müxalif siyasi partiya tərəfindən təşkil olunmuşdur, hərçənd bu etiraz Azərbaycan hökumətinə qarşı olmamışdır. Aprel ayında Müsavat partiyası Rusiya səfirliyi önündə bu ölkənin Qarabağdakı sülhməramlı qüvvələrinin çıxarılması tələbi ilə etiraz keçirmişdir.[1] Xaricdə yaşayan rejim əleyhdarı bloqçuların sosial media vasitəsi ilə çağırdığı 15 iyundakı yeganə siyasi etiraz aksiyasında bir neçə adam iştirak etmişdir. Həmin bir neçə nəfər də sosial tələblər səsləndirməyə başladıqdan dərhal sonra polis tərəfindən aparılmışdır.

Maraqlıdır ki, toplanan məlumat Azərbaycanda repressiv siyasi mühitində  adi vətəndaşların etirazlarına hökumətin dərhal repressiyalarla cavabvermə dərəcəsinin elə də yüksək olmadığını göstərir. Polis etirazların dörddə birinə, əsasən, iştirakçıları dağıtmaq üçün müdaxilə etmişdir. Toplanmış məlumatlar göstərir ki, əgər etirazlar mərkəzi hökumət binaları qarşısında, tutaq ki, Prezident Administrasiyası önündə baş verirsə, polisin müdaxiləsi ehtimalı böyük olur.  Keçmişdə bir sıra kütləvi etiraz aksiyalarının məkanı olmuş Bakının mərkəzi Fəvvarələr meydanında da etiraz aksiyalarına cəhd dərhal polis müdaxiləsi ilə nəticələnir. Burada aprel ayında heyvan hüquqları müdafiəçilərinin dinc aksiyası ən azı 5 aksiyaçının qısamüddətli həbsi ilə bitmişdi.[2] Avqust ayında mərkəzi meydanda heyvan hüquqları müdafiəçiləri təkrar yürüş etmək cəhdi etdikdə polis sərt şəkildə müdaxilə edərək, iştirakçıları saxlamış, üç nəfərə isə 15 sutkalıq həbs cəzası verilmişdir.[3] Hökümətin adətən müxalifətçilərə qarşı istifadə etdiyi bu inzibati cəza tətbiqi praktikası bizim tədqiqat dövründə baş verən etirazlardan sonra belə cəza tətbiqinə aid haqqında məlumat əldə etdiyimiz yeganə nümunə olmuşdur.

Cədvəl 2. Hakimiyyət nümayəndələrinin etirazlara dərhal cavabı

Cədvəl 2-dən göründüyü kimi – əgər qeyd edilən vaxtdakı etirazlar hökumət nümayəndələrinin onlara münasibəti nöqteyi-nəzərindən üç qrupa bölünərsə, ən böyük qrup ya hökumətdən pozitiv reaksiya görmüş, yaxud heç bir münasibət görməmiş qruplar ola bilər. Etirazların yarısı polis, yaxud müvafiq səlahiyyətli orqanlardan heç bir müdaxilənin olmadığı şəraitdə davam etmişdir.  Bu hal regionlarda, əksərən yerli səlahiyyətlilərə qarşı yönəlmiş etirazların çoxuna aiddir.

Yerdə qalan etirazlar, xüsusən nazirliklər qarşısında və müharibə veteranları tərəfindən təşkil olunanlar müvafiq səlahiyyətli orqanların pozitiv müdaxiləsinə səbəb olmuşdur. Bu cür müdaxilələr özünü səlahiyyətli nümayəndələrin etirazlara gələrək, şikayətlərə qulaq asması, yaxud onların həllinə söz verilməsi şəklində göstərmişdir.

Belə bir mühitdə çoxalan etirazlar dövlət üçün hansı potensial nəticələri verə bilər? Yazının növbəti hissəsi qısa şəkildə problemin nəzəri bazasını təqdim edəndən sonra son etiraz dinamikasının Azərbaycanda avtoritar stabilliyə təsirini müzakirə edəcək.

Etiraz və avtoritar stabillik 

Digər qeyri-demokratik rejimlərdə olduğu kimi, Azərbaycan hakimiyyəti də cəmiyyətdə nəzarət etmədiyi hərəkətliliyə qarşı belə halların stabilliyə təhlükəsini qiymətləndirərək, cavab tədbirləri görməyə meyillidir. Elitadaxili narazılıqla yanaşı, vətəndaş etirazları avtoritar stabilliyə başlıca problem kimi qiymətləndirilir. Avtoritar rejimlərdəki etirazlarla bağlı mövcud tədqiqatların bir axını etirazların siqnallama potensialını, yəni vətəndaşlara cəmiyyətdəki narazılıq səviyyələri haqqında necə məlumat verdiklərini və ümumiyyətlə, vətəndaşların idarəçilərə münasibətlərinə dair qeyri-müəyyənliyi necə azaltdıqlarını nəzəri olaraq əsaslandırır.[1] Siqnallama modelinə görə, xüsusilə repressiv mühitlərdə, əgər vətəndaşlar etiraza meyil göstərirsə, bu, digər vətəndaşlar üçün etirazçıların hökumət əleyhinə əhval-ruhiyyəsi barədə çox güclü məlumatlandırma potensialına malik olur.[2] Siqnallama modeli avtoritar mühitdə hökumət əleyhinə narazılığın necə yayılmasını başa düşmək üçün faydalı alətdir. Bununla belə, bir sıra digər tədqiqatçılar hesab edir ki, bu model yerli və açıq şəkildə qeyri-siyası etirazların dinamikasını izah edə bilmir. Bu qrup hesab edir ki, sonuncu tip etirazlar əslində avtokratların işinə yaraya bilər. Birincisi, bu etirazlar avtokratlara mövcud sosial narazılıqları müəyyən edərək, onlara etirazlar iri kollektiv aksiyalara çevrilənədək çarə tapmaqda yardımçı olur. İkincisi, avtokratlara öz məmurlarının necə fəaliyyət göstərdiyini izləməyə imkan yarada bilər.[3] Azad seçkilərin, işlək vətəndaş cəmiyyəti və hesabatlılıq institutlarının olmadığı şəraitdə, adi vətəndaş etirazları mərkəzi hakimiyyətə idarəçiliyin aşağı səviyyələrində nəyin səhv olduğunu deyə bilər.

2016-cı ildə Azərbaycan regionlarında etirazların spontan yüksəlişi və yayılması bu mənada xüsusi nəzərdən keçirilməli haldır. Neft qiymətlərinin qlobal düşüşünün, milli valyutanın devalvasiyasının, nəticədə yüksək işsizlik və dövlətin zəif sosial yardımı şəraitində yaşayış qiymətlərinin sürətli artımının ardınca Azərbaycanın ən azı 12 inzibati ərazisində yüzlərlə insan küçələrə axışaraq bu vəziyyətə özlərinin qəti etirazlarını ifadə etdilər.[4] Etirazlar yerlərdə qalxmışdı və bir-birilə koordinasiyası yox idi, bununla belə (sosial) mediada ciddi diqqət cəlb edərək, işıqlandırıldı. Tezliklə, hüquq mühafizə orqanları etirazları müxalif qruplarla əlaqələndirərək, repressiya dalğası ilə cavab verdi, narazılığı boğmaq məqsədilə bir sıra etirazçılar həbs edildi.[5] Rejim cəzaları ilə sonrakı etirazlarda iştirakın siyasi cəhətdən ağrılı nəticələr doğuracağını nümayiş etdirsə də, bir sıra güzəştlərə getmək məcburiyyətində də qaldı. Çörək vergidən azad edildi, pensiyalar çox cüzi də olsa, qaldırıldı. Lakin ekspertlər xəbərdarlıq etdilər ki, fundamental islahatların aparılmaması, daha geniş və nəzarət edilməsi mümkün olmayan narazılıqlara aparıb çıxara bilər.[6]

Son dövr etirazlarına aid toplanmış məlumatların təhlili göstərir ki, Azərbaycanın avtoritar idarəçiliyi axır zamanlarda adi vətəndaşların sosial məsələlərlə bağlı əksər etirazlarını, xüsusən onlar aşağı səviyyəli məmurlara qarşı yönəlibsə, gözardı edir. Güman etmək olar ki, möhkəmlənmiş avtoritar rejim öz stabiliyyinə əminliyi səbəbindən belə etirazları daha təhlükə kimi görmür. Avroritar stabillik bir sıra vacib təməllər üzərində qurulur. Mövzu üzrə əvvəlki tədqiqatlara əsaslanaraq, bu məqalə həmin təməllərin elitanın birliyi, legitimləşmə və repressiyalar olduğunu müəyyənləşdirib.[7] 2016-cı ildən sonra rejimin stabilliyinin necə qorunduğunu başa düşmək hakimiyyət nümayəndələrinin etirazçılara, həmçinin etirazçıların hakimiyyət orqanlarına münasibətinin məntiqini anlamaqda yardımçı ola bilər.

İqtisadi böhranın səbəb olduğu 2016-cı ildəki regionlarda baş verən etirazlardan sonra Prezident İlham Əliyev rəhbər elitada islahat aparıb, onun birliyini möhkəmləndirmək məqsədilə bir sıra mühüm addımlar atdı. Bu proses onun öz xanımını Birinci vitse-prezident təyin etməsi ilə nümayişkəranə şəkildə başladı və güclü korrupsiyalaşmış oliqarx məmurların loyal, islahat sözü verən texnokratlarla əvəz edilməsinə yönəlmiş cəhdlərlə davam etdi.[8] Eyni zamanda, nazirlərin və yerli icra hakimlərinin əksəriyyəti ya işdən çıxarıldı, ya da yerləri dəyişdirildi. Bəziləri isə nümayişkaranə şəkildə korrupsiya və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə həbs edildi.[9] Proses boyu camaatın xüsusilə mənfi münasibət bəslədiyi nazirlər və Prezident Administrasiyasının vəzifəli şəxsləri, həmçinin 2016-cı il etirazlarının baş verdiyi rayonların icra hakimiyyəti rəhbərləri vəzifələrindən uzaqlaşdırıldı.

Müxalifətin Xalq Cəbhəsi partiyası tərəfindən təşkil olunmuş 2019-cu ildəki sonuncu icazəli mitinqinin arxasınca hökumət daha israrlı şəkildə sosial-iqtisadi islahatlar haqqında sözlər verməyə başladı. Eyni zamanda, baxmayaraq ki, onillərlə davam edən mütəmadi repressiyalar hökumətlə müxalif qruplar arasında böyük güc assimmetriyası yaratmışdı, iqtidar müxalif elitanın hakimiyyətə yaxınlaşmasını təmin etmək üçün bir sıra addımlar da atdı. Həmin ilin sonlarında Prezident Administrasiyasının yenilənmiş kadrları müxalif partiyalara dialoq platforması təklif etdilər.[10] Bu dialoq ideyasına müsbət cavab verən partiyalara, konkret olaraq Respublikaçı Alternativ və yenilikcə üzə çıxmış millətçi AĞ partiyasına bunun müqabilində bir sıra maddi və siyasi qarşılıq verildi. Məsələn, birinci uzun müddət sonra Ədliyyə Nazirliyi tərəfindən siyasi partiya kimi qeydə alındı, nümayəndəsi parlamentə buraxıldı və partiya dövlətdən maliyyə dəstəyi aldı. İkinci isə ofislə təmin olundu. Hər iki partiyanın nümayəndələri dövlət televiziyalarənda efirə buraxılmağa başladılar. Ənənəvi müxalifət partiyaları, Xalq Cəbhəsi və Müsavat isə dialoq təklifini rədd etdikləri üçün onların repressiyalara məruz qalması, həmçinin hakimiyyət ritorikasında marginallaşması davam etdi.[11] İstənilən halda, müxalif partiyalar davam edən sosial etiraz aksiyalarına camaatı səfərbər edə bilmirdilər, çünki həddən artıq taqətdən salınmış, imkanları məhdudlaşdırılmış və diqqətləri yayındırılmış vəziyyətdə idilər.

Sergey Quriev və Daniel Trizman iddia edirlər ki, avtokratlar “ideologiya və gücdən istifadə etdikləri üçün deyil, düz, yaxud yalan olmasından asılı olmayaraq cəmiyyəti bacarıqlı olduqlarına inandırdıqları üçün hakimiyyətdə qala bilirlər”.[12] Hakim elita özünün sosial və iqtisadi siyasətini yaxşılaşdırmaq üçün hansısa ciddi sistemli addımlar atmasa da,[13] Ermənistan üzərində 2020-ci ilin Qarabağ müharibəsində həlledici qələbə Ali Baş Komandan İlham Əliyevin legitimliyini ciddi şəkildə artırdı.[14] Postmüharibə dövründə o, əvvəl heç vaxt malik olmadığı səviyyədə yüksək populyarlıq dövrünü yaşayır. Bununla belə, ekspertlər əhalinin aşağı yaşayış standartları da daxil olmaqla müxtəlif səbəblərdən bunun yaxın gələcəkdə dəyişə biləcəyinin mümkünlüyünə inanırlar.[15] Hələliksə, etirazçıların dediklərini yaxından dəyərləndirəndə aydın olur ki, Prezident və birinci xanım adi vətəndaşlar tərəfindən onların çətin problemlərini həll edə biləcək yeganə avtoritet kimi qiymətləndirilirlər. Beləliklə, hakim ailənin hazırkı legitimlik səviyyəsi onları özlərinə qarşı çevrilə biləcək böyük vətəndaş etirazlarından qoruyur.

Elita birliyinin və legitimliyin möhkəmləndirilməsi rejimin potensial ictimai narazılıqlara qarşı güc tətbiq etməyəcəyi anlamına gəlmir. Bunu Azərbaycanın təhlükəsizlik məsrəflərindən başa düşmək mümkündür. 2021-ci ilin dövlət büdcəsində müdafiə, dövlət təhlükəsizliyi, hüquq mühafizə orqanları, məhkəmə, prokurorluq orqanları üçün nəzərdə tutulmuş ümumi məsrəflər 23 faizdən çoxdur.[16] Müqayisə üçün deyək ki, bu məbləğ sosial müdafiə və yardıma ayrılan xərclərdən iki dəfə artıqdır. Bunlara baxmayaraq, sadə vətəndaşların etirazlarına verilən reaksiyaların müşahidəsi də göstərir ki, repressiyaların miqyasında kəskin böyümə aşağıdakı əsaslandırmalara görə gözlənilən deyil. Birincisi, adi vətəndaşların repressiyaları “gözlənilməz nəticələrə” gətirib çıxara bilər. Tutaq ki, ictimaiyyət hiddətlənə bilər, bu da öz növbəsində etirazların genişlənməsi və beləliklə, mərkəzi dövlət legitimliyinin zədələnməsi ilə nəticələnə bilər.[17] İkincisi, təhsilli və bacarıqlı texnokratlara malik, dünyaya inteqrasiya olunmuş iqtisadiyyat qurmaq məqsədli müasir avtokratlar yerli və beynəlxalq miqyasda reputasiyalarını zədələməmək üçün sərt repressiyalara əl atmaqda həvəsli olmurlar.[18] Əvvəlki dövlərlə müqayisədə repressiyaların daha az olması bu sonuncu yanaşma ilə izah oluna bilər. 

Təsirlər 

Əvvəlki bölümlərdə qeyd edildiyi kimi, avtoritar rejimlər üçün etirazların potensial təhlükəsi onların cəmiyyət üçün siqnallama funksiyasıdır. Bizim məlumat bazamız göstərir ki, Azərbaycandakı son etirazların böyük əksəriyyəti nə siyasidir, nə də ümumən anti-rejim mahiyyəti daşıyır. Bu etirazlar çox iştirakçı cəlb edə bilmir və hər hansı müxalif qrup, yaxud sosial hərəkat tərəfindən təşkil olunmur. Buna görə də, hazırda onların cəmiyyət üçün (avtoritar rejimin stabilliyini təhlükəyə sala biləcək səviyyədə) siqnallama potensialı çox zəifdir. Əksinə, bizim qənaətimiz budur ki, kiçik, konkret problem üzərində fokuslanmış etirazlar rejim üçün qısa müddətli perspektivdə xeyirlidir. Çünki onlar yüksək səviyyədə mərkəzləşdirilmiş siyasi sistemdə narazılığın hədəfini parçalayaraq mərkəzdən uzaqlaşdırır və hakimiyyətin aşağı qollarına doğru endirir. Bundan əlavə, bu etirazlar mərkəzi hakimiyyətə xüsusən yerli səviyyədə gözdən düşmüş rəsmiləri uzaqlaşdırmaqla qısa müddətli perspektivdə problemin həlli kimi təqdim etməyə imkan verir. Üstəgəl, rejimin öz stabilliyinə arxayınlığı səlahiyyət sahiblərinin etirazçılara laqeyd münasibətini izah etməyə şərait yaradır. Lakin uzunmüddətli perspektivdə rejim üçün təsirlər mövcuddur.

Ötən il, İlahə Abbaslının qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatı “ikili şok” yaşamışdır, həm neftin dünya bazarında qiyməti düşmüş, həm də pandemiya iqtisadiyyata öz mənfi təsirini göstərmişdir.[19] Fəqət hökumət ölkə əhalisinin ehtiyaclı qismlərinə çox cüzi dəstək təklif etmişdir. Sosial təhlükəsizlik sistemi maliyyə çatışmazlığından, korrupsiyadan və yarıtmaz idarəçilikdən əziyyət çəkməkdə davam edir.[20] Mütəxəssislər ehtimal edirlər ki, artan sosial narazılığın ardınca sosial etirazlar da artmaqda davam edəcək.[21] Adi etirazçılara qarşı nisbətən zəifləmiş güc tətbiqindən istifadə və bu etirazların sosial mediada işıqlandırılması səbəbi ilə böyük audiensiya tərəfindən görülməsi, potensial olaraq, yayılma effekti yarada bilər. Bu isə daha çox vətəndaşın sosial problemlərinin həlli üçün etirazları rəsmilərlə təmas üsulu kimi seçməsinə gətirib çıxara bilər. Etirazçıların əsas narahatlıqlarına cavab olaraq ədliyyə sistemində qanunun aliliyini bərqərar etmək, mülkiyyət və əmək hüquqlarını yaxşılaşdırmaq, sosial müdafiəyə və infrastruktura daha geniş investisiyalar qoymaq, korrupsiya ilə mübarizə aparmaq kimi islahatlar həyata keçirə bilməyən səlahiyyətli şəxslər genişlənən etirazlarla üzləşərək, ya repressiyalara əl atmaq, ya da güzəştə getmək kimi ağrılı dilemma qarşısında qalacaqlar.

Nəhayət, hətta siqnallama metoduna skeptik yanaşanlar da qəbul edirlər ki,  “rejim yerli narazılıqları nəzərə almayanda bu cür cavabsız qalan narazılıqlar bütövlükdə rejimə qarşı çevrilə bilər.”[22] Bu nəticə öz təsdiqini qulaq ardına vurulan lokal və konkret məsələ ətrafında etirazların  “etirazçıların rejim rəsmiləri ilə gələcək təmaslarını şəkilləndirən kollektiv kimliklərinin və kollektiv aksiya çərçivələrinin formalaşmasına” yol açdığı digər avtokratik kontekstlər öyrənilərkən də tapıb.[23] Beləliklə, rejimin etirazlara göstərdiyi münasibətlə vətəndaşların gələcək mobilizasiyası arasında oturuşmuş əlaqə mövcuddur.

Nəticə 

Bu məqalə vətəndaş etirazlarına davamlı olaraq dözümsüz münasibəti ilə tanınan avtoritar Azərbaycan idarəçiliyində etirazların dinamikasına müvəqqəti xarakterli baxışı təqdim etdi. Toplanmış məlumatlar göstərir ki, etirazçıların əsas narahatçılıqları məhkəmə problemləri, mülkiyyət və əmək hüquqları, sosial müdafiənin paylanması, infrastuktur və bir sıra digər məsələlərlə bağlı olmuşdur.  Etirazların dörddə biri polis tərəfindən dağıdılmış, əksəriyyəti isə istər pozitiv olsun, istər neqativ, heç bir rəsmi reaksiya cəlb etməmişdir. Bu, hazırkı siyasi elitanın istər legitimliyini, istərsə də birliyini möhkəmləndirməsi, həmçinin, xüsusən pandemiya dönəmində siyasi etirazların keçirilməsi mümkün olmadığı şəraitdə müxalif qrupların rejimə təhlükə kimi tamamilə sıradan çıxarılması ilə izah olunur. Sosial və iqtisadi problemlərdən narazılıq qaçılmaz olduğu üçün rəsmilər aşağı eşalon məmurlara qarşı lokal etirazların keçirilməsində maraqlıdırlar. Lakin qaldırılan problemlərin sistemli həlli mövcud olmadıqca vətəndaşların məmurlarla qeyri-ənənəvi qarşıdurması potensial olaraq mütəmadi xarakter ala və uzun vədədə rejimin legitimliyinə, həmçinin stabilliyinə problem yaratmağa başlaya bilər. Buna görə də, etiraz trendlərinin və hökumətin etirazlara reaksiyalarının mütəmadi müşahidəsi, həmçinin tədqiq edilməsi vacibdir.

 

Qeydlər və istinadlar

[1] Ruth Kricheli, Yair Livne and Beatriz Magaloni. 2011. “Taking to The Streets: Theory and Evidence On Protests Under Authoritarianism.” Paper Presented At American Political Science Association’s Annual Meeting, April, 2010 https://ssrn.com/abstract=1642040

[2] Son dövrdə daha çox tədqiqat müəyyən etmişdir ki, internet vətəndaşların məlumatlara çıxışını artırdığı üçün etiraz dinamikasını gücləndirir.

[3] Haifeng Huang, Serra Boranbay-Akan and Ling Huang. 2019. “Media, Protest Diffusion, and Authoritarian Resilience.” Political Science Research and Methods 7:1, 23-42.; Peter L. Lorentzen. 2013. “Regularizing Rioting: Permitting Public Protest in an Authoritarian Regime.” Quarterly Journal of Political Science. 8:2, 127-158.

[4] Arzu Geybulla. “Azerbaijan’s 2016: sink or swim?” Open Democracy. February 5, 2016 https://www.opendemocracy.net/en/odr/azerbaijan-s-2016-sink-or-swim/

[5] Farid Guliyev. “Azerbaijan: Low Oil Prices and Their Social Impact.” Caucasus Analytical Digest No. 83. April 21, 2016 https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=2768470

[6] Yenə orada.

[7] Johannes Gerschewski. 2013. “The Three Pillars of Stability: Legitimation, Repression, And Co-Optation in Autocratic Regimes.” Democratization 20:1, 13-38.

[8] Arkadiusz Legieć. “Reshuffle in Azerbaijan: Effects on Internal and Foreign Policy.” PISM. April 22, 2020 https://pism.pl/publications/Reshuffle_in_Azerbaijan_Effects_on_Internal_and_Foreign_Policy

[9] JAMnews. “What Seems Fishy About The ‘Hunt for Corrupt Officials’ In Azerbaijan?” JAMnews. May 6, 2020 https://jam-news.net/five-officials-arrested-in-azerbaijan/

[10] Najmin Kamilsoy. “Assessing Recent Government-Civil Society Interactions in Azerbaijan.” Baku Research Institute. January 14, 2021 https://bakuresearchinstitute.org/en/assessing-recent-government-civil-society-interactions-in-azerbaijan/

[11] Trend News Agency. “Popular Front Party, and Musavat Party Going Against National Interests of Azerbaijan – President Aliyev.” Trend News Agency. October 22, 2020 https://en.trend.az/azerbaijan/politics/3322039.html

[12] Sergei Guriev and Daniel Treisman. 2015. “How Modern Dictators Survive: An Informational Theory of the New Authoritarianism.” NBER Working Papers 21136, National Bureau of Economic Research, Inc.

[13] “Azerbaijan Country Report 2020.” BTI Transformation Index. https://www.bti-project.org/en/reports/country-report-AZE-2020.html#pos13

[14] Ron Synovitz. “Analysis: Nagorno-Karabakh War Transforms the Legacy of Azerbaijani President Aliyev.” RFE/RL. December 17, 2020 https://www.rferl.org/a/nagorno-karabakh-legacy-azerbaijani-president-aliyev/31006302.html

[15] Yenə orada.

[16] Gubad Ibadoglu. “What Does the State Budget For 2021 Promise?” Turan News Agency. January 1, 2021 https://www.turan.az/ext/news/2021/1/free/analytics/en/2.htm

[17] Gerchewski, “Three Pillars of Stability.”

[18] Guriyev and Treisman, “How Modern Dictators Survive.”

[19] Ilaha Abasli. “The Socioeconomic Impact of COVID-19 and Oil Price Fluctuations in Azerbaijan.” Boell Tbilisi. September 15, 2020 https://ge.boell.org/en/2020/09/15/socioeconomic-impact-covid-19-and-oil-price-fluctuations-azerbaijan

[20] BTI, “Azerbaijan Country Report.”

[21] Nasimi Mammadli. “Problems – Increased protests and increased police control.” Analytical Center ASTNA. March 11, 2021 https://www.astna.biz/ext/news/2021/5/subsc/pol-social/en/2061.htm

[22] Huang, Boranbay-Akan and Huang, “Protest Diffusion and Authoritarian Resilience.”

[23] Dina Bishara. 2015. “The politics of ignoring: Protest dynamics in late Mubarak Egypt.” Perspectives on Politic: 958-975.

[1] Faik Medjid. “Baku Protesters Accuse Russia of Striking Shusha with ‘Iskanders’.” Caucasian Knot. April 10, 2021 https://www.eng.kavkaz-uzel.eu/articles/55208/

[2] Hamida Giyasbayli. “Baku police disperse protest against ‘systematic killing’ of stray dogs.” OC Media. April 6, 2021 https://oc-media.org/baku-police-disperse-protest-against-systematic-killing-of-stray-dogs/

[3] Heydar Isayev. “Azerbaijani animal-rights activists silenced by police.” Eurasianet. August 12, 2021 https://eurasianet.org/azerbaijani-animal-rights-activists-silenced-by-police

[1] Heydar Isayev. “Azerbaijan’s disabled seek to restore benefits.” Eurasianet. June 18, 2021 https://eurasianet.org/azerbaijans-disabled-seek-to-restore-benefits

[2] Yenə orada.

[3] Vahid Magerramov. “Causes of water shortage and ways out.” Turan News Agency. July 10, 2020 https://www.turan.az/ext/news/2020/7/free/analytics/en/125602.htm

[4] Derek Mead. “How to Erase a Neighborhood.” VICE. January 2, 2017 https://www.vice.com/en/article/xygk9j/how-to-erase-a-neighborhood-5886b75ee47a7e45874c0c11

[5] Turan News Agency. “War participants complain about ignoring their merits” Turan News Agency. June 29, 2021  https://turan.az/ext/news/2021/6/free/Social/en/5428.htm

[6] RFE/RL’s Azerbaijani Sevice. “Thousands Rally In Baku Calling For Release Of Political Prisoners.” RFE/RL. January 19, 2020  https://www.rferl.org/a/rally-in-baku-calls-for-release-of-political-prisoners/29719285.html

[7] Human Rights Watch. “Azerbaijan: Peaceful Rallies Dispersed Violently.” Human Rights Watch. October 22, 2019 https://www.hrw.org/news/2019/10/22/azerbaijan-peaceful-rallies-dispersed-violently

[8] Məlumat bazasının yaradılması prosesində Lankina Russian Protest Event Dataset (http://eprints.lse.ac.uk/90298/) and Central Asia Protest Tracker (https://oxussociety.org/viz/protest-tracker/) kimi mənbələr xüsusilə əhəmiyyətli olmuşdur.

[9] Asgar Asgarov. “Space for Free Media in Azerbaijan Shrinking, Journalists Say.” Voice of America. May 7, 2020 https://www.voanews.com/press-freedom/space-free-media-azerbaijan-shrinking-journalists-say

[10] Nils Metternich. “Drawback before the wave?: Protest decline during the Covid-19 pandemic.” SocArXIv. May 5, 2020 https://osf.io/preprints/socarxiv/3ej72

[11] Azərbaycandakı etirazlara aid digər heç bir məlumat bazası, yaxud rəy sorğuları olmadığından aşkar etdiklərimizi müqayisəli şəkildə yoxlamaq olduqca çətindir.

[12] Derek Mead. “How to Erase a Neighborhood.” VICE. January 2, 2017 https://www.vice.com/en/article/xygk9j/how-to-erase-a-neighborhood-5886b75ee47a7e45874c0c11

[13] Turan News Agency. “War participants complain about ignoring their merits” Turan News Agency. June 29, 2021  https://turan.az/ext/news/2021/6/free/Social/en/5428.htm