Vladimir Putin özünün sonuncu prezidentlik müddətini yaşayır, amma səlahiyyət müddəti yekunlaşdıqdan sonra onun siyasi səhnədən çəkiləcəyini heç kim gözləmir.

Rusiya kağız üzərində demokratik respublikadır: Konstitusiyası, seçkili parlamenti, siyasi partiyaları, digər siyasi institutları var. Reallıq isə budur ki, Putinin 20 illik idarəçiliyi Rusiyanın imperialist tarixində mövcud olmuş samoderjaviye (1917-ci il fevral inqilabından əvvəlki Rusiyada mütləqiyyət rejimi) ənənələrini və mədəniyyətini dirçəldib. Avtoritarizmin suveren demokratiya adlandırılan Rusiya modeli formalaşdırılıb. Bu model Putinin şəxsiyyəti və birləşdirici liderliyi əsasında qurulduğu üçün müasir Rusiyanı Kreml ideoloqlarından olan Vladislav Surkovun sözləri ilə “Putinin dövləti” adlandırmaq yanlış olmaz. Heç bir təminat yoxdur ki, uzun illər ərzində qurulmuş siyasi konstruksiya, cəmiyyətdaxili və hakimiyyətdaxili güc balansı Putin getdikdən sonra ayaqda qalmağa davam edəcək. Üstəlik, o da unudulmamalıdır ki, Rusiya indi Qərblə soyuq müharibə dövrünü xartırladan geopolitik rəqabət şəraitindədir və belə bir dövrdə bu siyasətin müəllifinin təqaüdə çıxmaq barədə düşünməsi ağlabatan deyil.

Beləliklə, Kremldə hazırda ən vacib məsələ budur: necə etməli ki, Putin prezidentlikdən getsə belə, hakimiyyətdən getməsin? Bu vəzifəyə nail olmağın yolu kimi ağıla gələn ilk ideyalar bu idi ki, bir nəfərin ardıcıl iki dəfədən çox prezident seçilməsini əngəlləyən müddəa Konstitusiyadan çıxarıla, yaxud parlament üsul-idarəsinə keçərək Putinin real səlahiyyətlərlə baş nazir olması təmin edilə bilər. Lakin Putin 2008-ci ildə bu variantları qəbul etmədi və Konstitusiya dəyişikliyinə getmədən baş nazir kreslosuna əyləşərək ölkəyə nəzarəti əlində saxladı. Onun yenə Konstitusiya dəyişikliyinə isti baxmadığı və bu üsula əl atmayacağı rusiyalı təhlilçilər tərəfindən tez-tez vurğulanır.

Bu il Qazaxıstanda Nursultan Nazarbayev hakimiyyətdən getmiş kimi davranıb, əslində getməməyin fərqli bir modelini ortaya qoydu: Təhlükəsizlik Şurasının səlahiyyətlərini genişləndirərək bu qurumun sədri qismində dövlətin rəhbəri kimi qalmağa davam etmək. Bu da Konstitusiya dəyişikliyi və hakimiyyət strukturları arasında yeni səlahiyyət bölgüsü, yaxud onların səlahiyyət çərçivəsinin yenidən müəyyənləşdirilməsini tələb edən yoldur və Putinin bu modeli bəyəndiyi barədə hələ ki heç bir məlumat yoxdur. Son aylarda isə başqa bir variant aktuallaşıb: Rusiya-Belarus İttifaq Dövlətinin daha dərin inteqrasiyası, yəni faktiki olaraq birləşməsi və Vladimir Putinin bu dövlətin rəhbəri olması. Bu həm Putinin şəxsi siyasi ambisiyalarına – yəni hakimiyyətini davam etdirmə niyyətinə, həm də Rusiya ətrafındakı geosiyasi situasiyaya uyğun olan orijinal ideyadır, bundan yaxşısını düşünmək bəlkə də mümkün deyildi. 

Qısa xatırlatma: Rusiya-Belarus İttifaqı barədə müqavilə və onun Nizamnaməsi 1997-ci ildə imzalanıb. 1999-cu il dekabrın 8-də ittifaq dövlətinin yaradılması haqqında dövlətlərarası müqaviləyə imza atılıb, müqavilənin həyata keçirilməsi üçün fəaliyyət proqramı qəbul edilib. Sənəd 2000-ci ilin yanvarında hər iki ölkə parlamentləri tərəfindən ratifikasiya edilərək qüvvəyə minib. Müqaviləyə uyğun olaraq ittifaq dövlətinin Ali Dövlət Şurası, Nazirlər Şurası, Daimi Komitəsi və Parlament Məclisi yaradılıb. Müqavilədə iqtisadi sahədə vahid qanunvericilik, vahid vergiqoyma, ümumi emissiya mərkəzi olan vahid valyutaya keçid, vahid qiymət siyasəti və tariflər, ümumi qiymətli kağızlar bazarı və dövlət istiqrazları, ümumi maliyyə-kredit siyasəti və gömrük rüsumları, vahid enerji, nəqliyyat və telekommunikasiya sistemləri, vahid pensiya təminatına nail olmaq kimi mühüm addımlar nəzərdə tutulur. Bunların hamısı həyata keçirilsəydi, iki ölkə arasında tam iqtisadi inteqrasiya baş tutmuş olacaqdı. Lakin indiyədək bu müddəalar kağız üzərində qalıb. Yalnız vahid gömrük məkanı və azad ticarət zonası yaradılıb ki, bu da əslində Avrasiya İqtisadi Birliyinin tələbidir. İttifaqın dövlət quruluşunu və hüquq sistemini müəyyən edən Konstitusiya Aktının, vahid simvolikanın və himnin qəbul edilməsi də indiyədək baş tutmayıb. 

İnteqrasiya məsələsi necə aktuallaşdı?

Mövzu 2018-ci il dekabrın 6-da Avrasiya İqtisadi Birliyi dövlət başçıları səviyyəsində Sankt-Peterburqda keçirilən toplantısından sonra gündəmi məşğul etməyə başladı. Həmin toplantıda Belarusa satılan Rusiya qazının qiyməti ilə əlaqədar prezidentlər Vladimir Putin və Aleksandr Lukaşenko arasında mübahisə baş vermişdi. Lukaşenko qazın qiymətinin yüksək olmasından şikayətləndiyi halda, Putin əksinə, Belarusa Avropa ilə müqayisədə xeyli ucuz qiymətə qaz satdıqlarını bildirmiş, sonra müzakirə bağlı qapılar arxasında davam etdirilmişdi.

Mübahisə doğuran digər məsələ Rusiya qanunvericiliyinə neft sənayesi ilə bağlı “vergi manevri” deyilən əlavə və dəyişikliklərin edilməsidir. 2019-cu il yanvarın 1-dən etibarən 6 il müddətinə qüvvəyə minən vergi manevri 2024-cü ilə qədər neft və neft məhsullarının ixrac rüsumlarının sıfırlanmasını və faydalı qazıntıların hasilatı üzrə vergilərin artırılmasını nəzərdə tutur. Bu qərara qədər Belarus Rusiya neftini rüsumsuz alırdı və əlverişli şərtlərlə bu ölkədən ildə 24 milyon ton neft idxal edirdi. Vergi manevri Belarusu bu imtiyazdan məhrum etdi. Qərar nəticəsində 6 il ərzində 10,8 milyard dollar həcmində itkiyə məruz qalacağını hesablayan Belarus hökuməti Rusiyadan kompensasiya tələb edir. Başqa bir hesablamaya görə, Belarusun itkiləri 4 il ərzində 11 milyard dollar təşkil edə bilər. Prezident Lukaşenko öz hökumətinə alternativ mənbələr axtarmağı və Rusiyadan asılılığı azaltmağı tapşırıb.

2018-ci il dekabrın 13-də ittifaq dövlətinin Nazirlər Şurasının Brestdə keçirilən iclasında Rusiyanın baş naziri Dmitri Medvedev problemlərin həlli yolu kimi ilk dəfə olaraq inteqrasiyanın dərinləşdirilməsini gündəmə gətirib. İqtisadi problemlərin həllinin siyasi əməkdaşlığın səviyyəsindən asılı olduğuna işarə edən Medvedev 2 inteqrasiya ssenarisi təklif edib: birinci – konservativ ssenariyə əsasən, inteqrasiya səviyyəsini 1999-cu il 8 dekabr müqaviləsində nəzərdə tutulan səviyyəyə yüksəltmədən hazırkı şəkildə davam edilməlidir; ikincisi tərəqqi ssenarisidir və 1999-cu il müqaviləsində nəzərdə tutulan bütün müddəaların reallaşdırılmasını, iqtisadiyyatların qarşılıqlı asılılığının yüksəldilməsini və ittifaq quruculuğu dövründə Belarusa yardımları ehtiva edir. Medvedev vahid tarif-qiymət siyasəti müəyyən edilməsini, başqa sözlə, Belarusun tələblərinin qəbulunu yalnız ikinci ssenari daxilində mümkün sayıb. Ötən il dekabrın 28-də baş nazir Medvedev Rusiya və Belarusun inteqrasiyası üzrə işçi qrupun yaradılması haqqında əmr imzalayıb. 2019-cu il aprelin 17-də isə o, Dövlət Dumasındakı hesabat çıxışında inteqrasiya barədə təkliflərini Belarusa təqdim etdiklərini açıqlayıb.

Göründüyü kimi, Rusiya dərin inteqrasiya (faktiki olaraq vahid dövlət) ideyasının həyata keçirilməsinin mümkünlüyünə inanır və bu istiqamətdə real addımlar da atmağa başlayıb. Qarşı tərəfi razı salmaq və ya məcbur etmək üçün klassik qamçı və kökə siyasətindən istifadə edilir. Belarusa razılaşmayacağı halda nələr itirəcəyi, razılaşacağı halda isə əksinə, nələr qazanacağı praktik şəkildə nümayiş etdirilir.

Qamçı, yəni təzyiq siyasəti təkcə neft-qaz sahəsi ilə məhdudlaşmır. Rusiya bu il aprelin 4-dən etibarən Belarusdan sümüklü mal ətinin idxalına müvəqqəti qadağa tətbiq edib. 2018-ci ildə Belarus Rusiyaya 517 milyon dollar dəyərində mal əti ixrac edib, bunun 70%-i sümüklü ət olub. 2019-cu il aprelin 12-dən isə Rusiya bu ölkədən alma-armudun idxalına qadağa qoyub. Rosselxoznadzor (Veterinar və fitosanitar nəzarət üzrə Federal Xidmət) Belarus göbələklərinin, bu ölkədə yetişdirilən Çin kələminin və çiyələyin idxalını da dayandıra biləcəyini açıqlayıb. Belarusun süd və süd məhsulları istehsal edən bir çox müəssisəsi də çoxdan Rusiyanın qadağalar siyahısındadır. 

Kökə, yəni şirnikləndirici siyasətə misal olaraq isə ötən illərdə olduğu kimi, Belarusun kreditləşdirilməsinin davam etdirilməsini göstərmək olar. Rusiyanın maliyyə naziri Anton Siluanov Belarusa köhnə borclarını ödəyə bilməsi üçün 600 milyon dollar həcmində kredit ayrılacağını, bundan başqa, Avrasiya İnkişaf və Stabilləşmə Fondunun Belarusa ayırdığı 2 milyard dollarlıq kreditin 200 milyon dollarlıq tranşının da aprelin sonuna qədər bu ölkəyə köçürüləcəyini açıqlayıb. Baş nazir Dmitri Medvedev Belarusa indiyədək ayırdıqları kreditlərin həcminin 6,5 milyard dolları aşdığını söyləyərək qarşı tərəfin nankorluğuna eyham vurub. “Biz bu pulları öz iqtisadiyyatımızdan çıxararaq Belarusa veririk. Hətta geri qaytarılmasını da tələb etmirik, bizim üçün Qərbin maliyyə bazarlarının bağlı olduğu bir vaxtda tərəfdaşımızın xahişi ilə bu kreditlərin ödəniş müddətini uzadırıq. Bunu qiymətləndirmək lazımdır” – deyə Medvedev vurğulayıb. 

Lukaşenkonun müqaviməti

Belarus prezidenti Aleksandr Lukaşenkonun bəyanatları və davranışları göstərir ki, “Avropanın sonuncu diktatoru” ölkəsinin suverenliyini və müstəqilliyini qorumaqda hələ ki qərarlıdır. O, Rusiyanın dərin inteqrasiya dedikdə məhz Belarusu özünə birləşdirməyi nəzərdə tutduğunu açıq ifadə edib. “Mən bu eyhamları başa düşürəm: nefti alın, amma ölkəni dağıdın və Rusiyanın tərkibinə daxil olun. Bəziləri birbaşa deyirlər ki, biz sizin altı vilayətlə birlikdə Rusiyanın tərkibinə daxil olmağınıza hazırıq. Əgər bizi Jirinovskinin təklif etdiyi kimi, vilayətlərə bölərək Rusiyanın tərkibinə dürtmək istəyirlərsə, bu, heç vaxt olmayacaq. Yadda saxlayın: bizim üçün suverenlik müqəddəsdir, mən bunu əvəllər də söyləmişəm”, – deyə Lukaşenko vurğulayıb. Onun sözlərinə görə, bu gün Belarusda Rusiyaya birləşmək məsələsi referenduma çıxarılarsa, əhalinin 98%-i bunun əleyhinə olar. Lukaşenko iqtisadi-ticarət sahəsində Rusiyanın tətbiq etdiyi qadağalara da çox sərt reaksiya verərək bunu Belarusa qarşı sanksiya kimi qiymətləndirib və qarşı tərəfin azğınlaşdığını bildirib. Minsk cavab tədbiri kimi 2019-cu il mayın 1-dən etibarən Rusiya neftinin Drujba kəməri vasitəsilə Belarus ərazisi ilə Avropaya tranzit haqqını 23% artıracağını bəyan edib. Lukaşenko Belarusdan keçən, Rusiya neftini və neft məhsullarını Avropaya nəql edən kəmərlərin işinin təmir səbəbi ilə dayandırıla biləcəyini də söyləyib. 

Rusiyanın Belarusdakı səfiri Mixail Babiçin fəaliyyəti ilə əlaqədar iki ölkə arasında diplomatik səviyyədə də gərginlik yaranmışdı. Babiç peşəkar diplomat deyil və 2018-ci ilin avqustunda Rusiya prezidentinin Privoljsk diyarında səlahiyyətli nümayəndəsi vəzifəsindən birbaşa Belarusa səfir göndərilib. Babiç təyinat ölkəsində Rusiya səfirlərinə xas olmayan aktivlik göstərirdi. Belə ki, o, tez-tez Belarusun müxtəlif vilayətlərinə, şəhər və rayonlarına səfərlər edir, yerli müəssisələrin kollektivləri, iş adamları, hətta müxaliflərlə görüşlər keçirirdi. Minsk səfirin bu addımlarını Belarusun suverenliyinə hörmətsizlik kimi qiymətləndirirdi. Belarus XİN-dən bildirmişdilər ki, səfir Rusiyanın federal dairəsi ilə suveren dövlət arasındakı fərqi görmür.  Aprelin son günləri bu istiqamətdə maraqlı hadisələr baş verdi. Əvvəlcə 27 apreldə Bir yol, bir kəmər beynəlxalq forumu çərçivəsində Pekində Putin və Lukaşenko arasında görüş keçirildi. Belarus başçısı bu görüşdən dərhal sonra forumun işində iştirak etmədən vətənə döndü. Görüşdən 3 gün sonra Rusiya prezidenti Belarusdakı səfirin geri çağırılması haqqında fərman imzaladı. Babiçin əvəzinə yenə siyasi təyinat həyata keçirildi və Federasiya Şurasının üzvü Dmitri Mezentsev Belarusa səfir göndərildi. Belarusda isə yüksək vəzifəli şəxslərin həbsləri baş verdi. Əvvəlcə Təhlükəsizlik Şurası sədrinin müavini, prezidentin mühafizə xidmətinin keçmiş rəhbəri Andrey Vtyurin vəzifəsindən azad edilərək həbs olundu. Sonra isə Belarus milli rabitə operatoru Beltelekomun baş direktoru Sergey Sivodedovun saxlanıldığı barədə xəbər yayıldı. Hər iki həbs Belarus Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilib və formal ittiham korrupsiya cinayətləridir. Lakin həbslərin zamanlaması real səbəbin siyasi xarakterli olması barədə düşünməyə əsas verir. 

Belarusun Qərb və Rusiya üçün önəmi

Rusiya ilə soyuqluğun yarandığı, birləşmə söhbətlərinin aktuallaşdığı bir dövrdə Belarus-ABŞ münasibətlərinin nisbətən yaxşılaşması təsadüf sayıla bilməz. Son aylar ABŞ rəsmilərinin və qeyri-rəsmi təmsilçilərinin Belarusa səfərlərinin intensivliyinə və səviyyəsinə diqqət edək: 2018-ci il oktyabrın 31-də ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Uess Mitçel Belarusa səfər edib və Lukaşenko ilə görüşüb. Belarus prezidenti bunu tarixi səfər kimi qiymətləndirib və ölkəsinin müstəqilliyi və suverenliyinin önəmini bir daha vurğulamaq ehtiyacı hiss edib. Bu səfərdən qısa müddət sonra – noyabrın 5-də ABŞ analitik mərkəzlərinin nüfuzlu nümayəndələri (o cümlədən, ABŞ-ın Avropadakı quru qoşunlarının sabiq komandanı, general Ben Hodges) Belarusa səfər ediblər və Lukaşenko ilə görüşüblər. Bu il aprelin əvvəlində isə ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent Belarusda səfərdə olub. Səfərlərin nəticəsi olaraq Belarus hökuməti ABŞ-ın Minskdəki səfirliyinin əməkdaşlarının say tərkibi ilə bağlı 2008-ci ildən bəri tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb. İndiyədək səfirlikdə cəmi 6 diplomatın çalışmasına icazə var idi, Vaşinqton bu sayı istədiyi qədər artıra biləcək, bu isə ABŞ-ın Belarusa marağının artması və bu ölkəyə verdiyi önəmin göstəricisidir. 

Aleksandr Lukaşenko son illər Rusiyaya loyallıq göstərmir, Qərblə geosiyasi mübarizəsində Putini tək buraxır. Belarus Krımı Rusiya ərazisi kimi, Abxaziya və Cənubi Osetiyanı isə müstəqil dövlət kimi hələ də tanımır. Bundan başqa, Rusiya Belarus ərazisində hərbi hava qüvvələri bazası yaratmaq istədiyi halda, Lukaşenko buna ehtiyac görmür.

Belarusun dənizə çıxışı olmamasına baxmayaraq, geostrateji baxımdan əhəmiyyətli məntəqədir, xüsusən son illər regionda yaranmış vəziyyətlə əlaqədar bu ölkənin önəmi daha da artıb. Belarus NATO-nun 3 üzv dövləti (Polşa, Litva, Latviya) və Ukrayna ilə həmsərhəddir. Krımın Rusiya tərəfindən ilhaqından və Ukraynanın şərqindəki müharibədən sonra NATO dəyişən vəziyyətə adaptasiya məqsədilə yeni strategiya müəyyənləşdirib. NATO Rusiya ilə həmsərhəd olan üzv dövlətlərin ərazisində hərbi infrastruktur qurmağa və orada hərbi kontingent yerləşdirməyə başlayıb. Bundan əlavə, ABŞ Polşada hərbi bazalar yaratmağa başlayıb və Almaniyadan sonra say tərkibinə görə ABŞ-ın Avropadakı ən böyük kontingenti məhz Polşada yerləşdiriləcək. Rusiya isə yeni diviziyalar formalaşdıraraq özünün qərb sərhədlərində yerləşdirir. Rusiya hökuməti çox istəyərdi ki, müdafiə xəttini ölkənin içərisində deyil, daha irəlidə qursun. Belarus ön zastava rolu üçün çox əlverişlidir. Polşadakı ABŞ qüvvələrinə qarşı bu ölkə ilə həmsərhəd olan Belarusda möhkəmlənmək Rusiya hərbi strateqlərinin arzusudur. Belarusun hərbi-strateji baxımdan önəmi həm də onunla bağlıdır ki, ölkə ehtimal olunan Rusiya-NATO savaşı zamanı çox vacib plasdarm rolunu oynaya bilər. Polşa-Litva sərhəd zonasında Suvalki adlanan təxminən 100 km-lik quru dəhlizi var. Bu torpaq parçası NATO üçün Axilles dabanı sayılır. Müharibə zamanı Rusiya Belarus ərazisindən sürətli həmlə ilə bu dəhlizi nəzarətə götürərək həm özünün Kalininqrad anklavına quru yolu aça, həm də Baltik ölkələrini Polşadan, yəni digər NATO dövlətlərindən təcrid edə bilər. Brüsseldə hesab edirlər ki, Rusiyanın 2017-ci ildə Belarusda baş tutan Qərb-2017 təlimlərində məhz bu hücum əməliyyatı sınaqdan keçirilib. NATO isə öz növbəsində həmin il Litvada keçirdiyi təlimlərdə Suvalki dəhlizinin müdafiəsi üzrə taktikaları sınayıb.

Qərb ölkələrinin “Avropanın son diktatoru” epitetindən imtina edərək Lukaşenko ilə dialoq qurması onların Rusiyanın planlarına mane olmaq niyyətindən qaynaqlanır. Lukaşenko avtoritar rejim qursa da, indiyədək müxtəlif manevrlərlə ölkəsinin müstəqilliyini və suverenliyini qoruya bilib. Əgər Belarusda hakimiyyət dəyişikliyi baş verərsə, heç bir təminat yoxdur ki, ölkə mövcud status-kvonu qoruyub saxlayacaq: Rusiyaya yaxın qüvvələr hakimiyyətə gələrsə, onlar Rusiyanın “dərin inteqrasiya” təklifinə razılıq verə bilər, qərbyönümlü qüvvələrin iqtidara gəlməsi isə Belarusun Rusiya tərəfindən işğal olunması riskini yaradar. Məhz bu səbəblə Lukaşenko Qərb üçün məqbul, hətta qiymətli tərəfdaşa çevrilməyə başlayıb.

Əgər Rusiyanın planları baş tutarsa, iki mühüm vəzifə yerinə yetirilmiş olacaq: birincisi, Putinin Krımın ilhaqı ilə başlayan Rusiyanı daha da böyütmək, keçmiş imperiya torpaqlarını bir bayraq altında toplamaq siyasəti uğurla davam etdirilmiş olacaq və Rusiya NATO sərhədlərində Belarus kimi vacib plasdarm əldə edəcək; ikincisi, Konstitusiyanı dəyişməyə ehtiyac qalmadan Putinin əbədi liderliyi təmin ediləcək və o, ittifaq dövlətinin rəhbəri qismində Rusiyanın başında qalmağa davam edəcək. Bir sözlə, 2024-cü ilin Rusiya və dünya siyasi tarixi baxımından kritik illərdən biri olacağına şübhə yoxdur.