Son aylar sosial şəbəkələrdəki azərbaycanlıların və azad mətbuatın ən əhəmiyyətli müzakirə mövzularından biri London məhkəməsindən (Westminster Magistrates’ Court) gələn xəbərlər idi. Əvvəlcə iyun ayının 30-da qüvvəyə minmiş yeni məhkəmə qərarı ilə Britaniya mətbuatında uzun müddət “azərbaycanlı cütlük” kimi təqdim olunan şəxslərin adlarının ictimailəşdirilməsinə qoyulmuş əvvəlki məhkəmə qadağası ləğv olundu və üç il ərzində tam məxfi şəraitdə aparılmış bu prosesin iki azərbaycanlı qəhrəmanının adları ilk dəfə olaraq ictimaiyyətə açıqlandı. Bu məhkəmə qərarını cəmiyyətimiz üçün maraqlı edən təkcə sözügedən cütlüyün azərbaycanlı olması və onların Britaniyada bir neçə multimilyonluq dəbdəbəli əmlaklara sahib olması deyil, barəsində məhkəmə qərarı çıxarılan bu iki nəfərin həm də Azərbaycanda çox nüfuzlu şəxslərin yaxın qohumları olmasıdır. İspaniyanın məşhur İbiza kurort adasında və London klublarında DJ Mikaela Jav təxəllüsü ilə tanınan İzzətxanım Cavadova akademik Cəlal Əliyevin qızı (yəni prezident İlham Əliyevin əmisi qızı), onun əri Süleyman Cavadov isə Energetika nazirinin keçmiş müavini Gülməmməd Cavadovun  oğludur.

Beynəlxalq Şəffaflıq Təşkilatının Britaniya bölməsinin (Transparency International UK) apardığı araşdırmalara görə, Azərbaycandan aparılmış və mənbəyi şübhə doğuran sərvətlər hesabına Britaniyada ən az 340 milyon funt sterlinq dəyərində daşınmaz əmlak satın alınmışdır. Təsadüfi deyil ki, Britaniyanın korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə sahəsindəki yeni qanununun 2018-ci ildə qüvvəyə minməsindən bu günə kimi olan müddətdə hüquq-mühafizə orqanları qanunsuz yollarla əldə edilmiş sərvətlərini Britaniyaya ötürməkdə şübhəli bilinən xarici ölkə rəsmilərinə və onların ailə üzvlərinə qarşı cəmi 4 irimiqyaslı istintaq işi başladıb və Cavadovlar işi bu dörd iş içərisində azərbaycanlılarla bağlı olan sayca artıq ikinci işdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı başladılmış birinci istintaq işi isə korrupsiya ilə mübarizə sahəsindəki yeni qanunvericiliyin qüvvəyə minməsindən sonra Britaniya hökumətinin xarici ölkələrdən olan korrupsioner məmurlara və onların ailə üzvlərinə qarşı başlatdığı ilk istintaq işi kimi tarixə düşüb.

Sözügedən məhkəmə qərarının qüvvəyə minməsindən və adlarının ictimailəşdirilməsindən cəmi 5 gün sonra isə Britaniya mətbuatı məlumat verdi ki, üç ilə yaxın müddətdə istintaq orqanları ilə məhkəmələrdə çəkişən Cavadovlar özləri üçün sərfəli sayıla biləcək şərtlərlə sövdələşməyə gedərək, məhkəmə prosesini tam dayandırmağa və onlara qarşı irəli sürülmüş bütün ittihamlardan qurtulmağa nail olmuşlar. Məhkəmə prosesində Cavadovların öz sərvətlərini “korrupsiya, talama və ya mənimsəmə” yolu ilə əldə etdiyinə dair əsaslı dəlillərə malik olduğunu bildirən hüquq-mühafizə orqanlarının tam qələbə qazanmaq ərəfəsində olduğu bir vaxtda belə bir sövdələşməyə getməsi həm mətbuatda, həm də prosesi müşahidə edən mütəxəssislərdə və vətəndaş cəmiyyəti qurumlarında haqlı suallar doğurdu.

Zamirə Hacıyeva işindən fərqli olaraq Cavadovların üç il ərzində davam etmiş istintaq işinin və məhkəmə proseslərinin hətta Britaniya standartları üçün də qeyri-adi hesab oluna biləcək dərəcədə gizli aparılması bu işlə bağlı ictimaiyyət üçün əhəmiyyətli olan bir çox təfərrüatların bu günə kimi naməlum qalması ilə nəticələnmişdir. Bununla belə, həm ictimaiyyətə kifayət qədər açıq keçirilmiş Zamirə Hacıyeva işi ilə müqayisəli təhlil apararaq, həm də Britaniya qanunvericiliyinin müvafiq müddəalarına əsaslanaraq Cavadovlar işinin ictimaiyyətə açıqlanmamış önəmli təfərrüatları və hüquq-mühafizə orqanlarının Cavadovlarla sövdələşməyə getməsinin mümkün səbəbləri barədə bir sıra mülahizələr irəli sürmək mümkündür. 

Britaniyaya qanunsuz yollarla milyonlar gətirməkdə təqsirləndirilən azərbaycanlı cütlük

Cavadovlar işi ilə bağlı işıq üzü görən bəzi təfərrüatlardan məlumdur ki, hər iki şəxs Britaniyaya çirkli pullar (yəni korrupsiyadan və ya digər qanunsuz yollardan əldə edilmiş pullar) gətirməkdə şübhəli bilindiyi üçün 3 ilə yaxın bir müddətdə Britaniya hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqın və məhkəmə araşdırmasının hədəfinə çevrilibmiş. Bu müddət ərzində Cavadovların Azərbaycandan Britaniyaya apardığı külli miqdarda şübhəli sərvətlərlə bağlı hərtərəfli istintaq tədbirləri həyata keçirilmiş, məhkəmə dinləmələri baş tutmuş, işlə bağlı müəyyən məhkəmə qərarları çıxarılmış, hətta Cavadovların müxtəlif banklardakı 10 bank hesabında olan milyonlarla vəsaitə həbs qoyulmuşdur. Bununla belə, maraqlı olan budur ki, aşağıda haqqında bəhs edəcəyimiz digər bu tip işlərdən fərqli olaraq, Cavadovların işi üzrə nəinki istintaq prosesi, hətta məhkəmə dinləmələri də uzun müddət maksimal məxfilik şəraitində aparılmış, 2 ilə yaxın müddətdə bu mövzunu hətta Britaniya mətbuatından da gizli saxlamağa müvəffəq olmuşdular.

Bu istintaq işinin mövcudluğu haqda ilk dəfə məlumatı Britaniyanın Evening Standard adlı qəzeti əldə edəndə artıq hüquq-mühafizə orqanları “azərbaycanlı cütlük” ilə bağlı istintaq işini bitirib məhkəməyə müraciət etmiş, tam məxfilik şəraitində bir sıra məhkəmə dinləmələri keçirilmiş, hətta həmin şəxslərin hesablarına həbs də qoyulubmuş. Evening Standard qəzeti Cavadovlar işi barədə ilk məlumatı isə keçən il – yəni yuxarıda qeyd olunan bütün proseslər bitəndən sonra, özü də məhkəmədə apardığı uzun və çətin mübarizə nəticəsində dərc etməyə nail olmuşdu. Məhkəmədə apardığı mübarizə gedişində qəzet hakimi inandıra bilmişdi ki, ədalət şəffaf olmalıdır prinsipi ilə bu işin detalları ictimaiyyətə açıqlanmalıdır. Lakin Cavadovların və vəkillərinin ciddi səyləri nəticəsində iki il davam etmiş bu anonimlik qərarının tam ləğvi də dərhal baş vermədi. Əvvəlcə məhkəmə qəzetin yalnız adlar redaktə olunmuş məhkəmə sənədləri ilə tanış olmasına və proses barədə yalnız cavabdehlərin adlarının açıqlanmaması şərtilə məlumat dərc etməsinə icazə verdi. Bu səbəbdən də keçən ildən bəri mətbuat Cavadovlar haqqında yalnız “azərbaycanlı cütlük” və “cənab X və xanım Y” ifadələrini işlədə bilirdi. Lakin adların ictimaiyyətdən gizlədilməsi ilə barışmayaraq bu məsələdə tam şəffaflıq tələb edən Evening Standard qəzeti məhkəmədə mübarizəsini davam etdirdi və nəhayət bu ilin iyun ayında hakim cavabdeh şəxslərin adlarının da ictimailəşdirilməsinə icazə verdi.

Diqqət cəlb edən məqamlardan biri də budur ki, sonradan mətbuata sızan məlumatlardan da aydın olduğu kimi, qəzet bu işin gizli saxlanılmasına qarşı məhkəmədə mübarizə apararkən Britaniyanın hüquq-mühafizə orqanları uzun müddət məhkəmədə bu məsələyə tam neytral qalaraq, qəzetin şəffaflıq tələbi ilə məhkəməyə etdiyi müraciətlərə heç bir dəstək verməmişdir. Yalnız bu ilin may ayında ilk dəfə olaraq hüquq-mühafizə orqanları öz mövqelərini dəyişərək, anonimliyin aradan qaldırılması məsələsində qəzetin müraciətlərinə dəstək vermişdir. Məhz bundan sonra hakim Vanessa Baritser (London məhkəməsi) nəinki Cavadovların kimliyinin anonim saxlanılmasına son qoymuş, hətta Cavadovların əmlakının müsadirə edilməsi ilə bağlı 5 iyul tarixinə təyin edilmiş məhkəmə iclasının da ictimaiyyətə açıq şəkildə keçirilməsinə, dolayısıyla cütlüyə qarşı irəli sürülmüş bütün ittihamların və məhkəmə materiallarının tam ictimailəşdirilməsinə icazə vermişdir.

Görünür, qərarın məhz bu hissəsinin təsiri altında, yəni onlara qarşı irəli sürülmüş rəsmi ittihamların və məhkəmə sənədlərinin tam şəkildə ictimailəşdiriləcəyi təhlükəsi ilə üzləşən Cavadovlar üç ilə yaxın bir müddətdə dirəniş göstərdikləri istintaq orqanları ilə razılığa gəlmək qərarını verdilər. Məlum məhkəmə qərarının qüvvəyə minməsindən və adlarının mətbuatda hallanmasından cəmi 5 gün sonra – özü də ilk açıq məhkəmə iclasının keçiriləcəyi gün (5 iyul 2021) onlar tez-tələsik istintaq orqanlarının şərtləri ilə razılaşaraq sövdələşməyə getdilər. Sövdələşmənin şərtlərinə görə, Cavadovlar həbs qoyulmuş hesablarındakı 6,4 milyon funt sterlinqdən 4 milyonunun Cinayətkarlığa qarşı Milli Agentlik tərəfindən müsadirə edilməsinə razılaşdı, Agentlik isə öz növbəsində müsadirə edilən məbləğlə öz iddiasının təmin edildiyini bəyan edərək, cütlüyün geri qalan sərvətlərinin mənbəyini araşdırmağı dayandırdı. Sövdələşmənin bir vacib nəticəsi də bu idi ki, tərəflərin razılaşmasından sonra artıq ortada heç bir məhkəmə mübahisəsi qalmadığından məhkəmə materiallarının geri qalan hissəsi bundan belə daha ictimailəşdirilməyəcək. Vəkillərinin sövdələşmədən sonra mətbuata verdiyi açıqlamadan da hiss olunur ki, məhkəmə materiallarının tam şəkildə ictimailəşdirilməməsi Cavadovlar üçün çox əhəmiyyətli məsələ imiş.

Bununla belə, işin bütün təfərrüatları arxivə gömülmədən əvvəl məhz Evening Standard qəzetinin sayəsində işıq üzü görmüş məlumatlardan aydın oldu ki, Britaniyada bu kateqoriyadan olan cinayətlərin təqibini həyata keçirən Cinayətkarlığa qarşı Milli Agentlik (National Crime Agency) adlı istintaq orqanı Cavadovları ofşor şirkətlər vasitəsilə bir neçə il ərzində Britaniyaya çirkli pul daşımaqda, daşıyıb gətirdikləri çirkli pulları Londonda və İbizada özlərinə beş multimilyonluq lüks ev və mənzillər satın almağa və zəngin həyat tərzi qurmağa sərf etməkdə ittiham edirmiş. Agentlik məhkəməyə müraciətində bildirirmiş ki, istintaq orqanlarının əlində Cavadovların Britaniyaya 14 milyon funt sterlinq (yəni təqribən 33 milyon AZN) pul gətirdiyinə və həmin pulların məhz “korrupsiya, talama və ya mənimsəmə”dən əldə edildiyinə dair əsaslı şübhələr və dəlillər var.

Britaniya hökuməti çirkli pullarla əmlak almış şəxslərə qarşı necə mübarizə aparır?

Britaniyanın uzun illərdən sonra birdən-birə korrupsioner məmurların çirkli pullarını təqib etməyə başlamasının səbəbləri nə idi?

Britaniya adaları təqribən iyirmi ilə yaxındır ki, beynəlxalq miqyasda maliyyə cinayətləri törədən, xüsusən də qanunsuz yollarla varlanmış və bu çirkli pulları yumağa – yəni legitimləşdirməyə çalışan korrupsioner siyasətçilər və məmurlar üçün əsl “cənnət” məkanına çevrilib. Bu iyirmi ildə ölkənin adı davamlı olaraq böyük beynəlxalq qalmaqallarda hallanıb. İnkişaf etməkdə olan ölkələrdən dövlət əmlakını talan edərək oğurladıqları sərvətləri qanunsuz yollarla Britaniyaya gətirib özlərinə çox bahalı mülklər alan, ifrat dərəcədə dəbdəbəli həyat quran siyasi elitlərin və onların ailə üzvlərinin xəbərləri səngimək bilməyib.

Bu tip cinayətlərin artan templə törədilməsinə şərait yaradan, cinayətkarlarla mübarizəni çətinləşdirən qanun boşluqlarının təcili olaraq aradan qaldırılmasına istər Britaniya daxilində, istərsə də beynəlxalq aləmdə çağırışlar son illərdə çox güclənmişdi. Britaniyanın bu sahədə 2002-ci ildə qəbul edilmiş Cinayət yolu ilə Əldə Edilmiş Gəlirlər 2002  (Proceeds of Crime Act 2002)  adlandırılan qanunu qüvvədə olsa da, həmin qanun çirkli pulların yuyulması mexanizmlərinin dövlət orqanları tərəfindən effektiv şəkildə təqib olunmasına və cəzalandırılmasına o qədər də uyğun deyildi. Belə bir vəziyyətdə, yəni həm güclü daxili, həm də beynəlxalq təzyiqlər altında Britaniya 2017-ci ildə Cinayət yolu ilə əldə olunmuş Vəsaitlər 2017 (Criminal Finances Act 2017) adlı yeni qanunu və Çirkli Pulların Yuyulmasına qarşı Qaydalar 2017 (Money Laundering Regulations 2017) adlı yeni mexanizmləri qəbul edərək, korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə sahəsinə çox önəmli yeniliklər gətirdi.

Bu yeni qaydalardan birinə görə, Siyasi Əhəmiyyətli Şəxs (PEP – Politically Exposed Person) kateqoriyasına daxil olan şəxslər Britaniyada maliyyə əməliyyatları edərkən onlara xidmət göstərən maliyyə institutları, o cümlədən banklar bu tip müştəriləri ilə bağlı müəyyən əlavə araşdırmalar həyata keçirməli, hüquq-mühafizə orqanlarına Şübhəli Fəaliyyət Hesabatı (Suspicious Activity Report)  təqdim etməlidir.

Yeni qaydalarda Siyasi Əhəmiyyətli Şəxs anlayışına verilmiş tərifə görə, bu kateqoriyaya ilk növbədə əhəmiyyətli ictimai və ya dövlət vəzifəsi tutan şəxslər; dövlət və hökumət başçıları, nazirlər və nazir müavinləri; parlament üzvləri; siyasi partiyaların rəhbər orqanlarının üzvləri; ali məhkəmələrin və konstitusiya məhkəmələrinin hakimləri; mərkəzi bankların direktorlar şuralarının üzvləri; hərbi qüvvələrin yüksək rütbəli zabitləri; dövlət şirkətlərinin rəhbər şəxsləri, habelə bütün bu sadalanan şəxslərin ailə üzvləri və onlarla yaxın şəxsi və ya biznes əlaqələri olan insanlar daxildir. Bu tip şəxslər tutduqları vəzifə və səlahiyyətlər, sahib olduqları əlaqələr səbəbilə korrupsiya və çirkli pulların yuyulması kimi maliyyə cinayətlərinə bulaşma riski yüksək olan şəxslər hesab olunur.

Londonda ilk mənzilini (bugünkü dəyəri 16 milyon AZN) hələ 2005-ci ildə almış İzzətxanım Cavadovanın atası Cəlal Əliyev – Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, parlamentin deputatı, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü olub. Digər tərəfdən, Cavadovanın həyat yoldaşı Süleyman Cavadovun atasının da nazir müavini olduğunu nəzərə alsaq, Britaniyanın korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə sahəsindəki yeni qaydalara görə, hər iki şəxs Britaniya üçün Siyası Əhəmiyyətli Şəxs sayılır. Bu isə o deməkdir ki, Britaniyada onlara xidmət göstərmiş bütün banklar və maliyyə institutları bu qaydalar qüvvəyə mindiyi vaxtdan etibarən Cavadovları Siyası Əhəmiyyətli Şəxs kimi tanıyaraq, onlarla bağlı əlavə araşdırmalar aparmalı, hüquq-mühafizə orqanlarına müəyyən məlumatlar verməli idilər. Lakin Cinayətkarlığa qarşı Milli Agentliyin məhkəməyə təqdim etdiyi məlumatlardan da göründüyü kimi, Cavadovlar həmin maliyyə qurumlarına yalan məlumat verərək, bu qaydaların tələb etdiyi yoxlamalara məruz qalmaqdan yayınmağa müvəffəq olublar. Məsələn, Süleyman Cavadov vaxtilə Britaniyanın Coutts adlı bankında hesab açarkən Azərbaycanda “Energetika nazirinin müavini ilə heç bir qohumluq əlaqəsinin olmadığını, sadəcə eyni soyad daşıdığını bəyan edərək” bank rəsmilərinə yalan məlumat vermiş və tələb olunan yoxlamalardan yayına bilmişdir. Bununla da bankın Cavadovların şübhəli fəaliyyətləri barədə hüquq-mühafizə orqanlarına vaxtında məlumatlar ötürməsinin qarşısı alınmışdır.

İşin digər hüquqi tərəfləri

31 yanvar 2018-ci ildə qüvvəyə minmiş Cinayət yolu ilə əldə olunmuş Vəsaitlər 2017 qanunu da öz növbəsində korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə sahəsinə çox əhəmiyyətli yeniliklər gətirib. Bu yeniliklərin içərisində bəlkə də ən önəmlisi İzahedilməmiş Sərvətlərə dair Məhkəmə Əmri (Unexplained Wealth OrderUWO) adlandırılan və Britaniya hökumətinin cinayət yolu ilə əldə edilmiş sərvətlərlə mübarizədə çox təsirli istintaq aləti kimi təqdim etdiyi hüquqi mexanizmdir.

Qeyd etmək vacibdir ki, həm yuxarıda haqqında bəhs etdiyimiz Siyasi Əhəmiyyətli Şəxslərə şamil olunan yeni qaydaların, həm də İzahedilməmiş Sərvətlərə dair Məhkəmə Əmri adlı yeni hüquqi mexanizmin əsas hədəfi korrupsiyadan əldə edilmiş çirkli pulları Britaniyaya ötürən xarici ölkə rəsmiləri, onların ailə üzvləri və yaxınlarıdır (onların hamısı Siyasi Əhəmiyyətli Şəxs, yəni PEP kateqoriyasına daxildir).

Məhkəmələr tərəfindən verilən UWO əmri icrası məcburi olan məhkəmə aktı olmaqla yanaşı, həm də bir istintaq alətidir. Bu əmr istintaq prosesinin gedişində istintaq orqanlarının müraciəti əsasında məhkəmələr tərəfindən verilir. Çirkli pulların yuyulması cinayətlərini araşdıran istintaq orqanı PEP kateqoriyasına aid bir şəxsin Britaniyada dəyəri 50.000 funtdan artıq olan hər hansı əmlak və ya əmlaklarını aşkar edirsə və həmin əmlakın qanuni, yaxud rəsmi gəlirlərlə əldə edilməsi müstəntiqlərdə şübhə doğurursa, bu zaman istintaq orqanları həmin əmlak sahibinin qanuni gəlirləri haqqında ilkin məlumatlar və dəlillər toplamağa başlayır. (Qeyd etmək lazımdır ki, 50.000 funt qanunda qeyd olunan minimal həddir, lakin praktikada bu günə kimi çıxarılmış məhkəmə əmrlərinin hədəfi yalnız multi-milyonluq dəyəri olan lüks əmlaklar olmuşdur). Əgər toplanmış dəlillər əsasında şəxsin qanuni gəlirləri ilə onun sahib olduğu əmlakların ümumi dəyəri arasında ciddi uyğunsuzluq olmasına dair əsaslı şübhələr yaranarsa (başqa sözlə, bu şəxsin qanuni gəlir mənbələrinin həmin əmlakı əldə etmək üçün yetərsiz olduğu qənaətinə gəlinərsə), istintaq orqanı həmin şəxslə bağlı İzahedilməmiş Sərvətlərə dair Məhkəmə Əmri, yəni UWO əmrinin verilməsi və eyni zamanda şəxsin əmlakına və bank hesablarına müvəqqəti həbs qoyulması üçün məhkəməyə müraciət edir. Məhkəmə istintaq orqanlarının təqdim etdiyi dəlilləri əsaslı hesab edəcəyi təqdirdə UWO əmri verir və icrası məcburi olan bu məhkəmə əmrinə əsasən cavabdeh şəxs öz sərvətlərinin mənbəyini əsaslandırılmış şəkildə izah etməyə məcbur edilir.

Cavadeh şəxsin bu əmri yuxarı instansiyalarda mübahisələndirərək ləğv olunmasını tələb etmək hüququ var. Lakin əmri ləğv etdirə bilmədikdə cavabdeh şəxs sonunda öz sərvətlərinin mənbəyini hakimin əmrdə təyin etdiyi müddətdə və formada açıqlamağa məcburdur. Cavabdeh şəxs məhkəmənin əmrini hər hansı üzrlü səbəb olmadan yerinə yetirmədikdə, yaxud sərvətlərin mənbəyini tələb olunan formada və qənaətbəxş şəkildə əsaslandıra bilmədikdə bu əmlak qanunsuz yolla əldə olunmuş əmlak hesab edilir və istintaq orqanı həmin əmlakın və bank hesablarındakı vəsaitlərin müsadirə edilməsi ilə bağlı müvafiq hüquqi prosedurlara başlayır.

Burada iki vacib məqamı xüsusi olaraq vurğulamaq lazımdır. Birincisi, məhkəmənin hər hansı şəxslə bağlı UWO əmri verməsi həmin cavabdeh şəxsin hər hansı qanun pozuntusu etdiyinin və ya onun hər hansı cinayətdə təqsirli olmasının sübutu deyil və bu əmr özü-özlüyündə hər hansı təqsiri sübut edən bir dəlil kimi istifadə oluna bilməz. Artıq qeyd edildiyi kimi, UWO əmri sadəcə olaraq bir istintaq alətidir və istintaq orqanlarının işini nisbətən asanlaşdırmaq, istintaq işinin dalana dirənməsini önləmək üçün verilir. İkincisi, istintaq orqanları PEP kateqoriyasından olan şəxslərlə bağlı məhkəməyə müraciət etdikdə bu zaman sübutetmə yükü cinayət işlərində olduğu kimi istintaq orqanlarının üzərinə düşmür, yəni prokuror məhkəmədə həmin şəxsin əməllərində hər hansı cinayət tərkibinin olmasını sübut etmək məcburiyyətində deyil. Bu işlərdə sübutetmə yükünü cavabdeh şəxs daşıyır. Başqa sözlə, istintaq orqanı məhkəməyə sadəcə olaraq şəxsin onlara məlum olan qanuni gəlir mənbələri barədə məlumatları və dəlilləri təqdim etməli və əsaslandırmalıdır ki, bu qanuni gəlir mənbələri hesabına sözügedən əmlakı əldə etmək mümkün deyil. Bu kifayətdir ki, məhkəmə UWO əmri çıxararaq həmin Siyasi Əhəmiyyətli Şəxs olan əcnəbini sərvətlərinin mənbəyini açıqlamağa məcbur etsin. Əgər həmin şəxs özünün şübhələrə səbəb olacaq səviyyədə varlanmasının səbəbini təyin olunan müddətdə məhkəməyə izah edə bilmirsə, bu zaman istintaq orqanlarının hər hansı cinayətin baş verdiyini isbat etməsinə belə ehtiyac qalmadan, məhkəmə dərhal şəxsin əmlakını qanunsuz yollarla əldə edilmiş əmlak hesab edir, bununla da həmin əmlakın müsadirə olunmasına yol açır.

Əcnəbi Siyasi Əhəmiyyətli Şəxslərə qarşı işlərdə belə fərqli və istintaq orqanlarının işini xeyli asanlaşdıran yanaşmanın seçilməsi, yəni bütün sübutetmə yükünün cavabdehin üzərinə keçirilməsi həm də onunla bağlıdır ki, Cavadovlar işində də olduğu kimi, korrupsiyada ittiham olunan Siyasi Əhəmiyyətli Şəxslər bir qayda olaraq çirkli pulların əldə edildiyi mənşə ölkələrindəki siyasi rejimlərlə çox güclü ailə, şəxsi və ya biznes əlaqələrinə malik olur. Belə hallarda Britaniya istintaq orqanlarının həmin ölkələrdəki dövlət orqanlarından istintaq üçün zəruri olan məlumatları alması, yaxud onlarla hər hansı əməkdaşlıq etmək perspektivi çox zəif olur və nəticədə istintaq prosesi çox asanlıqla dalana dirənə bilir. Ona görə də sübutetmə yükünü cavabdehin üzərinə keçirən UWO əmrləri həqiqətən də istintaq orqanlarının ixtiyarına verilmiş çox təsirli hüquqi alətdir.

İstintaq orqanlarının ilk hədəfi: Zamirə Hacıyeva

Yeni qanunvericilik qüvvəyə minəndən sonra ilk dəfə tətbiq olunmağa başlanacaq UWO əmrlərinin bir mexanizm kimi effektiv olub-olmayacağı ilə bağlı Britaniyanın siyasi dairələrində çoxlu suallar var idi. Ehtimal edilirdi ki, bu mexanizm uğursuz olacaq, Siyasi Əhəmiyyətli Şəxslərin tutacağı çox bahalı və tanınmış vəkillər onu elə ilk məhkəmə işlərindəcə sındıracaq. Bu baxımdan yeni hüquqi alətdən istifadə etməyə başlayacaq Britaniya istintaq orqanları üzərində həm hökumətdən gələn daxili siyasi təzyiq, həm də ictimai gözləntilərin böyük təsiri var idi. Bir sözlə hamını “İlk UWO əmrini kimə qarşı əldə etməyə cəhd göstərəcəklər?” sualının cavabı maraqlandırırdı.

Beləliklə, yuxarıda qeyd etdiyimiz yeni qanun (Cinayət yolu ilə əldə olunmuş Vəsaitlər 2017) 31 yanvar 2018-ci ildə qüvvəyə mindikdən qısa müddət sonra istintaq orqanları artıq ilk UWO əmrini almaq üçün şanslarını sınamaq qərarına gəlir. Bu məqsədlə 2018-ci ilin fevral ayında Britaniya məhkəməsinə müraciət edilir. Maraqlıdır ki, Britaniyada məhkəmənin ilk UWO əmri məhz Azərbaycandan aparılmış çirkli pullarla bağlı olub. Söhbət Azərbaycan Beynəlxalq Bankı ASC-nin keçmiş sədri Cahangir Hacıyevin Londonda dəbdəbəli həyat tərzi sürən həyat yoldaşı Zamirə Hacıyevadan gedir (Cahangir Hacıyev özü isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətindən sui-istifadə kimi cinayət əməllərində təqsirləndirilərək, 16 il 3 ay müddətinə azadlıqdan məhrum edilib). Məhkəmənin verdiyi ilk UWO əmrində Zamirə Hacıyevadan tələb olunmuşdu ki, o, Londonun ən bahalı ərazilərindən birində 11,5 milyon funt sterlinqə aldığı (bugünkü bazar qiyməti ilə 15 milyon funt sterlinq, yaxud təqribən 35 milyon manat) 5 otaqlı mənzilə və London yaxınlığında 10,5 milyon funt sterlinqə (təqribən 25 milyon manat) aldığı Mill Ride qolf klubuna ödədiyi pulun mənbəyi ilə bağlı məhkəməyə əsaslandırılmış izahat təqdim etsin.

Britaniya istintaq orqanlarının məhkəmədən ilk UWO əmri almaq hüququndan məhz Zamirə Hacıyeva işində istifadə etmək istəməsinin səbəbi təkcə onun Londonda çox bahalı əmlaklar satın alması və ya 42 milyon dollar qiyməti olan Gulfstream G550 özəl jet təyyarəyə sahib olması deyildi. Onun ilk hədəf kimi seçilməsinin bəlkə də ən başlıca səbəbi Hacıyevanın Londonda ifrat dərəcədə dəbdəbəli həyat tərzi sürməsi idi:

• 2006-2016-cı illər arasında Zamirə Hacıyeva Londonun mərkəzində yerləşən və dünyanın ən tanınmış alış-veriş mərkəzlərindən olan Harrodsda ümumilikdə 16,3 milyon funt sterlinq (bügünkü məzənnə ilə təqribən 38 milyon manat) dəyərində alış-veriş edib. Bu məbləği 10 il ərzində alış-verişə xərcləyə bilmək üçün siz 3.650 gün ərzində hər gün azı 10.000 AZN-lik alış-veriş etməlisiz.

Hacıyeva bu alış-verişlər üçün həyat yoldaşının rəhbərlik etdiyi bankdan götürdüyü 35 kredit kartı da daxil olmaqla, ümumilikdə 54 müxtəlif kartdan istifadə edirmiş. Alış-verişləri rahat etmək üçün Harrodsdan cəmi 100 metr məsafədə aldığı 11,5 milyon funtluq mənzillə yanaşı Zamirə Hacıyeva həmçinin alış-veriş mərkəzinin özəl avto dayanacağında qiyməti açıqlanmayan, lakin çox az sayda zənginlərin özünə rəva bildiyi iki ədəd özəl avtodayanacaq yeri də satın alıbmış.

Məhkəməyə təqdim olunan 107 səhifəlik alış-veriş qəbzlərinin detalları da mətbuata sızdıqdan sonra, Britaniya ictimaiyyəti bu cür dəbdəbəli həyat tərzini hətta çox zəngin insanların standartlarına görə də ifrat hesab etdi.

Zamirə Hacıyevanın bəzi məşhur brend dükanlarından etdiyi alış-verişlərin ümumi məbləğləri

Mənbə: Guardian qəzeti, “Court releases £16m Harrods shopping list in ‘McMafia’ case”, 28 May 2019.

Görünür, məhz bu səbəbdən, yəni Zamirə Hacıyevanın ultralüks həyat tərzi ilə onun qanuni gəlirləri arasında olan bu ağlasığmaz qeyri-mütənasibliyi məhkəməyə isbat etməyin çox asan olacağını düşünən istintaq orqanları ilk hədəf olaraq məhz Hacıyevləri seçiblər. İstintaq orqanları ilk dəfə üçün risk etməmək, üzərində işlədikləri 140-a yaxın istintaq işi arasından ən asan olan işlə başlamaq strategiyasını seçmişdilər ki, necə deyərlər, “siftəsi yaxşı gəlsin”. Üstəlik Zamirə Hacıyevanın sərvətlərinin yeganə mənbəyi olan həyat yoldaşı Cahangir Hacıyevin Azərbaycan məhkəmələri tərəfindən hələ 2016-cı ildə məhz korrupsiya və çirkli pulların yuyulması ilə əlaqədar olan cinayət əməlləri (mənimsəmə, vəzifə saxtakarlığı və sair) törətməkdə təqsirli bilinməsi faktı da məhkəmədə Britaniya istintaq orqanlarının əlinə oynayacaqdı.

Hər şey onların düşündüyü kimi də olur və 2018-ci ilin fevral ayında məhkəməyə müraciət edən istintaq orqanları hakimi çox asanlıqla inandıra bilirlər ki, Azərbaycanda dövlət bankının keçmiş rəhbəri olmuş bir şəxsin vəzifədə olduğu dövrdə qazandığı rəsmi və qanuni gəlirlərlə bu cür ağlasığmaz dərəcədə dəbdəbəli həyat standartının əldə edilməsi mümkün deyil. Bu şübhələri əsaslı sayan məhkəmə Hacıyevlərin ümumi dəyəri 22 milyon funt sterlinq olan yuxarıdakı iki daşınmaz əmlakını İzahedilməmiş Sərvət hesab edərək, müvafiq UWO əmrini verir. Paralel olaraq da hər iki əmlak üzərinə həbs qoyulur. Bununla kifayətlənməyən Cinayətkarlığa qarşı Milli Agentlik Hacıyevanın qızı Leyla Mahmudovanın dünyaca məşhur Kristi (Christies) hərracında satmağa cəhd etdiyi 1 milyon manatdan yuxarı dəyəri olan zinət əşyalarına da 30 oktyabr 2018-ci ildə məhkəmə yolu ilə həbs qoydurur. İstintaq orqanlarının iddialarına görə, Leyla Mahmudova bu zinət əşyalarını məhz anası Zamirə Hacıyevanın məhkəmədə ilk apellyasiya şikayətini uduzmasından sonra satmağa çalışırmış. Cəmi bir neçə ay sonra isə istintaq orqanları Leyla Mahmudovanın təmir etdirmək üçün Cartier zərgərlik dükanına apardığı təqribən 3 milyon manat dəyərində olan brilyant üzüyünə də həbs qoydurmağa nail olur.

Zamirə Hacıyevanın bu işə cəlb etdiyi Britaniyanın bu sahədə ən tanınmış vəkillərindən biri olan Cems Luis  QC (yeri gəlmişkən, o həm də Cavadovların vəkilidir) Hacıyevanın Cinayətkarlığa qarşı Milli Agentlik tərəfindən qanunsuz hədəfə alındığını əsas gətirərək, birinci instansiya məhkəməsinin vermiş olduğu UWO əmrini ləğv etdirmək üçün Yüksək Məhkəməyə (High Court), ardınca isə apellyasiya və ali məhkəmə instansiyalarına şikayətlər verir. Lakin onların verdiyi şikayətlər bütün instansiyalarda hakimlər tərəfindən rədd olunur, 2020-ci ilin dekabrında isə sonuncu instansiya olan Ali Məhkəmə şikayətin əsassız olması səbəbi ilə şikayətə ümumiyyətlə baxmadan ərizəni rədd edir. Bununla da Hacıyeva iş üzrə çıxarılmış ilkin məhkəmə qərarından (fevral 2018) mümkün olan bütün şikayət imkanlarını tükətdiyi üçün məhkəmənin ilkin əmrinə tabe olmalı, yəni üzərinə həbs qoyulmuş iki əmlaka ödədiyi 22 milyon funt sterlinq pulun mənbəyini məhkəmədə əsaslandırmalıdır. Əmrə tabe olmadıqda, yaxud məhkəməyə qənaətbəxş dəlillər təqdim etmədikdə Hacıyeva hər iki əmlakı itirməklə yanaşı, məhkəmə əmrinə tabesizliyə görə də 2 il müddətinə həbs edilə bilər. Ali Məhkəmənin sonuncu qərarı bayram mövsümünə və pandemiya dövrünə təsadüf etdiyindən Hacıyevanın tələb olunan izahatları məhkəməyə 2021-ci ilin ilk aylarında təqdim edəcəyi gözlənilirdisə də, hələlik bu baş verməyib və gecikmənin səbəbləri ilə bağlı Britaniyanın istintaq orqanlarından hələ heç bir açıqlama yoxdur.

Ali Məhkəmənin verdiyi son qərar (yəni fevral 2018-də verilmiş UWO əmrinin qüvvədə saxlanılması) yeni tətbiq olunmağa başlanmış bu mexanizmin möhkəmlənməsi və hüquq sistemində özünə gərəkli yer tutması baxımından Britaniyanın istintaq orqanları üçün çox böyük əhəmiyyət kəsb edirdi. Bu qələbə həm də istintaq orqanlarının ilk hədəf kimi məhz Hacıyevləri seçməsinin doğru qərar olduğunu göstərirdi.

Bu yerdə onu da qeyd etmək lazımdır ki, istintaq orqanları ilə Zamirə Hacıyevanın vəkilləri arasında UWO əmrinin qanuniliyi barədə məhkəmə çəkişməsi davam edərkən Azərbaycan hökuməti də fürsətdən istifadə edərək Zamirə Hacıyevanı ölkəyə ekstradisiya etdirməyə ciddi, lakin uğursuz cəhdlər göstərdi. Belə ki, 30 oktyabr 2018-ci ildə Zamirə Hacıyeva əvvəlcə Azərbaycan hökumətinin müraciəti əsasında London polisi tərəfindən həbs olunsa da, Azərbaycan hökumətinin bütün səylərinə baxmayaraq, Hacıyevanı ekstradisiya məsələsinə baxış müddətində həbsdə saxlamaq mümkün olmadı. Hakim Hacıyevanın girov müqabilində zaminə buraxılmasına icazə verdi. Təqribən bir ilə yaxın davam edən məhkəmə prosesinin sonunda isə (sentyabr 2019) Azərbaycan hökumətinin ekstradisiya müraciəti rədd edildi və Hacıyevanın mühakimə edilmək üçün Azərbaycana göndərilməsinə icazə verilmədi. Bu iş üzrə çıxardığı yekun qərarında hakim bildirirdi ki, Zamirə Hacıyevanın dələduzluqda və çirkli pulların yuyulmasında təqsirli bilinmiş digər şəxslərlə sövdələşməsinə və əlbir olmasına yetərli qədər dəlillər var, lakin buna baxmayaraq Azərbaycanda məhkəmələrin müstəqil olmaması, vəkillərin dövlət tərəfindən təzyiqlərə məruz qalması və cəzalandırılması səbəblərindən Zamirə Hacıyevanı mühakimə edilmək üçün Azərbaycana göndərmək olmaz. Bu, onun ədalətli mühakimə olunmaq hüququnun pozulması demək olar. Azərbaycan hökumətini təmsil edən vəkillər əvvəlcə məhkəmənin bu qərarından apellyasiya şikayəti verəcəklərini bildirsələr də, görünür, Azərbaycanda məhkəmə və ədalət sisteminin acınacaqlı vəziyyətdə olması məsələsinin daha çox gündəmə gəlməsindən çəkinərək, sonradan bu fikirlərindən vaz keçdilər və Zamirə Hacıyevanın ölkəyə geri qaytarılması məsələsi hökumətin gündəmindən düşdü.

Cavadovlara məxsus 4 milyon funt sterlinq necə müsadirə olundu?

Mətbuata sızmış məhkəmə sənədlərində o da göstərilir ki, çirkli pullar olduğu ehtimal edilən pulların Azərbaycandan Britaniyaya ötürülməsi zamanı vəsaitin mənbəyini gizlətmək və gələcəkdə araşdırılmasını mürəkkəbləşdirmək məqsədilə Cavadovlar sahibləri bilinməyən 21 fiktiv şirkət üzərindən həyata keçirilmiş onlarla saxta və qeyri-şəffaf əməliyyatlardan istifadə edib. Üstəlik Cavadovlar bu sərvətin əsas mənbəyinin guya Azərbaycanda əmlak icarəsindən gələn qanuni gəlirlər olduğunu iddia etsələr də, məhkəmə sənədlərindən də aydın olur ki, cütlüyün bank hesablarına daxil olan pulların ümumi məbləği onların özlərinin daha əvvəl müstəntiqlərə bəyan etdikləri icarə gəlirlərinin ümumi məbləğindən azı iki dəfə çox olmuşdur. Bu faktlar həmin pulların qanunsuz mənbələrdən əldə edildiyinə və cavabdeh cütlüyün də əslində çirkli pulların yuyulması prosesində iştirak etdiyinə dair prokurorların irəli sürdüyü ittihamları əsaslandıran çox mötəbər sübutlardır.

Maraqlı məqamlardan biri də budur ki, istintaqın gedişində prokurorlar cavabdehlərdən həm əldə etdikləri pulun mənbəyini, həm də onlara pul köçürmüş 21 şirkət haqqında izahatlar tələb etdikdə Cavadovlar bu 21 şirkətdən yalnız ikisinin köçürdüyü pullar barədə hansısa sənədlər təqdim edə bilib, digər 19 şirkət və o şirkətlərin etdiyi pul köçürmələri ilə bağlı isə heç bir izahat təqdim edə bilməyiblər. Lakin istintaqın məhkəməyə verdiyi məlumatlardan aydın olur ki, Cavadovlar hətta həmin iki şirkət və onların etdiyi köçürmələr barədə də doğru-dürüst izahat və sənəd təqdim edə bilməyib və bu səbəbdən də onların təqdim etdiyi dəlillərin bir qismi tutarlı dəlil hesab edilə bilməz. Belə ki, Cavadovların təqdim etdiyi 250 müxtəlif icarə və menecment müqavilələrində bir tərəfdən müqavilələrin tarixləri ilə köçürmələrin edildiyi tarixlər arasında çoxlu uyğunsuzluqlar və ziddiyyətli məqamlar aşkarlanıb; digər tərəfdən isə cavabdehlərə məxsus olan Azərbaycandakı hansısa daşınmaz əmlakların nə üçün özü Şotlandiyada, İrlandiyada yaxud Seyşel adalarında qeydiyyatdan keçmiş, bank hesabı isə Estoniyada və ya Latviyada yerləşən və Cavadovların heç tanımadığı şübhəli şirkətlər tərəfindən idarə olunması ilə bağlı da onlardan heç bir ağlabatan izahat almaq mümkün olmayıb. Üstəlik onu da nəzərə almaq lazımdır ki, heç biri Azərbaycanda yerləşməyən həmin 21 şirkətdən altısı vaxtilə beynəlxalq miqyasda çirkli pulların yuyulması ilə məşğul olmaqda ittiham olunan və böyük qalmaqala səbəb olmuş Azərbaycanın pulyuyan maşını (Azerbaijani Laundromat) kimi tanınan qanunsuz transmilli pul köçürmə şəbəkəsinin fəal iştirakçısı olub. Agentliyin məhkəməyə bildirdiyinə görə, bütün bunlar onu deməyə əsas verir ki, əslində Cavadovlar “aldıqları bu pulun icarədarlardan yox, çirkli pulların yuyulması üçün təşkil edilmiş qanunsuz vasitəçi təşkilatdan gəldiyi barədə xəbərdar olublar”.

Əvvəl də qeyd olunduğu kimi, Cavadovların istintaq işi və məhkəmə prosesləri hətta Britaniya standartları üçün də qeyri-adi hesab oluna biləcək dərəcədə gizli aparılıb. Bu səbəbdən də istər Zamirə Hacıyeva işində, istərsə də Agentliyin son illərdə apardığı digər oxşar işlərdəki qədər təfərrüatlı məlumatları və məhkəmə sənədlərini Cavadovlar işində əldə etmək mümkün deyil. Təfərrüatların və məhkəmə materiallarının məhz 5 iyul 2021-ci ilə təyin edilmiş açıq məhkəmə dinləmələrindən sonra ictimailəşəcəyi gözlənilirdi ki, Cavadovların istintaq orqanları ilə təcili sövdələşməsi bunun da qarşısını aldı.

Bu baxımdan “İstintaq orqanları tərəfindən Zamirə Hacıyeva işində tətbiq edilmiş UWO əmrlərindən Cavadovlar işində də istifadə olunubmu və olunubsa bu proses necə cərəyan edib”, “Cavadovlar həmin qərarlardan şikayət veribmi və əgər veribsə nəticələri necə olub” kimi sualları dəqiq aydınlaşdırmaq mümkün deyil. Bununla belə, Zamirə Hacıyeva işinin yuxarıda qeyd etdiyimiz təfərrüatlarını əsas götürməyimiz və müqayisəli təhlil aparmağımız Cavadovlar işinin bizə məlum olmayan tərəfləri barədə aşağıdakı mülahizələri irəli sürməyə imkan verir:

Əvvəla işin istintaqını aparmış Cinayətkarlığa qarşı Milli Agentliyin 5 iyul 2021-ci il sövdələşmə ilə bağlı verdiyi mətbuat açıqlamasından aydın olur ki, sövdələşmə baş tutmayacağı təqdirdə həmin gün keçirilməsi planlaşdırılan ilk məhkəmə iclası “pulların müsadirə edilməsi ilə bağlı dinləmələr”in başlanğıcı idi. Yəni 5 iyulda başlanacaq dinləmələrdə məhkəmə artıq Cavadovların həbs qoyulmuş 6,4 milyon funt sterlinq vəsaitinin müsadirə edilməsi məsələsinə baxmalı idi. Buradan aydın olur ki, söhbət təkcə Cavadovlar işi üzrə ilkin istintaq prosesinin tamamlanaraq məhkəməyə təqdim olunmasından getmir. Müsadirə dinləmələrinin başlaması üçün bir qayda olaraq, əvvəlcə ilkin istintaq işi aparılmalı; həmin istintaq işi nəticəsində toplanmış materiallar əsasında məhkəmədən icrası məcburi olan UWO əmri əldə edilməli və paralel olaraq cavabdehlərin əmlakına həbs qoyulmalı; daha sonra təyin olunmuş müddət ərzində cavabdeh tərəf həmin məcburi UWO əmrinə tabe olmadıqda, yaxud məhkəməyə qənaətbəxş əsaslandırma təqdim etmədikdə məhkəmə onun həbs qoyulmuş əmlaklarını qanunsuz yollarla əldə edilmiş əmlak hesab etməli və yalnız bundan sonra istintaq orqanının həmin əmlakı müsadirə etmək məqsədilə məhkəməyə müraciət etməsi üçün yol açılmalıdır.

Cavadovların işi ilə bağlı əldə olan məlumatlardan görünür ki, bu işin başlanğıcında (2018-ci ildə) istintaqı aparan Britaniyalı prokurorlar məhkəməyə çox güclü dəlillərə əsaslanan ittihamlarla gediblər. Məhz elə bu güclü dəlillər hesabına prokurorlar 2018 və 2019-cu illərdə Cavadovlara məxsus 10 bank hesabında 6,4 milyon funt sterlinqə (təqribən 15 milyon AZN) həbs qoydurmağa nail olublar. Onların hesablarına həbsin qoyulması artıq onu göstərir ki, Cinayətkarlığa qarşı Milli Agentlik məhkəmə yolu ilə Cavadovları bu gəlirlərin mənbəyini izah etməyə məcbur etmək üçün ilk dəfə 2018-ci ildə məhkəməyə müraciət edib. Deməli Cavadovlara qarşı məhkəmədən UWO əmri əldə edilib, ardınca isə hesablara həbs qoyulub. Üstəlik hesablardan birincisi üzərinə həbsin 2018-ci ildə qoyulmasından da görünür ki, istintaq orqanları Cavadovlara qarşı UWO əmrini Zamirə Hacıyeva işindən cəmi bir neçə ay sonra əldə edib. Prosesin bu qədər uzanması (təqribən Zamirə Hacıyeva işində olduğu qədər) isə onu göstərir ki, Cavadovların işində də təqribən Hacıyeva işindəki ilə eyni müdafiə strategiyası seçilib, yəni qərarlardan apellyasiya və ali məhkəmə instansiyalarına şikayətlər verilib, lakin uğursuz olub. Həm Cavadovları, həm də Hacıyevanı eyni vəkilin (Ceysm Luis QC) müdafiə etməsi faktı da bu ehtimalı gücləndirir.

Bu qeyd olunanlardan belə nəticə çıxır ki, Cavadovların işində istintaq orqanları Zamirə Hacıyevanın işində olduğundan daha da irəli mərhələyə keçibmiş. Belə ki, Zamirə Hacıyeva işində cavabdehin İzahedilməmiş Sərvətlərə dair Məhkəmə Əmrinə (UWO) tabe olub-olmadığı, tabe olduğu təqdirdə gəlir mənbələri ilə bağlı hansı əsaslandırıcı məlumatları məhkəməyə təqdim etdiyi və məhkəmənin bu əsaslandırma ilə qane olub-olmadığı məlum olmasa da, ən azından bilirik ki, Zamirə Hacıyevanın əmlakının müsadirə edilməsi ilə bağlı hələlik heç bir məlum məhkəmə dinləməsi keçirilmir. Cavadovların əmlakının (hesablarındakı pul vəsaitlərinin) müsadirə edilməsi ilə bağlı məhkəmə iclaslarının başlaması isə o deməkdir ki, Cavadovlar onların işi üzrə çıxarılmış İzahedilməmiş Sərvətlərə dair Məhkəmə Əmrinə ya ümumiyyətlə tabe olmayıb, yaxud da məhkəməyə təqdim etdikləri əsaslandırma qənaətbəxş olmadığı üçün məhkəmə onların hesablarındakı pulu qanunsuz yollarla əldə edilmiş əmlak hesab edərək, istintaq orqanının həmin əmlakı müsadirə etmək üçün məhkəməyə müraciət etməsinə icazə vermişdir.

İşlə bağlı yuxarıda qeyd olunan bəzi təfərrüatlar, xüsusən də Cavadovların öz gəlirlərinin qanuniliyini əsaslandırmaq üçün istintaq orqanlarına icarə müqavilələrini və sair sənədləri təqdim etməsi və Agentliyin bu müqavilələrdə uyğunsuzluqlar və ziddiyyətlər aşkar etmiş olması faktı isə onu ehtimal etməyə əsas verir ki, Cavadovlar İzahedilməmiş Sərvətlərə dair Məhkəmə Əmrinə tabe olub və öz sərvətlərinin mənbəyini əsaslandırmağa cəhd edib, lakin onların verdiyi izahatlar və təqdim etdiyi sənədlər qənaətbəxş hesab edilməyib və məhz bu səbəbdən də Agentlik onların əmlakının müsadirə edilməsi üçün məhkəməyə müraciət edib. Üstəlik Cinayətkarlığa qarşı Milli Agentliyin sövdələşmə günü verdiyi açıqlamasında Cavadovların dondurulmuş 6,4 milyon vəsaitini bir neçə dəfə məhz “Azərbaycanın pulyuyan maşını mexanizmi vasitəsilə gətirilmiş pullar” adlandırması da göstərir ki, bu, artıq sübutunu tapmış məsələdir.

Cavadovlara qarşı çox güclü dəlilləri olan istintaq orqanları hansı səbəblərdən sövdələşməyə getdi?

Cavadovları ümumilikdə 14 milyon funt sterlinq qanunsuz vəsaiti Londona gətirməkdə ittiham edən və bu ittiham çərçivəsində cütlüyün hesablarına həbs qoydurmağa müvəffəq olmuş, bütövlükdə Cavadovlara qarşı çox güclü “iş” qura bilmiş istintaq orqanları nə üçün bu işi yarımçıq dayandırıb, 14 milyon vəsaitdən sadəcə 4 milyonunu müsadirə etməklə kifayətləndi? Prosesin bu şəkildə yekunlaşması haqlı olaraq çoxlu suallar doğurur.

İlk izahedilməmiş sərvət işinin (Hacıyevlər) istintaq orqanlarının istədiyi kimi nəticələnməsinə baxmayaraq, Zamirə Hacıyevanın vəkilləri prosesin həddindən artıq uzanmasına nail oldular (yəni ilkin məhkəmə əmrinin verildiyi fevral 2018-ci ildən bu günə kimi). Yuxarıda irəli sürdüyümüz ehtimallardan da göründüyü kimi, Cavadovların işində də vəkillər məhkəmə əmrinin qanuniliyini yuxarı instansiyalarda mübahisələndirib, lakin qərarı ləğv etdirə bilməsələr də, bu prosesi Hacıyevlər işində olduğu kimi bir neçə il uzatmağa müvəffəq olublar. Hər hansı prosesin illərlə uzanması və işə bir neçə instansiyada baxılması Britaniyanın ən tanınmış və bahalı vəkillərinin xidmətlərindən istifadə edən korrupsioner əcnəbi məmurlar və onların ailə üzvləri üçün ciddi sıxıntıya səbəb olmasa da, dövlət büdcəsindən maliyyələşən Cinayətkarlığa qarşı Milli Agentlik kimi hüquq-mühafizə orqanları üçün çox ciddi xərclərə və işçi əməyi itkisinə səbəb olur.

Agentlik rəsmiləri də verdiyi açıqlamalarda həbs qoyulmuş vəsaitin yalnız bir hissəsini müsadirə etməklə kifayətlənmələrini onunla izah edirlər ki, Agentlik bu məhkəmə işini davam etdirərək bütün vəsaitlərin arxasınca düşməyin çox uzun və bahalı bir proses olacağını nəzərə almış, məsələyə daha geniş baxaraq proses boyunca gözlənilən bütün riskləri və xərcləri qiymətləndirib bu qərarı vermişdir.

Lakin Agentliyi sövdələşməyə getməyə vadar edən səbəblər arasında çox ciddi siyasi və iqtisadi səbəblərin olduğunu da güman etmək doğru olar. Məsələn, keçən il Agentlik Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqə Nazarbayevanı və nəvəsi Nurəli Əliyevi Londonda sahib olduqları təqribən 110 milyon dollar dəyərindəki əmlaklarının mənbəyini məhkəmə yolu ilə açıqlamağa məcbur etməyə cəhd etsə də, sonda bu cəhd böyük uğursuzluqla nəticələndi. Bu uğursuzluq qurumu həm siyasi, həm psixoloji, həm də maddi olaraq çox geri saldı. Agentlik məhkəməyə müraciət edərək Nazarbayevin qızı və nəvəsinə qarşı eyni anda 3 İzahedilməmiş Sərvətlərə dair Məhkəmə Əmri (UWO) əldə etməyə çalışsa da, hakim bu müraciətin yetərli dəlillərlə əsaslandırılmadığını hesab edərək, Agentliyin müraciətini rədd etdi. Agentliyin sonrakı apellyasiya şikayəti də təmin edilmədikdə isə qarşı tərəfin vəkilləri dərhal hərəkətə keçərək təqribən 1,5 milyon funt sterlinq (3,5 milyon dollar) müdafiə xərclərinin əvəzinin ödənilməsi ilə bağlı Agentliyə qarşı əks iddia qaldırdı və hakim bu məbləğin üçdə birininin (500.000 funt sterlinq) dərhal Agentlik tərəfindən qarşı tərəfə ödənilməsinə göstəriş verdi.

Cinayətkarlığa qarşı Milli Agentliyin bu işlərlə məşğul olan Beynəlxalq Korrupsiya İdarəsinin (International Corruption Unit) 2018-2019-cu il üçün illik büdcəsinin cəmi 4,32 milyon funt sterlinq olduğunu da nəzərə alsaq, Qazaxıstan işində aldığı bu böyük cərimədən sonra Agentliyin özünə əminliyinin və riskə getmək qabiliyyətinin ciddi şəkildə sarsıldığını güman etmək olar. Agentliyin maddi imkanlarını sarsıtmaqla yanaşı, cərimə çox güman ki, həm də hökumət daxilində Agentliyə olan təzyiqləri artırıb. Qurumun beynəlxalq korrupsiya işlərinin aparılması üçün nəzərdə tutulan illik büdcəsinin təqribən 40%-nin təkcə bir işdə, özü də xarici diktatorun ailə üzvləri ilə mübarizədə havaya sovrulması vergi ödəyicilərinin haqlı narazılığına səbəb olur.

Yəqin ki, bütün bu məqamları nəzərə alaraq, Cavadovlar işində Agentlik tez zamanda uğurlu bir nəticə əldə etməyin yollarını axtarırdı.

Əsl qalib kimdir – Britaniyanın Cinayətkarlığa qarşı Milli Agentliyi, yoxsa Cavadovlar?

Sövdələşmə barədə xəbərin elan edildiyi gün Agentlik adından açıqlama verən rəsmilərdən birinin (Conathan Hall) sözlərinə görə, həm müsadirə edilən dörd hesabdakı vəsait, həm də Cavadovların özündə saxlayacağı vəsaitlərin hamısı əslində Azərbaycanın pulyuyan maşınına daxil olan fiktiv şirkətlər vasitəsilə Londona ötürülüb və belə şirkətlərdən istifadənin yeganə məqsədi pulun mənbəyini gizlətmək olub. Sövdələşmədən sonra Cavadovların vəkili də öz açıqlamasında təsdiq edib ki, onun müştəriləri hər hansı qanun pozuntusu etmələrini və ya hər hansı cinayətdə təqsirli olduqlarını qəbul etməmək şərtilə bu dörd hesabdan müsadirə olunacaq pulların pulyuyan maşın şəbəkəsi vasitəsilə gəldiyini etiraf edir. Agentliyin rəsmisi Endi Luis isə iki il davam etmiş çox mürəkkəb istintaqın nəticəsi olaraq dövlət xəzinəsinə 4 milyon funt gətirəcək bu sövdələşməni Britaniya üçün önəmli bir uğur kimi qiymətləndirib. O, həmçinin, xəbərdarlıq edib ki, artıq Azərbaycanın pulyuyan maşınından istifadə etmiş heç kəs rahatlanmasın, çünki onların da Britaniyadakı əmlakları potensial olaraq geri alına bilər.

Britaniya hüquq-mühafizə orqanları rəsmilərinin söylədiklərində haqlı məqamlar olsa da, bu nəticənin onların uğuru kimi təqdim edilməsini birmənalı qarşılamaq olmaz.  Çünki, Cavadovlar üç ilə yaxın davam etmiş istintaq prosesinin və gərgin məhkəmə çəkişməsinin ən əhəmiyyətli birinci mərhələsindən məğlub tərəf kimi çıxmışdı. Qarşıdan gələn həftələrdə isə onlar artıq hazırda bank hesablarında olan 6,4 milyon funt sterlinq pulun müsadirə edilməsi perspektivi ilə üzləşməli idilər. Lakin elə məhkəmə günü Agentliklə əldə olunmuş sövdələşmə sayəsində bu baş vermədi və onlar hesablarındakı məbləğin sadəcə bir hissəsini itirərək, məsələni özləri üçün birdəfəlik bağlamağa nail oldular. Cavadovlar üç il davam edən və onlara qarşı kifayət qədər əsaslı və ciddi dəlillərin olduğu bu işdən heç bir qanunsuzluqda və ya cinayətdə iştirakları rəsmən sübuta yetirilmədən, yəni təqsirsiz çıxdılar. Ən vacibi isə – gələcəkdə bu vəsaitlə bağlı Britaniyada onlara qarşı heç bir halda, heç bir istintaqın aparılmayacağına dair Britaniya hüquq-mühafizə orqanlarından yazılı zəmanət aldılar.

Cavadovların məsuliyyətdən və gələcəkdə hər hansı təqiblərdən azad olmaq üçün Azərbaycandan qanunsuz yollarla Londona apardıqları vəsaitlərin təqribən üçdə birini Britaniya hökumətinə ödəməsinə sadəcə bir vergi tutumu kimi baxsaq, o zaman bu qanunsuz sərvətlərdən Britaniya hökumətinə təqribən 29%-lik vergi ödəməklə məsələnin bağlanmasını ilk növbədə elə Cavadovların qələbəsi hesab etmək olar. İstintaq prosesinin bu cür yekunlaşması korrupsiya yolu ilə əldə edilmiş sərvətlərini Britaniyada gizlətmiş və ya bundan sonra gizlətməyə çalışacaq şəxslər üçün də ümidverici presedent sayıla bilər.

Açıq qalan başqa çox əhəmiyyətli bir məsələ də var. Məhkəmə günü Cavadovlardan 4 milyon funt sterlinq pul alaraq öz işini bitmiş hesab edən Cinayətkarlığa qarşı Milli Agentlik, əslində Cavadovlarla bağlı özünün məhkəməyə ilkin müraciətində bu vəsaitlərin Azərbaycanda məhz “korrupsiya, talama və ya mənimsəmə” yolu ilə əldə olunduğuna dair onlarda əsaslı şübhələrin olduğunu bildirmişdi. BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının şərtlərinə uyğun olaraq, korrupsiyadan əldə olunmuş gəlirlər harada aşkar edilməyindən asılı olmayaraq mənşə ölkəsinə qaytarılmalıdır. Lakin bu işdə tərəflər arasında əldə olunmuş razılıqdan belə aydın olur ki, Britaniya hüquq-mühafizə orqanlarının əlində həmin vəsaitlərin korrupsiyadan və mənimsəmədən əldə olunduğuna dair ciddi əsaslar olduğu halda onlar bu pulun bir qismini müsadirə etmək qarşılığında vəsaitlərin sadəcə olaraq pulyuyan maşın şəbəkəsi vasitəsilə gəlməsinin təsdiq olunması ilə kifayətlənmiş, vəsaitlərin korrupsiyadan əldə olunduğuna dair özlərinin ilkin iddialarından isə tamamilə əl çəkmişdir. Başqa sözlə, Britaniya hökuməti vəsaitlərin korrupsiya vəsaiti olduğunu isbat edə biləcəyi halda bunu etmir və həmin vəsaitlərin Azərbaycana geri qaytarılması üçün hüquqi əsasın yaranmasının qarşısını alır. “Korrupsiya, talama və ya mənimsəmə” yolu ilə əldə olunmuş vəsaitləri mənşə ölkəsinə qaytarmağın yollarını müzakirə etmək yerinə, Britaniya rəsmilərinin öz açıqlamalarında da söylədiyi kimi, bu sövdələşmənin “dövlətin pul kisəsinə 4 milyon qazandıran bir uğur” kimi təqdim olunması, korrupsiyadan əziyyət çəkən ölkələrin xalqları üçün çox məyusedici sonluqdur.

Bu mənada, sosial şəbəkələrdə Britaniya qazanmağın çox rahat yolunu tapıb deyənlərin də sözlərində müəyyən həqiqət payı var. Zamanında xarici ölkələrdən əldə olunmuş korrupsiya pullarının ölkəyə girməsinin qarşısını almaq yerinə, Zamirə Hacıyeva kimi şəxslərə asanlaşdırılmış zəngin investor vizalarının verilməsi və nəticədə bu prosesin çox böyük miqyaslarda baş tutmasına şərait yaradılması, bu gün isə həmin şəxslərin Britaniyaya gətirdiyi çirkli pulların (və ya onların bir hissəsinin) müsadirə olunaraq Britaniyanın büdcəsinə köçürülməsi həmin pulların oğurlandığı xalqlara qarşı çox böyük haqsızlıqdır. Çünki yuxarıda haqqında bəhs etdiyimiz məhkəmə işlərindən də göründüyü kimi, işin necə nəticələnməsindən asılı olmayaraq bütün hallarda bu işdən qazanan tərəf kimi Britaniya görünür – bir tərəfdən həmin milyardlarla çirkli pulların ölkəyə gətirilərək əmlak bazarına yatırılmasından və ya bank hesablarına yerləşdirilərək bahalı həyat tərzinə xərclənməsindən, digər tərəfdən isə vaxtaşırı bu cür məhkəmə işləri nəticəsində həmin əmlakın bir hissəsinin müsadirə edilərək Britaniya dövlət büdcəsinə köçürülməsindən.

Sonda onu da qeyd etmək lazımdır ki, Britaniya vətəndaş cəmiyyəti daxilində bu siyasəti tənqid edən və müsadirə edilmiş pulların məhz korrupsiyanın qurbanı olmuş mənşə ölkələrinə qaytarılmasını tələb edənlər kifayət qədər olsa da, Azərbaycan vətəndaş cəmiyyətində bu mövzuya lazımi səviyyədə diqqət göstərilmir. Müxtəlif ölkələrdən Britaniyaya və digər inkişaf etmiş ölkələrə aparılmış çirkli pulların geri qaytarılması üçün ciddi perspektivlər və bu sahədə kifayət qədər müsbət nümunələr və təcrübələr mövcuddur. Başqa ölkələrin uğurlu təcrübələrindən də göründüyü kimi, ölkədən çıxarılmış çirkli pulların mənşə ölkəsinə geri qaytarılması işində həmin ölkənin vətəndaş cəmiyyətinin üzərinə çox böyük məsuliyyət və yük düşür. Başqa sözlə, vəziyyət tamamilə ümidsiz deyil.