fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

1919-cu ildə Azərbaycan Cümhuriyyətinin İrana ilk Diplomatik Missiyasının hesabatı

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sizə təqdim etdiyimiz bu arxiv sənədi Azərbaycan Cümhuriyyətinin 1919-cu ildə İrana göndərdiyi ilk diplomatik missiyasının rəhbəri İsmayıl xan Ziyadxanın səfərdən qayıtdıqdan sonra xarici işlər nazirinə yazdığı çox maraqlı hesabatdır. Bu sənəd yenicə doğulmuş və hələ beynəlxalq səviyyədə tanınmamış, çoxlu çətin maneələrlə üzləşən Azərbaycan Respublikasının atdığı addımlar, qarşılaşdığı həm daxili, həm xarici problemlər, siyasi xadimlərin düşüncə tərzi kimi məsələlər və sairə haqqında ilk mənbədən dolğun təəssürat almağa, o dövrü göz önündə canlandırmağa yaxşı fürsət verir. Mətni rus dilindən Altay Göyüşov çevirmişdir.

İsmayıl xan Ziyadxanov

Möhür

Surəti
Məxfi

Zat-aliləri, Azərbaycan Respublikasının xarici işlər naziri cənablarına

Fövqəladə  Diplomatik Missiyanın sədri
İsmayıl xan Ziyadxanın

Məruzəsi

Azərbaycan hökumətinin qərarına əsasən mən Fövqəladə Diplomatik Missiyanın sədri təyin olunmuşam, Missiyanın üzvü isə Nazirlər Şurası sədrinin əmri ilə general-mayor, şahzadə Əmənulla Mirzə təyin edilmişdir. Bizə verilən mandatın məzmunu aşağıdakı kimi olmuşdur:

Nazirlər Şurasının 1 fevral 1919-cu il qərarına əsasən Azərbaycan hökuməti Tehrana, İran[i] şah hökuməti yanına, tərkibi sədr İsmayıl xan Ziyadxan və üzv general-mayor, şahzadə Əmənulla xandan ibarət Fövqəladə Diplomatik Missiya göndərir, bu zaman Missiyaya Azərbaycan hökuməti adından qonşu və dost İranın şah hökumətinə 28 may 1918-ci ildə (yeni təqvimlə) müstəqil Azərbaycan Respublikasının yarandığını bəyan etmək səlahiyyəti və İranla Azərbaycan arasında qarşılıqlı dost və mehriban qonşuluq əlaqələrinin yaradılması məqsədilə aşağıdakı məsələlər üzrə Azərbaycan hökuməti adından zəruri ilkin danışıqlar aparmaq tapşırığı verilir:

1. Qarşılıqlı diplomatik nümayəndəliklər, ilk növbədə İranın Bakı və Gəncədə, Azərbaycanın Tehran, Rəşt, Təbriz və Məşhəddə;
2. Ticarət, poçt-teleqraf, gömrük, həmçinin dəniz, dəmir və avtomobil yollarına dair gələcək konvensiyaların bağlanması üçün ümumi müddəaların hazırlanması;
3. Sərhəd xətlərinin qorunması üçün qarşıqlılı tədbirlərin görülməsi.

Baş nazir və xarici işlər naziri F. Xoyski
Dəftərxana direktoru Ə. Sübhanverdixanov

İrana yola çıxmamışdan öncə, məndə olan məlumata görə, ingilislər orada böyük təsirə malik olduğu üçün və lazımsız söz-söhbətlərin qarşısını almaq məqsədilə, Nazirlər Şurasının sədri Xan Xoyskinin razılığını alandan sonra ingilis qərargahının rəhbəri, polkovnik Şatelvortla görüşmək qərarı verdim. Şatelvort bizim məqsədimizi biləndən sonra missiyaya kömək etməyə hazır olduğunu dedi. O, bizi avtomobillə təmin edə biləcəyini, həmçinin bizim pulların qirana[ii] dəyişdirilməsində yardımçı olacağını söylədi. Biz Şatelvortla danışarkən otağa general Tomson daxil oldu, qərargah rəisi ona bizim söhbətin məzmunu barədə məlumat verdi, o da yardım edəcəyinə söz verdi. On gün sonra mən və Əmənulla xan pulları dəyişdirmək üçün ingilis qərargahına getdik. Qərargahın dəftərxanasında artıq hər şey hazırlanırdı ki, Şatelvortun bizi görmək istədiyini dedilər (General Tomson artıq Bakıda deyildi, onun səlahiyyətlərini Şatelvort icra edirdi). Şatelvort bildirdi ki, kömək göstərə bilməyəcək və getməyi məsləhət görmür, çünki onda olan məlumata görə, İran hökumətinin bizə münasibəti dəyişib və onlar bizim səfərin əleyhinədirlər. Mən ona etiraz etdim ki, İranın Nazirlər Şurasının sədri Vüsuq-əd-dövlə tərəfindən onların Bakıdakı konsuluna göndərdikləri iki teleqram tam əksini göstərir və o özü də telefonla İran konsulu ilə danışıb, buna əmin ola bilər. Mən üç dəfə bu təklifi səsləndirməyimə baxmayaraq, Şatelvort buna heç bir cavab vermədi. Bir saatlıq söhbətdən gəldiyim qənaət bu oldu ki, İran hökuməti deyil, məhz ingilislər, nəyə görəsə, bizim Missiyanın Tehrana səfərini istəmir. Nəhayət, Şatelvort təcili öz nazirlərinə bu barədə məlumat göndərəcəyini deyərək bizdən səfəri bir neçə günlük təxirə salmağı xahiş etdi. Bu barədə mən şəxsən sabiq[iii] Nazirlər Şurası sədri Xan Xoyskiyə məruzə etmişəm. Bir neçə gündən sonra əlaqə saxladıq, məlum oldu ki, cavab hələ yoxdur. Xan Xoyski Missiyaya ingilislərin cavabını gözləmədən yola düşməyi təklif etdi. Axırıncı dəfə polkovnik Şatelvortla martın 24-ü görüşdük, o dedi ki, rəsmi olaraq Missiyaya kömək göstərə bilməyəcək, amma bizə avtomobil verilməsi barədə göstəriş verəcək, hərçənd mümkündür ki, bizi Ənzəlidən o tərəfə buraxmayacaqlar. Mən etiraz etdim ki, daha gözləmək fikrimiz yoxdur və ayın 25-i yola düşürük.

25 mart 1919-cu ildə İranın Bakı konsulunun köməkçisi Həbibulla xanın müşayiəti ilə Missiya “Kursk” buxar gəmisində yola çıxdı. 26 mart saat 11-də bizim buxar gəmisi Ənzəliyə çatdı və təxminən 20 dəqiqədən sonra Ənzəli qubernatoru Nadir Mirzə gəmiyə gələrək, sağ-salamat çatmağımız münasibətilə bizi salamladı, həmçinin Bakı ilə teleqraf əlaqəsinin olmaması səbəbindən gəlişimizin dəqiq tarixi barədə məlumatsızlığından təəssüfünü bildirdi. Missiya qubernatorun çay dəvətini lütfkarlıqla qəbul etdi. Qubernator bizim gəlişimiz barədə ingilis komandanlığını məlumatlandırdıqdan sonra ingilis komandanlığından məktub gəldi ki, onlar martın 27-si saat 7-də Qəzvinə getmək üçün bizi avtomobillə təmin edəcəklər. Səhər saat 7-də biz, Rəştdə dayanmadan, birbaşa Qəzvinə yola düşdük. Biz Ənzəliyə gələn gün Rəşt qubernatoru Əmidi-s-Sultanə Ənzəli qubernatoru ilə bizə salamlarını çatdırdı, həmçinin bizi layiqli qarşılaya bilmək üçün gəlişimizin dəqiq vaxtı barədə məlumat istədi. Biz onun dəvətini qəbul edə bilməzdik, ilk növbədə ona görə ki, Əmidi-s-Soltanə İran hökumətini tanımayan Mirzə Kiçik xanın adamıdır, ikincisi, məndə məlumat var idi ki, Mirzə Kiçik xan şəxsən bizim missiyanı bir neçə günlük yanında qonaq saxlamaq istəyir. O vaxt Gilan vilayətində güc sahibi olan Kiçik xanın dəvətindən imtina ona qarşı təhqir olardı, dəvəti qəbul etmək isə İran hökumətinin ona məlum münasibətinə görə mümkün deyildi. Ona görə də mən Rəştdə dayanmadan getmək qərarı verdim və bu qərar İran hakim dairələrində yaxşı bir təəssürat yaratmışdı.

Martın 27-də[iv] mən Məncildən Rəşt qubernatoruna teleqram vuraraq üzrxahlıq etdim və bizdən asılı olmayan səbəblərə görə onun lütfkar dəvətindən istifadə edə bilməyəcəyimizi yazdım. Məncildə gecələyib, ertəsi gün saat 4-də Qəzvinə çataraq mehmanxanada yerləşdik. Qubernator Mehrad əs-Soltanə mehmanxanaya gələrək bizi öz iqamətgahında qalmağa dəvət etdi. Amma biz onun Tehrandan gəlib, Mirzə Kiçik xanı tutmaq üçün Rəştə yola düşəcək hərbi hissələrin yerləşdirilməsinə başı qarışdığını bilərək bu təklifi qəbul etmədik (iki həftə sonra Mirzə Kiçik xanın silahdaşları tutuldu, məşhur yoldaşlarından biri, doktor Heşmət asılaraq edam edildi, digər yoldaşı Hacı Əhməd həbs olundu. Mirzə Kiçik xan özü isə kiçik bir dəstə ilə gizlənir, onun təqib olunması davam edir və təbii ki, Rəşt qubernatoru Əmidi-s-Soltanə dəyişdirilib).      

Təbrizə səfər edən məşhur 70 yaşlı qoca Salah Salar Əzəmin (O, Təbrizə canişin səlahiyyəti ilə təyin olunmuş Məhəmməd Əli şahı taxtdan məhrum edib) bir neçə günlük Qəzvində olduğunu eşidib, onunla görüşməyin lüzumluluğu qənaətinə gəldim. Söhbətdə sərhədlərin qorunması məsələsindən və Azərbaycan ərazisinə kobud yürüşlər edən şahsevənlərin törətdikləri zorakılıqlardan danışdıq. Salah Salar şahsevənlərin törətdikləri biabırçılıqlara son qoymaq üçün ən qəti tədbirlər görüləcəyinə dair söz verdi (yeri gəlmişkən, bizim Təbrizdən əlavə, Ərdəbil və Əhərdə də daha iki nüməyəndəmizin olmasını məsləhət gördü).

Martın 30-u səhər iki şəxsi faytonda (ingilis avtomobili məşğul idi) Tehrana yola düşdük. Axşam Əngi-İmama çatdıq, burada bizi yerli vitse-qubernator qarşılayaraq öz iqamətgahına dəvət etdi. Ounu evində gecə ikiyə kimi qalıb, sonra Tehrana yola düşdük, gündüz saat 3-də Tehrana on verst[v] qalmış bizi Nazirlər Şurası sədrinin avtomobillərində Moskva Universitetinin hüquqşünası[vi] Mirzə Hüseyn xan Mənşur qarşıladı (sonradan məlum oldu ki, o, Rusiyanın[vii] Tehrandakı missiyasının xəfiyyəsidir). O, bizi Nazirlər Şurası sədrinin adından salamladı və hökumət tərəfindən bizim üçün ayrılmış yerə təşrif buyurmağımızı xahiş etdi. Burada isə biz Azərbaycan koloniyasının[viii] nümayəndəsi Ağa Abuzər tərəfindən qarşılandıq. Salamlayandan sonra o, bizi şəhər kənarında yerləşən bir bağa, bizi görmək üçün toplanmış bütün Azərbaycan koloniyası ilə görüşə getməyə dəvət etdi. Mən təşəkkürlə dəvəti qəbul etdim. Mirzə Hüseyn xan narahat olmağa başladı və bağa girmədən birabaşa şəhərə getməyin daha rahat olacağını bildirdi. Mən etiraz etdim ki, həmvətənlərimlə görüşməliyəm və bununla etiketi pozmuram.

Böyük bağda, Hacı Fərəcin gözəl evində bizi Azərbaycan koloniyası qarşıladı. Bizi necə səmimi sevinclə qarşıladıqlarını təsvir etmək mümkün deyil. Bizi koloniya adından iki gənc salamladı. Mən təşəkkür edərək bütün Azərbaycanın salamlarını çatdırdım. Əlbəttə, Mirzə Hüseyn xan Mənşur evə girmədi və Həbibulla xanı da qoymadı. Təxminən 15 dəqiqədən sonra Mənşur otağa girdi və əsəbi şəkildə rusca təcili şəkildə şəhərə getməli olduğumuzu bildirdi. Nə baş verdiyini başa düşmədən mən bizimkilərlə vidalaşıb bağa çıxdım. Bizimkilərin tələbi ilə xüsusi olaraq bu məqsədlə dəvət olunmuş fotoqraf 2 şəkil çəkdi. Bu zaman Mənşur bədbəxt Həbibulla xanı da özü ilə götürüb, bağın içinə çəkildi (təbii ki, biz şəkilləri ala bilmədik, belə məlum oldu ki, rus missiyasının təzyiqi ilə neqativlər məhv edilib). Bağdan çıxarkən bizimkilər məndən aşağı sürətlə getməyimizi xahiş etdilər ki, onların faytonları avtomobildən geri qalmasın. Mən Mənşurdan müvafiq tapşırıq verməsini xahiş etdim, o, sürücünün qulağına nə isə pıçıldadı, sürücü isə asta sürətlə getmək əvəzinə, yüksək sürətlə sürməyə başladı, avtomobildə mənimlə yanaşı əyləşmiş Mənşur əsəbi şəkildə ora-bura boylanırdı. Mən ondan niyə əsəbi olmasının səbəbini soruşanda qayıtdı ki, bizim gəlişimizdən narazı olan rus bank işçilərinin əks-nümayişi gözlənilir və hətta tüfəng, tapançalardan atəş açmaları, qumbara atmaları mümkündür. Mən ona sakit şəkildə cavab verdim ki, bizi belə şeylərlə qorxutmaq mümkün deyil, əgər özü qorxursa, düşə bilər: “Sizi tək qoya bilmərəm, sağ-salamat çatdırmalıyam”.[ix]

Ən gözəl Əmiri xiyabanında (bulvar), Məcid Soltanə bağında Missiya üçün 9 otaqdan ibarət bir iqamətgah hazırlanmışdı. Xidmətçilərdən əlavə, məkan daxildən və xaricdən qorunurdu. Bizi şəxsən mehamandarımız Məcid Soltanə qarşıladı (məlum oldu ki, Mənşur bizə tərcüməçi kimi təhkim olunmuşdu, görünür, güman edirdilər ki, rus dilindən başqa bir dil bilmirik).

İlk bir neçə gündə bizə xeyli adam gəldi. Aprelin 4-də qısamüddətli ezamiyyətdə olan Nazirlər Şurasının sədri Vüsuq-əd-dövlə Tehrana qayıtdı. Həmin gün axşam saat 6-da o, bizi qəbul etdi, bizi iqamətgahına aparmaq üçün mühafizəçiləri ilə bərabər şəxsi karetasını[x] göndərmişdi. Adi salamlaşmadan sonra mən ona mandatımızı təqdim edərək bəyan etdim ki, 28 may 1918-ci ildə Azərbaycan Respublikası yaranmışdır və gəlişimizin məqsədi İranla Qafqaz Azərbaycanı arasında dostluq münasibətlərinin qurulmasıdır. Bizi təbrik edəndən sonra o, sərhədlərimiz, nazirlər kabinəmizin tərkibi, parlamentimiz, onun tərkibi, üzvlərinin sayı, bolşevizm və sairə və ilaxır haqqında suallar verdi.

Saat 7-də biz görüşü tərk etdik və çıxarkən Vüsuq-əd-dövlə bəyan etdi ki, iki doğma xalq arasında ən yaxşı dostluq münasibətlərinin qurulacağına dərindən inanır. Sonrakı günlərdə biz aşağıdakı nazirləri ziyarət etdik:

1) Muşarul Mulk Vəzirə Muşavars[xi] – portfelsiz nazir; 2) Sepahdari Əzəm – hərbi nazir; 3) Firuz Nüsrət Dövlə III – ədliyyə naziri, şahın bibisi oğlu, Parisdə hüquq fakültəsini bitirmişdir; 5)[xii] Sarem-ed Dövlə – maliyyə naziri, Zelli Soltanın oğlu, Nəsrəddin şahın nəvəsi; 6) Muşir ud-Dövlə – xalq maarifi naziri, İranın ən yaxşı məmurlarından biri; 7) Moqasib-il-Məmalik – poçt və teleqraf naziri; 8) Darib-ul-Mülk – ticarət və sənaye naziri; 9) Ettila-il-Mülk – xarici işlər nazirinin müavini (xarici işlər naziri Müşavir-əl-Məmalik Parisdə Sülh konfranslnda idi).

Bütün yuxarıda adı çəkilən nazirlər, həmçinin baş nazir bizə ayrıca təşrif buyurmuşdular. Daha sonra biz özümüz aşağıda adı çəkilən ictimai, siyasi, dini və yüksək vəzifəli şəxslərlə görüşlərə getmişdik:

1) Şahzadə Naib-is-Soltanə Kamran Mirzə Əmir Kəbir – Nəsrədiin Şahın oğlu; 2) Şahzadə Nusrat-is-Soltanə – şahin əmisi, Müzəffərəddin şahın oğlu, Tehranın fərmin fərmanı – general-qubernatoru; 3) Nəsrəddin Mirzə – Müzəffərəddin şahın oğlu; 4) Etezade Soltanə – şahın qardaşı; 5) Ayn-ed-Dövlə (Əbdül Məcid Mirzə) – sabiq Nazirlər Şurası sədri, müxtəlif vaxtlarda digər nazir postları da tutmuşdur; 6) Mustovf-il-Məməlük (Həsən) – sabiq Nazirlər Şurası sədri; 7) Moşir-ed-Dövlə[xiii] – sabiq Nazirlər Şurası sədri, əvvəl digər nazir postları da tutmuşdur; 8) Motamin-əl-Mülk – Məclis sədri, nazir postları da tutmuşdur; 9) Saad-al-Dövlə – sabiq Nazirlər Şurası sədri, digər nazir postları da tutmuşdur (əsli türkdür)[xiv]; 10) Səmsam-əs-Soltanə (Nəcəfqulu xan) – sabiq hərbi nazir; sabiq xarici işlər naziri, sabiq Nazirlər Şurası sədri;  11) Mumtəz-il-Mülk – sabiq xalq maarifi naziri; 12) Əmin-əd-Dövlə – sabiq nazir; 13) Müstəşar-id-Dövlə – sabiq daxili işlər naziri; 14) Nakim-ul-Mülk – sabiq xalq maarifi naziri; 15) Mümtaz-əd-Dövlə sabiq ədliyyə naziri və sabiq maliyyə naziri; 16) Nəsr-ul-Mülk – sabiq ədliyyə naziri, sabiq poçt-teleqraf naziri; 17) Moşar-il-Soltanə – sabiq xarici işlər naziri, sabiq ədliyyə naziri, sabiq daxili işlər naziri; 18) Hacı Möxtəşil-əs-Soltanə – sabiq xariçi işlər, ədliyyə və daxili işlər naziri; 19)  Vəzir Dərbar-Şahzadə Movasiq-ud-Dövlə – saray naziri; 20) Şahzadə Şohab-id-Dövlə – Rəisi Təşrifat – Sarayın mərasimlər rəisi (bizi şaha o təqdim etdi); 21) Sərdar Əsəd Bəxtiyari – sabiq poçt-teleqraf naziri; 22) Sərdar Möhtəşim – sabiq hərbi nazir; 23) Sahib İxtiyar – Rəisi Kabinet Humayun – şah otağının rəisi; 24) Məcid Mülk – sabiq daxili işlər və sabiq ticarət və sənaye naziri; 25) Fəxr-ul-Mülk – şahın sabiq vəziri-xəlvəti; 26) Möhtəmin-əs-Soltanə – maliyyə naziri müavini (Vüsuq-əd-dövlənin qardaşı); 27) Mənşur-əl-Mülk – Rus şöbəsinin sabiq işlər müdiri; 28) Məcd-əs-Soltanə – sarayın sabiq mərasimlər rəisi – şahənşah bankının komissarı; 29) Asif-əs-Soltanə – Sahib Cəm; 30) Əmin-əl-Məmalik -Karguzar Əvvəli Mahali İsfahan;  31) Moazid-əs-Soltanə – sabiq poçt və teleqraf naziri; 32) Vüsuq-ud-Soltanə – hərbi nazirin müavini; 33) Saad-əl-Mülk – Qarışıq məhkəmənin sədri; 34) Fəhim-ul-Mülk Xəzinədari Küll – dövlət xəzinədarı; 35) Məham-ul-Mülk – Bəyaziddə sabiq diplomatik nümayəndə; 36) Nizam-us-Soltanə – sabiq parlament üzvü; 37) Müdir əl-Mülk – dövlət təsərrüfatı müdirinin müavini; 38) Möhtəsim-əs-Soltanə – Rus şöbəsinin işlər müdiri; 39) Mumtain-əd-Dövlə – ictimai xadim, şərqşünas; 40) Nair-ul-Mülk – xalq maarifi nazirinin müavini; 41) Vehid-əs-Soltanə – sarayın mərasimlər rəisinin müavini; 42) Cəlil Mülk – Xarici İşlər Nazirliyinin mərasimlər rəisi; 43) Üveysi – ictimai xadim, həkim; 44) Hacı Nəsir-əs-Soltanə – ictimai xadim; 45) Əla-ül-Mülk – sabiq xarici işlər, sabiq xalq maarifi naziri, İstanbulda və Pertoqradda sabiq səfir; 46) Hacı Məqam-ul-Mülk; 47) Ziya Sultan – ictimai-syasi xadim, Sosial-Demokrat Partiyasının görkəmli nümayəndəsi; 48) Hacı İmam-Cümə Xoi – böyük nüfuzu vardır; 49) İmam-Cümə Tehran – çox nüfuzlu din xadimi; 50) Zair-ul-İslam – əvvəlkinin qardaşı, həmçinin nüfuz sahibidir; 51) Şeyx Əli Lənkərani – nüfuzlu din xadimi, xüsusən türklər arasında; 52) Hacı Seyid Əsədulla Məhəmməd Xərəqani -müctəhid; 53) Hacı Seyid Məhəmməd Xərəqani – müctəhid; 54) Ağa Seyid Ziyəddin – ən nüfuzlu “Rə’d” qəzetinin redaktoru; 55) Məlik-ül-Şüəra – “İran” qəzetinin redaktoru; 56) Şeyxül-ul-Ərəgənzadə – “Rəhnuma” qəzetinin redaktoru;  57) Hacı Seyid Mir Yəhya – sabiq parlament üzvü;  58) Ağa Mir Həmzəzadə – ictimai xadim; 59) Ağaməmməd Cavad Gəncəi – ictimai xadim; 60) Hacı Rəhim Ağa – ictimai xadim; 63)[xv] Hacı Məmməd Sadıx Təbrizi – Məclisin sabiq üzvü; 64) Bəylər bəy Rəşti – şahın qohumu;  65) Hacı Bağır Ağa Sərraf – nüfuzlu şəxs;  66) Məhəmməd Ağa Əli Nağıbəyov – ictimai xadim; 67) Cəlil bəy Xəlilov – həmçinin;  68) Seyid Hüseyn xan Ədalət – həmçinin; 69) Mirzə Hüseyn xan Təbrizi – həmçinin; 70) Məmməd Tağı İsfahani – həmçinin; 71) Aləm-əs-Soltanə – xalq məktəbləri direktoru; 72) Hacı Məmməd Sadıx Nariri – ictimai xadim;  73) Ehtisam-ul-Mülk – sabiq Məclis üzvü;  74) Hakim-il-Məmalik – Xarici İşlər Nazirliyinin prokuroru;  75) Əbül Qasım Azadi – ictimai xadim; 76) Alib-əs-Sultan – general-qubernatorun köməkçisi; 77) Şahzadə Əbdrürrəhim Mirzə; 78) Şahzadə İsmayıl Mirzə – Kazak diviziyasının[xvi] polkovniki; 79) Şahzadə Qulam Hüseyn Mirzə; 80) Şeyx Əli – Kazak diviziyasının generalı; 81) Şahzadə Sultan Məcid Mirzə-Ziyad-e-Dövlə – tələbələrin nümayəndəsi.

Yuxarıda adı çəkilən şəxslərin əksər hissəsi şərq adətinə uyğun olaraq ilk özləri bizə təşrif buyurdular, digərlərinin yanına isə biz getdik.

Əhməd şah Qacar

2 May 1919-cu il, saat üçdə şahla görüşümüz təyin olundu. Düz saat 3-də avtomobillə şahın şəhərkənarı sarayı olan Fəxrabada gəldik (şəhərdən 5 verst aralıda). Sarayın mərasimlər rəisi şahzadə Şahabi Dövlə lütfkarlıqla bizi qarşıladı, öz salonunda çay və şirniyyat təklif etdi. Bundan sonra şahın hüzuruna getdik, o bizi kifayət qədər böyük salonda qəbul etdi. Mərasimlər rəisi Əmənulla Mirzə və məni göstərərək şaha dedi ki, Əmənulla Mirzə mərhum Bəhram Mirzənin (Nəsrəddin şahın əmisi) oğludur, mən isə nəvəsiyəm. O, əlavə etdi ki, şah bizimlə həm də qadın xətti ilə qohumdur (Əmənulla xanın yaxın qohumlarından biri şahın xanımıdır). Şah gülümsəyərək Əmənulla xandan farsca mərhum Bəhmən Mirzənin həyatda başqa övladlarının qalıb-qalmamasını xəbər aldı. Sonra üzünü mənə tutaraq yenə də farsca, bu dili bilib-bilmədiyimi soruşdu. Mən cavab verdim ki, bir az farsca, fransızca və rusca bilirəm, amma doğma dilim türkcədir, hansını ki, məndə olan məlumata görə, şah mükəmməl bilir (sonuncunu türkcə dedim). Şah gülümsədi.

Mən bəyan etdim ki, 28 may 1918-ci ildə müstəqil Azərbaycan Respublikası yaranmışdır, respublikanın nümayəndələri ilk səfərlərini İrana, qardaş ölkəyə etmişlər[xvii] və Missiyanın məqsədi iki doğma dövlət arasında dostluq münasibətlərinin qurulmasıdır. Cavab olaraq şah təzim elədi və bundan sonra özü bizə respublikamızın sərhədləri, əhalinin sayı, tərkibi, müsəlmanlarla ümumən xristian əhali arasında, xüsusən də ermənilərlə faiz nisbəti, kabinetin tərkibi, Fətəli Xan Xoyski, parlament üzvlərinin sayı barədə suallar verdi. Bütün suallara cavab verdim.

Sonra bizə bolşeviklər haqqında suallar verdi. Mən izah etdim ki, hökumətimiz bütün mümkün vasitələrlə son illərdə bütün Qafqazın müsəlman əhalisini saysız-hesabsız əziyyətlərə düçar etmiş bolşevizmə qarşı mübarizə aparır. Bakıda mart hadisələri zamanı bolşevik və ermənilərin onminlərlə müsəlmana qarşı törətdiyi qeyri-insani qətliamdan danışdım. Qafqazın bütün müsəlman əhalisinin son damla qanına qədər mübarizə aparacağını və bolşevikləri öz ərazilərinə buraxmayacağını bildirməklə fikrimi tamamladım.

Sonra şah məndən soruşdu ki, biz varlıların hüquqlarını məhdudlaşdıracaq qanun hazırlayırıqmı? Mən cavab verdim ki, sual mənim üçün aydın deyil. Onda şah sualı fransızca təkrar etdi. Mən dedim ki, varlılar haqqında qanunu bolşeviklər verir, xoşbəxtlikdən bizim hökumət bolşevik hökuməti deyil, ona görə də vətəndaşların hüquqlarını heç kim məhdudlaşdıra bilməz, xüsusən də respublika quruluşlu dövlət (şahın belə bir sual verməyə əsası var idi, çünki Tehrandakı Rusiya səfirliyi, Rus bankının işçiləri və Kazak diviziyasının rus zabitləri hələ biz gəlməmişdən əvvəl belə bir iftira yaymışdılar ki, guya bizim hökumət bolşeviklərdən ibarətdir).

Buna cavab olaraq şah dedi ki, bolşevizm saysız-hesabsız bədbəxtliklər gətirən, ölkənin bütün mədəni tərəqqisini durduran böyük bəladır, mənim bunu sizə başa salmağıma ehtiyac yoxdur, gözümüzün qabağındakı ən bariz misal Rusiyadır ki, anarxiya bürümüşdür və bolşevizm məngənəsi arasında boğulmaqdadır, bütün dünyanın qorxduğu nəhəng ordusunun ancaq adı qalmışdır. Xoşdur ki, siz bolşevizmlə mübarizə aparırsınız, bununla çiçəklənməsi üçün bütün zəruri şərtləri, varlı şəhəri, münbit torpaqları, yaxşı hazırlanmış kadrları olan ölkənizi xilas edirsiniz. Şahın son dediklərinə cavab olaraq mən təzim etdim. Bundan sonra sarayın mərasimlər rəisi şahdan onun hüzurunu tərk etməyimiz üçün izn istədi və biz getdik. Şahın hüzurunda qəbulumuz 45 dəqiqə çəkdi.

Təmasda olduğumuz hər kəs bizi təbrik edir və gənc respublikamızın çiçəklənməsini arzu edirdilər. Bir çoxları belə fikir bildirirdilər ki, Azərbaycan Respublikasının mövcudiyyəti İran üçün çox əlverişlidir. Çünki bununla İran ona əsrlər boyu sağalmaz mənəvi və fiziki iztirablar gətirmiş Rusiya ilə qonşu olmaqdan birdəfəlik canını qurtarmış olur. Başlanğıcda barışmaq istəmədikləri yeganə məsələ “Azərbaycan” adı idi. Əminliklə deyə bilərəm ki, bütün iranlılar bundan öz narazılıqlarını ifadə edirdilər, o cümlədən “İran” qəzeti, hansına ki, Rəsulzadə gözəl cavablar vermişdir.

Siyasi və ictimai xadimlərlə görüşdə biz çalışırdıq ki, onların İran Azərbaycanının Qafqaz Azərbaycanına birləşəcəyi haqqında təlaşlarını sakitləşdirək, sübut edirdik ki, biz həqiqətən də azərbaycanlıyıq, ona görə də öz ərazilərimizi Azərbaycan adlandırmışıq.

Tehranda olduğumuz ilk ayda iranlıların dilindən heç özümüz haqqında “Azərbaycan nümayəndəsi” təqdimatını eşitmədim, bunun əvəzində bizə aidən hər yerdə “Qafqaz nümayəndəsi” ifadəsini işlədirdilər, amma tədricən öyrəşirdilər və söhbətlərdə sərbəst şəkildə “Qafqaz Azərbaycanı Respublikası”, “Azərbaycan Respublikası nümayəndələri” ifadələrini işlətməyə başlayırdılar. Axır vaxtlarda bizim fars telefonçumuzun “Ağa, incə səfarəti Cumhuri Azərbaycan Qafqaz həst” (“Cənab, bura Qafqaz Azərbaycan Respublikasının nümayəndəliyidir”) cavabı qulaqlarımıza çatanda xoş təəssürat oyadırdı.

Məsələ o yerə çatdı ki, hətta İran qəzetləri özləri bizim azərbaycanlı olduğumuzu və düz edib məmləkətimizi Azərbaycan adlandırdığımızı yazırdılar.

Beləliklə, nisbətən möhkəm mövqe tutduqdan sonra Xarici İşlər Nazirliyi ilə işgüzar söhbətlərə başladıq. Bir neçə gün ərzində şifahi şəkildə ümumi məsələləri müzakirə edirdik, sonra isə müqavilənin layihəsini hazırladıq. Qeyd etməyi lazım bilirəm  ki, layihənin mətnini səkkiz dəfə  dəyişdirmişdik, ya mən razı olmurdum, ya onlar. Nəhayət, 24 mayda qarşılıqlı güzəştlərdən sonra biz razılığa gəldik və müqaviləni imzaladıq. Müqavilə bu məruzəyə əlavə olunur.

Müqavilənin bəzi müddəaları ilə əlaqədar izahat vermək istəyirəm. Müqavilənin ilk üç maddəsi ilə əlaqədar heç bir etiraz etmədim. Çünki onları tamamən bizim üçün məqbul sayırdım. İranlılar özləri deyirdilər ki, onların mənafelərinin ziddinə olan gömrük müqaviləsini ruslar süngü ilə imzalamağa məcbur ediblər. Xarici işlər naziri israrla müqaviləyə dördüncü maddənin salınmasını istəyirdi. Bu maddədə ölkəyə idxal olunan neft və neft məhsullarına rüsumların tətbiqi nəzərdə tutulur, nazir sübut edirdi ki, bu, İran xəzinəsi üçün vacibdir və Azərbaycan Respublikasına heç bir ziyan verməyəcəkdir. Mən bu maddə ilə razılaşdım, bəyan etdim ki, əgər Azərbaycan hökuməti bu maddəni məqbul saymayacaqsa, müqavilədən çıxarılacaq. Etiraz olmadı. 5-ci maddə ətrafında uzun-uzadı mübahisələr oldu. Mən azad ticarət tərəfdarı idim, Xarici İşlər Nazirliyi isə mal mübadiləsi istəyirdi, belə əsaslandırırdılar ki, Azərbaycan Gürcüstan və Ermənistanla mal mübadiləsi sistemi tətbiq edir, bundan əlavə, Azərbaycanda mübadilədə olan rus rublunun məzənnəsi ciddi şəkildə oynayır və etibarsızdır, bonların[xviii] isə heç bir dayağı yoxdur, ona görə də birbaşa mal mübadiləsi tərəfdarı olmağa məcburdurlar. Birbaşa mal mübadiləsinin bəzi Azərbaycan tacirləri də tərəfdarıdır. Onların bu barədə mövqeyini “Azərbaycan Respublikasının ticarət siyasəti” adlı sənəd kimi bu məruzəyə əlavə edirəm.

6-cı maddənin müqaviləyə salınmasının səbəbi İran tacirlərinin mallarının müsadirə olunması barədə şikayəti idi. Mən bəyan etdim ki, bizim hökumətin ödəmə etməyərək malları müsadirə etməsinə inanmıram. Söz verdim ki, Bakıya qayıdan kimi bu barədə məlumat toplayacam, əgər tacirlərin şikayətləri ədalətlidirsə, müvafiq nazirliyə gedib, müsadirə olunmuş malların qiymətinin ödənilməsi üçün xüsusi vəsatət qaldıracam.

Qafqazın Rusiyadan ayrılmasından sonra İranın Ədliyyə Nazirliyi bəyan edib ki, daha ayrılmış dövlətlərin təbəələrinin işlərinə qarışıq məhkəmələrdə deyil, İranın müvafiq məhkəmələrində baxılacaq. Bu məzmunda elanı İran hökuməti bizim Tehrana gəlişimizdən sonra da vermişdi. Müqaviləyə 7, 8, 9, 10-cu maddələrin salınması da bununla bağlı idi.

Zat-alillərinizin diqqətinə çatdırmaq istəyirəm ki, İranda cinayət və mülki məhkəmələrin nizamnamələri vardır, cinayət və mülki qanunlar tamamilə fransızlardan götürülmüşdür, yalnız ailə və irsi məsələlərə Şəriətin tələbləri əsasında baxılır. Tehranda aşağı instansiya məhkəmələri, Dairə Məhkəməsi, Məhkəmə Palatası və Senat düzgün fəaliyyət göstərir. İranın bəzi şəhərlərində də məhkəmələr vardır. Ədliyyə naziri bizə deyirdi ki, tezliklə məhkəmələr İranın bütün şəhərlərində fəaliyyət göstərəcək.

Müqavilənin 11, 12, 13-cü maddələri xüsusi izah tələb edir.

14-cü maddəni onların Xarici İşlər Nazirliyi müqavilənin mətninə salmaq istəmirdi, bəyan edirdilər ki, bizim nümayəndələri bunsuz da qəbul edəcəklər. Mənim israrımdan sonra maddə müqaviləyə salındı. Bununla belə, Xarici İşlər Nazirliyi diplomatik təmsilçilik mənasını verən “nümayəndə” sözünün istifadəsi ilə razı deyildi, “məmur”, “sərpərəst” və sairə kimi məfhumların işlədilməsini istəyirdilər. Mən qəti şəkildə etiraz etdim, bundan sonra nəhayətdə bizim təmsilçiləri “nümayəndə”  adlandırmağa razı oldular.

Biz hələlik iki diplomatik nümayəndəmizin – Tehranda səfirin və Təbrizdə baş konsulun – olması qərarına gəldik. Bunlar gələndən sonra burada daha hansı yerlərə diplomatik təmsilçilərin göndərilməsinin lazım olduğu haqqında qərar verərlər.

Bakı İran konsuluna və Gəncə vitse-konsuluna gəlincə, əgər mənim hökumətim onların bu postlara layiqli olduğu qərarına gəlsə, onları saxlamaq olar, sadəcə, yeni rəsmi səlahiyyət sənədi vermək lazım gələcək. Beynəlxalq hüquqda bu nəzərdə tutulub. Deyilir ki, hökumət dəyişirsə, xarici ölkələrin konsullarına yeni səlahiyyət sənədləri verilir.[xix]

Bu məruzə mənim tərəfimdən xronoloji qaydada nəql edildiyi üçün bir neçə kəlmə də 28 may 1918-ci il istiqlalının bir illik yubileyini necə qeyd etməyimiz barədə danışmaq istəyirəm.

27 may 1919-cu ildə mən yazılı şəkildə İran Xarici İşlər Nazirliyinə məlumat verdim ki, ayın 28-də biz Azərbaycanın müstəqilliyinin yubileyini qeyd edəcəyik və soruşdum ki, nazirliyin bununla əlaqədar hər hansı etirazı varmı? Elə həmin gün telefonla məlumat verdilər ki, qətiyyən heç bir etiraz yoxdur və asayişin qorunması üçün xüsusi polis dəstəsi göndərəcəklər.

28 mayda mən tapşırıq verdim ki, bulvara çıxan darvazada iki bayraq, bizim milli və İran bayraqları asılsın, daha sonra yaşadığımız bağ da milli bayraqlarla bəzədilsin. Gündüz saat 11-də təbrik üçün qonaqlar gəlməyə başladı. Bizim koloniyanın demək olar ki, bütün üzvləri gəldilər, iranlılardan da gələn oldu.  Qonaqlara çay, kofe, şirniyyat və meyvə təklif olundu. Həmvətənlərimizin xahişi ilə hökumətmizin və parlamentimizin sədrinə təbrik teleqramları göndərdim.

Saat 1-də İran Xarici İşlər Nazirliyinin Rus şöbəsinin müdiri Mötəsim-əs-Səltanə gələrək hökumət sədri adından təbriklərini çatdırdı, respublikamızın çiçəklənməsini arzuladığını bildirdi. Əlavə etdi ki, hökumət rəhbəri tacqoyma mərasimi ilə əlaqədar şəhərdən kənardakı sarayda, şahın hüzurunda olduğundan əziz qonaqları şəxsən təbrik etmək imkanı olmadı.  Rəsmi nümayəndənin gəlməsi həm bizim vətəndaşlarda, həm iranlılarda müsbət təəssürat yaratdı.

Müttəfiq dövlətlərin[xx] nümayəndələri ilə görüş bizim qarşımızda duran məqsədin ən zəhmətli hissəsi idi. Bir neçə dəfə yerli xarici işlər naziri ilə şəxsi söhbətlərdə bildirmişdim ki, bizim səfirlərlə görüşümüz zəruridir. Amma o, məsləhət görmürdü, iddia edirdi ki, onda olan məlumata görə səfirlər bizi qəbul etməyəcəklər. Onlarla görüşmədən getmək isə iranlıların yanında bizim nüfuzumuza böyük zərbə olar və haqqımızda guya böyük dövlətlərin nümayəndələrinin bizi qəbul etmək istəməməsi haqqında şaiyələr buraxan düşmənlərimizin əlinə əlavə əsas verərdi.

Bu məsələni hərtərəfli müzakirə edib, dəftərxana adından, katibin imzası ilə İngilis missiyasına məktub göndərdim. Məktubda bildirdim ki, Azərbaycan Respublikasının nümayəndələri İsmayıl xan Ziyadxan və şahzadə Əmənulla Mirzə ingilis səfirinə öz ehtiramlarını çatdırmaq istəyir və bunun üçün vaxt təyin edilməsini xahiş edir. Ertəsi gün Missiyadan cavab məktubu gəldi (gələn məktubun əsli əlavə edilir). Məktubda bildirilirdi ki, Azərbaycan Respublikasının Sülh Konfransında tanınmaması səbəbilə səfir bu respublikanın nümayəndələrini rəsmən qəbul etmək imkanlarından məhrumdur, lakin İsmayıl xanı mayın 29-u gündüz saat 11-də dostcasına[xxi] qəbul etməyə hazırdır. Təyin olunan vaxtda mən və şahzadə Əmənulla Mirzə səfirliyə getdik. Səfir bizi qəbul etdi, şahzadədən iki gün sonra gəlməyi xahiş etdi. Mən səfirə üzrxahlıq etdim ki, yalnız İrana gəlişimdən iki ay sonra onunla görüşə gələ bildim, izah etdim ki, məndən asılı olmayan səbəblərə görə belə alınıb. Səbəbləri izah etmək məqsədilə polkovnik Şatelvortla söhbətlərimizin məzmununu ona çatdırdım, əlavə etdim ki, Bakıdan çıxan gündən missiyamız ən mənfur təxribatlarla əhatə olunub. Bizim haqqımızda şayiə buraxıblar ki, guya biz bolşeviklərik, İranda bolşevik ideyalarını yaymağa gəlmişik, daha sonra düşmənlərimiz utanmadan belə bir şayiə də buraxıblar ki, guya biz ümumən müttəfiqlərə, xüsusən ingilislərə qarşı təbliğat aparmaq məqsədilə gəlmişik və sairə. Mən sözdə deyil, əməldə sübut etmək istəyirdim ki, biz bolşevik deyilik və İranda təbliğatla məşğul olmuruq, bunun ən yaxşı sübutu Tehranda iki ay olmağımızdır. Burada bizim həyatımız hamının gözünün qabağındadır və hər hərəkətimiz haqqında hökumət agentlərinə xəbər verilir. Nahaq yerə cənab Etter (Rusiya səfiri) və Gildebrandt (Rusiya konsulu) və digərləri bizi hədəfə alırlar. Allah 3 milyonluq əhalini əsarətin buxov və zəncirlərindən azad etmişdir. Azadlığımızı əldə edəndən sonra biz daxili və xarici siyasi həyatımızı qurmağa çalışırıq. Buna cavab olaraq səfir bildirdi ki, Tehranda olduğumuz müddətdə bizdən ancaq yaxşı şeylər eşidib. Sonra bizi rəsmi qəbul etmədiyinə görə üzr istədi, izah etdi ki, bunun üçün hökumətlərindən teleqramla izn istəyib. Lakin belə bir cavab alıb ki, Azərbaycanı hələ Sülh Konfransı tanımayıb, ona görə də bizi rəsmi qəbul etmək mümkün deyil, lakin istənilən formada dost kimi qəbul edə bilər. Bizim gəlişin məqsədilə tanış olandan sonra səfir dedi ki, doğrudan da Sülh Konfransı qurtarana kimi bizə İranla müvəqqəti olaraq məlum münasibətləri qurmaq lazımdır. Sonra bolşevizmdən sohbət düşdü. Səfir dedi ki, Hindistanı möhkəmləndirmək lazımdır. Səfir bizdən müşahidələrimiz əsasında bolşevizmin İranda mümkün olub-olmayacağı barədə qənaətimizi soruşdu. Mən cavab verdim ki, mümkün deyil. İzah etdim ki, əvvəla, bolşevizm müsəlmanların ruhuna ziddir. İkincisi, burada əhali öz hökumətinə, xüsusən də konstitusion şahına dərin hörmət edir və sevir.  Şahın taxta çıxdığı günü xalq səmimi sevinc hissi və entuziazmla qeyd etdi.[xxii]

Söhbətdə Qafqazdakı bolşevizmə də toxunuldu. Mən bəyan etdim ki, bizim hökumət şiddətli mübarizə aparır və görünür, axır zamanlar ingilis komandanlığı bu sahədə hökumətimiz qarşısında qoyduğu bütün məhdudiyyətləri götürmüşdür. Qəzet başlıqlarından görünür ki, hökumətimiz bolşevizmə qarşı qətiyyətli mübarizə aparır, həbs edir, sürgün edir, qəzetləri bağlayır və sair. Səfir cavab verdi ki, indi siyasi konyuktura belədir, Sülh Konfransı bitənə qədər ingilis komandanlığı Qafqazda müəyyən kurs yeritmək imkanlarından məhrumdur. “Sülh Konfransı Almaniya, Avstriya və sairəyə aid məsələləri həll edəndən sonra Qafqaz məsələsinin həlli ilə məşğul olacaqdır. Ümid edək ki, müvəffəqiyyətlə həll olunacaqdır” sözləri ilə səfir fikrini yekunlaşdırdı. Sonda mən dedim ki, Bakı əhalisi ingilis komandanlığının ona gözəl münasibətindən məmnundur. “Mənə həmvətənlərim barədə xoş rəy eşitmək xoşdur” deyə səfir cavab verdi.

31 may saat 3-də mən və şahzadə ingilis səfirinin səlahiyyətlərini icra edən şəxsin qəbulunda olduq (bu qəbul da dostluq[xxiii] xarakter daşıyırdı).

Sual: Tehran xoşunuza gəldimi? Cavab: Hündür hasarlar gözəl evləri, parkları və bağları görməyə mane olur.

Sual: Gəlişinizin məqsədi nədir? Cavab: Ticari, poçt və gömrük məsələləri ilə əlaqədar ilkin danışıqlar aparmaq.

Sual: İranın Azərbaycana münasibəti necədir? Cavab: Gözəldir.

Sual: Bəs “Azərbaycan” adına? Cavab: Burada bizim münasibətlərə mane olacaq nəsə görmürəm. Burada İran Azərbaycanıdır, bizdə Qafqaz Azərbaycanı. Həm də, biz özümüzü əsl adımızla adlandırmışıq. Biz dilimizlə, dinimizlə, həyat tərzimizlə, ərazimizlə və sairə ilə azərbaycanlıyıq.

Sual: Sizin Rusiyaya münasibətiniz necədir? Cavab: Biz Rusiyadan ayrılmışıq və müstəqil həyat yaşayırıq. Rusiya isə anarxiyanın və cənab Kolçakların[xxiv], xüsusən şimala bolşeviklər üzərinə yerimək əvəzinə, cənuba, daha az müqavimətin olduğu bədbəxt, dinc dağlıların[xxv] üzərinə hərəkət edən Denikinin son qoya bilmədiyi bolşevizmin ağuşunda məhv olmaqdadır. Əgər siz müttəfiqlər Rusiyaya böyük qüvvələr yeritməsəniz, Kolçak və onun kompaniyası anarxiya ilə bacarmayacaqdır. Səfir: Biz düşünürük ki, bu, arzuolunan nəticəni verməz. Ehtiyat edirik ki, ordularımızı ora yeritsək, bütün Rusiya bizə qarşı üsyana qalxar. Mən: Düşünürəm ki, sizin ehtiyatınız nahaqdır, sizin ordular bolşeviklər üçün qorxulu olacaq, qalan rus əhalisi isə sizin arxanızca gedərək, bütün gücü ilə dəstək verəcək. Səfir: Biz, hər halda, ehtiyat edirik, daha yaxşı olar ki, biz pul və digər vasitələr verək,  bolşevizmə isə ruslar özləri son qoyub, qayda-qanunu bərpa etsinlər, bu, daha əsaslı həll olar, nəinki bizim hərbi hissələrin orada müvəqqəti yerləşməsi və bu hissələr gedən kimi bolşevizmin yenidən baş qaldırması.

Sual: Tutaq ki, Rusiyada qayda-qanun bərpa olundu, bu halda sizin bu ölkəyə münasibətiniz necə olacaq? Cavab: Mən şəxsən belə hesab edirəm, biz o dərəcədə siyasi cəhətdən yetkinləşmişik ki, müstəqil həyat sürdürə bilərik.

Sual: Rusiya sizin neftin əsas bazarıdır. Onlar Həştərxanı bağlasalar, neftlə nə edəcəksiniz? Cavab: Nefti Türkiyə və İrana göndərəcəyik. Əgər bazar olmasa, elə dənizdə saxlayacağıq. Neft ixracına görə biz bu qədər əziyyətlə əldə etdiyimiz müstəqilliyimizi qurban vermək fikrində deyilik.

Sual: Ermənistan və Gürcüstanla çətinlikləriniz olmayacaq ki? Cavab: Düşünürəm ki, bütün sərhəd məsələlərini sülh yolu ilə həll edə bilərik. Özü də indi bu məsələlərin üzərində Qafqaz Konfransı işləyir.

2 iyun 1919-cu ildə mən Tehrana yenicə gəlmiş Fransa səfiri Boneni ziyarət etdim (qəbul qeyri-rəsmi idi, bununla əlaqədar məktub əlavə olunur). O, üzrxahlıq etdi ki, Sülh Konfransının Azərbaycanı tanımaması səbəbi ilə məni rəsmi şəkildə qəbul etmək imkanından məhrum olub. Səfir bizim respublikanın sərhədləri ilə maraqlanırdı. O, xəritə gətirib, onun üzərində sərhədləri soruşurdu.

Səfirin sualı: Zaqatala dairəsinin Azərbaycan Respublikasına birləşdirilməsinə gürcülərin münasibəti necədir? Cavab: Zaqatala dairəsi demək olar ki, tamamən müsəlmanlarla məskunlaşıb, nə dil, nə din baxımından gürcülərlə əlaqəsi var, ona görə gürcülərin bu dairəyə iddia etməyə ixtiyarları da yoxdur.

Səfirin sualı: Ermənilərlə problemləriniz olacaqmı? Cavab: Düşünürəm ki, yox. Çünki hazırda Tiflisdə Qafqaz Konfransı davam edir və bu konfrans bütün mübahisəli məsələləri sülh yolu ilə həll etməyə səy göstərəcək. Səfir: Bu, Sülh Konfransında Qafqaz məsələsi həll olunarkən böyük əhəmiyyət daşıyacaq.

Səfirin sualı: Nazirlər Şurası sədrini ziyarət etmisinizmi? Cavab: Olmuşam yanında, həmçinin şahla, ingilis, fransız səfirləri ilə görüşmüşəm.

Sağollaşarkən səfirə dedim ki, biz belə bir fikirdən uzağıq ki, azadlıqsevər Fransa, İngiltərə və Amerikanın nəcib insanları bizi yenidən əsarət zənciri ilə buxovlayacaqlar. Əminik ki, burada cənab Etter və Parisdə onun kimilərin intriqalarına baxmayaraq, Sülh Konfransında bizim müstəqilliyimiz tanınacaq.

5 iyun 1919-cu ildə Şimranda (bağ yeri) Nazirlər Şurasının sədri ilə vida görüşündə oldum. Bolşevizm, Denikin, bizim yeni hökumətin tərkibi[xxvi], Sülh Konfransı və sair məsələlər haqqında söhbətləşdik. Yeri gəlmişkən, Sülh Konfransında İran nümayəndə heyətinin öz ərazilərini Azərbaycan hesabına genişləndirmək niyyəti və s. məsələlərə də toxundum. Buna cavab olaraq, Vüsuq-əd-Dövlə qəti şəkildə bəyan etdi ki, İran ərazilərini genişləndirmək haqqında düşünmür. Davam etdi ki, əgər indi düşünən-yaradıcı İranın hamısı bütün sahələr üzrə quruculuq işlərinə başlasa, hal-hazırda yaşadığı ərazilərdə 200 illik işi var. Sonda o, bu andan etibarən iki doğma dövlət arasında dostluğun, qarşılıqlı əlaqələrin və çiçəklənmənin yeni dövrünün başlandığına əmin olduğunu bir daha ifadə etdi.

Biz ona xoş münasibətə və böyük qonaqpərvərliyə görə minnətdarlıq bildirib, görüşü tərk etdik. Elə həmin gün Zərqəndə (bağ yeri) Türk Missiyasına getdik. Orada yalnız hərbi attaşe Şevkər bəyi tapa bildik. Onunla müxtəlif mövzularda söhbətləşib, şəhərə qayıtdıq. Bir neçə vida ziyarəti etdikdən sonra Missiya iyunun 14-də Tehranı tərk edib, iyunun 18-də Bakıya çatdı.

Rusiya missiyasında aşağıdakı əsaslar səbəbilə olmadıq. Hələ Ənzəlidə olarkən bizə məlumat verdilər ki, ölkəsinə səfər edən Rusiya nümayəndəsi Etter yolüstü Ənzəliyə gəlməlidir. Tehranda da bizə eyni şeyi dedilər. Lakin Etter Tehranda qalmaqda idi. Bizə dedilər ki, biz burada olduğumuza görə səfərini təxirə salıb. Gəldiyimiz ilk gündən etibarən bizim haqqımızda çirkin şayiələr yayırdılar. Əvvəla, deyirdilər ki, bizim bütün hökumət, İrana gəlmiş missiya daxil, bolşeviklərdən ibarətdir və səfərimizn məqsədi isə yalnız iranlılar arasında bolşevizmi yaymaqdır. İkincisi, deyirdilər ki, biz ingilislər əleyhinə təbliğat aparmağa gəlmişik. Üçüncüsü, israrla iranlılar arasında təbliğat aparırdılar ki, biz bilə-bilə özümüzü Azərbaycan adlandırmışıq ki, yaxın gələcəkdə İran Azərbaycanını özümüzə birləşdirək. Bizə qarşı təbliğat aparan təşkilatlar bunlar idi: irticaçı Rus missiyası, Rus bankı, Kazak diviziyasının rus təlimatçıları, ruspərəst iranlılar. Mən bizim Bağdada sürgün olunacağımız, asılacağımız, artıq asılmağımız tipli şayiələri sadalamaq istəmirəm. Rusiya missiyası öz agentləri vasitəsilə bzim həmvətənlərimizi qorxudurdu, hədə gəlirdi ki, Denikin Bakıya gələndən sonra onların qohumları güllələnəcək, daha sonra bizimlə İranın arasını vurmaq üçün həmvətənlərimizdən tələb edirdilər ki, İran məhkəmələrinə müraciət etməsinlər. Nəhayət, o[xxvii],  İran Xarici İşlər Nazirliyindən rəsmi izahat istəmişdi ki, niyə bizi Nazirlər Şurasının sədri qəbul edib və niyə bizi şahın hüzuruna aparıblar.

Bir sözlə, düşmənlərimiz səfərimizin son gününə qədər öz çirkin əməllərini dayandırmırdılar. Etter bizim səfərimizi başa vurmağımızı gözləmədən, iki həftə bizdən əvvəl Tehranı tərk etdi. Tiflisə gəldikdən sonra o, orada da bir naharda belə bir çirkin yalan danışıb ki, guya biz İran hökumətinə hansısa hesablar vermişik. Mən ən kəskin formada buna etiraz edərək bildirirəm ki, İranda heç kimə heç bir hesab verməmişik.  Məhz bu yuxarıda yazılanlara görə Rusiya Missiyasına getmədik.

Bu məruzəni təqdim edərkən Zat-alilərinizin nəzərinə çatdırmağı özümə borc bilirəm ki, mənim fikrimcə, dərhal biri Tehrana, digəri Təbrizə iki diplomatik nümayəndə təyin edilməlidir.

Fövqəladə Diplomatik Missiyanın sədri İ. Ziyadxan
Üzvü general-mayor Əmənulla Mirzə

Bakı şəhəri, 5 iyul 1918-ci il [xxviii]

Əsli ilə düzdür

Qeydlər:                     

[i] Mətndə İran Persiya kimi yazılır.

[ii] 1825-1932-ci illərdə İranda pul vahidi.

[iii] Kirill əlfbası ilə “б.” yazılıb. Məruzənin yazıldığı dövrdə Xoyski artıq baş nazir olmadığı üçün onun “sabiq” (бывший) mənasını ifadə etdiyini guman etmişik.

[iv] Sənəddə 17-si yazılıb, texniki çap xətasıdır.

[v] İnqilabaqədərki Rusiyada məsafə ölçüsü vahididir, təxminən 1,06 kilometrə bərabərdir.

[vi] Guman ki, hüquq fakültəsi məzunu.

[vii] Vətəndaş müharibəsinin getdiyi Rusiyada müəllif Rusiya Missiyası deyərkən Ağ Ordunun nümayəndələrini nəzərdə tutur.

[viii] İranda yaşayan Qafqaz Azərbaycanı əsillilər nəzərdə tutulur.

[ix] Sənəddə birbaşa qeyd edilməsə də, bu sözləri Mənşurun dediyi mətndən aydındır.

[x] Üstü bağlı, kabinalı fayton.

[xi] İsmayıl xan Ziyadxanın verdiyi siyahıda İran ictimai-siyasi xadimlərinin adları, kimliklərini bildiklərimiz istisna olmaqla, müəllifin yazdığı transkripsiyada, sadəcə kirill əlifbasından latın əlifbasına keçirilməklə, olduğu kimi saxlanışlmışdır.

[xii] Görünür, texniki xəta nəticəsində orijinal mətndə sıralamada “4)” rəqəmini qoymaq yaddan çıxmışdır.

[xiii] Guman edirik ki, müəllif Həsən Pirnianı nəzərdə tutur.

[xiv] İranın iki baş naziri Saad al-Dovlə titulunu daşımışdır. Bunlardan biri, Nəcəfqulu xan Bəxtiyarinin lor olduğu məlumdur və həm də İsmayıl xan sonra onu da sadalayır, ona görə zəif gumanımız odur ki, burada müəllif Cavad Saad əl-Dövləni nəzərdə tutur.

[xv] Sıralamada 61 və 62-ci nömrələr yoxdur.

[xvi] Burada və sonra söhbət rəsmi olaraq şahın və digər vəzifəli şəxslərin qorunması üçün yaradılmış İran Kazak Diviziyasından gedir.

[xvii] İsmayıl xan Ziyadxanın bu iddiası mübahasilədir.

[xviii] Azərbaycanda mübadilədə olan pul vahidi.

[xix] Sənədin adını İsmayıl xan “Execvature” kimi qeyd edir.

[xx] Antanta nəzərdə tutulur.

[xxi] Yəni rəsmi deyil, şəxsi görüş kimi.

[xxii] Guman ki, söhbət bizim nümayəndə heyəti orada olarkən Əhməd şahın tacqoyma mərasiminin növbəti ildönümünün qeyd olunmasından gedir.

[xxiii] Yəni rəsmi deyil, şəxsi.

[xxiv] Müəllif Kolçak və Denikinin timsalında Ağ Ordunu nəzərdə tutur.

[xxv] Şimali Qafqaz nəzərdə tutulur.

[xxvi] Söhbət Usubbəyovun rəhbərliyi altında qurulmuş ilk, cümhuriyyətin dördüncü hökumətindən gedir

[xxvii] Rusiya Missiyası nəzərdə tutulur.

[xxviii] Sənəddə texniki xətadır, 1919-cu il olmalıdır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.