2020-ci il iyunun 25-dən iyulun 1-nə qədər Rusiyada Konstitusiya dəyişikliklərinə dair ümumxalq səsverməsi keçirildi. Əvvəlcə səsvermə aprelin 22-nə təyin olunsa da, COVİD-19 pandemiyası ilə əlaqədar irəli tarixə təxirə salındı. Ümumilikdə 206 dəyişiklik və düzəliş təklifi əhalinin təsdiqinə təqdim edilsə də, onların arasında cəmi bir prinsipial siyasi məsələ var idi: səlahiyyət müddəti 2024-cü ildə başa çatacaq mövcud dövlət başçısının əvvəlki prezidentlik müddətlərinin sıfırlanması və həmin ildən etibarən ona daha iki müddətə (üst-üstə 12 il) prezidentliyə namizəd olmaq hüququnun verilməsi. Faktiki olaraq, söhbət siyasi sistemin bir adama uyğunlaşdırılması və Konstitusiyanın onun tələblərinə uyğun yenidən yazılmasından gedir. Bu məqalədə biz Rusiya Konstitusiyasına dəyişiklik ideyasının hansı ardıcıllıqla gündəmə gətirilib gerçəkləşdirilməsindən, niyə referenduma deyil, məhz ümumxalq səsverməsi üsuluna üstünlük verilməsindən, müasir Rusiyanın tarixində ilk dəfə olaraq bir həftəlik səsvermənin təşkilindən, rəsmi nəticələr və saxtakarlıq iddialarından, Putinin siyasi planlarından və məqsədlərindən bəhs edəcəyik.

Konstitusiya dəyişiklikləri barədə rəsmi prosedur 2020-ci il yanvarın 15-də prezident Putinin Federal Məclis qarşısındakı çıxışı ilə başladı. Putin bildirdi ki, Konstitusiyanın onillər öncə (1993-cü il) qəbul olunduğu və o vaxtdan bəri vəziyyətin kardinal dəyişikliyə məruz qaldığı barədə deyilənlərlə razılaşır, bu səbəblə bir sıra dəyişiklikləri müzakirəyə çıxarmaq zəruridir. Lakin onun şifahi şəkildə səsləndirdiyi dəyişiklik təklifləri sırasında şəxsinə aid hissə yox idi, hər hansı sıfırlanmadan söz açılmırdı. Ən diqqət çəkən və sonrakı günlərdə əsas müzakirə mövzusuna çevrilən məqamlar Dövlət Şurası adlanan qurumun rolunun gücləndirilməsi və Konstitusiyada təsbit olunması, Dövlət Duması, Federasiya Şurası və yerli hakimiyyət orqanlarının səlahiyyətlərinin artırılmasının vacibliyinin vurğulanması idi. Elə həmin gün Putin “Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklər edilməsi barədə təkliflərin hazırlanması üzrə işçi qrupun yaradılması haqqında” sərəncam imzaladı və qrupun tərkibi müəyyənləşdirildi. Sovet dövrünün ənənələrinə uyğun şəkildə işçi qrupa parlament üzvlərindən tutmuş, idmançılara, musiqiçilərə, aktyorlara, yazıçılara, müharibə veteranlarına qədər müxtəlif peşə sahibləri daxil edildilər. Bu qurumun nə qədər formal olduğunu təsdiqləyən fakt budur ki, cəmi 5 gün sonra – yanvarın 20-də Konstitusiyaya düzəlişləri nəzərdə tutan “Hakimiyyətin təşkili və fəaliyyətinə dair ayrı-ayrı məsələlərin tənzimlənməsinin təkmilləşdirilməsi haqqında” qanun layihəsi prezidentin imzası ilə Dövlət Dumasına təqdim edildi. Burada da 2024-cü ildən sonra hazırkı dövlət başçısına yenidən namizəd olmaq hüququnun verilməsi barədə heç nə yox idi, əksinə, bir nəfərin 2 dəfədən artıq prezident olmasına qadağa qoyulması təklif olunurdu. Layihədə dövlət hakimiyyət orqanlarının razılaşdırılmış qarşılıqlı fəaliyyətinin təmin edilməsi, daxili və xarici siyasətin əsas istiqamətlərinin və dövlətin sosial-istisadi inkişafının prioritet istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Dövlət Şurasının formalaşdırılması təklif olunurdu.

Rusiyada 2000-ci ildə Putinin fərmanı ilə yaradılmış Dövlət Şurası əvvəl konstitusion orqan deyildi və Federasiya Şurası ilə Dövlət Dumasının rəhbərlərinin, Duma fraksiyalarının liderlərinin, prezidentin federal dairələrdəki səlahiyyətli nümayəndələrinin, federasiya subyektləri başçılarının daxil olduğu məşvərətçi qurum idi. Amma indi konstitusion orqana çevrilən Şuranın statusu ayrıca federal qanunla müəyyənləşdiriləcək. Bu səbəblə, əvvəlcə güman olundu ki, Putinin niyyəti 2024-cü ildən sonra Dövlət Şurasının sədri qismində hakimiyyət piramidasının başındakı mövqeyini qorumaq, ölkəyə nəzarəti əlində saxlamaqdır – Qazaxıstandakı Nazarbayev modelinə bənzər şəkildə. (Nursultan Nazarbayev Təhlükəsizlik Şurasını real səlahiyyətlərə malik konstitusion orqana çevirərək Elbaşı statusu ilə ömürlük onun rəhbəri vəzifəsini tutub. Ölkə prezidenti bu qurumun sıravi üzvlərindən biridir. Qazaxıstan konstitusion quruluşun, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və beynəlxalq miqyasda Qazaxıstanın milli maraqlarının müdafiəsi, daxili siyasi stabilliyin, milli təhlükəsizliyin və ölkənin müdafiə qabiliyyətinin qorunması sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini koordinasiya edən orqandır.)

Lakin Putin öz gələcək qərarlarının qabaqcadan bilinməsini, atacağı addımların proqnozlaşdırılan olmasını sevməyən lider tipidir. Martın 10-da Dövlət Dumasının iclasında dünyanın ilk qadın kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı, general-mayor, 83 yaşlı Valentina Tereşkova Konstitusiyaya dəyişikliklərin qəbulundan etibarən Putinin prezidentlik müddətlərinin sıfırlanması təklifi ilə çıxış etdi. Bu təklifi ondan öncə, fevralın 26-da prezidentin köməkçisi vəzifəsindən yenicə ayrılmış, Kremlin baş ideoloqu kimi tanınan Vladislav Surkovun irəli sürməsi məsələnin ən yuxarıda müzakirə olunub, qərarlaşdırıldığını deməyə əsas verir. Tereşkovanın təklifi səsləndirməsindən bir az sonra Putin Dumaya gələrək, təklifi Konstitusiya Məhkəməsinin müsbət rəy verəcəyi təqdirdə dəstəkləyəcəyini söylədi, eyni zamanda bildirdi ki, prezidentlik müddətinin məhdudlaşdırılmasına dair müddəanı (bir nəfərin maksimum iki müddət prezident olması) Konstitusiyadan götürmək olmaz, çünki “hakimiyyətin dəyişə bilməsi ölkənin dinamik inkişafı üçün lazımlıdır.” Yəni, qeyri-məhdud prezidentlik imtiyazı yalnız Putinə məxsusdur, başqasına aid edilə bilməz.

Konstitusiyaya 206 düzəlişdən ibarət qanun layihəsi geniş ictimai müzakirə və parlament debatları olmadan çox sürətlə qəbul edildi. Layihə fevralın 23-də Dövlət Dumasında ilk oxunuşdan, martın 10-da ikinci oxunuşdan keçdi, martın 11-də üçüncü oxunuşda təsdiqləndi. Duma ilə eyni gündə – martın 11-də Federasiya Şurası qanun layihəsini bəyəndi, ayın 14-də isə sənəd prezident tərəfindən imzalandı. Martın 16-da Konstitusiya Məhkəməsi təkliflərin Konstitusiyaya uyğunluğu haqda rəy verdi.

Niyə referendum yox, ümumxalq səsverməsi?

Putin yanvarın 15-də Federal Məclisdəki çıxışında ümumxalq səsverməsi keçirməyin zəruriliyini vurğuladı. Bu təklifin də hüquqi tərəfi əvvəlcə tam aydın olmadı, ilk anda çoxları referendumun keçiriləcəyini zənn etdi, çünki ümumxalq səsverməsi hər zaman referendum sözünün sinonimi kimi qəbul olunub. Lakin bəlli oldu ki, söhbət Konstitusiyanın 3-cü maddəsində nəzərdə tutulan və iki federal qanunla – “Referendum haqqında”, “Seçki hüququnun əsas təminatları və referendumda Rusiya Federasiyası vətəndaşlarının iştirak hüququ haqqında” qanunlarla tənzimlənən səsvermədən yox, fərqli hüquqi mexanizmdən gedir.

Bəs, ikisi arasında prinsipial fərqlər nədən ibarətdir?

Referendumdan fərqli olaraq, ümumxalq səsverməsi formatı hakimiyyət üçün geniş manipulyasiya imkanları yaradır. (Bu format da Konstitusiyada əksini tapıb.) Məsələn, referendumun müşahidəsi üçün siyasi partiyalar və ictimai birliklər seçki komissiyalarına öz müşahidəçilərini təhkim etmək hüququna malikdir, ümumxalq səsverməsi zamanı isə komissiyalara yalnız RF İctimai Palatası və federasiya subyektlərinin müvafiq palataları müşahidəçi təyin edə bilər. “Referendum haqqında” qanunda kütləvi informasiya vasitələrinin hüquqları ayrıca qeyd olunub: jurnalistlər seçki komissiyalarının iclaslarına qatıla, səsvermə günü məntəqələrdə sərbəst fəaliyyət göstərə, səsvermənin yekunlarına dair rəsmi protokollarla tanış ola bilər. Ümumxalq səsverməsi barədə prosedurda belə hüquqlar yoxdur. Təbliğat məsələsində də əhəmiyyətli fərqlər var. Referendum haqqında qanuna əsasən səsverməyə çıxarılan məsələlərin lehinə və əleyhinə təbliğat aparmaq üçün təşəbbüs qrupları yaradıla bilər, dövlət orqanlarının, yerli hakimiyyət orqanlarının, dövlət strukturlarında və bələdiyyələrdə vəzifə tutan şəxslərin təbliğat aparmaq, təbliğat materialları yaymaq hüquqları yoxdur. Səsvermə bitənə qədər nəticələrin rəsmi elan olunması da qadağandır. Ümumxalq səsverməsi üçün bu cür hüquq və qadağalar yoxdur. Məsələn, iyulun 1-də, Moskva vaxtı ilə saat 15:00-da Mərkəzi Seçki Komissiyası Uzaq Şərqdə məntəqələr bağlandıqdan sonra nəticələri elan etməyə başladı, halbuki ölkənin digər ərazilərində səsvermə hələ davam edirdi və bu addım seçicilərin iradəsinə təsir edə bilərdi. Ümumxalq səsverməsi üçün 1 həftə – iyunun 25-dən iyulun 1-nə qədər vaxt ayrıldı, evdə səsverməyə şərait yaradıldı. Halbuki referendum üçün vahid səsvermə günü müəyyən olunur. (Qərar belə izah olundu ki, seçki məntəqələrində koronavirusa yoluxma riski azaldılmalıdır.) Bundan başqa, iki regionda – Moskva və Nijnıy Novqorodda vətəndaşlar iyunun 25-dən 30-na qədər online səs vermək hüququ əldə etdilər. Referendumda bu mümkün deyil.  

206 düzəliş bir paketdə və rəsmi nəticələr

Səsverməyə çıxarılan məsələlər arasında prezidentlik müddətinin sıfırlanması ilə yanaşı, başqa diqqət çəkən dəyişikliklər və əlavələr də var idi. Məsələn:

– Allahın adının anılması (“…Allaha inamı bizə ötürmüş əcdadlarımız…”);

Rus dilinin “dövləti formalaşdıran xalqın dili”, Rusiyanın isə SSRİ-nin hüquq varisi və hüquqi davamçısı elan olunması;

Nikah institutunun kişi və qadının bərabərliyi adlandırılması (başqa sözlə, eyni cinsli şəxslərin nikahı Konstitusiya ilə qadağan olunur. Əvvəl Rusiya qanunvericiliyində formal olaraq bununla bağlı hər hansı qadağa yox idi. Hətta 2018-ci ilin yanvarında Danimarkada ailə quran Yevgeni Voytsexovski və Pavel Stotsko adlı iki rusiyalının nikahı daha sonra Moskvada qeydiyyatdan keçirilib: onların pasportunda ailə vəziyyəti ilə bağlı hissəyə möhür vurulub. Moskva meriyasından bildiriblər ki, başqa ölkələrdə nikaha girən Rusiya vətəndaşlarının nikahı ölkə daxilində avtomatik olaraq tanınır. Bu hadisədən iki həftə sonra Putin nikahın yalnız kişi və qadın arasında bağlanan ittifaq olması barədə müddəanın Konstitusiyada əks olunmasının zəruriliyini vurğulayıb);

Keçmiş prezidentə toxunulmazlıq hüququnun verilməsi və onun ömrünün sonuna qədər Federasiya Şurasının üzvü olması (Putin nə vaxtsa vəzifədən gedərsə, şəxsi təhlükəsizliyini Konstitusiya ilə təminat altına alır);

Prezident vəzifəsinə yalnız Rusiyada azı 25 il fasiləsiz yaşamış, xarici vətəndaşlığı və ölkə xaricində bank hesabları olmayan şəxslərin seçilmək hüququ (əvvəl müddət 10 il idi. Bununla hazırda mühacirətdə olan Xodorkovski, Kasparov kimi müxalifətçilərin Putindən sonra nə vaxtsa prezident olmaq imkanları bloklanır);

Prezidentin Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və kassasiya, apellyasiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək hüququ əldə etməsi (bununla məhkəmə hakimiyyəti üzərində siyasi nəzarət daha da gücləndirilir, prezident loyallıq göstərməyən hakimləri dərhal vəzifədən azad etmək səlahiyyəti qazanır. Halbuki əvəllər hakimlər vaxtından əvvəl yalnız könüllülük əsasında vəzifədən gedə bilərdi.)

Rusiyadan hər hansı ərazinin ayrılmasına qadağa qoyulması (Krım və Yaponiyanın iddia etdiyi Kuril adalarının geri verilməsinin yolu bağlanır);

Dövlətlərarası orqanların (məsələn, beynəlxalq məhkəmələr) Rusiya Konstitusiyasına zidd qərarlarının icra olunmaması və s…

Bu qədər təklifə rəğmən, səsvermə bülletenində yalnız bir sual var idi: “Siz Rusiya Konstitusiyasına dəyişiklikləri qəbul edirsinizmi?” Yəni, vətəndaş 206 dəyişiklik təklifinin hamısına ya hə, ya da yox deməliydi.

Sensasiya baş vermədi və ümumxalq səsverməsinin nəticələri Kremlin istədiyi, planlaşdırdığı kimi də oldu. MSK-nın rəsmi məlumatına görə, səsvermədə seçicilərin 67,97%-i iştirak edib, onlardan 77,92%-i lehinə, 21,27%-i əleyhinə, onlayn səsvermədə iştirak edən Moskva sakinlərinin 62,33%-i lehinə, 37,67%-i əleyhinə, Novqorod sakinlərinin isə 59,59%-i lehinə, 40,31%-i əleyhinə səs verib. Seçicilərin əksəriyyəti – 55%-dən çoxu 1 iyuldan əvvəlki 6 gün ərzində səsvermədə iştirak edib.

Hələ ümumxalq səsverməsindən aylar öncə, fevral ayında Kremlin hansı nəticələri görmək istədiyi Rusiya mediasına sızmışdı. Belə ki, fevralın 13-15-də Moskva ətrafında qubernator müavinləri üçün keçirilən 3 günlük seminarda ümumxalq səsverməsində iştirak səviyyəsinin 60%, lehinə səs verənlərin sayının 70%, hər federasiya subyektində lehinə səslərin 50%-dən çox olmasının legitimlik üçün vacibliyi onların nəzərinə çatdırılıb.

Bir sözlə, Kreml səsvermənin uğuru üçün qabaqcadan bütün tədbirləri görüb, hər detalı düşünüb, onsuz da zəif və dağınıq olan opponentlərin əks-təbliğat, ictimai rəyə təsir və müşahidə imkanlarını minimallaşdırıb. Lakin bununla belə, rəsmi nəticələr – istər iştirak faizi, istərsə də lehinə səs verənlərin sayı şübhə doğurur. Məsələn, Rusiyada keçirilən seçkiləri elmi metodla tədqiq edən fizik Sergey Şpilkin rəsmi nəticələri analiz edərək bu qənaətə gəlib ki, müasir Rusiya tarixinin ən saxta səsverməsi baş verib. Onun hesablamasına əsasən real olaraq seçicilərin 45%-ə yaxını səsverməyə qatılıb və onların 65%-i lehinə səs verib, bu isə ölkə üzrə bütün seçicilərin 30 faizindən çox deyil. Halbuki rəsmi rəqəmlərə əsasən lehinə səs verənlərin sayı bütün seçicilərin 52,95%-ni təşkil edir. Bu, ona görə vacibdir ki, Konstitusiyaya əsasən ümumxalq səsverməsində Konstitusiya dəyişikliyinin qəbulu üçün təkcə iştirakçıların yarısından çoxunun lehinə səs verməsi kifayət etmir, səsvermədə ölkə üzrə qeydiyyatda olan bütün seçicilərin yarısından çoxunun iştirakı da tələb olunur.

“YOX” (NET) kampaniyasının səsvermə günü ölkənin 2 ən böyük şəhərində – Moskva və Sankt-Peterburqda keçirdiyi sorğuların (exit-poll) nəticələri də rəsmi nəticələrdən xeyli fərqlənir. Belə ki, Moskvada 5154 nəfərdən alınan cavablara görə, onların 44,91%-i hə, 54,89%-i yox, Sankt-Peterburqda sorğuya qatılan 2731 seçicidən 36,69%-i hə, 63,07%-i yox deyib. Bundan başqa, ayrı-ayrı regionlar (xüsusən qeyri-rus və müsəlmanların çoxluqda olduğu respublikalar) üzrə sovet dövrünün rəqəmlərini xatırladan rəsmi nəticələrə nəzər saldıqda, bu nəticələrin necə əldə edildiyi ilə bağlı qənaət formalaşır. Məsələn, Çeçenistanda seçici fəallığı 95,14%, lehinə səs verənlər 97,92%, Tıva Respublikasında müvafiq olaraq 92,8% və 96,79%, Başqırdıstanda 90,83% və 88,68%, Dağıstanda 89,99% və 89,19%, Adıgeydə 82,02% və 84,55%, Kabardin-Balkarda 79,57% və 85,52%, Tatarıstanda 79,68% və 82,81% olub. 

Rusiya müxalifətinin vəziyyəti

Rusiyada 2019-cu ilin yayında, Moskva şəhər Dumasına seçkilərdən əvvəl siyasi canlanma yaranmış və müxalif qüvvələr böyük mitinqlər keçirmişdi. Ümumiyyətlə, ötən il Rusiyada siyasi aktivlik xeyli artmışdı, lakin bu il ümumxalq səsverməsi ərəfəsində hər hansı siyasi fəallıq müşahidə olunmadı. Şübhəsiz ki, bunun əsas səbəbi koronavirus pandemiyasıdır. Moskvada sərt karantin rejimi – evdən çıxmaq qadağası iyunun 9-dan etibarən, səsvermənin başlamasına 16 gün qalmış ləğv edildi, lakin bəzi məhdudiyyətlər, o cümlədən mitinq və kütləvi tədbirlərə qadağalar qüvvədə qaldı. Bu qadağa hazırda davam edir, çünki müxaliflərin iyulun 15-də keçirmək istədiyi mitinqə də icazə verilmədi. Siyasi fəallığın aşağı olmasının digər səbəbi, qeyd etdiyimiz kimi, referendum haqqında qanunvericiliyin müxalifətə, mediaya, qeyri-hökumət təşkilatlarına verdiyi imkanların aradan qaldırılması üçün ümumxalq səsverməsi üsulundan istifadə edilməsi idi. Lakin bütün bunlarla yanaşı, Rusiya müxalifətinin dezorqanizasiya vəziyyətini, hələ də mütəşəkkil siyasi qüvvə kimi çıxış edə bilməməsini və lider problemini də söyləmək lazımdır. (Parlamentdəki sistem müxalifəti nəzərdə tutulmur.) Gerçək müxalifət səsvermə ilə bağlı vahid strategiya müəyyənləşdirə bilmədi və onların hər biri protest elektoratına fərqli yollar göstərdi.

Məsələn, nisbətən yaxşı təşkilatlanmış və regionlarda qərargahları olan Aleksey Navalnı ümumiyyətlə, məsələyə ciddi əhəmiyyət vermədi və öz tərəfdarlarına, narazı seçicilərə hər hansı yol xəritəsi təqdim etmədi. O, “boykot, yoxsa əleyhinə səs vermək?” mövzusunda müzakirələri mənasız adlandıraraq əsas məsələnin bu səsverməni ümumiyyətlə, tanımamaq olduğunu vurğuladı. Onu da qeyd etmək yerinə düşər ki, Aleksey Navalnı hələ də siyasi lider kimi deyil, daha çox müxalif mövqeli bloger kimi fəaliyyət göstərir və yüksək vəzifəli dövlət məmurlarının büdcə oğurluqlarını, ölkə daxili və xaricində sahib olduqları aktivləri üzə çıxarmağa, bu şəxsləri ifşa etməyə üstünlük verir.

Rusiya liberal müxalifətinin əsas partiyası olan “Yabloko” səsverməni boykot etdi. Bir sıra fəalların, o cümlədən mühacirətdəki oliqarx Xodorkovskiyə yaxın şəxslərin yaratdığı “YOX” ictimai kampaniyası isə səsverməyə qatılaraq seçiciləri “yox” deməyə çağırdı.

Rusiyada növbəti əhəmiyyətli siyasi kampaniya 2021-ci ildə Dövlət Dumasına keçiriləcək seçki olacaq. 

Putinin məqsədi  

Ən vacib sual: Konstitusiya dəyişikliyi Putinə nə üçün lazım idi və səlahiyyət müddətinin başa çatmasına hələ 4 il qaldığı halda, bu qədər tələskənliyin səbəbi nədir?

Sualın cavabını Putin özü səsvermə ərəfəsində verərək, bildirdi ki, bu dəyişikliklər olmasa, bir neçə il sonra hakimiyyətin müxtəlif pillələrində normal iş əvəzinə, varis axtarışları başlaya bilər: “Mən öz şəxsi təcrübəm əsasında tam açıq deyirəm ki, bunlar olmasa, iki il sonra normal, ritmik iş əvəzinə, hakimiyyət daxilində mümkün varis axtarışları üçün nəzərlər ora-bura yönələcək”.

Güman etmək olar, Putin bunu arqument olaraq ona görə istifadə edir ki, Boris Yeltsinin prezidentlik dövrünün son illəri dövlət strukturları daxilində, eləcə də müxtəlif oliqarxik qruplar arasında hakimiyyət uğrunda güclü rəqabət və mübarizə ilə yadda qalıb. Putin o zaman əvvəlcə Prezident Administrasiyası rəhbərinin müavini, sonra Federal Təhlükəsizlik Xidmətinin direktoru, daha sonra baş nazir kimi bu mübarizəni çox yaxından izləyib. Hazırkı dövrdə birləşdirici lider kimi Putinin rolu zəifləyərsə və onun bir neçə il sonra iqtidardan əl çəkəcəyi bəlli olarsa, elitalar arasında yenidən 1990-cı illərin sonlarına bənzər şəkildə amansız rəqabət başlaya bilər. Siyasi ambisiyaları olan Dmitri Medvedevin baş nazirlikdən kənarlaşdırılması və yerinə texniki təyinat həyata keçirilməsini də bu kontekstdə qiymətləndirmək lazımdır.

Konstitusiya dəyişiklikləri Putinə 2036-cı ilə qədər prezident vəzifəsində qalmaq hüququ verir, amma bunun alternativsiz variant olduğunu və mütləq mənada gerçəkləşəcəyini söyləmək doğru olmaz, bu, yalnız ehtimallardan biridir. Onun özü üçün təhlükəsizlik qarantiyaları yaratdığını nəzərdən qaçırmayaq: məsələn, sabiq prezidentə ömürboyu toxunulmazlıq hüququnun və Federasiya Şurasının daimi üzvü statusunun verilməsi. Bu detal göstərir ki, o, nə zamansa hakimiyyətdən gedəcəyini anlayır və bu perspektivi rədd etmir. 2024-cü ildə Putinin prezidentliyə namizədliyini irəli sürməməsi və özünə varis seçib, Dövlət Şurasının sədri olması mümkündür, bu da bir ehtimaldır. Yaxud, 2024-cü ildə seçilsə belə, 2030-cu ildə 78 yaşına çatacaq Putinin bir daha prezident olacağını necə söyləyə bilərik? Onun bu illər ərzində sağlamlıq vəziyyəti də qərarların qəbulunda əhəmiyyətli olacaq. Üstəlik, nəsil dəyişikliyi faktorunu da gözardı etməmək lazımdır: illər ötdükcə Putinin əsas seçici kütləsi olan, onun 1990-cı illərin fəlakətlərindən sonra ölkədə sabitlik yaratdığının şahidi olmuş insanların çəkisi əhali içərisində getdikcə azalır.

Hazırkı mərhələdə dəqiq məlum olan budur ki, Konstitusiya dəyişikliyi Putinə geniş manevr imkanı qazandırıb, artıq zaman çərçivəsi onu sıxmır, prezidentlikdən və hakimiyyətdən nə vaxt gedəcəyinə Konstitusiya deyil, belə görünür ki, şəxsən özü qərar verəcək. Onun yaxın gələcək üçün əsas fəaliyyət istiqamətlərindən biri təhlükəsiz və təminatlı gediş üçün münbit zəmin yaratmaq, keçmişi təftiş etməyəcək və Putin siyasi kursuna, mirasına sadiq qalacaq liderin axtarışı olacaq.

Konstitusiya dəyişikliklərinin başqa bir əhəmiyyətli səbəbi budur ki, Putin Rusiya Federasiyasının SSRİ-nin aqibətini təkrarlayacağından qorxur. Sovet dövlətinin dağılması Putinin şüurunda ciddi təsir buraxıb, bu mövzudakı çoxsaylı bəyanatları və açıqlamaları belə qənaətə gəlməyə əsas verir. Onun Moskva.Kreml.Putin proqramına sonuncu müsahibəsi də bu baxımdan diqqətəlayiqdir. Putin inanır ki, Konstutusiya dəyişiklikləri dövləti möhkəmləndirəcək və Rusiyanı SSRİ-nin aqibətini yaşamaqdan xilas edəcək.

Lakin Rusiyada hazırda mövcud olan sabitlik institusional deyil, personalist xarakter daşıyır. Sistemin dayanıqlılığı bir şəxsin üzərində qurulub və ondan asılı haldadır. Putinin nə vaxtsa hakimiyyətdən getməsi və ya iradəsi xaricində kənarlaşdırılması, yaxud vəfat etməsindən sonra Rusiyada hansı vəziyyət yaranacaq? Bunu proqnozlaşdırmaq mümkün deyil. Tarixə əhəmiyyət verən və keçmişin səhvlərindən dərs çıxardığını söyləyən Putin unutmamalıdır ki, SSRİ-nin saxlanması haqqında 17 mart 1991-ci il tarixli referendumdan cəmi 9 ay sonra sovet dövləti çökdü. Rəsmi nəticələrə əsasən həmin referendumda da əhalinin 77 faizindən çoxu lehinə (SSRİ-nin yaşamasına) səs vermişdi.

 

 

31 iyul 2020