Prezident Vladimir Putin 2 iyul 2021-ci il tarixində Rusiyanın yeni Milli Təhlükəsizlik Strategiyasını təsdiqləyib. Bundan əvvəlki analoji sənəd 2015-ci il dekabrın 31-də təsdiq olunmuşdu. Qanunvericiliyə əsasən bu sənəd 6 ildə bir dəfədən az olmayaraq yenilənməli, korrektə edilməlidir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev strategiya üzərində bir ilə yaxın iş aparıldığını deyib, Şurada Putinin sədrliyi ilə bu mövzuda sonuncu müzakirə bu il mayın 28-də keçirilib. Milli Təhlükəsizlik Strategiyası Rusiyanın digər dövlət strategiyaları üçün baza sənədi hesab olunur və bütün sahələr üzrə ölkənin milli maraqlarını və prioritetlərini, strateji planlaşdırmasını müəyyən edir. Rusiya Azərbaycanın qonşusu və vacib tərəfdaşlarından biri və regionun ən qüdrətli dövləti olduğu üçün onun müdafiə, təhlükəsizlik siyasəti, xarici siyasəti, ümumilikdə regional və qlobal vizyonu Azərbaycanın da, digər bölgə ölkələrinin də inkişafına, qərarlarına təsir göstərən amillərdən biridir – üstəlik, nəzərə almaq lazımdır ki, 2020-ci ilin payızında Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədən sonra Rusiya Silahlı Qüvvələrinin Qarabağda sülhməramlı əməliyyat həyata keçirməyə başlaması Rusiyanın regional geosiyasətdə rolunun daha da güclənməsinə səbəb olub. Bu yazıda Rusiya Federasiyasının yeni Milli Təhlükəsizlik Strategiyasının əsas məqamlarını, bundan öncəki ilə müqayisədə hansı fərqlərin və dəyişikliklərin baş verdiyini, Rusiyanın dost-düşmən və təhdid dəyərləndirmələrini araşdırmışam.   

Rusiyanın düşmənləri

2015-ci ildə təsdiqlənmiş sənədin giriş hissəsi sayılan Ümumi müddəalar adlı I Bölmənin 1-ci maddəsi Milli Təhlükəsizlik Strategiyasının tərifi və hansı məqsədlərə yönəlməsindən bəhs edirdi, yəni bölmənin adından da göründüyü kimi ümumi və texniki xarakterli idi. Yeni sənəddə isə bu hissə 2-ci maddə kimi yer alıb və yeni 1-ci maddə əlavə olunub. Orada müstəqil daxili və xarici siyasətin aparılması, xarici təzyiqlərə qarşı suveren dövlətçiliyin və onun əsaslandığı dəyərlərin qorunması və möhkəmləndirilməsi ümumilikdə Rusiya Federasiyasının milli təhlükəsizliyinin fundamenti kimi səciyyələndirilir, bu baxımdan 1-ci maddəni ümumilikdə yeni strategiyanın xülasəsi kimi qiymətləndirmək olar.

2015-ci ildən fərqli olaraq, təhdid dəyərləndirməsində yeni təhlükədən bəhs olunur: transmilli korporasiyalar. Rusiya bu strukturlardan bir çox istiqamət üzrə təhlükə gözləyir və bunlar sənədin ayrı-ayrı müddəalarında qeyd edilib. Müasir dünyada Rusiya: tendensiya və imkanlar adlanan II Bölmədə bildirilir ki, Qərb dövlətlərinin öz hegemoniyasını qoruyub saxlamaq cəhdi, iqtisadi inkişafın müasir model və alətlərinin böhranı, sosial bərabərsizliyin səviyyəsinin yüksəlməsi, transmilli korporasiyaların dövlətlərin rolunu məhdudlaşdırmağa çalışması daxili siyasi problemlərin kəskinləşməsi, dövlətlərarası ziddiyyətlərin güclənməsi, beynəlxalq təşkilatların təsirinin zəifləməsi və qlobal təhlükəsizlik sisteminin effektivliyinin azalması ilə müşayiət olunur. Milli təhlükəsizliyin təmin olunması adlanan IV bölmədə deyilir ki, transmilli şirkətlərin internetdə inhisarçı mövqelərini möhkəmləndirməyə və bütün informasiya resurslarına nəzarətə can atması onlar tərəfindən beynəlxalq hüquq normalarına zidd şəkildə, qanuni əsaslar olmadan alternativ platformaların senzuraya məruz qalması və bloklanması ilə müşayiət olunur. Eyni bölmənin Ənənəvi Rusiya mənəvi-əxlaqi dəyərlərinin, mədəniyyətinin və tarixi yaddaşının müdafiəsi başlığında yazılıb ki, bu dəyərlər transmilli korporasiyaların hücumlarına məruz qalır. IV bölmədə bununla əlaqəli İnformasiya təhlükəsizliyi başlığı da yer alıb, hansı ki, əvvəlki strategiya sənədində bu, ayrıca hissə kimi qeyd olunmamışdı. Burada bildirilir ki, dövlətlərin daxili işlərinə qarışmaq, onların suverenliyini sarsıtmaq və ərazi bütövlüyünü pozmaq üçün informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi genişlənir, bu isə beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradır. Qeyd olunur ki, Rusiyada xarici informasiya texnologiyalarından və telekommunikasiya avadanlıqlarından istifadə edilməsi ölkə informasiya resurslarının zəifliyini, xaricdən təsirlərə açıqlığını artırır, informasiya resurslarına kiberhücumların sayı çoxalır, xarici xüsusi xidmətlərin Rusiya informasiya məkanında kəşfiyyat və digər əməliyyat fəaliyyətləri fəallaşır. (Əslində informasiya təhlükəsizliyi sahəsində Rusiya bu ilki strategiyaya qədər bir sıra digər addımlar da atıb. 1 noyabr 2019-cu ildən etibarən Rusiyada Rabitə haqqındaİnformasiya, informasiya texnologiyaları və informasiyanın müdafiəsi haqqında qanunlara əlavələr qüvvəyə minib. Bunlar qısa və ümumiləşdirilmiş şəkildə Suveren internet haqqında qanun adlandırılır. Məqsəd milli internet trafiki sisteminin yaradılması və internetin milli seqmentinin mümkün xarici təhlükələrdən qorunması, məsələn, Rusiya qlobal şəbəkədən kənarlaşdırılarsa, yerli sistemin avtonom çalışmağa davam etməsini təmin etməkdir. Qanuna əsasən, Rusiyada fəaliyyət göstərən bütün rabitə operatorları öz şəbəkələrində Roskomnadzor (Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmət) tərəfindən verilən xüsusi avadanlıq quraşdırmalıdır. Bu avadanlıq trafiki filtrasiya etməyə və Rusiyada qadağan olunmuş resurslara istifadəçilərin daxil olmasını məhdudlaşdırmağa imkan verəcək. Dünya şəbəkəsindən təcrid təhlükəsi yarandıqda operatorlar trafiki bu milli texnologiya vasitəsilə yönləndirəcəklər.)

Strategiyanın II Bölməsində mövcud beynəlxalq münasibətlərin təhlili verilir və Rusiya üçün başlıca təhlükələrdən danışılır. Bildirilir ki, bəzi dövlətlərin fəaliyyəti MDB-də dezinteqrasiya proseslərinə rəvac verməyə və Rusiya ilə onun ənənəvi müttəfiqləri arasında əlaqələri zəiflətməyə yönəlib; dost olmayan ölkələr Rusiyadakı sosial-iqtisadi problemlərdən onun daxili birliyini dağıtmaq, cəmiyyəti parçalamaq üçün istifadə edirlər; Rusiyanı təcrid etmək, rus dilinin istifadəsini məhdudlaşdırmaq siyasəti aparılır. Nəticədə Rusiyanı dayandırmağa (sderjivaniye) yönəlmiş bu məqsədyönlü siyasət fonunda onun suverenliyinin, müstəqilliyinin, dövlət və ərazi bütövlüyünün, cəmiyyətin ənənəvi mənəvi-əxlaqi əsaslarının müdafiəsi, onun daxili işlərinə müdaxiləyə yol verilməməsi həyati əhəmiyyətli vəzifəyə çevrilir.

Diqqəti cəlb edən detallardan biri budur ki, Rusiyanı idarə edənlər “mənəvi liderlik və gələcək dünya düzəninin сəlbedici ideya əsasının yaradılması problemi”nin getdikcə daha da aktuallaşdığını düşünürlər. Onlar mövcud Qərb liberal modelinin böhran keçirdiyinə və yaranan boşluğu doldurmaq üçün yeni bir ideoloji liderliyə ehtiyac olduğuna inanırlar. Xatırlatmaq yerinə düşər ki, ikinci dünya müharibəsi sonrası formalaşmış bipolyar beynəlxalq sistemdə SSRİ qütblərdən birinin lideri kimi ideoloji ekspansionizm həyata keçirərək, öz dəyərlərini qlobal miqyasda yayırdı. SSRİ-nin hüquqi varisi olan müasir Rusiya Federasiyası isə bu cür qlobal missiya həyata keçirmir və dünyaya hansısa vahid, ümumi dəyərlər sistemi təklif etmir. O, dövlətlərin və cəmiyyətlərin ənənəvi dəyərlərinin, mənəvi-əxlaqi normalarının, nikah, ailə institutunun, milli suverenliyin qorunmasının zəruriliyi kimi mühafizəkar yanaşmadan çıxış edir, Qərb liberalizmini isə bütün bunlara təhlükə kimi göstərir. Qeyd etmək lazımdır ki, bu yanaşma bütün avtoritar liderlər və hökumətlər tərəfindən dəstəklənir və dünyanın hər yerində, o cümlədən Qərb toplumlarında da özünə tərəfdar toplayır.         

IV Bölmənin Ölkənin müdafiəsi hissəsində qeyd olunur ki, dünyada hərbi-siyasi vəziyyət yeni qlobal və regional güc mərkəzlərinin formalaşması və onlar arasında təsir sferaları uğrunda mübarizənin kəskinləşməsi ilə xarakterizə olunur, beynəlxalq münasibətlərin subyektlərinin öz geosiyasi məqsədlərini həyata keçirməsinin aləti kimi hərbi gücün əhəmiyyəti artır. Bildirilir ki, Rusiyaya, onun müttəfiqlərinə və tərəfdaşlarına hərbi təzyiq cəhdləri, NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi, kəşfiyyat fəaliyyətinin aktivləşməsi, Rusiyaya qarşı iri hərbi birləşmələrin və nüvə silahının tətbiqinin sınaqdan keçirilməsi (NATO təlimləri nəzərdə tutulur) Rusiya Federasiyasına hərbi təhdid və təhlükələri artırıb. Buna qarşı Rusiya dövləti strateji çəkindirmə (nüvə potensialı və onun yetərli səviyyədə dəstəklənməsi), mövcud və perspektiv hərbi təhdid və təhlükələrin vaxtında aşkarlanaraq qarşısının alınması, müasir müharibə və hərbi münaqişələrin xarakterinin dəyişməsi tendensiyasının nəzərə alınması, səfərbərlik hazırlığının təkmilləşdirilməsi, ölkə iqtisadiyyatının hərbi vəziyyətin tələblərinə uyğun hazırlanması və digər tədbirləri görəcək. 

Demoqrafik böhran və iqtisadi suverenlik

Strategiyada yeniliklərdən biri də Rusiya xalqının mühafizəsi, qorunması (sberejeniye) vəzifəsinin milli maraqlar sırasında qeyd olunmasıdır. Burada söhbət xalqın silahlı və ya digər hücumlardan qorunmasından getmir, demoqrafik problemin – əhalinin sayının sürətlə azalması tendensiyasının qarşısını almaq nəzərdə tutulur. Bu məqamın Rusiya Federasiyasının milli maraqları və strateji milli prioritetləri adlı III bölmədə 1-ci maddə kimi yazılması, Milli təhlükəsizliyin təmin olunması adlanan IV bölmədə isə Rusiya xalqının mühafizəsi və insan kapitalının inkişafı başlığı ilə bu mövzudan ayrıca bəhs edilməsi dövlətin demoqrafik krizisdən böyük narahatlıq keçirdiyini göstərir. Bu narahatlığın ciddi əsası var, belə ki, Rusiyada 2020-ci ilin demoqrafik yekunları son 15 ilin ən pis göstəriciləridir. 2020-ci ildə Rusiyanın daimi əhalisinin sayı 582,2 min nəfər azalıb. (Bundan əvvəlki ən böyük azalma 2003-cü ildə qeydə alınmışdı – 603 min nəfər.) Ötən il ölənlərin sayı 2 milyon 124 min nəfər olub. 2019-cu illə müqayisədə 324 min daha çox ölüm faktı qeydə alınıb ki, rəsmi məlumata görə, bunlardan yalnız 162 min nəfəri koronavirusdan ölənlərdir. Bu neqativ tendensiyanın yaxın illərdə davam edəcəyi proqnozlaşdırılır. Demoqrafik geriləmə Rusiyada onsuz da qıt olan əmək resurslarının daha da daralması, istehlakın, sosial investisiyaların getdikcə azalması deməkdir, bu isə ölkənin iqtisadi inkişaf perspektivlərini də zəiflədən amildir. Strategiya sənədində deyilir ki, bu sahədə dövlət siyasəti əhalinin dayanıqlı təbii artımının və rifahının təmin edilməsi, sağlamlığının möhkəmləndirilməsi, yoxsulluğun azaldılması, təhsil səviyyəsinin yüksəldilməsi kimi məqsədlərə yönəlib.

IV bölmənin İqtisadi təhlükəsizlik başlığında əsas vurğu onun üzərinə yönəldilib ki, bu məqsədə, yəni iqtisadi təhlükəsizliyə nail olmağın yolu iqtisadi suverenlikdən keçir. 2015-ci il sənədində bu başlıq İqtisadi inkişaf idi və orada iqtisadi suverenlik anlayışından istifadə edilmirdi. Rusiya maliyyə sisteminin və onun suverenliyinin möhkəmləndirilməsi, milli maliyyə bazarları infrastrukturunun, o cümlədən ödəniş sistemlərinin inkişafı və bu sahədə üçüncü ölkələrdən asılılığın aradan qaldırılması, xarici tərəfdaşlarla hesablaşmaların milli valyutalarda aparılması praktikasının genişləndirilməsi, xarici iqtisadi fəaliyyətlərdə ABŞ dollarından istifadənin ixtisarı, iqtisadi fəaliyyət üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi, iqtisadiyyatın strateji sektorlarındakı xarici investisiyalar üzərində nəzarətin gücləndirilməsi, idxaldan (xüsusən texnoloji sahədə) kritik asılılığın azaldılması iqtisadi suverenliyə nail olmağın əsas istiqamətləri kimi göstərilir. Yeni strategiyada milli iqtisadiyyatın institusional və struktur baxımdan müasir texnoloji bazada yenidən qurulması, diversifikasiyası və aşağı karbon emissiyalı texnologiyalardan istifadə etməklə inkişafı, ilkin xammal resursları və kənd təsərrüfatı məhsullarının ixracından onların dərin emalına keçid, iqtisadiyyatın baza sektorlarının texnoloji yenilənməsi, sənaye müəssisələri və infrastrukturunun modernizasiyası, rəqəmsallaşdırılması, süni zəkadan istifadə, yüksək texnologiyalar sahəsində iş yerləri yaradılması kimi ambisioz hədəflər də var. Düşünülür ki, bu vəzifələrin həyata keçirilməsi Rusiya iqtisadiyyatının strukturunun dəyişməsinə və onun rəqabət qabiliyyətinin, dayanıqlılığının artmasına gətirib çıxaracaq. Başqa sözlə, burada neft-qaza əsaslanan xammal iqtisadiyyatı modelindən imtina nəzərdə tutulur. 

Xarici iqtisadi fəaliyyətdə ABŞ dollarından istifadənin azaldılması, iqtisadi fəaliyyət üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi, iqtisadiyyatın strateji sektorlarına gələn xarici investisiyalar üzərində nəzarətin gücləndirilməsi yeni məqamlardır və əvvəlki sənəddə yox idi. Bunlar yeni strategiyanın ümumi ruhuna uyğun vəzifələrdir: Rusiya xaricdən təhlükə gözləyir və buna qarşı hər sahədə müqavimət mexanizmləri qurur. İqtisadi inkişafın xammal ixracı modeli və aşağı rəqabət qabiliyyətli iqtisadiyyat, texnoloji gerilik, milli maliyyə sisteminin qeyri-rezidentlər və spekulyativ xarici kapital qarşısındakı zəifliyi kimi məsələlər 2015-ci il sənədində də iqtisadi sahədə milli təhlükəsizliyə əsas təhdidlər kimi göstərilmişdi. Ötən müddətdə təhlükə kimi qiymətləndirilən bu problemlərin həlli istiqamətində qismən uğurlar da əldə olunub. Məsələn, Rusiya bəzi ölkələrlə idxal-ixrac əməliyyatlarında milli valyutalardan istifadə praktikasını tətbiq edib. Milli Rifah Fondu isə 5 iyul 2021-ci il tarixi etibarilə öz strukturundan ABŞ dollarını tam çıxardığını elan edib. Bundan başqa, Rusiya onun SWIFT beynəlxalq banklararası mübadilə sistemindən çıxarılması riskinə qarşı da alternativ variantlar üzərində iş aparır. 

Rus(iya) mənəvi-əxlaqi dəyərlərinə təhlükə

IV Bölmədə yer alan Ənənəvi Rusiya mənəvi-əxlaqi dəyərlərinin, mədəniyyətinin və tarixi yaddaşının müdafiəsi adlı hissə də yenidir. (Əslində burada rus mədəniyyəti və dəyərlərindən söhbət gedir, ölkədəki digər etnik-dini qrupları qıcıqlandırmamaq üçün Rusiya yazılıb.) Əvvəlki sənəddə bu mövzu, sadəcə olaraq, Mədəniyyət adı ilə verilmişdi. Yeni strategiyada qeyd olunur ki, müasir dünyada mənəvi və mədəni normalar, dini təməllər, nikah institutu, ailə dəyərləri getdikcə daha dağıdıcı təsirlərə məruz qalır, yad ideallar və dəyərlərin sırınması mədəni suverenliyin fundamentini dağıdır, dövlətçiliyin və siyasi sabitliyin əsaslarını sarsıdır. Bəs bu təhlükələr haradan və kimlərdən qaynaqlanır? Sənəddə bu suala cavab var: ABŞ və onun müttəfiqləri, transmilli korporasiyalar, xarici qeyri-hökumət, dini, ekstremist və terrorçu təşkilatlar. Hesab olunur ki, adları çəkilənlər tərəfindən həyata keçirilən informasion-psixoloji təxribatlar və mədəniyyətin vesternləşdirilməsi (qərbliləşmə) Rusiya Federasiyasının öz mədəni suverenliyini itirməsi təhlükəsini artırır; tarixi həqiqətlərin saxtalaşdırılması və tarixi yaddaşın məhvi, dövləti yaradan xalqın (qosudarstvoobrazuyuşşiy narod) zəiflədilməsi cəhdləri də artıb; rus dili də diskreditasiya edilir.

Bəs, mənəvi irsi qorumaq üçün Rusiya dövləti hansı tədbirləri görəcək? Rusiya mənəvi-əxlaqi dəyərləri və mədəniyyətinin saxlanılmasına, tarixi həqiqətlərin müdafiəsinə və tarixi yaddaşın qorunmasına yönəlmiş ədəbiyyat və incəsənət əsərləri, kinematoqrafiya, teatr, televiziya, video və internet məhsullarının yaradılması, bu sahədə xidmətlərin göstərilməsi üçün dövlət sifarişi formalaşdırılacaq. Dövlət dilinin müdafiəsi və dəstəklənməsinə, müasir rus ədəbi dilinin normalarına əməl olunmasına nəzarət gücləndiriləcək, KİV-də bu normalara uyğun gəlməyən söz və ifadələrin (o cümlədən yolverilməz leksikanın) yayılması və açıq istifadəsinin qarşısı alınacaq. Rusiya cəmiyyəti destruktiv xarici ideya-dəyər ekspansiyasından və informasion-psixoloji təsirlərdən qorunacaq.   

Sülhməramlı fəaliyyət və Böyük Avrasiya Tərəfdaşlığı

Strateji stabillik və qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq başlığında əvvəlki sənəddə olduğu kimi, MDB ölkələri və Abxaziya, Cənubi Osetiya ilə ikitərəfli əsasda və inteqrativ birliklər tərkibində, ilk növbədə Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və İttifaq Dövləti (Rusiya-Belarus) çərçivəsində əməkdaşlıq əsas vəzifələrdən biri kimi göstərilir. (Burada Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş və müstəqil dövlət kimi tanınmış əraziləri olan Abxaziya və Cənubi Osetiyanın ayrıca qeyd olunması onların MDB və digər çoxtərəfli strukturlarda təmsil olunmaması ilə əlaqədardır.) Çin Xalq Respublikası ilə əhatəli tərəfdaşlıq və strateji birgə fəaliyyət, Hindistanla xüsusi imtiyazlı strateji tərəfdaşlığın inkişafı, Asiya-Sakit okean regionunda bloksuz təməldə regional stabillik və təhlükəsizlik mexanizmlərinin yaradılması baxımından vacib hesab edilir. Bu, əvvəlki strategiyada var idi və yenidə də təkrar vurğulanır. Rusiya Federasiyasının “üst-üstə düşən maraqlar və iki ölkə münasibətlərinin beynəlxalq vəziyyətə ciddi təsiri nəzərə alınaraq, ABŞ-la tərəfdaşlıq qurulmasında maraqlı olduğuna” dair 2015-ci il sənədində mövcud olan müddəa isə yeni strategiyada yoxdur. Rusiya indi ABŞ-ı beynəlxalq ictimaiyyətin digər üzvlərinə öz qaydalarını diktə etməyə çalışan, birtərəfli qaydada məhdudlaşdırıcı tədbirlər (sanksiyalar) tətbiq edən, suveren dövlətlərin daxili işlərinə açıq müdaxilə edən və bununla yanaşı, qəti liderliyini itirməkdə olan dövlət kimi görür. Bundan əlavə, əvvəlki strategiyada mövcud olan “Rusiya Federasiyası Avroatlantik regionda ümumi təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə NATO ilə bərabərlik əsasında münasibətlərin inkişafına hazırdır” cümləsi də yeni mətndə əksini tapmayıb.

Rusiyanın sülhməramlı fəaliyyətlərdə rolunun artırılması, müttəfiq və tərəfdaş ölkələrə müdafiə və təhlükəsizliyin təmin olunmasında, onların daxili işlərinə xarici müdaxilə cəhdlərinin neytrallaşdırılmasında dəstək verilməsi ilə  bağlı fikirlər isə yeni əlavə olunub. Burada şübhəsiz ki, Rusiyanın ötən il Azərbaycan və Ermənistan arasındakı müharibədən sonra Qarabağda sülhməramlı əməliyyata başlaması və Belarusda keçirilən prezident seçkilərindən sonra xalq etirazları və Qərbin sanksiyaları ilə üzləşmiş Lukaşenkoya verilən dəstək nəzərdə tutulur və bu siyasətin davam etdiriləcəyinə işarə edilir. Böyük Avrasiya Tərəfdaşlığı çərçivəsində iqtisadi sistemlərin inteqrasiyası və çoxtərəfli əməkdaşlığın inkişafının təmin olunması (bu konsepsiya 2015-ci ilin sonlarında prezident Putin tərəfindən irəli sürülüb), rus dilinin beynəlxalq ünsiyyət vasitəsi kimi rolunun, Rusiya kütləvi informasiya vasitələrinin beynəlxalq informasiya məkanında mövqelərinin möhkəmləndirilməsi, ruslar, belaruslar və ukraynalılar arasında qardaşlıq əlaqələrinin gücləndirilməsi xarici siyasət vəzifələri sırasında göstərilir. Yeri gəlmişkən, iyulun 12-də hökumət saytında Prezident Putinin Rus və Ukrayna xalqlarının tarixi birliyi adlı məqaləsi (rus, Ukrayna və ingilis dillərində) yerləşdirilib. Putin məqaləsində bu 3 slavyan xalqını Qədim Rus dövlətinin varisləri adlandırır, tarixdə ayrıca Ukrayna dövləti və xalqının mövcud olmadığını, Ukraina sözünün imperiyanın ucqarı, ukraynalı sözünün isə imperiyanın sərhədlərini qoruyan insanlar mənasına gəldiyini, müasir Ukrayna Respublikasının bolşeviklər tərəfindən tarixi Rusiya ərazilərində qurulduğunu və tamamilə sovet məhsulu olduğunu, ukraynalaşdırma siyasətinin də bolşeviklər tərəfindən həyata keçirildiyini və onların milli siyasəti nəticəsində böyük rus millətinin ruslara, ukraynalılara və belaruslara ayrıldığını vurğulayır. Putin məqalədə Ukraynada xarici idarəetmənin mövcud olduğu barədə Rusiya mediasının ənənəvi propaqandist tezisini təkrarlayır, Qərbin Ukraynanı “Anti-Rusiya” proyektinə çevirdiyini bildirir və xəbərdarlıq edir ki, Rusiyanın tarixi ərazilərindən və oradakı insanlardan Rusiya əleyhinə istifadə olunmasına heç vaxt imkan verməyəcək. Rusiya hökumətində mövcud olan bu baxış bucağı postsovet məkanının Rusiyanın maraqları baxımından nə qədər həyati vacib bir region olduğunu bir daha görməyə və anlamağa kömək edir.

Nəticə

Rusiyanın yeni Milli Təhlükəsizlik Strategiyasında diqqəti cəlb edən başlıca məqam suverenlik vurğusunun daha da güclənməsidir. Bu sənəddə suveren dövlətçilik, iqtisadi suverenlik, maliyyə sisteminin suverenliyi, mədəni suverenlik kimi anlayışlardan geniş istifadə edildiyini, eyni zamanda müstəqil daxili və xarici siyasətin önəminin xüsusi vurğulandığını görürük. Ənənəvi mənəvi-əxlaqi dəyərlərin mühafizəsi vurğusu da rəsmi dildə getdikcə güclənir. Rusiya polietnik və çoxkonfessiyalı ölkə olduğu üçün bu tip sənədləri hazırlayanlar politkorrekt davranırlar, dominant etnosun adı (rus) mümkün qədər az hallanır və dövlətin adı önə çıxarılır. Əslində isə ənənəvi mənəvi-əxlaqi dəyərlər dedikdə rus mədəniyyətinin və onun ayrılmaz tərkib hissələrindən olan pravoslavlığın ilk növbədə nəzərdə tutulduğu aydın məsələdir. Rusiya hökuməti düşünür ki, Qərb bu dəyərləri diskreditasiya etmək və öz dəyərlərini yeritməyə çalışmaqla Rusiyanın suverenliyini, müstəqilliyini sarsıtmağa, onu asılı hala salmağa cəhd göstərir.

İqtisadi təhlükəsizliyin təmin olunması üsullarından biri kimi iqtisadi fəaliyyət üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi, iqtisadiyyatın strateji sektorlarına daxil olan xarici investisiyalar üzərində nəzarətin gücləndirilməsi nəzərdə tutulur ki, bu da Rusiyada azad bazar iqtisadiyyatının deyil, inzibati idarə olunan iqtisadi sistemin mövcud olduğunu deməyə əsas verir. Dollarsızlaşma siyasəti və ikitərəfli xarici ticarət əməliyyatlarında milli valyutalara üstünlük verilməsinə cəhd ABŞ sanksiyalarının təsirini azaltmaq məqsədi güdür. Lakin Rusiyanın həm strateji ehtiyatlarında, həm də xarici ticarətindəki hesablaşmalarda dolların çəkisi azalsa da, Qərb dünyasının digər önəmli parçası olan Avropa İttifaqı valyutasının çəkisi artır, qarşılıqlı hesablaşmalarda Rusiya rublunun rolu isə artmaq əvəzinə azalır. Məsələn, 2020-ci ildə xarici ticarət daxilolmalarının strukturunda avronun payı 20,6%-dən 27,4%-ə yüksəlib, rubl ilə hesablaşmaların miqdarı isə 15%-dən 14,7%-ə düşüb. Rusiyanın ən böyük xarici ticarət tərəfdaşlarından olan Çin Xalq Respublikası ilə ticarətdə rublun payı 8,7%-dən 5,7%-ə qədər azalıb. Yüksək texnologiyalar sahəsində idxaldan kritik asılılığın azaldılması, iqtisadiyyatın xammal ixracı modelindən imtina edilməsi də iqtisadi suverenliyə nail olmağın əsas istiqamətləri kimi göstərilir, lakin neft-qaz ixracına əsaslanan iqtisadiyyatın strukturunu radikal şəkildə dəyişməyin qısamüddətli proses olmaması səbəbindən yaxın perspektivdə buna nail olmağın mümkünlüyü şübhə doğurur.

Neqativ demoqrafik tendensiya – əhalinin (açıq deyilməsə də, daha çox etnik rusların və rus mədəniyyəti daşıyıcılarının) sayının azalması da ciddi problem kimi gündəmdədir. Dövlət anlayır ki, bu problemin həlli üçün əhalinin rifahının təmin edilməsi, sağlamlığının möhkəmləndirilməsi, yoxsulluğun azaldılması, təhsil səviyyəsinin yüksəldilməsi zəruridir. Lakin bunlar da yaxın gələcəkdə asanlıqla həyata keçiriləcək vəzifələr deyil; 2014-сü ildən bəri Rusiya əhalisinin real gəlirlərində müşahidə olunan azalma tendensiyası belə pozitiv düşüncələrə əsas vermir.

Sonda bir məqamı da qeyd edək ki, hazırkı Milli Təhlükəsizlik Strategiyası seçki ilində elan olunub. Payızda Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək, bu baxımdan sənədi həm də hakim partiyanın proqramı və platforması kimi qiymətləndirmək mümkündür. Strategiyada əksini tapmış baxış və qiymətləndirmələr üzrə Rusiyada tam konsensus olduğunu söyləmək yanlış olar.