2020-ci il noyabrın 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanat 44 gün davam edən Qarabağ müharibəsini dayandırdı. Münaqişə zonasına Rusiya Federasiyasının sülhməramlı qüvvələri daxil olaraq yeni təmas xəttində xidmətə başlayıb. Bu hadisə Azərbaycandakı qələbə əhval-ruhiyyəsinin tədricən səngiyərək narahatlıqla əvəzlənməsinə səbəb olub. Hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin üçdə ikisi Rusiya ordusunun nəzarətindədir və orada Azərbaycan dövlətinin suverenliyinin təmin olunub-olunmayacağı, sülhməramlı əməliyyatın nə vaxt yekunlaşacağı, gələcəkdə həmin ərazinin statusu və ümumilikdə taleyinin nə olacağı sualları açıq qalır. Bu baxımdan Rusiyanın indiyədək postsovet məkanındakı etnik-ərazi münaqişələri zonalarında keçirdiyi sülhməramlı əməliyyatlarda necə davrandığına, mərkəzi hökumətlər və yerli separatist administrasiyalarla əlaqələrini necə qurduğuna, orada hansı deeskalasiya modelləri tətbiq etdiyinə və bu əməliyyatların nəticələrinə retrospektiv baxış bəlkə də həmin suallara cavab mahiyyətində qənaətlərin yaranmasına kömək edə bilər. Yazıda mövzunu bu baxış bucağından araşdırmağa çalışmışam.

Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin yaradılması, onların tətbiqi prinsipləri və istifadəsi qaydaları xüsusi qanunla tənzimlənir. Dövlət Dumasında 1995-ci il mayın 26-da qəbul edilən Rusiya Federasiyası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin bərpası və ya dəstəklənməsi fəaliyyətlərində iştirak üçün hərbi və mülki personalın təqdim olunması qaydaları haqqında qanun prezident Boris Yeltsin tərəfindən həmin il iyunun 23-də imzalanaraq qüvvəyə minib. Bundan başqa, Rusiya sülhməramlılarının xaricdə istifadəsi prinsipləri ölkənin Hərbi Doktrinası və Xarici Siyasət Konsepsiyasında da qeyd olunub.

Gürcüstan: Cənubi Osetiya və Abxaziyada sülhməramlı əməliyyatlar

1989-сu ilin avqustunda Gürcüstan SSR Ali Soveti tərəfindən gürcü dilinin rəsmi dil elan edilməsinə qarşı bu respublikanın tərkibindəki Cənubi Osetiya Muxtar Vilayətində başlayan etirazlar böyüyərək silahlı qarşıdurmaya çevrildikdən sonra 1992-ci il iyunun 24-də Rusiya prezidenti Boris Yeltsin və Gürcüstan prezidenti Eduard Şevarnadze Soçi görüşündə münaqişənin həlli prinsiplərinə dair saziş imzalayıblar. Görüşün keçirildiyi qəsəbənin adı ilə Daqomis razılaşmaları da adlandırılan bu sazişdə atəşin dayandırılması, münaqişə tərəflərinin öz silahlı qüvvələrini geri çəkməsi, yerli özünümüdafiə qüvvələrinin buraxılması, atəşkəsə nəzarət və təhlükəsizliyin təmin edilməsi üzrə 3 tərəfin nümayəndələrindən ibarət Qarışıq Nəzarət Komissiyasının yaradılması, hərbi müşahidəçilər qrupu və sülhün dəstəklənməsi üzrə Qarışıq Qüvvələrin formalaşdırılaraq Komissiyanın tabeliyinə verilməsi barədə müddəalar əksini tapıb. Qarışıq Nəzarət Komissiyası iqtisadi və inzibati-təsərrüfat məsələlərinin, Qarışıq Qüvvələr isə təhlükəsizlik problemlərinin həlli üçün nəzərdə tutulmuşdu.

Yəni Cənubi Osetiyada Rusiyanın təkbaşına deyil, hər iki münaqişə tərəfi ilə birlikdə sülhməramlı əməliyyat həyata keçirməsindən söhbət gedirdi. Buna uyğun olaraq, 1992-ci il iyulun 9-da bölgəyə rus-gürcü-osetin qarışıq sülhməramlı qüvvələri yerləşdirilib və bununla hərbi əməliyyatlara son qoyulub. Qarışıq Qüvvələrin tərkibində 3 batalyon olub – Rusiya və Gürcüstandan, Cənubi Osetiyanın əvəzindən isə Rusiyanın Şimali Osetiya Muxtar Respublikasından. Bu isə o demək idi ki, əslində 3 batalyondan ikisi Rusiyanı təmsil edirdi. Sülhməramlı qüvvələr vahid qərargahın və üç tərəfin hərəsindən 1 zabitin idarəçiliyi altında birgə fəaliyyət göstərməli, yoxlama aparılması və yerli əhalinin tərksilah edilməsi üçün yollarda qarışıq postlar qurulmalı idi. 1994-cü ilin dekabrında Qarışıq Nəzarət Komissiyasının iclasında bütün sülhməramlı qüvvələrin Rusiya generalı Anatoli Merkulyovun komandanlığına verilməsi barədə qərar qəbul olunub. Gürcü və osetin hərbi qüvvələrinin ağır hərbi texnikasının hərəkətinə məhdudiyyət qoyulub. Yalnız Rusiya hərbçiləri ərazidə ağır texnikadan istifadə edə bilərdi.

Qeyd etdiyimiz məqamlar göstərir ki, Soçi razılaşması əslində Rusiyanın Gürcüstan ərazisi olan Cənubi Osetiyada sülhməramlı adı ilə hərbi qüvvə saxlamasını legitimləşdirib və onun münaqişənin həlli prosesini öz inhisarına almasına gətirib çıxarıb. Sülhməramlı əməliyyatda Gürcüstan tərəfinin Rusiya ilə bərabərhüquqlu iştirakı nəzərdə tutulsa da, tədricən Rusiya ərazidə bütün məsələlər üzrə nəzarəti və qərar qəbuletmə mexanizmlərini öz əlinə keçirib. Razılaşmanın humanitar müddəaları isə yerinə yetirilməyib. Formal olaraq görüşlər keçirilib protokollar imzalansa da, Qarışıq Nəzarət Komissiyası effektiv fəaliyyət göstərə bilməyib, qaçqınların qayıdışı, regionun bərpası ilə bağlı müddəalar kağızda qalıb. Evlərini tərk etmiş gürcülərin Rusiya sülhməramlılarının cavabdehlik zonasına qayıdışına şərait yaradılmayıb.

2000-ci ildə Vladimir Putinin Rusiyada, 2004-cü ildə isə Mixail Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlməsindən sonra ikitərəfli münasibətlərdə gərginlik tədricən artmağa başlayıb və bu durum münaqişə zonalarındakı vəziyyətə də təsir göstərib. 2000-сi ilin dekabrında Rusiya hökuməti Gürcüstanla viza rejiminin tətbiqi barədə birtərəfli qərar qəbul edib, amma qərar Cənubi Osetiya və Abxaziya sakinlərinə şamil olunmayıb. Moskva öz qərarını çeçen silahlılarının və terrorçuların ölkə ərazisinə keçməsinin qarşısını almaq niyyəti ilə əsaslandırsa da, Şevarnadze hökuməti hesab edirdi ki, məqsəd onu Rusiya hərbi bazalarının 2003-cü ilin sonuna qədər Gürcüstanı tərk etməsi barədə tələbindən vaz keçirməkdir. M.Saakaşvili ölkənin ərazi bütövlüyünü bərpa edəcəyi vədi ilə hakimiyyətə gəldikdən sonra isə tərəflər addım-addım müharibəyə yaxınlaşıblar. 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Gürcüstan hökumət qüvvələrinin Cənubi Osetiyaya hücumu ehtimalı ilə əlaqədar plan hazırlayıb və siyasi rəhbərliklə razılaşdırıb. Putin sonradan bildirmişdi ki, 2008-ci ilin avqustunda baş vermiş müharibə zamanı bu plan əsasında hərəkət ediblər. Gürcüstanın məğlubiyyəti ilə bitən qısamüddətli müharibədən (8-12 avqust) dərhal sonra – avqustun 26-da Rusiya Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.

SSRİ dövründə Gürcüstan SSR-in tərkibindəki digər muxtar inzibati-ərazi vahidi Abxaziya Muxtar Sovet Sosialist Respublikası olub. Cənubi Osetiyada olduğu kimi, bu ərazidə də separatizm hələ sovet dövləti dağılmamış, mərkəzi hakimiyyətin zəifləməyə başladığı dövrdə baş qaldırıb. 1989-cu ilin martında abxazlar Gürcüstanın tərkibindən çıxaraq SSRİ daxilində müttəfiq respublikaya çevrilmək barədə qərar qəbul ediblər. Həmin ilin iyulunda abxaz və gürcülər arasında ilk silahlı toqquşmalar baş verib və ölənlər olub, sonra qarşıdurmanın miqyası böyüyüb və hər iki tərəfdən minlərlə adamın həlak olması, gürcü əhalinin bölgəni tərk etməsi ilə nəticələnən müharibə baş verib. Maraqlı faktdır ki, 1989-cu il siyahıyaalmasına görə, Abxaziya MSSR-in əhalisinin cəmi 17%-ni etnik abxazlar təşkil edirdi və gürcülər 45%-lə ən böyük etnik qrup idi. Qara dəniz sahilində yerləşməsi Abxaziyanın strateji əhəmiyyətini artıran amildir və Moskvanın münaqişədə etnik azlığın separatizmini dəstəkləməsini ən çox bu səbəblə izah etmək olar. Hələ SSRİ dağılmamış – 1990-сı ilin oktyabrında Gürcüstanda demokratik seçkilər keçirilmiş və Zviad Qamsaxurdiyanın liderliyi ilə millətçilər hakimiyyətə gəlmişdi və onlar Moskvadan uzaqlaşıb, ölkənin yönünü Qərbə doğru çevirməkdə qərarlı idilər.

Münaqişənin ilk mərhələsində Rusiya hökuməti neytral vasitəçi qismində özünü göstərməyə çalışırdı və Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll yolları axtardığını nümayiş etdirirdi. 1993-cü ilin iyulunda Rusiyanın vasitəçiliyi ilə Gürcüstan hökuməti ilə Qudauta şəhərində yerləşən abxaz hökuməti arasında atəşkəs və münaqişə zonasının demilitarizasiyası haqqında razılıq əldə olunub. Rusiya Gürcüstanın tələbi ilə bu prosesin beynəlxalq müşahidəçilərin nəzarəti altında aparılmasına razılaşıb və avqust ayında BMT Təhlükəsizlik Şurasının qərarı ilə Gürcüstanda müşahidəçilik üzrə missiya təsis olunub. Amma 1993-cü ilin sentyabrında abxazlar Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn könüllü silahlılar, o cümlədən kazak dəstələrinin fəal iştirakı ilə Suxumi şəhərini və bütün keçmiş Muxtar Respublika ərazisini nəzarətə götürüb. Həmin vaxt keçmiş prezident Qamsaxurdiyanın silahlı tərəfdarlarının Gürcüstanın qərbində bəzi əraziləri ələ keçirməsi və Zuqdidi şəhərində müvəqqəti hökumət elan etmələri də Gürcüstanda vəziyyəti kritik həddə çatdırmışdı. Nəticədə Şevarnadze Rusiyadan kömək istəməyə məcbur olur və MDB-yə üzvlük üçün müraciət edir, 1993-cü ilin dekabrında Gürcüstan bu təşkilata qəbul olunur. 1994-cü ilin iyununda MDB dövlət başçıları Şurasının qərarı ilə MDB-nin Sülhün qorunması üzrə Kollektiv Qüvvələri Abxaziyaya yeridilir. Bu qüvvələr tamamilə Rusiya hərbçilərindən ibarət idi. BMT-nin 50 hərbi müşahidəçi göndərməsi isə Rusiyanın sülhməramlı əməliyyatına beynəlxalq legitimlik qazandırmaqdan başqa heç nəyə yaramadı. Sülhməramlıların əsas qərargahı və komandanı separatçıların nəzarətindəki Suxumidə, komandan müavininin qərargahı isə zviadçılardan geri alınmış Zuqdidi şəhərində yerləşirdi. Əldə olunan razılaşmalarda gürcü qaçqınların geri qayıtması nəzərdə tutulsa da, abxaz silahlı dəstələri buna mane olur, qayıdan azsaylı şəxslər hücumlara məruz qalır, Rusiya sülhməramlıları isə milis funksiyası yerinə yetirmədiklərini əsas gətirərək bu cür hallara müdaxilə etmir.

Sülhməramlılar gəldikdən sonra – 26 noyabr 1994-cü ildə Abxaziya Ali Soveti Abxaziyanı müstəqil, suveren, demokratik dövlət elan edir, dekabr ayında Vladislav Ardzinba prezident kimi and içir. Rusiya həmin dövrdə separatizmi qeyri-rəsmi olaraq himayə etsə də, müstəqillik variantına razı deyildi və Gürcüstanın federallaşmasına tərəfdar idi. Məsələn, 1995-ci ildə paraflanan Gürcü-abxaz münaqişəsinin həlli barədə Protokolda Abxaziyanın Gürcüstanın federasiya subyekti olması nəzərdə tutulmuşdu. Hətta abxazların buna qarşı çıxmasından sonra – 1996-cı ildə MDB zirvə toplantısında Gürcüstanın təklifi əsasında Abxaziya ilə ticarət-iqtisadi, maliyyə, nəqliyyat və digər əlaqələrin qadağan olunması barədə qərar qəbul edilmişdi, yəni Abxaziyaya sanksiya tətbiq olunmuşdu. Rusiya abxazların lideri Ardzinbanın Tbilisiyə səfərini təşkil etmiş və gürcü-abxaz birgə komissiyasının yaradılması qərara alınmışdı. Amma bu cəhdlər nəticə vermir və 1999-cu ildə Abxaziyada müstəqillik haqqında referendum keçirilir, abxazlar status barədə müzakirələrdən imtina edirlər. 2003-cü ilin martında problemin həllində növbəti aktivləşmə baş verir, Rusiya və Gürcüstan prezidentləri Soçi danışıqlar prosesi adlanan müzakirələrə başlayırlar. Lakin həmin ilin noyabrında Gürcüstanda qızılgül inqilabı nəticəsində Saakaşvili hakimiyyətə gəlir və proses dayanır. Saakaşvili Rusiyanı Abxaziyanı ilhaq etməyə yönəlmiş siyasətdə ittiham edir. Gürcüstanın yeni hökuməti danışıqlar prosesinin və sülhməramlı əməliyyatın formatını dəyişib, Rusiyanın rolunu məhdudlaşdırmağa çalışsa da, buna nail ola bilmir. Gürcüstan Avro-Atlantik inteqrasiya siyasəti yeritməsinə, 2008-ci ilin yanvarında NATO-ya qoşulmaqla bağlı referendum keçirməsinə və üzvlük üçün rəsmi müraciətinə cavab olaraq Rusiya martda Abxaziyaya qarşı sanksiya rejimindən çıxır, apreldə Putin Abxaziya və C.Osetiya ilə birbaşa münasibətlərə keçmək barədə fərman verir, Abxaziyadakı sülhməramlı kontingent gücləndirilir və əvvəlcə oraya 525 nəfərdən ibarət hava-desant batalyonu, may ayında isə dəmir yolu qoşunlarının 400 nəfərlik bölməsi göndərilir. 2008-ci il avqust müharibəsindən sonra Rusiya Cənubi Osetiya ilə birlikdə Abxaziyanı da müstəqil dövlət kimi tanıyır.

Moldova: Dnestr regionunda sülhməramlı əməliyyat

Moldovada Dnestr çayının sol sahilindəki separatizm, Cənubi Osetiyada olduğu kimi, dil mübahisələri zəminində başlayıb. 1989-cu ilin avqustunda Moldova SSR Ali Sovetinin moldovan dilini dövlət dili elan etməsi Dnestryanı ərazidə etirazla qarşılanıb və 1 il sonra burada yerli deputatların toplantısında Dnestryanı Moldova Sovet Sosialist Respublikasının yaradıldığı elan olunub. Silahlı qarşıdurma 1992-ci ilin martında başlayıb və ərazidə dislokasiya olunmuş 14-cü sovet ordusunun hərbi əməliyyatlara qatılması hökumət qüvvələrinin məğlubiyyəti ilə nəticələnib. 14-cü ordunun komandanı, məşhur general Aleksandr Lebed öz ordusu ilə Kişinyova qədər gedəcəyi barədə hədə-qorxu gəldikdən sonra çıxılmaz vəziyyətdə qalan Moldova hökuməti 1992-ci ilin iyul ayında Rusiya ilə Dnestryanı ərazidə silahlı münaqişənin sülh yolu ilə həlli prinsipləri haqqında saziş imzalamağa məcbur olub. Sazişə əsasən üçtərəfli sülhməramlı qüvvələr yaradılır və onun tərkibinə 6-sı Rusiyadan, 6-sı münaqişə tərəflərindən olmaqla, 12 batalyon daxil olur. Dnestr çayının hər iki sahilində 10-20 km enində və 220 km uzunluğunda təhlükəsizlik zonası yaradılır. Sülhməramlılara rəhbərlik münaqişə tərəflərindən 6 (hər birindən 3) və Rusiyadan 6 nəfərin daxil olduğu Vahid Nəzarət Komissiyası tərəfindən həyata keçirilir. Yollarda birgə nəzarət-buraxılış məntəqələri qurulur. İmzalanmış sənəddə 14-cü ordunun sülhü qoruma əməliyyatlarına cəlb olunması əksini tapmasa da, bu qoşun qruplaşması ərazidən çıxarılmır. General Lebed faktiki olaraq özünü ərazinin rəhbəri kimi aparırdı, o, hətta Rusiya vətəndaşı olmasına baxmayaraq, yerli parlamentin deputatı da seçilmişdi. Sabitlik yarandıqdan sonra 1994-cü ilin sonunda Rusiya hökumətinin qərarı ilə sülhməramlı qüvvələrin tərkibi iki dəfə azaldılıb.

Hazırda Moldovada Rusiyanın 2 hərbi kontingenti var: Rusiya Qoşunlarının Operativ Qrupu (keçmiş 14-cü ordu) və sülhməramlılar. Münaqişənin həlli üzrə 5+2 formatında vasitəçi kimi iştirak edən Ukraynadan 10 hərbi müşahidəçi də cəlb edilib. 5+2 formatında iki münaqişə tərəfi və Rusiya, Ukrayna, ATƏT vasitəçi, Avropa İttifaqı və ABŞ isə müşahidəçi kimi təmsil olunur. 1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısında Rusiya 2002-ci ilin sonuna qədər öz ordusunu (operativ qrupu) və oradakı silah-sursatı Moldovadan çıxarmaq barədə öhdəlik götürsə də, indiyədək bunu yerinə yetirməyib. Moldova hökuməti Rusiya sülhməramlılarının beynəlxalq, çoxmillətli kontingentlə əvəzlənməsini dəfələrlə təklif etsə də, Rusiya buna da razılıq vermir.

2003-cü ildə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak tərəfindən münaqişənin həllinə dair plan – Memorandum hazırlanıb. Moldovanın federallaşmasını, Dnestryanı ərazi və Qaqauziyanın federasiya subyektləri olmasını, Rusiya ordusunun nizamlanmanın qarantı kimi 20 il orada qalmasını, Moldovanın neytral dövlət olmasını və demilitarizasiyasını nəzərdə tutan Kozak planına Moldova prezidenti, Kommunist Partiyasının sədri Vladimir Voronin əvvəlcə razılıq verib və 2003-сü il noyabrın 25-nə keçən gecə sənədi imzalaması planlaşdırılsa da, son anda qərarından vaz keçib. Rusiya tərəfi bunun Qərbin təzyiqi ilə baş verdiyini bildirir. Çox yaxın keçmişdə, 2019-cu ildə D.Kozak ikinci dəfə bənzər sülh planı təklif edib. Rusiyayönümlü sosialist prezident İqor Dodon və hakimiyyətdəki Demokrat Partiyasının lideri, oliqarx Vladimir Plaxotnyuk tərəfindən plana Rusiyanın Kişinyovdakı səfirliyində imza atılması gözlənilsə də, tarix təkrarlanıb: bu dəfə Plaxotnyuk son anda sənədi imzalamaqdan imtina edib.

Hazırda problemin həlli prosesində durğunluq var. Moldovanın yeni prezident Maya Sandu seçildikdən dərhal sonra Rusiya qoşunlarının və sülhməramlılarının ölkə ərazisindən çıxarılması məsələsini yenidən gündəmə gətirsə də, Moskva buna əməl etməyəcəyini açıq bildirib. 5+2 formatında danışıqlar isə 2018-ci ildən bəri aparılmır, Vahid Nəzarət Komissiyasının fəaliyyəti də faktiki dayanıb.

Rusiyanın siyasi silahı: pasportlaşdırma

Moskvanın indiyədək postsovet məkanında sülhməramlı əməliyyat həyata keçirdiyi bütün konflikt zonalarında (Dağlıq Qarabağ istisna olmaqla) tətbiq etdiyi bir model var: yerli əhaliyə Rusiya vətəndaşı pasportlarının paylanması. Cənubi Osetiya müharibəsi zamanı Rusiya prezidenti olan Dmitri Medvedev hərbi müdaxiləni həm də onunla izah etmişdi ki, Gürcüstanın hücumu nəticəsində Rusiya vətəndaşları və sülhməramlıları həlak olub: Raket qurğuları işə düşəndə, tanklar atəş açmağa başlayanda və mənə bizim vətəndaşlarımızın, o cümlədən sülhməramlılarımızın həlak olması barədə məruzə ediləndə, bir dəqiqə belə tərəddüd etmədən cavab tədbirləri barədə əmr verdim.”

Rusiya Dövlət Duması 2002-сi ilin mayında Rusiya Federasiyası vətəndaşlığı haqqında qanun layihəsi qəbul edib, may ayında Federasiya Şurası layihəni təsdiqləyib və qanun prezident Putin tərəfindən imzalandıqdan sonra iyun ayından etibarən Cənubi Osetiya və Abxaziya sakinlərinə Rusiya pasportlarının paylanmasına başlanıb. Lakin abxaz və osetinlərin Rusiya vətəndaşlığına keçmək üçün fərdi qaydada müraciətlərinin təmin olunması bu qanunun qəbulundan əvvəl başlamış bir proses idi. Hazırda Rusiyanın müstəqil dövlət kimi tanıdığı Cənubi Osetiyada yaşayanların azı 95%-i, Abxaziyanın isə 245 min əhalisindən 140 mini Rusiya vətəndaşıdır və pasportlaşdırma davam edir.

Rusiya hökuməti 2006-cı ilin sentyabrında Dnestryanı ərazinin inzibati mərkəzi Tiraspol şəhərində Rusiya vətəndaşlığına qəbul üzrə sənədləşmə aparan Mərkəz açıb. Rusiya vətəndaşı olmaq istəyən sakinlər sənədlərini bu Mərkəzə təqdim edir. Lakin Moldova və Ukrayna pasportu daşıyan şəxslər Rusiya vətəndaşlığına keçməkdə problemlə üzləşirlər. Separatçıların rəhbərliyi bu maneəni aradan qaldırmaq və sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığına keçməyə şərait yaradılması xahişi ilə Rusiya hökumətinə müraciət edib. Hazırda Dnestryanı ərazinin sakinlərindən 220 mini Rusiya, 150 mini Moldova, 100 mini Ukrayna pasportuna sahibdir. Rusiya vətəndaşı olan yerli gənclər Rusiya sülhməramlı qüvvələrinin tərkibində xidmətə də cəlb olunur.

Rusiya hələ Krımın ilhaqından əvvəl orada pasportlaşdırma aparırdı. 2008-ci ildə Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko bildirmişdi ki, Simferopol şəhərindəki Rusiya Baş Konsulluğu Krım sakinlərinə pasport paylayır. Rusiya hazırda Ukraynanın şərqindəki münaqişədə sülhməramlı əməliyyat həyata keçirmir, amma bu ərazinin sakinlərini vətəndaşlığa qəbul edir. 2019-cu il aprelin 24-də prezident Putin Rusiya Federasiyası vətəndaşlığına qəbul olunmaq üçün sadələşdirilmiş qaydada müraciət etmək hüququna malik şəxslərin kateqoriyasının humanitar məqsədlərlə müəyyənləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı ərazilərində (Ukrayna dövlətinin nəzarətindən çıxmış ərazilər) daimi yaşayan şəxslərə Rusiya Federasiyası vətəndaşlığı haqqında qanunun 14-cü maddəsi əsasında Rusiya vətəndaşlığına keçmək üçün sadələşdirilmiş qaydada müraciət etmək hüququ verilib. Müraciətlərə baxılması üçün 3 ay vaxt ayrılıb.

Rusiya Federasiyası vətəndaşlığı haqqında qanunun 14-cü maddəsində nə yazıldığını ayrıca qeyd etməyə ehtiyac var. Rusiya Federasiyası vətəndaşlığına sadələşdirilmiş qaydada qəbul adlanan maddənin 1-ci hissəsində deyilir: “18 yaşına çatmış, vətəndaşlığı olmayan əmək qabiliyyətli şəxslər (…) əgər SSRİ vətəndaşı olublarsa, SSRİ-nin tərkibində olmuş dövlətlərdə yaşayıblarsa və ya yaşayırlarsa və bu dövlətlərin vətəndaşlığını almayıblarsa, Rusiya Federasiyası vətəndaşlığına qəbul üçün sadələşdirilmiş qaydada müraciət etmək hüququna malikdirlər.” Bundan başqa, qanuna əsasən Ukrayna, Belarus, Moldova, Qazaxıstan vətəndaşları da sadələşdirilmiş qaydada RF vətəndaşlığına keçə bilər.

Nəticə

Bu yazıda araşdırılan bütün etnik-ərazi münaqişələrinin başlaması, inkişafı və nəticələri arasında oxşarlıq var. Onların Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, gedişatı və nəticələri ilə həm bənzər tərəfləri var, həm də fərqli. Bu bənzərliklərə və fərqlərə nəzər yetirək:

Əvvəlcə onu qeyd etmək lazımdır ki, sülhməramlı əməliyyatların keçirildiyi münaqişə zonalarının hər birində SSRİ dövründə sovet ordusunun hərbi bazaları mövcud olub. Sovet dövlətinin dağılmasından sonra həmin hərbi hissələr avtomatik olaraq Rusiya Silahlı Qüvvələrinin tabeliyinə keçib. Yəni sadəcə, ad dəyişib. Məsələn, Cənubi Osetiyanın inzibati mərkəzi Sxinvali şəhərində SSRİ Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsinin 37-ci mühəndis-istehkam alayı və 292 saylı əlahiddə hərbi helikopter alayı; Abxaziyanın inzibati mərkəzi Suxumi şəhərində hava-desant taboru, Qudauta şəhərində aviabaza, Aşağı Eşera kəndində hərbi-seymik laboratoriya; Dnestrdə 14-cü ordu dislokasiya olunmuşdu. Həmin ərazilərdə hərbi əməliyyatlar başladıqdan sonra bu hərbi hissələr yerli separatçı qüvvələrə yardım edib, məhz bu səbəblə ərazi bütövlüyünü təmin etməyə çalışan mərkəzi hökumətlər müharibədə uduzublar.

Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi Xankəndi (Stepanakert) şəhərində Zaqafqaziya Hərbi Dairəsinin 366-сı motoatıcı alayı dislokasiya olunmuşdu və münaqişədə erməni tərəfi bu hərbi hissənin hərbi texnikasından, hətta şəxsi heyətinin köməyindən istifadə edirdi. 1992-ci il fevralın 26-da Xocalıya hücum və kütləvi qətllərdən sonra Rusiya komandanlığı 366-cı alayı Qarabağdan çıxararaq Gürcüstana köçürdü, lakin təxliyyə zamanı alayın çoxlu sayda hərbi texnikası, silah-sursatı yerli erməni qüvvələrinin əlinə keçdi, əsgər və zabitlərdən bir çoxu da (o cümlədən milliyyətcə erməni olanlar) Qarabağda qaldı.

Rusiya Cənubi Osetiyada sülhməramlı əməliyyata başlayarkən münaqişə tərəflərini də bu prosesə cəlb edib: yerli idarəçilik – iqtisadi və inzibati-təsərrüfat məsələlərinin həlli məqsədilə 3 tərəfin təmsilçilərindən ibarət Qarışıq Nəzarət Komissiyası, təhlükəsizlik məsələlərinin həlli üçün isə qarışıq qüvvələr formalaşdırılıb. Dnestryanı ərazidə də bu model tətbiq olunub, üçtərəfli sülhməramlı qüvvələr, ərazidə birgə nəzarət-buraxılış məntəqələri yaradılıb, onları idarə etmək üçün münaqişə tərəfləri və Rusiya təmsilçilərindən ibarət Vahid Nəzarət Komissiyası formalaşdırılıb. Abxaziyaya isə MDB bayrağı altında tamamilə Rusiya hərbçilərindən ibarət sülhməramlı qüvvələr yerləşdirilib, amma bu qüvvələrin Gürcüstanın nəzarətindəki ərazidə də qərargahı olub. Eyni zamanda, sülh prosesinə BMT də cəlb edilib.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Dağlıq Qarabağda sülhməramlı əməliyyat keçirmək 5 il müddətinə tamamilə Rusiyanın səlahiyyətindədir, Azərbaycan, yerli ermənilər və Ermənistan bu prosesə cəlb olunmayıb. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusu, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib. Atəşkəs rejiminə nəzarət mexanizminə isə ikinci bir dövlət – Türkiyə də cəlb olunub. Türkiyə və Rusiya hərbçiləri atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəzdə bərabər çalışırlar. Bu Mərkəzin siyasi və humanitar problemlərin həlli, təhlükəsizliyin təmin olunması sahəsində hər hansı səlahiyyəti yoxdur. Sülhməramlı əməliyyatın keçirildiyi ərazidə humanitar məsələlərin həlli və infrastrukturun bərpası məqsədilə Rusiya prezidentinin fərmanı ilə İdarələrarası Mərkəz yaradılıb. Xankəndi (Stepanakert) şəhərində yerləşən Mərkəzdə Rusiyanın müxtəlif nazirliklərinin və dövlət idarələrinin nümayəndələri təmsil olunur. Yəni faktiki olaraq, bu qurum Rusiya hökumətinin Qarabağda yaradılmış mini modelidir və Azərbaycan Respublikasının həmin Mərkəzin fəaliyyətində, qərarlarının qəbulunda iştirakı yoxdur.

Cənubi Osetiya və Abxaziyada müharibə başladıqdan və hökumət qüvvələrinin məğlubiyyətlərindən sonra ərazidə yaşayan gürcü əhali oranı tərk etmək məcburiyyətində qalıb. Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs və həll razılaşmalarında qaçqınların qayıdışı nəzərdə tutulsa da, praktikada bu, mümkün olmayıb. Səbəb aydındır: Gürcüstan hökumətinə bağlı əhali kütləsi həmin ərazilərin Gürcüstandan qoparılmasına problem yarada bilərdi. Münaqişədən əvvəl Abxaziyada gürcülər əhalinin 45%-ni, Сənubi Osetiyada 30%-ni təşkil edirdi. Qarabağda atəşkəs haqqında 10 noyabr Bəyanatının 7-ci maddəsində bildirilir ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan məsələ budur ki, sülhməramlı əməliyyatın keçirildiyi ərazilərdə (Xankəndi [Stepanakert], Xocalı və s.) yaşamış azərbaycanlıların oraya qayıdışına imkan veriləcəkmi? Hələlik bu barədə heç bir məlumat yoxdur. Amma sənədin imzalanmasından cəmi 5 ay keçib, ola bilər ki, qarşıdakı dövrdə bu məsələ gündəmə gəlsin.

Rusiyanın sülhməramlı əməliyyatların gedişində yerli sakinlərə öz pasportlarını paylaması mərkəzi hökumətləri hərbi gücə əl atmaqdan çəkindirməyə xidmət edirdi və onlara qarşı əlavə təzyiq aləti yaradırdı. Rusiya bununla nümayiş etdirirdi ki, həmin ərazilərdən çıxmaq niyyətində deyil və bu cür tələblərə əməl etməyəcək. 10 noyabr Bəyanatının imzalanmasından bəri Azərbaycanda narahatlıq doğuran suallardan biri də budur ki, Moskva eyni praktikanı Qarabağda da tətbiq edə bilərmi? Sırf hüquqi baxımdan buna əsas var. Çünki Rusiya Federasiyası vətəndaşlığı haqqında qanuna əsasən 18 yaşına çatmış əmək qabiliyyətli, vətəndaşlığı olmayan şəxslər əgər SSRİ vətəndaşı olublarsa, SSRİ-nin tərkibində olmuş dövlətlərdə yaşayıblarsa və ya yaşayırlarsa və bu dövlətlərin vətəndaşlığını almayıblarsa, Rusiya Federasiyası vətəndaşlığına qəbul üçün sadələşdirilmiş qaydada müraciət etmək hüququna malikdirlər. Doğrudur, Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistan pasportu var, amma Rusiya onlara pasport vermək qərarına gəlsə, bu faktı görməzdən gələ bilər. Dağlıq Qarabağda Rusiya hökuməti tərəfindən yaradılmış Humanitar Mərkəzdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin də təmsil olunduğunu xatırlatmaq yerinə düşər.

Əlbəttə, bütün bunlar o demək deyil ki, Rusiya Abxaziya, Cənubi Osetiya və Dnestrdə yeritdiyi siyasəti eyni şəkildə Dağlıq Qarabağda təkrarlayacaq. (Baxmayaraq ki, rus dilinin Dağlıq Qarabağda ikinci rəsmi dil elan olunması şübhələrə əsas verir.) Amma Rusiyanın sülhməramlı əməliyyat təcrübəsini, indiyə qədər münaqişə zonalarında tətbiq etdiyi modelləri öyrənməyə və nəticə çıxarmağa ehtiyac var. Hadisələrin inkişafına və Dağlıq Qarabağın sonrakı taleyinə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin vəziyyəti birbaşa təsir göstərəcək.