Gürcüstanın sabiq prezidenti Saakaşvili vətənə qayıtdıqdan sonra, xüsusən hakimiyyətdən sui-istifadəyə görə qiyabı cəzasına görə həbsinin dərhal arxasınca başladığı aclıq aksiyası ilə milli siyasi arenanı tamamilə ələ keçirməyə müvəffəq olub. O vaxtdan etibarən ölkədə baş verənlər Gürcüstan siyasətinin həddən artıq şəxsiləşməsindən ifrat qütbləşməsinə, demokratik inkişaf dinamikasından avtoritar meyllərə qədər müasir durumunun bir çox xüsusiyyətlərini açıq-aşkar meydana qoymuşdur.

Mixeil Saakaşvilinin sentyabrın sonunda səkkiz il sürgündən sonra ölkəyə qayıtması yalnız Gürcüstanın indiki hakimiyyəti üçün baş ağrısı deyil. Bu qayıdış həmçinin onun öz partiyası, yəni Birləşmiş Milli Hərəkat (BMH) və ümumilikdə bütün müxalifət üçün də problemlidir. Bundan əlavə, onun qayıdışı iyirmi ildir real demokratik inkişaf təcrübəsi yaşayan gənc Gürcüstan Respublikasında siyasətin həddən artıq şəxsiləşdirilməsi ilə bağlı  da suallar doğurur.

Oktyabrın 1-də Gürcüstan polisi Ukraynadan ölkəyə Qara dəniz vasitəsilə qayıdışından bir neçə gün sonra ölkənin 54 yaşlı sabiq prezidenti Saakaşvilini həbs etdi. 2012-ci ildə partiyası parlament seçkilərini uduzduqdan sonra üçüncü dəfə prezidentliyə namizəd kimi irəli sürülmək hüququ olmayan Saakaşvili, əsaslı olaraq dərhal həbs olunacağından çəkinərək, ölkəni tərk etmişdi. Həqiqətən də onun yeni barışmaz düşməni olan oliqarx Bdzina İvanişvili Saakaşvilini qismən əsası olan cinayətlərdə (sabiq prezident səs-küylü qətl hadisəsinə və müxalif deputata qarşı təşkil olunmuş hücuma görə məhkum olunmuş Daxili İşlər nazirliyi əməkdaşlarını əfv etmişdi) ittiham etmiş və məhkəmə çəkişməsinə cəlb edəcəyinə söz vermişdi.  Lakin aydındır ki, İvanişvilinin əsas motivasiyası siyasi idi. Ölkədən kənarda olduğu bu səkkiz il ərzində Saakaşvili Ukrayna siyasətçisi kimi fəaliyyət göstərməsinə baxmayaraq,  Gürcüstanda aktiv siyasəti heç vaxt tərk etməmişdi və illərlə BMH-nin rəhbəri olaraq qalırdı.

Saakaşvili oktyabrın 1-də səhər tezdən, dan yeri söküləndə Batumidən sosial mediada videolar yaymağa başladı. Onun videoları ölkəyə qayıtdığını nümayiş edirdi, lakin bununla bərabər, bu videolar həm də İvanişvili hökumətini qıcıqlandırmaq niyyəti güdrüdü.  O, bu niyyəti də uğurla həyata keçirməyi bacardı və ölkədə siyasi mühit dərhal qarışdı. Həmin gün demək olar ki, günorta saatlarının sonuna kimi hakim Kartuli Otsneba (Gürcü Arzusu) partiyasının sədri  Irakli Kobaxidze israrla Saakaşvilinin Gürcüstan torpağında olmadığını iddia edirdi. Lakin onun sonuncu bəyanatından cəmi bir neçə saat sonra ölkənin Baş naziri İrakli Qaribaşvili sabiq prezidentin Tbilisi yaxınlığındakı bir mənzildə həbs edildiyini bildirdi. O gündən etibarən Gürcüstan siyasətində müzakirə edilən əsas, bəlkə də yeganə məsələ Mişanın taleyidir.

Cənab Saakaşvili həbsdən dərhal sonra özünü siyasi məhbus adlandıraraq başlatdığı aclıq aksiyası ilə gündəmin əsas mövzusuna çevrildi. Bir tərəfdən 2012-ci ildən bəri Saakaşvilini həbsə atmaq istəyən İvanişvilinin partiyası özünün qətiyyətini və sözünün üstündə duracağını nümayiş etdirmək istəyirdi. İllərdir Gürcü Arzusunun xalqa mesajları siyasi proqramdan və əməllərdən daha çox Saakaşvili ilə onun partiyasını xalqa qorxulu röya kimi təqdim etmək üzərində qurulub. Hakim partiyanın platforması elə ifrat şəkildə Saakaşvili üzərində qurulub ki, bu yaxınlarda Tbilisidə bir taksi sürücüsü bizimlə zarafat edərək deyirdi ki, “Gürcü Arzusu partiyası Saakaşvilisiz yaşaya bilməz. Doqquz ildə xalq üçün çox az şey etmiş bu hökumətin seçiciyə ‘Mişa qorxulu əjdahadır’ deməsindən başqa bir sözü qalmayıb”. Saakaşvilinin həbsindən etibarən İvanişvili hökuməti qəti şəkildə onu dövlət xəstəxanasına köçürmək istəmirdi. Bu müddət ərzində isə sabiq prezidentin səhhəti pisləşdiyi üçün onun tərəfdarlarından tutmuş, Qərb diplomat-siyasətçilərinə qədər ayrı-ayrı sayı artan qruplar getdikcə daha israrla  Saakaşvilinin xəstəxanaya köçürülməsini tələb edirdilər.

Digər tərəfdən Saakaşvilini son altı həftədə həbsdə 150 adam ziyarət etmişdi və o, taleyi ətrafında yaratdığı şoudan məmnun ola bilərdi. Həkimlər ictimaiyyətə aclıq aksiyasına görə onun səhhətinin pisləşdiyini bildirirdilər (bu doğrudan da belə idi və noyabrın 18-də o, saxlandığı kamerada yıxılmışdı). Qərb siyasətçiləri gürcü hökumətinə xəbərdarlıq edirdilər ki, onun başına bir iş gəlsə, bunun hökumət üçün ciddi nəticələri olacaq. Müxalif deputatlar isə özləri də aclıq aksiyasına başlayırdılar. Droa siyasi hərəkatının lideri Yelena Xaştaria vurğulayır ki, o, bunu “Saakaşvilini dəstəkləməkdən daha çox, İvanişvili siyasətinin qeyri-demokratik və təhlükəli bir yolda olduğuna diqqət cəlb etmək üçün edir.” Nəhayət,  noyabrın 19-da Ədliyyə naziri Saakaşviliyə Qoridəki hərbi hospitala köçürülməyi təklif etdi və bu təklif qəbul edildi.

Cənab Saakaşvili Gürcüstana həbs olunmaq və bir neçə illik həbs cəzası almaq ehtimalını göz önünə alaraq gəlmişdi. Bu mənada onun qərarı cəsarətli addım idi. Bələdiyyə seçkiləri bir çox müxalif liderlər və siyasi şərhçilər tərəfindən İvanişvilinin avtoritar rejim qurmaq niyyətinin qarşısını almaq üçün son şans kimi dəyərləndirilirdi. Belə görünür ki, onun bu şahmatsayağı gedişi öz nəticəsini vermişdi. Saakaşvilinin geri qayıtması həm tərəfdarlarının, həm də əleyhdarlarının bir qədər aktivləşməsinə təsir göstərdi. Gürcüstanın iyirmi ən mühüm şəhərinin demək olar ki, hamısında hakim partiya ikinci turun olacağı ilə barışdı.

Lakin belə bir təəssürat yaranır ki, Saakaşvilinin qayıtmaq qərarı geniş siyasi məqsədlərlə yanaşı, şəxsi ambisiyalarla da bağlı idi. O,  həm də gürcü siyasi səhnəsində öz mövqelərini qoruyub saxlamaq məqsədi güdürdü. Hətta bir sıra müxalif mətbuat nümunələri belə daxil olmaqla, yerli media onun səkkiz il ərzində on yeddi dəfə ölkəyə qayıtmaq haqqında bəyanat verdiyni yada salırdılar. Qayıdacağı haqqında daha bir bəyanat isə artıq lağlağı ilə qarşılanırdı. Bundan əlavə, Saakaşvili Aleksey Navalnının yanvar ayında cəsarətli şəkildə Rusiyaya qayıtmasına, həmçinin özünün Birləşmiş Milli Hərəkatındakı xələfi, partiyanın hazırkı sədri Nika Meliyanın cəsarətli davranışına diqqət yetirmiş və bunlar barədə danışmışdı. Meliya fevral-may aylarında Gürcüstanın Qərb müttəfiqləri tərəfindən israrlara baxmayaraq, həbsxanadan həftələrlə çıxmaqdan imtina etmişdi. Prinsiplərindən geri çəkilməyən Meliya may ayında həbsdən çıxandan sonra bizə deyirdi ki, o, özünü siyasi məhbus sayırdı və “təklif olunan şərtlərlə həbsdən çıxmağı qəbul etsə idi, bu, günahkar olmağının etirafı mənasını verərdi.”

Qayıtdıqdan sonra Saakaşvili öz taleyini Gürcüstan siyasi həyatının mərkəzi məsələsinə çevirməklə bütün müxalifətin də aparıcı sözçüsünə çevrildi. O vaxtadək, müxalifət oktyabrın 31-də bələdiyyə seçkilərinin ikinci turundan sonra onun nəticələrinə qarşı heç bir etiraz mitinqi keçirə bilməmişdi. Baxmayaraq ki, seçkilər inzibati resursların istifadəsi və digər pozuntular səbəbilə açıq-aşkar korlanmışdı və bu mənzərə Avropa İttifaqı səfirinin müxtəlif Avropa ölkələrinin Gürcüstandakı missiya başçıları ilə birgə bəyanatında tənqid olunmuşdu. Fəqət bir həftə sonra Birləşmiş Milli Hərəkat Saakaşvilinin saxlandığı Rustavi həbsxanası qarşısında böyük bir etiraz aksiyası keçirtdi. Digər siyasi partiyalar isə aksiyaya qoşulmadılar.

Bizim bəzi mənbələrin verdiyi məlumata görə, həbsdə olduğu bu dövr ərzində Saakaşvili öz partiyasından xeyli narazı qalıb.  Onun partiyasının bir faəlı deyir ki, Saakaşvili “BMH-ın daha çox şey etməsini, daha radikal olmasını istəyir. O, düşünür ki, Meliya onu həbsdən çıxartmaq üçün bacara biləcəyi hər şeyi etmir.” Saakaşvilinin keçmiş yaxın silahdaşı düşünür ki, sabiq prezident hamıdan acıqlıdır. “O, hətta Yelena Xaştarianın aclıq aksiyasından belə qıcıqlanır.” Ola bilər ki, sabiq prezident özü də ölkədə ona olan potensial dəstək haqqında şişirdilmiş təsəvvürlərə malik imiş. Bir neçə sorğu, həmçinin son seçkilərin nəticələri  (2018-ci ilin prezident seçkiləri, 2020-ci ilin parlament seçkiləri və 2021-ci ilin bələdiyyə seçkiləri) göstərirdi ki, gürcü seçicilərin hakim partiyadan narazılığı artsa da, ondan boğaza yığılsalar da, bu heç də BMH və Saakaşviliyə əlavə dəstək gətirmirdi.

Beləliklə, həm ölkə naminə, həm də şəxsi ambisiyalarını reallaşdırmaq üçün həqiqi risk etməklə Saakaşvili bir daha Gürcüstan siyasi mühitinin şəxsiləşdirilməsinə səbəb oldu. O, bir daha hörmət qazandı. Bəs Gürcüstan necə? İdeal şəraitdə son iki-üç onillikdə bu Qafqaz respublikasını canlandıran demokratik dinamikalar mövzular üzərində həqiqi siyasi debatları və idarəçiliyin institutlaşdırılmasını ehtiva etməlidir. Lakin əgər Gürcüstan seçiciləri indi hər seçkidən hökumətə onun siyasətindən və əldə etdiyi nəticələrdən narazı olduqlarını bildirmək üçün istifadə etməyi bacarsalar da, belə görünür ki, hələ də səslərini kütləvi şəkildə küçələrdə qorumağa hazır deyillər.

Belə vəziyyət həmçinin qismən cənab İvanişvilinin və Gürcü Arzusunun ölkədə yaratdığı siyasi ab-hava ilə əlaqədardır. Buna həmçinin bu gün vahid proqram, yaxud vahid şəxsiyyət ətrafında birləşə bilməyən parçalanmış müxalifətin dağınıq vəziyyəti də təsir edir. Elə bir təəssürat yaranır ki, müxalifət yeni güclü lideri gözləyir, necə ki, 2003-cü ildə Saakaşvili ölkənin real siyasi qüvvələrini öz arxasında toplaya bilmişdi. Elə deyəsən Saakaşvili özü də bunu bir daha etməyi arzulayır və son onillikdə BMH daxilindən kiminsə belə bir rol ala bilməsi üçün hansısa iş görməyib.

Siyasi liderlər və fəalların bu məsələdə fikirləri haçalanır. Lakin əksəriyyət inanır ki, gürcü xalqı hələ də güclü liderlərə meyllidir. Ancaq güclü liderlər və şəxsiləşdirilmiş siyasət gürcüləri siyasətlə maraqlandırmaq gücündədir. Müxalif düşüncəlilər bu arqumenti daha münasib hesab edir. Çünki bu gün qarşıda duran sual, İvanişvili komandası iqtidarı qoruyub saxlamaq məqsədilə dövlət institutlarını ard-arda ələ keçirərkən və daha çox qeyri-demokratik metodlara əl atarkən, siyasi hakimiyyətin dəyişkənliyini necə təmin etmək məsələsidir.