fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda sosial siyasətin imkanları və əhatə dairəsi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Müasir dünyada bəşəriyyətin üzləşdiyi problemlər, o cümlədən, ekoloji, texnoloji və demoqrafik dəyişikliklər, daha sürətlə dəyişən əmək bazarları gündən-günə yeni tələblər irəli sürür. Bu şəraitdə insanlara layiqli həyat sürməyə imkan verən təminat tələb olunur. Müxtəlif tipli böhranlar nümayiş etdirir ki, möhkəm sosial müdafiə sistemləri olan cəmiyyətlər öz əhalisini bu cür hadisələrin mənfi təsirlərindən daha effektiv və sürətlə qoruya bilər. Azərbaycan da bu sırada istisna deyil. 1992-ci ilin iyulun 21-də Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərov İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakta qoşulmağa dair Milli Məclisin qərarını təsdiqləyib.[1] Formal olaraq Azərbaycan pakta 1992-ci ilin avqustun 13-də qoşulmuşdu. Bununla da Azərbaycan dünya üzrə mövcud olan sosial müdafiə sisteminin bir hissəsinə çevrildi və mövcud olan bütün qanunvericilik həmin pakta uyğun olaraq tərtib edildi. Bu hüquqlar arasında da sosial hüquqlar vacib yeri tuturdu.

Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə görə, “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.”[2] 15-ci maddəyə görə, “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.”[3] Eyni zamanda Konstitusiyanın 38-ci maddəsinə görə, “hər kəsin sosial təminat hüququ vardır”. Qeyd olunur ki, “hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir”. Bundan başqa, 2021-ci ilin fevralın 2-də təsdiqlənmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə görə, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet formalaşdırılıb.[4] Bu prioritetlərdən biri də “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət”dir. Bu sənədə görə, “Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatının gücləndirilmə”si nəzərdə tutulur.

Başqa sözlə, Konstitusiyaya görə, Azərbaycan sosial dövlətdir. Bəs reallıqda Azərbaycanda sosial siyasət necə qurulub? Sosial siyasət çərçivəsində atılan addımların əsas məqsədi nədir? Son dönəmlərdə, xüsusi olaraq, 2015-ci ildən sonra hansı dəyişikliklər baş verib?

2015-ci ildə Azərbaycan iqtisadiyyatı ciddi bir problem ilə üzləşdi. İki devalvasiya nəticəsində əhalinin real gəlirləri kəskin şəkildə azaldı. Hətta rəsmi statistikaya görə, 2015-2020-ci illərdə əhalinin gəlirləri nominal olaraq 33,49% artdığı halda,[5] ölkə üzrə istehlak qiymətləri indeksi 33,2% artıb.[6] Rəsmi məlumatlara əsasən illər üzrə hesablasaq, real gəlirlərin 10,5% azaldığını görə bilərik. 2021-ci ildə əhalinin gəlirləri nominal olaraq 2,6% artdığı halda[7], orta illik inflyasiya səviyyəsi 6,7% təşkil edib (əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 12,0%).[8] Belə vəziyyət sosial müdafiə mexanizmlərinə ehtiyacı artırdı. Bəs dövlət buna necə reaksiya verdi? Məhz bu məsələləri biz öz tədqiqatımızda araşdırmağa çalışacağıq.

Tədqiqatımız hər biri ayrı məqalə olan üç hissədən ibarət olacaq. Birinci hissədə biz sosial siyasətin həyata keçirilmə mexanizmlərinin ümumi təsvirini verməyə çalışacağıq. Bu hissə çərçivəsində müxtəlif sosial həssas qruplara verilən müavinət və ya təqaüdlərin həcmi, bu sahədə mövcud olan ümumi vəziyyəti təsvir edəcəyik. Həmçinin son zamanlar aktual məsələlərdən birinə çevrilən uşaq pulu mövzusunu da təhlil etməyə çalışacağıq. İkinci hissədə biz uşaqlardan kənar olan digər sosial həssas qrupların vəziyyətini təsvir etməyə cəhd edəcəyik. Burada yoxsulluq, işsizlik, əlillik və pensiya sahələrində mövcud olan siyasət və əsas problemlər təsvir olunacaq. Üçüncü hissənin isə əsas məqsədi ölkə üzrə mövcud olan sosial xərclərin maliyyələşdirmə mexanizmini qısa olaraq təsvir etməkdir. Bu hissədə sosial xərclərə ayrılan vəsaitin həcmi və onun bölgüsü göstəriləcək. Beləliklə, bu üç hissəli məqalədə biz ölkə üzrə mövcud olan sosial siyasətin əsas məqsədi və prinsiplərini göstərəcəyik. Fikrimizcə, müasir Azərbaycanda, xüsüsilə son dönəmlərdə (2015-ci ildən sonrakı proseslərin nəticəsi olaraq) sosial siyasətdə əsas prinsip olaraq qənaət götürülüb. 

Azərbaycanda sosial siyasətin ümumi təsviri

Beynəlxalq Əmək Təşkilatının məlumatı

Azərbaycanda həyata keçirilən sosial siyasəti biz iki istiqamət üzrə araşdırmağa çalışacağıq. İlk əvvəl biz sosial siyasət sahəsində daha çox ixtisaslaşan beynəlxalq təşkilatların hesabatlarından istifadə edəcəyik. Bundan sonra isə konkret olaraq hər istiqamət üzrə ölkədə həyata keçirilən addımları təsvir etməyə çalışacağıq.

Sosial siyasət sahəsində vacib beynəlxalq qurumlardan biri Beynəlxalq Əmək Təşkilatıdır (BƏT). İş yerində işçilərin hüquqlarının təmin edilməsi ilə bərabər bu qurumun əsas məqsədlərindən biri bütün əhalinin sosial müdafiə mexanizmləri ilə əhatə olunmasıdır.[9] Hər 4 ildən bir BƏT Dünya Sosial Müdafiə Hesabatı hazırlayır. Bu sənədin əsas məqsədi dünya üzrə sosial müdafiə sistemlərində baş vermiş dəyişiklikləri və bu dəyişikliklərin əhaliyə təsirini təsvir etməkdir. 2021-ci ildə dərc olunan sonuncu hesabat adi sosial müdafiə mexanizmləri ilə bərabər həmçinin COVİD-19 pandemiyasının təsirini də tədqiq edib.[10] Hesabat bir neçə meyar üzrə hər ölkəyə dair rəqəmləri təqdim edib.

Əhalinin sosial müdafiə mexanizmləri ilə əhatə olunmasına dair göstəricilərdən biri də pensiya sistemi ilə əhatə olunmasıdır. Sonuncu hesabata görə, Azərbaycanda pensiya yaşına çatmış yaşlı əhalinin pensiya sistemi ilə əhatə səviyyəsi son 20 ildə kəskin şəkildə aşağı düşüb. Bu göstərici 2000-ci ildə 90% civarında olduğu halda, 2015-2020-ci illərdə artıq 73% civarında idi. Kişilər arasında müvafiq göstərici 50-60%, qadınlar arasında isə 70-80% təşkil edir. Hazırda əmək qabiliyyətli yaşda (15+) olan kişilərin təxminən 40%-dən daha az hissəsi, qadınların isə 25%-lik hissəsi öz gələcək pensiyalarını təmin etmək imkanına malikdir. Qonşu ölkələr arasında Türkiyədə həmin göstərici 60%-in üzərində, İranda 50%, Ermənistanda 40-50%-ə yaxındır. 

Cədvəl 1. Azərbaycanda əhali qruplarının sosial müdafiə sistemləri ilə əhatə olunması, faizlə

Göstərici Azərbaycan üzrə Dünya üzrə ortalama Eyni gəlir qrupuna aid ölkələr üzrə ortalama
Ən azı bir növ sosial müdafiə mexanizmləri ilə əhatə olunmuş əhalinin payı 39,0 46,9 64,0
Sosial müdafiə mexanizmləri ilə əhatə olunmuş müvafiq qruplar
Uşaqlar 16,9 26,4 22,6
Təzə doğulmuş uşaqlar ilə analar 16,0 44,9 52,5
Ağır əlilliyi olan insanlar[11] 100,0 33,5 40,5
İşsiz 19,1 18,6 17,5
Ahıl insanlar 72,8 77,5 91,3
İstehsal zədəsi əldə edən işçilər 32,1 35,4 36,3
Aztəminatlı ailələrə dəstək mexanizmləri 13,4 28,9 34,4
Pensiya mexanizmləri ilə əhatə olunmuş işçi qüvvəsi 30,2[12] 32,5 70,9
Universal səhiyyə təminatı 65,0 65,6 76,7

Mənbə: BƏT-in Dünya Sosial Müdafiə Hesabatı, 2021.

Başqa sözlə, pensiya hüququ qazanmaq Azərbaycanda artıq çətin sosial məsələyə çevrilir. Eyni zamanda, Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, pensiya hüququ qazana bilməyən şəxslərə təyin edilən qeyri-sığorta əsaslı pensiyanın (bu, Azərbaycanda yaşa görə müavinət adlanır) məbləği ölkə üzrə mütləq yoxsulluq həddi hesab olunan məbləğin 46,6%-ni təşkil edir. Gürcüstanda həmin göstərici 109%, Qazaxıstanda 95,1%, Rusiyada 46,4%, Ermənistanda 38,8%, Türkiyədə 21,7%-dir. Siyahıda bizdən əvvəl gələn Filippində eyni göstərici 53,7%-ə bərabərdir. Beləliklə, pensiyasız qalan insanlar faktiki olaraq yoxsul insanlara çevrilirlər.

Ümumən hesabat müəllifləri Azərbaycanı yuxarı orta gəlir (upper-middle income) qrupuna aid ediblər. Bu qrupa İran, Türkiyə, Venesuela, Serbiya kimi ölkələr də daxildir. Cədvəl 1 Azərbaycana aid göstəriciləri həmçinin dünya üzrə ortalama və eyni zamanda aid olduğumuz qrupa daxil olan ölkələrin orta göstəriciləri ilə müqayisə edir. Göründüyü kimi, digər göstəricilər üzrə də Azərbaycanda vəziyyət ümumən həm aid olduğu qrup ölkələrindən, həm də dünya üzrə ortalama göstəricilərdən fərqlidir. Azərbaycanda əhalinin yalnız 39%-i ən azı sosial müdafiə mexanizminin bir növü ilə əhatə olunub. (Bu göstərici sağlamlıq və ya xəstəlik müavinətləri istisna olmaqla bütün digər sosial müavinətləri əhatə edir.) Dünya üzrə ortalama 46,9% olduğu halda, aid olduğumuz qrup üzrə müvafiq göstərici 64%-ə bərabərdir.

İkinci göstərici uşaqlara aiddir. Burada sosial müdafiə müavinətləri ilə əhatə olunan uşaqların sayının ölkədə olan uşaqların ümumi sayına nisbəti göstərilib. Amma ölkə üzrə uşaqların sadəcə 16,9%-i bu və ya digər sosial müdafiə mexanizmləri ilə əhatə olunub. Həmin göstərici Qazaxıstanda 57,4%, Gürcüstanda 48,1%, Ermənistanda 30,2%, o cümlədən dünya üzrə orta hesabla 26,4%, yüksək orta gəlirli ölkələrdə 22%-dir. İnkişaf etmiş ölkələrdə isə bu göstərici 87%-dir (hesablamaların heç birində səhiyyə xərcləri nəzərə alınmır). Azərbaycan ilə eyni səviyyədə olan ölkələrə misal kimi Burkina-Faso, Cənubi Sudan, Hondurası göstərmək olar. Yeni doğulan uşaqların anaları da sosial müdafiə ilə geniş əhatə olunmayıb. Belə ki, il ərzində doğulan uşaqların yalnız 16,0%-nin anaları müxtəlif müavinətlər əldə edir. Həmin göstərici Qazaxıstanda 44,2%, Ermənistanda 61,6%, Gürcüstanda 26%, o cümlədən dünya üzrə orta hesabla 45%, aşağı gəlirli ölkələrdə 10,5%, yuxarı orta gəlirli ölkələrdə 52% ətrafında, yüksək gəlirli ölkələrdə isə 86% təşkili edir.

İşsizlər arasında vəziyyət çox da ürəkaçan deyil. BƏT-in məlumatına görə, Azərbaycanda işsizlərin yalnız 19,1%-i bu və ya digər sosial müdafiə mexanizmi ilə əhatə olunub. Yeri gəlmişkən, iş vaxtı xəsarət alanlar da ciddi problemlərlə qarşılaşırlar və onların yalnız 32,1%-i sosial müdafiə mexanizmləri ilə əhatə olunub. İşi olmayan və ya gəliri aşağı olan sosial həssas qruplar da sosial müdafiə ilə, demək olar ki, əhatə olunmayıblar. Onların yalnız 13,4%-i bu və ya digər sosial dəstək mexanizminə qoşulub. Həmin göstərici Qazaxıstanda 74,2%, Gürcüstanda 93%, o cümlədən dünya üzrə orta hesabla 29%, aşağı gəlirli ölkələrdə 7,8%, yuxarı orta gəlirli ölkələrdə 35%-ə yaxın, yüksək gəlirli ölkələrdə isə 63% təşkil edir.

Azərbaycanda sosial siyasət

BƏT-in hesabatında Azərbaycan üzrə ümumi vəziyyət təqdim edilir və o, digər ölkələrlə müqayisə edilir. Amma sosial siyasət ilə bağlı real vəziyyəti başa düşmək üçün daha çox detal lazımdır. Ona görə biz Azərbaycanda tətbiq olunan sosial müdafiə mexanizmləri barədə qısa da olsa müəyyən məlumat verməyə çalışacağıq. Əsas diqqətimiz də son illərdə baş vermiş dəyişikliklərlə bağlı olacaq. Daha effektiv və faydalı olması üçün biz bunu sosial həssas qruplar üzrə edəcəyik (uşaqlar, təqaüdçülər, yoxsullar, əlillər).

Azərbaycanda birbaşa sosial münasibətləri tənzimləyən bir neçə qanun və normativ sənəd mövcuddur: sosial müavinətlər (həmçinin Ünvanlı dövlət sosial yardımı haqqında) haqqında qanun, onların həcmini müəyyən edən Prezident sərəncamları və pensiyalar haqqında qanun. Sosial ayırmaları faktiki olaraq iki yerə bölmək olar: sosial müavinətlər haqqında[13] və Əmək pensiyaları haqqında[14] qanunlarla tənzimlənən ödənişlər. İlk qanuna daxil edilməyən və kənarda qalanlar ünvanlı dövlət sosial yardımlarıdır. Onlar ayrıca qanun ilə tənzimlənir.[15] Müavinətlərə gəldikdə isə, Azərbaycanda iki növ – aylıq və birdəfəlik müavinətlər mövcuddur.

Aylıq müavinətlərə aşağıdakılar aiddir:

1. dövlət qulluqçularına ömürlük müavinət;
2. yaşa görə müavinət;
3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət;
4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
5. ailə başçısını itirməyə görə müavinət;
6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
7. 3 yaşınadək uşağa qulluğa görə müavinət;
8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;
9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;
10.  yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;
11. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;
12. beşdən çox uşağı olan qadınlara müavinət;
13. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət.

Birdəfəlik müavinətlərə isə bunlar aiddir:

1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;
2. uşağın anadan olmasına görə müavinət;
3. dəfn üçün müavinət.

Müavinətlərin böyük hissəsi dövlət büdcəsi hesabına maliyyələşir (sığorta hadisəsi olduğu halda Dövlət Sosial Müdafiə Fondu hesabına maliyyələşir). Bundan başqa müəyyən müddətdir ki, Azərbaycanda bir sıra keçmişdə mövcud olmuş müavinətlər (və ya əlavə ödənişlər) Prezident tərəfindən verilən təqaüdlər formasını alıb və hazırda 13 növ Prezident təqaüdü mövcuddur (cədvəl 2).[16] Beləliklə, pensiyalardan başqa ölkə üzrə 13 aylıq müavinət, 3 birdəfəlik müavinət, 1 aylıq sosial yardım növü (periodik olaraq müxtəlif sosial yardım növləri də tətbiq olunur, amma onlar birdəfəlik xarakter daşıyır və ya hər hansı hadisə ilə bağlı olur), 13 növ Azərbaycan Respublikası Prezidentinin təqaüdü mövcuddur. Məhz göstərilmiş mexanizmlər əsasında biz sosial həssas qruplar üzrə sosial siyasəti təsvir etməyə çalışacağıq.

Cədvəl 2. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri.

31.12.2021-ci il tarixinə olan məbləğ,[17] AZN
Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü
I qrup 400
II qrup 350
III qrup 300
20 Yanvar şəhidinin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 500
Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 500
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2000
Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 1800
Fəxri adlara görə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü[18]
Xalq fəxri adı 150
Əməkdar fəxri adı 100
Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 130
Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü 500
I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü[19] 50
 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və Leninqradın müdafiəsinə görə medalı, Leninqrad mühasirəsində yaşayan döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü 300
Müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 80
Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (pensiya əlavəsi və Prezident təqaüdü əvəzinə) 210
Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü[20]
Fəlsəfə doktorları üçün 120
Elmlər doktorları üçün 200

Uşaq pulu

Son bir neçə ildir ki, Azərbaycanda uşaq pulu mövzusu periodik olaraq gündəmə gəlir. Azərbaycanda bir müddət qısa olaraq uşaq pulu adlandırılan müavinət növü mövcud idi. Belə ki, 2005-2006-cı illərdə Azərbaycanda sosial müdafiə mexanizmi ilə əlaqədar olaraq yeni qanunlar tətbiq olunmağa başladı. Bu dövrdən bəri qabaqlar mövcud olmuş Aztəminatlı ailələrin uşaqlarına müavinətlərin təyin edilməsi haqqında qaydalar qüvvədən düşmüş hesab olundu. Aztəminatlı ailələrə dəstək yeni bir mexanizm – ünvanlı dövlət sosial yardımı – hesabına həyata keçirilməyə başladı. 2005-ci ilə qədər mövcud olmuş qaydalara görə, bu ödənişi ailədə adambaşına düşən orta aylıq gəlirin 16500 manatdan (yəni 3,3 AZN-dən) az olduğu hallarda ailələr uşaq doğulduğu aydan başlayaraq 16 yaşa çatanadək (təqaüd almayan məktəblilər 18 yaşınadək) aylıq 9000 manat (yəni 1,80 AZN) müavinət almaq imkanına malik idilər.[21] Bəzi qruplar (valideyni hərbi xidmətdə olanlar, müharibə əlilləri və s.) üçün bu müavinət bir qədər yüksək idi.

Bununla belə bu ödəniş əhalinin böyük hissəsini əhatə etmirdi. Yəni bu ödənişi almaq üçün bir ailədə adambaşına gəlir 3,3 AZN-dən az olmalı idi. Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2005-ci il üçün minimum əməkhaqqı 25 AZN,[22] orta aylıq nominal əməkhaqqı isə 123,6 AZN[23] təşkil edirdi. Başqa sözlə orta statistik ailədə ən azı bir nəfər minimum əməkhaqqı qazanırdısa, bu 4-5 nəfərlik ailədə adambaşı 5-6 AZN edirdi. Məsələ ondan ibarətdir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2005-ci il üçün yoxsulluq həddi 42,6 AZN idi[24]. Beləliklə 2005-ci ildə yoxsul hesab oluna biləcək ailə belə həmin ödənişi almaq imkanından məhrum idi.

Son illərdə, xüsusən də 2015-ci ildə əhalinin gəlirlərinin azalmasından sonra uşaq pulu məsələsi daha çox gündəmə gəlməyə başlayıb.[25] Məsələnin Milli Məclis müzakirəsinə bir neçə dəfə çıxarılmasına baxmayaraq, hökumətdən birbaşa və konkret reaksiya gəlməyib. Yalnız 2021-ci ilin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu məsələyə müəyyən mənada nöqtə qoyuldu. Onun sözlərinə görə, hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaq pulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaq pulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Ona görə “bu qədər vəsaitin sırf uşaq pulu üçün ödənilməsi məqbul sayılmır.”[26]

Uşaq pulu məsələsi ölkədə demoqrafik səbəblərə görə yox, məhz sosial-iqtisadi vəziyyət ilə bağlı aktuallaşıb. Bu məsələ ilə bağlı çıxışlarda heç kim tələb etmir ki, ölkədə olan bütün uşaqlar uşaq pulu ilə təmin edilsin. Məsələ daha çox uşaqların təminatın ilə bağlıdır. Uşaqlar indi qeyri-bərabərsizlik və ailə gəlirlərinin düşməsi şəraitində yaşayırlar. Nazir bu mövqedən çıxış edərək, məsələni çox absurd səviyyəyə çatdırır. Əsas problem və bütün çıxışlar aztəminatlı ailələrlə bağlıdır. Növbəti hissədə biz göstərəcəyik ki, yoxsul və kasıb ailələrin böyük hissəsi ümumiyyətlə sosial təminat ilə təmin olunmayıb. Mövcud olan sosial mexanizmlər heç bir halda əhalinin real vəziyyətini nəzərə almır.

Bəs Azərbaycanda uşaqların mövcud sosial müdafiəsi necə qurulub? Yuxarıda biz qeyd etmişdik ki, ölkə üzrə uşaqların yalnız 16,9%-i sosial müdafiə sistemi ilə əhatə olunub. Uşaqların sosial müdafiə sistemi müxtəlif mərhələlərdən ibarətdir. Birbaşa uşaqlara aid 9 müavinət növü mövcuddur. Uşağın anadan olmasına görə müavinətdən başqa digərləri aylıq olaraq ödənilir. Bundan başqa uşaqları müəyyən qədər əhatə edən 3 növ Prezident təqaüdü də mövcuddur  (cədvəl 3).

Cədvəl 3. Uşaqlara aid olan müavinətlərin məbləği, AZN-lə

Müavinətin növü 31.12.2021-ci il tarixinə olan məbləğ[27] 01.01.2022-ci il tarixindən[28]
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 150 200
ailə başçısını itirməyə görə müavinət 80 100
3 yaşınadək uşağa qulluğa görə müavinət* 0-1,5 yaş – 44, 1.5-3 yaş – 28 0-1,5 yaş – 44, 1.5-3 yaş – 28
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 100 120
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 120
1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 70
beşdən çox uşağı olan qadınlara müavinət* 55 70[29]
övladlığa götürülən uşağa görə müavinət 160 200
övladlığa götürülmüş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət 480 600
uşağın anadan olmasına görə müavinət* 200 300
20 Yanvar şəhidinin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 500 500
Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 500 500
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü[30] 50 80

* Valideynlər işlədikdə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ödənilir. Əks halda dövlət büdcəsi maliyyəşdirir.

Azərbaycan qanunvericiliyinə görə, 18 yaşına çatmamış şəxslərə əlillik təyin edilərkən əlillik qrupu müəyyən edilmir. Uzun müddət sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinətin həcmi I qrupun aldığı müavinətə bərabər idi. 2022-ci ildən bəri bu rəqəmlər dəyişdi. Artıq I qrup əlillərə 220 manat, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara isə 200 manat müavinət ödənilir. 2021-ci ilin oktyabrın 1-nə bu qrupa aid olan uşaqların sayı 55 191 nəfər idi (qrafik 1). Qrafikdən də göründüyü kimi 2018-2019-cu illərdə müavinət alan uşaqların sayı kəskin şəkildə azalmağa başladı. Bu da daha çox əlillik ilə bağlı islahatların nəticəsidir (bu barədə biz əlillik bölməsində daha ətraflı məlumat verəcəyik). Azalma templərini başa düşmək üçün qeyd edə bilərik ki, 2020-ci ilin oktyabrın 1-nə 56 091 uşaq müavinət alırdısa, 2021-ci ilin yanvarın 1-nə bu, 52 645-ə bərabər idi. Başqa sözlə, 3 ay ərzində 3446 uşaq müavinətdən məhrum oldu. Bunun təbii səbəbləri də ola bilər (uşaqların 18 yaşına çatması), amma bundan əvvəlki dövrlərdə həmin rəqəm yeni gələnlər hesabına kompensasiya olunurdu. 2018-ci ildən bəri bu tendensiya dayandı.

Qrafik 1. Uşaqlara verilən müavinəti alan şəxslərin sayı, (2006-2021-ci illərdə)

*2021-ci il üçün rəqəmlər yanvar-sentyabr aylarını əhatə edir.

Statistikadan göründüyü kimi, Azərbaycanda 2021-ci ilin oktyabrın 1-nə 49 minə yaxın uşağın ən azı bir valideyni vəfat edib. Ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına “18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), vəfat etmiş şəxsin 18 yaşınadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına – əlillik müddətinə; vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə – uşağın 8 yaşınadək” təyin edilir.[31]

3 yaşınadək uşağa qulluğa görə müavinətin həcmi uşağın yaşına uyğun olaraq dəyişir – anadan olandan 1,5 yaşa qədər 44 manat, 1,5 yaşdan 3 yaşa kimi isə 28 manat. Bu ödənişlər də Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ödənilir. Hesablama Palatasının məlumatına görə, 2020-ci ilin sonuna müvafiq müavinətlər 39063 uşaq üzrə təyin edilmişdi (bir il əvvəl eyni göstərici 40,2 min idi). 2021-ci ilin ilk yarısında bu göstərici 21624 nəfər təşkil edirdi.[32]

Anadan olan uşaqlara dair əsas məqam müavinətin mənbəyi ilə bağlıdır. Ailə üzvlərinin ən azı biri işlədikdə müvafiq müavinət DSMF hesabına ödənilir. Əks halda isə dövlət büdcəsindən maliyyələşdirilir. Misal üçün, 2020-ci ildə Azərbaycanda 126,3 min ailəyə uşağın doğulmasına görə birdəfəlik müavinət ödənilib.  Onların bir hissəsi- 48,6 mini müavinəti DSMF-dən, 77,6 mini isə dövlət büdcəsi hesabına alıb.

Cədvəl 4. Sosial müdafiə mexanizmləri ilə əhatə olunmuş uşaqların sayı

Müavinətin növü 01.01.2021-ci il tarixinə 01.10.2021-ci il tarixinə
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 52 645 55 191
Ailə başçısını itirməyə görə müavinət 49 190 48 897
3 yaşınadək uşağa qulluğa görə müavinət 39 063 21 624*
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 12 500 11 100
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 244 229
1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 1 855 1 255
Beşdən çox uşağı olan qadınlara müavinət 8 922 9 263
ƏƏSMN uşağın anadan olmasına görə müavinət 77 644 49 765
DSMF uşağın anadan olmasına görə müavinət 48 623 35 863
CƏMİ 290 686 233 187
18 yaşına çatmamış şəxslərin sayında payı 10,07% 8,08%

* DSMF tərəfindən ödənildiyi üçün bizdə 9 ay üzrə statistika yoxdur. Ona görə bu rəqəm 2021-ci ilin ilk 6 ayını əhatə edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin əvvəlinə ölkədə 18 yaşına çatmamış 2 885,3 min nəfər yaşayırdı. Beləliklə, birbaşa olaraq uşaqlara aid olan müavinətlər ilə əhatə olunmuş uşaq qrupunun sayı 2020-ci ilin sonuna 10,07% idisə, 2021-ci ilin oktyabrın 1-nə 8,08% təşkil edib. Düzdür, uşaqlar qeyd olunan sosial müavinətlərdən başqa digər ödənişləri də əldə etmək hüququna malikdirlər (misal üçün, 2021-ci il ərzində şəhid olanların uşaqlarına ödənilən müavinətlər üzrə xərclər keçən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artmışdı – 44,68 mindən 450,52 minə kimi)[33]. Bundan başqa bir sıra digər ödənişlər də uşaqları əhatə edir (ünvanlı dövlət sosial yardımı, məcburi köçkünlərə verilən müavinətlar və s.). Bu bölmədə biz yalnız birbaşa olaraq uşaq pulu adlandırıla biləcək müavinətləri təhlil etməyə çalışdıq (həmin müavinətlər məhz uşaq sayına görə və ya uşağa görə ödənilir. Misal üçün, ünvanlı dövlət sosial yardımı valideynlərin gəlirləri ilə bağlıdır). Göründüyü kimi, Azərbaycanda 2020-ci ilin sonuna həmin rəqəm 10% təşkil etdiyi halda, 2021-ci ilin oktyabrın 1-nə bu rəqəm 8% idi. Digər tərəfdən bir uşağa ortalama olaraq 2020-ci ildə 59,2 manat, 2021-ci ilin 9 ayı ərzində isə 69 manat vəsait düşür. Nəticə etibarilə dövlətin cəmi illik xərcləri 2020 və 2021-ci illərdə müvafiq olaraq 206,5 və 193,3 milyon manat təşkil edir. Əgər təxmin etsək ki, mövcud olan uşaq pulu sistemi Azərbaycanda 18 yaşına çatmamış uşaqların hamısını əhatə edirsə, o zaman hökumətin cəmi xərcləri 2020-ci il üçün 2 milyard, 2021-ci il üçün 2,4 milyard manat edə bilərdi. (cədvəl 5).

Cədvəl 5. Mövcud olan Uşaq pulu bütün uşaqları əhatə etdiyi halda 

Göstərici 2020 2021
Cədvəl 4-də göstərilmiş sosial müavinətlər ilə əhatə olunmuş uşaqların sayı 290 686 233 187
Cədvəl 4-də göstərilmiş sosial müavinətlər ilə bağlı xərclər, AZN ilə 206 517 636,00 193 288 768,00
Orta olaraq 1 uşağa düşən xərclərin həcmi, AZN ilə 59,20 69,08
Ölkə üzrə uşaqların sayı 2 890 100 2 885 300
Bütün uşaqları əhatə etdiyi halda xərclər, AZN ilə 2 053 127 040,00 2 391 798 288,00

 

Nəticə

Bu məqalədə əsas məqsədimiz Azərbaycanda mövcud olan sosial siyasəti təsvir etmək idi. İlk əvvəl biz bunu uşaq pulu məsələsində göstərməyə çalışdıq. 2015-ci ildən bu yana Azərbaycanda əhalinin real gəlirləri ortalama 10,5% azalıb. Bu isə əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsinə gətirir. Bunun fəsadlarını ilk hiss edənlər bir çox hallarda uşaqlar olur. Nəticədə uşaqlar da keyfiyyətli təhsil və səhiyyə xidmətlərindən məhrum olurlar. Ona görə bu məsələyə dövlət müdaxilə etməlidir. Azərbaycan dövləti isə bu məsələdən kənarda qalmağa çalışır.

BƏT öz hesabatında qeyd edir ki, növbəti illərdə uşaqlar arasında yoxsulluğun artmasını gözləmək lazımdır. Bunun qarşısını almaq üçün dövlət uşaqların sosial müdafiəsinə investisiya yatırmalıdır və hətta “uşaqlar üçün universal sosial müdafiə” sisteminə keçməyi tövsiyə edir. Azərbaycanda isə əksinə, hökumət uşaqların sosial müdafiəsinin azaldılması istiqamətində addımlar atır. Bizim hesablamalarımıza görə, birbaşa olaraq uşaq pulu adlandırıla biləcək müavinətləri alan uşaqların sayı 2020-ci ilin sonuna 10% təşkil etdiyi halda, 2021-ci ilin oktyabrın 1-nə bu rəqəm 8% idi. Sistem daha da geniş yayılmaq yerinə, daha çox eyni çərçivədə qalır. Bunun müqabilində real vəziyyət isə getdikcə kəskinləşir (COVİD-19 pandemiyasının və uzunmüddətli karantinin fəsadları və s.). Bəs nə etməli?

İlkin olaraq əhalinin ən azı aztəminatlı qruplarında olan uşaqların dəstəyi sistemi yaradılmalıdır. Aztəminatlı dedikdə Azərbaycanda ehtiyac meyarı istifadə olunur. Fikrimizcə, bu göstərici reallığı əks etdirmir. Bu məqsədlə konkret və reallığı əks etdirən meyarlar hazırlanmalıdır. Bu meyarlar hansısa hipotetik rəqəmlərə yox, məhz real bazarda mövcud olan qiymətlərə əsaslanmalıdır. Misal üçün, məktəbəqədər uşaqlar üçün zəruri qida, əsas geyim və s. təminatını, məktəbə gedən uşaqlar üçün isə məktəb ləvazimatı, geyim və qida nəzərə alınmalıdır. Uşaq pulu eyni zamanda kompleks siyasətin bir hissəsi olmalıdır. Yəni paralel olaraq uşaqlara qayğı sistemi inkişaf etdirilməlidir (uşaq bağçaları, analara müavinətlər və s.). Nəticədə uşaq üçün universal sosial müdafiə sisteminə keçmək də olar. Uşaqlar üçün ədalətli sosial müdafiə sisteminin qurulması nəticəsində cəmiyyətdə bütün uşaqlar bərabər imkan və hüquqlara malik olacaqlar. Bu da iqtisadi olaraq gələcək üçün yatırıma çevrilə bilər.

 

Qeydlər və istinadlar:

[1] “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq pakta qoşulmaq barəsində Azərbaycan Respublikası Milli Məclisi qərarı.1992.  http://www.e-qanun.az/framework/7507

[2] Azərbaycan Respublikasının Konstitusiyası. 2022. http://www.e-qanun.az/framework/897

[3] Yenə də orada.

[4] Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər. 2021. https://president.az/az/articles/view/50474

[5] Əsas makroiqtisadi göstəricilər. Dövlət Statistika Komitəsi. 2022. https://www.stat.gov.az/source/system_nat_accounts/az/001.xls

[6] İstehlak qiymətləri indeksi. Dövlət Statistika Komitəsi. 2021. https://www.stat.gov.az/source/price_tarif/az/001_2az.xlsx

[7] 2021-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri. Dövlət Statistika Komitəsi. 2022. https://www.stat.gov.az/news/macroeconomy.php?page=4

[8] İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında. Dövlət Statistika Komitəsi. 2022. https://www.stat.gov.az/news/source/Press-12_21.pdf

[9] Mission and impact of the ILO. International Labour Organization. 2015. https://www.ilo.org/global/about-the-ilo/mission-and-objectives/lang–en/index.htm

[10] World Social Protection Report 2020-22: Social protection at the crossroads – in a pursuit of a better future. International Labour Organization. 2021. https://www.ilo.org/global/publications/books/WCMS_817572/lang–en/index.htm

[11]Maraqlıdır ki, əlillik məsələsində 100%-lik göstərici bölgədə, demək olar, bütün ölkələrə aiddir (Ermənistan, Gürcüstan, Belarus və s.). Burada bəlkə əsas məsələ uçot ilə bağlıdır. Belə ki, ağır sağlamlıq problemləri olan şəxslər avtomatik olaraq əlillik almalıdırlar. Amma bu məsələnin nə qədər ölkə əhalisini əhatə etdiyinə dair məlumat qeyri-dəqiqdir.

[12] BƏT-in Dünya Sosial Müdafiə Hesabatında bu göstərici 2,8% olaraq göstərilib (s. 274). Amma BƏT-ə aid World Social Protection Data Dashboards (hesabatda istifadə olunmuş məlumat bazası) hesabatında bu rəqəm 30,2% olaraq verilib. Daha ətraflı: World Social Protection Data Dashboards. International Labour Organization. 2021. https://www.social-protection.org/gimi/WSPDB.action?id=13

[13] Sosial müavinətlər haqqında qanun. 2020. http://www.e-qanun.az/framework/11508

[14] Əmək pensiyaları haqqında qanun  https://e-qanun.az/framework/11566

[15] Ünvanlı dövlət sosial yardımı haqqında qanun. 2020. http://www.e-qanun.az/framework/10854

[16] Təqaüdlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. 2022. https://www.sosial.gov.az/t%C9%99qa%C3%BCdl%C9%99r

[17] 2021-ci ilin dekabrın 20-də qəbul olunmuş bir neçə sərəncama görə, bəzi ödənişlərin məbləği artırılıb.

[18] 01.01.2022-dən artırılıb: “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2021. http://e-qanun.az/framework/48685

[19] 01.01.2022-dən artırılıb: “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” Azərbaycan Respublikası Prezidentinin 2019-ci il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı http://e-qanun.az/framework/48692

[20] 01.01.2022-dən artırılıb: “Əmək kitabçasına müvafiq qeydiyyat aparan əsas iş yeri üzrə elmi müəssisəsi və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı http://www.e-qanun.az/framework/48674

[21] Uşaqlı ailələrə müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları haqqında TƏLİMAT. 2004. http://www.e-qanun.az/framework/11008

[22] Respublikada müəyyən edilmiş minimum əməkhaqqının ölçüləri. Dövlət Statistika Komitəsi. 2021. https://www.stat.gov.az/source/labour/az/004_1.xls

[23] İqtisadi fəaliyyət növləri üzrə orta aylıq əməkhaqqı. Dövlət Statistika Komitəsi. 2021. https://www.stat.gov.az/source/labour/az/004_2-3.xls

[24] Yoxsulluq həddi və yoxsulluq səviyyəsi. Dövlət Statistika Komitəsi. 2021. https://www.stat.gov.az/source/budget_households/az/5.4.xls

[25] Deputatdan təklif: Uşaq pulu bərpa edilsin. Yeni Avaz. 2017 https://www.yeniavaz.com/az/news/65061/deputatdan-teklif-usaq-pulu-berpa-edilsin; “Azərbaycanda uşaq pulu bərpa edilsin” – 100 valideyndən Milli Məclisə müraciət. Yeni Avaz. 2018.  https://www.yeniavaz.com/az/newscontent/znewscontent/87123/azerbaycanda-usaq-pulu-berpa-edilsin-100-valideynden-milli-meclise-muraciet; “Uşaq pulu” bərpa ediləcəkmi – AÇIQLAMA. Bakupost. 2019. https://www.bakupost.az/usaq-pulu-berpa-edilecekmi-aiqlama; Uşaq pulları təsirlidirmi? – ANALİTİKA. Report. 2019. https://report.az/sosial-mudafie/usaq-pullari-tesirlidirmi-anali-ti-ka/; “Uşaq pulu tətbiq olunsa, sosial yardımdan imtina etməliyik”. Günün Səsi. 2019. https://www.gununsesi.info/usaq-pulu-t%C9%99tbiq-olunsa-sosial-yardimdan-imtina-etm%C9%99liyik/; Deputatlar uşaq pulunun bərpa olunması məsələsini Milli Məclisdə qaldırıblar. APA. 2020. https://apa.az/az/social-news/Deputatlar-usaq-pulunun-brpa-olunmasi-mslsini-Milli-Mclisd-qaldiriblar-599824

[26] Sahil Babayev uşaqpulunun verilməməsinin səbəblərini açıqlayıb. Report. 2021. https://report.az/sehiyye-xeberler/sahil-babayev-usaqpulunun-verilmemesinin-sebeblerini-aciqlayib/

[27] 2021-ci ilin dekabrın 20-də qəbul olunmuş bir neçə sərəncama əsasən bəzi ödənişlərin məbləği artırılıb.

[28] Sosial müavinətlərin məbləğinin artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 2021.  http://www.e-qanun.az/framework/26488

[29] Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 2021. http://www.e-qanun.az/framework/27535

[30] 01.01.2022-dən artırılıb: “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” Azərbaycan Respublikası Prezidentinin 2019-ci il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı http://e-qanun.az/framework/48692

[31] Sosial müavinətlər haqqında qanun. 2020. http://www.e-qanun.az/framework/11508

[32] Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının RƏYİ. 2021. https://sai.gov.az/files/DSMF_2022%20budget%20project%20Final-693361270.pdf

[33] Dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (funksional və iqtisadi təsnifatların paraqrafları üzrə). Maliyyə Nazirliyi. 2022. http://maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/periodic-reports/2021/12/8.pdf

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.