Yəqin ki, istənilən öz peşəsinə yaxından bağlı azərbaycanlı elm adamına onun məşğul olduğu sahənin Azərbaycandakı inkişaf vəziyyəti ilə bağlı sual etsəniz, ürəkaçan cavab almayacaqsınız. İstər humanitar, istər təbiətşünaslıq, istərsə də digər elm sahələrində çalışan azərbaycanlı elm adamları ölkədə elmin vəziyyəti ilə bağlı suala aşağı-yuxarı eyni cür cavab verirlər: “Bizdə filan sahə çox zəifdir”, bəzən isə “ümumiyyətlə, yoxdur”, deyə. Oxşar cavablardan birini mən də fəlsəfə barədə soruşanlara verirəm. Ancaq mənə həmişə elə gəlir ki, mənim cavabım daha kəskin olur. Çünki çox zaman sual verəni əlavə olaraq başa salmağa çalışıram ki, Azərbaycanda fəlsəfənin vəziyyəti digər elmlərlə müqayisədə daha zəifdir. Bunu əyani olaraq bir neçə parametlər üzrə göstərmək də olar (məsələn, fəlsəfə üzrə beynəlxalq müstəvidə tanınmış jurnallarda çap olunan azərbaycanlı müəlliflərin məqalələrinin sayı bir çox digər ixtisas sahiblərinin müvafiq məqalələrinin sayı ilə müqayisədə dəfələrlə azdır). Ancaq mən bu parametlər üzrə uzun və yorucu müqayisə aparmaqdansa, oxucuda fəlsəfədəki vəziyyətlə bağlı təsəvvür yaratmaq üçün İlkin Hüseynlidən götürdüyüm mühəndisliklə fəlsəfənin qısa, bir cümləlik müqayisəsi ilə ifadə etmək istərdim: fəlsəfədəki vəziyyət o qədər acınacaqlıdır ki, əgər mühəndislərimizin də ixtisas bilikləri filosoflarımızınkı ilə eyni səviyyədə olsa idi, onların tikdikləri binaların böyük əksəriyyəti başımıza uçmuş olardı.

Ölkədə fəlsəfənin vəziyyətinin bu cür olmasının bir çox səbəblərini qeyd etmək olar. Əsas səbəb kimi o göstərilə bilər ki, Azərbaycanda fəlsəfə üzrə mütəxəssis və ya filosof hazırlamalı olan təhsil müəssisələrində təhsilin keyfiyyəti çox aşağıdır, onların kadr potensialında ciddi çatışmazlıqlar var – yəni, kvalifikasiyası yetərli olan, tələbə qarşısında auditoriyaya girə biləcək kadrların sayı olduqca azdır və s. Düzdür, bütün bunlar, təəssüf ki, öz yerində. Ancaq mən bu yazıda başqa bir səbəb üzərində dayanmaq istərdim. Mənə elə gəlir ki, fəlsəfənin Azərbaycandakı acı vəziyyəti barədə düşünəndə müşahidə etmək olur ki, problemin kökü daha dərindir. Real görsənməsə də, prinsipcə ola bilər ki, dövlət və ya hər hansı bir xeyriyyəçi bu məsələyə diqqət yetirib ciddi maliyyə vəsaiti ayırsın, Qərbin qabaqcıl universitetlərində təhsil almaq üçün bir neçə tələbəni ora göndərsin və paralel şəkildə bir neçə qabaqcıl filosofu ölkə universitetlərində işləməyə dəvət etsin. Razılaşıram ki, belə olsa idi, çox şeyi dəyişmək olardı. Ancaq məncə daha maraqlı olan sual budur: biz öz hazır intellektual-mədəni resurslarımız[1] hesabına yaxşı (yəni, beynəlxalq diqqət cəlb edə biləcək) fəlsəfi fikirlər və nəzəriyyələr ortaya qoyacaq filosoflar yetişdirə bilərikmi? Açığı bu barədə optimist olmaq çətindir. Mənə elə gəlir ki, dövlət və ya xeyriyyəçilər bu işə xüsusi qayğı göstərsəydi belə, Azərbaycanda fəlsəfənin beynəlxalq səviyyədə tanınacaq qədər inkişafı üçün başqa bir ciddi əngəl vardır.

Yazıda fokuslanacağım əsas məsələ də bu əngəlin təsviri və izahı ilə bağlıdır. Kulturoloji hesab oluna biləcək bu əngəli yığcam şəkildə belə ifadə edərdim:  Azərbaycanda “fəlsəfi” adlanan hazırki yaradıcılıq və fəaliyyəti mümkün edən alt fikirlər fonu və bu fona aid dominant düşüncə tərzi ölkəni yaxşı bir fəlsəfə ölkəsi kimi tanıdacaq nəticələri ortaya qoya bilən fəaliyyəti yetərincə dəstəkləmir.[2] Yaxşı, bəs fəlsəfi yaradıcılığın qeyd etdiyimiz səviyyədə mümkün olması üçün hansı alt fikirlər fonu və düşüncə tərzi vacibdir ki, onu Azərbaycan mədəniyyətində tapmaq çətindir?

Bu suala cavab vermək üçün gəlin birinci alt fikirlər fonu anlayışını nəzərdən keçirək. Alt fikirlər fonu dedikdə, mən fəlsəfi fikrin məzmununun və fəlsəfi düşüncə tərzinin formalaşmasında, fəlsəfənin özü də daxil olmaqla,[3] tarixən müəyyənedici rol oynamış böyük dünyagörüşü sistemini – elm və dini – nəzərdə tuturam.[4] Alt fikirlər fonunun fəlsəfə üçün iki funksiyasını bir-birindən fərqləndirmək lazımdır: məzmun və tərz. Fəlsəfi fikirlər sisteminin ortaya çıxmasında həm elm, həm də dinin tarixən qidalandırıcı mənbə (informasiya) rolunu oynaması bizə onu deməyə əsas verir ki, onların hər ikisi fəlsəfə üçün alt fikirlər fonu olaraq məzmun funksiyası yerinə yetirib. Doğrudan da, əgər biz Qərbdə fəlsəfənin inkişafına nəzər salsaq, onda görərik ki, fəlsəfə yarandığı ilk vaxtlardan xeyli dərəcədə həm dindən, həm də dövrünün elmi dünyagörüşündən qidalanmışdır. Məsələn, Platonun ideyalar nəzəriyyəsi dini köklərə malik olmaqla yanaşı, dövrünün elmi dünyagörüşü ilə də uyğunluq təşkil edirdi. Platon belə hesab edirdi ki, ideyalar səmada Hyperuranion adlanan yerdədir (sonradan astronomiyanın inkişafı hyperuranion adlanan yerin olmasını yanlışladı).

Ümumi olaraq qeyd etsək, din ilə fəlsəfəni yaxın edən odur ki, fəlsəfə onunla bir sıra ortaq sualları bölüşür. Məsələn, “Allah varmı?”, “Dünya əbədidirmi?”, “O, hansısa məqsədə doğru can atırmı?”, “Şeylərin əsasında nə dayanır?”, “İnsan həyatının mənası nədir?”, “Həyatı necə yaşamalıyıq?” kimi suallar fəlsəfə ilə yanaşı dinin də suallarıdır; və tarix boyu bir sıra filosoflar dinin bu suallara verdiyi cavablardan da qidalanmışdır. Hərçənd, dinin bu suallara hazır cavabı olduğu halda, bir filosofun öz düşüncələrinin nəticəsi olaraq, bu suallara nə cavab verəcəyi əvvəlcədən çox zaman bəlli deyil. Digər tərəfdən, yuxarıdakı sualların bir qismi həm də elmə aid olduğuna görə (məsələn, fizikadan bizə məlum olan “Böyük partlayış nəzəriyyəsi” əsasında “Dünya əbədidirmi?” sualına cavab axtarmaq olar), filosoflar elmin bu suallara verdiyi cavabları da izləyirlər.

Həm dinin, həm də elmin alt fikirlər fonu olaraq yalnız məzmun funksiyasını yerinə yetirməsi hələ fəlsəfənin ortaya çıxması və inkişafı üçün kafi deyil. Bunun üçün ağıl əsasında mümkün olan və elmə də aid edilən sistemli-rasional və tənqidi düşüncə tərzinə də ehtiyac vardır. Sistemli-rasional və tənqidi düşüncə tərzi irəli sürülən hər hansı bir fikri, ehkamlar və nüfuz nəzərə alınmadan, diqqətlə, ardıcıl və (ən əsası) onunla əlaqəli digər fikirlərlə uyğunlaşdırılmış və əsaslandırılmış olaraq nəzərdən keçirməkdən ibarətdir.[5] Elm ilə dinin fəlsəfəyə münasibətdə mühüm bir fərqi ondan ibarətdir ki, elm dindən fərqli olaraq fəlsəfə üçün alt fikir fonu olaraq məhz bu tərz funksiyasını da yerinə yetirir. Fəlsəfə dindən fərqli olaraq Quran, Bibliya, Peyğəmbər və s. kimi geniş kütlələr arasında nüfuz sahiblərinə çevrilmiş adlara deyil, elm kimi ağıla və onun mühüm elementi olan sistemli-rasional və tənqidi düşüncə tərzinə əsaslanır. Sistemli-rasional və tənqidi düşüncə tərzi fəlsəfənin ortaya çıxması və inkişafı üçün zəruri bir komponentdir və onun olmadığı şəraitdə fəlsəfənin varlığından danışmaq ən azı şübhəlidir.

Maraqlı məqam bundan ibarətdir ki, din bu və ya digər formada demək olar ki, bütün mədəniyyətlərə[6] yaranışında xas bir xüsusiyyət olsa da, sistemli-rasional və tənqidi düşüncə əsasında elmi və fəlsəfi fəaliyyətin bir mədəniyyət hadisəsi olaraq yaranması və ənənəyə çevrilməsi təqribən e.ə. VII-VI əsrlərdə Qədim Yunanıstandan başlayır və tarixin müxtəlif dövrlərində Avropanın digər ölkələrinə də yayılaraq, Avropa miqyaslı tarixi-mədəni bir fenomenə çevrilir. Bu gün bizim fəlsəfə adlandırdığımz da məhz həmin mədəniyyətin məhsuludur.

Sual oluna bilər ki, bəs Hindistan, Çin və İslam kimi digər geniş coğrafi areala yayılmış və zəngin tarixi olan mədəniyyətlərdə necə, fəlsəfə onlara da aid tarixi-mədəni fenomen deyilmi? Bu suala kiçik həcmli bir yazıda ətraflı cavab vermək çətin olsa da, qısaca olaraq qeyd edim ki, əgər həmin mədəniyyətlərə aid olunan mütəfəkkirlərin fikirlərində sistemli-rasional və tənqidi düşüncə tərzi çatışmırsa, onda “fəlsəfə” (“philosophia”) və “filosof” sözünü onlara şamil etməkdə ehtiyatlı olmalıyıq. Həmin mədəniyyətlərə aid mütəfəkkirlərin bir sıra fikirləri ilk baxışda məzmun olaraq fəlsəfi fikir kimi görsənsə də, onlar sistemli-rasional və tənqidi bir diskursun içində yer almır. Budda, Konfutsi, Mövlanə və başqa öz fikirlərini aforizmlər və ağsaqqal məsləhətinə bənzər sözlərlə ifadə edən fikir adamlarının söylədikləri və yazdıqları çətin ki sistemli-rasional və tənqidi səciyyə daşısın (Əl-Fərabi, İbn Sina, İbn Rüşd kimi bir sıra islam filosofları bu baxımdan istisnadır).

Fəlsəfənin (philosophianın) digər mədəniyyətlərə yayılması sonrakı dövrlərdə, əsasən Avropadan kənar cəmiyyətlərdəki modernizasiya prosesinin bir hissəsi kimi həyata keçməyə başladı. Məsələn, fəlsəfənin nəsə diqqətəlayiq bir şey olduğunu düşünən modern çin alimlərinin bir çoxu fəlsəfi suallara Avropa filosoflarının düşüncə tərzinə uyğun cavab verməyə çalışırdılar. Daha maraqlısı isə odur ki, onlar fəlsəfəni öz mədəniyyətlərinə yad bir fenomen olmadığını düşünərək, qədim Çin mütəffəkkirlərini də “filosof” adlandırmağa başladılar (müqayisə et Defoort 2001, 396.). Halbuki, yuxarıda qeyd edildiyi kimi, qədim dövrlərdə yaşamış çinli mütəffəkkirlərin fikirləri bir çox hallar üçün sistemli-rasional və tənqidi səciyyə daşımadığından onların ortaya qoyduqları philosophia konseptinə tam uyğun gəlmirdi. Belə qənaətə gəlmək olar ki, modern dövrün çinli alimlərinin qədim dövrün Çin mütəffəkkirlərini “filosof” adlandırmaları sadəcə yeni dövrün intellektual dəbinə uyğun seçilmiş bir ad idi.

Gəlin qayıdaq Azərbaycana. Bəs Azərbaycanda necə? Aydındır ki, sistemli-rasional və tənqidi düşüncə əsasında mümkün olan fəlsəfə (philosophia) Azərbaycanın da daxil olduğu geniş tarixi-mədəni arealın məhsulu deyil, qıraqdan gətirilmədir. Tarixdən bildiklərimiz əsasında qeyd edə bilərik ki, Azərbaycanın Avropada meydana çıxmış fəlsəfə ilə tanışlığı tarixin müxtəlif dövrlərində onun əsasən iki fərqli geniş tarixi-mədəni məkana qoşulması vasitəsi ilə baş verdi. İlk dəfə bu, Azərbaycanın İslam mədəniyyətinə qoşulmasından sonraya təsadüf etdi. İslam coğrafiyasına aid mütəffəkkirlərin Qədim Yunan mədəniyyəti ilə əlaqələrinin olması səbəbindəndir ki, başqa mədəniyyətlərin orta əsrlər dövrü ilə müqayisədə İslam mədəniyyətinə aid bir sıra yazılı nümunələrdə sistemli-rasional və tənqidi düşüncənin elementləri özünü göstərirdi. Və bu, orta əsrlərin azərbaycanlı hesab olunan bir sıra mütəfəkkirlərinin (məsələn, Bəhmənyar və Sührəvərdinin) düşüncə tərzinə də təsirsiz ötüşmürdü. Ancaq, təəssüf ki, fəlsəfi düşüncə tərzi orta əsrlərin azərbaycanlı hesab olunan mütəffəkkirləri arasında kifayət qədər yayıla bilmədi; əvəzində isə poetik və dini düşüncə tərzi dominantlığını saxladı.

Azərbaycanın philosophia (eləcə də bu dəfə artıq həm də modern elmlərlə) yeni tanışlıq imkanı XIX-XX əsrlərdə əvvəlcə onun Çar Rusiyası, daha sonra isə SSRİ-nin tərkibinə qoşulması ilə yarandı. Xüsusilə XX əsrdə SSRİ-nin modernizasiya proqramlarına uyğun təhsil və elm müəssələrinin yaradılması və elmi fəaliyyətə daha çox insanın cəlb olunması fonunda gözləmək olardı ki, Azərbaycanda fəlsəfənin inkişafında da xüsusi nailləyətlər əldə olunsun. Hərçənd, SSRİ-nin özündə fəlsəfə başda olmaqla humanitar elmlərə münasibət fərqli, əsasən ideoloji olduğundan bu, humanitar elmlərin digər elmlərlə müqayisədə inkişafdan geri qalması ilə nəticələndi. SSRİ dövründə elmi fəaliyyətdə çox ciddi nailiyyətlər əldə edildi, lakin fəlsəfə sahəsində ciddi axsamalar oldu. Və bu, ittifaq ölkələrindəki humanitar elmlərin, o cümlədən Azərbaycanda fəlsəfənin vəziyyətinə də təsirsiz ötüşmədi.

SSRİ-dən sonrakı dövrdə isə bu çatışmazlıqlar nəinki öz həllini tapıb, hətta daha da irəliləyib. Düzdür, indi müşahidə etmək olur ki, ölkənin təhsil və elm müəssisələrində xeyli sayda fəlsəfə ilə məşğul olurmuş kimi görünən insanlar var. Ancaq, təəssüf ki, onların çox böyük əksəriyyətinin fəlsəfə ilə bağlı ortaya qoyduqları işin kefiyyəti (istər təhsil fəaliyyəti olsun, istərsə də araşdırma fəaliyyəti) çox aşağıdır. Bunun əsas mədəni səbəbi isə, yuxarıda qeyd edildiyi kimi, odur ki, fəlsəfə Azərbaycana qıraqdan gətirilmə məhsul olmaqla bərabər, bu məhsulun nə olduğunu doğru-dürüst anlamaq və onu inkişaf etdirmək üçün alt fikirlər fonu münasib deyil.

Gəlin məsələni daha yaxından anlamaq üçün belə bir sual qoyaq. Azərbaycanda alt fikirlər fonunun – yəni, irs olaraq əvvəlki dövrlərin fəlsəfəsinin, elm və dinin – çağdaş dövrdə fəlsəfi fəaliyyətə təsiri hansı yerdədir? Birinci gəlin fəlsəfənin özünü fəlsəfə üçün alt fikir fonu kimi götürək. Fərziyyə bundan ibarətdir ki, əgər müasir fəlsəfi ənənə yaranmayıbsa, fəlsəfənin inkişafına Azərbaycan mədəniyyətinə aid olduğu iddia edilən filosofların irsindən istifadə etməklə də qismən nail olmaq olardı. Hərçənd, bu istiqamətdə də keyfiyyətli iş ortada yoxdur. Müasir azərbaycanlı filosofların əksəriyyəti Bəhmənyar, Sührəvərdi və başqa tanınmış filosofların adlarını çəkərək ara-sıra Azərbaycanda fəlsəfi irsinin zənginliyindən danışsalar da, real olan budur ki, onlar öz yazıları və düşüncə tərzləri ilə, qeyri-aşkar formada olsa da, göstərmiş olurlar ki, bu fəlsəfə də onlar üçün heç də irs deyil; zaman, dil və dünyagörüşü baryerləri səbəbindən bu filosoflar ilə onlar arasında heç də sələf-xələf münasibətləri yoxdur. Belə məşhur filosofların adları isə müasir azərbaycanlı filosoflara sadəcə muzeyə eksponat lazım olan kimi lazımdır.

Azərbaycanda elmin də alt fikir fonu kimi fəlsəfənin inkişafına verəcəyi töhvə sual altındadır. Bunun əsas səbəbi ölkədə bütövlükdə elmin inkişaf səviyyəsinin ürəkaçan olmaması ilə yanaşı, fəlsəfə ilə məşğul olanların öz fikirlərini, hansı halda ki bu mümkündür, müfaviq elmi biliklər ilə uyğunlaşdırmaması, bəzi hallarda isə elmi biliklərin dəyərini öz səfsətəli fikirləri ilə müqayisədə az dəyərli hesab etmələridir. Əksər azərbaycanlı filosofların elmin fəlsəfə üçün alt fikir fonu kimi oynaya biləcəyi rolu nəzərə almaması, onları təkcə elmi biliklərin bir filosofa verə biləcəyi dünyagörüşündən məhrum etmir, eyni zamanda sistemli-rasional düşüncə tərzini, qismən də olsa, elmdən əxz etməsinə də mane olur. Təbii, mən burada iddia etmək istəməzdim ki, elmdə alimlərin istifadə etdiyi sistemli-rasional düşüncə tərzinin metodları fəlsəfi metodlarla eynidir. Sadəcə, ümumi düşüncə tərzi olaraq müqayisə etdikdə məlumdur ki, fəlsəfə bu baxımdan daha çox elmə yaxındır, nəinki digər, fəlsəfə üçün tarixən alt fikir fonu rolunu oynamış dinə.

Burada, yuxarıda qeyd etdiyim məsələni – sistemli-rasional və tənqidi düşüncəni – bir daha tərz olaraq vurğulamaq yerinə düşərdi. Məsələ burasındadır ki, elm ilə fəlsəfənin verdiyi biliklərin məzmununun bir-biri ilə uyğun olub-olmaması məsələsini kənara qoysaq belə, onların yaxınlığı həm də hər ikisinin sistemli-rasional və tənqidi düşüncə tərzini önə çəkmələri ilə ölçülə bilər. Və buradan həm də o çıxır ki, elm fəlsəfə üçün alt fikirlər fonu kimi tək informativ məzmun rolunu deyil, həm də bir düşüncə tərzini formada saxlamaq baxımından da fon rolunu oynaya bilər. Ancaq təəssüf ki, Azərbaycanda fəlsəfə ilə məşğul olanların böyük əksəriyyəti üçün elm nə müvafiq fəlsəfi fikirlər üçün qidalandırıcı mənbə, nə də düşüncə tərzindəki yaxınlıq baxımından əhəmiyyətli görsənmir.

Azərbaycanda elmin alt fikirlər fonu kimi fəlsəfə üçün oynaya biləcəyi rolun zəif olmasının bir nəticəsi odur ki, fəlsəfə üçün digər, tarixən alt fikirlər fonu rolunu oynamış dinin bu sahədəki payı artmış olur. (Burada tarixən sözünü ona görə istifadə edirəm ki, müasir dövrdə dinin fəlsəfədə alt fikir fonu kimi rolu əhəmiyyətli dərəcədə azalıb.) İddia etmək istəməzdim ki, Azərbaycanda fəlsəfə ilə məşğul olanların əksəriyyəti dindar həyatı keçirirlər. Sadəcə qeyd etmək istədiyim odur ki, onların dünyagörüşləri, aşkar olmasa da, bir sıra hallarda dini səciyyəlidir (məsələn, Allahın mövcudluğuna dini motivlərdən inanırlar, çoxları Quranı oxumadan olsa da belə orada yazılanları doğru hesab edirlər, dinin bir sıra məsələlərin həllində cəmiyyətə kömək olacağına düşünürlər və s.). Hərçənd, dini dünyagörüşü üçün sistemli-rasional düşüncə tərzi zəruri səciyyə daşımadığından, təbii ki, o, elmin fəlsəfə üçün oynaya biləcəyi qədər alt fikir fonu rolunu oynaya bilməz. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, dini fikirlərin bir çoxu müasir elmi fikirlərlə üst-üstə düşmədiyindən, elmi bilikləri nəzərə almadan fəlsəfənin dayağını dinə söykəmək onu həyatımızda oynaya biləcəyi bir sıra mühüm funksiyalardan məhrum etməyə bərabər olardı.

Maraqlıdır ki, əksər Azərbaycanlı filosofların ümumi düşüncə tərzinin bir çox xüsusiyyətlərinə görə daha çox din insanının düşüncə tərzinə uyğun olması – yəni, bir çox məsələlərə münasibətdə qeyri-rasionallığı, sistemli və tənqidi düşüncə praktikasının olduqca zəifliyi – onların dünyagörüşünün həm də eklektik formalaşmasına təsir göstərir. Onlar seçici olaraq bəyəndikləri və çox zaman müxtəlif dünyagörüşü və nəzəriyyələrə aid fikirlərin hamısını, onların bir-biri ilə uyğun gəlib-gəlmədiyini düşünmədən, həqiqi hesab edə bilərlər. Məsələn, mümkündür ki, kifayət qədər mütaliəli bir azərbaycanlı filosofa rast gələsiniz ki, o, elm və fəlsəfədən sizə uzun-uzadı nələrisə danışsın. Hərçənd, eyni zamanda siz ehtimal edə bilərsiniz ki, həmin adam yolda qara pişik görəndə sürətini birdən-birə iki dəfə artırıracaq ki, pişik onun qabağından keçməsin – işləri birdən çəp gələr. Çünki ehtimal ki, onun dünya ilə bağlı təsəvvürlərində həm elm və fəlsəfədən qopuq şəkildə nələrsə, həm də din, mövhumat və mistikadan müəyyən inanclar eklektikcəsinə birləşib. Və o, bəlkə də heç zaman “mən “yoldan qara pişik keçəndə işlər düz gətirmir” fikirinə nəyə görə inanıram?”, “Bu, mənim elm və fəlsəfədən öyrəndiklərimlə nə dərəcədə uyğunluq təşkil edir?” kimi sadə sualları özünə verməyib.

Yuxarıda fəlsəfə üçün alt fikirlər fonu haqqında bəhs edəndə fəlsəfənin özündən əlavə elm və dinin rolunu qeyd etdik. Alt fikirlər fonu anlayışını Azərbaycandakı fəlsəfəyə tətbiq etdikdə məlum oldu ki, Azərbaycanda fəlsəfə üçün bu rolu elmdən çox din oynamaqdadır. Hərçənd, Azərbaycan mədəniyyətində fəlsəfənin başa düşülməsi ilə bağlı başqa bir mühüm aspekt də vardır – bu, ədəbiyyat ilə bağlıdır. Mən düşünmürəm ki, özü-özlüyündə ədəbiyyatı fəlsəfə üçün alt fikir fonu kimi nəzərdən keçirmək doğru olardı. Ancaq Azərbaycanda fəlsəfənin vəziyyətinə nəzər saldıqda müşahidə olunacaq mühüm məqamlardan biri də odur ki, burada fəlsəfi ümumilik səviyyəsinə malik suallara cavab axtarışı dini düşüncə tərzi ilə yanaşı ədəbi-poetik düşüncə ilə də xeyli yaxınlıq təşkil edir. Fəlsəfə adı altında yazılan bir sıra əsərlərdə metaforalar və digər bədii vasitələrdən xüsusilə istifadə etməklə, azərbaycanlı müəlliflər sanki ağıla deyil, oxucunun emosiyalarına təsir etmək istəyirlər. Onlar fəlsəfi məsələlərə yetərli qədər intellektual ciddiyyətlə yanaşmır və bir sıra hallarda isə yazdıqları mövzularla bağlı kafi hazırlıqları olmadığından, bu boşluğu bədii vasitələrlə (bəzən şeir parçası ilə) və yaxşı inşa yazmağı bacaran orta məktəb ədəbiyyat müəllimlərinin üslubuna uyğun fəndlərlə doldurmağa çalışırlar. Bu vasitə və fəndlər təcrübəsi az olan fəlsəfə oxucuları qarşısında onların qeyri-peşəkarlığını qismən gizlədir, bəzən isə onların yazdıqlarına belə oxucuların gözündə aldadıcı fərqlilik görüntüsü qazandırır. Azərbaycanlı fəlsəfə müəllifləri arasında bu cür hallara tez-tez rast gəlinməsi onu deməyə əsas verir ki, ciddi fəlsəfi ənənənin olmazlığı boşluğunu burada qismən də ədəbiyyatdan əxz edilən düşüncə vasitələri doldurur və bununla, Azərbaycanda ədəbiyyat sanki fəlsəfə üçün alt fon və ya, sadə desək, zəmin rolunu oynayacaq iddiadadır.

Sonda onu qeyd edim ki, bütün bunları nəzərə almaq ölkədə fəlsəfənin inkişafdan qalmasını anlamaq baxımından olduqca mühümdür. Çağdaş dövrdə Azərbaycanda philosophia konseptinə uyğun gələ biləcək fəlsəfi ənənənə yaradılmayıb. Azərbaycanlı filosoflar arasında dominant düşüncə tərzinin yuxarıda təsvir edildiyi kimi olması isə bu mədəniyyətdən (yəni, Azərbaycanda təhsil almış və onun mədəni irsindən bəhrələnmiş insanlar arasından) yaxşı fəlsəfənin ortaya çıxacağını şübhə altına alır. Çünki elmlə müqayisədə daha çox din və ədəbiyyatdan bəhrələnən düşüncə tərzi bir sıra hallarda emosiyalara təsir etməklə yanaşı, fəlsəfi fəaliyyət üçün zəruri sayılan sistemli-rasional düşüncə tərzinə də mənfi təsir göstərir və bəzən məsələlərə tənqidi yanaşmanın qarşısını əngəlləyir. Dini və ədəbi düşüncə tərzinin elementlərini, yeri gəldi-gəlmədi, asanlıqla fəlsəfəyə qatmağa çalışan, sistemli-rasional və tənqidi düşüncə tərzini özünə uzaq tutan mədəniyyətdə isə fəlsəfənin inkişafından danışmaq şübhəlidir.

İstifadə olunmuş ədəbiyyat:

Defoort, C. (2001). Is there such a thing as Chinese philosophy? Arguments of an implicit debate. Philosophy East and West, 393-413.

Russell, B. (2013). History of western philosophy: Collectors edition. Routledge.

 

[1] İntellektual-mədəni resurslar dedikdə burada əsasən din, ədəbiyyat, elm, həmçinin fəlsəfənin aid edilə biləcəyi geniş təsəvvürlər sistemi və onlara bağlı sosial institutları nəzərdə tuturam.

[2] Məncə, bu, təkcə Azərbaycana deyil, bir çox digər oxşar mədəniyyətlərin olduğu ölkələrə də aid edilə biləcək bir fikirdir. Ancaq məqalənin sərhədlərini aşacağı səbəbindən bu məsələni kənara qoyuram.

[3] Təbii ki, fəlsəfə özü də sonrakı dövrün fəlsəfəsi üçün alt fikir fonu rolunu oynayır. Məsələn, bir filosofun digər bir filosofun fikirlərinə təsir göstərməsi buna nümunədir. Ancaq mən məsələnin bu aspektinə az diqqət ayıracam, çünki Azərbaycanda fəlsəfi ənənənin yoxluğu bu aspekti məqalə üçün irrelevant edir.

[4] Oxşar yanaşmanı B. Russell (Rassell)-in Qərb fəlsəfəsi tarixinə həsr etdiyi əsərdə tapmaq mümkündür.  Russell fəlsəfəni iki amilin məhsulu hesab edirdi: elm və dinin (bax Russell 2013, 1).

[5] Sistemli-rasional və tənqidi düşüncə tərzinin nə olduğunu növbəti yazıların birində daha ətraflı açmağa çalışacam. Mətndə yer azlığı səbəbindən burada onu yalnız qısa şəkildə ifadə etməyə çalışmışam.

[6] Burada mədəniyyət dedikdə, müxtəlif sosial qrupların düşüncə və fəaliyyətini böyük ölçüdə müəyyən edən əsasən din, adət-ənənə, ədəbiyyat, elm, incəsənət, həmçinin fəlsəfənin aid edilə biləcəyi geniş təsəvvürlər sistemini nəzərdə tuturam.