fbpx

TRANSLATION

TRANSLATION

Tanışlıq biliyi və təsviri bilik

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. Tərcüməmizin beşinci hissəsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

Əvvəlki fəsildə iki növ biliyin olduğunu gördük: şeylər haqqında bilik və doğrular haqqında bilik. Bu fəsildə biz istisna olaraq şeylər haqqında biliklə maraqlanacağıq və öz növbəsində, onun iki növünü fərqləndirməli olacağıq. Şeylər haqqında bilik tanışlıq biliyi adlandırdığımız növdəndirsə, istənilən doğrular haqqında bilikdən mahiyyətcə sadədir və ondan məntiqi olaraq asılı deyil; baxmayaraq ki şeylər haqqında bəzi doğruları bilmədən insanların eyni zamanda onlarla tanışlığının olmasını güman etmək tələskənlik olardı. Şeylər haqqında təsviri bilik isə, əksinə, bu fəslin gedişində görəcəyimiz kimi, öz mənbəyi və əsası kimi həmişə müəyyən qədər doğrular haqqında biliyi ehtiva edir. Ancaq hər şeydən əvvəl “tanışlıq” və “təsvir” dedikdə nəyi nəzərdə tutduğumuzu aydın etməliyik.

Biz o zaman tanışlıqdan bəhs edəcəyik ki, şeyin birbaşa, hansısa əqli nəticə və ya doğrular haqqında bilik prosesinin vasitəçiliyi olmadan fərqində olaq. Belə ki, stolum qarşımda olduqda mən onun təzahürünü təşkil edən hissi verilənlərlə – rəngi, forması, bərkliyi, hamarlılığı və s. – tanışam; bütün bunlar stolu gördükdə və ya ona toxunduqda birbaşa fərqində olduğum nəsnələrdir. Gördüyüm rəngin xüsusi tonu onun haqqında çox şeyi deyə bilər – mən deyə bilərəm ki, o, qəhvəyidir, xeyli tünddür və s. Bununla belə, belə cümlələrin mənə rəng haqqında doğruları bilməyə imkan yaratmasına baxmayaraq, rəngin özünü əvvəl bildiyimin qədərindən daha yaxşı bilməyə imkan yaratmır: söhbət rəngin doğruları haqqında bilikdən deyil, onun özü haqqında bilikdən gedirsə, mən rəngi gördükdə onu mükəmməl və tam olaraq bilirəm və onun özü haqqında artıq bilik nəzəri baxımdan mümkün də deyil. Beləliklə, stolumun təzahürünü təşkil edən hissi verilənlər tanışlığım olan, mənə məhz olduğu kimi, birbaşa olaraq bilinən şeylərdir.

Fiziki obyekt olaraq stol haqqındakı biliyim isə, əksinə, birbaşa bilik deyil. Bu biliyi mən stolun təzahürünü təşkil edən hissi verilənlərlə tanışlığım vasitəsilə əldə edirəm. Biz gördük ki, absurda varmadan stolun, ümumiyyətlə, olub-olmadığına şübhə etmək mümkündür, ancaq hissi verilənlərə şübhə etmək mümkün deyil. Stol haqqındakı biliyim “təsviri bilik” adlandıracağımız növdəndir. Stol “bu və bu hissi verilənlərə səbəb olan fiziki obyekt”dir. Bu ifadə stolu hissi verilənlər vasitəsilə təsvir edir. Stol haqqında, ümumiyyətlə, nəsə bilmək üçün biz onu tanış olduğumuz şeylərlə əlaqələndirən doğruları bilməliyik: biz bilməliyik ki, “fiziki obyekt filan hissi verilənlərə səbəb olur”. Birbaşa olaraq stolun fərqində olan zehni vəziyyətimiz yoxdur; stol haqqındakı biliklərimizin hamısı əslində doğrular haqqında bilikdir və stol olan aktual şey, sözün ciddi mənasında, bizə, ümumiyyətlə, bilinmir. Biz təsviri bilirik və bilirik ki, bu təsvirin tətbiq olunduğu yalnız bir obyekt var, baxmayaraq ki, obyekt özü bizə birbaşa bilinmir. Bu halda deyirik ki, obyekt haqqındakı biliyimiz təsviri bilikdir.

Bizim bütün- həm şeylər, həm də doğrular haqqındakı biliklərimiz fundament kimi tanışlığa əsaslanır. Ona görə hansı növ şeylərlə tanışlığımızın olduğunu nəzərdən keçirmək mühümdür.

Artıq gördüyümüz kimi, hissi verilənlər tanış olduğumuz şeylərin arasındadır; əslində, onlar tanışlıq biliyə ən aşkar və heyrətləndirici nümunədir. Ancaq onlar yeganə nümunə olsaydı, biliklərimiz indi olduğundan daha çox məhdud olardı. Biz yalnız indi hisslərimizə nəyin təqdim olunduğunu bilirik: keçmiş haqqında, hətta onun olduğu haqqında nəsə bilə bilmərik; həmçinin hissi verilənlərimiz haqqında doğruları da bilə bilmərik, çünki, aşağıda göstərəcəyimiz kimi, doğrular haqqında bütün biliklər mahiyyətcə hissi verilənlərdən fərqli olan, bəzən “abstrakt ideyalar” adlandırılan, ancaq bizim “universalilər” adlandıracağımız şeylərlə tanışlığı tələb edir. Ona görə biliklərimizin adekvat analizini həyata keçirmək üçün biz hissi verilənlərdən əlavə başqa şeylərlə də tanışlığı nəzərdən keçirməliyik.

Bu baxımdan, hissi veriləndən əlavə nəzərdən keçirilməli olan yaddaş tanışlığıdır. Aydındır ki, biz tez-tez gördüklərimizi, eşitdiklərimizi və ya hansısa başqa şəkildə hisslərimizə təqdim olunanları xatırlayırıq və belə hallarda hələ də xatırladığımız şeyin birbaşa fərqində oluruq, baxmayaraq ki o, indi kimi deyil, keçmiş kimi təzahür olur. Birbaşa yaddaş biliyi keçmişlə bağlı bütün biliklərimizin mənbəyidir; o olmadan keçmiş haqqında əqli nəticə biliyi ola bilməz, çünki nəticə çıxarılası hansısa keçmişin olduğunu bilmərik.

Növbəti nəzərdən keçirilməli olan introspeksiya tanışlığıdır. Biz yalnız şeylərin deyil, tez-tez onların fərqində olmağın da fərqində oluruq. Günəşi gördükdə mən tez-tez Günəşi gördüyümün də fərqində oluram; demək, Günəşi görməyim tanışlığa malik olduğum bir obyektdir. Yemək yemək istədikdə, yemək yemək istəməyimin fərqində ola bilərəm; demək, yemək istəyim tanış olduğum bir obyektdir. Oxşar şəkildə, biz həzz və ağrı hisslərimizin, ümumilikdə desək, zehnimizdə yer alan hadisələrin fərqində ola bilərik. “Özünübilmə şüuru” adlana biləcək bu növ tanışlıq zehni şeylər haqqında bütün biliklərimizin mənbəyidir. Aydındır ki, yalnız zehnimizdə baş verənləri belə birbaşa bilə bilərik. Başqalarının zehinlərində baş verənlər onların bədənlərini qavramaq vasitəsilə, yəni bədənləri ilə assosiasiya etdiyimiz hissi verilənlər vasitəsilə bizə bilinir. Lakin öz zehinlərimizin məzmunu ilə tanış olmadan digərilərinin zehinlərini təsəvvür edə və onların zehinlərinin olduğunu heç zaman bilə bilməzdik. Özünübilmə şüurunun insanları heyvanlardan fərqləndirən şeylərdən biri olduğunu güman etmək təbii görünür; güman edə bilərik ki, heyvanların hissi verilənlərlə tanışlığı olmalarına baxmayaraq, heç zaman bu tanışlığın fərqində olmurlar. Mən onu nəzərdə tutmuram ki, onlar öz mövcudluqlarına şübhələnirlər; nəzərdə tutduğum budur ki, heyvanlar heç zaman onların duyğuları və hisslərinin olduğunun və bu səbəbdən, bu duyğuların və hisslərin subyektləri olaraq, öz mövcudluqlarının fərqində deyillər.

Biz zehinlərimizin məzmunu ilə tanışlıqdan onu özünübilmə şüuru adlandıraraq bəhs etdik, ancaq o, əlbəttə, “Mən”imiz haqqında şüur deyil: o, ayrı-ayrı fikirlər və hisslər haqqında şüurdur. Ayrıca fikirlərdən və hisslərdən fərqli olaraq, xalis “Mən”imizlə tanış olub-olmamağımızla bağlı sual çox çətin bir sualdır və ona müsbət cavab vermək tələskənlik olardı. Görünən odur ki, özümüz üzərində düşündükdə, biz hansısa ayrıca bir fikir və ya hisslə rastlaşırıq, bu fikrə və ya hissə malik “Mən”in özü ilə rastlaşmırıq. Bununla belə, “Mən”imizlə tanış olmağımızı düşünmək üçün bir neçə əsas var; baxmayaraq ki tanışlığı başqa şeylərdən ayırd etmək çətindir. Bu əsasın nə cür olduğunu aydınlaşdırmaq üçün gəlin bir anlıq ayrı-ayrı fikirlərlə tanışlığın əslində nəyi ehtiva etdiyini nəzərdən keçirək.

Günəşi görməyimlə tanış olduqda aydın görünür ki, bir-biri ilə əlaqədə olan iki müxtəlif şeylə tanış oluram – bir tərəfdən Günəşi mənə əks etdirən hissi verilən, digər tərəfdən bu hissi veriləni görənlə. Günəşi əks etdirən hissi verilən kimi mənim bütün tanışlıqlarım aşkarca tanış olan şəxslə onun tanış olduğu obyekt arasındakı əlaqə olaraq görünür. Əgər tanışlıq halının özü ilə (Günəşi əks etdirən hissi verilənlə tanışlığımla tanış olmağım kimi) tanış ola bilirəmsə, onda aydındır ki, tanış olduğum şəxs mənim özüməm. Beləliklə, Günəşi görməyimlə tanış olduqda tanış olduğum tam nəsnə “hissi verilənlə tanış olan Mən”-dir.

Bundan əlavə, biz “hissi verilənlə tanışam” doğrusunu bilirik. “Mən” adlandırdığımız nəsnə ilə tanış olmayınca, bunu necə bilə bildiyimizi görmək, hətta onunla nə nəzərdə tutulduğunu başa düşmək çətindir. Zəruri görünmür ki, dünənki ilə eyni, az və ya çox dərəcədə eyni şəxslə tanış olmağımızı güman edək. Bununla belə, adama elə gəlir ki, təbiəti necə olursa-olsun, biz Günəşi görən və hissi verilənlərlə tanışlığı olan həmin şeylə tanış olmalıyıq. Beləliklə, görünür, ayrı-ayrı yaşantılarımızdan əlavə biz müəyyən mənada öz “Mən”imizlə tanış olmalıyıq. Ancaq bu sual çətindir və hər iki tərəf mürəkkəb arqumentlər irəli sürə bilər. Deməli, “Mən”imizlə tanışlığımızın yəqin görünməsinə baxmayaraq, onun şübhəsiz olduğunu iddia etmək qeyri-ciddi olar.

Mövcud olan şeylərlə tanışlıqla bağlı dediklərimizi aşağıdakı şəkildə ümumiləşdirə bilərik. Bizim duyğuda xarici hisslərin, introspeksiyada isə daxili hisslər adlandıra biləcəyimizin – fikirlərin, hisslərin, arzuların və s. – verilənləri ilə tanışlığımız var; yaddaşda isə biz ya xarici, ya da daxili hisslərin verilənləri olmuş şeylərlə tanışlığa malik oluruq. Bundan əlavə, qəti olmasa da, yəqindir ki, şeylərin fərqində olan və ya şey haqqında arzulara malik “Mən”imizlə də tanışlığımız var.

Mövcud olan ayrı-ayrı şeylərlə tanışlığımızdan əlavə universalilər adlandıracağımız nəsnələrlə – yəni ağlıq, müxtəliflik, qardaşlıq və s. kimi ümumi ideyalarla da tanışlığa malikik. Hər bir tam cümlə universali bildirən ən azı bir söz ehtiva etməlidir, çünki bütün feillərin universali olan mənaları var. Biz universalilərə daha sonra, Fəsil 9-da qayıdacağıq; ancaq indilik “tanış ola biləcəyimiz hər bir nəsnə tək və mövcud olan nəsnə olmalıdır” gümanına qarşı müdafiə olunmaq zəruridir. Universalilərin fərqində olmaq anlama, fərqində olduğumuz universali isə anlayış adlandırılır.

Biz görəcəyik ki, nə fiziki obyektlər (hissi verilənlərdən fərqli olaraq), nə də başqa insanların zehinləri tanış olduğumuz obyektlər arasında deyil. Bu şeylər bizə “təsviri bilik” adlandırdığımız nəsnə vasitəsilə məlumdur – ki, onu da indi nəzərdən keçirməliyik.

“Təsvir” dedikdə mən qeyri-müəyyənlik və ya müəyyənlik artiklı ilə işlənən, “filan-filan” (‘a so-and-so’ or ‘the so-and-so’) formasında olan istənilən ifadəni nəzərdə tuturam. Qeyri-müəyyənlik artiklı ilə işlənən “filan-filan” formasında olan ifadəni “qeyri-müəyyən”, müəyyənlik artiklı ilə (təkdə) işlənəni “müəyyən” təsvir adlandıracam. Belə ki, “bir insan” (“a man”) qeyri-müəyyən təsvirdir, “dəmir maskadakı insan” (“the man with the iron mask”) müəyyən təsvirdir. Qeyri-müəyyən təsvirlərlə əlaqəli müxtəlif problemlər var, ancaq mən onlardan yan keçəcəyəm, çünki onların müzakirə etdiyimiz məsələyə birbaşa aidiyyatı yoxdur. Müzakirə etdiyimiz məsələ tanışlığımızın olmamasına baxmayaraq, müəyyən təsvirə cavab verən obyektin olduğunu bildiyimiz hallarda obyektlər haqqındakı biliyimizin təbiəti haqqındadır. Bu məsələ istisna olaraq müəyyən təsvirlərlə bağlıdır. Ona görə bundan sonra “müəyyən təsvir” nəzərdə tutduqda sadəcə “təsvir” ifadəsi işlədəcəm. Belə ki, “təsvir” dedikdə müəyyənlik artiklı ilə təkdə olan “filan-filan” formalı istənilən ifadə nəzərdə tutulacaq.

Biz deyəcəyik ki, obyekt təsvir vasitəsilə o zaman bilinir ki, biz onun “filan-filan” cür olduğunu bilirik – yəni o zaman ki, biz müəyyən xüsusiyyətə malik, artıq deyil, bir obyektin olduğunu bilirik; və ümumilikdə belə nəticə çıxarılacaq ki, eyni obyekt haqqında tanışlıq biliyinə malik deyilik. Biz bilirik ki, dəmir maskalı insan mövcud olub və onun haqqında bir sıra propozisiyalar bilinir; ancaq biz onun kim olduğunu bilmirik. Biz bilirik ki, daha çox səs qazanan namizəd qalib gələcək və bu halda, çox güman ki, namizəd olan, səslərin çoxunu əldə edəcək şəxslə əslində, biz həm də tanışıq (yalnız o mənada ki, birisi başqası ilə tanış ola bilər); ancaq biz bilmirik ki, o, namizədlərdən hansıdır; yəni biz “A səslərin çoxunu alacaq namizəddir” formasında olan heç bir propozisiyanı bilmirik (A burada adı ilə qeyd olunan namizəddir). Biz deyəcəyik ki, filan-filan şəklində “sadəcə təsviri biliyə” sahibik, o zaman ki, filan-filan şeyin mövcud olduğunu bilməyimizə və həqiqətən filan-filan cür olan həmin obyektlə tanışlığımızın mümkün olmasına baxmayaraq, biz “a filan-filan cürdür” kimi heç bir propozisiya bilmirik (a burada tanış olduğumuz nəsnədir).

Biz “filan-filan şey (müəyyənlik artiklı ilə) mövcuddur” deyəndə, yalnız bir filan-filan cür olan obyektin olduğunu nəzərdə tuturuq. “A filan-filan (müəyyənlik artiklı ilə) cürdür” propozisiyası o deməkdir ki, yalnız a, başqa heç nə, filan-filan xüsusiyyətə malikdir. “Cənab A bu dairədən sosialist namizəddir (müəyyənlik artiklı ilə)” cümləsi “Cənab A, başqa heç kim, bu dairədən sosialist namizəddir (qeyri-müəyyənlik artiklı ilə)” mənasına gəlir. “Bu dairədən sosialist namizəd (müəyyənlik artiklı ilə) mövcuddur” cümləsi “Birisi, başqa heç kim, bu dairədən sosialist namizəddir (qeyri-müəyyənlik artiklı ilə)” mənasına gəlir. Beləliklə, biz filan-filan cür obyektlə tanış olduqda bilirik ki, filan-filan obyekt mövcuddur; bununla belə, biz filan-filan cür olduğunu bildiyimiz hər hansı obyektlə tanış olmadıqda və hətta əslində filan-filan cür olan heç bir obyektlə tanış olmadıqda belə bilə bilərik ki, filan-filan obyekt mövcuddur.

Ümumi sözlər, hətta xüsusi adlar, əslində, adətən təsvirdir. Yəni xüsusi ad istifadə edən insanın zehnindəki fikir ümumilikdə yalnız xüsusi adı təsvirlə əvəz etməklə düzgün və aşkar olaraq ifadə oluna bilər. Bundan əlavə, fikri ifadə etməli olan təsvir insandan insana görə və ya eyni insan üçün müxtəlif zamanlara görə dəyişir. Sabit qalan yeganə şey (nə qədər ki ad düzgün istifadə edilir) adın tətbiq olunduğu obyekt olacaq. Ancaq nə qədər ki bu obyekt sabit qalır, istifadə edilən təsvirin adın iştirak etdiyi propozisiyanın doğruluğu və ya yanlışlığına adətən dəxli olmur.

Gəlin bəzi misallara müraciət edək. Təsəvvür edin ki, Bismark haqqında fikir söyləyirik. Güman etsək ki, birinin özü ilə birbaşa tanışlığı deyilən bir şey var, Bismark özü öz adını tanış olduğu şəxsi birbaşa bildirmək üçün istifadə edə bilərdi. Bu halda o, özü haqqında düşünsəydi, özü düşüncənin tərkib hissəsi olardı. Belə olduqda xüsusi ad, həmişə arzuladığımız kimi, obyektin təsvirini deyil, sadəcə onu bildirərək, birbaşa olaraq istifadə edilir. Ancaq əgər Bismarkı görmüş insan onun haqqında fikirləşibsə, bu hal fərqlidir. Bu insanın tanış olduğu, (güman edək ki, düzgün olaraq) Bismarkın bədəni ilə əlaqələndirdiyi müəyyən hissi verilənləri olub. Onun bədəni fiziki obyekt kimi və əlavə olaraq zehni yalnız həmin hissi verilənlərlə əlaqəli bədən və zehin olaraq bilinib. Yəni onlar təsvir vasitəsilə bilinib. Əlbəttə, dostu Bismark haqqında düşünəndə onun hansı təzahürlərinin ağlına gələcəyi daha çox bir şans məsələsidir; belə ki, dostun zehnindəki aktual təsvir təsadüfidir. Mühüm məqam budur ki, o, sözügedən nəsnə ilə tanış olmamasına baxmayaraq, müxtəlif təsvirlərin eyni nəsnəyə tətbiq olunduğunu bilir.

Bismarkı görməyən bizlər onun haqqında fikirləşdikdə zehinlərimizdəki təsvir az və ya çox dərəcədə qeyri-dəqiq – əksərən onu müəyyən etmək üçün lazım olduğundan daha çox – tarixi biliklərin məcmusu olacaq. Ancaq misal xatirinə gəlin güman edək ki, biz onu “Alman imperiyasının ilk kansleri” olaraq düşünürük. “Alman” sözündən başqa burada bütün sözlər abstraktdır. “Alman” sözünün də müxtəlif insanlar üçün müxtəlif mənaları olacaq. Bu sözlə bəziləri Almaniyaya səyahətlərini, bəziləri Almaniyanın xəritə görünüşünü və s. xatırlayacaq. Ancaq əgər biz tətbiq olunmalı olduğunu istədiyimiz təsviri əldə etmək istəyiriksə, onda nə vaxtsa tanış olduğumuz tək nəsnə üzərinə göndərməyə gəlib çıxacağıq. Belə göndərmə[1] (dəqiq tarixlərdən fərqli olaraq) keçmiş, indi və gələcək, bura və ya ora, həmçinin digərlərinin bizə dedikləri haqqındakı istənilən xatırlatmada yer alır. Belə görünür ki, müəyyən bir təkə tətbiq olunası təsvir bu və ya digər şəkildə tanış olduğumuz bir tək nəsnəyə göndərməni ehtiva etməlidir, əgər təsvir olunan şey haqqındakı biliyimiz yalnız təsvirdən məntiqi olaraq çıxan deyilsə. Məsələn, “ən uzun ömürlü insan” yalnız universalilər ehtiva edən təsvirdir və bəzi insanlara tətbiq oluna bilər, ancaq biz təsvirin bu insanla bağlı təqdim etdiyindən başqa bilik olan fikir irəli sürə bilmərik. Lakin biz desək ki, “Alman imperiyasının birinci kansleri ağıllı diplomat idi”, onda fikrimizin doğruluğuna yalnız hansısa – adətən eşitmə və ya oxuma şahidliyi olan – tanış olduğumuz nəsnə əsasında əmin ola bilərik. Başqalarına çatdırdığımız informasiyadan və aktual Bismark haqqındakı müvafiq faktdan – hansı ki fikrimizə əhəmiyyət qazandırır –  əlavə, gerçək olaraq sahib olduğumuz fikir bir və ya daha çox şeydən, digər hallarda isə tam olaraq anlayışlardan təşkil olunur.

Oxşar şəkildə, bütün yer adları – London, İngiltərə, Avropa, Yer, Günəş sistemi – istifadə zamanı tanış olduğumuz bir və ya bir neçə tək şeydən əsasını götürən təsvirləri ehtiva edir. Güman edirəm ki, hətta metafizikada nəzərdən keçirilən kainat da tək şeylərlə belə bir əlaqə ehtiva edir. Yalnız mövcud olan deyil, həm də ola bilən şeylərlə maraqlanan məntiqdə isə, əksinə, aktual təklərə istinad edilmir.

Belə görünə bilər ki, yalnız təsvir vasitəsilə məlum olan nəsnə haqqında cümlə dedikdə onu təsviri ehtiva edəcək formada qurmağı deyil, tez-tez təsvir edilən aktual şey haqqında olmasını nəzərdə tuturuq. Bu, o deməkdir ki, Bismark haqqında nəsə dedikdə, əgər edə bilsəydik, yalnız Bismarkın özünün irəli sürdüyü – yəni onun özünün tərkib hissəsi olduğu – hökmü irəli sürmək istərdik. Bu məsələdə biz hökmən uduzuruq, çünki aktual Bismark bizə bilinməzdir. Ancaq biz bilirik ki, Bismark adlanan B obyekti vardır və B ağıllı diplomat olub. Beləliklə, biz təsdiq etmək istədiyimiz propozisiyanı, yəni “B ağıllı diplomat olub”u (B burada Bismark olmuş obyektdir) təsvir edə bilərik. Əgər biz Bismarkı “Alman imperiyasının ilk kansleri” kimi təsvir ediriksə, təsdiq etmək istədiyimiz propozisiya “Alman imperiyasının ilk kansleri olmuş aktual obyektlə bağlı həmin obyektin ağıllı diplomat olduğunu təsdiq edən propozisiya” kimi təsvir oluna bilər. İstifadə etdiyimiz dəyişkən təsvirlərə baxmayaraq ünsiyyətimizi mümkün edən bunu bilməyimizdir: aktual Bismark haqqında doğru bir propozisiya var və təsvir düzgün olduğu qədərilə onu nə qədər dəyişsək də, təsvir olunmuş propozisiya yenə də eynidir. Bizi maraqlandıran təsvir olunan və doğru olaraq bilinən bu propozisiyadır; ancaq biz propozisiyanın özü ilə tanış deyilik və doğru olduğunu bilsək də, onu bilmirik.

Biz görəcəyik ki, tək şeylərlə tanışlıqdan uzaq düşməyin bir neçə mərhələsi var: Bismark vardır – onu görmüş insanlar üçün; onun haqqında yalnız tarix vasitəsilə bilənlər üçün; dəmir maskalı insan vardır; insanların ən uzunömürlüsü vardır. Bu, təklərlə tanışlıqdan tədrici uzaq düşmədir – birincisi başqası ilə tanış olmağa mümkün olacağı qədər yaxındır; ikincidə, yenə deyiləcək ki, biz “Bismarkın kim olduğu”nu bilirik; üçüncüdə, biz bilmirik ki, dəmir maskalı insan kim idi, baxmayaraq ki onun haqqında dəmir maska geyinməsindən məntiqi olaraq çıxmayan çoxlu propozisiyalar bilirik; nəhayət dördüncüdə, insan tərifindən məntiqi olaraq hasil ediləndən başqa onun haqqında heç nə bilmirik. Oxşar iyerarxiya universalilərdə də vardır. Bir çox universalilər, bir çox tək şeylər kimi, yalnız təsvir vasitəsilə bizə bilinir. Ancaq bu halda, təklərdə olduğu kimi, təsvirlə bilinən nəsnə haqqındakı bilik tanışlıqla bilinən haqqındakı biliyə tam müncər olunur.

Təsvir ehtiva edən propozisiyaların analizində fundamental prinsip budur: Dərk edə bildiyimiz hər bir propozisiya tamamilə tanış olduğumuz tərkiblərdən təşkil olunmalıdır.

Bu mərhələdə biz bu fundamental prinsipə qarşı qoyula biləcək bütün iradlara cavab verməyə cəhd etməyəcəyik. İndilik sadəcə qeyd edək ki, iradlara bu və ya digər şəkildə qarşı gəlmək mümkündür; çətin ki biz haqqında hökm etdiyimiz və ya düşündüyümüz şeyin nə olduğunu bilmədən hökm irəli sürə və ya düşünə bilək. Əgər anlamlı danışmaq, sadəcə səs çıxarmamaq istəyiriksə, istifadə etdiyimiz sözlərə müəyyən məna yükləməliyik; və sözlərimizə yüklədiyimiz məna tanış olduğumuz bir şey olmalıdır. Məsələn, əgər Yuli Sezar haqqında fikir deyiriksə, aydındır ki, Juli Sezarın özü zehnimizdə canlanmır, çünki biz onunla tanış deyilik. Zehnimizdə Yuli Sezarın müəyyən təsviri vardır: “martın 15-i öldürülmüş insan”, “Roma imperiyasının banisi” və ya ola bilsin sadəcə “adı Yuli Sezar olan insan”. (Sonuncu təsvirdə Yuli Sezar tanış olduğumuz səs və ya formadır.) Deməli, bizim cümləmiz heç də göründüyü mənaya gəlmir; cümlə Yuli Sezar əvəzinə onun tamamilə tanış olduğumuz, təklərdən və universalilərdən təşkil olunan müəyyən təsvirini ehtiva edən bir mənanı ifadə edir.

Təsviri biliyin əsas əhəmiyyəti ondadır ki, o, bizə fərdi yaşantılarımızın sərhədlərini aşmaq imkanı verir. Bizim yalnız tamamilə tanış olduğumuz terminlərdən təşkil olunan həqiqətləri bilə bilməyimizə baxmayaraq, təsvir vasitəsilə heç vaxt tanış olmadığımız şeylər haqqında da biliyə malik ola bilirik. Birbaşa yaşantılarımızın sərhədlərinin çox dar olduğunu nəzərə alsaq, bu nəticə olduqca mühümdür; bu başa düşülməyincə, biliklərimizin çoxu mistik və ona görə də şübhəli qalasıdır.

Qeydlər və istinadlar: 

[1] İngiliscə reference – tərcüməçi qeydi.

Tərcümənin birinci hissəsi:

Tərcümənin ikinci hissəsi:

Tərcümənin üçüncü hissəsi:

Tərcümənin dördüncü hissəsi:

Share article
FacebookTwitter

Facebook Comment

subscribe

BRI is a think-tank launched by independent experts aiming to provide a local and international audience with analysis, opinion and research on Azerbaijan.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.