fbpx

iqtisadiyyat

iqtisadiyyat

Bank sektorumuz pandemiya və müharibə dövründə

Read this article on other language
Download article
image_pdf
image_pdf

2020-ci il Azərbaycanın iqtisadiyyatının digər sahələri kimi bank sektoru üçün də ağır sınaqlarla dolu oldu. Bir tərəfdən COVİD-19 pandemiyasının ilboyu davam edən məhdudlaşdırıcı tədbirlərinin iqtisadi aktivliyi minimuma endirməsi, digər tərəfdən 44 gün davam edən Vətən müharibəsi fonunda fövqəladə vəziyyətin elan edilməsi bank sektoruna təsirsiz ötüşmədi. Nəticədə bankların iqtisadiyyata töhfəsi daha da məhdudlaşdı, gəlirlərinin azalması səbəbindən əhalinin bank resurlarına çıxışı çətinləşdi.

Ötən ilin bank sektorunda yadda qalan əsas hadisə ilin əvvəlində 4 bankın bağlanması oldu. Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə Atabank ASC, AGBank ASC, NBCBank ASC və Amrah Bank ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçdi. Əvvəlcə Mərkəzi Bankın 28 aprel 2020-ci il tarixli qərarları ilə Atabank ASC və Amrah Bank ASC-nin, sonra isə 12 may 2020-ci il tarixli qərarları ilə AGBank ASC və NBCBank ASC-nin lisenziyaları ləğv edildi.

Ləğvetmə nəticəsində ölkə üzrə fəaliyyətdə olan bankların sayı 26-ya düşdü.  4 bankın bağlanması pandemiya ilinə təsadüf etsə də əslində məsələnin kökü 2015-ci ildə ölkədə baş vermiş kəskin devalvasiyadan qaynaqlanır. Məhz həmin devalvasiya nəticəsində banklar zərbə aldılar və onların təxminən 1/3-i bazarı tərk etməli oldu. Devalvasiyadan sonrakı 5 il ərzində bazarda qalmış bəzi bankların böhrandan çıxmaq cəhdləri nəticə vermədi. Mərkəzi Bankın açıqlamaları göstərdi ki, hər 4 bankın məcmu kapitalı nəinki Mərkəzi Bankın müəyyənləşdirdiyi minimal normadan – 50 milyon manatdan azdır, hətta mənfi zonada düşüb. Yəni bu bankların qanunvericiliyə uyğun fəaliyyəti üçün ümumilikdə ən azı 677 milyon manat tələb olunur. Yaranmış problem devalvasiyadan sonrakı dövrlərdə həllini tapmamış qalıb. Bu isə 2016-2019-cu illərdə tənzimləyici qurum səlahiyyətlərini icra etmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə vaxtında müdaxilə etməməsinin nəticəsi idi.

Bankların fəaliyyətinin tənzimlənməsi səlahiyyəti 2019-cu ilin noyabrında yenidən Mərkəzə Banka qaytarıldıqdan sonra yeni tənzimləyici bank sektorunun sağlamlaşdırılmasını hədəflədi. Bankların bağlanması qərarının bir qədər gec verilməsi isə növbədənkənar parlament seçkilərinin təyin edilməsi nəticəsində “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddətinin uzadılmasının mümkünsüz olması ilə bağlıdır. Çünki bu Qanunun müddətinin uzadılmaması əmanətçilərin əksəriyyətini kompensasiyadan kənarda qoyurdu. Yeni parlament formalaşdıqdan sonra Qanunun qüvvədə olma müddəti mart ayında daha 9 ay uzadıldı və aprel ayında 4 bankın bağlanmasına başlandı. Bu baxımdan 4 bankın bağlanması qərarını pandemiyanın təsirləri ilə əlaqələndirmək çətindir.

Ancaq pandemiyanın bank sektoruna təsirini qəbul etməmək də mümkünsüzdür. Çünki rəsmi statistik məlumatlar və bankların hesabatları devalvasiyanın fəsadlarından yenicə qurtulmuş bank sektorunun yeni çətinliklərlə üzləşdiyini daha dəqiq göstərir. Xüsusilə də  2018-2019-cü illərdə bank sektorunda müşahidə edilən müsbət tendensiyanın 2020-ci ildə yenidən mənfiyə keçməsi bu hipotezi daha da gücləndirir.

Banklarımız pandemiyadan və qismən də olsa müharibədən hansı zərbələr alıb?

Bankların kredit aktivliyi azalıb

2015-ci il devalvasiyasından yenicə özünə gəlmiş banklar 2018-ci ildən başlayaraq kredit aktivliyini artırdılar və hətta 2018-2019-cu illərdə ümumilikdə kredit qoyuluşunu 36,4% artırmağa nail oldular. Ancaq növbəti il kredit qoyuluşunda yenidən geriləmə özünü göstərməyə başladı. Mərkəzi Bankın məlumatına əsasən, 2020-ci il ərzində ölkə üzrə bankların xalis kredit qoyuluşu 3,5% azalaraq 13,7 milyard manatdan 13,3 milyard manata düşüb. (Qrafik 1)

Sərt karantin tədbirləri çərçivəsində kreditləşmənin kəskin azalmasının qarşısını dövlətin dəstək mexanizmi alıb. Nazirlər Kabinetinin 9 iyul 2020-ci ildə qəbul etdiyi Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə 249 saylı Qərarı kreditləşməni dəstəkləyib. Bu Qaydalar sahibkarların banklardan alacaqları kreditlərə dövlət zəmanəti və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsini nəzərdə tutur. Dövlətin dəstək proqramı çərçivəsində pandemiya ilə əlaqədar ümumilikdə 2020-ci il ərzində banklar tərəfindən 1,2 milyard  manat məbləğində kredit restrukturizasiya olunub.  

Qrafik 1. 2016-2020-ci illərdə bankların xalis kredit qoyuluşu və qiymətli kağızlara yatırımı
Mənbə: Mərkəzi Bank

2020-ci ildə kredit qoyuluşunun artım tempi qeyri-stabil olub. İlin I rübündə, yəni karantin tətbiqinə qədər olan dövrdə kredit qoyuluşunda 2,6% artım olduğu halda sərt karantin tədbirlərinin tətbiqi dövrü olan II rübdə 7%-ə qədər azalma baş verib. Yay aylarında yenidən müşahidə edilən nisbi artım (2,3%) sonuncu rübdə azalma (1,1%) ilə əvəzlənib.

Kredit qoyuluşuna əsas dəstək dövlət banklarından gəlib. Dövlət banklarının kredit qoyuluşunun 8,4% artımı fonunda özəl bankların qoyuluşu 7,8% azalıb. Nəticədə ümumi kredit qoyuluşunda dövlət banklarının payı 16,7%-dən 19,1%-ə yüksəlib. Dövlət bankları arasında artım ancaq Azərbaycan Beynəlxalq Bankına (9,9%) məxsusdur. Digər dövlət bankı olan Azər Türk Bankda 10,2% azalma qeydə alınıb. Konkret banklar üzrə aparılan analiz göstərir ki, pandemiyanın bankların kredit aktivliyinə təsiri fərqli olub. 2020-ci ildə ölkə iqtisadiyyatına kredit qoyuluşunu azaldan əsas banklar AFB Bank (azalma 61,3%), Bank VTB (47,1%), Xalqbank (19,4%), Yapı Kredi Bank (20,2%) və Accessbank (17,7%) olub. Ancaq Kapital Bank (19,5%), Paşa Bank (16,5%), Günay Bank (20,1%), Rabitəbank (12,3%) kredit portfelini əhəmiyyətli dərəcədə artırmağa müvəffəq olublar. Ümumiyyətlə götürdükdə ölkə banklarının yarısının kredit qoyuluşunda artım, yarısında isə azalma qeydə alınıb.

Devalvasiya riskinin artması kredit qoyuluşunun dollarlaşmasını şərtləndirməyib. Əksinə, il ərzində milli valyutada verilən kreditlərin payı 65,4%-dən 70,2%-ə yüksəlib. Dollarlaşmanın aşağı düşməsinin səbəbi Nazirlər Kabinetinin Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə 249 saylı Qərarıdır. Çünki bu Qaydalar sahibkarların banklardan ancaq milli valyutada alacaqları kreditlərə şamil edilir. Bu baxımdan banklar verdikləri kreditlərə dövlət zəmanəti və faiz subsidiyası əldə etmək üçün manat kreditlərini verməkdə davam etdilər.

Bank xüsusilə də son 5 ildə formalaşmış siyasəti davam etdirərək kreditləşmədən “qənaət etdikləri” vəsailəri qiymətli kağızlara yönəltməyə üstünlük veriblər. Qiymətli kağızlara yatırımın son illər banklar üçün cəlbediciliyi xeyli dərəcədə artıb, onların aktivlərinin təxminən 10-13%-i bu istiqamətə yönləndirilir. 2016-2020-ci illərdə bankların qiymətli kağızlara yatırımı 10 dəfədən çox artıb. 2019-cu ildə bu sahəyə yatırım 9,1% azalsa da ötən il 32,9% artıb. (Qrafik 1) Bu onu göstərir ki, banklar vəsaitlərini qorumaq üçün əhali və biznesi aktiv maliyyələşdirmək əvəzinə passiv maliyyələşdirməyə üstünlük veriblər və vəsaitlərini əsasən daha etibarlı olan Maliyyə Nazirliyinin və Mərkəzi Bankın qiymətli kağızlarına yatırıblar.

Depozit qoyuluşu azalıb

2020-ci ilin mart ayında dünya bazarlarında neft kəskin ucuzlaşması fonunda manatın devalvasiya ehtimalının artması əhalinin vəsaitlərinin bir hissəsini banklardan çıxartmağa, digər hissəsini isə dollara transfer etməyə sövq etdi. Onun ardınca növbəti ay 4 bankın bağlanması qərarı depozit bazarını ikinci dəfə silkələdi. Bütün silkələnmələrin fonunda ötən il depozit qoyuluşunda azalma cəmisi 3,2% civarında oldu. (Qrafik 2)

Əslində il deposit bazarı üçün yaxşı başlamışdı və yanvar-fevral aylarında depozit qoyuluşunda 474,7 milyon manatlıq artım qeydə alınmışdı. Ancaq mart ayında ölkədə yaranmış devalvasiya ajiotajı depozitlərin banklardan geri çəkilməsinə rəvac verdi. Bu xəbər fonunda bankların depozit portfeli mart ayında 981,7 milyon manat, aprel ayında isə 619,3 milyon manat əridi. Azalma may (26,7 milyon AZN) və iyun (810 milyon AZN) aylarında da davam etdi. Dünya bazarlarnda neftin bahalaşması məzənnə sabitliyinə inamın artırdı və bu, depozit bazarında nisbi sakitliyə səbəb oldu. Hətta iyul-avqust aylarında 161,5 milyon manatlıq artım müşahidə edildi. Bu aylarda artım bağlanmış banklardan alınmış kompensasiyaların yenidən banklara yönəldilməsi ilə əlaqələndirmək olar. Ancaq Qarabağda döyüşlərin getdiyi dövrə təsadüf edən sentyabr-noyabr aylarında depozitlərin yenidən banklardan qaçışı baş verdi. Bu müddətdə banklardan çıxarılan depozitlərn həcmi 300 milyon manata yaxın olub. Diqqəti çəkən məqamlardan biri də ötən ilin son ayında – dekabrda depozit qoyuluşunun 6,1% və ya 1,4 milyard manat artmasıdır.

Qrafik 2. 2016-2020-ci illərdə bank sektorunun depozit portfelinin dəyişməsi
Mənbə: Mərkəzi Bank

Depozitlərin strukturuna baxsaq görərik ki, maliyyə institutlarının yatırımlarında 10,6%, əhalinin əmanətlərində 5,5%, hüquqi şəxslərin depozitlərində isə 1,1% azalma olub. Manatın devalvasiya ehtimalı və ölkədə dollar satşına qoyulan məhdudiyyətlər depozitlərin valyuta tərkibinə neqativ təsir göstərə bilməyib. Valyuta bazarında yaranmış qısamüddətli gərginliyə rəğmən ümumi depozitlərdə milli valyutanın payı 2020-ci ildə artaraq 39%-dən 43,6%-ə yüksəlib. Bu artım əhali və hüquqi şəxslərin vəsaitləri hesabına baş verib. Bu müddətdə maliyyə institutlarının depozitlərində dollarlaşma səviyyəsi artaraq 66%-dən 68%-ə yüksəlib. Əmanətlərin tam sığortalanması və xarici valyutada olan depozitlərin illik faiz dərəcəsinin həddindən aşağı olması milli valyuta depozitlərinin cəlbediciliyini hələ də saxlamaqdadır. Bu məsələdə əsas rolu devalvasiya ehtimalının aşağı olması oynayır.

Ötən il banklarımızın bəziləri deposit portfelini artırıb, bəziləri isə kiçiltməyə məcbur olublar. Paşa Bank (12%), Kapital Bank (17,6%), Rabitəbank (9%) kimi iri banklarla yanaşı Naxçıvanbank (48,8%) və Günay Bank (15,8%) kimi yerli, Ziraat Bankı (77,3%) və Bank VTB (27,7%) kimi xarici kapitallı banklar da portfelini artırmağa müvəffəq olublar. Ən kiçik depozit portfelinə malik olan Pakistan Milli Bankının Bakı filialında hətta 7 dəfədən çox artım baş verib.

Ən böyük depozit itkisi AFB Bank (70,9%), Bank Respublika (37,3%), Expressbank (31,9%), Yelo Bank (25,2%), Bank Avrasiya (18,2%) və Muğanbankda (16,7%) qeydə alınıb.   Ümumilikdə 16 bankın depozit portfeli azalıb, 10 bankda isə artıb.

Bankların depozit resurslarından asılılığı hələ də qalmaqdadır. Bankların cəmi öhdəliklərində depozit resuslarının payı 2020-ci ildə azalaraq 80,1%-dən 79,3%-ə düşüb. Halbuki son 5 ildə artım tendensiyası göstərib.

Resursların cəmləşməsi daha da artıb

Pandemiya dövründə bank sektorunda diqqəti çəkən məqamlardan biri də təmərküzləşmənin artmasıdır. Təmərküzləşmə həm bank aktivlərində, həm kredit qoyuluşunda, həm də depozit cəlbində artıb.

Ötən il bankların ümumi aktivlərinin həcmi 2% azalıb, təmərküzləşməsi isə daha artıb. Ölkənin 5 ən böyük bankının bazar payı 67,2%-dən 72%-ə yüksəlib. Bu, son illərin ən yüksək göstəricisidir. Təmərküzləşmənin artmasında əsas rolu aktivlərini əhəmiyyətli dərəcədə artırmağa nail olan Kapital Bank (26,2%) və Paşa Bank (15,6%) oynayıb. Bu banklar bank sektorunda bazar payına görə ölkənin 5 ən böyük banklarından biridir. İlk beşliyə daxil olan digər 3 bankın (Azərbaycan Beynəlxalq Bankı, Xalq Bank, Bank Respublika) aktivlərinin azalması təmərküzləşmənin artmasının qarşısını ala bilməyib.

Depozit qoyuluşunda təmərküzləşmə səviyyəsi 67,8%-dən 71,8%-ə yüksəlib. Ümumi depozit qoyuluşunun azalması fonunda iri banklarda depozit artımı təmərküzləşməni gücləndirib. Məsələn, ötən ilin dekabr ayında depozit qoyuluşunda qeydə alınmış 6,1%-lik və ya 1369,8 milyon manatlıq artımın 84,6%-i 4 böyük bankın (Azərbaycan Beynəlxalq Bankı, Paşabank, Kapital Bank Xalq Bank)  payına düşüb.

Kredit qoyuluşu üzrə təmərküzləşmə səviyyəsi 61,4%-dən 67,3%-ə yüksəlib. Ölkə üzrə kredit qoyuluşunun azalmasına rəğmən 5 ən böyük bankın kredit qoyuluşu 422 milyon manat artıb və bu, onların bazar payını artırıb.

Bəzi müsbət görünən meyllər barədə

Detallara gedəndə görmək olur ki, ötən il bank sektorunda müsbət meyllər də az deyil: banklar kapitalı 2,5% artıb, filial şəbəkələri 439-dan 455-ə yüksəlib, işçilərin sayı 18391-dən 18708-ə artıb və s. Əlbəttə bu meyllərin məhz bankların fəaliyyətindən qaynaqlandığını görmək xoşdur. Ancaq təhlil edəndə görürsən ki, bəzən bu meyllər dövlətin dəstəyi hesabına yaranır. Məsələn, bankların xalis mənfəəti əvvəlki illə müqayisədə 5,8% artıb. Halbuki bu müddətdə cəmisi 7 bankın xalis mənfəəti artıb, bir bank isə sadəcə zərərini azalda bilib. 18 bankın xalis mənfəətində isə azalma qeydə alınıb. Xalis mənfəətin artmasının səbəbi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatın həcminin əhəmiyyətli dərəcədə azalması (60%) olub. Çünki 2019-cu illə müqayisədə bankların əməliyyat mənfəəti 5,3% azalıb. Xüsusi ehtiyatların həcminin azalması isə dövlətin dəstək planı nəticəsində kreditlərin restrukturizasiyası və aktivlərin təsnifləşdirilməsi tələblərinin nisbətən yumşaldılması ilə bağlıdır.

Nəticə

Məqalədə pandemiyanın bank sektoruna təsirini qiymətləndirmək üçün 2020-ci ilin göstəricilərinə nəzərə salınıb. Bu qiymətləndirmə daha çox ilkin təsirləri əhatə edir. Çünkü pandemiya hələki bitməyib. Artıq 2021-ci ilin 4 ayı geridə qalıb. Pandemiya isə həm insanlara, həm də iqtisadiyyatlara zərər vurmaqda davam edir. Pandemiyanın səhiyyəyə tam məğlub olacağı gün hələ də dəqiq bilinmir. Deməli, bank sektoru bir müddət pandemiyanın fəsadları ilə mübarizə aparmalı olacaq. Karantin məhdudiyyətlərinin yumşaldılması fonunda iqtisadi aktivliyin artması bank sektorunda da müəyyən canlandırma yaradıb. Bankların kredit qoyuluşunda və depozit cəlbində cüzi də olsa artım meylləri müşahidə olunur. Qarşıda isə banklarımızı pandemiyadan başqa texnoloji çətinliklər də gözləyir. Rəqəmsal valyutaların tətbiqinin aktuallaşması bank sektorunu pandemiya və neft amilindən də ağır sınaqlarla üzləşdirə bilər.

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.