Ermənistan son iki il yarımda ikinci dəfə növbədənkənar parlament seçkilərinə getməli oldu. Bu seçkilərdən birincisi (dekabr, 2018) həmin ilin may ayındakı xalq inqilabının yaratdığı yeni siyasi situasiyanın tələblərindən irəli gəlirdisə, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixləri arasında baş vermiş Qarabağ savaşında Ermənistanın məğlubiyyətinin ölkədə siyasi böhrana səbəb olması ikinci seçkini zərurətə çevirdi. Hər iki seçki Nikol Paşinyanın triumfu ilə nəticələndi. Bu yazıda 20 iyun seçkilərinə gedən yol, seçkiqabağı şərait, seçkilərin nəticələri, müharibədə böyük ərazi və insan itkilərinə baxmayaraq, inqilab hökumətinin öz mövqelərini qoruya bilməsinin səbəblərindən bəhs edirəm.

Müharibədən sonra Ermənistanda siyasi vəziyyət

İkinci Qarabağ müharibəsində məğlubiyyət və ağır itkilər Ermənistan daxilində çaxnaşma yaratdı və hökumət əleyhinə etirazların başlamasına təkan verdi. 2020-сi il noyabrın 9-dan 10-na keçən gecə Ermənistan, Azərbaycan və Rusiya arasında müharibəni dayandıran üçtərəfli Bəyanatın imzalanmasından saatlar öncə 17 siyasi partiya baş nazir Paşinyanın istefası tələbi ilə açıqlama yaydı. Onların sırasında parlamentdə təmsil olunan iş adamı Qagik Sarukyanın liderlik etdiyi Firavan Ermənistan Partiyası da var idi. Üçtərəfli Bəyanatın imzalanmasından bir gün sonra isə birləşmiş müxalifət baş naziri xain adlandıraraq, Yerevanda ilk kütləvi etiraz tədbirini keçirdi və Milli Xilas Komitəsinin təsis olunduğunu elan etdi. Bunun ardınca keçid dövrü üçün hökumət başçısı vəzifəsinə daha öncə baş nazir və müdafiə naziri vəzifələrində çalışmış təcrübəli siyasətçi Vazgen Manukyanın namizədliyinin irəli sürülməsi, erməni toplumunda əsrlərdən bəri ən nüfuzlu institut olan kilsənin bütün ermənilərin katalikosu II Qareginin timsalında istefa tələbinə qoşularaq müvəqqəti milli razılıq hökumətinin yaradılması ideyasını dəstəkləməsi, elmi-akademik çevrələrin – Milli Elmlər Akademiyası və Yerevan Dövlət Universitetinin də hökuməti istefaya çağırması, 5 dekabr mitinqində Paşinyana 8 dekabr günorta saatlarına qədər istefaya getmək barədə ultimatum irəli sürülməsi müxalifətin konkret plan əsasında, mütəşəkkil hərəkət etdiyi və qismən elitaların da dəstəyini aldığı, hökumətin bu təzyiqə davam gətirməyəcəyi qənaətini yaradırdı. Lakin ən vacib komponent çatmırdı – xalqın kütləvi dəstəyi.

Etiraz aksiyalarına böyük kütlələri toplamaq mümkün olmadı. Müxalifət koalisiyasının hökumətin arxasındakı parlament çoxluğunu dağıtmağa müvəffəq ola bilməməsini, polisin itaətsizlik göstərməyərək asayişi təmin etməyə və inzibati binaları qorumağa davam etməsini də bu amillə izah etmək yanlış olmaz. Beləliklə, nə Paşinyan özü istefa verdi, nə də onu qanuni yolla istefaya göndərmək mümkün oldu. Nəticədə Anti-Paşinyan hərəkatı son çarə kimi qeyri-hüquqi yola əl ataraq ordunun siyasətə müdaxiləsi ilə öz planlarını həyata keçirməyə çalışdı. 2021-ci il fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı yazılı bəyanat yayaraq baş naziri istefa verməyə çağırdı, bu bəyanat Milli Xilas Komitəsi tərəfindən dərhal dəstəkləndi. Baş Qərargahın çağırışı Türkiyədə 28 fevral 1997-ci il tarixində baş vermiş və postmodern darbe (çevriliş) adı ilə tarixə düşmüş hadisəyə bənzər idi, çünki generallar ordunu küçələrə çıxarmadılar və hakimiyyətə əl qoyduqlarını bəyan etmədilər. Paşinyan 1 martda Yerevanda öz tərəfdarlarının böyük mitinqini toplayaraq bu təhlükəni inqilabın əsas resursu olan küçənin dəstəyi ilə dəf etdi. Yaranmış qarşıdurmaya, qeyri-sabitliyə və siyasi böhrana son qoymaq üçün ən yaxşı çıxış yolu yenidən xalqın rəyinə müraciət etmək idi. Rəqiblərindən daha böyük ictimai dəstəyə sahib olduğunu bilən Paşinyan martın 18-də növbədənkənar parlament seçkilərinə gediləcəyini elan etdi və seçki tarixi kimi 20 iyunu müəyyənləşdirdi.

Onun daha bir çevik qərarı seçki qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlı oldu. Əvvəlki qanunvericiliyə əsasən millət vəkilləri qarışıq – proporsional və reytinq sistemi ilə seçilirdilər. Yəni seçicilər həm ölkə üzrə partiya və bloklara, həm də majoritar sistemə oxşar şəkildə ərazi üzrə ayrı-ayrı namizədlərə səs verirdilər. Partiya və bloklar minimal baryeri keçdikləri təqdirdə topladıqları səslərə uyğun sayda yer qazanırdılar, reytinq sistemində isə ən çox səs toplayan namizədlər deputat olurdu. Bu sistem yerlərdə nüfuzu və gücü olan şəxslərin – regional avtoritetlərin seçilməsinə də şərait yaradırdı. Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərdə reytinq sistemindən imtina və tam proporsional sistemə keçid nəzərdə tutulurdu. Aprelin 1-də parlamentin növbədənkənar iclasında Seçki Məcəlləsi haqqında Konstitusiya qanununa əlavə və dəyişikliklər haqqında qanun layihəsi təsdiqləndi. Seçki sisteminin dəyişdirilməsi Paşinyanın personası ətrafında qurulmuş və onun şəxsi nüfuzuna arxalanan, cəmiyyətdə az tanınan, yaxud tanınmayan yeni simaların çoxluqda olduğu Vətəndaş Müqaviləsi Partiyasının qələbəsinə əlverişli zəmin yaratmağa hesablanmışdı və özünü doğrultdu.

Seçki kampaniyası və sərhəd ixtilafı

Qanuna əsasən təbliğat-təşviqat iyunun 7-də başlamalı olsa da, əslində faktiki olaraq seçki kampaniyası müharibədən sonra başlamışdı. Seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasında 22 siyasi partiya və 4 blok qeydiyyatdan keçdi. Əvvəlki seçkilərlə müqayisədə fərqli detallardan biri bu idi ki, müstəqillik dövründə Ermənistanı idarə etmiş 3 prezidentdən ikisi (Levon Ter-Petrosyan və Robert Koçaryan) birbaşa, biri (Serj Sarkisyan) isə dolayı olaraq seçkilərə qatılmışdı. Birinci prezident Ter-Petrosyan özünün liderlik etdiyi Erməni Milli Konqresinin siyahısında, Koçaryan Erməni İnqilabi Federasiyası – Daşnaksutyun və Sünikin sabiq qubernatoru Vahe Akopyanın Dirçələn Ermənistan Partiyası ilə birlikdə Hayastan (Ermənistan) blokunun tərkibində namizəd kimi seçkidə iştirak edirdilər. Sarkisyanın Respublikaçılar Partiyası Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Paşinyanla fikir ayrılığına görə istefaya getmiş Artur Vanetsyanın Vətən Partiyası ilə birlikdə Şərəf sözü adlı blok yaratdı, lakin sabiq prezident özü təbliğat kampaniyasında fəal iştirak etsə də, namizədliyini vermədi.

Ermənistanda seçkiqabağı diskursun əsasını Qarabağ və müharibə tematikasının təşkil edəcəyi şübhəsiz idi, amma mayın 12-dən etibarən buna sərhəd ixtilafı da əlavə olundu. Paşinyan həmin gün bəyan etdi ki, səhər saatlarında Azərbaycan əsgərləri Laçın rayonu ilə Sünik (Zəngəzur) vilayəti arasında yerləşən Sevliç (Qaragöl) istiqamətində sərhədi pozaraq 3,5 km irəliləyib. Sonrakı günlər sərhəddəki qarşıdurma bəzən gərginləşərək, bəzən səngiyərək davam etdi və bu mövzu bütün kampaniya boyu müxalifətin əlində əlavə arqumentə çevrildi ki, Artsaxı qoruya bilməyən Paşinyan indi Ermənistanın sərhədlərini də qoruya bilmir. Paşinyan isə baş verənləri belə qiymətləndirdi ki, Azərbaycan onun qələbəsində maraqlı deyil və Ermənistandakı seçkilərin nəticələrinə təsir göstərərək erməni xalqına müəyyən bir seçimi (yəni müxalifətin xeyrinə) qəbul etdirməyə çalışır. Həqiqətən belə idimi? Bu barədə konkret fikir söyləmək çətindir: bir tərəfdən məlumdur ki, Azərbaycan prezidenti dəfələrlə Ermənistanda itirilmiş əraziləri, xüsusən Hadrut və Şuşanı geri qaytarmağı vəd edən revanşist qüvvələrin ünvanına sərt xəbərdarlıqla çıxış edib. Amma digər tərəfdən, Azərbaycan tərəfi sərhəd mübahisələrini çözmək üçün 20 iyundan sonranı da gözləyə bilərdi, bu istiqamətdə təcili, ən qısa müddətdə həlli zəruri olan bir məsələ yox idi. Ermənistan hökumətinin sərhəd konfliktinin həllində istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardım tələbinə, istərsə də 1997-ci ildə imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında dövlətlərarası müqaviləyə uyğun olaraq birbaşa Rusiyadan kömək istəməsinə Moskvanın etinasız reaksiyaları göstərirdi ki, Rusiya yaranmış vəziyyətdən narahat deyil və müdaxilə etməyə tələsmir.

Bunun səbəbini belə izah etmək olar ki, əvvəla, Rusiya Ermənistan qarşısındakı müttəfiqlik öhdəliklərinə baxmayaraq, 44 günlük müharibədə olduğu kimi, sonrakı mərhələdə də nisbətən tərəfsiz qalmağa üstünlük verir, bu siyasət ona imkan verir ki, Azərbaycanla Ermənistan arasındakı bütün probllemlərin həllində baş vasitəçi və arbitr kimi çıxış etsin, nəticədə bölgədə daha da möhkəmlənsin. Məsələn, ilkin mərhələdə Sünikdə Rusiyanın hərbi mövcudluğu artırılıb, əraziyə Rusiyadan əlavə sərhəd qüvvələri gətirilib. (Azəbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur yolu məhz Rusiya sərhədçilərinin nəzarətində olacaq.) İkincisi, sərhəddə baş verənlərin Paşinyanın reytinqinə mənfi təsir edəcəyi ehtimal olunurdu və Moskva bundan narahat deyildi, çünki seçkilərdə alternativ qütb kimi çıxış edən siyasi qüvvə Ermənistanda Rusiyaya ən yaxın siyasətçi, prezident Putinin şəxsi dostu Koçaryanın liderliyində formalaşmış blok idi. Seçki ərəfəsində Putin və Koçaryan arasında iki dəfə qiyabi təmas baş verdi. Aprelin əvvəli Koçaryanın Moskvaya səfəri zamanı onların onlayn rejimdə 1 saata yaxın söhbət etdikləri məlum oldu. May ayında Koçaryanın Rusiyada olarkən təkrar Putinlə təmas qurduğu və onunla telefon əlaqəsi saxladığı açıqlandı. Ümumən, 2021-ci ilin birinci yarısında Putin və hər hansı rəsmi vəzifəsi olmayan təqaüdçü Koçaryan 3 dəfə onlayn rejimdə və telefonla müzakirə aparıblar, bu isə Koçaryana Rusiya dövlətinin münasibətini anlamaq üçün yetərlidir. Səsvermə gününə az qalmış Rusiyanın tanınmış erməni əsilli iş adamları – Taşir qrupunun sahibi Samvel Karapetyan, Monarx qrupunun rəhbəri Sergey Ambartsumyan, Ermənistanın sabiq baş naziri, Qazpromun strukturlarında yüksək vəzifələr tutmuş Karen Karapetyan və digərləri Koçaryana dəstək verərək erməni xalqını Hayastan blokuna səs verməyə çağırdılar. Rusiya mərkəzi mediası seçki ərəfəsində Koçaryana böyük diqqət ayırdı, Ermənistanda fəaliyyət göstərən Rusiya dövlət mediası – Sputnik-Armeniya isə ikinci prezidentin kampaniyasına informasiya dəstəyi verərək Paşinyan əleyhinə təbliğat aparırdı. Koçaryan RİA Novosti, Russia TodaySputnik-Armeniya kimi Kreml mediasına müsahibəsində Rusiyada Ermənistan hökumətinə etimadsızlıq olduğunu və Paşinyanın öz jurnalist və siyasətçi karyerasını Anti-Rusiya şüarları əsasında qurduğunu söyləmişdi.

HayastanŞərəf sözü bloklarının həm ritorikası, həm də vədləri oxşar idi. Onların hər ikisi bildirirdi ki, Azərbaycan ordusunun Dağlıq Qarabağ ərazisini (Şuşa və Hadrut nəzərdə tutulur) tərk etməsinə danışıqlar yolu ilə nail olmağa çalışacaqlar. Bu ideoloji-siyasi yaxınlıq səbəbi ilə onların seçkilərdən sonra koalisiya hökuməti yaradacaqları gözlənilən idi. Yəni bu qüvvələr qanunvericiliyin tələbinə əsasən parlamentdə yerlərin azı 54%-ni qazana bilsəydilər, inqilabın devirdiyi köhnə rejimin təkrar istehsalı baş verəcəkdi. Birinci prezident Ter-Petrosyan isə kəskin qütbləşmiş toplumda üçüncü qüvvə kimi çıxış etməyə çalışdı. O, Paşinyan və Qarabağ klanını nəzərdə tutaraq bildirirdi ki, xalqa idarəçiliyi iflasa uğramış hökumətlə talançı kriminal-oliqarxik sistemin bərpasına çalışan qüvvə arasında seçim etmək təklif edilir, lakin tərəqqiyə gedən yol başqadır. Ter-Petrosyan qarşıdakı seçkilərin ölkə tarixində ən biabırçı seçki olacağını, hətta iki qütb arasında toqquşmaların baş verə biləcəyini proqnozlaşdırırdı. Lakin onun ehtimal etdiyi fəlakət ssenarisi özünü doğrultmadı.

Seçkilərin arifmetik və siyasi nəticələri

Ermənistan Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, iyunun 20-də keçirilən seçkilərdə seçicilərin 49,4%-i (1 milyon 282 min 411 nəfər) iştirak edib. İştirak faizi bundan əvvəlki – 2018-ci ilin dekabrında keçirilmiş seçkilərdə qeydə alınmış rəqəmə (48,63%) çox yaxındır. Bu rəqəmlər Ermənistanda seçicilərin yarısının apolitik və ya siyasi institutlara inamını itirmiş vətəndaşlar olduğunu göstərir. Paşinyanın liderlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası 70,43% (884 min) səs aldığı ötən seçkilərlə müqayisədə geriləyərək 53,91% (687 min) səs toplasa da, parlamentdəki yerlərin 54%-dən çoxunu qazanaraq yenidən koalisiya ortağına ehtiyac duymadan təkbaşına hökumət formalaşdırmaq hüququ əldə edib. İqtidar partiyasının əsas alternativi – Hayastan bloku 21,9% (269 min) səslə ikinci olub və bu, keçmiş prezident Koçaryana müxalifət lideri statusu verir. Sarkisyanın dəstəklədiyi Şərəf sözü bloku 5,23% səslə (66 min) bloklar üçün nəzərdə tutulan 7%-lik minimal həddi keçə bilməsə də, parlamentdə azı 3 siyasi partiya və ya blokun təmsil olunması ilə bağlı qanunvericiliyin tələbinə əsasən Milli Məclisdə təmsil olunacaq.

Seçkilərdən dərhal sonra həm Hayastan, həm də Şərəf sözü blokları ciddi qanun pozuntuları baş verdiyini, inzibati resurslardan hakimiyyət partiyası xeyrinə maksimum istifadə olunduğunu iddia edərək nəticələri tanımadıqlarını, bunu məhkəmədə mübahisələndirəcəklərini bəyan etdilər. Lakin Rusiyanın rəsmi mövqeyi və seçkilərin nəticələrini tərəddüdsüz qəbul etməsi deməyə əsas verir ki, müxalifətin etirazları formal hüquqi prosedurlar çərçivəsindən kənara çıxmayacaq və hər hansı siyasi nəticəsi olmayacaq. ATƏT missiyası ilə paralel Rusiyanın dominant rola malik olduğu qurumların – MDB Parlament Assambleyasının, MDB İcra Komitəsinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının, Rusiya-Belarus İttifaqı Parlament Məclisinin müşahidə missiyalarının seçkilərə ümumən müsbət qiymət verməsi, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Paşinyanın inamlı qələbə qazandığını vurğulaması, son olaraq prezident Putinin Paşinyanı şəxsən təbrik etməsi seçkilərin legitimliyinə şübhə yeri qoymur. Bu səbəbdən Sarkisyan 4 gün sonra Paşinyanın qələbəsini etiraf etməyə məcbur oldu.

Beləliklə, hər kəsi düşündürən sual: necə oldu ki, müharibəni uduzan və 28-29 il Ermənistanın nəzarətində olmuş əraziləri ay yarıma itirən lider təkrar xalqdan etimad krediti alıb, öz hakimiyyətini qoruya bildi?

20 iyun seçkilərinə təkcə qanunverici orqanı və hökuməti formalaşdırmaq üçün keçirilən səsvermə olaraq deyil, həm də ölkənin gələcəyi ilə bağlı plebissit kimi baxmaq olar. Xalq köhnə ilə yeni və onların vizyonları arasında seçim edəcəkdi. Qarabağdan gələn siyasətçilər Koçaryan və Sarkisyan üst-üstə 20 il hakimiyyətdə olub və onların dövrü heç də tərəqqi və rifah dövrü kimi yadda qalmayıb. Cəmi 3 il əvvəl ölkədə dinc xalq inqilabı ilə dəyişiklik baş verib və yeni gələnlərin fəaliyyəti barədə xalqın yekun mühasibat aparması üçün bu müddət azdır. Əhali Qarabağ probleminin də digər problemlər kimi Paşinyana miras qaldığını anlayır və ona zaman tanımaq istəyir. Paşinyan insanların nəzərində gələcəyi təmsil edir, Koçaryan-Sarkisyan isə keçmişi. Müharibədən ağır itkilərlə çıxmış, hələ də övladlarının meyitlərini axtaran ailələrin olduğu bir cəmiyyətdə Dağlıq Qarabağ Respublikasının sərhədlərini bərpa etmək vədi pozitiv emosiyalara səbəb ola bilməzdi. Paşinyan isə gələcəkdən danışırdı, vədləri bu yöndə idi, önəmli olan da onun söylədiklərinin konkret məzmunundan daha çox, məhz bu idi. Təcrübəli siyasət adamı olan Koçaryan da seçki sonrası soyuqqanlı təhlilində bu amildən bəhs edərək seçicilərin əksəriyyətinin əvvəlki hakimiyyətin qayıdışının əleyhinə səs verdiyini söyləyib. “Biz bu təsəvvürü qıra bilmədik, yəqin ki, bu, inqilabın son gülləsi idi” – deyə o, bildirib. Hakimiyyət pisdir, radikal müxalifət ondan da pis deyib, üçüncü qüvvə kimi özünü cəmiyyətə təqdim edən birinci prezident Ter-Petrosyanın mövqeyi də entuziazm yaratmadı və onun partiyası cəmi 1,54% (20 minə yaxın) səs aldı.