1964-cü ildən başlayaraq 41 il ərzində Almaniyadan Türkiyəyə göndərilən pul köçürmələri təxminən 53 milyard ABŞ dolları təşkil edir. Bu da Almaniyadan Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyanın həcmindən (4.7 milyard dollar) 10 dəfə çoxdur (Akkoyunlu və Xolodilin 2008). 1970-ci illərdə Almaniya ilə Türkiyə hökumətləri arasındakı razılaşmaya əsasən Türkiyədən yüz minlərlə aşağı və orta qabiliyyətli işçilər Almaniyaya yollandı. Lakin həmin insanlar tərəfindən Türkiyəyə göndərilən pul vəsaitlərinin həcmi ilə onların iqtisadiyyat üzərindəki təsiri heç də düz mütənasib olmayıb.

Məhz buna görə də, bu pul köçürmələrinin Türkiyə iqtisadiyyatına təsirinin araşdırılmasına ehtiyac var. Məsələn, Sayan & Tekin Korunun (2010) araşdırmasına görə, pul köçürmələri iqtisadi tsiklin təsirini həm pisləşdirməyə, həm də yumşaltmağa təkan verə bilər. Həmçinin ümumiyyətlə təsirsiz ötüşə bilər. Beləliklə, pul köçürmələrinin təsiri özünü üç formada büruzə verir: protsiklik, kontrtsiklik, və tsiklik olmayan. Protsiklik təsirin bir nümunəsi odur ki, əgər inflyasiya dərəcəsi çox yüksək olduğu zaman iqtisadiyyatda “köpük effekti” yaranırsa, belə şəraitdə pul köçürmələri dövriyyədə əlavə nəğd pul kütləsi formalaşdırmaqla ümumi tələbatı daha da artırır, nəticədə inflyasiyanın daha da yüksəlməsinə səbəb ola bilir. Kontrtsiklik təsir, digər tərəfdən, odur ki, əgər işsizlik faizi yüksək olduqda iqtisadiyyat tənəzzül ilə qarşı-qarşıya qalırsa, pul köçürmələri istehlak və investisiya yatırımları vasitəsilə iqtisadiyyatı canlandıra bilər. Tsiklik olmayan təsir isə ondan ibarətdir ki, pul köçürmələrinin sadəcə olaraq iqtisadi tsiklə heç bir təsiri olmur.

2002-ci ildə yeni yaradılmış Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyə parlamentində çoxluq təşkil edərək hakimiyyətə gəldi. Partiyanın iqtisadi profili daha çox liberal bazar iqtisadiyyatı yönümlü idi və onlar bir sıra dövlət şirkətlərinin özəlləşdirilməsini həyata keçirtdilər. Əlavə olaraq, partiyanın mühafizəkar İslam dünyagörüşü həm ölkədə, həm də xaricdə nəzərəçarpan səfərbərliyə səbəb oldu. Nəticədə Türkiyə iqtisadiyyatı genişləndi və bizim əsas marağımız bu dövrdə pul köçürmələrinin Türkiyənin iqtisadiyyatına hər hansı bir təsiri olub-olmamasını (əgər olubsa, hansı formada) müəyyənləşdirməkdir. Bu araşıdrmada hər iki ölkədə illik istehsal səviyyələri ilə Almaniyadan Türkiyəyə göndərilən pul köçürmələri arasındakı əlaqə araşdırılır. Nəzəri mülahizələr və empirik üsullardan istifadə edərək gəldiyim nəticə budur ki, pul köçürmələri Türkiyə iqtisadiyyatında protsiklik təsir yaradır və 2005-2013-cü illərdə yüksək inflyasiya yaratmaqla mənfi təsir göstərib.

Verilənlər və Metodologiya

Akkoyunlu & Xolodilin (2008) və Sayan & Tekin Koru (2010) araşdırması olan metodologiya 2005-2013 illər ərzində olan dövr üçün tətbiq olunur. Türkiyə və Almaniyada iqtisadi tsikllər təsbit edildikdən sonra, pul köçürmələri və istehsal səviyyəsi arasındakı əlaqə çarpaz-korrelyasiya, həmçinin Granger səbəb əlaqəsi testləri vasitəsilə yoxlanılır. Əgər Granger səbəb-nəticə testi əhəmiyyətli əlaqənin olduğunu üzə çıxarırsa, belə qənaətə gəlirik ki, “bir Granger dəyişəni başqa nəyəsə səbəb olur” (Wooldridge, 2005, s. 663). Məsələn, əgər dəyişənlər arasındakı qarşılıqlı əlaqə müsbətdirsə və Granger dəyişəni olan pul köçürmələri Türkiyədə istehsal səviyyəsinə səbəb olursa, bu pul köçürmələrinin protsiklik təsir yaratması deməkdir. Əgər Granger səbəbiyyət əlaqəsi çərçivəsində qarşılıqlı əlaqə mənfidirsə, bu o deməkdir ki, pul köçürmələri kontrtsiklik təsir yaradır. Dəyişənlər arasında heç bir əlaqə olmadığı zaman, pul köçürmələrinin tsiklik olmadığı və dolayısıyla iqtisadiyyata nəzərəçarpan bir təsirinin olmadığını düşünə bilərik. Bundan əlavə, mən pul köçürmələrinin iqtisadiyyata olan arzuolunmaz təsirini inflyasiyanı yaradan dəyişənlərin təhlili vasitəsilə fərqli bir üsuldan istifadə edirəm. Həmçinin, inflyasiyaya görə düzəliş edilmiş dəyişənlərdən istifadə edərək pul köçürmələrinin iqtisadiyyat üzərindəki təsirini müəyyənləşdirmək üçün fərqli bir metoddan da istifadə edirəm. Bu fərqli metoddan istifadə etməyimin səbəbi odur ki, 2005-2013 illərdə pul köçürmələrinin real artım yox, məhz inflyasiya yaratması ilə bağlı şübhələrimi empirik üsulla dəstəkləyim.

Müzakirə və Empirik Təhlil

Ağqoyunlu & Kholodilinin tədqiqatları (2008) təsdiq edir ki, 1993-2004 illər arasında, Almaniyadan gələn pul köçürmələri Türkiyə iqtisadiyyatına təsirsiz olub, onun üzərində əhəmiyyətli bir təsir yaratmayıb. Türkiyə iqtisadiyyatı bu illərdən sonra artığından, pul transferləri yüksək inflyasiya dərəcəsi kimi protsiklik mənfi təsirlər yaradıb,. Bundan başqa, ehtimal olunur ki, Ədalət və Qalxınma Partiyasının (AKP) İslamdan siyasi alət kimi istifadəsi Türkiyədən getmiş daha çox imiqrantın mütəşəkkilləşərək Türkiyəyə daha çox pul köçürməsinə səbəb  olmuşdur. Baş nazir A. Davudoğlunun 2015-ci ilin may ayındakı nitqi (www.akparti.org) bu fenomeni əks etdirir: “Biz heç vaxt assimilyasiya olunmağı qəbul etməyəcəyik. Siz gərək öz mədəniyyətinizi, kimliyinizi, dilinizi və dininizi qoruyub saxlayasız.” Lakin, bəlli deyil ki, pul köçürmələri iqtisadi artıma təsir edib, yoxsa yox. Bunu müəyyənləşdirmək üçün biz gərək 2005-2013-ci illərdə iqtisadi tsiklin olub olmadığını müəyyənləşdirək. Bunun üçün verilənlər bazası kimi Türkiyə Mərkəzi Bankı, Dünya Bankı, Avropa Mərkəzi Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatları götürülür. Ənənəvi metod olaraq Hodrick-Prescott filtri dəyişənləri təsbit etmək və tsiklik komponentlərini tapmaq üçün istifadə edilir. Nəticələr aşağıdakı kimidir:

Qrafiklərə baxsaq, dəyişənlər haqqında ilkin təsüvvür yaranır. Bütün üç dəyişən üzrə 2009-cu ildə kəskin azalma görsənir. Bu, qlobal maliyyə böhranının nəticələrindən qaynaqlanır. Bəllidir ki, bütün dünya səviyyəsində istehsal səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdı. Ümumilikdə Almaniya və Türkiyə istehsalında yüksəliş trendi görsənir, lakin pul köçürmələrinin dinamikasında fərqli trend var. Belə ki, pul köçürmələri 2009-cu ilədək artmaqdadır. Lakin daha sonra onun səviyyəsi aşağı düşərək düz bir xətt boyunca gedir. Bu o deməkdir ki, Almaniyadakı Türk imiqrantlarının pul köçürmələri ilə bağlı davranışları dəyişib və bu da məsələni daha da ətraflı araşdırmamız üçün səbəb yaradır. Əlavə təhlillər üçün dəyişənlər arasında qarşılıqlı əlaqələrə baxmalıyıq.

Dəyişənlər arasındakı çarpaz korrelyasiya

Türkiyədəki tsiklilik REM Almaniyadakı tsiklilik
Türkiyədəki tsiklilik 1 0.13 0.76
REM 0.13 1 0.6
Almaniyadakı tsiklilik 0.76 0.6 1

 

Çarpaz korrelyasiyalardan görsənir ki, Almaniyadakı istehsal ilə pul köçürmələri arasında güclü bir əlaqə var və bu o deməkdir ki, əgər Alman iqtisadiyyatı böyüyürsə, Türk imiqrantları daha çox pul göndərirlər. Digər tərəfdən də pul köçürmələri ilə Türkiyədəki istehsal arasında müsbət bir əlaqə var. Lakin, belə bir əlaqənin var olması nəticəsinə gəlmək üçün əhəmiyyətli bir əlaqə deyil. Əgər adambaşına görə dəyişənlər arasındakı əlaqələrə baxsaq, Türkiyədəki istehsal ilə pul köçürmələri arasında güclü müsbət əlaqə görsənir (aşağıya bax).

Adambaşına görə dəyişənlər arasındakı çarpaz korrelyasiya

Almaniya Türkiyə REM
Almaniya 1 0.89 0.58
Türkiyə 0.89 1 0.65
REM 0.58 0.65 1

 

Bu o deməkdir ki, imiqrantlar makroiqtisadi investisiyanı təşviq etməkdən daha çox şəxsi fədakarlıqları üzündən pul köçürmələri edirlər. Onların gəlirləri artanda, öz pullarını iqtisadiyyat artır deyə investisiyaya deyil, məhz ailə və qohumlarının bundan istifadə etməsi üçün xərcləyirlər. Amma yenə də, pul köçürmələrinin iqtisadi artıma səbəb olduğunu iddia etmək üçün kifayət qədər dəlil yoxdur. Ola bilsin ki, immiqrantlar sadəcə istehlak məqsədilə pul köçürürlər. Əgər onların göndərdikləri pul investisiya üçün istifadə edilmirsə, bu pul iş yerləri yaradan iqtisadi artıma təkan vermir. Əslində, pul əlavə iş yeri yaratmadan daha çox istehlak məqsədilə istifadə edilə bilər ki, bu da, yüksək inflyasiya gətirib çıxara bilir.

Burada Granger səbəb-nəticə testi adlanan daha mürəkkəb bir üsuldan istifadə etmək lazımdır. Bu metod bir dəyişənin digər dəyişən üzərində təsirini izah etmək və ya proqnozlaşdırmaq üçün güclü bir dəyişən olub olmadığını yoxlamaq üçün istifadə olunur. Aşağıda daha çox aydınlıq yaransın deyə bir neçə nəticə təqdim edilmişdir.

Testin nəticələri göstərir ki, güclü bir Granger səbəb-nəticə əlaqəsi var və pul köçürmələri Türkiyədə iqtisadi tsiklə təsir edir və burada əks istiqamətdə təsir yoxdur. Korrelyasiya təhlili ilə birlikdə bu empirik nəticələr 2005-2013-cü illərdə pul köçürmələrinin Türkiyə iqtisadiyyatına protsiklik təsir yaratdığı ilə bağlı iddiamı dəstəkləyir. Almaniya iqtisadiyyatı ilə pul köçürmələri arasındakı əlaqəni də yoxlamaq lazımdır. Pul köçürmələri ilə Almaniyada iqtisadi tsikl arasındakı Granger səbəb-nəticə əlaqəsi qənaətbəxş deyil, çünki onlar arasında əhəmiyyətli əlaqə görsənmir. Bununla belə, bu testdən irəli gələn rəqəmlər onu deməyə əsas verir ki, pul köçürmələri Almaniyada iqtisadi tsikl üçün dəyişkənlik yaratmır (aşağıya bax).

Nəticələr adambaşına görə dəyişənlər üzrə də eynidir. Pul köçürmələri Almaniyadakı istehsal üçün tsiklik olmayan, Türkiyədəki istehsal üçün isə protsiklik olan təsir yaradır (aşağıya bax). Adambaşına düşən istehsal fərdi gəlir səviyyəsi olaraq da qəbul edilə bilər ki, bu zaman fərdin gəlirinin artması halında nəyin baş verməsi arasında əlaqə qurmaq olar: imiqrant ya az, ya da çox pul köçürməsi edə bilər.

Bunun Türkiyə iqtisadiyyatı üçün yaxşı və ya pis hal olması hal-hazırkı araşıdımanın daha sonrakı hissələrində müzakirə olunacaq. Bu araşdırmanın birinci və olduqca əhəmiyyətli tapıntısı ondan ibarətdir ki, 2005-ci ildən etibarən pul köçürmələri, 2005-ci ildən əvvəlki dövr ilə müqayisədə Türkiyə iqtisadiyyatına müxtəlif təsirlər göstərmişdir.

Əvvəlki ədəbiyyat göstərir ki, 2004-cü ilədək pul köçürmələrinin Türkiyə iqtisadiyyatı üzərində qeyri-tsiklik təsiri olmuşdur. Lakin Durdu & Sayanın (2010) araşıdırmasından da görsənir ki, pul köçürmələrinin təsiri zaman-zaman dəyişə bilər. Tansel & Yaşarın (2012) araşdırmasında Türk miqrantlarının pul köçürmələrin Türkiyə iqtisadiyyatına ÜDM-ni artırmaqıa müsbət təsir göstərdiyi iddia olunsa da, iqtisadi tsikli nəzərə alsaq, bu zaman pul köçürmələri böhran və resessiya dövründə arzuolunmaz nəticələrə səbəb ola bilər. Belə bir gözlənti var idi ki, son dövrlərdə Türkiyə iqtisadiyyatı böyümüşdür və getdikcə tənəzzüldən daha çox köpük vəziyyətinə yaxınlaşırdı. Bu, gələcəkdə daha çox miqrasiyaya səbəb ola bilər, çünki Akkoyunlu & Siliverstovsun (2013) araşdırmasında göstərildiyi kimi, pul köçürmələrinin müsbət təsirləri daha çox miqrasiya üçün stimul yaradır.

Belə iddia edilə bilər ki, Almaniyadakı Türk imiqrantlarının göndərdikləri pullar yalnız istehlak səviyyəsinə təsir göstərib və real iqtisadiyyat üzərində heç bir əhəmiyyətli təsir yaratmayıb. Real iqtisadiyyat pul vəsaitlərinin məhsuldar və səmərəli şəkildə istifadəsi fonunda böyüyür. Məsələn, iş yerləri yaradan layihələrə və ya insan kapitalına investisiya qoymaq, yaxud bilik kapitalını artırmaq iqtisadiyyata real müsbət təsir göstərər. Almaniyadakı Türk imiqrantları və onların ailələri (həmçinin qohumları) cəmiyyətin aşağı gəlirli təbəqəsindəndir və ona görə də göndərilən pulların real iqtisadiyyata investisiya kimi qoyulması ehtimalı olduqca aşağıdır. İstehlakı aşağı səviyyədə olan az-gəlirli ailələrin gəlirləri artanda, bu artım əlavə istehlaka xərclənilir. Bu isə, vəsaiti yığmaq və investisiyaya yönəltmək üçün əlverişli davranış sayılmır. Ona görə də fərz edə bilmərik ki, protsikliklər və pul köçürmələri arasında müsbət əlaqə Türkiyə iqtisadiyyatını gücləndirir. Baxdığımız dövrün (2005-2013) daha çox böyümə dövrü kimi və bunun da nəticəsi olaraq “köpük” dövrü kimi səciyyələndirildiyini nəzərə alaraq, pul köçürmələrinin yaratdığı protsiklilik iqtisadiyyatı təbii səviyyəsindən yuxarı qaldıra və beləliklə də daha yüksək inflyasiyaya səbəb ola bilər. Əslində əgər hər iki ölkənin İstehlak Səbəti İndeksinə (İSİ) nəzər salsaq görərik ki, Almaniya ilə müqayisədə Türkiyə iqtisadiyyatında infilyasiya sürətlə yuxarı qalxır.

 

Pul köçürmələrinin Türkiyədəki inflyasiyaya güman olunan təsirini müəyyənləşdirmək üçün fərqli bir metod tətbiq etməliyik. Bu təsiri daha yaxşı başa düşmək üçün inflyasiya-düzəlişli dəyişənləri istifadə edəcəm. Dəyişənlər İSİ rəqəmlərinə uyğun olaraq tənzimlənmişdir; Bu dəyişənləri İSİ rəqəmlərinə böləndə inflyasiya-düzəlişli məlumatları alırıq. İlk öncə, Alman məhsulu ilə əlaqəyə baxaq (aşağıya bax).

 

Cədvəldə göstərilən nəticələrə görə dəyişənlər arasında Granger səbəbiyyət əlaqəsi yoxdur. Bu, pul köçürmələrinin Almaniyadakı istehsal üçün tsiklik olmayan deməkdir. Nəticə heç də əvvəlki inflyasiya görə tənzimlənməyən dəyişənlər üzrə aparılmış testlərdən əhəmiyyətli dərəcədə fərqli deyil. Maraqlısı odur ki, bu pul köçürmələrinin Türkiyədəki istehsala təsiri var (aşağıya bax).

 

Bu nəticələr Türkiyədəki istehsal ilə pul köçürmələri arasında heç bir Granger səbəb-nəticə əlaqəsinin olmadığını göstərir. Başqa sözlə, pul köçürmələri Türkiyədə iqtisadi dəyişknliyə səbəb olmur və yaxud da tsiklilik təsiri yoxdur. Bu, inflyasiya düzəlişindən istifadə etmədən aparılan ilkin test nəticələrindən əhəmiyyətli dərəcədə fərqlənir. Beləliklə, bu, pul köçürmələrinin iqtisadi artım yox, inflyasiyaya səbəb ola biləcəyi ilə bağlı şübhələrimi doğruldur. Türk iqtisadiyyatına pul köçürmələrinin protsiklik xüsusiyyətləri ilə birlikdə, imiqrantların göndərdiyi pulların Türkiyə iqtisadiyyatına əsaslı müsbət təsiri olmadığını iddia etmək məntiqsiz deyil. Aşağı gəlirli ailələrin pul köçürmələri vasitəsi ilə istehlaklarını tənzimləməsi bu tapıntı ilə ziddiyyət təşkil etmir. Pul köçürmələrinin real iqtisadiyyata təsiri o zaman müsbət olardı ki, yüksək qabiliyyətli imiqrantlar makroiqtisadi dönüş məqsədi ilə real iqtisadiyyata pul yatırsınlar. Bu makroiqtisadi dəyişiklik yarada bilən investisiyalara ölkədə təhsil və ya real iş yarada bilən layihələr aiddir. Aşağı-səviyyəli işçilərin göndərdikləri pul köçürmələri nəticəsində yaranmış qısa müddətli istehlak artımından fərqli olaraq, təhsil və real iqtisadi layihələrə yatırılan investisiyaların uzunmüddətli müsbət təsirləri olur.

Nəticə

1970-ci illərdə, ölkələr arasındakı razılaşma nəticəsində ilk Türk işçiləri Almaniyaya getdikdə, Türk iqtisadiyyatı yüksəliş dövründə deyildi və ona görə də pul köçürmələri istehlakı artırmaqla iqtisadiyyatda artım təsiri yarada bilirdi. Buna baxmayaraq, son illərdə, xüsusilə də AKP-nin iqtidar partiyası olduğu dövrdə, Türkiyə iqtisadiyyatı nəzərəçarpan artım yoluna qədəm qoydu. Bu, AKP-nin liberal bazar iqtisadiyatı siyasətinin və İslam ritorikası sayəsində müvəffəqiyyətlə əldə etdiyi yüksək səfərbərlik gücünün fonunda mümkün olmuşdu. Məhz bu səfərbərlik gücü mühafizəkar Türk imiqrantların bütün seçkilərdə mühafizəkar AKP-yə səs verməsinə (www.ysk.gov.tr) və fədakarlıq göstərib pul köçürmələri etməsinə səbəb olmuşdur. Əvvəlki dövrlə müqayisədə pul köçürmələrinin yeni protsiklilik xüsusiyyətlərinin səbəbi bu prosesdə axtarılmalıdır. Lakin, imiqrantların göndərdikləri pul köçürmələrinin əsasən istehlakda istifadə edildiyini nəzərə alsaq, iqtisadi genişlənmə dövründə onun təsiri arzuolunmazdır (tənəzzül dövründə isə, arzuolunan ola bilər). Əvvəlki ədəbiyyatda təklif olunan və bu araşdırmada inkişaf etdirilən üsullardan (verilənlərin inflyasiyaya uyğunlaşdırılmış formada ayrıca təhlili) istifadə edərək, onu aşkar etdim ki, Türk işçilərinin Almaniyadan göndərdikləri pullar 2005-2013-ci illərdə müşahidə olunan yüksək inflyasiya ilə nəticələnən arzuolunmaz təsirlərə gətirib çıxarıb.

Ədəbiyyat siyahısı:

  1. Akkoyunlu, Ş, &Kholodilin, KA 2008, ‘A link between workers’ remittances and business cycles in Germany and Turkey’, Emerging Markets Finance & Trade, no.5, p. 23.
  2. Akkoyunlu, Ş, &Siliverstovs, B 2013, ‘The positive role of remittances in migration decision: Evidence from Turkish migration’, Journal of Economic & Social Reseach, vol. 15, no.2, pp. 65-94.
  3. Durdu, CB, &Sayan, S 2010, ‘Emerging market business cycles with remittance fluctuations’, IMF Staff Papers, no. 2, p. 303.
  4. Sayan, S, &Tekin-Koru, A 2010, ‘Remittances, business cycles and poverty: The recent Turkish experience’. International Migration, vol. 50, no.s1, p. e151-e176.
  5. Tansel, A, &Yasar.P 2012, ‘Türkiye işçi dovizlerinin toplam üretim büyümesine makroekonomik etkisi’, Migration Letters, vol.9.4, pp. 347-351.