1918-ci il 28 May tarixində Azərbaycan Milli Şurası Tiflis şəhərində müstəqil Azərbaycan Xalq Cümhuriyətinin (AXC) qurulduğunu elan etdi. Milli Şura, müstəqillik elanından bir gün əvvəl Zaqafqaziya Seyminin azərbaycanlı üzvlərindən formalaşmışdı. Yenicə yaradılmış Azərbaycan hökumətinin qarşısındakı ən vacib məsələ idarəsinə iddia etdiyi tarixi torpaqlarına sahib çıxmaq idi. Lakin paytaxt Bakı şəhəri də daxil olmaqla bu ərazinin böyük bir hissəsi bolşeviklərin, erməni hərbi hissələrinin, həmçinin Rusiyada alovlanmış vətəndaş müharibəsində iştirak edən müxtəlif qüvələrin nəzarəti altında idi. Formal olaraq müstəqilliyi elan edilmiş AXC-nin yaşaması üçün Bakını, şəhərdə 1918-ci ilin martında yerli müsəlman əhaliyə qarşı qırğınlar törədərək hakimiyyəti ələ almış bolşeviklərdən azad etmək həyati əhəmiyyət kəsb edirdi. 1918-ci ilin yayında Azərbaycan ətrafında cərəyan edən istər daxili və istərsə də beynəlxalq vəziyyət təcili hərəkətə keçməyi zəruri edirdi. İyun ayında Azərbaycan hökuməti Gürcüstanın paytaxtı Tiflisdən Azərbaycan şəhəri olan Gəncəyə köçdü.

Digər tərəfdən, Azərbaycan hökumətinin Gəncəyə gəlişindən bir neçə gün öncə, iyun ayının 12-də Bakı Sovetinin rəhbəri və erməni əsilli məşhur bolşevik inqilabçı Stepan Şaumyan Bakı Soveti hərbi hissələrinin Gəncəni ələ keçirmək məqsədilə hücumuna razılıq almaq üçün Vladimir Leninə və İosif Stalinə teleqraf göndərdi.  Lakin Bakı Xalq Komissarları tərəfindən Gəncə şəhərini ələ keçirmək məqsədi ilə edilmiş hərbi hücüm uğursuzluqla nəticələndi.

Azərbaycan hökuməti isə öz növbəsində Gəncəyə köçməzdən bir neçə həftə əvvəl, yəni iyun ayının 4-də Osmanlı dövləti ilə müqavilə imzalamışdı. Bu müqaviləyə əsasən də Nuri Paşanın rəhbərliyi altındakı türk hərbi qüvvələrindən formalaşan Qafqaz İslam Ordusu (QİO)  ilə General Şıxlınskinin rəhbərliyi altındakı, əsasən keçmiş Çar Ordusunun azərbaycanlı süvarilərindən formalaşacaq milli ordu paytaxtı Bakı Sovetindən almaq üçün hazırlıqlara qədəm qoydu. Bakı istqamətində hərbi yürüş iyunun 19-da başladı.

Lakin Osmanlının əsas müttəfiqi olan Almaniya Azərbaycanla türklər arasında dostluq müqaviləsinin imzalanmasından elə də məmnun deyildi. İstanbuldakı Almaniya səfirliyi Berlinə məlumat verirdi ki, türklər Qafqazın tatar (azərbaycanlı-müəllif) hissəsi ilə müqavilə bağlamışlar. Artıq birinci dəfə deyildir ki, türklər tamamilə özbaşına olaraq Qafqazın bu hissəsini Azərbaycan adlandırırlar. Almanların etirazlarına baxmayaraq iyunun 23-də QİO-nun dəstəyi ilə Azərbaycan milli hökuməti bütün ölkədə hərbi vəziyyət elan etdi. Yaxın Şərqdə Britaniya ordularına məğlub olduqdan sonra Gürcüstana göndərilmiş alman generalı Fridrix fon Kressin bölüyü İslam Ordusunun Bakıya doğru hərəkətinə mane olmaq istəsə də, onun zabitləri dərhal türklər tərəfindən həbs edildilər. İyun ayının 24-də İstanbuldan təlimat gəldi ki, Azərbaycan ərazisində Osmanlı ordusundan başqa digər bir ordu ola bilməz.

Bölşeviklər və onları dəstəkləyən erməni Daşnak partiyasına sadiq hərbi hissələri ilə QİO arasında ilk böyük döyüş iyunun 27-i ilə iyulun 1-i arasında Göyçay-Qaraməryəm cəbhəsində baş tutdu. Hərbi əməliyyatlar Bakı Soveti qoşunlarının ciddi məğlubiyyəti ilə başa çatdı. Bolşevik komandir Petrov və onun Petroqraddan göndərilmiş təxminən min nəfərlik dəstəsinin Bakı Soveti qoşunlarının döyüş meydanından qaçmasının qarşısını almaq üçün gördüyü bütün cəhdlər uğursuzluqla nəticələndi. Əlavə olaraq, Petrov birgə bolşevik-erməni hissələrinin  yerli müsəlman əhalisinə qarşı cinayətlərindən qəzəblənmişdi. O, Petroqraddakı Mərkəzi Rusiya hökumətinə şikayət edirdi ki, bu mövcud xaosda o ali inqilab məqsədləri uğrunda mübarizə apardığından əmin deyil və sanki özünü quldurların arasına düşmüş kimi hiss edir.

İyulun 20-də QİO orta əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhərini azad etdi. Bakıının azad edilməsi məqsədinin həyata keçirilməsi işində Şamaxıya nəzarətin müsəlmanlara qaytarılması böyük hərbi ştrateji əhəmiyyətə malik hadisə idi. Şəhərin müsəlman əhalisi Osmanlı qoşunlarını sevinclə qarşıladı, çünki bir neçə ay əvvəl onlar Bakı Soveti tərəfindən göndərilmiş erməni dəstələrinin törətdiyi cinayətlərdən olduqca böyük əziyyət çəkmişdilər.

Şamaxını sürətlə azad etməyə müvəffəq olan QİO-nun Bakının astanasına gəlib çıxdıqdan sonra burada ləngiməsi Sovet Rusiyası rəhbərliyinin Osmanlının müttəfiqi olan Almaniya vasitəsilə türklərə təzyiq etməsi ilə bağlı idi. 1918-ci ilin iyul ayının əvvəllərində Almaniyanın İstanbuldakı səfirliyinin hazırladığı hesabatda göstərilirdi ki, “əgər biz bolşeviklərlə sazişə gələ bilsək, onda Bakının neft mədənləri və neft ehtiyatları bütövlükdə əlimizə salamat keçəcək. Əgər bunun əksinə olaraq, bolşeviklər şəhəri tərk etməyə məcbur olsalar, mədənləri yandıracaqlar, bu halda nə biz, nə də türklər neft ehtiyatlarından istifadə edə biləcəyik.” Türkləri fəal hərbi əməliyyatlardan çəkindirmək üçün Almaniyanın əsas hərbi rəhbərlərindən olan general Lüdendorf özü işə qarışmışdı. O, Ənvər paşanı təhdid edirdi ki, əgər Bakı üzərinə hücum dayandırılmasa, türk ordusunda xidmət edən bütün alman zabitlər geri çağırılacaq.

Amma rəsmi əmrlərində Ənvər paşa hücumun dayandırılmasına göstəriş versə də, elə həmin vaxt QİO-ya göndərdiyi gizli teleqrafında o, qeyd edirdi ki, “38-ci piyada alayını və bir topçu taborunu Qazax yolu ilə Nuru paşaya köməyə göndərmişəm”. Ənvər Paşa hətta Bakıya doğru hərəkətə mane ola biləcək alman hərbi dəstələri ilə döyüşə girilə biləcəyini də istisna etmirdi.

“Azərbaycan məsələsi”ni öz daxili işinə çevirməyə böyük ümid bəsləyən Sovet Rusiyası isə belə güman edirdi ki, Almaniyanın təzyiqi ilə Osmanlı-Azərbaycan qoşunlarını geri çəkilməyə məcbur edə biləcəkdir. Ona görə Stalin iyulun 8-də Şaumyana yazdığı məktubda məsləhət görürdü ki, almanlarla qarşılaşmamaq üçün Yelizavetpoldan (Gəncədən – müəllif) o tərəfə keçməyin, istiqlaliyyəti Almaniya tərəfindən tanınmış Gürcüstana qətiyyən daxil olmayın. O, yazırdı: “Ola bilsin ki, biz gürcü məsələsində almanlara güzəştə gedək, lakin biz bu güzəşti, ancaq o şərtlə edə bilərik ki, almanlar erməni və Azərbaycan probleminə müdaxilə etməyəcəklərinə təminat versinlər”.

Göyçay-Qaraməryəm döyüşü birgə bolşevik-daşnak ordusuun süqutuna yol açmışdı. Bakını əldə saxlamaq üçün bolşeviklər hətta, sinfi düşmən adlandırdıqları, Sovet hakimiyyətinin qatı əleyhdarı, İrandakı rus kazak alayının komandanı polkovnik Lazar Biçeraxovla belə sazişə girib onu köməyə çağırmışdılar. QİO-nun Bakını almasına mane olmaq üçün iyulun 5-də dəniz yolu ilə Ənzəlidən gələn Biçeraxovun kazak dəstləri 2 gün sonra cəbhə xəttinə yerləşdirilmişdi. Qeyri-müsəlman Bakı mətbuatı onu xilaskar adlandırıb “kiçik Napaleona” bənzədirdi. Biçeraxov haqqında şəhərdə əfsanələr dolaşırdı. Bakının Biçeraxova rəğbət bəsləyən qeyri-müsəlman yerli gəncləri ona bənzəmək üçün saçlarını da onun kimi qırxdırırdılar. Amma bu “xilaskar” avantürist cəbhədə vəziyyətlə tanış olduqdan dərhal sonra şimala, Dağıstana doğru hərəkət edərək şəhərdən çıxmışdı.

Biçeraxovun şəhərdən çıxması bolşeviklerin vəziyyətini daha da ağırlaşdırdı. İyulun 24-də eser-menşevik-daşnak bloku Bakıda hakimiyyəti bolşeviklərdən almaq üçün ilk cəhd etdi. Onlar şəhəri irəliləyən QİO-dan müdafiə etmək məqsədilə Ənzəlidə dəvət gözləyən britaniyalıları Bakıya çağırmağı təklif etdilər. İyu­lun 30-da Bakıdakı Sovet hökuməti or­du­su­nun rəh­bər­lə­rin­dən bi­ri polkovnik Ave­ti­sov rəhbərliyə mə­lu­mat ver­di ki, mü­qa­vi­mə­tin da­vam et­di­ril­mə­si əhə­miy­yətsiz­dir. İyu­lun 31-də türk­lərin şəhərin ətrafındakı Şıx yük­sək­lik­lə­ri­ni və Bi­bi-Hey­bə­ti ələ ke­çi­rməsindən sonra Bakı Sovetinin iclasında bolşevik Şaumyanın rəhbərliyi altındakı hökumət istefa verdi və ko­mis­sarlar Həş­tər­xa­na yo­la düş­dü­lər.

Elə həmin axşam, iyu­lun 31-də Azərbaycanın baş na­ziri Fətəli Xan Xoyski İstanbuldadakı Azərbaycan diplomatik missiyasının başçısı Rə­sul­za­də­yə ya­zır­dı: “İki gün əv­vəl Məm­məd Hə­sən Hacınski cəb­hə­yə ge­dib, bu ax­şam mən də yo­la dü­şü­rəm. Bi­zim or­du Ba­kı­ya ça­tıb, Qo­bu, Xır­da­lan və Sum­qa­yı­tı tu­tub, də­mir yo­lu bo­yun­ca isə Ha­cı­qa­bul­la Ələt ara­sın­da­dır, ümid edi­rəm ki, əgər föv­qə­la­də bir ha­di­sə baş ver­məz­sə, Ba­kı bi­zim tə­rə­fi­miz­dən gö­tü­rü­lə­cək”.

La­kin bolşeviklər hə­lə şə­hər­dən uzaq­laş­ma­mış, er­mə­ni Mil­li Şu­ra­sı­nın, daş­nak­la­rın və menşeviklərin nəzarətində olan “Sent­ro­kas­pi və So­ve­tin Mü­vəq­qə­ti İcra­iy­yə Ko­mi­tə­si­nin Rə­ya­sət He­yə­ti­nin dik­ta­tu­ra­sı” de­yi­lən ye­ni bir hö­ku­mət təş­kil edil­di. Bu hökumətin ilk addımı şəhərdən qaçan komissarları “Nargin” adası yaxınlığında həbs edib şəhərə qaytarmaq idi. Eyni zamanda “Bakını Rusiya üçün xilas etməkdən ötürü” Sentrokaspi Diktaturası britaniyalıları Bakıya dəvət etdi.

Ba­kı Xalq Ko­mis­sar­la­rı So­ve­ti­nin dev­ril­mə­si Azər­bay­can hö­ku­mə­ti tə­rə­fin­dən mü­hüm ha­di­sə ki­mi qar­şı­lan­dı. Bu ha­di­sə Alma­ni­ya və Avstri­ya­nın Cə­nu­bi Qaf­qaz­da olan nü­ma­yən­də­lə­ri­nin Ba­kı mə­sə­lə­sin­də əvvəlki mövqelərindən ge­ri çə­kil­mə­si ilə nə­ti­cə­lən­di. Bu ba­rə­də baş nazir Fətəli Xan Xoys­ki M.Ə.Rə­sul­za­də­yə ya­zır­dı: “Mə­lu­mat üçün bil­di­ri­rəm ki, Ba­kı­da bol­şe­vik ha­ki­miy­yə­ti dev­ril­miş­dir. Ru­si­ya bol­şe­vik­lə­ri­nin nü­ma­yən­də­lə­ri həbs edil­miş­dir. Mə­dən­lə­rin bir his­sə­si və bü­tün Abşe­ron ya­rı­ma­da­sı bi­zim əli­miz­də­dir. Biz əmi­nik ki, ya­xın gün­lər­də şə­hər təs­lim ola­caq. Alma­ni­ya və Avstri­ya mis­si­ya­la­rı­nın baş­çı­la­rı də­fə­lər­lə bu­ra­da bi­zi əmin et­miş­lər ki, on­lar Ba­kı­nı Azər­bay­ca­nın ay­rıl­maz his­sə­si və pay­tax­tı ki­mi ta­nı­yır­lar. İndi on­lar, hət­ta or­du da­şın­ma­sın­da bi­zə yar­dım da gös­tə­rir­lər.”  Ge­ne­ral Lü­den­dor­fdan fərqli olaraq türk ordusunun baş qərargahına rəhbərlik edən general Hans fon Zekt Berlini İslam Ordusunun Bakını azad etməsinə mane olmamağa razı sala bilmişdi. Avqus­tun 2 – 3-də türk və Azər­bay­can or­du­la­rı müx­tə­lif is­ti­qa­mət­lər­dən şə­hə­rə da­xil ol­mağa çalışdılar. Bu zaman hələ sahildə mühasirədə saxlanılan bolşeviklərin hərbi qüvvələri Sentrokaspiçilərə öz yardımlarını təklif etdi və onların birgə müqaviməti QİO-nun irəliləməsinin qarşısını aldı.

Bu zaman artıq polkovnik Stokes başda olmaqla 240 nəfərdən ibarət olan ilk Britaniya dəstəsi Bakıya gəlmişdi. Az son­ra, av­qus­tun 9-17 ara­sı Britaniyanın Qafqaz Hərbi Missiyası, komandiri general-mayor Lionel C. Denstervilin adı ilə bağlı olaraq “Denster qüvvəsi” adlanan üç ba­tal­yon, bir səh­ra ar­til­le­ri­ya ba­ta­re­ya­sı və bir ne­çə zi­reh­li ma­şın­dan iba­rət olmaqla min nəfərə yaxın Britaniya hər­bi qüv­və­lə­ri Ba­kı­ya da­xil ol­du­lar. Türklər şəhər ətrafı yüksəklikləri azad etdikləri üçün general Denstervill ehtiyat etdiyindən Sentrokaspi Diktaturası tərəfindən onun üçün ayrılmış iqamətgahda deyil, Ənzəlidən gəldiyi “Admiral Kryuger” gəmisində gecələyirdi. Şəhərə gələn Britaniya hərbi qüvvənin azlığı müdafiəçiləri məyus etmişdi. Ona görə də yerli qeyri-müsəlman şəhər əhalisində ruh yüksəkliyi yaratmaq üçün axşamlar 2-3 yüz Britaniya əsgərlərini gəmilərə mindirib dənizi dolandırır və səhər yeni qüvvə kimi onları limana gətirirdilər. Şəhərdə hərbi vəziyyətlə tanış olduqdan sonra Denstervill Sentrokaspi liderlərinə etiraf etdi ki, “Bakını türklərin hücumundan heç fələk də xilas edə bilməz.” İngilislərin qaçmaq istədiyini duyan Sentrokaspi başçılarından olan donanma zabiti Tyuşkov dedi ki, sahildən dənizə doğru yan alan hər hansı gəmi topa tutulacaq. Bir növ türklərin sonuncu hücumunu səbirsizlikə gözləyən britaniyalılar Bakıda Sentrokaspi hökumətinin girovuna çevrildilər. O, yerli əhalinin müharibəyə münasibətini həlledici hesab edir və bildirirdi ki,  mart qırğınlarından sonra şə­hər­də qa­lan mü­səl­man­la­rın ha­mı­sı ol­ma­sa da, bö­yük ək­sə­riy­yə­ti türk-azərbaycanlı qoşunlarını sa­lam­la­ma­ğa ha­zırdır və onları səbirsizliklə gözləyirlər.

Avqust ayı­nın əv­vəl­lə­rin­də QİO Ba­kı­nın mü­ha­si­rə həl­qə­si­ni da­ha da da­ralt­dı. Avqus­tun 8-də QİO-dan Mür­səl pa­şa­nın ul­ti­ma­tu­mu Dik­ta­tu­ra­nın mət­bu­a­tın­da dərc edil­di. Ayın 10-da Abşe­ron yarımadasındakı bəzi kənd­lə­r Sent­ro­kas­pi Dik­ta­tu­ra­sı­na qar­şı üs­yan qal­dır­dı­lar. Tezliklə QİO Maştağa kəndini azad etdi. Lakin avqust ayı­nın or­ta­la­rın­da İstan­bul­da­kı nü­ma­yən­də­lik­dən AXC xa­ri­ci iş­lər na­zir­li­yi­nə gön­də­ri­lən mə­lu­mat­dan ay­dın olur ki, al­man­lar ye­ni­dən türk­lə­rin Ba­kı­ya doğ­ru irə­li­lə­mə­lə­ri­nə ma­ne ol­ma­ğa cəhd gös­tə­rir­lər. Rə­sul­za­də ya­zır­dı: “Ayın 17-də Ənvər pa­şa­nın və xa­ri­ci iş­lər na­zi­ri­nin ya­nın­da ol­dum. Bir gün əv­vəl Tə­lət pa­şa ilə şəx­sən gö­rüş­müş­düm. Mə­sə­lə bun­da­dır ki, al­man­lar türk or­du­su­nun Qaf­qa­zın içə­ri­si­nə doğ­ru irə­li­lə­mə­si­nə eti­raz edir, xü­su­si­lə Ba­kı üzə­ri­nə yü­rü­şün da­yan­dı­rıl­ma­sı­nı tə­ləb edir­lər. Onlar eh­ti­yat edir­lər ki, ge­ri çə­ki­lər­kən bol­şe­vik­lər britaniyalıların Ru­mı­ni­ya­da et­dik­lə­ri ki­mi bu­ruq­la­rı da­ğıt­sın­lar, neft eh­ti­yat­la­rı­nı məhv et­sin­lər. Ona gö­rə al­man­lar mə­sə­lə­nin sülh yo­lu ilə həll edil­mə­si­nə üs­tün­lük ve­rir­lər. Hət­ta bir vaxt­lar on­lar Ba­kı­nı, Şa­ma­xı və Sal­yan da da­xil ol­maq­la, onun ət­ra­fı ilə bir­lik­də müs­tə­qil ta­nı­ma­ğa tə­rəf­dar olub­lar. Bu niy­yət­lər türk­lər tə­rə­fin­dən qə­ti eti­raz­la qar­şı­la­nıb.” General fon Zekt avqustun 19-da Almaniya baş qərargahı və Lüdendorfa yazırdı ki, britaniyalıların Bakıya girməsi fərqli vəziyyət yaradır. İndi türklərin sürətli hücumu ilə neft mədənlərinin dağıdılmasının qarşısını almaq olar. O, Ənvər paşanın “biz nə qədər şəhəri tez tutsaq, neft mədənlərinin dağıdılması üçün təhlükə bir o qədər az olacaq” vədini Berlinə çatdırırdı. Zekt əlavə edirdi ki, mən Ənvərin fikrinə qoşuluram və türklərə hərbi dəstək vermək lazımdır ki, neft mədənlərinin tezliklə ələ keçrilməsinə və etibarı şəkildə saxlanmasına nail olsunlar.

İngilislər Bakıda görünəndən sonra avqustun 17-də Ənvər paşa özü də Berlinə göndərdiyi teleqramda Alman hərbi hissələrinin yardımı ilə təcili olaraq Bakını azad etməyi zəruri hesab edirdi. Avqustun ikinci ongünlüyündə Osmanlı Hərbi nazirliyinin Almaniya Baş qərargahı ilə sıx yazışmaları bilavasitə Bakı barəsində idi. Lakin Almaniya Xarici İşlər Nazirliyi məsələnin belə qoyuluşu ilə razı deyildi. Nazirliyin məsul nümayəndəsi Baron Berkhaym bildirirdi ki, britaniyalıların gələcəkdə Bakıda möhkəmlənməsindən ehtiyat edərək mən yenidən öz təklifimdə təkid edirəm ki,  Bakının Rusiya idarəçiliyində qalması məsələsində Osmanlını və Sovet Rusiyasını bir araya gətirmək lazımdır. Bakıda elə bir idarəçilik yaradılmalıdır ki, Osmanlının ehtiyaclarını nəzərə almaqla Almaniya və Rusiyanının neftlə təchiz edilməsinə təminat versin. Bu məsələdə anlaşmanın gec əldə edilməsi, britaniyalıların Bakıda möhkəmlənməsinə şərait yaradacaq. Berlində olan Sovet Rusiyasının müvəqqəti işlər vəkili Adolf İoffe Almaniya Xarici işlər nazirliyinə bildirmişdi ki, onun ölkəsi türklərin Bakıya girməsinə qəti etiraz etsə də, Almaniyanın britaniyalıları Bakıdan vurub çıxarmasını və şəhəri gələcəkdə Rusiyaya qaytarmaq şərti ilə müvəqqəti idarə etməsini “qeyri-dost” addımı hesab etmir. Lakin Almaniya Xarici İşlər Nazirliyi Bakının birgə idarəçiliyinə razılıq vermədi. Almaniya Xarici İşlər Naziri  Paul fon Hintze Almaniya baş qərəgahına bildirirdi ki, Ali Hərbi komandanlığın qərarına görə Bakı Rusiyanın idarəsində qalmalıdır; bütün vasitələrlə türklərin şəhərə girməsinə müqavimət göstərilməlidir; neft göndərilməsi məsələsində Rusiya ilə razılığa cəhd edilməlidir. Avqustun 18-də Lüdendorf da bu təkliflərlə razı olduğunu bildirdi. Bu qərar avqustun 27-də Rusiya ilə Almaniya arasında imzalanmış gizli müqavilədə öz əksini tapdı. Lakin bu müqavilədən bir neçə gün sonra Berlinə səfər edən Osmanlı baş naziri Tələt paşa Almaniya paytaxtında apardığı danışıqlarda açıq şəkildə anlatdı ki, Bakı Azərbaycana məxsusdur. Baş nazir və Gürcüstan Xarici işlər naziri A. Çxenkeli ilə yazışmalardan sonra Fridrix Hans fon Rozenberq  Alman hökumətinə bildirirdi ki, Osmanlı və Gürcüstan tərəfindən müdafiə olunan Azərbaycan Bakını azad etmək üçün kifayət qədər gücə malikdir.

Bu­na bən­zər mə­lu­ma­tları av­qustun ortalarında Ənvər pa­şa da Nu­ru pa­şa­ya ya­zır­dı. O bil­di­rir­di ki, Alma­ni­ya ilə apa­rı­lan da­nı­şıq­lar cid­di bir nə­ti­cə ver­mə­di, on­lar Brest-Litovsk sazişinə əməl edil­mə­sin­də və rus­lar­la sül­hün po­zul­ma­ma­sın­da is­rar­lı­dır­lar. Ənvər pa­şa ya­zır­dı: “Alman­lar Ba­kı şə­hə­ri­ni azər­bay­can­lı­la­ra bu­rax­maq tə­ə­hhü­dü al­tı­na gir­mək is­tə­məz­lər­sə də, tə­şək­kül edə­cək Azər­bay­can hö­ku­mə­ti­nin Ba­kı­sız ya­şa­ya bil­mə­yə­cə­yi­ni id­di­a və bu nöq­tə­də is­rar edi­rik”.

Həmin günlər İstanbuldan Rə­sul­za­də­nin Xa­ri­ci İş­lər na­zi­ri Ha­cıns­ki­yə gön­dər­di­yi təcili mək­tub­da Ba­kı­nın azad edil­mə­si­nin sü­rət­lən­di­ril­mə­si əhəmiyyəti vurğulanırdı.1918-ci ilin ya­yın­da Qərb cəb­hə­sin­də Alma­ni­ya­nın məğ­lu­biy­yə­ti bey­nəl­xalq və­ziy­yə­ti əsas­lı şə­kil­də də­yiş­di­rə bi­lər­di. Ha­di­sə­lə­rin ge­di­şi ilə da­ha ya­xın­dan ta­nış olan və onun do­ğu­ra bi­lə­cə­yi si­ya­si nə­ti­cə­lə­ri da­ha ay­dın gö­rən Rə­sul­za­də bil­di­rir­di: “Han­sı yol­la, nə­yin ba­ha­sı­na olur­sa-ol­sun Ba­kı tez­lik­lə azad edil­mə­li­dir. Əks təq­dir­də biz baş ver­miş fakt qar­şı­sın­da, çə­tin və­ziy­yət­də qa­la­rıq. Ba­kı­ya doğ­ru hə­rə­kət yal­nız Azər­bay­ca­nın adın­dan ol­ma­lı­dır, onu Azər­bay­can hö­ku­mə­ti tut­ma­lı­dır. Ayrı cür olar­sa çə­tin­lik­lər ya­ra­na bi­lər”. Bey­nəl­xalq aləm­də ge­dən ha­di­sə­lə­ri təh­lil et­dik­dən son­ra Rə­sul­za­də Azər­bay­can hö­ku­mə­ti­nə bil­dirir­di: “Siz Ba­kı­nı tut­ma­lı­sı­nız ki, ha­mı baş ver­miş fakt qar­şı­sın­da qal­sın.” Baş na­zir Fə­tə­li xan da öz növ­bə­sin­də Rə­sul­za­də­dən xa­hiş edir­di ki, Ba­kı­nın azad edil­mə­si üçün İstan­bul­da­kı dip­lo­ma­tik səy­lə­ri­ni ar­tır­sın­lar. O ya­zır­dı: “Əsas mə­sə­lə kimi Ba­kı mə­sə­lə­si hə­lə həll olun­ma­yıb və bil­mi­rik ki, ya­xın­da həll ola­caq­, ya yox. Bü­tün gü­cü­nüz­dən is­ti­fa­də et­mək la­zım­dır ki, İstan­bul­da bu mə­sə­lə­nin tez həl­li­nə na­il ola­sı­nız, əks təq­dir­də son­ra müm­kün­süz ola­caq. Ba­kı­da ar­tıq bü­tün tex­ni­ki va­si­tə­lər­lə təc­hiz olun­muş iki min­ əs­gər­dən iba­rət britaniyalılar gö­rün­mə­yə baş­la­yıb­lar. Və­ziy­yət hər gün ağır­la­şır. Qa­ra­bağ is­ti­qa­mə­tin­dən Zən­gə­zur qə­za­sı­nın bir his­sə­si­ni iş­ğal edib, Şu­şa qə­za­sı­nı biz­dən ayı­rmaq istəyən Andrani­kin or­du­su hə­rə­kət edir. Ba­kı mə­sə­lə­si həll olun­ma­mış heç nə edə bil­mə­rik.”

Avqus­tun 26-da məşhur Pal­çıq Vul­ka­nları is­ti­qa­mə­tin­dən türk or­du­su­nun Ba­kı­ya güc­lü hü­cu­mu baş­la­dı. Bu mən­tə­qə­də yer­lə­şən Britaniya ro­ta­sı bö­yük it­ki ver­di. Avqus­tun 31-də Bakı ətrafındakı Bi­nə­qə­di, Di­gah, Məhəmməd­li kəndləri QİO nəzarətinə keçdilər. Həmin günlərdə öz müttəfiqlərinə qarşı qəzəbli olan Dens­ter­vill çarəsizcə ya­zır­dı: “Mən­də be­lə bir sual ya­ran­ır ki, in­di­ki şə­ra­it­dən heç bir çı­xış yo­lu ol­ma­dı­ğı hal­da, bu qə­dər in­sa­nın hə­ya­tı­nı təh­lü­kə­də qoy­ma­qda mən nə qə­dər haq­lı­yam. Bu in­qi­lab­çı­lar və on­la­rın ko­mi­tə­lə­ri yı­ğın­caq­lar­da çı­xış et­mək­dən baş­qa heç nə­yə ya­ra­mır­­lar. Dö­yü­şə yol­la­nan­da on­la­rın ba­tal­yon­la­rı ic­las ke­çi­rir­di­lər, və­ziy­yət ağır­la­şan­da dö­yüş mey­da­nı­nı qo­yub ye­ni­dən şə­hərə qa­çır­dı­lar”.

Sent­yabr ayı­nın əv­vəl­lə­rin­də bey­nəl­xalq və­ziy­yə­tin Antan­ta­nın xey­ri­nə də­yiş­mə­si Alma­ni­ya­nın 27 av­qust sa­zi­şi­nə ma­ra­ğı­nı zə­if­lət­di. 1918-ci ilin pa­yı­zın­da İstan­bul­dan gön­dər­dik­lə­ri mək­tub və te­leq­ram­lar­da Azər­bay­can nü­ma­yən­də­lə­ri si­ya­si və­ziy­yə­tin də­yiş­di­yi­ni vur­ğu­la­yır, ya­ran­mış mü­rək­kəb, hər an də­yi­şən şə­ra­it­də Ba­kı­nın tez­lik­lə azad edil­mə­si­ni zə­ru­ri he­sab edir­di­lər. Azər­bay­can nü­ma­yən­də­lə­ri ilə gö­rü­şün­də Ənvər pa­şa qeyd edir­di ki, britaniyalıların Ba­kı­ya da­xil ol­ma­sı Alma­ni­ya tə­rə­fin­dən Azər­bay­can pay­tax­tı­nın azad edil­mə­si­nə qar­şı olan mü­qa­vi­mə­ti he­çə en­dir­miş­dir. Rə­sul­za­də İstan­bul­dan xəbərdarlıq edirdi ki, “Ba­kı mə­sə­lə­si, an­caq gücdən ası­lı­dır. Əgər Ba­kı alın­ma­sa hər şey bit­di. Əlvi­da, Azər­bay­can. Hət­ta alın­dıq­dan son­ra be­lə biz çox­lu dip­lo­ma­tik çə­tin­lik­lər­lə qar­şı­laş­ma­lı ola­ca­ğıq. Bu və­zi­fə­ni ye­ri­nə ye­tir­mək üçün biz qa­baq­ca­dan or­du­nu ha­zır­la­ma­lı­yıq. Bu mə­sə­lə ilə bağ­lı Osmanlıda ic­ti­ma­i rəy və si­ya­si da­i­rə­lər son həd­də qə­dər na­ra­hat­dır.” Bakının azad olmasının qaçılmaz olduğunu görən Almaniya Baş qərargahı 1918-ci ilin sentyabrın 10-da Gürcüstandakı alman hərbi hissələrinin komandanı geneal fon Kressə əmr verdi ki, Bakının ələ keçirilməsinə hazırlaşmaq lazımdır və əməliyyat tam hazır olanda Berlinə məlumat versin. Məhz o zaman Kress əməliyyatı icra etmək üçün əmr alacaqdı və eyni zamanda o nəzərə almalı idi ki, bu plan bilavasitə alman orduları tərəfində həyata keçirilməlidir. Əgər ehtiyac yaranarsa, Osmanlı və Azərbaycan ordusunun da əməliyyata cəlb edilməsi mümkün sayılırdı. Lakin almanlar yazışdığı müddətdə Bakının azad edilməsinin  son tarixi artıq İstanbulda təsdiq edilmiş və QİO komandanlığına əmr gəlmişdi: Sentyabrın 15-də müsəlmanlar müqəddəs Qurban bayramını öz şəhərlərində qeyd etməlidirlər!

1918-ci ilin ya­yın­da və pa­yı­zın­da cid­di hər­bi, dip­lo­ma­tik ha­zır­lıq­dan son­ra Ba­kı­ya həl­le­di­ci hü­cum baş­lan­dı. Sentyabrın 15-də Britaniya hər­bi qüv­və­lə­ri Ba­kı­nı tərk et­di­lər. Dens­ter­vil­ldən acıq­lı olan Sent­ro­kas­pi Dik­ta­tu­ra­sı­nın rəh­bər­lə­ri Ba­kı də­niz ar­til­le­ri­ya­sı tə­rə­fin­dən onun gə­mi­lə­ri­nə atəş açı­la­ca­ğı ilə hə­də­lə­sə­lər də, ar­tıq gec idi. Axşa­ma ya­xın cəb­hə­dən qa­çan er­mə­ni dəs­tə­lə­ri­nin bir his­sə­si də erməni Hərbi Komissar ge­ne­ral Baq­ra­tu­ni baş­da ol­maq­la, Ənzə­li­yə qaçdı. Sentrokaspi hökuməti tərəfindən həbs olunmuş Bakı XKS-nin rəhbərliyi həmin hökumətin rəsmilərindən olan Abram Velunsun yardımı ilə bolşevik Anastas Mikoyan tərəfindən azad edildi və onlar da Bakını tərk etdilər. 30 saat davam edən son hərbi əməliyyatdan sonra sent­yab­rın 15-də Azər­bay­can or­du his­sə­lə­ri Ba­kı­ya da­xil ol­du. Məhəmmd Əmin Rə­sul­za­də Bakının azad edilməsi ilə bağlı sevincini belə dilə gətirirdi: “Altı ay ta­mam xu­ni-ci­gər ye­yən əh­va­li-is­la­miy­yə­si­nin üzü gü­lü­yor. Qur­ban bay­ra­mı ki­mi mə­sud bir gün­də Ba­kı tək­rar kən­di sa­hib­lə­ri­nin əli­nə ke­çi­yor… Qa­fa­sı məş­hur gil­yo­tin mən­gə­nə­sin­də bu­lu­nan bir ada­mın xi­la­sı na­sıl bir hə­ya­ti-no­vin isə, Ba­kı­nın azad olun­ma­sı də­xi o nis­bət­də ecaz­kar bir və­qi­ə idi”.

Neft Ba­kı­sı uğ­run­da bö­yük döv­lət­lər ara­sın­da baş­lan­mış gər­gin mü­ba­ri­zə Azər­bay­ca­nın qə­lə­bə­si ilə nə­ti­cə­lən­di. Yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti üçün paytaxtın azad edilməsi əldə olunmuş ilk böyük uğur idi. Qeyd etmək lazımdır ki, müharibədə öz məqsədlərinin də olmasına baxmayaraq Osmanlı İmperiyasının əvəzsiz yardımı olmadan bu əhəmiyyətli qələbəyə yetişmək həddindən artıq çətin, bəlkə də mümkünsüz olardı.