Azərbaycanın iqtisadi həyatında 2020-ci il müxtəlif dövlət fondlarının (faktiki xeyriyyə fondlarının) yaranması ilə yadda qaldı. Müvafiq fondların fəaliyyəti qısa müddət ərzində olmasına baxmayaraq, iqtisadi proseslərə ciddi təsir etdi. Bunu nəzərə alaraq, biz qısa olaraq onların fəaliyyətini təhlil edib, iqtisadi proseslərə təsirini müəyyən etməyə çalışdıq. Fikrimizcə bu xeyriyyə fondlarına ianələr vətəndaşlar (xüsusən dövlət qurum və şirkətlərində çalışan şəxslər) üçün faktiki olaraq əlavə vergi növünə çevrildi. Başqa tərəfdən bu fondlar müvafiq sahələr üçün kifayət qədər dəstəyə nail ola bilmədilər (Koronavirusla Mübarizə Fondunun vəsaitləri koronavirus ilə mübarizəyə kifayət etmirdi, Silahlı Qüvvələrə yardım fondunun yığdığı ianələr ordunun heç bir aylıq xərcini etmirdi və s.). Beləliklə, fondlar vətəndaşlar üçün əlavə öhdəliklərə, dövlət üçün isə sadəcə daha bir sahənin mərkəzləşməsinə gətirib çıxartdı.

Fondların yaranması: səbəblər və onların təsviri

2021-ci ilin ilk iş günündə dərc olunmuş prezidentin qərarları arasında “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman da var. 2021-ci ilin yanvarın 4-də yaradılması ilə bərabər Fondun Müşahidə Şurasının tərkibi də təsdiqlənib, yanvarın 19-da isə Fondun nizamnaməsi qəbul edilib. Fondun əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf işinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərməkdir. İndiki məqama bu Fond yaradılma trendində sonuncu idi. 2020-ci ildə Azərbaycan hökuməti tərəfindən ən azı 4 yeni Fond yaradılmışdı. Bundan əvvəl Azərbaycan hökuməti bu qədər çox fond yaratmamışdı.

Bu fondların əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar dövlət büdcəsi ilə birbaşa olaraq əlaqəli deyillər. Azərbaycanda əslində dövlət büdcəsi ilə əlaqəli olan və dövlət büdcəsi sisteminə daxil olan Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və s. kimi fondlar var. Bu fondlar birbaşa olaraq ya dövlət büdcəsindən maliyyələşirlər, ya da xüsusi maliyyələşmə üsullarına malikdirlər (misal üçün, Dövlət Neft Fondu Azərbaycanın mənfəət neftindən maliyyələşir, DSMF məcburi dövlət sosial yığımlar hesabına və s.). Amma 2020-ci ildə yaradılan fondların belə xüsusiyyətləri yox idi. Bunlar faktiki olaraq dövlət tərəfindən yaradılmış xeyriyyə fondlarıdır. Yəni, bu fondların əsas maliyyə mənbəyi könüllü ianələrdir.

Belə fondların yaradılmasına ilk səbəblərdən biri 2020-ci ilin əsas mövzusu olan koronavirus pandemiyası idi. Qısa müddətdə bütün dünyaya yayılmış (ilk fakt barədə məlumat 2019-cu ilin dekabrına aiddir, pandemiya isə 2020-ci ilin martın 11-də elan olunmuşdu) Covid-19 xəstəliyi iqtisadi münasibətlərə ciddi zərbə vurdu və mövcud iqtisadi sistem çərçivəsində bəzi dəyişikliklər etməyə məcbur etdi. Bu, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Covid-19 pandemiyasının Azərbaycana təsiri əsasən iki istiqamət üzrə baş verdi. Bir tərəfdən bütün dünyada xam neft istehlakı və satış qiymətləri azalmağa başladı. (Xam neft-qaz məhsulları Azərbaycan ixracatının 90%-ni təşkil edir. Azeri Light markalı neft 2020-ci il yanvarın 8-də 70,04 USD-yə satıldığı halda, aprelin 22-də son 19 ilin ən aşağı qiymətinə satılırdı – 15,81 USD-yə. Nəticə etibarilə ölkənin ixrac gəlirləri ciddi surətdə azaldı. Rəsmi olaraq, 2020-ci ildə ixracat 2019-cu il ilə müqayisədə 30% azalıb). Bu da büdcə gəlirlərinə təsirsiz ötüşməyə bilməzdi.

Digər tərəfdən artıq fevral ayının ikinci yarısından Azərbaycanda karantin tədbirləri tətbiq olunmağa başladı. İlkin müddətdə yalnız sərhədlərin bağlanması ilə müşahidə edilən tədbirlər sonradan ölkə daxilində sərt karantin rejimi ilə davam etdi. Sərt karantin rejimi vaxtında isə ciddi zərurət olmayan sahələrin fəaliyyəti dayandı (yəni xüsusi xidmətlər, ərzaq və dərman satışından başqa digər sahələr). Nəticə etibarilə qeyri-rəsmi və ya günəmuzd çalışanlar gəlirlərindən məhrum oldular. Bu dövrdə yalnız rəsmi olaraq muzdlu çalışan şəxslər əmək haqqı alırdılar. Azərbaycanda isə rəsmi olaraq muzdlu çalışan işçilərin sayı 1,6 milyon civarında olub ki, bu da müvafiq dövr üzrə ümumi əmək qüvvəsinin yalnız 1/3-ni təşkil edir. Buradan da görünür ki, həm neft qiymətlərinin düşməsi, həm karantin tədbirləri nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət gərginləşmişdir.

Bununla belə, gəlirlərin azalması və mövcud dünya trendləri 2020-ci ildə maraqlı bir yeniliyə gətirdi. Karantin tədbirləri başlayar-başlamaz ölkə üzrə bir çox xeyriyyə fəaliyyətləri aktivləşdilər. Eyni zamanda dünya üzrə koronavirus ilə mübarizədə fondların yaradılma praktikası var idi. Bunu nəzərə alaraq, Azərbaycan hökuməti də eyni trendə qoşuldu. Faktiki olaraq yarı ictimai, yarı dövlət fondları yaradıldı. İlk dəfə bu praktikadan koronavirus ilə mübarizədə istifadə edən hökumət, sonradan bunu müharibə nəticəsində şəhid və qazi ailələrinə dəstək üçün də istifadə etməyə qərar verdi. Hətta müharibə vaxtı artıq 18 il fəaliyyət göstərən Silahlı Qüvvələrə Yardım Fondu da yada düşdü. Hər bir halda hökumət bu dövrdə maksimal olaraq fondlar məsələsini aktuallaşdırır və əksər hallarda dövlət tərəfindən təmin edilən məsələlərin ictimaiyyət tərəfindən həll edilməsini təşviq edirdi.

Buna görə 2020-ci ili biz faktiki olaraq Fondlar ili də adlandıra bilərik. Karantin ilə bərabər bu, əsas iqtisadi yeniliklərdən biri idi. Faktiki olaraq hökumət bir tərəfdən bütün xeyriyyə və s. fəaliyyəti mərkəzləşdirmək məqsədi güdürdü, başqa tərəfdən bir çox bürokratik məhdudiyyətlər ilə rastlaşan sosial siyasətin problemlərini belə yolla həll etməyə can atırdı. Açıq mənbələrdə olan məlumata görə, 2020-ci ildə qeyd olunan fondlar 261 milyon manatdan bir qədər çox vəsait yığıblar (onların sıralaması diaqram 1-də göstərilib).

Bəs bu siyasət hansı nəticələrə gətirdi? Bu vəsait nəyə kifayət edə bilər? Necə xərclənib? Ümumiyyətlə, bu fondların yaradılmasına ehtiyac var idimi? Bizim təhlilimizdə məhz bu suallara cavab verməyə çalışacağıq. Bu suallara cavab vermək üçün ilkin olaraq aşağıda 2020-ci ildə yığılmış ianələrin həcminə görə sıralanmış fondları qısa olaraq təsvir edəcəyik. Eyni zamanda bu fondların şəffaflıq səviyyəsini təhlil edərək, yuxarıda qeyd olunan suallara cavab verməyə çalışacağıq. 

Silahlı Qüvvələrə Yardım Fondu

2020-ci il oktyabrın 6-sı Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə rəsmi olaraq müraciət etmişdi. Müraciətə görə, “Sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil, yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur[du].” Göstərilən hesab nömrələri isə Silahlı Qüvvələrə Yardım Fonduna (SQYF) aid idi. Amma bu müraciət bir qədər gecikmişdi. Banco.az saytının məlumatına görə, artıq oktyabrın 1-nə bir neçə yüz hüquqi şəxs fonda ən azı 36,87 milyon manat köçürdəcəklərini elan etmişdilər. Bu şirkətlər və təşkilatlar arasında mobil aksesuar satan mağazadan Baş Prokurorluğa kimi müxtəlif adlar göstərilib. Artıq sentyabr ayında fonda daxil olan ianələrdə ciddi artım qeydə alınmışdı. Belə ki, həmin ay fonda 6,7 milyon manat ianə daxil olmuşdu. Müqayisə üçün, 2020-ci ilin son 4 ayını çıxsaq, maksimal göstərici iyun ayında qeydə alınmışdı – 1,1 milyon manat. Əvvəlki dövrdə ortalama olaraq fonda aylıq 700-800 min manat ianə daxil olurdu. Faktiki sentyabrın son 4 günü ərzində fonda daxil olan ianələrin həcmi ondan əvvəlki 8 ayı üstələmişdi.

Birbaşa rəqəmlərə keçməzdən əvvəl fondun tarixinə dair də məlumat vermək lazımdır. Sıralanan fondlar arasında SQYF 2020-ci ildə yaradılmayan yeganə fonddur. Bu fond hələ 2002-ci il avqustun 17-də təsis edilmişdi. Fondun əsas vəzifəsi “Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.” Tarix dərsliklərində fondun yaradılmasında əsas məqsəd kimi “əhalinin orduya köməyinin nizamlanması” göstərilmişdi. Bəziləri isə fondun təsisini hərbi təhsil məsələləri ilə əlaqələndirir.

Maraqlıdır ki, uzun müddət SQYF-in fəaliyyəti ilə bağlı heç bir məlumat dərc olunmurdu, amma 2016-ci ildən başlayaraq Müdafiə Nazirliyinin rəsmi saytında Fondun vəsaitləri barədə aylıq olaraq məlumat dərc edilməyə başlandı. Müvafiq hesabatlarda yalnız bir göstərici təqdim olunur: Fonda yığılan ianələrin həcmi. Bu vəsaitlərin xərclənib-xərclənməməsi barədə heç bir məlumat verilmir. 2015-ci ilin sonuna (ilk dəfə Fonda dair ətraflı məlumat verilən dövrə) Fondda 70 milyon manat ianə yığılmışdı. Əlavə edək ki, Fondun əsasnaməsinə əsasən oraya vəsaitlər könüllülük əsasında cəlb edilməlidir.

2020-ci il dekabrın 8-də həm Fondun adı dəyişdirilərək Azərbaycan Ordusuna Yardım Fondu adlandırılıb, həm də yeni əsasnamə qəbul olunub. Bu dəyişikliklərdən sonra Fondun vəsaitlərinin istifadə istiqamətləri daha dəqiq və konkret qeyd olunub:

1. Azərbaycan Ordusunun maddi-texniki bazasının inkişaf etdirilməsi;

2. hərbi texnika, silah və sursatın alınması;

3. hərbi təyinatlı məmulatların hazırlanması, sınaqdan keçirilməsi, istehsalı, təmiri və modernləşdirilməsi;

4. hərbi elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasının təşkili;

5. hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi;

6. peşəkar hərbi kadrların hazırlanması və onların əlavə təhsili.

Hər bir halda Fond artıq uzun müddətdir fəaliyyət göstərir, amma daha çox məşhurluğu məhz 2020-ci ilin sentyabr-noyabr aylarına aid etmək olar. Bunu daha detallı biz ianələrin strukturuna baxanda görə bilərik. Misal üçün, 2016-2019-cu illəri təhlil etsək görmək olar ki, Fond ortalama olaraq illik 8-10 milyon manat ianə yığırdı. (Qeyd etmək lazımdır ki, Fond vəsaitləri müxtəlif valyutalarda yığır. 2020-ci ilin oktyabrına kimi Fondda ianələr dörd valyutada var idi: Azərbaycan manatı, ABŞ dolları, Avro, Rusiya rublu. 2020-ci ildə Fond daha iki valyutada hesablar açdı: Türkiyə lirəsi və Böyük Britaniya funt sterlinqi. Amma ianələrin böyük hissəsi manatladır. Misal üçün, 2020-ci ilin dekabrın 31-nə Fonda daxil olan ianələrin 91,5%-ni manat təşkil edir. Ondan əvvəlki dövrdə bu pay 97-98% idi.) 2016-ci ildə müvafiq göstərici 9,4 milyon manat təşkil etdiyi halda, 2017-2018-ci illərdə 8,4-8,8 milyon manat idi. 2019-cu ildə fonda 10,4 milyon manat daxil olmuşdu (bax Diaqram 2). Diaqramdan da göründüyü kimi 2016-ci ildə 4 günlük müharibə baş versə də, bu, Fonda daxil olan ianələrin həcminə  nəzərə çarpacaq dərəcədə təsir göstərməyib.

2020-ci ilin göstəricisi isə ciddi olaraq fərqlənir. İl üzrə müqayisə aparsaq (diaqram 3), görə bilərik ki, bu ianələrin əsas hissəsi oktyabr ayının payına düşür (77,9%). İkinci və üçüncü yerlərdə noyabr (10,3%) və sentyabr (5,4%) ayları yer alır. Başqa sözlə yığılan ianələrin 93,6%-i əsasən müharibə dövrü ilə bağlıdır.

Fondun şəffaflığına gəldikdə isə burada bir neçə problem ilə üzləşirik. Müdafiə Nazirliyi ianəçilər, ianələrin həcmi və vəsaitlərin xərclənməsinə dair məlumat təqdim etmir. Onların məlumatı hesabına biz aylıq olaraq edilən ianələrin həcmi barədə öyrənə bilərik, amma ianələrin orta həcmi, strukturu və s. barədə məlumat əldə etmək mümkün deyil. 44 günlük müharibə dövründə adətən şirkətlər və təşkilatlar Fonda edilən ianələr barədə məlumatı KİV-lərdə paylaşırdılar. Buna əsasən banker.azbanco.az saytları məlumat toplayırdı. Müvafiq məlumatlara istinad etsək, ən azı görə bilərik ki, sentyabr-noyabr aylarında Fonda köçürülən ianələrin 52,9 milyonluq hissəsi 347 hüquqi şəxsin payına düşür. Ortalama olaraq bir ianə 152,5 min manat təşkil edir. Amma nəzərə almaq lazımdır ki, burada çox fərqli ianələr var: həm 500 manat (Müsabiroğlu MMC), həm də 17 milyon manat (Caspian Drilling Company). Eyni zamanda bu vəsaitin kifayət qədər böyük hissəsi dövlət qurumlarının payına düşür. Misal üçün, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və digər nazirliklər nəzərə çarpacaq qədər böyük məbləğlərdə müxtəlif ianələr ediblər. Dövlət qurumları birbaşa ianə etmək hüququna malik deyillər, ona görə dövlət qurumunun adından gedən ianə əslində müvafiq qurumda çalışan işçilərin əmək haqqının bir hissəsidir. Bununla belə, dekabrın 15-də iqtisadiyyat naziri M. Cabbarov məlumat verib ki, Fonda yığılan vəsaitlərin 54%-i özəl sektorun payına düşür. Hər bir halda 2020-ci ildə məhz Azərbaycan Ordusuna Yardım Fondu ən çox ianə yığan fond oldu. 

Azərbaycan Respublikası Koronavirusla Mübarizəyə Dəstək Fondu

Koronavirus pandemiyası iqtisadiyyat üçün əlavə problemlər yaratdığına görə əlavə vəsaitlərə ehtiyac yarandı. Bu problem ilə yalnız Azərbaycan üzləşməmişdi. Bu, Azərbaycana imkan verdi ki, digər ölkələrin təcrübəsinə istinad edərək, fəaliyyət göstərməyə başlasın. ÜST tərəfindən 2020-ci ilin mart və iyun aylarında həyata keçirilən tədqiqat əsasında deyə bilərik ki, dünya üzrə 40-dan çox ölkədə koronavirus ilə mübarizəyə dəstək fondları yaradılmışdı. Hətta ÜST özü də müvafiq fond yaratmışdı. Bu fondlar müxtəlif məqsədlər üçün yaradılmışdı. Beynəlxalq Valyuta Fondu bu fondların yaradılmasına əsas səbəb kimi aşağıdakıları göstərir:

◉ COVİD-19 ilə mübarizədə istifadə olunan vəsaitlərə mərkəzləşdirilmiş nəzarət;

◉  Dövlət və özəl resursları birləşdirmək;

◉  Müxtəlif səviyyəli idarəetmə ünsürlərini mübarizədə birləşdirmək;

◉  Bürokratik əngəlləri aradan qaldırmaq və təcili alışları həyata keçirmək;

◉  COVİD-19 ilə mübarizəyə ayrılan vəsaitləri digər vəsaitlərdən ayırmaq.

Belə fondlar Avstriya, İtaliya, Qana, Keniya və digər ölkələrdə mövcud idi. Düzdür, onların yaradılmasına fərqli üsullar tətbiq edilib. Böyük hissəsində, Azərbaycanda olduğu kimi prezidentin qərarı ilə təsis edilib. Məhz belə tipli fondların əsas məqsədi müvafiq vəsaitlərə mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsi idi. Koronavirusla mübarizə fondları yaratmaq üçün bəzi ölkələrdə yeni qanunlar qəbul olunub (Avstriya, İtaliya, Meksika) və ya Nazirlər Kabinetinin qərarı ilə təsis edilib (Liviya). Bəzilərində isə, ümumiyyətlə, maliyyə nazirliyi yerli qanunvericilik çərçivəsində faktiki olaraq xüsusi fond yaradıb (Qana). Bu fondlar müvafiq ölkələrdə çox geniş səlahiyyətlərə malikdir.

Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında prezidentin fərmanı ilə təsis edilib. Bu fərman ilə həm Fond yaradılıb, həm də vəsaitin formalaşdırılması, idarə olunması və istifadəsinə dair qayda da təsdiq edilib. Qaydalara görə, Fondun vəsaitləri aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:

1. tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə;

2. tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına);

3. xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına;

4. nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;

5. tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;

6. tibb sahəsində mütəxəssislərin hazırlanmasına;

7. təbliğat və maarifləndirmə işlərinə;

8. koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.

Eyni zamanda Fond yaradılanda qeyd olunmuşdu ki, o müvəqqəti olacaq və onun fəaliyyət müddəti 2020-ci ilin dekabrın 31-i ilə məhdudlaşdırılmışdı. Amma dekabrın 24-də bu müddət daha bir il uzadıldı.

Fonda ilk vəsaiti dövlət büdcəsindən ayırdılar. Prezidentin sərəncamına görə, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon manat ayrılmışdı. Eyni zamanda 2020-ci il martın 21-də prezidentin rəsmi saytı xəbər verdi ki, prezident bir illik əmək haqqını Fonda köçürtdü. Məbləğ göstərilməmişdi, amma bu fond, demək olar,  ilk günlərdən ianə cəhətindən ən şəffaf fondlardan biri idi. Fondun rəsmi saytında olan ianələr bölməsində demək olar ki, hər bir ianəçi barədə məlumat əldə etmək olar. Orada göstərilən məlumata görə, prezident Fonda 126 900 AZN köçürüb. Onun həyat yoldaşı, birinci vitse-prezident də illik əmək haqqını Fonda köçürtdü. Onun ianəsi isə 101,7 min AZN təşkil edib.

Sonraki dövrdə Fonda təxmini 114 milyon manat həcmində ianə köçürülmüşdü. Bu ianələrin 86,4 milyonluq hissəsi 3375 hüquqi şəxsin payına, 7,4 milyonluq hissəsi isə 12475 fiziki şəxsin payına düşdü. Ümumən, hüquqi şəxslər arasında orta ianənin həcmi 24,8 min manat, fiziki şəxslər arasında isə 594 manat təşkil edib. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, Fonda yığılan vəsaitin yalnız 15,94%-i özəl sektorun payına düşüb. Yəni qalanı (təxmini 96 milyon manat) dövlət qurumları və ya dövlət şirkətləridir. Başqa sözlə, faktiki olaraq dövlət bu fonda öz vəsaitlərini yönləndirib. Amma bu vəsaitlər əsasən sıravi işçilərin vəsaitləri idi. Misal üçün, Fonda edilən ianələr siyahısında hüquqi şəxslər qismində ARDNŞ Neftqaztikinti Tresti göstərilib. Bu trest Koronavirusla mübarizə Fonduna 63 511 AZN ianə etmişdir. Amma Trestin rəsmi məlumatına görə, 2020-ci ildə məhz trestin işçiləri COVID-19-la mübarizə tədbirləri çərçivəsində yaradılan Fonda 63 511 manat köçürüblər. Eynən digər hallarda da məhz işçilərin əmək haqqından vəsait köçürülüb (həm YAŞAT, həm Silahlı Qüvvələrə Yardım Fonduna). Yəni hüquqi şəxs kimi göstərildiyi halda, bu sadəcə müvafiq qurumun işçilərinin əmək haqqının bir hissəsidir.

Yeri gəlmişkən, şəffaflıq məsələsi Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xüsusi sərəncam ilə tənzimlənirdi. Müvafiq sərəncama uyğun olaraq sayt yaradılmışdı və saytda ayda 2 dəfə xərclər barədə məlumat verilməli idi. Hərçənd, saytda ianələr barədə məlumat tam açıq olsa da, xərclər barədə heç bir məlumat yoxdur.

Fondun vəsaitlərinin xərclənməsi ilə bağlı maraqlı qaydalar mövcuddur. Fondun vəsaitlərin idarə edilməsinə dair qaydasının 2.3-cü bəndinə görə: “Fondun vəsaitindən istifadə bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir.” Buradan aydındır ki, gəlir və xərc smetasının müəyyən edilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Fondda Baş nazir tərəfindən yaradılmış, 5-i ictimaiyyətdən, 2-si dövlətdən olmaqla 7 nəfərdən ibarət İctimai Nəzarət Şurası da fəaliyyət göstərir. Ancaq adı İctimai Nəzarət olmasına baxmayaraq, bu Şura faktiki olaraq sadəcə icra qurumu qismində çıxış edirdi. Misal üçün, müvafiq qaydalara görə, Şura dövlət qurumlarından Fondun vəsaiti hesabına nəzərdə tutulan xərc istiqamətləri üzrə daxil olan sifarişləri 2 iş günü ərzində təsdiq edir və buna dair müvafiq protokolu satınalan təşkilata göndərir.

Fondla bağlı çatışmayan məqamlardan biri odur ki, vəsaitlərinin bir hissəsinin xərclənməsinə baxmayaraq, saytda bu barədə qeyd yoxdur. Başqa tərəfdən, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına görə, vaksinlərin alınması üçün ödənişlər Azərbaycan Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanılmış vəsaitlər hesabına həyata keçirilməlidir. Azərbaycan isə artıq vaksinasiyaya başlayıb. Hətta bununla bağlı bir neçə istiqamət üzrə vaksinlər əldə edib. TƏBİB-in icracı direktoru Ramin Bayramlının sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında sazişə əsasən, Azərbaycan əhalisinin 10%-ə qədəri üçün peyvəndin COVAX platforması  çərçivəsində alınması nəzərdə tutulub. (COVAX platforması ÜST-nin vaksinlər ilə bağlı təşəbbüsüdür. Bu təşəbbüsə qoşulan ölkələr təsdiqlənmiş vaksini əldə edə biləcəklər.) Sazişə əsasən, vaksinin ümumi dəyərinin bir hissəsi, yəni 3 235 840 USD avans məbləği şəklində sentyabr ayında ödənilməli idi. Ödənişin edilib-edilməməsi bəlli deyil, amma hər bir halda Azərbaycan COVAX platformasına artıq qoşulub. Müvafiq istiqamət üzrə ölkəyə ən azı 2 milyon vaksin dozu gəlməlidir. Vəsait də Fond hesabına həyata keçirilməlidir. Əslində, Fondun İctimai Nəzarət Şurası da sentyabrın 23-ü bu xərci təsdiqləyib. Amma onun təsdiqlənməsi heç də vacib deyildi, çünki rəsmi press-relizdə qeyd olunub ki, “Hökumətin qərarına əsasən, bu ödəniş (alacağımız vaksin ödənişi) Koronavirusla Mübarizəyə Dəstək Fondundan ayrılmalıdır.” Şura isə sadəcə 2 gün ərzində təsdiqləməlidir. Burada hətta satınalma da həyata keçirilməyib.

Başqa tərəfdən Azərbaycan Türkiyənin Keymen İlaç şirkətindən 4 milyon ədəd vaksin alınması barədə məlumat yayıb. Report.az xəbər verir ki, bu bizə 80 milyon manata başa gələcək. Eyni zamanda Report.az dərc olunmayan hökumətin qərarına istinad edərək xəbər verir ki, vəsaitin bir hissəsi Koronavirusla Mübarizəyə Dəstək Fondu, digər hissəsi isə Maliyyə Nazirliyi tərəfindən qarşılanacaq. Məlumata görə, Azərbaycan ilkin olaraq məbləğin 50%-ni ödəməli idi (yəni 40 milyon manat). Ölkədə vaksinasiyanın başlamasını nəzərə alsaq, ödənişin olunduğunu təxmin edə bilərik. Hərçənd, rəsmi olaraq bu barədə məlumat yoxdur.

Naxçıvan Muxtar Respublikası Koronavirusla Mübarizəyə Dəstək Fondu

Prezidentin müvafiq fərmanından bir qədər sonra, martın 24-də Naxçıvan Muxtar Respublikasında da Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Müvafiq fərmana görə, Fondun əsas “məqsədi koronavirus infeksiyasının Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.” Fond ölkə üzrə yaradılmış müvafiq fondla demək olar ki, tamamilə eyni qaydalara əsasən fəaliyyət göstərirdi. Beləliklə, qeyd olunan digər 39 ölkədən fərqli olaraq, Azərbaycanda faktiki olaraq eyni zamanda koronavirusla mübarizədə 2 dəstək fondu formalaşmışdı.

Bu fond da eynən müvəqqəti olmalı idi. Qaydalara görə, onun fəaliyyət müddəti 2020-ci il 31 dekabr ilə məhdudlaşmalı idi. Fəaliyyət müddətinin uzadılmasına dair heç bir məlumat yoxdur. Bu fond üçün də eyni tərzdə rəsmi sayt yaradılmışdı və müvafiq saytda ianəçilər barədə məlumat verilirdi, amma 2021-ci ildə saytın fəaliyyəti dayandırılıb.

Bu fondun da ilk vəsaitləri yerli büdcədən daxil oldu. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun martın 24-də imzaladığı sərəncama görə, Naxçıvanın İnkişafı və Müdafiə Fondundan buraya 200 min manat ayrılmışdı. (Naxçıvanın İnkişafı və Müdafiə Fondu hələ 1992-ci ildə Heydər Əliyev tərəfindən yaradılmışdı. Fond o zaman əhalinin ianələri hesabına idarə edilirdi. Sonradan necə fəaliyyət göstərdiyinə dair məlumat yoxdur). Bir müddət sonra Vasif Talıbov özü də doqquz aylıq əmək haqqını Fonda köçürmüşdü (32,3 min manat).

Fonda vəsait çox tez bir zamanda yığılmışdı. Misal üçün, mayın 15-i xəbər edilmişdi ki, Fondda 5 047 min manat var. 2020-ci ilin sonuna kimi Fondda olan vəsaitin həcmi 5163 min manata kimi artdı. Köçürülən vəsaitin əsas mənbəyi müxtəlif təşkilat və şirkətlər idi. 2020-ci ildə 439 hüquqi şəxs 4 787 min manat vəsait köçürmüşdü (ortalama olaraq bir hüquqi şəxsin payına 10,9 min manat düşürdü). Burada da əsas rolu dövlət təşkilatları oynayırdı. Düzdür, hərəsi 150 min manat köçürən Cahan və Gəmiqaya Holdinq kimi şirkətlər də var idi, amma siyahıya baxanda əsasən dövlət təşkilatlarını görmək olur. Misal üçün, ən çox vəsait köçürən hüquqi şəxs qismində Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları göstərilib. Onlar Fonda 669,3 min manat köçürüblər. 577 fiziki şəxsin payına isə 376,3 min manat düşür (adambaşı ortalama 652 manat). Ən çox vəsait köçürən şəxs V. Talıbovdur. Maraqlıdır ki, Naxçıvan MR Koronavirusla Mübarizəyə Dəstək Fondu yeganədir ki, müraciətə əsasən köçürülən vəsaiti geri qaytarıb. Belə ki, rəsmi saytda verilən məlumata görə, aprelin 8-i adını etik səbəblərdən açıqlaya bilməyəcəyimiz fiziki şəxs fonda 2000 manat köçürüb. Sonradan isə hansısa səbəbə görə o, müraciət yazıb və onun vəsaiti geri qaytarılıb. Digər fondlarda belə bir fakta rast gəlinməyib.

Bəs yığılan vəsaitlərin xərclənməsi necə olub? Maraqlıdır ki, bu cəhətdən Naxçıvanda olan Fond daha şəffafdır. Düzdür, rəsmi saytlarında buna dair məlumat verilməmişdi, amma mayın ortalarında keçirilən tədbirdə, yerli maliyyə naziri hesabat ilə çıxış edib. Onun məlumatına görə, mayın 14-nə Fonda 5047 min manat köçürülmüşdü və onun 3326,8 min manatı xərclənmişdi. Fondda 1720,3 min manat qalırdı. Birbaşa olaraq nəyə və necə xərcləndiyini demək çətindir, amma müvafiq məruzələrə istinad etsək, bu vəsait hesabına tibbi avadanlıq (2 970 min manatlıq) alınıb və səhiyyə işçilərinə mükafat və əlavələr ödənilib. Qalan vəsait də eyni məqsədlə xərclənməli idi. Vasif Talıbovun məlumatına görə, ilin sonuna cəmi olaraq tibbi avadanlığa 4,7 milyon manat xərclənmişdi. Təxmin edə bilərik ki, işçilərə mükafat və əlavələrə isə 400 min manat xərclənib.

YAŞAT və Naxçıvan MR yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu

2020-ci il dekabrın 8-i “şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi” məqsədilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – YAŞAT Fondu yaradıldı. Bu fond da müxtəlif yollarla maliyyələşə bilər. Fondun əsas xərclər istiqaməti isə bunlardır:

1. şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;

2. müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;

3. təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;

4. məişət şəraitinin yaxşılaşdırılması;

Fondun rəsmi saytı 2021-ci ildə fəaliyyətə başlayıb. Ona görə 2020-ci ildə yığdığı vəsaitlərə dair məlumat çox azdır. Hərçənd, ictimaiyyət ilə keçirilən görüşlərdə bəzi rəqəmlər də açıqlanmışdı. Belə ki, 2020-ci il dekabrın əvvəlindən ən azı dekabrın 26-na kimi Fonda 18 milyon manat ianə köçürülmüşdü. Yeri gəlmişkən, koronavirus ilə bağlı olduğu kimi bu halda da Naxçıvan MR-ə müvafiq fond yaradıldığını görürük. Müvafiq qərar V. Talıbov tərəfindən dekabrın 14-ü imzalanmışdı. Amma bu fondun 2020-ci ildəki fəaliyyəti barədə nəsə demək çətindir. Hər bir halda Fondda indiyə qədər 598 978,25 AZN vəsait yığılıb. YAŞAT Fondunda isə 30,2 milyon manat ianə yığılıb. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, YAŞAT Fondu digərlərindən fərqli olaraq xərclər barədə məlumat verir, amma ianə və ianəçilər barədə isə heç bir məlumat təqdim olunmur.

Fondların şəffaflığı

Yuxarıda təsvir etdiyimiz məlumatlar açıq mənbələrdən əldə olunub. Bəs, ümumiyyətlə, şəffaflıq baxımından fondların vəziyyəti necədir? Əslində bütün fondlar eyni tələblərə cavab verməlidirlər. Hər bir fond müəyyən dövrdən bir hesabat təqdim etməli, ianələrin həcmi və strukturu barədə məlumat verməli və eyni zamanda xərclər barədə də məlumat təqdim etməlidir. Amma gördüyümüz kimi fondlar bu baxımdan bir-birindən fərqlənir. Onların bəziləri bir sıra məlumatları təqdim etsə də, bir sıra digər məlumatları ictimaiyyətə açıqlamır. Misal üçün, Azərbaycan Ordusuna Yardım Fondu hər ayın əvvəli yığılan vəsaitlər barədə məlumat verir. Bundan başqa heç bir məlumat təqdim etmir. YAŞAT Fondu isə əksinə bütün xərclər barədə nisbətən detallı məlumat verir, amma ianəçilər barədə yalnız ümumiləşdirilmiş rəqəmlər təqdim edir. Koronavirusla Mübarizə fondları isə tam əksinə olaraq ianəçilər barədə detallı məlumat verirlər, amma xərclər barədə heç bir qeyd yoxdur. Bunu nəzərə alaraq, biz fondların şəffaflıq göstəriciləri əsasında müəyyən mənada reytinq tərtib etdik (cədvəl 1).

Bu reytinqi biz 4 göstərici üzrə tərtib etmişik:

◉ İanə və ianəçilər barədə ümumi məlumat;

◉ İanə və ianəçilər barədə detallı məlumat;

◉ Aylıq (və ya müəyyən dövr üçün) ianələr ilə bağlı hesabat;

◉ Xərclər barədə məlumat.

Sadələşdirmək üçün biz hər bir göstərici üzrə iki mümkün variant seçmişik: – və +. Burada “-” – məlumatın olmamasını, “+” – məlumatın olduğunu bildirir. Reytinq “+” işarələrinin sayını toplamaqla müəyyən edilmişdir. Reytinqdə maksimal göstərici 4-dür, minimal isə 0-dır. Cədvəldən göründüyü kimi maksimal göstəricini heç bir fonda aid etmək mümkün deyil, amma ən qeyri-şəffaf Azərbaycan Ordusuna Yardım Fondudur. Digərləri nisbətən daha şəffafdırlar. Yəni onlar lazım olan 4 göstəricidən 2-sini təqdim edirlər. Fonddan asılı olaraq bu göstəricilər də müxtəlifdir.

Cədvəl 1. Fondların şəffaflıq göstəriciləri

Fond İanə və ianəçilər barədə ümumi məlumat İanə və ianəçilər barədə detallı məlumat Aylıq (müəyyən dövr üçün) ianələr ilə bağlı hesabatlar Xərclər barədə məlumat Reytinq
Azərbaycan Ordusuna Yardım Fondu + 1/4
Azərbaycan Respublikası Koronavirusla Mübarizəyə Dəstək Fondu + + 2/4
Naxçıvan MR Koronavirusla Mübarizəyə Dəstək Fondu + + 2/4
YAŞAT Fondu + + 2/4
Naxçıvan MR YAŞAT + + 2/4

 

Fondların yaradılması lazım idimi?

Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılanda faktiki olaraq beynəlxalq təcrübə nəzərə alınmışdı. Amma məsələ ondan ibarətdir ki, digər ölkələrdə bu fond büdcə fondlarından biri idi. Fondun əsas məqsədi sadəcə koronavirus ilə bağlı xərclərin digər xərclərdən ayrılması idi. Yəni faktiki olaraq məqsədli fond idi. Misal üçün, Azərbaycan dövlət büdcəsi sistemində “Avtomobil Yolları” məqsədli büdcə fondu var. Bu fondun bütün vəsaitləri yalnız avtomobil yollarının təmiri və tikintisinə gedir. Bəs, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait necə?

Bu barədə dəqiq və detallı fikir söyləmək çətindir. Onu qeyd edə bilərik ki, Naxçıvan Muxtar Respublikasında Fondun vəsaitləri məhz göstərilən istiqamətlər üzrə xərclənmişdi. Amma hər iki halda bu fond dövlət büdcə sisteminə daxil edilməmişdi. Yəni faktiki olaraq dövlət xeyriyyə fondunun vəsaitlərini xərcləyirdi. Naxçıvanda olan xərclər barədə aşağı-yuxarı məlumatlı olsaq da,  ölkə üzrə ümumi fondda vəziyyətin necə olduğundan məlumatsızıq.

Hərçənd, bir məsələ bəllidir ki, koronavirusla bağlı fondun vəsaitləri heç bir istiqamət üzrə kifayət etməyəcəyi həcmdədir. Misal üçün, Azərbaycan bir müddət əvvəl tətbiq olunan vaksin markasını – Çinin istehsal etdiyi SinoVacı seçdi. Ancaq seçimin səbəbləri barədə hər hansı məlumat verilməmişdi. Eyni zamanda vaksinin qiyməti bəlli deyildi. Amma biz bu barədə müəyyən təxminlər edə bilərik. Belə ki, eyni vaxtda Ukrayna da SinoVac vaksininin alınmasına dair qərar verib. Orada yerli özəl şirkət çinlilər ilə artıq müqavilə imzalayıb və bu barədə məlumatı da açıqlayıb. Müqaviləyə görə 1 dozanın qiyməti 504 qrivna (və ya 30,49 AZN) təşkil edib. Bir insana 21-28 gün ərzində 2 doza vurulur. Şirkətin məlumatına görə bu qiymətdən yalnız 15 qrivna (0,91 AZN) onun mənfəətidir. Qalan vəsaitlər birbaşa maya dəyəri kimi hesablana bilər. Əslinə qalsa Azərbaycana vaksinin Türkiyə vasitəsilə gəldiyini nəzərə alsaq, hardasa bizim üçün də qiyməti 30 AZN civarında olması normaldır. 4 milyon doz isə 120 milyon AZN deməkdir. Koronavirusla Mübarizəyə Dəstək Fondunda isə 114 milyon manat yığılıb (onun 5 milyonluq hissəsi artıq COVAX-a xərclənib). Başqa sözlə, əgər Fond hesabına vaksin alınması proqnozlaşdırılsa, onun bütün vəsaiti vaksinə gedəcək, hətta dövlət büdcəsindən dəstək də lazım olacaq. Bundan başqa Azərbaycan digər vaksinlər ilə bağlı danışıqlar da aparır. Elan edilmişdi ki, Azərbaycan müxtəlif vaksinlər tətbiq edəcək. Onların da qiymətini əlavə etsək, fondun vəsaiti, ümumiyyətlə, kifayət etməyəcək.

Bəs vəsaitin nəyəsə kifayət etmək imkanı varmı? Maliyyə Nazirliyinin 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair sənədində qeyd olunur ki, koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə 612,5 milyon manat xərclənib. Hətta minimal olaraq xəstələrin saxlanmasına dair gündəlik xərci 100 manat götürsək, bu illik 308 milyon manat edir. Yəni hər bir halda fonda yığılan vəsait koronavirus ilə mübarizəyə kifayət etməyib.

Fondlara vəsaitlərin yığılmasının başqa bir maraqlı tərəfi də var. 2020-ci ilin sonunda SOCAR-ın müxtəlif bölmələrində çalışan işçilərin şikayətləri səslənməyə başladı. Məlum oldu ki, il ərzində onların maaşlarından vəsaitlər 3 fonda köçürülmüşdü. Könüllü olsaydı bu problem deyildi. Amma Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Cahangir Əliyevin sözlərinə görə bu ittifaqın təşəbbüsü idi və onlar buna YAŞAT Fonduna köçürmələr etmək üçün qərar veriblər. Digər fondlara köçürmələrdə də belə olmadığını təxmin etmək çətindir.

Bəs işçilərə bu necə təsir edib? Bunu biz SOCAR-a daxil olan “Neftqaztikinti” Trestinin nümunəsində müəyyən edə bilərik. Trestdə təxmini olaraq 4 min işçi çalışır. Rəsmi məlumata görə, trest işçiləri dekabrda vəzifə maaşlarının 10%-ni və ya 207 858 AZN YAŞAT Fonduna köçürüblər. Başqa sözlə, 4 min işçinin aylıq əmək haqqı fondu 2 078 580 AZN təşkil edir. İllik isə bu 24,9 milyon manat edir. Beləliklə, işçinin orta aylıq əmək haqqı 519,64 AZN təşkil edir. İşçilər təkcə YAŞAT Fonduna yox, həmçinin könüllü olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 63 511 AZN, Silahlı Qüvvələrə Yardım Fonduna isə 282 247 AZN vəsait köçürüblər. Başqa sözlə, il ərzində 3 fonda 553 616 AZN vəsait köçürüblər.

İl ərzində SOCAR işçiləri 14% gəlir vergisi, 3% DSMF-ə köçürmə və 0,5% İşsizlik üzrə Sığorta Fonduna köçürmə ediblər. Bundan başqa Həmkarlar İttifaqına da 1-2% köçürmələr edilib. Beləliklə adi vaxtlarda ortalama olaraq illik maaşın ən azı 19% işçilərə çatmır. 2020-ci ildə isə bura həmçinin müvafiq fondlar əlavə olundu. Əgər yığılan ianələri işçilərin sayına bölsək, bu faktiki ortalama aylıq əlavə 2,2%-in işçilərə çatmaması deməkdir.

İşçilər üçün fondlara pul köçürmə faktiki olaraq sabit vergi kimi hiss edilib. (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11-ci maddəsinə görə vergi məcburi, fərdi və əvəzsiz ödənişdir. İanə olduğu üçün fondlara edilən köçürmələr fərdi və əvəzsiz ödənişlər idi. İnzibati əmr sistemi çərçivəsində edildiyi üçün isə faktiki olaraq məcburi idi.) Əgər bir dəfə olsaydı, bunu müəyyən qədər normal qarşılamaq olardı, amma nəzərə alın ki, bu, bir il ərzində 3 dəfə baş verib. Əlbəttə ki bu zaman narazıçılıq da yarana bilər. Düzdür, SOCAR işçiləri təkcə birbaşa maaş almırlar, onlara maaşdan əlavə ödənişlər də edilir. Amma 2020-ci ildə işçilərin aylıq gəliri azalmışdı. Yəni işçilərin böyük hissəsi birbaşa işə çıxmırdılar və yalnız göstərilən əmək haqqını alırdılar. Faktiki olaraq, bu vəziyyətdə işçilər həm 3,5 milyon AZN vergi, həm də əlavə fondlara 2,2% vergi ödəyiblər. Azərikimya İB-də ortalama maaş daha da aşağıdır. Nəticə etibarilə, bu işçilərdə müvafiq faktiki vergi daha yüksək idi.

Başqa sözlə, bu fondlar əsasən onsuz da bölüşdürülən vəsaiti bir dəfə də bölüşdürməklə məşğul idilər. Müvafiq vəsait isə onsuz da dövlət tərəfindən həyata keçirilə biləcək xidmətlərin ödənilməsinə xərcləndi. Belə ki, vaksinasiya dövlət tərəfindən keçirilməli idi və buna vəsaitləri İcbari Tibbi Sığorta büdcəsindən də götürmək mümkün idi (2020-ci ildə hər bir işçi əmək haqqının 1-2%-ni müvafiq sığortaya köçürməlidir). YAŞAT Fondunun xərclərinin bir hissəsi dövlətin öhdəlikləri ilə bağlıdır (misal üçün, 47 min manatlıq tibbi reabilitasiya avadanlığı, 12 min manatlıq protez gözlər üçün avadanlıq və digər başqa avadanlıqların dövlət hesabına alınması nəzərdə tutulur). Ümumiyyətlə, YAŞAT Fondu xərclərinin 66%-i isə ev təmiri ilə bağlıdır. Bu da adətən yerli İcra Hakimiyyəti və s. səviyyəsində həll olunan məsələdir.

Nəticə

Yuxarıda qeyd olunanlar əsasında bu nəticələrə gələ bilərik:

1. Fondların yaradılmasında əsas məqsəd, Beynəlxalq Valyuta Fondunun saytında dərc olunan məqalədə qeyd olunduğu kimi – vəsaitlərin bir əldə mərkəzləşdirilməsi idi. 2020-ci ilin mart-aprel aylarında Azərbaycan cəmiyyətində aktiv olaraq yoxsullara və qazancdan məhrum olan insanlara dəstək ilə bağlı xeyriyyə aksiyaları keçirilməyə başladı. Bu aksiyalar ölkənin böyük hissəsini əhatə etdi. Misal üçün, çox da böyük auditoriyaya malik olmayan təşəbbüslərdən biri 1 ay ərzində 171 min manat ianə yığmağa müvəffəq oldu. Bir sıra digər təşəbbüslərin dövriyyəsi daha da çox idi (misal üçün, Bravo şəbəkəsi 1 ay ərzində 1,5 milyon manatlıq ərzaq payı göndərdiyini demişdi). Bu tendensiyaları nəzərə alaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığımlar faktiki olaraq başqa məqsəd güdməyə başladı (bunu müvafiq fondun İctimai Nəzarət Şurasının ilk iclasında səsləndirilmiş təkliflərdə də görmək olar). Daha çox bunu sosial siyasətə dəstək kimi göstərməyə başladılar (fond yaradılanda onun məqsədinin fərqli göstərilməsinə baxmayaraq). Eyni siyasət Orduya Yardım və YAŞAT Fondunda da tətbiq edilib. Bu zaman da cəmiyyətdə genişlənən özəl təşəbbüsləri müəyyən mənada koordinasiya etmək, ya da əsas rol oynamağa çalışılıb (YAŞAT Fondu yaradılanda bu gizlədilməyib. Müvafiq sahədə aktiv olan ictimai aktivistləri görüşlərə də dəvət ediblər və müvafiq siyahıları da alıblar).

2. Digər ölkələrdən fərqli olaraq, bu fondların praktiki tətbiqi çox məhduddur. Koronavirusla Mübarizəyə Dəstək Fondunun vaksinasiyanı da tam olaraq maliyyələşdirmə imkanı yoxdur. Azərbaycan Ordusuna Yardım Fondunun il ərzində yığdığı vəsaitlər heç ordunun bir aylıq xərcini təmin etmək imkanına malik deyil (misal üçün, 2021-ci ilin yanvarında “Müdafiə” maddəsi üzrə dövlət büdcəsindən 337,3 milyon manat vəsait xərclənmişdi. Fondda isə 124 milyon manat ianə yığılıb). Yəni yığılan vəsait hansısa məqsədə nail olmağa kifayət etmir, amma müəyyən təəssürat yaradır.

3. Fondlara vəsait bir çox hallarda əsasən inzibati yollarla yığılıb. Biz bunu daha çox SOCAR və Koronavirusla Mübarizəyə Dəstək Fondunun nümunəsində görmüşük. Sonuncuda vəsaitlərin 85%-i dövlət qurum və şirkətlərində çalışan işçilərin hesabına formalaşmışdı. Vəsaitlərin böyük hissəsinin bir-iki ay ərzində yığıldığını nəzərə alsaq, onların könüllü olmamasını ehtimal etmək olar. Başqa tərəfdən, fondlara vəsait yığımı özəl şirkətlər üçün müəyyən mənada əlavə öhdəliyə çevrilmişdi. Misal üçün, bir qədər sonra müflis elan ediləcək bəzi banklar müştərilərə ödəniş etmək iqtidarında deyildilər, amma Fonda 100-200 min manat həcmində ödəniş etmişdilər. İnzibati yollar hesabına faktiki xeyriyyə fondlarına özəl və ictimai təşəbbüslərlə müqayisədə əlavə üstünlüklər verilmişdi. Bu da rəqabət qaydalarını pozan məqamdır (özəl və ictimai fondların inzibati yollardan istifadə etmək imkanı yox idi. Amma buna baxmayaraq bir neçə təşəbbüs bir neçə milyon manat yığmağı bacardı).

Beləliklə, bu məqalədə biz fondların rəsmi yaranma səbəblərini və təsvirlərini göstərdikdən sonra, onların real həyatda təsir qüvvəsini göstərməyə çalışdıq. Fikrimizcə, 2020-ci ildə əhalinin böyük hissəsi üçün faktiki olaraq əlavə öhdəliklər yarandı (dövlət sektorunda əmək haqqı alan işçilərin 50-55% çalışır). Bu öhdəliklərin əsas məqsədi hər hansı problemi həll etməkdən daha çox, müəyyən istiqamət üzrə vəsaitlərin yığılması və xərclənməsinin mərkəzləşdirilməsi, həmçinin ona nəzarət idi.