Azərbaycanda siyasi və sosial münasibətlərdə şəxsiliyin pozulması – şəxsi həyata müdaxilə, şəxsi informasiyaların paylaşılması və şəxsi məkana icazəsiz giriş kimi hallar geniş yayılıb. Siyasi münasibətlərdə belə hallardan bir neçəsi hökumət tərəfindən 2021-ci ilin mart ayında beş qadın vətəndaşa qarşı tətbiq edildi. Məqalədə mən şəxsiliyin pozulmasına aid olan bu halları 4+1 Mart hadisələri adlandıraraq, patriarxal və panoptik[1] dövləti üç aspektdən tənqid edəcəyəm.

Birinci aspekt odur ki, patriarxal cəmiyyət kimi dövlət də qadını subyekt olaraq görmür, yəni qadının kişi fərdin sərəncamında olduğunu hesab edir. Ona görə də qadın siyasi konfliktdə patriarxal dövlət tərəfindən instrumentallaşdırılır. Mən bu aspekti feminist siyasi nəzəriyyənin 1970-ci ildən etibarən mübahisələndirdiyi şəxsilik anlayışı əsasında antik yunan dövrünün oikos sistemini nümunə gətirərək müqayisəli izah edəcəyəm.

İkinci aspekt ondan ibarətdir ki, 4+1 Mart hadisələrində dövlət şəxsilik normativini, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 32-ci və 33-cü maddəsində yer alan şəxsi həyatın toxunulmazlığı və mənzil toxunulmazlığı prinsiplərini pozub. Burada mən 4+1 Mart hadisələrini hüquq perspektivindən deyil, siyasi fəlsəfədəki şəxsilik perspektivindən dəyərləndirəcəyəm. 4+1 Mart hadisələrində dövlət vətəndaşın şəxsiliyinə müdaxilə edərək onun fərdi və siyasi muxtariyyətini pozdu; çünki dövlət vətəndaşa muxtar subyekt kimi hörmət etmir, vətəndaş obyekt olaraq görülür.

Üçüncü aspekt ondan ibarətdir ki, dövlət qadının siyasiləşməsinə və onun hökumətdən asılı olmayan ictimai fəaliyyətinə qarşı dözümsüzdür. Burada qəbul edilməyən qadının “fərdi muxtariyyətinin siyasi tərəfi”dir (Rössler 2017, 22). 4+1 Mart hadisələri birbaşa qadınların siyasi iştirakçılığına qarşı məhdudlaşdırıcı aktdır. Xüsusən, siyasiləşmiş qadın qəliblənmiş antidemokratik siyasi, sosial və mədəni nizama təhdid kimi qəbul edilir. Həmçinin Azərbaycanda siyasiləşmiş qadın patriarxal cəmiyyətə, o cümlədən dövlətə tənqidi və inkarçı mövqedə olduğundan şeytanlaşdırılır.[2]

Bu üç aspekti əsaslandırmaq üçün əvvəlcə 4+1 Mart hadisələrini və onun motivini xülasə edəcəyəm. Bundan sonra şəxsilik anlayışının feminist və liberal paradiqmada tarixi gedişatını izah edəcəyəm. Daha sonra Beate Rösslerin siyasi fəlsəfəyə gətirdiyi şəxsilik normativini və onun ölçüləri olan dezisional, informasional və lokal şəxsiliyi ətraflı izah edəcəyəm. Sonda isə yuxarıda toxunduğum üç aspekti bu kontekstdə əsaslandıracağam.

Yazı boyunca hökuməti[3] zərərverən tərəf kimi hallandırmağım zərərgörmüş tərəflərin kütləvi informasiya vasitələrində əksini tapan iddiaları əsasındadır. Bundan başqa, dövlət instansiyaları 4+1 Mart hadisələrindəki özünə qarşı ittihamları rəsmi şəkildə təkzib etməyib, o cümlədən belə hallardan birində (Xədicə İsmayılova halı) Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətini təqsirli bilərək cərimələyib[4]. Odur ki, bu əsaslardan yola çıxaraq Azərbaycan hökumətini tənqid edirəm. 

4+1 Mart hadisələri və motivi 

2021-ci il mart ayında Azərbaycanda qadın vətəndaşların şəxsi həyatlarına müdaxilə, şəxsi mənzilə icazəsiz daxil olma, onlara aid şəxsi məlumatların xəbərsiz və şəxsin iradəsinə zidd formada əldə edilərək ictimailəşdirilməsi nəticəsində qadın vətəndaşların fərdi və siyasi muxtariyyətlərinin pozulmasına dair silsilə hadisələr baş verdi. Siyasətçi atanın (Cəmil Həsənli) qızına (Günel Həsənli) və video bloqerin (Məhəmməd Mirzəli) bacısına (Zümrüd Mirzəliyeva) aid yataq otaqlarına quraşdırılmış gizli kamera vasitəsilə çəkilmiş onların intim video görüntüləri, o cümlədən feminist aktivistə (Nərmin Şahmarzadə) aid intim yazışmalar, fotolar, digər feminist aktivistin (Gülnara Mehdiyeva) mental səhhətinə dair şəxsi səs yazısı kibercinayətkarlıq edilərək ictimailəşdirildi. Bunlar birlikdə mart ayında ard-arda baş vermiş sayca dörd hadisə oldu[5]. Bu dörd hadisə ilə yanaşı həyat yoldaşı həbsdə aclıq aksiyasını dayandırsın deyə jurnalist (Sevinc Sadıqova) mənzilinin vanna otağında yerləşdirilmiş gizli kamera görüntüləri ilə və digər şəxsi materialların yayılması ilə təhdid oldunduğunu ictimailəşdirdi[6]. Bunlar Azərbaycan tarixində baş vermiş şəxsi həyatın toxunulmazlığı prinsipinin dövlət tərəfindən pozulduğuna dair sayca ilk hadisələr deyil[7], lakin bu dəfə, 2021-ci ilin mart ayında intensivlik təşkil etdi və qadınlar hədəf alındı.

Bu davranışlar qadın vətəndaşların kişi ailə üzvlərinin (Cəmil Həsənli, Məhəmməd Mirzəliyev, Əfqan Sadıqov) və birbaşa özlərinin (Gülnara Mehdiyeva, Nərmin Şahmarzadə) siyasi-ictimai fəaliyyətinə əsaslanan siyasi intiqam, ictimai fərdlərin etibarsızlaşdırılması, habelə nüfuzdan salınması, ümumi nəticədə isə tərəfləri siyasi iştirakçılıqdan çəkindirmək məqsədi daşıyırdı. Yəni, hökumət sifarişi ilə vətəndaşlara qarşı törədilən yuxarıdakı aktların səbəbinin təməlində siyasi iştirakçılığın konvensional, qeyri-konvensional və protest formalarını boğmaq dayanır.

Siyasi iştirakçılıq vətəndaşların könüllü olaraq fərdi və ya qrup halında məqsədli hərəkət etməsi, siyasi sistemin müxtəlif səviyyələrində (icma, ölkə, ittifaq, supranasional birliklər) qərarlara təsir etməsi və ya bu qərarları özlərinin qəbul etməsini ehtiva edir (Kaase 1994, 442; Fuchs 2010, 547). Siyasi iştirakçılıq özündə konvensional (seçkilərdə iştirak və partiyada təmsilçilik),  qeyri-konvensional (vətəndaş təşəbbüsləri və nümayişlər) və adətən illeqal hesab edilən protest formasını (basqın etmə və aksiya [məs: aclıq aksiyaları, yandırma, dağıtma, zəbt etmə] ) ehtiva edir (Fuchs 2010, 547). Yuxarıda xülasə etdiyim 4+1 Mart hadisələrinin hər birində siyasi iştirakçılığın bu formalarını əks etdirən fəaliyyətlər yer alır, ona görə də bu hadisələrin kökündə vətəndaşın məhz siyasi iştirakçılığının bütün formalarının boğulması hədəflənir. Bununla da vətəndaşın şəxsiliyi hədəf alınaraq fərdi və siyasi muxtariyyətləri eyni vaxtda pozulur.

Bu qəbildən olan hadisələrə aşağıda yazacağım üç aspektdən baxılmasını və bu baxışın cəmiyyətdə genişlənməsini zəruri görürəm. Çünki Azərbaycan cəmiyyətində belə hadisələrə ya mühafizəkar mədəni-əxlaqi, ya da beynəlxalq təşkilatların tanıdığı işləksiz[8] hüquqi normativ çərçivəsindən baxılaraq, hökumətin effektsiz formada tənqid edildiyi müşahidə olundu ki, bu da vətəndaşın ümumi emansipasiyasına xidmət etmədi. Lakin məhz qızı Günel Həsənli hadisəsində ən doğru reaksiyanı siyasətçi ata – Cəmil Həsənli verdi. Onun cavabı[9] qadının fərdi muxtariyyətinin tanınmadığı, habelə qadın cinayətlərinin getdikcə artdığı Azərbaycan cəmiyyəti üçün emansipativ və patriarxal Azərbaycan kişiləri üçün inqilabi xarakter daşıyırdı, habelə patriarxal dövlət üçün hesaba almadıqları (gözlənilməz) reaksiya idi. Digər ictimai tənqidlər öz növbəsində ancaq sosial media platformalarında səsləndi və hadisələrə dair nə müvafiq dövlət qurumlarının, nə siyasi partiyaların, nə beynəlxalq ictimaiyyətin (təşkilat və media),  nə də yerli qadın hüquqları üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının əsaslı müdafiələri və proqressiv tənqidləri olmadı. Təhlükəli tendensiya ondan ibarətdir ki, bu məsələlərə proqressiv və emansipativ yanaşmaların, daha doğrusu, tənqidlərin olmaması Azərbaycanda istər siyasi, istərsə də sosial münasibətlərdə[10] bu cür hadisələrin mütəmadi baş verməsini adiləşdirir. Bu isə cəmiyyətin həm siyasi, həm də sosial şüur səviyyəsini daha da aşağı salır. 

Şəxsi sahənin şaxələnməsi: tarixi gedişat 

Nə şəxsidir, nə şəxsi deyil? Bu sual müxtəlif debatların mövzusu olub. Hazırda bu mövzunun həm feminist aspektdən təqdim edilən şəxsi anlayışı, həm də liberal aspektdən müdafiə edilən şəxsi anlayışı vardır. Bunlar bir-birindən fərqlidir və ayrı mənaları ehtiva edir. Feminizmin şəxsi anlayışına görə, patriarxal əsaslarla və cins əsaslı cərəyan edən heç bir şey şəxsi deyil. Liberal aspektdən isə şəxsi anlayışı azadlıq və muxtariyyət kontekstində başa düşülür (Rössler 2001; 2017).

Siyasi nəzəriyyədə başqa elə bir mövzu yoxdur ki, şəxsi sahə mövzusu kimi tez bir vaxtda diqqət mərkəzinə otursun (Rössler 2010, 41). Əvvəllər bu mövzu nə hüquqda, nə də siyasi nəzəriyyə, sosial fəlsəfə və sosiologiyada mübahisələndirilib və haqqında yazılıb (Rössler 2010). “İlk növbədə sosial elmlər şəxsi sahə mövzusunu birbaşa mənasında, yəni şəxsi ailə sahəsi kimi tematikləşdirdi ki, […] burada da şəxsi sahə məişət həyatı, ailə, intimlik kimi öz klassik mənasında [başa düşülürdü], yəni antik dövrdən bu günədək modifikasiyasına, funksional dəyişikliyinə və yenilənməsinə baxmayaraq, öz təməl mənasında əhatə edilirdi” (Rössler 2001, 12). Bu mənada şəxsi sahə “həmişə həm intim, həm də ənənəvi məişət sferası kimi təyinatlanmış sahə kimi başa düşülüb” (Rössler 2001, 11).

Mənim qənaətimcə, bu cür başa düşülmənin təməlində antik yunan dövründə Platonun oikos və polis bölgüsü üzərində qurulmuş şəxsi və ictimai sahələrin bir-birindən ayırd edilməsi dayanır. Oikos “ev və ev xalqı” mənasına gəlir ki, burada kişinin idarəçiliyi altında qadın, uşaq və kölələrin tabeli yaşadığı sahə başa düşülürdü və şəhər dövlətinin kişi vətəndaşa aid olan bu sahəyə müdaxiləsi yolverilməz hesab edilirdi. Çünki oikos şəxsi sahə idi, kişinin şəxsi sahəsi. Polis isə dövlət mənasına gəlir. Bu sahədə kişi vətəndaşların ümumi rifah üçün ictimai-siyasi fəaliyyəti nəzərdə tutulurdu. Yəni  polis kişinin ictimai sahəsi idi.

“İctimai və şəxsi sahənin bir-birindən ayrılması nəticəsində (kişi) fərdi dövlət müdaxiləsindən qoruyan və [kişinin] öz muxtariyyətini yarada bildiyi şəxsi sfera meydana gəldi” (Jurcyz və Oechsle 2008, 9). Bu da vətəndaşın ümumi icma rifahı üçün fəaliyyət göstərməsi mənasında ictimai sferanın meydana gəlməsinə gətirib çıxardı (Jurcyz və Oechsle 2008, 9). Beləliklə, ictimai olan siyasi, şəxsi olan isə qeyri-siyasi olaraq kodlaşdı. Buradakı şəxsi və ictimai sfera ancaq kişi fərd üçün nəzərdə tutulduğu üçün qadına bu sferanın heç birində özünə aid yer verilmirdi. O, kişinin şəxsi həyatına aid məişət ünsürü olduğundan qadının ictimai fəaliyyətindən söhbət gedə bilməzdi. Bundan başqa, “ideal şəhər dövləti elitasının şəxsi sahədən tamamən ayrı tutulmasının əsas səbəbi o idi ki, dövlət ailəyə daha çox nüfuz edə bilsin” (Rosenzweig 2010, 31). Yəni bu yolla ailə birbaşa dövlətin maraqları üçün istismar, idarə, nəzarət və təsir etdiyi bir aparat halına çevrilsin. Ən başlıca isə cəmiyyətdə iyerarxik nəzarət və idarəetmə strukturlaşmış olur: dövlət kişinin, kişi qadının, qadın da uşaq üzərində iqtidar münasibətləri qurur.

Antik dövrdən gələn bu bölgü və ənənə uzun illər ərzində qismən dəyişikliyə uğrasa da, onun ilk dəfə köklü mübahisələnməsi, yəni ´şəxsi və ictimai´ sahələrin skandallaşması 1970-ci ildə qadın hərəkatlarının etirazları ilə başladı (Jurcyz və Oechsle 2008). 1969-cu ildə dərc edilən Şəxsi olan siyasidir adlı məqaləsi ilə müəllif Karol Haniş (Carol Hanisch)[11] ikinci dalğa feminist hərəkatın əsas tələbinin konturunu müəyyən etdi. Bundan sonra isə şəxsi olaraq qəbul görmüş sahənin sosial-siyasi təhlili tələb edildi və ailə patriarxal zorakılıq yuvası kimi ifşa edildi (Ehrmann 2011). Beləliklə, bu dövrdən etibarən şəxsi sahə mövzusu siyasi fəlsəfə başda olmaqla, hüquq, siyasətşünaslıq, sosial elmlər və s. sahələrdə dinamikliyini artırdı və mövzu mübahisələndirilməyə başlandı. O cümlədən ailədəki zorakılıqlar, qadın cinayətləri və ailədaxili istismar məhz şəxsi olan siyasidir tezisindən sonra diqqətə alınmağa başlandı. Onun nəticəsidir ki, bu gün beynəlxalq təşkilatlar başda olmaqla dövlətlər məişət və ailədaxili zorakılıqların qarşısının alınması üçün, habelə qadınlara qarşı dəyərsizləşdirmənin və ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair öhdəlik daşıyır.[12] Bu mənada, şəxsi hesab edilən ailədaxili münasibətlər artıq “şəxsi məsələ” kimi mahiyyətini itirmiş sayıldı. O cümlədən, qadının şəxsi sahədən (kişinin çətiri altından) “çıxardılıb”, ictimai sahəyə keçməsinə dair maneələrin hüquqi müstəvidə aradan qaldırılması, yəni qadının səsvermə, təhsil, məşğulluq, ictimai fəaliyyət, idarəçilikdə təmsilçiliyi və s. proseslər baş verdi. Məişətin qadının təbii sahəsi, habelə qadının kişinin sərəncamında olduğu düşüncəsi çürüdüldü, qadın kişinin şəxsi sahəsinə təhkim edilməkdən çıxarıldı. Qadın və gender araşdırmalarındakı məşğulluq və ictimai sahələrdə təmsil olunmaqla qadınların həyatının modernləşməsi məsələsi, diqqəti onların məşğulluq inteqrasiyası və siyasi iştirakçılığı prosesinə yönəltdi (Jurcyz və Oechsle 2008, 12). 

Şəxsilik və muxtariyyət anlayışları: Rösslerin izahı 

Rösslerə (2001) görə, “şəxsi sözünün semantikasına baxıldıqda bu sözü intim, gizli kimi sözlərdən fərqləndirmək şərtdir, çünki intim olan hər bir halda şəxsidir, lakin şəxsi olan, hər zaman intim deyil. İntim sözünün daha çox erotik və ya seksual mənası var (…) və insan buna görə onu şəxsi tutmaq istəyir” (2001, 17). O cümlədən gizlişəxsi sözləri fərqlidir; şəxsi olan gizli ola və olmaya bilər, eyni zamanda gizli olan şəxsi ola və olmaya bilər; insanın nə geyindiyi onun şəxsi məsələsidir, lakin gizli deyil və ya dövlət sirri gizlidir, lakin o, şəxsi deyil (2001, 17).

Şəxsi dedikdə üç aspekt nəzərdə tutulur: 1) fəaliyyət və davranışın şəxsiliyi, 2) müəyyən məlumatların şəxsiliyi, 3) məkanın şəxsiliyi.

1. Fəaliyyət və davranışın şəxsiliyi dedikdə, fərdin öz həyatı üçün verdiyi qərarlar, təyin etdiyi seçimlər, həyat forması, tərcihləri nəzərdə tutulur;
2. Müəyyən məlumatların şəxsiliyi dedikdə, burada fərdə aid bütün məlumatlar nəzərdə tutulur. Məsələn, şəxsin səhhətinə və xəstəliyinə, kiminlə yaşadığına, başqa biri haqqında nə düşündüyünə dair və s. məlumatlar (2001, 19);
3. Məkanın şəxsiliyi deyildikdə, burada şəxsin yaşadığı mənzil və ya otaq nəzərdə tutulur (2001, 19).

Buradan gəlinən qənaət odur ki, mənim fəaliyyət və davranışım (seçim, qərar və tərcihlər), mənə aid olan bütün məlumatlar (açıq və ya gizli məlumatlar) və girişi, istismarı, idarəsi mənə aid olan yaşadığım məkan mənim şəxsiliyim sayılır. Bunlar fərdin şəxsi işləri, şəxsi məsələləri, şəxsi sahəsidir və hər üçü ümumilikdə şəxsiliyi bildirir. Rösslerin fikrincə,“şəxsi olan o hesab edilir ki, o şey hər nədirsə, onu idarə etmək girişi [imkanı] ancaq sənə aiddir” (Rössler 2001, 23). Buradakı giriş [imkan] ifadəsi “qərarlarına qarşı ´etiraz ehtimalı´, hərfi mənada götürdükdə məlumatlara giriş və ya mənzilinə giriş” nəzərdə tutulur (Rössler 2010, 42). Yəni fərdin qərarlarına, seçiminə, həyat formasına etiraz və müdaxilə, onun məlumatlarını yaymaq, başqalarına danışmaq və ya ötürmək, izləmək, dinləmək, foto və ya videoya çəkmək, səsini yazmaq, eləcə də ona aid məkana müdaxilə etmək fərdin şəxsiliyini pozmaqdır. Şəxsiliyin toxunulmazlığı ona görə labüddür ki, dövlət və digər şəxslərin (ailə üzvləri, çevrə, iş yoldaşları, dostlar, həyat yoldaşı və s.) sənə və iradənə aid olan şeylərə (məsələn: qərar, məlumat, məkan) xəbərsiz və iradənə zidd şəkildə girişi, qərarlarına etiraz ehtimalı və ya müdaxiləsi mümkün olmasın.

Şəxsilik fərdin muxtar olmasını şərtləndirən əsas amildir. Muxtar şəxs o şəxs hesab edilir ki, necə həyat yaşamağı istəyə bilir (wollen können) və həyatını necə yaşadığı barədə özü qərar verir (Rössler 2001). Başqa deyimlə, “insan o zaman muxtardır ki, onun istəkləri və dəyərləri elə şəraitdə formalaşıb ki, o, onlar barədə düşünə bilib, onları mühakimə edə bilib və onlara müqavimət göstərə bilib” (Hüseynli 2019). Fərdin azad olması üçün onun muxtar olması şərtdir. Şəxsin muxtar olmasını isə şəxsilik normativi şərtləndirir, belə ki, “azadlığın reallaşması və məhz muxtar həyat sürə bilmək ancaq şəxsiliyin qorunması şərti ilə mümkündür” (Rössler 2001, 137). Rösslerə görə, muxtariyyət muxtar qərarlar verə bilmək və şəxsin özünün təyin etdiyi şəkildə həyatını yaşamaq hüququnun olmasıdır; “Öz iradənə və öz qərarına zidd hərəkət etmək və yaşamağa məcbur olmaq heç vaxt uğurlu və yaxşı həyat sayıla bilməz” (Rössler 2017, 13).

Fərdin muxtariyyətini şərtləndirən şəxsilik aşağıdakı üç ölçü (Dimension) əsasında təyin edilir: dezisional şəxsilik, informasional şəxsilik, lokal şəxsilik (Rössler 2001; 2017).

1. Dezisional[13] Şəxsilik – Şəxsin həyatını necə yaşamaq istəməsi barədə qərarları, seçimləri, hərəkətləri onun dezisional şəxsiliyi sayılır. Məsələn, şəxsin peşə seçimi, kiminlə, necə, harada yaşamaq istəməsi, hansı cinsdə özünü reallaşdırması, abort seçimi və s. dezisional şəxsilikdir. Yəni, insanın öz həyatı üçün verdiyi bütün qərarları, tərcihləri, seçimləri dezisional şəxsilikdir. Rösslərə görə, dezisional şəxsilikdə qərar və seçimlər manipulyasiyalar və təsirlər vasitəsi ilə ərsəyə gələ bilər, lakin vacib olan odur ki, şəxs qərar və seçimləri öz iradəsi ilə edir[14]. “Dezisional şəxsiliyin pozulması şəxsin istədiyi formada öz həyatını yaşamasının məhdudlaşdırılması mənasına gəlir. Onun qorunması ona görə vacibdir ki, (…) davranış şəkillərini, həyat stilini, planlarını başqalarının müdaxiləsi olmadan reallaşdırmaq mümkün olsun” (Rössler 2001, 153).
2. İnformasional Şəxsilik – Şəxsə aid məlumatlar və onun haqqında kimin hansı məlumata malik olmasını şəxsin özünün kontrol edə bilməsi informasional şəxsiliyin mahiyyətini təşkil edir: məsələn, şəxsiyyət vəsiqəmdə yazılanlar da, sağlamlıq haqqında məlumat da, bank hesabımdakı hərəkətlilik də, o cümlədən asudə vaxtımda nə etdiyimə dair məlumat da, kiminlə harada, nəyi, necə etməyimə dair informasiya da (bu siyahını öz həyatınızdakı misallara uyğun genişlədin) informasional şəxsilikdir. Dövlət qurumları, şirkətlər, banklar və ya xəstəxana/həkim (sığorta şirkəti) və digər bütün dövlət və qeyri-dövlət qurumlarının şəxsə aid məlumatları onun xəbəri və icazəsi olmadan bilməsi, ötürməsi, yayması, danışması onun informasional şəxsiliyinin pozulmasıdır. O cümlədən, sosial münasibətlərdə fərdlərin (məs: ailə üzvləri, dost-tanış, qohum-əqrəba, iş yoldaşları, həyat yoldaşı və s.) də bunları etməsi fərdin informasional şəxsiliyini pozan hərəkətlərdir. İnformasional şəxsiliyin pozulması şəxsin azadlığına və muxtar həyatına müdaxilədir. Muxtar şəxs kimi özünə aid məlumatları kontrol etmək iqtidarı və informasional şəxsiliyin qorunması ona görə zəruridir ki, şəxsin rəftar sərbəstliyi olsun, orijinallığını saxlasın, habelə muxtar həyatını yaşaya bilsin. Rösslerə görə, informasional şəxsilik olmadan demokratik formada özünüifadə mümkün deyil (2010, 51). Bu baxımdan siyasi müstəvidə informasional şəxsiliyin pozulması demokratiyaya və demokratik idarəçiliyə də ziddir.
3. Lokal Şəxsilik – Şəxsin yaşadığı məkan; ev, mənzil, otaq oradakı əşyalar, məkanın tərtibatı, istifadəsi lokal şəxsiliyə aiddir. Şəxsi məkan panoptik cəmiyyətdə şəxsin izlənmədiyi, dinlənmədiyi, nəzarət, kontrol və narahat edilmədiyi yer sayılır. Bütün bunlardan kənar qalmaq üçün fiziki və mental rahatlığını yaşamaq üçün fərd lokal şəxsilik imkanına sahib olmalıdır. Fundamental azadlıq və muxtar həyat lokal şəxsiliyi şərtləndirir, yəni “başqalarının baxışlarından uzaq qala bilmək tam muxtariyyət üçün elementar tələbdir” (Rössler 2001, 274).

Biz yuxarıda şəxsi sözü nə bildirir, şəxsilik dedikdə nə nəzərdə tutulur və onun hansı ölçüləri var, habelə muxtariyyətin nə olduğunu oxuduq. Artıq bu anlayışlar əsasında başda qeyd etdiyim hər üç aspekti açmağa çalışaq. 

1-ci aspekt: Qadın obyekt kimi 

Azərbaycan cəmiyyəti şəxsin dezisional, informasional və lokal şəxsiliyinin pozulduğu cəmiyyətlərdən biridir. Şəxsilik ilk növbədə cəmiyyətin “qara qutusu” ailə institutundan pozulmağa başlayır. Əslində bu hal patriarxal və panoptik dövlətin tələb və gözləntisi ilə birbaşa üst-üstə düşür. Ailədəki patriarxal dəyərlər və repressiv idarəçilik əsasında cinsindən və yaşından asılı olmayaraq, fərdlərin həyatlarını necə yaşamasına dair qərarlar ya kollektiv şəkildə, ya valideynlərin qərarı, ya da manipulyativ əsasda (kultural faktorlar) baş tutur. Adətən həyatı şəkilləndirmək patriarxal ailə sisteminin bilavasitə cəmiyyətin təhkim etdiyi dəyərlər, adətlər və qaydalar çərçivəsində reallaşdırılır. Xüsusən, qadınlar üçün bu sistem iki qat ağırlaşdırılır: Cəmiyyətdə qadına uyğun görülən vəzifələr, rollar və normalar kişi mərkəzli cəmiyyətin istək və tələblərinə müvafiq inşa edilir və bu inşada qadın kişi cinsi ilə müqayisədə daha məhdud və idarə olunan mövqeyə salınır (Cəlil 2021). Odur ki, Azərbaycan cəmiyyətində ailə institutu antik dövrün oikosu ilə məzmunca az fərqlənir.

Xüsusən, Günel Həsənli halında qadının obyekt kimi görülməsi və siyasətçi atanın nüfuzuna xələl gətirilməsi məqsədilə instrumentallaşdırılması fikrini əsaslandırmaq üçün burada antik dövrün oikos sisteminə istinad etmək istəyirəm: Aristotelin verdiyi məlumata görə, oikos kişi, qadın, uşaq və kölələrdən ibarət olub, ailə başçısı sayılan kişi fərdin idarəçiliyi altında üç nəsil ailələrin birlikdə yaşadığı yer sayılırdı, habelə oikos ev, evin ərazisi, insanları, heyvanları və evə aid olan hər şeyi əhatə edirdi (Yılmazcan 2020). Oikosdakı qadın kişinin tabeliyində və sərəncamında idi, çünki kişinin şəxsi sferası sayılırdı. Qadının üzərində nəzarət və idarə ataya, evləndiyi kişiyə və ata öldüyü zaman qardaşa aid idi (Yılmazcan 2020). Qadın oikos qaydalarına, həyat tərzinə və adətlərinə tabeli yaşamalıydı (Seubert 2010). Qadının uşaq dünyaya gətirməsi mütləq idi, çünki bu, yaşlandıqda onlara baxmaq və ailə mülkünün digər əqrəbalara keçməməsi üçün vacib sayılırdı.

Ümumi baxdıqda, bu mənzərə Azərbaycandakı ailə institutuna çox bənzəyir. Cəmiyyətdə gözlənti, tələb və bundan irəli gələn düşüncə odur ki, qadın ailədəki kişiyə tabedir və onu təmsil edir. Bu yanaşma və düşüncədən yola çıxaraq Günel Həsənli həyatını muxtar fərd kimi şəkilləndirdiyi üçün siyasətçi ataya qarşı həmlədə hədəf oldu. Bundan başqa onun necə yaşamaq istəyinə, necə yaşadığına dair informasiya təhlükəsizliyinə və olduğu məkana müdaxilə edildi. Günel Həsənlinin instrumentallaşdırılmasından belə qənaət ortaya çıxır;

1. Günel Həsənlini dövlət siyasətçi atanın şəxsi sahəsi və atanı təmsil etdiyini hesab edir. Bu, o deməkdir ki, dövlət qadını subyekt kimi tanımır.
2. Dövlət patriraxal ənənəvi həyat şəklinə zidd yaşamağı qeyri-rəsmi formada qəbahət sayır və bu halı stiqmalaşdırır. Bu o deməkdir ki, dövlət vətəndaşların şəxsi həyatlarına dair muxtar qərarlarına müdaxilə edir və muxtar həyatı mühakimə edir.
3. Bütün bunların nəticəsində dövlət qadının dezisional, informasional və lokal şəxsiliyini pozmuş olur.

O cümlədən Zümrüd Mirzəliyeva və Sevinc Sadıqova hallarında onlar ailəsindəki kişiləri təmsil etdiyi düşüncəsi ilə qarşı tərəflə siyasi münaqişədə instrumentallaşdırıldı. Zümrüd Mirzəliyeva siyasi mühacir və yabanı məzmunlu materiallarla hökumətlə münaqişədə olan qardaşını cəzalandırmaq üçün hədəf oldu. Eyni zamanda, Sevinc Sadıqova həbsxanada aclıq aksiyası edən həyat yoldaşının bu əməlini dayandırmağa məcbur etməsi üçün şəxsi həyatı ilə təhdid edildi. Beləliklə bu üç qadın siyasi münaqişədə obyekt kimi instrumentallaşdırılmış oldu. 4+1 Mart hadisəsində zərərçəkən qadınlar arasında xüsusən Günel Həsənlinin şəxsiliyinin hər üç ölçüsünün pozulmasına baxmayaraq, onun hadisəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma maddəsi ilə cinayət işi açılıb.[15] Bu isə şəxsilik normativi çərçivəsindən baxdıqda absurddur, çünki vətəndaşın konstitusion hüquqlarının (şəxsi həyatın toxunulmazlığı və mənzil toxunulmazlığı) pozulduğunu əks etdirməməklə yanaşı, şəxsilik normativinin heç bir istiqamətini ehtiva etmir. Bu, dövlət tərəfindən qadının obyekt olaraq görülməsi iddiasını daha da möhkəmlədir. 

2-ci aspekt: Vətəndaş obyekt kimi: 4+1 Mart hadisəsində dezisional, informasional və lokal şəxsiliyin pozulması

Vətəndaşın dezisional, informasional və lokal şəxsilik prinsipi Azərbaycan Respublikasının Konstitusiyasında qismən əks edilir. Konstitusiyanın Şəxsi həyatın toxunulmazlığı adlı 32-ci maddəsinin 3-cü bəndinə görə: öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatların toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Eləcə də, konstitusiyanın Mənzil toxunulmazlığı adlı 33-cü maddəsinə görə: hər kəsin mənzil toxunulmazlığı hüququ vardır və qanunla müəyyən olunmuş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Lakin 4+1 Mart hadisələrində biz, vətəndaşların şəxsi həyatlarına dövlət tərəfindən müdaxilə edilməklə onların konstitusion hüquqları ilə yanaşı dezisional, informasional və lokal şəxsiliyinin pozulmasına şahid oluruq. Dövlət qurumlarının və xüsusi xidmət orqanlarının vətəndaşın onun xəbəri olmadan və iradəsinə zidd şəkildə şəxsi informasiyalarına qanunsuz girişinin olması, bunu istifadəsi və başqasına ötürməsi hüquqi dövlətçiliyin defisitidir (Braun 2017). Bununla yanaşı, hüquqi dövlətçiliyin təməldən sarsılmış olması Azərbaycanda panoptik cəmiyyətin formalaşmasına gətirib çıxarıb. Panoptik cəmiyyət odur ki, “şəxsə aid məlumatların toplanması, saxlanması, istifadə edilməsi, ötürülməsi və ya satılması, eləcə də telefonların dinlənməsi, gizli və ya ictimai kameralar[16], müxtəlif firma və sığorta şirkətləri arasında məlumatların ötürülməsi, evlərin və mənzillərin dinlənməsi və gizli izlənməsi” kimi hallar adiləşmişdir və hüquqi müdafiə, habelə cəzalandırma mümkün deyil. (Rössler 2001, 216). Bu halda həmin dövlət (4+1 Mart hadisəsi və digər hallara əsasən Azərbaycan dövləti) gözətçi dövlət (Überwachungsstaat) sayılır. Vətəndaşın şəxsiliyinin pozulması isə dövlət tərəfindən onun muxtariyyətinin rədd edilməsidir. Bu halda dövlət vətəndaşı obyekt olaraq görür. Eyni zamanda dövlətin vətəndaşa qarşı tərəddüdsüz şəkildə bu cür davranması ölkədə qanun aliliyinin və demokratik təsisatların işləmədiyinin təsdiqidir. Nəticə etibarı ilə hüquqi dövlətçilik defisiti vətəndaşın obyekt olaraq görüldüyü panoptik dövlətin əsasını təşkil edir. Yəni, dövlət vətəndaşın konstitusion hüququnu və şəxsiliyini özü pozur, çünki Azərbaycan kimi panoptik dövlətdə vətəndaş obyekt hesab edilir. 

3-cü aspekt: Fərdi muxtariyyətin siyasi tərəfi: Siyasi iştirakçılığı boğma və siyasiləşən qadına reaksiyalar 

Qadınların dünya miqyasında götürdükdə marjinal, Avropa səviyyəsində götürdükdə isə kafi siyasi iştirakçılığı həm demokratiya nəzəriyyəsi, həm də təcrübəsində mərkəzi problemdir (Fuchs 2010, 547). O cümlədən Azərbaycan qadınların siyasi iştirakçılığına görə ən aşağı ölkələrdən biridir.[17] İllik 193 ölkə ilə aparılan tədqiqata görə, Azərbaycan hər il qadınların siyasi iştirakçılıq faizinə görə geriləyir; 2017-ci ildə 174-cü,  2019-cu ildə 178-ci, 2020-ci ildə 181-ci idisə, bu il 183-cü sırada yer alıb (Women in Politics Map: 2021). Bunun başlıca səbəblərindən biri odur ki, “Azərbaycan […] kimi Avrasiya ölkələri liberal demokratiyaya aid orqan və institutlara malik olsalar da, orda avtoritar və neopatrimonial rejimlər hakimdir.” (Birsl və Derichs 2013, 194). Seçkilərin demokratik və şəffaf olmaması, qadınların bu istiqamətdə ayrı-seçkiliyə və siyasi təzyiqlərə məruz qalması az olan siyasi iştirakçılıq marağını daha da zəiflədir, onları siyasi iştirakçılıqdan uzaqlaşdırır.

Azərbaycanda qadınların qeyri-konvensional siyasi iştirakçılığı isə, xüsusən, sosial şəbəkələrin populyarlaşması ilə son illərdə dinamikləşsə də, bu, ümumi azadlığın pozulması hesabına başa gələ bilir, həm də həyati təhlükəlidir. Hökumətdən asılı olmayan və təsdiq almayan vətəndaş təşəbbüsləri birmənalı olaraq məhdudlaşdırılır. Biz bunu təkcə elə 8 mart nümayişlərindən görə bilərik.[18] Xüsusən, vətəndaş təşəbbüsləri ilə irəli çıxan və siyasi fəaliyyətlə məşğul olan qadın vətəndaşlar həm hökumət, həm də cəmiyyət tərəfindən xüsusi olaraq yadırğanır. Çünki “şəxsi və ictimai sahələrin ayrılması ilə kişi siyasi, qadın isə apolitik olaraq inşa edilib [kodlaşdırılıb]” (Fuchs 2010, 547). Onun səbəbidir ki, bu gün Azərbaycanda konvensional və qeyri-konvensional formada müxalif və inkarçı cinahda iştirak edən qadın vətəndaşlar birmənalı olaraq şəxsiliklərin pozulması ilə susdurulmağa və ya fəaliyyətindən uzaqlaşdırılmağa çalışdırılır. Çünki bu tendensiya – Azərbaycan cəmiyyətində qadınların siyasi iştirakçılığının kütləviləşməsi olarsa, cəmiyyətdə vəziyyət avtoritar siyasi iradənin ziddinə olacaq ki, bununla da kontrol imkanları çətinləşəcək. Lakin biz onu bilirik ki, Azərbaycanda qadınların siyasi iştirakçılığı və təmsilçiliyi təkcə sosio-ekonomik, mədəni və institusional problem yox, həm də iştirakçılıq şüurunun (iştirakçılıq ehtiyacı, düşüncəsi, tələbi və s.) olmamasıdır. Qadınların siyasətsizləşdirilməsi dövlət, cəmiyyət, ailə institutu üçlüsünün bir-birini tamamlayan əməkdaşlığı ilə strukturlu və “gözəgörünməz” formada həyata keçirilir. Lakin bu tilsimi qıran və siyasiləşən qadınlar necə təzyiqlər görürsə, siyasi iştirakçılıqdan könüllü və ya məcburən uzaq duran qadınlar da daha rahat və azad formada yaşadıqlarını zənn edirlər. Lakin “[…] avtoritar idarəçilik altında yaşayan insanlar öz istəklərini azaltmaqla – vətəndaş kimi öz konstitusion hüquqlarının istifadəsindən və təmin edilməsindən imtina etməklə – öz azadlıqlarını artıra bilməzlər” (Hüseynli 2019). Odur ki, Azərbaycan qadınlarının iştirakçılıq şüurunun formalaşması, azadlığı şərtləndirən siyasi və fərdi müxtariyyətlərini bərqərar etməsi, habelə qadın müqəddəratlarını nəhayət təyin etməsi bütün dövrlər üçün antidemokratik idarəçiliyə qarşı mübarizədə fundamental ictimai-siyasi zərurətdir. 

Nəticə 

Azərbaycan cəmiyyətində antik dövrdən gələn şəxsilik anlayışı hakimdir və müasir dövrün şəxsilik normativi nə siyasi, nə də sosial müstəvidə qorunur. Siyasi iştirakçılığın məhdudlaşdırılmasında və vətəndaşın siyasətsizləşdirilməsində dövlət və cəmiyyət əməkdaşlığından irəli gələn patriarxal və panoptik xarakterli çəkindirmə aktları icra edilir. 4+1 Mart hadisələrinin əsasında da siyasi iştirakçılığı boğmaq məqsədilə qadın vətəndaşların cins əsaslı instrumentallaşdırılması və şəxsiliyə müdaxilə edilərək onların fərdi və siyasi muxtar həyat yaşamaq təhlükəsizliyinin pozulması dayanır. Nəticə etibarı ilə dövlət səviyyəsində qadının müqəddəratı tanınmır, fərd olaraq muxtariyyətinə əhəmiyyət verilmir və şəxsiliyinin pozulması ilə vətəndaş kimi obyekt halına çevrilir. Bu, cəmiyyətin təməl problemlərindən biridir ki, Azərbaycan dövlətində və cəmiyyətində vətəndaşın təhlükəsiz və muxtar həyat yaşamaq imkanının olmadığı nəticəsini ortaya çıxarır. Belə olan təqdirdə isə Azərbaycan dövlətinin patriarxal və panoptik dövlət olduğu qənaəti yaranır. Yekun olaraq, dövlət vətəndaşın şəxsiliyinin qorunması, fərdi və siyasi muxtariyyətinin qəbul edilməsi və bununla vətəndaşın muxtar həyat yaşamaq təhlükəsizliyini təmin etməklə mükəlləfdir. Dövlət bunu təmin etmədiyi təqdirdə qadın vətəndaşın bu təməl azadlıq prinsipinin qorunmasını tələb etməməyi onu daha da kölələşdirir. 

İstifadə olunmuş ədəbiyyat

Azərbaycan Respublikasının Konstitusiyası. http://www.e-qanun.az/framework/897

Birsl, Ursula/Derichs, Claudia (2013): Demokratie, Autokratie und Geschlecht – ein europäisch-asiatischer Vergleich, in: Gesellschaft. Feministische Krisendiagnosen, hrsg. v. Erne Appelt, Brigitte Aulenbacher, Angelika Wetterer, Münster: Westfälisches Dampfboot, 186-202.

Braun F. (2017): Warum die Geheimdienste unsere Privatsphäre gefährden. In: Beyvers E., Helm P., Hennig M., Keckeis C., Kreknin I., Püschel F. (eds) Räume und Kulturen des Privaten. Springer VS, Wiesbaden.

Cəlil, Nurlana (2021): Feminizm: Anlayışlar, cərəyanlar, tədqiqat istiqamətləri. Baku Research Institute. https://bakuresearchinstitute.org/az/feminizm-anlayislar-cereyanlar-tedqiqat-istiqametleri/

Ehrmann, J. (2011). Grenzverschiebungen: Zum normativen Wert des Privaten in der (neo-)liberalen Demokratie. ZPTh – Zeitschrift für Politische Theorie, 2(1), 110-117. https://nbn-resolving.org/urn:nbn:de:0168-ssoar-62289-5

Fuchs, Gesine (2010): Handbuch Frauen- und Geschlechterforschung : Theorie, Methoden, Empirie. Wiesbaden: VS, Verl. für Sozialwiss. S. 547 – 554

Foucault, Michel (1977): Überwachen und Strafen. Die Geburt des Gefängnisses. Frankfurt: Suhrkamp (Suhrkamp Taschenbuch, 184).

Hanisch, Carol, 1969: The Personal is Political; http://www.carolhanisch.org/CHwritings/PIP.html

Hanisch, Carol, 2006: The Personal is Political; https://webhome.cs.uvic.ca/~mserra/AttachedFiles/PersonalPolitical.pdf

Hüseynli, İlkin (2019): Neqativ və Pozitiv Azadlıq Anlayışları. Baku Research Institute https://bakuresearchinstitute.org/az/neqativ-v%c9%99-pozitiv-azadliq-anlayislari/

Kaase, Max (1994): Partizipation. In: Holtmann, Everhard (Hrsg.): Politik-Lexikon, München: Oldenbourg, S. 442-445

Jurczyk, Karin; Oechsle, Mechtild (Hg.) (2008): Das Private neu denken. Erosionen, Ambivalenzen, Leistungen. Tagung. 1. Aufl. Münster: Westfälisches Dampfboot (Forum Frauen- und Geschlechterforschung, 21).

Rössler, Beate (2003): Grötker, Ralf (Hg.): Privat! Kontrollierte Freiheit in einer vernetzten Welt. 1. Aufl. Hannover: Heise (Telepolis).

Rössler, Beate (2018): The Value of Privacy. 1. Auflage. New York: John Wiley & Sons.

Rössler, Beate (2001): Der Wert des Privaten. Erste Auflage, Originalausgabe. Frankfurt am Main: Suhrkamp (Suhrkamp Taschenbuch Wissenschaft).

Rössler, Beate (2017): Autonomie. Ein Versuch über das gelungene Leben. Erste Auflage. Berlin: Suhrkamp.

Rosenzweig, Beate (2010): Seubert, Sandra; Niesen, Peter, Die Grenzen des Privaten. 1. Auflage 2010 (Online-Ausg.). Baden-Baden: Nomos Verlag.

Seubert, Sandra; Niesen, Peter (2010): Die Grenzen des Privaten. 1. Auflage 2010 (Online-Ausg.). Baden-Baden: Nomos Verlag.

Yılmazcan, Defne (2020): Antik Yunan´da Oikos ve Kadın. KAREFAD, Journal of the Faculty of Letters. Volume: 8, Number 2, Pages: 272-285

Welzbacher, Christian (Hg.) (2013): Panoptikum oder das Kontrollhaus. Unter Mitarbeit von Jeremy Bentham, Andreas L. Hofbauer und Michel Foucault. 1. Aufl. Berlin: Matthes & Seitz (Batterien, N.F., No. 014).

Qeydlər

[1] Yunancadan gələn Panopticon sözü pān hər şey, optikó görülə bilən deməkdir. Bu söz ilk dəfə filosof Ceremi Bentam tərəfindən istifadə edilib. Bentam hər şeyi görülə, izlənə və nəzarət edilə bilən həbsxana binası memarlığının inşasını nəzərdə tutub. Şəxs informasiya obyekti və heç vaxt kommunikasiya subyekti olmadan, eləcə də özü heç nə görmədən izlənəcəkdi (Foucault 1977, 257). Bu cür memarlıq üslubu təkcə həbsxanalar üçün deyil, fabriklər, zavodlar, xəstəxanalar və məktəblər üçün də nəzərdə tutulurdu (Welzbacher 2013). Panoptiklik anlayışını 1975-ci ildə Mişel Fuko yenidən gündəmə gətirərək cəmiyyətlərdə fərdin nəzarət obyekti olması məsələsini tematikləşdirdi. Panoptik idarəçilik bir iqtidar gücü olaraq görülür və altdakıları nəzarətdə saxlamaq məqsədi daşıyır. Siyasi fəlsəfə ilə yanaşı siyasi ədəbiyyatda da panoptika və panoptik idarəçilik təsvirləri yer alır. Pantoptik idarəçiliyə dair Corc Orvelin 1984 adlı romanı panoptik dövlətin mahiyyətini təsvir edən əsərlərdən biridir. Orvel aydınlaşdırır ki, heç bir sfera, heç bir sahə və şəxsilik ölçülərinin mümkün olmaması totalitar dövlətlərin fundamental xarakteristikasıdır: heç bir hərəkət, heç bir düşüncə, hətta otaqda heç bir künc nəzarətsiz qala bilməz (Rössler 2001, 263).

[2] Mən burada siyasiləşmiş qadın dedikdə, (antidemokratik) dövlətə, (patriarxal) cəmiyyətə və siyasi sistemə siyasi, sosial və mədəni müstəvidə loyal olmayan, habelə vətəndaşlıq anlayışına hakim olan və hər hansı bir ideoloji görüşə sahib olub siyasi iştirakçılığın müxtəlif formalarında özünü ifadə edən siyasi muxtar qadın nəzərdə tuturam.

[3] Yazıda hökumət və dövlət sözlərinin istifadəsində eyni məna nəzərdə tutulur, çünki Azərbaycanda qeyri-demokratik siyasi idarəçilik olduğundan hökumət və dövlət anlayışlarının bu kontekstdə bir-birini əvəz etdiyi qənaətindəyəm.

[4] Lomsadze, Giorgi, “Azerbaijani reporter wins sex tape case” Eurasianet.net, 11.01.2019 https://eurasianet.org/azerbaijan-reporter-wins-sex-tape-case.

[5] Hamida Giyasbayli, New sex-tape emerges targetting daughter of Azerbaijani critic. OC Media, 30 March 2021. https://oc-media.org/new-sex-tape-emerges-targetting-daughter-of-azerbaijani-critic/

[6] Toplum TV, Jurnalistin həyat yoldaşı: “Məni intim görüntülərimi yaymaqla şantaj edirlər.” Toplum TV, 30 Mart 2021. https://toplum.tv/siyaset/jurnalistin-heyat-yoldasi-meni-intim-goruntulerimi-yaymaqla-santaj-edirler?fbclid=IwAR3bbib51uHW30KmXXWxF0k3OXTFrIZh2ARqiSzas83xJG9vhvVrjezOtxU

[7] Azərbaycanda 30 il müddətində (xüsusən son 15 il ərzində) yuxarıdakı 5 hadisə də daxil olmaqla sayca 20-yə yaxın şəxsi mənzil və ya hotellərdə gizli kameralar vasitəsi ilə intim videolar çəkilərək ictimailəşdirilmişdir. İctimailəşməyən çox sayda şəxsi həyatla şantaj hadisənin olduğu istisna edilmir.

[8] Beynəlxalq təşkilatların qətnamə, konvensiya və ya sənədlərinə qoşulan dövlətlərin öhdəlikləri icra etməsinə dair nəzarət mexanizmi yoxdur. Hökumətlər bu öhdəlikləri reallaşdırmadıqda sanksiya və ya qadağalara məruz qalmır.

[9] “İndicə mənə məlumat verdilər ki, İlham Əliyev və onun təhlükəsizlik xidməti mənim qızım Günel Həsənlinin şəxsi həyatı ilə bağlı video görüntülər yayıb. Başqalarının şəxsi həyatına müdaxilə, insanların güdülməsi, adamların yataq otağına öz murdar və yöndəmsiz burunlarını soxmaları bunların köhnə peşəsidir. Mənim qızım Günel Həsənlinin 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur. Əxlaqsızlıq başqasının intim həyatına burun soxmaq, dövətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir. Əlbəttə, indiyə qədər baş verən buna bənzər hadisələr kimi mənim qızımla bağlı yayılan bu video da şəxsən İlham Əliyevin əl işidir. Belə namussuz əməllərlə məşğul olmaq, ondan şantaj üsulu kimi istifadə etmək onun köhnə peşəsidir və natamam tərbiyəsinin nəticəsidir. Belə əxlaqsız əməllərə görə hələ vaxtı ilə DTK-da işləyəndə onun atası haqqında da cinayət işi qaldırılmışdı. Ot kökü üstündə bitər. Və ən nəhayət, İlham Əliyev belə əxlaqsız yollarla bizi siyasətdən çəkindirəcəyinə nahaq ümid bəsləyir. Mənim qızımın şəxsi həyatını necə qurması, necə yaşaması onun öz şəxsi işidir, bunun dövlətə heç bir aidiyyəti yoxdur. Ölkənin min bir dərdi olduğu halda ailə xidmətçisinə çevirdiyi dövlətin təhlükəsizlik xidmətini Şəxsi həyata müdaxilə kimi qanunsuz əməllərə cəlb etməklə o, öz əxlaqsız mahiyyətini ortaya qoyur. Bundan artıq ondan ayrı bir şey gözləmək günah olardı.” Cəmil Həsənli, 29.03.2021.

[10] Sosial şəbəkələrdə tez-tez vətəndaşlar arasında tanıdığı şəxsi təhdid, şantaj, qisas və ya lağlağı məqsədilə seks videoları, fotoları və ya mətnlər paylaşılır. Bu təhlükəli tendensiya Azərbaycan cəmiyyətində sosial münasibətlərdə güvən və etibarı sarsır, insanlararası təhlükəsizliyi zədələyir. Həm siyasi, həm də sosial səviyyədə bu halların baş verməsi şəxsiliyin pozulması üzrə cəmiyyət və dövlət əməkdaşlığını ifadə edir.

[11] Karol Haniş (Carol Hanisch) məqaləsinin sensasion adı haqqında belə yazır: “´Şəxsi olan siyasidir´ adlı məqalə ilk dəfə 1970-ci ildə Notes from Second Year: Women´s Liberation nəşrində çap olundu və geniş miqyasda yenidən dərc edildi, habelə illər ərzində hərəkatı da aşaraq geniş kütləyə yayıldı. Google axtarışı edənə qədər onun müxtəlif dillərdə çap və müzakirə edildiyindən xəbərsizdim. Mən bu qeydə açıqlama gətirmək istəyirəm ki, məqaləyə ´Şəxsi olan siyasidir´ adını mən verməmişəm. Bildiyim qədəri ilə məqalə növbəti yayımda çap edilmək üzrə Keyt Saraçaydlın (Kathie Sarachild) diqqətini çəkdikdən sonra [bu ad] Notes from Second Year: Women´s Liberation nəşrinin redaktorları Şuli Fayrstoun (Shulie Firestone) və Enn Koyt (Anne Koedt) tərəfindən verilib. Bundan başqa, “siyasi” sözü burada seçkili siyasət mənasında yox, insanlararası iqtidar münasibətləri mənasında işlədilib.” (Hanisch 2006).

[12] Bax: CEDAW Convention 1979, https://www.ohchr.org/en/professionalinterest/pages/cedaw.aspx

[13] Latınca qərar mənasında olan decisio sözündən yaranıb. Bu termin ilk dəfə alman siyasi filosof Karl Şmit (Carl Schmitt) tərəfindən istifadə edilib.

[14] Rösslerin bu yanaşması ilə razılaşmıram. Şəxsin davranış, hərəkət və yaşam forması sosializasiyadan təsirlənir və sosializasiya adətən cins əsaslı tabeçilik, cinsi təyinatlandırma və bunlardan irəli gələn simvolikanı özündə ehtiva edir. Dezisional şəxsilikdə nəzərdə tutulan azadlıq cinsə xas hallarda strukturlu manipulyasiya, zorakılıq və tabeçilik daşıyır. Məsələn, dinin xüsusən qadınlara təyin etdiyi icbari geyim forması (çadra, niqab, peçə və s.) və ya qadınlara biçilən saxta gözəllik standartı (false beauty standard, Hanisch 2006), eləcə də tabeli həyat stili və qadının bunları “könüllü” yaşaması onun azad olduğunu göstərmir. Feminist tənqidin liberalizmlə heç vaxt üst-üstə düşmədiyi məhz bu məqam tərəflər arasında debat mövzusudur.

[15] Aygül Mehman, Cəmil Həsənlinin qızının olduğu deyilən görüntülərin yayılması ilə bağlı cinayət işi açılıb. 29 Mart 2021 BBC News Azərbaycanca

[16] Panoptik cəmiyyətdə kameralarla nəzarət məsələsi 2 hissəyə bölünür: a) koqnitiv asimmetriya və b) koqnitiv simmetriya. Koqnitiv asimmetriya zamanı “şəxslər onların kameralarla izləndiyini bilmir və toplanan datalarla nə ediləcəyinə dair kontrol imkanları yoxdur” (Rössler 2003, 29). Koqnitiv simmetriya mağazalar, ictimai müəssisələr və s. yerlərdə şəxsin kameralarla izləndiyini bilməsidir (Rössler 2003). Ona görə ictimai sahələrdə kamera çəkir sərlövhələrinin asılması və şəxslərin bundan xəbərdar edilməsi zəruridir.

[17] Bax: Women in Politics Map: 2021,

https://www.unwomen.org/-/media/headquarters/attachments/sections/library/publications/2021/women-in-politics-2021-en.pdf?la=en&vs=1305

[18] Human Rights House Foundation. Statement on Events Surrounding the 8 march 2021 in Central Baku. 15 March 2021, https://humanrightshouse.org/statements/statement-on-events-surrounding-the-8-march-2021-march-in-central-baku/