ABŞ-ın transmilli maliyyə institutu Morgan Stanleynin inkişaf etməkdə olan bazarlar üzrə bölməsinin rəhbəri Ruçir Şarma Dövlətlərin yüksəlişi və çöküşü kitabında qeyd edir ki, bir sıra ölkələrin iqtisadi inkişafında ikinci şəhər fenomeni mühüm rol oynayıb.[1] Müəllifin fikrincə, dövlətlər özlərinin coğrafi yerləşməsinin üstünlüklərindən maksimum yararlanmaq üçün potensialı olan bölgələrini, xüsusilə, şəhərlərini qlobal ticarət sisteminə qoşmağı bacarmalıdır. Məsələn, Şarma hesab edir ki, 2010-cu ildə Tailandda baş verən və küçə toqquşmaları ilə müşayiət edilən siyasi qarşıdurmalarda ölkənin demoqrafik yükünün son dərəcə qeyri-bərabər bölünməsinin, eləcə də şəhər və kənd yaşayış məntəqələri üzrə yaşayış şərtlərində kəskin disbalansın mühüm rolu olub. Tailandda o dövrdə paytaxt Banqkokun əhalisi (10 mln. nəfərdən bir qədər artıq) ölkənin ikinci ən böyük şəhəri Çianqmayın əhalisindən ən azı 10 dəfə çox idi.

Əhalisi az, coğrafi baxımdan kiçik ölkələr üçün demoqrafik disbalans geniş yayılmış haldır və elə də anormal vəziyyət kimi qəbul edilmir. Məsələn, Belarus Dövlət Statistika Xidmətinin 2020-ci ildə hazırladığı xüsusi buraxılışda[2] dünya ölkələri üzrə əhalinin ümumi sayı və paytaxt əhalisinin sayı ilə bağlı göstəricilər açıqlanıb. Təqdim olunan məlumatlardan aydın olur ki, əhalisi 10 mln. nəfərdən az olan kiçik ölkələrdən Belarus və Macarıstanda 22-23%-i,  Latviya, Litva, Estoniya və Moldovada əhalinin təxminən 25-30%-i, Ermənistanda 34%-i paytaxtda məskunlaşıb. Lakin əhali sayına görə ortaölçülü (20-100 mln. nəfər intervalında əhalisi olan), böyük (əhalisi 100 mln. nəfərdən çox olan) və çox böyük (əhalisi 1 mlrd. nəfərdən çox olan) ölkələrdə bu nisbət kifayət qədər aşağıdır. Məsələn, Fransada əhalinin 3.5%-i, Braziliyada 1.5%-i, İndoneziyada 5%-i, Almaniyada 4.5%-i, Çində 1.4%-i paytaxtda yaşayır. Yeri gəlmişkən, hətta rəsmi məlumata görə, Azərbaycan təxminən 23%-lə paytaxt məskunlaşmasının yüksək olduğu ölkələr sırasındadır.[3] Qeyri-rəsmi məlumatlara görə isə bu göstərici 30%-i aşır. Belə yanaşmalar paytaxtda kommunal xidmət istehlakının səviyyəsinin ölkə göstəricisinin 40%-nə yaxın olmasına əsaslanır. Belə ki, rəsmi statistikanın məlumatına görə, 2019-cu ildə yalnız ölkə əhalisinin ev təsərrüfatlarında istehlak etdiyi təbii qazın həcmi 2.9 mlrd.kubmetr, elektrik enerjisinin həcmi isə 6.3 mlrd. kVt/saat təşkil edib.[4] Bakı şəhərində əhali kateqoriyasının təbii qaz istehlakı 1.1 mlrd.kubmetr və ya ölkə göstəricisinin 38%-i, elektrik enerjisi istehlakı isə 2.7 mlrd. kVt/saat, yaxud ölkə üzrə göstəricinin 43%-i qədər olub.[5]

Azərbaycanın 2-ci şəhərləri

Əhali sayına görə paytaxtdan sonra 2-ci sırada gələn Azərbaycanın 2 böyük şəhəri var: Sumqayıt və Gəncə. Onların hər birinin ayrı-ayrılıqda 340 min nəfərə yaxın əhalisi var. Rayon mərkəzləri nəzərə alınmasa, Azərbaycanın yerdə qalan avtonom (respublika tabeli) şəhərləri demoqrafik baxımdan çox kiçikdir. Məsələn, Mingəçevir və Şirvan şəhərlərinin hər birinin ayrı-ayrılıqda 100 min nəfər ətrafında əhalisi var və bu baxımdan onları geniş demoqrafik yükü olan 2-ci sıra şəhərlər kimi götürmək mümkün deyil. Sumqayıt isə faktiki olaraq nəhəng paytaxt aqlomerasiyasının tərkib hissəsidir. Bu baxımdan Azərbaycanda 2-ci sıra böyük şəhər kimi Gəncənin timsalında paytaxtdan sonrakı şəhər potensialının qiymətləndirilməsi daha doğru yanaşma olardı. Rəsmi statistikanın məlumatından çıxış etsək, ölkənin 1-ci və 2-ci ən böyük şəhərləri arasında demoqrafik fərq 7 dəfə, qeyri-rəsmi hesablamalar götürülsə, 10 dəfəyə yaxın fərq var.

Bəs sosial-iqtisadi potensialda fərqlər nə qədərdir? Bu sahədə rəsmi statistikadan başqa hər hansı alternativ mənbə və hesablamalar olmadığından Dövlət Statistika Komitəsinin məlumatları əsasında müqayisələrə diqqət yetirək. Rəsmi statistikanın məlumatına görə, 2020-ci ildə Gəncənin ümümi məhsul buraxılışı Bakı şəhəri üzrə göstəricidən 55 dəfə kiçik olub.[6] Ölkə üzrə məhsul buraxılışının 65%-i Bakının, cəmi 1,2%-i isə Gəncədə formalaşıb. Aydındır ki, Bakı və Gəncə arasında bu olduqca böyük fərqdə neftin rolu həlledicidir. Lakin sənayedənkənar məhsul buraxılışı da götürüldükdə, paytaxtın məhsul istehsalının həcmi Gəncə ilə müqayisədə 40 dəfə böyükdür. Eyni zamanda, adambaşına məhsul buraxılışı arasında fərq 9 dəfəyə yaxındır. İqtisadiyyat üzrə sənaye işçilərinin cəmi 3,5%-i Gəncədə çalışdığı halda, Bakı üzrə həmin göstərici 60% ətrafındadır.

İnsan kapitalının inkişaf göstəriciləri baxımından da Gəncə nəticələrinə görə paytaxtdan, hətta bir sıra başqa bölgələrdən geri qalır. Məsələn, Gəncənin bəzi mühüm səhiyyə göstəriciləri (əhalinin hər 1000 nəfərinə düşən həkim personalının və köməkçi tibbi heyətin sayı, xəstəxana tutumu və s.) paytaxtdan orta hesabla 50% azdır.[7] Yaxud universitetlərə qəbulda 500-dən yüksək bal toplayan abituriyentlərin nisbətinə görə Gəncə, nəinki Bakı, Sumqayıt, Naxçıvan və Mingəçevir kimi şəhərlərdən, hətta Bərdə, Qəbələ, Şəki, Abşeron, İsmayıllı, Qubadlı, Ağstafa, Ucar, Neftçala, Qax kimi rayonlardan da geri qalıb.

Paytaxt və Gəncə arasında böyük iqtisadi fərqləri əks etdirən bəzi göstəricilərlə bu müqayisəni yetərli saymaq olar. Məsələn, ictimai nəqliyyat infrastrukturu baxımından da Gəncə kifayət qədər yoxsul şəhərdir. Metro, elektriklə işləyən digər nəqliyyat (tramvay, trolleybus) mövcud deyil, ictimai iaşə obyektlərində oturacaq yerlərinin sayı arasında 30 dəfə, mehmanxana və digər gecələmə yerlərinin birdəfəlik tutumu arasında isə 15 dəfə[8] fərq var. 2011-2019-cu illərdə istifadəyə verilmiş yaşayış evlərinin sahəsi Bakıda Gəncədən 30 dəfə artıq olmuşdur.[9]

Gəncənin iqtisadi potensialının zəif olması, sosial baxımdan cəlbedici yaşayış şərtlərinin təmin edilməməsi son 20 ildə şəhərin demoqrafik böyüməsində də özünü göstərib. Belə ki, Gəncə 2000-2020-ci illərdə əhalisi ən zəif templə artan 7 bölgədən biri olub. 20 il ərzində şəhər əhalisi cəmi 11.5% artıb. Halbuki ölkə üzrə orta göstərici 26%, ən yüksək göstərici 135% (Abşeron rayonu üzrə), Bakı şəhəri üzrə 30%-ə yaxın olub. Orta və uzunmüddətli dövrdə demoqrafik böyümə potensialı bir sıra şərtlərlə yanaşı həm də ərazinin sosial-iqtisadi baxımdan yaşayış, investisiya qoyuluşu üçün cəlbediciliyini də əks etdirir.

Dünyada lider və “2-ci sıra” şəhərlərin demoqrafik yükünün optimal nisbəti

Şarmanın bir sıra ölkələrdən gətirdiyi təcrübədən belə nəticə çıxarmaq olar ki, demoqrafik baxımdan ən böyük şəhərlə ikinci eşelon şəhərlərin əhalisi arasında fərqin 3 dəfədən çox olmamasını optimal nisbət kimi götürmək olar. Məsələn, Bakı şəhərinin əhalisi 2.5-3 mln. nəfərdirsə, ondan sonra gələn şəhərin əhalisinin 800 min – 1 mln. nəfər olması optimal nisbətdir. Birin üçə nisbəti göstəricisi hazırda Polşa, Vyetnam kimi inkişaf etməkdə olan ölkələrlə yanaşı Yaponiya (Tokio və Osaka), Cənubi Koreya (Seul və Pusan), Tayvan (Taybey və Kaosiunq) kimi inkişaf etmiş iqtisadiyyatlarda da uğurla təmin edilib. Böyük Britaniyada (London və Mançester) bir qədər yüksək fərq (təxminən 4 dəfə) olsa da, milli gəlirin yaradılmasında paytaxtın xüsusi çəkisi kritik hesab edilmir (20% ətrafında).  Dünyada bu nisbətin son dərəcə kəskin pozulduğu ölkə nümunələri də var. Məsələn, Peruda (Lima və Arekip) qeyd olunan nisbət 12 dəfəyə yaxındır. İnkişaf etmiş ölkələrdən isə Fransa pis nümunə kimi göstərilir: Paris və Lionun əhalisi arasında fərq 7 dəfəyə yaxındır. İqtisadiyyatın paytaxt Parisdə təmərküzləşmə səviyyəsi də yüksəkdir (30% ətrafında).

Şarma bu sahədə Kolumbiyanı da bir çox ölkələrə örnək göstərir. Paytaxt Boqota və 2-ci böyük şəhər olan Medellinin əhalisi arasında fərq 3 dəfədən də azdır. Şarma qeyd edir ki, 30 il əvvələ qədər Medellin gecəqonduların, Pablo Eskobar kimi dünyaca məşhur narkobaronun məskəni olub. 1991-ci ildən başlayaraq qurulan peşəkar idarəetmə nəticəsində əhalinin hər 100 000 nəfəri hesabı ilə qətllərin sayı 380 nəfərdən 30 nəfərə enib, gecəqondular sökülərək ləğv edilib. Müəllif əldə olunmuş uğurları şəhər idarəçiliyi sahəsində mərkəzi hökumətin apardığı islahatlarla əlaqələndirir. Söhbət seçkili yerli özünüidarə institunun səlahiyyətlərinin və maliyyə imkanlarının artırılması istiqamətində atılan addımlardan gedir.

Tarazlı regional inkişaf, balanslı şəhər inkişafı baxımından Azərbaycanın dünya təcrübəsini öyrənməyə çox ciddi ehtiyacı var. ÜDM-nin ən azı 75%-nin, ixracın az qala 90%-nin, büdcə gəlirlərinin 96%-nin paytaxtda formalaşması Azərbaycanda son dərəcə qeyri-bərabər bölgə inkişafını əks etdirən göstəricilərin hələ tam olmayan siyahısıdır.

[1] “Взлеты и падения государств”. Москва 2018. Rus dilinə tərcümə variantı.

[2] Беларусь и страны мира, 2020

https://www.belstat.gov.by/ofitsialnaya-statistika/publications/izdania/public_compilation/index_18737/

[3] Dövlət Statistika Komitəsi. Ölkənin inzibati ərazi vahidləri üzrə əhalinin sayı. https://www.stat.gov.az/source/demoqraphy/az/001_18.xls

[4] Azərbaycanın enerji balansı 2007-2019-cu illər.  https://www.stat.gov.az/source/balance_fuel/az/002_47-49.xls

[5] Bakı şəhərinin statistik göstəriciləri – 2019.  Statistik məcmuə, səh. 216

[6] Regionlarda məhsul buraxılışının həcmi https://www.stat.gov.az/source/system_nat_accounts/az/034.xls

[7] Ölkənin əraziləri üzrə səhiyyə göstəriciləri. https://www.stat.gov.az/source/healthcare/az/001_5_2.xls

[8] Mehmanxanaların birdəfəlik tutumuna dair statistika. https://www.stat.gov.az/source/tourism/az/005_1.xls

[9] Yaşayış evlərinin istifadəyə verilməsi üzrə statisitka https://www.stat.gov.az/source/construction/az/5.1.xls