fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda ana və uşaqların sosial müdafiəsi: sistemin imkanları və əhatə dairəsi

Read this article on other language
Download article
image_pdf
image_pdf

18 yaşadək uşaqların sosial müdafiəsinin effektiv təşkili məsuliyyətli və hesabatlı hökumətlər üçün strateji vəzifədir. Çünki yoxsul uşaqların təmin olunmuş yaşıdlarına nisbətən öz potensiallarını realizə etmək imkanları daha məhdud olur. Maddi səbəblər üzündən öz qabiliyyətini realizə edə bilməmiş yeni nəsil ölkə üçün itirilmiş, yeri heç bir resursla doldurula bilməyəcək insan kapitalıdır.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, hazırda dünyada hər il aradan qaldırılması mümkün olan, lakin effektiv sosial müdafiə sisteminin yoxluğu səbəbindən 5.9 mln. uşaq həyatını itirir. Həmin ölümlərin təxminən yarısı yetərli qidalanmanın olmaması ilə bağlıdır. Dünya üzrə kəskin yoxsulluqdan (gündəlik 1.9 USD-dən aşağı vəsaitlə yaşama) əziyyət çəkən 900 mln. nəfərə yaxın insanın təxminən yarısı (46%-i) uşaqlardır. Nəzərə alaq ki, uşaqların ümumi əhalidə payı xeyli yüksəkdir – cəmi dünya əhalisinin 34%-i 18 yaşadək uşaqlardan ibarətdir.

Azərbaycana gəldikdə, ümumi əhalinin təxminən 28%-i və ya 2.7 mln. nəfəri 0-18 yaş intrervalında olan insanlardır. Hökumətin yoxsulluğun ölçülməsi ilə bağlı istifadə etdiyi mexanizmi müstəqil ekspert və araşdırmaçılar etibarlı saymasalar belə, hətta rəsmi statistika əsasında aparılan hesablamalar uşaqlar arasında yoxsulluq səviyyəsinin orta ölkə göstəricisindən yüksək olduğunu göstərir. Rəsmi statistika ölkədə yoxsulluğun səviyyəsini ünvanlı sosial yardım alanların sayı ilə ölçür. Məsələn, 2016-cı ildə 558 min nəfər və ya bütün ölkə əhalisinin 5.5%-i qədər insan ünvanlı sosial yardım alıb. Elə həmin il hökumətin bəyan elədiyi rəsmi yoxsulluq səviyyəsi də bu rəqəmə uyğun olub. Yenə də həmin statistikaya görə, ünvanlı sosial yardım alanların 268 min nəfəri uşaqlar olub. 2016-cı ilin yekunlarına görə 0-18 yaş qrupu üzrə əhali sayının təxminən 2.7 mln. nəfər olduğunu nəzərə alsaq, uşaqlar arasında rəsmi yoxsulluq səviyyəsinin 10% ətrafında olduğunu görərik ki, bu da orta ölkə göstəricisindən az qala 2 dəfə yüksəkdir. Qeyd etmək vacibdir ki, dünyanın inkişaf etmiş ölkələrində də uşaq yoxsulluğu daha yüksək olur. Məsələn, BƏT-nin Qlobal Sosial Müdafiə Hesabatında qeyd edilir ki, Avropa Birliyi üzrə 2016-cı ildə uşaqların 21%-i, böyüklərin isə 16.3%-i yoxsulluq riski ilə üzləşib.

Uşaqların sosial müdafiəsi – hüquqi təminatlar

Fundamental prinsiplər Azərbaycanın da qoşulduğu BMT Uşaq hüquqları Konvensiyasında əksini tapıb. Konvensiyanın 24-cü maddəsinə görə, dövlətlər uşaqların ən təkmil səhiyyə sistemi xidmətlərindən, xəstəliklərin müalicəsi və sağlamlığın bərpası vasitələrindən, ən yüksək standartlara müvafiq tibbi yardımdan istifadə etmək hüququnu təmin edir, uşaqların xəstəliklərinə və doyunca yeməməsinə qarşı mübarizə aparır, analara doğumdan əvvəl və sonrakı dövrlərdə səhhətin mühafizəsi sahəsində lazımi xidmət göstərilməsinə zəruri şərait yaradır. Eyni zamanda, 26-cı maddəyə əsasən, iştirakçı dövlətlər hər bir uşağın sosial sığorta da daxil olmaqla sosial təminat imtiyazlarından istifadə hüququnu təmin etməyə borcludurlar. Öz növbəsində, milli səviyyədə qəbul olunan bir sıra hüquqi aktlar da uşaqların sosial müdafiəsinin təşkili üçün zəmin yaradır. Məsələn, “Uşaq hüquqları haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” və “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunlarda onların sosial müdafiəsinə təminat verilməsi ilə bağlı hüquqi müddəalar əks olunub.

Təyinatına və məqsədinə uyğun olaraq ayrı-ayrılıqda bu qanunlar 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etməsini və sanatoriya-kurort müalicəsi ilə təmin olunmasını, uşaqların sağlam yaşaması və inkişafı üçün onların sosial-iqtisadi hüquqlarının qorunmasını, valideynini itirmiş və valideyn himayəsindən mərhum olmuş uşaqların minimum dövlət sosial standartlarından aşağı olmayan həddə sosial müdafiəsinin təşkilini, uşaqların təhlükəsiz və adekvat qidalanmasına dövlət zəmanətinin verilməsini, uşaqların sağlamlığındakı problemləri zamanında aşkarlamaq üçün icbari dispanserizasiyasının həyata keçirilməsini təmin edir.

Uşaqların sosial müdafiəsi üzrə tədbirlər

Hazırda sosial müdafiə tədbirləri çərçivəsində uşaqlara ödənişlər əsasən “Sosial müavinətlər haqqında” Qanuna əsasən həyata keçirilir. Bu qanun çərçivəsində 18 yaşadək uşaqların aldığı sosial müavinətlər və onların məbləği aşağıdakı kimidir:

  • Şəhid statusu olan şəxslərin 16 yaşınadək uşaqları. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 18.7 manatdır.
  • Müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşınadək uşaqları. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 60.5 manatdır.
  • Müharibədə əlil olmuş şəxslərin 16 yaşınadək uşaqları. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 13.2 manatdır.
  • 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin 16 yaşınadək uşaqları. Hazırda bu müavinətin məbləği 13.2 manatdır.
  • Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin 16 yaşınadək uşaqları. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 13.2 manatdır.
  • Çernobıl qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin dispanser qeydiyyatında olan 16 yaşadək uşaqları. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 13.2 manatdır.

Qeyd: Yuxarıda sadalanan 6 kateqoriya üzrə sosial müavinətləri alanların ümumi sayı  2016-cı ilin sonuna 18521 nəfər təşkil edib.

  • Aztəminatlı ailələrin 1 yaşınadək uşaqlarına ödənən müavinətlər. Bu müavinət “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən ünvanlı sosial yardım almaq hüququ olan ailələrin 1 yaşınadək uşaqlarına verilir. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra bu müavinətin məbləği 5 manatdır. 2016-cı ilin sonuna bu müavinəti alan uşaqların sayı 5623 nəfər olub.
  • Ailə başçısını itirən ailələrin uşaqlarına təyin olunan müavinətlər. Bu müavinət vəfat etmiş, lakin işləməyən ailə başçısının 18 yaşı tamam olmamış hər bir övladına (təhsil aldıqda 23 yaşınadək) təyin edilir. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 60.5 manatdır. 2016-cı ildə həmin müavinəti 41286 nəfər alıb.
  • Sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlara təyin edilən müavinətlər. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra müavinətin məbləği 74 manatdır. 2016-cı ildə həmin müavinəti 67081 nəfər alıb.
  • Uşağın anadan olmasına görə birdəfəlik müavinət. Bu müavinət valideynlərdən biri işlədikdə işəgötürənin hesabına, heç biri işləmədikdə Sosial Müdafiə Fondu vasitəsilə ödənir. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra bu müavinətin məbləği 99 manatdır. 2016-cı ildə uşağın doğulmasına görə müavinət 54.4 min nəfərə valideynlərin iş yerlərindən, 100.261 nəfər işləməyən vətəndaşa isə Sosial Müdafiə Fondu vasitəsilə ödənib.

Bu müavinətlərdən əlavə, işləyən və qanunvericilklə tələb olunan səviyyədə sığorta stajı olan ailə başçısı həyatını itirdikdə onun övladları 18 yaşa çatanadək (təhsil alırsa 23 yaşınadək) ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdir. Rəsmi statistikaya görə, 2016-cı ildə sığorta stajı əsasında 144.2 min nəfər ailə başçısını itirməyə görə pensiya alıb. Pensiyanın təyinolunma şərtlərinə və məbləğinə gəldikdə, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci və 17.1-ci maddələrinin tələbinə uyğun olaraq, həyatını itirmiş ailə başçısının pensiya üçün müraciət anına qədər ümumilikdə sığorta stajı 5 ildən az olmamalı və o, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmalıdır. Pensiyanın məbləği isə sığorta stajının müddətindən və sığorta kapitalının həcmindən asılı olaraq müəyyən edilir. 2016-cı ilin yekunlarına görə, ailə başçısını itirməyə görə pensiyanın orta məbləği 140.4 manat təşkil edib.

Beləliklə, 2016-cı ilin nəticələrinə görə, 0-18 yaş intervalında 287.2 min nəfərin sosial müavinət, təqribən 140 min nəfərin isə ailə başçısını itirməyə görə pensiya aldığını nəzərə alsaq, sosial müdafiə proqramı ilə əhatə olunan uşaqların sayı 400 min nəfərdən bir qədər çox olub ki, bu da həmin yaş qrupu üzrə uşaqların 16%-nə yaxındır.

BƏT-nin 2017-ci ilin sonlarında açıqladığı “Dünya Sosial Müdafiə Hesabatı” adlı sənəddə müxtəlif ölkələrdə uşaqların sosial müdafiə proqram və tədbirləri ilə əhatə əmsalı barədə statistik məlumat təqdim olunmasa da, ümumi əhali üzrə bu göstəricinin 40.3% olduğu qeyd edilir. Həmin göstəricinin səviyyəsinə görə Azərbaycan Avropa ölkələrindən 2-2.5 dəfə geri qalır. “Əhalinin sosial müdafiə sistemi ilə əhatə əmsalı” o deməkdir ki, yaşından, cinsindən və məşğulluq statusundan asılı olmayaraq bütün əhalinin  müəyyən hissəsi ən azı bir sosial müdafiə proqramına cəlb edilib. Avropa ölkələrində bu göstəricinin səviyyəsinin yüksək olmasının 2 başlıca səbəbi var:

  • Həmin ölkələrdə sağlamlıq sığortası effektiv işləyir və demək olar, bütün insanlar bu sığorta ilə əhatə olunur. Azərbaycanda tibbi sığorta sistemi hələlik tətbiq olunmadığı üçün (məhdud ərazini əhatə edən pilot layihə nəzərə alınmazsa) əhalinin, o cümlədən uşaqların sosial müdafiə sistemi ilə əhatə dairəsi xeyli dardır.
  • Avropa ölkələrində orta məktəblərdə şagirdlərin pulsuz isti yeməklə təmin olunması proqramları geniş yayılıb, Azərbaycanda bu cür sosial müdafiə tədbiri, demək olar ki, yoxdur.

Beləliklə, bu yanaşma və müqayisələri, həmçinin Azərbaycanda ümumi əhali üzrə sosial müdafiə sistemi ilə əhatəolunma göstəricisinin 40% ətrafında olduğunu nəzərə alsaq, uşaqlar üzrə həmin göstəricinin daha aşağı olması aydın görünər; deməli, yuxarıda hesablamalarımız əsasında ortaya çıxmış 16% göstəricisi xeyli realdır.

BƏT-nin Qlobal Sosial Müdafiə Hesabatına görə, hazırda dünya üzrə 18 yaşadək bütün uşaqların 35%-i sosial müdafiə tədbirləri çərçivəsində hansısa forma və ya növdən olan sosial müavinət və ya ödəniş alır. Lakin bu göstərici dünyanın müxtəlif qitələrində fərqlidir: məsələn, Avropa üzrə orta göstərici 87%, Amerika üzrə 66%, Asiya üzrə 28%, Afrika üzrə 16% təşkil edir.

Əhatə dairəsindən savayı digər mühüm göstərici də uşaqlar üçün müavinətlərin məbləğidir. Azərbaycanda hazırda uşaqlara ödənən sosial müavinətlərin məbləği benefisiarların ehtiyaclarını qarşılamaq üçün ailələrinə hansı səviyyədə töhfə verə bilir? Bunu ölçməkdən ötrü hələlik üzdə olan yeganə obyektiv göstərici kimi yaşayış minimumunun dəyəri götürülə bilər. 2016-cı ildə uşaqlar üçün yaşayış minimumunun məbləği 116 manat olub. Bu rəqəmdən çıxış etsək, yuxarıda qeyd elədiyimiz aylıq ödənən 9 müavinətdən (doğuş üçün ödənən birdəfəlik müavinəti nəzərə almasaq) 5-nin məbləği aylıq yaşayış minimumunun 10-15%-i, 3-nün məbləği aylıq yaşayış minimumunun 39-47%-i, 1-nin məbləği isə 58%-i qədər olub.

Dünyada uşaqların sosial müdafiə sisteminin fəaliyyətini qiymətləndirmək üçün daha bir göstərici bu uşaqların sosial müdafiəsi üçün hökumətin ayırdığı büdcə xərclərinin (tibbi sığorta da daxil) ÜDM-ə nisbətidir. BƏT-nin Qlobal Sosial Müdafiə Hesabatına görə, hazırda dünya üzrə 0-14 yaşlı uşaqlar üçün sosial müdafiə xərcləri orta hesabla ÜDM-in 1%-i ətrafındadır Amma bu göstərici müxtəlif regionlar üzrə fərqlidir: məsələn, Şimali Afrika üzrə 0.1%, Qərbi Avropa üzrə 2%, Şimali Avropa üzrə 2.5% təşkil edir. Azərbaycan hökumətinin rəsmi sənəd və statistikasında analoji məlumatı tapmaq mümkün deyil. Lakin ayrı-ayrı sosial müdafiə tədbirləri üzrə maliyyə vəsaitlərinin həcmi əsasında bu göstəricini müəyyən kənarlaşma ilə hesablamaq mümkündür. Məsələn, 2016-cı ildə 237.6 mln. manat ünvanlı sosial yardım ayrılıb. Bu yardımı alanların yarısının uşaqlar olduğu nəzərə alınsa, ən kobud hesablamalara görə, ünvanlı sosial yardım üzrə vəsaitlərin 110-115 mln. manatı uşaqlara çatıb. Dövlət Sosial Müdafiə Fondu vasitəsilə 140 min nəfərə yaxın şəxs orta aylıq məbləği 140 manat olmaqla ailə başçısını itirməyə görə pensiya alıb  və bu, təxminən 20 mln. manata bərabərdir. Dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondu vasitəsilə 2016-cı ildə uşaqların doğulmasına görə ailələrə 17 mln. manata yaxın birdəfəlik vəsait ödənib. Bunlardan əlavə, “Sosial müavinətlər haqqında” Qanuna uyğun olaraq bilavasitə uşaqlara ödənən və yuxarıda adları sadalanan 8 müavinət üzrə (ünvanlı sosial yardım nəzərə alınmadan) 2016-cı ildə dövlət büdcəsindən 90 mln. manata yaxın vəsait ödənib. Nəhayət, Azərbaycanda tibbi sığorta sistemi yoxdur, lakin 2016-cı ildə hökumətin büdcə vasitəsilə xərclədiyi 700 mln. manatı proporsional olaraq əhalinin yaş qrupları üzrə paylasaq, həmin vəsaitin 27-28%-i və ya 190-195 mln. manatı 0-18 yaşlı uşaqlara çatır. Beləliklə, ən kobud hesablamalara görə, 2016-cı ildə uşaqların sosial müdafiəsi üzrə hökumət xərcləri 425-430 mln. manata çatır ki, bu da həmin il üçün ÜDM göstəricisinin (60.4 mlrd. manat) 0.72%-nə bərabərdir. Bu, dünya üzrə orta göstəriyə yaxın olsa da, inkişaf etmiş ölkələrin göstəricisindən 3-4 dəfə aşağıdır.

Uşaqlı anaların sosial müdafiəsi

Bilavasitə uşaqların sosial müdafiə tədbirləri ilə yanaşı anaların da sosial cəhətdən təmin edilməsi son dərəcə mühümdür.

“Sosial sığorta haqqında” Qanun “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə və “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimat ilə tənzimlənir.

Hazırda Azərbaycanda uşaqlı anaların sosial müdafiəsi 3 elementi özündə birləşdirir:

  • Hamiləlik dövründə qadınlara məzuniyyət verilməsi. Bu məzuniyyət uşağın anadan olmasından öncəki 70 günü əhatə edir. Yalnız rəsmi çalışan və sosial sığorta haqqı ödəyən qadınların hamiləlikdən öncəki 70 gün ərzində haqqı ödənən məzuniyyətə hüququ var. Məzuniyyət üçün ödəniş məbləği benefisiarın məzuniyyətlə bağlı müraciət anına düşən orta aylıq qazancının 100%-i səviyyəsində müəyyən edilib;
  • Övlad dünyaya gətirmiş qadınlara hamiləlikdən sonrakı dövrdə sağlamlıqlarının reabilitasiyası və körpəyə baxım üçün verilən məzuniyyət. Bu məzuniyyət 56 gündür. Yalnız rəsmi çalışan və sosial sığorta haqqı ödəyən qadınların uşağın doğulmasından sonrakı 56 gün ərzində haqqı ödənən məzuniyyət hüququ var. Məzuniyyət üçün ödəniş məbləği benefisiarın məzuniyyətlə bağlı müraciət anına düşən orta aylıq qazancının 100%-i səviyyəsində müəyyən edilib;
  • Uşağın 3 yaşınadək qulluğa görə analara qismən ödənişli sosial məzuniyyətin verilməsi. Rəsmi çalışan və sosial sığorta haqqı ödəyən qadınların qazanclarının 100%-i saxlanmaqla doğuşdan sonrakı 56 günlük məzuniyyətləri bitdikdən sonra övladlarının 3 yaşınadək iş yeri saxlanmaqla məzuniyyətə çıxmaq hüququ var. Lakin onlar bu seçimi etdikdə məzuniyyətə görə aylıq ödənişin sonuncu iş yeri üzrə aylıq əmək haqqı məbləğinə bağlılığı dayandırılır. Həmin qadınlar 3 il ərzində məbləği ölkə prezidentinin sərəncamı ilə müəyyən olunan həcmdə sosial məzuniyyət haqqı alırlar. Bu ödənişin məbləği 2018-ci ilin əvvəlinə qədər uşağın 1.5 yaşınadək aylıq 40 manat, 1.5-3 yaş intervalında isə aylıq 25 manat olub. 23 fevral 2018-ci il tarixli prezident sərəncamından sonra bu müavinətlərin məbləği 10% artırılıb.

Uşaqlı anaların sosial müdafiə sisteminin effektiv olması üçün 3 əsas şərt var: 1) Bu sistemin əhatə dairəsi nə qədər genişdir? 2) Hamiləlik və doğuşa görə əmək haqqı saxlanmaqla məzuniyyət dövrü nə qədər uzunmüddətlidir? 3) Üç yaşınadək uşağa qulluqla bağlı analara ödənən aylıq vəsaitin həcmi benefisiarların ehtiyaclarını hansı səviyyədə qarşılaya bilir?

Azərbaycan hökuməti sistemin əhatə dairəsinə dair rəsmi statistik məlumatlar açıqlamasa da, BƏT-nin son hesabatına görə, Azərbaycanda hamiləliyə və doğuşa görə məzuniyyətlə əhatə olunan qadınlar övladı olan qadınların cəmi 14%-ni təşkil edir. Halbuki bu göstərici region ölkələrindən Rusiyada 69%, Qazaxıstanda 45%, Gürcüstanda 24%, Avropa ölkələrində 95-100% intervalındadır. Azərbaycanda hamiləliyə və doğuşa görə əmək haqqı saxlanmaqla məzuniyyətlə əhatəolunma əmsalının dünya və region ölkələrilə müqayisədə son dərəcə məhdud olmasının əsas səbəbi bir tərəfdən əmək qabiliyyətli yaşında qadınların xeyli hissəsinin qeyri-iqtisadi fəal əhali qrupunda təmsil edilməsi (hazırda əmək qabiliyyətli yaşında qadınların təxminən üçdə biri qeyri-iqtisadi fəal əhali kimi çalışmır), digər tərəfdən isə əmək müqaviləsi olmadan qeyri-leqal çalışmasıdır.

Hamiləlik və doğuşa görə məzuniyyətin müddətinə gəldikdə, Azərbaycanda bu, 18 həftə təşkil edir. Dünya ölkələrinin təcrübəsində bu müddət xeyli fərqlidir: məsələn, İranda 39, Danimarkada 18, Estoniyada 20, Finlandiyada 21, Latviyada 16 həftə, Norveçdə 39-49 həftə intervalında, Çexiyada 28 həftə, Polşada 20 həftə təşkil edir. Nəzərə alsaq ki, Avropa ölkələrində 3 yaşadək uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi 50-55%-dən az deyil, hamiləlik və doğuşa görə məzuniyyətin çox da uzun olmaması problem yaratmır. Lakin Azərbaycanda 3 yaşadək uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsinin 10%-i ötməməsi səbəbindən qadınların əmək haqqı saxlanan məzuniyyət dövrünün nisbətən uzadılması azyaşlı uşaqların sağlam inkişafı baxımından müsbət addım ola bilər.

Hamiləlik və doğuşa görə qadınlara qismən ödənişli məzuniyyət (3 yaşa qədər uşağa qulluqla əlaqədar) şəklində verilən aylıq sosial vəsaitin benefisiarların ehtiyaclarını qarşılama səviyyəsinə gəldikdə, 2016-cı ildə 1.5 yaşa qulluğa görə müavinətin məbləği əmək qabiliyyətli yaşında qadınlar üçün yaşayış minimumunun 18%-i, iqtisadiyyat üzrə qadınların orta aylıq məvacibinin 8%-i qədər olub. Eyni zamanda, 3 yaşa qulluğa görə müavinətin məbləği əmək qabiliyyətli yaşında qadınlar üçün yaşayış minimumunun 29%-i, iqtisadiyyat üzrə qadınların orta aylıq məvacibinin 12%-i qədər olub.

2016-cı ildə hamiləliyə və doğuşa görə (126 günlük məzuniyyətlə bağlı), eyni zamanda 3 yaşa qədər uşağa qulluqla bağlı analara Dövlət Sosial Müdafiə Fondundan ödənən xərclərin məbləği 40.5 mln. manat olub ki, bu da Fondun illik büdcəsinin 1.5%-dən azdır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.