SSRİ-nin dağılmasından sonra Xəzərin karbohidrogen ehtiyatlarının sahilyanı dövlətlər tərəfindən ayrılıqda istismarı aktuallaşdı. Yeni müstəqil dövlətlər bu məsələyə öz suverenliklərini möhkəmləndirməyin və iqtisadi inkişafın təminatı kimi baxmağa başladılar. Azərbaycan və beynəlxalq neft şirkətləri arasında Xəzərdəki 3 yatağın birgə işlənməsinə dair 25 il əvvəl imzalanmış və Əsrin müqaviləsi adı ilə məşhurlaşan anlaşmanı, eləcə də hazırda həyata keçirilməkdə olan Cənub Qaz Dəhlizini bu baxımdan ən irihəcmli layihələr kimi qeyd etmək olar. Lakin eyni tarixi mərhələdə (müstəqilliyin ilk dövrləri) gündəmə gələn və hələ də ideya olaraq qalan təşəbbüslər də var ki, bunlardan ən əsası Transxəzər qaz boru kəməri layihəsidir. Bu layihə Türkmənistan qazını Avropaya nəql etmək üçün dənizin dibi ilə Azərbaycana boru kəmərinin çəkilməsini və il ərzində təxminən 30 milyard kubmetrə qədər qazın nəql olunmasını nəzərdə tutur. Xəzərin şərq və qərb sahilini birləşdirəcək bu kəmərin uzunluğu 300 km olmalıdır. Avropa Birliyi və ABŞ-ın timsalında Qərb layihəyə siyasi dəstək verir və maddi dəstək verə biləcəyini də vurğulayır. Avropada atom enerjisindən və kömürdən istifadə getdikcə azalır və təbii qaza ehtiyac artır. Hazırda öz təbii qaz ehtiyacının üçdə birini Rusiya vasitəsilə ödəyən Avropa Birliyi artan ehtiyacı da eyni mənbədən təmin etmək istəmədiyi üçün alternativ mənbələrin axtarışındadır. Türkmən qazı bu mənbələrdən biridir, lakin Türkmənistan nə təkbaşına, nə də Azərbaycanla birlikdə Avropaya qaz nəql etmək gücündədir.

Layihə ətrafında yaranmış vəziyyətin qısa xülasəsi belədir: Türkmənistan daha çox qaz satmaq və bu məqsədlə Avropa bazarına çıxmaq istəyir; Azərbaycan, Gürcüstan və Türkiyə tranzit ölkələr kimi bu layihədə iştiraka hazırdır; Avropa Birliyi özünün qaz idxalı mənbələrini çeşidləndirmək, ABŞ isə Avropa qaz bazarında Rusiyanın mövqelərini zəiflətmək niyyəti ilə layihəyə tərəfdardır; 300 km-lik məsafə boru döşəyən müasir texnologiyalı gəmilər üçün qısa məsafə sayılır və onlar az müddətdə bu məsafəyə boru xətti çəkməyə qadirdir. Bəs bu qədər pozitivə rəğmən Transxəzər layihəsinin indiyə qədər reallaşmaması və bu barədə mübahisələrin davam etməsi nədən qaynaqlanır?      

Xəzər Konvensiyası: həm həll, həm maneə

Rusiya ilə İranın lap əvvəldən siyasi səviyyədə Transxəzər boru kəmərinə qarşı çıxdıqları məlumdur, amma formal olaraq əsas problem kimi Xəzərin statusunun müəyyən olunmaması göstərilirdi. Nəhayət, 1996-cı ildən davam edən müzakirələrin yekunu olaraq 2018-ci ilin avqustunda Aktauda 5 sahilyanı ölkənin rəhbərləri tərəfindən Xəzərin hüquqi statusuna dair Konvensiya imzalandı. Həm bölgədə, həm də beynəlxalq səviyyədə ilk təəssürat bu oldu ki, artıq Transxəzər layihəsinin reallaşdırılması üçün əngəllər aradan qaxıb. Çünki Konvensiyanın 14-cü maddəsinin 1-ci hissəsində aydın yazılıb ki, tərəflər dənizin dibi ilə kabellər və boru kəmərləri çəkə bilər. Bu məqamı ABŞ prezidenti Donald Tramp da Türkmənistan prezidentinə ünvanladığı Novruz təbrikində vurğulayıb: “Ümid edirəm ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması ilə əlaqədar Türkmənistan Qərbə qaz ixracı üçün yaranan yeni imkanlardan istifadə edə biləcək.”

2018-ci ilin iyununda Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Transanadolu Qaz Boru Kəmərinin (TANAP) açılışı, eyni ilin noyabrında isə TANAP-ın Transadriatik Boru Kəməri (TAP) ilə birləşdiriməsi Transxəzərin aktuallığını və reallaşma ehtimalını artırdı. Çünki türkmən qazının Azərbaycan qazı ilə birlikdə məhz Cənub Qaz Dəhlizinin boru kəmərləri sistemi ilə Avropaya nəqli nəzərdə tutulur. Bu hadisələrə paralel olaraq Brüsseldə Türkmənistan nümayəndələri ilə keçirilən görüşdə Avropa Birliyi təmsilçiləri layihəyə investisiya cəlb olunmasına kömək etməyə hazır olduqlarını bəyan etdilər. 2019-cu ilin yanvarında Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətinin Türkmənistana səfəri zamanı tərəflər Transxəzər layihəsinin maliyyələşdirilməsi məsələsini müzakirə etdilər. Bu ilin fevral ayında Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şrasının Bakıda keçirilən 5-ci sessiyasında Türkmənistan prezidentinin müşaviri Yaxşigeldi Kakayev Transxəzərlə bağlı 2011-ci ildə üçtrərəfli formatda (Türkmənistan-Azərbaycan-Avropa Birliyi) başlayan danışıqları bərpa etməyə və Şərqi Avropanın enerji təhlükəsizliyinə töhfə vertməyə hazır olduqlarını bildirdi. İlk dəfə olaraq layihədə iştirak edəcək Avropa və Çin şirkətlərinin adları da məhz bu il hallanmağa başıladı. İyulda Türkmənistanda keçirilən Xəzər İqtisadi Forumunda isə AB-nin Orta Asiya üzrə xüsusi nümayəndəsi Peter Burian Transxəzər layihəsinin maliyyələşdirilməsi üçün Türkmənistanla danışıqları bərpa etdiklərini rəsmən açıqladı.

Hadisələrin bu cür inkişafından Rusiya narahatlıq duymağa başladı. Putinin hökumətinin etirazı təkcə siyasi mahiyyət daşımır, o, layihəyə hüquqi maneələr olduğu fikrini də irəli sürür. Məsələn, Xəzərin hüquqi statusu barədə Konvensiyanın 14-cü maddəsinin 1-ci hissəsi boru kəmərlərinin çəkilməsinə icazə verdiyi halda, 2-ci hissəsi bu tip layihələri mübahisələndirmək üçün Konvensiya iştirakçılarına hüquq verir. İkinci hissədə deyilir: “Tərəflər Xəzərin dibi ilə magistral boru kəmərlərini o halda döşəyə bilər ki, onların layihələri Xəzərin dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyası və ona əlavə edilmiş protokollar da daxil olmaqla, iştirakçısı olduqları beynəlxalq müqavilələrdə əksini tapmış ekoloji tələblərə və standartlara uyğun gəlsin.” Xəzərin dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyası dedikdə 2003-cü ildə Tehranda imzalanmış sənəd nəzərdə tutulur. Orada ümumi ekoloji tələblər, bu tələblərin həyata keçirilməsi üçün institusional mexanizmlərin yaradılması və tərəflərin öhdəlikləri əks olunub. 2018-ci il iyulun 20-də isə Tehran Konvensiyasının tərəflərinin Moskvada keçirilən növbədənkənar toplantısında Transsərhəd kontekstində ətraf mühitə təsirlərin qiymətləndirilməsi barədə Protokol imzalanıb. Sənəd Tehran Konvensiyasının müddəalarının yerinə yetirilməsini təmin etməyə yönəlib. Bu protokolun Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ərəfəsində növbədənkənar yığıncaqda imzalanmasını Moskvanın Transxəzər layihəsinin qarşısını almağa hüququ baza yaratmaq cəhdi kimi qiymətləndirmək olar. Təsadüfi deyil ki, status barədə Konvensiyanın imzalanmasından dərhal sonra Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov məhz Tehran Konvensiyası və Moskva Protokoluna istinadən bəyan etdi ki, Transxəzər boru xətləri bütün Xəzəryanı dövlətlər arasında razılaşdırılmalıdır. Onun sözlərinə görə, protokol bütün Xəzəryanı ölkələrə hüquq verir ki, transsərhəd xarakterli və Xəzərin təbii mühitinə təsir edə biləcək fəaliyyətlərin hərtərəfli ekoloji ekspertizasında iştirak etsinlər: “Beləliklə, Transxəzər boru kəmərlərinin tikintisinə dair real planlar ortaya çıxarsa, istənilən Xəzəryanı dövlət lazım bildiyi halda, bu cür konstruksiyaların Xəzərin ekologiyasına mümkün təsirləri barədə ekspertizaya qoşula bilər, hətta layihələndirmə mərhələsində belə.” Eyni mövqe Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov tərəfindən də ifadə edilib. O, tərəflərin ətraf mühitin qorunması ilə bağlı öhdəliklərini xatırladıb və Xəzərin ekosisteminin mühafizəsinin vacibliyini vurğulayıb.

Bu il avqustun 12-13-də Türkmənistanda keçirilən 1-ci Xəzər İqtisadi Forumu Rusiya və İranın layihəyə açıq şəkildə qarşı çıxmaları ilə yadda qaldı. Rusiya hökumətinin aparat rəhbəri Sergey Prixodko bəyan etdi ki, Xəzərin unikal ekosisteminin qorunub saxlanılması istənilən hipotetik layihədən üstündür və qaz sahəsindəki rəqabətin siyasiləşdirilmısi təəssüf doğurur. İran Milli Qaz Şirkətinin rəsmi nümayəndəsi Bəhruz Namdari də Rusiyanın arqumentlərini təkrarlayaraq qaz kəmərinin Xəzərin və bölgənin ekologiyasına ciddi zərər vuracağından bəhs edib.

Aydındır ki, Rusiya Avropa qaz bazarında yeni oyunçunun və rəqibin ortaya çıxmasını arzulamır. Cənub Qaz Dəhlizi çərçivəsində il ərzində Avropaya cəmi 10 milyard kubmetr qaz nəql olunacağı üçün Moskva TANAP-TAP layihələrinə ciddi müqavimət göstərmədi. Çünki qeyd olunan həcm Rusiyanın maraqlarına təhlükə törətmir. Lakin Azərbaycan qazına türkmən qazının da əlavə olunması Cənub Qaz Dəhlizini ciddi alternativ halına gətirə bilər. (Üstəlik, Amerika da öz sıxılmış maye qazının Avropaya ixracını genişləndirməyə çalışır və bunun üçün qitədə LNG terminalları inşa olunur.) Görünür, Rusiyanın Türkmənistandan ildə 5,5 milyard kubmetr qaz almağa qərar verməsində bu amilin də rolu var. Böyük təbii qaz ehtiyatlarına və ixrac potensialına sahib olduğu halda, Rusiyanın Türkmənistandan qaz alması  daha çox siyasi ehtiyacdan irəli gəlir. İndiyədək dənizlərdə bir çox transmagistral boru xətləri layihəsi həyata keçirən və hazırda Baltik dənizi vasitəsilə Avropaya uzanan “Şimal axını” kəmərinin ikinci qolunu inşa edən, Qara dənizdən isə Türkiyəyə “Türk axını” boru kəmərini çəkən Rusiyanın su hövzələrinin ekosisteminin qorunmasının zəruriliyini məhz Transxəzər layihəsi gündəmə gələndə xatırlaması onun mövqeyinin səmimiliyinə şübhə etməyə əsas verir. Halbuki Danimarka hökumətinin eyni arqumentlə, yəni ekoloji narahatlıqla əlaqədar “Şimal axını-2”nin öz ərazi sularından keçməsinə indiyədək icazə verməməsi Moskva tərəfindən narazılıqla qarşılanır və inandırıcı hesab edilmir.

İrana gəldikdə isə, bu ölkə ümumiyyətlə, kənar güclərin Xəzər regionunda nüfuzunun genişlənməsinin qəti əleyhinədir. (Yeri gəlmişkən, məhz İran və Rusiyanın təkidi ilə Xəzərdə kənar dövlətlərin hərbi iştirakına qadağa qoyulması barədə müddəa statusa dair Konvensiyaya daxil edilib.) Digər tərəfdən, İran nəhəng qaz ehtiyatlarına malik dövlət kimi özü Avropaya qaz satmaqda maraqlıdır, lakin ABŞ sanksiyaları ucbatından Avropa şirkətləri onunla bu sahədə əməkdaşlıqdan çəkinir, nəticədə İran ehtiyac duyduğu texnologiyaları əldə edə bilmir. Məsələn, Fransanın Total şirkəti sanksiya qorxusu ilə İrandakı Cənubi Pars layihəsində iştirakını dayandırıb. Belə bir şəraitdə Avropa Birliyinin Türkmənistan və Azərbaycanla anlaşması İranı oyundankənar vəziyyətdə qoya bilər və bu, təbii ki, Tehranı narahat edir. Onu da əlavə edim ki, Rusiya və İran hələlik Xəzərin statusu ilə bağlı Konvensiyanı ratifikasiya etməyiblər.   

Azərbaycanın mövqeyi   

Transxəzər layihəsi ilə əlaqədar Azərbaycanın mövqeyi aydındır. Bu məsələ Almaniya federal kansleri Angela Merkelin 2018-ci ilin avqustunda Azərbaycana səfəri zamanı müzakirə olunub. Hələ səfər ərəfəsində Almaniya hökumətinin nümayəndəsi Cənub Qaz Dəhlizinin genişləndirilməsində maraqlı olduqlarını bildirmişdi. Bakıda Merkellə müzakirələrdən sonra keçirilən mətbuat konfransında isə Azərbaycan prezidenti bəyan etdi ki, “Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır, tranzit ölkələr burada təşəbbüs göstərməməlidir (…) əgər Xəzərin şərq hissəsində öz qazını Azərbaycan üzərindən dünya bazarına çıxarmaq qərarı olarsa, biz əlbəttə ki, buna çox maraqla baxa bilərik və onda öz qərarımızı verə bilərik.” Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakının növqeyinə konkretlik gətirərək Türkmənistan tərəfindən təklif daxil olarsa, böyük tranzit potensialına malik ölkə kimi bu təklifləri nəzərdən keçirməyə hazır olduqlarını söyləyib.

Prezident Əliyevin açıqlamasının sətiraltı mənası budur ki, Azərbaycan Transxəzər uğrunda geosiyasi mübarizədə iştirak etmək istəmir. Ümumiyyətlə, bu mövqe – yəni Rusiya ilə Qərb arasındakı rəqabətdə tərəf tutmamaq və açıq seçim etməmək Azərbaycanın ənənəvi xarici siyasət xəttidir. Azərbaycan hökuməti bu fikirdədir ki, Transxəzər layihəsinin gerçəkləşməsi üçün ilk növbədə satıcı və alıcı özləri cəhd göstərməlidir, layihənin əleydarları ilə problemləri, eləcə də məsələnin iqtisadi, texniki tərəflərini, maliyyə mənbələrinin tapılmasını onlar həll etməlidir. Azərbaycan isə tranzit məntəqə kimi layihədə iştiraka çoxdan hazırdır. Transxəzər reallaşarsa, şübhəsiz ki, Azərbaycanın həm təchizatçı, həm də tranzit ölkə olaraq Avropanın enerji təminatındakı rolu daha da artacaq. Eyni zamanda, Azərbaycan təbii ki, tranzitdən gəlir də götürəcək. Bu baxımdan Transxəzər layihəsi Azərbaycanın siyasi və iqtisadi maraqlarına tam cavab verir.

Bir sözlə, Transxəzər layihəsinin həyata keçirilməsi üçün geosiyasi konsensus tələb olunur. Bu mövzu çoxdan siyasiləşib və layihənin taleyi Avropa Birliyi ilə Rusiya (həmçinin İran) arasındakı dialoqdan asılı vəziyyətdədir.