İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun bu il aprelin 12-də katoliklərin Pasxa bayramı ilə əlaqədar Türkiyə vətəndaşı olan erməniləri təbrik etməsi Azərbaycanda diqqətdən kənarda qalmadı. Sosial mediada, elə İmamoğlunun məlum Twitter paylaşımının şərh hissəsində azərbaycanlıların etirazlarını, qəzəbli reaksiyalarını, hətta həqarətlərini izlədik. Bu, ilk belə hal deyil və yəqin ki, sonuncu da olmayacaq. Azərbaycan ictimaiyyətində erməni məsələsinə böyük həssaslıq var, bunun səbəbi məlumdur və anlaşılandır. Bu yazıda məqsəd həmin səbəbdən – Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycan-Ermənistan münasibətlərindən bəhs etmək deyil. Biz azərbaycanlıların bu və digər məsələlərdə Türkiyədən, onun siyasi qüvvələrindən, siyasətçilərindən gözlənti və tələblərinin nə dərəcədə adekvat və haqlı olduğuna toxunacağıq.

Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsindən və xalqların tarixi-mədəni, etnik yaxınlığından uzun-uzadı danışmağa ehtiyac görmürük. Bu yaxınlıq, xüsusən dil eyniliyi səbəbi ilə SSRİ-nin dağılmasından üzü bəri Türkiyə öz yumşaq gücü vasitəsilə Azərbaycanda nüfuzunu ciddi şəkildə gücləndirib. Təkcə bir faktı qeyd etmək yetərlidir ki, Türkiyə televiziyaları Azərbaycanda ən azı yerli telekanallar qədər, bəlkə də onlardan daha böyük izləyici auditoriyasına malikdir. (Bu barədə istinad edə biləcəyimiz hər hansı araşdırma, rəy sorğusu yoxdur, amma söylədiyimiz fikir mübahisə doğurmayan bir məsələdir.) Türkiyə televiziya kanallarının kontenti, peşəkarlıq səviyyəsinin Azərbaycandakı televiziya kanallarından yüksək olması və plüralizmi müəyyən qədər təmin etməsi ona gətirib çıxarıb ki, Azərbaycan ciddi şəkildə Türkiyə informasiya məkanının təsiri altına düşüb. Siyasətə maraq göstərən Azərbaycan vətəndaşları Türkiyə siyasətini və bu ölkədə baş verən hadisələri gündəlik rejimdə, müntəzəm izləyir. Bu durum qeyd etdiyimiz səbəblərdən əlavə, həm də ondan qaynaqlanır ki, Azərbaycanda siyasi azadlıqlar, siyasi rəqabət, plüralist mühit yoxdur, Türkiyədə isə davamlı siyasi proses, qaynar siyasi həyat var, son illər avtoritar meyillərin güclənməsinə rəğmən, demokratik institutlar, xüsusən seçki institutu qalır. Elə bu yazıda bəhs etdiyimiz İmamoğlunun maneələrə baxmayaraq, 2019-cu ildə İstanbulda əldə etdiyi parlaq qələbə göstərdi ki, son illər ölkənin siyasi azadlıqlar, ifadə azadlığı, hüquqi dövlət sahələri üzrə beynəlxalq indekslərdə geriləməsinə rəğmən, hələ də seçki yolu ilə hakimiyyət dəyişikliyi mümkündür. Bütün bunların nəticəsi olaraq, bir çox Azərbaycan vətəndaşı Türkiyə siyasətini böyük diqqət və maraqla izləməklə qalmayıb, özünü bu ölkədəki siyasi rəqabətin iştirakçısı, tərəfi kimi görməyə, hiss etməyə başlayıb. Türkiyədəki bəzi siyasi liderlərin, dini icma rəhbərlərinin, futbol klublarının, hətta mafiya başçılarının da Azərbaycanda dəstəkçiləri, fanat qrupları var.

Digər tərəfdən, Azərbaycanda Türkiyəyə simpatiyanı artıran əhəmiyyətli amillərdən biri bu ölkənin Dağlıq Qarabağ məsələsi ilə bağlı rəsmi mövqeyi, ritorikası və addımlarıdır. Türkiyə çox azsaylı ölkələrdəndir ki, bu məsələdə Azərbaycana birmənalı siyasi dəstək verir, hətta 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra bu ölkə ilə sərhədlərini bağlayıb və hələ də Yerevanda səfirlik açmayıb. “Bir millət-iki dövlət” yanaşması üzrə Azərbaycanda demək olar konsensus mövcuddur: həm hakimiyyət, həm də əsas müxalifət təşkilatları və qeyri-hökumət qurumları bu sloqanda ifadə olunan fikri mübahisəsiz qəbul edir və dəstəkləyir. Amma bu da həqiqətdir ki, bəzi azərbaycanlıların şüurunda Türkiyə ilə münasibətlərə “bir millət – vahid dövlət” baxışı var və onlar Türkiyəni də vətən hesab edirlər. Məhz bu yanaşmadan irəli gələrək bir çox vətəndaşımız erməni məsələsində Türkiyə hökumətlərinin və siyasi liderlərinin onlar kimi düşünməsini, onların istədiyi, arzuladığı məzmunda ritorika seçməsini gözləyir, bu olmadıqda isə üzülür, hətta qəzəblənir. İmamoğlu hadisəsində biz bir daha bu əhval-ruhiyyəni müşahidə etdik.

Amma Azərbaycanda hər kəsi eyni kateqoriyada dəyərləndirmək yanlış olar. Çünki fərqli baxışları olan, fərqli düşünən və fikir bildirən azərbaycanlılar da var. Ümumən Azərbaycanda bu məsələyə dair yanaşmaları aşağıdakı kimi qruplaşdırmaq olar:

1.Türkiyənin Ermənistanla istənilən səviyyədə (dövlət, qeyri-dövlət) kontaktlarını, Türkiyə siyasətçilərinin təkcə Ermənistan dövlətinə deyil, ümumən etnik ermənilərə müsbət mesajlarını yolverilməz sayanlar və bu cür faktları ağrılı qarşılayanlar. Müşahidələr göstərir ki, azərbaycanlılar arasında bu qrup çoxluq təşkil edir.

2. Türkiyənin hökumətini və ya müxalifətini dəstəkləyib, onların hər birinin erməni məsələsi ilə bağlı mesaj və davranışları əsasında onlara münasibətini formalaşdıranlar; eləcə də “AKP hökuməti yaxşıdır, yoxsa müxalifət?” mövzusunda öz aralarındakı mübahisələrdə bu iki qütbün məhz erməni məsələsində tutduğu mövqeyə istinadən onların yaxşı və ya pis olmasını qarşı tərəfə sübut etməyə çalışan, paralel olaraq, İmamoğlu ilə bağlı hadisədə də gördüyümüz kimi, ermənilərə hər hansı müsbət mesaj ünvanlamış türkiyəli siyasətçilərə qarşı təbliğat kampaniyası quranlar. Daha konkret ifadə edək: tutaq ki, iki azərbaycanlı Türkiyə mövzusunda zidd mövqelərə sahibdir, onlardan biri hazırkı iqtidarı və onun liderini, digəri isə müxalifəti dəstəkləyir. Türkiyə rəsmi səviyyədə Ermənistana və ermənilərə münasibətdə hər hansı müsbət hərəkət, davranış ortaya qoyanda müxalifəti dəstəkləyən azərbaycanlı öz tərəf-müqabilinə bunu xatırladaraq, onun arqumentlərini “çürütməyə” çalışır. İmamoğlunun təbrikində olduğu kimi, Türkiyə müxalifəti tərəfindən ermənilərə isti münasibət sərgiləndikdə isə, əksinə, Türkiyə hökumətini dəstəkləyən azərbaycanlı bu məqamı qabardaraq digər azərbaycanlıya onun mövqeyinin və simpatiyasının nə qədər yanlış, əsassız olduğunu anlatmağa çalışır.

İkinci qrupu birincinin alt qrupu da saymaq olar.

3. Türkiyəyə antipatiyası olan və bu ölkənin Azərbaycanda nüfuzunun azalmasını istəyənlər. Belələri əsasən İrana və Rusiyaya simpatiya bəsləyən və Türkiyənin Azərbaycanda artan təsirindən narahatlıq duyan Azərbaycan vətəndaşlarıdır. Bu qrupun Qarabağ məsələsi kontekstində digər qruplarla mübahisədə arqumentasiyası zəifdir, çünki dəstəklədikləri dövlətlər Ermənistanla və erməni icmaları ilə çox yaxşı münasibətlərə malikdir, xüsusən Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi və Qarabağ müharibəsi zamanı erməniləri dəstəkləmiş dövlətdir. Ona görə də, Türkiyədən Ermənistana və ermənilərə isti mesajlar verildikdə bu qrup sanki sevinir və digər qruplara aid olanlara deyir ki, “görürsünüzmü, əslində Türkiyənin də bu məsələdə mövqeyi Rusiyanın, İranın mövqeyindən çox fərqlənmir, sizin düşüncələriniz və bizə qınaqlarınız yanlışdır”.

4. Məsələyə soyuqqanlı yanaşıb, Türkiyənin Azərbaycanla yaxınlığına baxmayaraq, özünün fərqli maraqları olan başqa bir dövlət olduğu gerçəyini qəbul edənlər. Belələri çox olmasa da sanki əvvəlki dövrlərlə müqayisədə bir az sayları artmağa başlayıb.

(Biz sadəcə, sosial mediadakı məhdud müşahidələrimiz əsasında fikir yürüdürük və bu qənaətlərimizin tam mötəbər olduğunda israrlı deyilik.)

Maraqlıdır ki, Ədalət və İnkişaf Partiyasının (AKP-Adalet ve Kalkınma Partisi) hakimiyyət illərində Türkiyənin dövlət siyasətinin dəyişkənliyi yuxarıdakı bütün qruplara aid azərbaycanlıların arqumentasiyasını bəzən gücləndirib, bəzən isə zəiflədib. R.T.Ərdoğan iqtidara gəldikdən bir qədər sonra erməni məsələsində açılım edən, əvvəl bənzəri olmayan tarixi addımlar atan liderdir. Yaxın tarixə nəzər salaq:

2005-2007-ci illərdə Van gölündəki Akdamar adasında yerləşən erməni kilsəsi Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən restavrasiya edildi və 95 illik fasilədən sonra, 2010-cu ilin sentyabrında orada ilk ayin keçirildi. Yumşalma siyasətinin davamı olaraq 2009-cu il oktyabrın 10-da İsveçrənin Zürih şəhərində Azərbaycan rəhbərliyini və ictimaiyyətini şoka salan hadisə baş verdi – Türkiyə ilə Ermənistan arasında rəsmi sənədlər – iki protokol imzalandı. Birinci protokol “Diplomatik əlaqələrin yaradılması”, ikincisi isə “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi” haqqında idi. Prosesin məntiqi davamı kimi 5 gün sonra Ermənistan prezidenti Serj Sarkisyan 2010-cu il dünya kubokunun seçmə mərhələsi çərçivəsində Türkiyə və Ermənistan milli komandaları arasında Bursada keçirilən matçı izləmək üçün Türkiyəyə səfər etdi və bu hadisə “futbol diplomatiyası” kimi tarixə düşdü. (Lakin yaxınlaşma prosesi baş tutmadı və yarımçıq qaldı.)

Ərdoğan 1915-ci il hadisələri ilə əlaqədar ermənilərə başsağlığı verən, bu məqsədlə rəsmi açıqlama yayan ilk Türkiyə hökumət başçısıdır. 2014-cü il aprelin 24-də onun adından 9 dildə, o cümlədən ermənicə rəsmi mesaj yayıldı. O vaxt baş nazir olan Ərdoğan 1915-ci il hadisələrini qeyri-insani nəticələr doğuran hadisə kimi qiymətləndirdi. “Osmanlı İmperiyasının hər vətəndaşı kimi, ermənilərin də o dönəmdə yaşadıqları acıların xatirələrini anmalarını anlamaq və bölüşmək bir insanlıq vəzifəsidir. XX əsrin əvvəllərindəki şərtlərdə həyatını itirən ermənilərin hüzur içində yatmalarını diləyir, nəvələrinə başsağlığı veririk”, – deyə açıqlamada bildirilirdi.

Bir il sonra, hadisələrin 100-cü ildönümündə isə Ərdoğan Türkiyə ermənilərinin patriarx əvəzi Aram Atəşyana və erməni icmasına müraciət etdi. Müraciətində o, Osmanlı ermənilərini bir daha hörmətlə anaraq Türkiyə ermənilərinə “dəyərli erməni vətəndaşlarım” deyə xitab etdi: “Osmanlı İmperiyası və Cümhuriyyətimizə iqtisadi, sosial, mədəni töhfələrini daim təqdirlə xatırladığımız erməni toplumunun coğrafiyamızın hər yerindəki xatirələrini gözəl duyğularla yad edirik. Erməni toplumunun keçmişdə yaşadığı üzüntü verici hadisələri bildiyimizi və acınızı səmimiyyətlə paylaşdığımı bir daha ifadə edirəm. Osmanlı ermənilərinin dünyanın hər yerindəki nəvələrinə könül qapılarımızın sonuna qədər açıq olduğunu bilməyinizi istəyirəm.”

Elə İmamoğlu ilə eyni gündə – 12 aprel 2020-ci ildə Pasxa təbrikində Türkiyə prezidenti ölkədə erməni kilsələrinin bərpası məsələsini xüsusi qeyd edib, lakin görünür, İmamoğlu ilə bağlı hay-küyün fonunda bu təbrik Azərbaycanda diqqətdən kənarda qalıb. Ərdoğan həmin təbrikində 1000 ildən artıq tarixi olan Akdamar kilsəsini böyük bir diqqətlə bərpa etdiklərini və hazırda Orta Şərqin ən böyük erməni kilsəsi olan Surp Kirakos Kilsəsində bərpa işlərinin davam etdiyini vurğulayıb. (Bu kilsə Diyarbəkirdə yerləşir.) Aprelin 8-də isə prezident Ərdoğan Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyanı telefonla arayaraq, koronavirusla əlaqədar ölkədə həyata keçirilən Milli Həmrəylik Kampaniyasına maddi dəstək verdiyi üçün dini rəhbərə təşəkkürünü çatdırıb. Türkiyə hökuməti virusla əlaqədar Ermənistana humanitar yardım göndərməyə hazır olduğunu da bəyan edib.

Türkiyə dövləti Azərbaycanla ikitərəfli əlaqələrə böyük əhəmiyyət verir və Ermənistanla münasibətlərin normallaşması üçün Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə olunmasını şərt qoşur. Ermənistanla sərhədlərin hələ 27 il əvvəl bağlanması və o vaxtdan bəri ölkədə bir neçə hökumətin dəyişməsinə baxmayaraq, hələ də bağlı qalması göstərir ki, Azərbaycanla münasibətlər və Qarabağ məsələsinə baxışda Türkiyədə vahid dövlət siyasəti mövcuddur. Lakin bununla yanaşı, Azərbaycan vətəndaşları onu da unutmamalıdır ki, Türkiyə ilk növbədə özünün və öz vətəndaşlarının maraqlarını, arzu və istəklərini prioritet sayan müstəqil dövlətdir. Məşhur sloqanda da məhz iki dövlətdən bəhs olunur. Bu, o deməkdir ki, iki ayrı dövlətin bir-birindən fərqli yolu, maraqları, siyasəti ola bilər və var. Türkiyədə hakimiyyət vətəndaşların səsi – seçki yolu ilə dəyişir və orada siyasi partiyalar, siyasətçilər bütün ölkə vətəndaşlarının, o cümlədən sayları az olsa da, ermənilərin mövqeyini nəzərə alır. (Türkiyədə təxminən 70 min xristian erməni vətəndaş var, onlardan 50 mini İstanbulda məskunlaşıb. Müsəlman ermənilər də var, amma sayları məlum deyil.) Ölkənin əksər siyasi partiyalarında etnik ermənilərə rast gəlmək olar, iqtidardakı Ədalət və İnkişaf Partiyasının erməni millət vəkili (Markar Yesayan) var və kifayət qədər fəaldır.

Qeyd etdiyimiz kimi, Türkiyə dövləti və siyasətçiləri Azərbaycana və onun problemlərinə etinasız deyil (əslində bunun özü də Türkiyənin dövlət maraqlarından irəli gəlir), amma biz anlamalıyıq ki, öz vətəndaşlarının problemləri onlar üçün daha əhəmiyyətlidir və bu da normaldır. Türkiyə hökumətindən və siyasətçilərindən öz vətəndaşlarına qarşı etnik zəmində diskriminativ münasibət gözləmək və bunu tələb etmək həm yanlış, həm də absurddur. Demokratik dövlətlər etnik və dini fərqliliklərinə baxmayaraq, bütün vətəndaşlarına bərabər münasibət göstərir və onların heç birinə qarşı ayrı-seçkilik etmir. Vurğulamaqda fayda var: istənilən dövlətin öz vətəndaşlarının bərabərhüquqluluğunu təmin etməsi birincinin sonuncuya lütfü deyil, borcudur. Azərbaycan hökuməti və xalqı isə Türkiyədəki dövlət-vətəndaş münasibətlərinə müdaxilə edə bilməz, etməməlidir də.

20 Aprel 2020