fbpx

Cəmiyyət

Cəmiyyət

Universitet təhsili və bazar tələbləri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Təhsillə bağlı ictimai müzakirələr zamanı adətən dilə gətirilən əsas tələb bundan ibarət olur ki, Azərbaycanda təhsil sahəsinə büdcədən daha çox vəsait ayrılmalıdır və təhsilin keyfiyyəti artırılmalıdır. Lakin bu vəsaitin təhsil sferası daxilində hansı istiqamətə ayrılmalı olması ilə bağlı, görünür, ictimaiyyətdə nə dominant bir fikir var, nə də ciddi fikir mübadiləsi. Həmçinin, təhsilin keyfiyyətinin nəyə görə, yəni hansı məqsədə xidmət etmək üçün artırılması ilə bağlı da müzakirələr edilmir.

Biz bu məqalədə ibtidai və orta təhsildəki problemlərə toxunmadan yalnız universitet, texnikum[1] və peşə təhsilinə fokuslanacağıq. Birinci iddiamız bundan ibarət olacaq ki, universitetlərin başlıca məqsədi ölkədəki işçi qüvvəsi tələbatına uyğun qaydada ixtisas qrupları yaratmaq və tələbələrə məzun olduqdan sonra öz ixtisaslarına uyğun işlərdə işləmələri üçün zəruri olan bilikləri öyrətmək olmalıdır. Universitetlər tələbələri bazarın tələblərinə uyğun biliklə təmin edə bilmirsə, o zaman universitet təhsili vaxt və pul israfıdır. Gəlin bu iddianı Başlıca Məqsəd adlandıraq. Bu iddia ağlabatandır, çünki insanlar universitet təhsili almaq üçün illərlə çalışırlar və ciddi maddi resurs istifadə edirlər. Belə olan təqdirdə, universitetin onlara bazar tələblərinə uyğun bilik verməməsi düzgün deyil. Bu iddia həm də düzgündür, çünki universitetlər özləri də birbaşa və ya dolayı yolla verdikləri təhsilin məzunlara gələcəkdə ixtisaslarına uyğun iş tapması üçün zəruri olduğunu iddia edir. Yəni universitetlər özləri də başlıca məqsədlərinin tələbəyə ixtisasına uyğun iş tapmaq üçün zəruri bilik vermək olduğunu qəbul edirlər.

İkinci iddiamız bundan ibarətdir ki, texnikum və peşə məktəblərinin sayı və oradakı təhsilin keyfiyyəti artırılmalı, həmçinin bu təhsil müəssisələri daha çox şəxs üçün əlçatan olmalıdır. Çünki şagirdlərin məktəbi bitirdikdən sonra ixtisassız işçi olmaması üçün onların təhsillərini davam etdirməsi olduqca vacibdir. Azərbaycanda şagirdlərin təxmini 66%-i orta məktəbdən sonra heç bir təhsil almır və nəticədə onlar ixtisassız işçiyə çevrilirlər ki, bu problemi də texnikum və peşə məktəbləri aradan qaldıra bilər.[2] Həmçinin, bir çox ixtisasa yiyələnmək və gələcəkdə ona uyğun iş tapmaq üçün universitet təhsili vacib deyil (və vacib də olmamalıdır). Universitet təhsili o ixtisaslar üzrə vacibdir ki, orada tələbənin ciddi nəzəri biliklərə yiyələnməsi zəruri olsun bu nəzəri biliklərin universitetdən kənar əldə edilməsi qeyri-mümkün və ya olduqca çətin olsun. Məsələn, hazırda Bakı Dövlət Universitetində kitabxanaçılıq ixtisası var, halbuki kitabxanaçılıqda ən yaxşı halda minimal nəzəri biliyə yiyələnmək kifayətdir. Kitabxanaçı olmaq üçün texnikum oxumaq kifayət etməlidir.

Aşağıda əvvəlcə birinci iddiamızı müdafiə edir, yəni Başlıca Məqsədin ağlabatan olması fikrini əsaslandırırıq. Sonra Azərbaycandakı ali təhsilin Başlıca Məqsədə nə dərəcədə uyğun olub-olmadığını bu məqalə müəlliflərinin şəxsi təcrübələri əsasında təsvir edirik. Daha sonra ikinci iddiaya keçərək texnikum və peşə məktəblərinin əhəmiyyətini vurğulayırıq. Yekun olaraq da öz təkliflərimizi irəli sürürük. Onu da qeyd edək ki, məqalə müəliflərindən biri libertariandır və hesab edir ki, dövlət ümumiyyətlə təhsilə müdaxilə etməməlidir, lakin bu məqalədə biz bu iddianı müdafiə etmirik; yəni dövlətin təhsilə müdaxiləsini arqument xatirinə qəbul edir, bu müdaxilənin legitimliyini yox, istiqamətini soğulayırıq.

Universitetin əsas məqsədi nə olmalıdır?

Universitetdə öyrədilən biliklərin təxmini neçə faizi bu gün, yaxud da universitetdən kənarda nə vaxtsa sizin işinizə yarayıb? Tədris edilən fənlərin təxmini neçə faizi sizə faydalı bilik öyrədib? Güman edirik ki, biz müəlliflər kimi siz də bu suallara çox azı cavabını verirsiniz. Burada faydalı sözünü daha dar mənada, bazara yararlı mənasında işlədirik; daha dəqiq desək, faydalı bilik deyəndə sizə pul qazandıra biləcək biliyi nəzərdə tuturuq. Faydalılıq dəyərlərdən sadəcə biridir və bizim iddiamız biliyin digər dəyərləri ilə yox, faydalılığı ilə bağlıdır. Məsələn, biliyin digər dəyərlərindən biri odur ki, o, insanın dünyagörüşünü artırır və ya onun əqli inkişafını təmin edir. Əlavə olaraq, bəziləri hesab edə bilər ki, biliyin yeganə faydası onun gətirəcəyi maddi qazanc deyil, çünki müəyyən bir məsələdə biliyə yiyələnən insan axtardığı sualın cavabını tapandan sonra daxili rahatlıq, dinclik tapa bilər; deməli, bilik həm də həzz verməsi, yaxud da (psixoloji) gərginliyin aradan qaldırılması baxımından faydalıdır. Biz nə faydalılığın biliyin yeganə dəyəri olduğunu, nə də biliyin faydasının təkcə maddi qazanc olduğunu iddia edirik. Lakin bu məqalədə biliyin faydası deyiləndə məhz biliyin bazara yararlılığını nəzərdə tutacağıq.

İddiamız bundan ibarətdir ki, universitetin başlıca məqsədi tələbəyə faydalı bilik vermək olmalıdır (Başlıca Məqsəd). Biz inkar etmirik ki, universitetlərin başqa məqsədləri ola bilər. Belə ki, universitetlər faydasız bilikləri tələbələrə təklif edə və ya öyrədə bilər (əgər bunların öyrədilməsi tələbənin çox vaxtını almırsa və onun faydalı bilik əldə etməsinə əngəl yaratmırsa), amma universitetin başlıca məqsədi tələbəni məzun olduqdan sonra ixtisasına uyğun iş tapa biləcək vəziyyətə gətirməkdir; beləliklə, universitetlərin əsas diqqət ayırmalı olduqları sahə tələbələrə faydalı bilik vermək olmalıdır. Buna görə də hesab edirik ki, universitetlər ixtisas qruplarını və sillabusları bazar tələblərinə uyğunlaşdırmalı, tələbələrə faydasız (bura hazırda ixtisas fənni adı altında tədris edilən bir çox fənn də daxildir) və qeyri-ixtisas fənlərini mümkün dərəcədə az tədris etməli və ən əsası, bu fənləri icbari yox, seçmə fənlər kimi təqdim etməlidir.

Başlıca Məqsəd həm ağlabatandır, həm də düzgün. Başlıca Məqsəd ağlabatandır, çünki insanların mütləq əksəriyyəti varlı ailədə doğulmayıb və onlar üçün iş tapmaq həyati əhəmiyyət kəsb edir. 11 il orta məktəbdən sonra onlar əlavə olaraq 4 il universitetdə təhsil alırlar ki, müəyyən bir sahəni öyrənib daha yaxşı iş tapa bilsinlər. Əgər məzun olduqdan sonra öz ixtisaslarına uyğun iş tapa bilməsələr, onda 4 illik formal təhsil nəyə gərək idi? Həmin müddət ərzində onlar işləyə və ya bir peşəni öyrənmək üçün kurslara gedə bilərdilər. Formal təhsil almaq, həmçinin universitetə abituriyent kimi hazırlaşmaq xərcli prosesdir və insanların çoxu hətta öz oxuduğu sahəni sevsə belə, formal təhsili ixtisasa uyğun iş tapmaq ümidi ilə alır. Beləliklə, Başlıca Məqsəd ağlabatandır, çünki abituriyentlər (və gələcək tələbələr) ali təhsil almaq üçün əziyyət çəkir, pul xərcləyir və bunun müqabilində özlərinə faydalı bilik öyrədilməsini gözləməkləri olduqca ədalətlidir. Əgər bu gözlənti ağlabatandırsa, onda universitetlərin tələbələrinin bu haqlı gözləntisinə məhəl qoymaması düzgün deyil.

Başlıca Məqsəd ağlabatan olmaqla yanaşı, həm də düzgündür. Belə ki, heç bir universitet bizdə təhsil alın, amma bu təhsilin faydalı olacağına söz verə bilmərik və ya bizdə təhsil alın, nəsə bir iş tapacaqsınız demir, tam tərsinə, öz məzunlarının iş tapmasını (ələlxüsus da ixtisaslarına uyğun iş tapmasını) və onların uğurlarını qabardır, bundan reklam üçün istifadə edir; birbaşa və ya dolayı yolla özünün tələbələrə faydalı bilik verdiyini iddia edir. Əgər hansısa universitetin belə bir iddiası yoxdursa, onda açıq şəkildə elan etməlidir ki, biz tələbəyə faydalı bilik öyrətmirik.

Qeyd etdik ki, universitetlər özləri də birbaşa və ya dolayı yolla Başlıca Məqsədi qəbul edir. Bəs universitetlər bu Başlıca Məqsədə uyğun davranırlarmı? Ətrafınızda ali təhsil alan adamların neçə faizi ixtisasına uyğun iş tapa bilib? Öz transkriptinizi açıb baxın, orada sizə öyrədilən fənlərin neçəsi hansısa işinizdə sizə lazım olub? Məsələn, güman edək ki, siz iqtisadçısınız və öz ixtisasınıza uyğun bir yerdə işləyirsiniz, lakin sizə məktəbdən əlavə universitetdə də Azərbaycan tarixi tədris edilib. Bizim iddiamıza görə sizə tədris edilən Azərbaycan tarixi fənni resurs israfı olub. Birincisi, tarix sizin ixtisasınız deyil və işinizdə sizə lazım olmayacaq. Halbuki həmin fənnin imtahanından kəsilsəniz, sizə diplom verməyəcəkdilər. Bir iqtisadçı kimi 4 il bütün dərslərinizdə əla qiymətlər alsanız belə, Azərbaycan tarixindən kəsildiyiniz təqdirdə sizə diplom verilməzdi – sizin 4 illik təhsiliniz batardı. Qeyri-ixtisas fənni üçün sizin belə bir risklə üzləşməyiniz ədalətlidirmi? Yəni bir iqtisadçının İranzunun oğullarının adlarını, yaxud da Qəsri-Şirin sülh müqaviləsinin detallarını bilməsi belə vacibdir? İkincisi, siz ödənişli əsaslarla təhsil almısınızsa, həmin Azərbaycan tarixi fənninin kreditinə görə pul ödəmisiniz. Gələcəkdə maddi qazanc gətirməyən məlumatları öyrənmək üçün sizdən ödəniş tələb edilməsi nə dərəcədə ədalətlidir? Orta məktəbdə Azərbaycan tarixinin tədris olunmasına baxmayaraq, sizə həmin fənn yenə də maraqlıdırsa, onu imtahan stresi olmadan və kreditə pul xərcləmədən boş vaxtınızda özünüz də oxuya bilərdiniz. Universitetdə belə bir qeyri-ixtisas fənninin tədrisi sizə lazım deyil.

Xülasə, universitetlərin əsas məqsədi bazar tələblərinə uyğun ixtisas və sillabuslar hazırlamaq, tələbəyə isə faydalı – bazarda öz ixtisasına uyğun iş tapmağa imkan yaradacaq bilik verməkdir. Faydasız bilik tələbəyə öyrədilə bilər, lakin bu, əsas məqsədə əngəl yaratmamalı və icbari olmamalıdır; yəni faydasız biliyin tədris edildiyi fənlər seçmə fənn kimi təklif edilməlidir. Tələbənin əsas məqsədi məzun olduqdan sonra ixtisasına uyğun iş tapmaqdır, tələbə öz dünyagörüşünü universitetdən kənar mütaliə edərək, əlavə kurslara gedərək, yaxud da Coursera kimi platformalarda başqa universitetlərə ödəniş edərək artıra bilər. Tələbənin dünyagörüşünü artırmaq adı altında onun vaxtını və pulunu israf etmək, onu faydasız bir fəndən keçmək üçün imtahan stresi ilə üz-üzə qoymaq ədalətli deyil.

Universitetlər faydalı bilik verirmi?

Bizim məzunlar arasında sorğu keçirtmək imkanımız yoxdur, buna görə də öz şəxsi təcrübələrimizi təsvir edəcəyik və inanırıq ki, bizim universitet təhsilimiz qeyri-adi olmadığından Azərbaycanda ali təhsil almış insanların çoxunun təcrübələri bizimkinə yaxındır. Bu bölmədə bizim iki məqsədimiz var. Birincisi, Azərbaycan universitetlərinin tələbələrə faydalı bilik vermədiyini göstərməyə çalışırıq. İkincisi, vurğulayırıq ki, keyfiyyətli akademik sayındakı kəskin çatışmazlığa görə Azərbaycan universitetləri tələbələrə faydalı bilik vermək iqtidarında deyil; buna görə də, texnikum və peşə məktəblərinin keyfiyyətini artırmaq həm daha çox insana faydalı bilik əldə edib gələcəkdə iş tapmaq imkanı yaradacaq, həm də universitetlərə imkan verəcək ki, onlar olduqca məhdud resurslarını (ələlxüsus da olduqca az sayda olan keyfiyyətli akademiklərini) ciddi nəzəri bilik tələb edən ixtisaslara yönəldə bilsin. Universitetlər öz resurslarını qismən az sayda ixtisasa (və bəlkə də qismən az sayda tələbəyə) yönəltdikdə universitet tələbələrinin də daha keyfiyyətli təhsil almasına imkan yaranacaq. (Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda akademik azadlığın olmaması da təhsilin, xüsusən də sosial elmlərin keyfiyyətini ciddi şəkildə aşağı salır. Lakin bu məsələni burada müzakirə etməyəcəyik, müvafiq müzakirə üçün baxın: Huseynli 2021).

Bu məqalənin müəlliflərindən biri – İlkin Hüseynli Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Amerikaşünaslıq ixtisası üzrə 2011-2015-ci illərdə bakalavr təhsili alıb. Bu ixtisas BDU-da 2003-cü ildə açılıb, hər il rus və Azərbaycan bölmələri birlikdə təxmini 30-40 nəfər məzun verir (eyniadlı ixtisas və başqa regionşünaslıq ixtisasları Azərbaycan Dillər Universitetində də var). Yəni bu vaxta qədər BDU təxmini 500 amerikaşünas istehsal edib. Bəs bu gün onlar harada işləyir? Qısa cavab – amerikaşünas kimi işləmirlər.

Birincisi, Azərbaycanın bu qədər amerikaşünasa ehtiyacı yoxdur və buna görə də bu ixtisası bitirən adamlar hətta keyfiyyətli təhsil alsalar belə məzun olduqdan sonra onların ən azından ölkə daxilində öz ixtisaslarına uyğun iş tapa bilmə ehtimalları olduqca azdır. Azərbaycan kiçik bir dövlətdir və ABŞ ilə həmsərhəd deyil, bizdə hər il 30-40 nəfər amerikaşünasa ehtiyac varmı? Nəzərə alın ki, həmin ixtisas üzrə təhsil alanların çoxu dövlət hesabına oxuyur.[3] Dövlətin bu qədər tələbənin təhsil haqqını ödəməkdə marağı nədir? Məsələn, 2011-ci ildə bu ixtisasa Azərbaycan bölməsində 24 nəfər qəbul alıb və onların heç biri ödənişli əsaslarla təhsil almırdı. Azərbaycan dövlətinə 2015-ci il üçün 24 nəfər amerikaşünas lazım idimi? Bizim bildiyimiz qədəri ilə həmin 24 nəfərin bu gün heç biri öz ixtisası üzrə işləmir və ümumiyyətlə, 2003-cü ildən bəri BDU-da bu ixtisas üzrə bakalavr təhsili alıb amerikaşünas kimi fəaliyyət göstərən (akademiyada, səfirliklərdə, araşdırma mərkəzlərində) bir nəfər belə tanımırıq.

İkincisi, amerikaşünaslar qətiyyən keyfiyyətli təhsil almırlar. Təhsilin keyfiyyəti ilə bağlı çoxsaylı və mürəkkəb meyarlar mövcuddur (məzunların neçə faizinin öz sahələrinə uyğun iş tapması, müəllimlərin prestijli elmi jurnallardakı dərcləri və onlara gələn istinadların sayı, müəllim-tələbə sayındakı nisbət və s.). Lakin biz hesab edirik ki, BDU amerikaşünaslıq tələbələrinin aldıqları təhsilin keyfiyyətini ölçmək üçün özümüzü yormağa ehtiyac yoxdur. Bir fakt kifayətdir – amerikaşünasların kafedrası Amerika və Avropa Ölkələrinin Yeni və Müasir Tarixi Kafedrası adlanırdı və oradakı müəllimlərin heç biri ingilis dilini bilmirdi. Təbii ki, onların arasında ispan və ya fransız dillərini də bilən yox idi.[4] Təsəvvür edin ki, oradakı müəllimlərin ABŞ tarixi və ya beynəlxalq münasibətlər üzrə elmi dərəcəsi vardı, lakin onlar ingiliscə bilmirdilər. İndi onlar tələbəyə nə öyrədə bilər axı? Cavab – demək olar heç nə.

Amerikaşünaslıq tələbələri faydalı bilik əldə edirdimi? Bu ixtisası bitirən adam ya universitetdə dərs deməlidir (bunun üçün də bakalavrdan sonra magistratura və doktorantura təhsili almalıdır), ya müəyyən tədqiqat institutlarında ABŞ siyasəti, cəmiyyəti və ya tarixi üzrə araşdırma aparmalıdır (bunun üçün də ən azından magistratura təhsili alsa yaxşı olar), ya da diplomatik qurumlarda işləməlidir. Əgər ABŞ yox, Kanada və ya Latın Amerikası üzrə fəaliyyət göstərmək istəyirsə, onda gərək fransız və ya ispan dillərini öyrənsin və ən azı magistratura təhsili alaraq konkret bir və ya bir neçə ölkə üzrə ixtisaslaşsın. Bu peşələrə yiyələnmək üçün tələbələrə BDU-da müvafiq təhsil verilirdimi? Yox. (Kimsə deyə bilər ki, amerikaşünas ingilis dilini öyrəndiyindən müxtəlif əcnəbi qeyri-hökumət təşkilatlarında da işləyə bilər. Lakin bizim iddiamız budur ki, həmin yerlərdə işləmək üçün amerikaşünas olmaq lazım deyil, ingilis dilini diplom olmadan, özbaşına və ya dil kursuna gedib öyrənmək də olar.)

İxtisasın adına baxan şəxs elə güman edə bilər ki, burada tələbələrə ingilis dilini mükəmməl öyrədəcəklər. Və güman olduqca ağlabatandır. BDU-da ABŞ tarixindən dərs deyən, lakin özü ingiliscə bilməyən mərhum Aydın Musayev belə ingilis dilinin bir amerikaşünas üçün əhəmiyyətini vuğulamaq üçün birinci kurs tələbələrinə məhz ilk dərsdə “ingilis dilində nəm-nüm etməməlisiniz, bu dili çırtlamalısınız” deyirdi. Musayev düz deyirdi, amma məzun olan tələbələrin mütləq əksəriyyəti ingilis dilini çox aşağı səviyyədə bilirdi. Məsələn, onlar ingilis dilində akademik kitab oxuya və ya ABŞ-la bağlı bir mövzuda məqalə yaza bilməzlər, ingilis dilində xəbərlərə və ya filmlərə baxıb rahat başa düşə bilməzlər. İngilis dilini yaxşı bilən bir neçə tələbə isə dil kurslarına gedərək ingiliscəsini təkmilləşdirib.

Əlavə olaraq, amerikaşünaslara 4 il ərzində 2 semestr ABŞ tarixi, 5 semestr Azərbaycan tarixi tədris edilirdi. Həmçinin onlara mülki müdafiə, genderşünaslıq, informatika, rus dili və s. kimi əhəmiyyətsiz dərslər də keçirilirdi. Siz deyə bilərsiniz ki, amerikaşünas gərək rus dilini də bilsin. Lap yaxşı. Lakin bir semestrdə rs dilini öyrənmək mümkün deyil. Rus dili isə bir çox tələbə kimi Hüseynlinin də tədris aldığı orta məktəbdə nə icbari, nə də fakültətiv məşğələ, yəni seçməli fənn kimi tədris edilib: bir semestr ərzində BDU tələbəyə yeni bir dil necə öyrədə bilər? Təbii ki, öyrədə bilməz. Bəs bu fənlər niyə tədris edilirdi? Kredit doldurmaq üçün.

BDU öz tələbələrinə ingilis dilini və ABŞ tarixini düzgün öyrədə bilmədiyi halda kredit yerləri dolsun deyə tələbələrə faydasız bilik verməklə məşğul olub. Biz tədris edilən fənlərin təkcə adlarına baxdıq, əgər onların necə tədris edildiyinə və hansı ədəbiyyatdan istifadə edildiyinə baxsaq, vəziyyət daha da pis görünəcək. Müəllimlər xarici dil kimi ən yaxşı halda rus dilini bilirdilər, onların ingilis dilində və qabaqcıl akademik jurnallarda (pul müqabilində məqalə dərc edən dəllal jurnallarda yox) məqalələri çıxmırdı, dərslərin sillabusu akademiyadakı yeniliklərə uyğunlaşmırdı və dərsləri Sovet dövründən qalan köhnə rus ədəbiyyatı əsasında keçirdilər.

Onu da qeyd edək ki, BDU-da başqa regionşünaslıq sahələri də var idi, məsələn, qafqazşünaslıq. Oranın məzunları da nə ermənicə bilirdi, nə də gürcücə (halbuki onlara həmin dillər tədris edilirdi) və bildiyimiz qədərilə qafqazşünas məzunları da bu gün öz sahələri üzrə işləmirlər. Belə bərbad təhsil alan tələbələrin öz sahələri üzrə iş tapa bilməməsi təəccüb doğurmamalıdır. İlə 40 nəfər amerikaşünas və ya qafqazşünasdansa, dülgər və ya baytar yetişdirilsə, həm məzunlar, həm də ölkə üçün dəfələrlə daha faydalı olardı. Hətta bu tələbələrə dünyanın ən yaxşı təhsili verilsə belə, Azərbaycanda ilə bu qədər amerikaşünas və ya qafqazşünas lazım deyil deyə məzunlar ixtisaslarına uyğun iş tapa bilməyəcək. Amma dülgərlə baytar öz peşəsinə uyğun iş tapacaq, çünki onlara ehtiyac var.

Məqalənin digər həmmüəllifi Fərid Mehralızadə 2012-2016-cı illərdə İqtisad Universitetində Maliyyə və Mühasibatlıq fakultəsində maliyyə ixtisası üzrə təhsil alıb. Onun təhsil aldığı ixtisas üzrə də xüsusilə tədris edilən fənlər və dərs vəsaitləri ilə bağlı eyni vəziyyətə rast gəlinirdi. Məsələn, bir neçə il abituriyent kimi Azərbaycan tarixi fənnindən qəbul imtahanına hazırlaşan və həmin fəndən imtahan verərək universitetə qəbul olan tələbələrə yenidən bir semestr ərzində Azərbaycan tarixi fənninin tədris edilməsi heç də ağlabatan deyil. Azərbaycan tarixi ilə yanaşı, iqtisadiyyat üzrə təhsil alan tələbələrə Azərbaycan dili dərsi də yenidən tədris olunur ki, həmin dərsin də proqramında orta məktəb proqramından fərqli heç bir yeni bilgi ötürülmür. Halbuki, həmin dərs saatlarını iqtisadi sahədə təhsil alan tələbələrin baza biliklərinin formalaşmasında mühüm rol oynayan makro və mikro iqtisadiyyat dərslərinə ayırmaq olardı. İqtisadi nəzəriyyənin əsasını təşkil edən bu fənlərin tədrisi üçün təkcə bir semestr nəzərdə tutulmuşdu.

Digər bir qəribə məqam da rus dili dərsinin tədrisi ilə bağlıdır. Məsələn, Mehralızadənin təhsil aldığı məktəbdə rus dili fənni fakültətiv məşğələ kimi, yəni, seçimli şəkildə tədris olunurdu və heç də bütün şagirdlər rus dili dərsinə qatılmırdı. Halbuki maliyyə fakultəsinə daxil olan tələbələrə tədris edilən fənlərdən biri rus dili idi və bu dərs heç də sıfırdan dil öyrətmək kimi deyil, rus dilində iqtisadi terminlərin və digər sözlərin öyrənilməsi, mətnlərin yazılması kimi nəzərdə tutulmuşdu. Lakin tələbələrin demək olar ki, heç biri rus dilində danışa bilmirdi. Bəziləri hətta kiril əlifbası ilə də tanış deyildi. Belə olan təqdirdə, tələbələrdən rus dilində iqtisadi mətnləri yazmağı tələb etmək nə dərəcədə ağlabatandır?

Tədris proqramında diqqət çəkən daha bir məqam iqtisadi sahədə təhsil alan tələbələrə tədqiqat və araşdırmalarda lazım olan praktiki bacarıqları tədris etməli olan statistika və ekonometrika fənlərinin sadəcə nəzəriyyədən ibarət olması idi. Normal universitetlərdə bu fənlər kompüter otaqlarında keçirilir və əsas məqsəd analizlər üçün lazım olan proqram təminatlarının tələbələrə praktiki öyrədilməsi olur. Halbuki İqtisad Universitetində bu fənlərlə bağlı heç bir proqramın tədrisi həyata keçirilmədi və mühazirə materialları fənlərin metod və prinsipləri kimi nəzəri hissələri əhatə etdi. Bakalavr səviyyəsində bu proqramların öyrədilməməsi təhsilin növbəti pilləsində xarici ölkələrdə təhsil alan tələbələrə ən çox problem yaşadan səbəblərdən biridir.

Universitetdəki tədris vəsaitlərinin də vəziyyətini acınacaqlı adlandırmaq olar. Müəllimlərin mütləq əksəriyyətinin xarici dil kimi sadəcə rus dilini bilməsi və Azərbaycan dilində elmi ədəbiyyatın kasad olması dərs vəsaitlərinin də səviyyəsinin aşağı olmasına səbəb olur. Hətta mühazirə materiallarında dəfələrlə “federasiyamız”, “federasiya subyektlərində” ifadələrinə rast gəlmək mümkündür. Halbuki Azərbaycanın idarəetmə forması federasiya deyil. Amma mühazirə materialları rus dilindən tərcümə edildiyi üçün tez-tez mühazirə materiallarında Rusiya Federasiyasının iqtisadi tarixi və daxili məsələləri ilə bağlı nüanslara rast gəlmək mümkündür.

Beləliklə, şəxsi təcrübələrimiz əsasında gəldiyimiz qənaət budur ki, BDU və İqtisad Universiteti bizə faydalı bilikdən çox faydasız bilik verib, həmin biliyi də keyfiyyətsiz şəkildə verib. İnanırıq ki, bu iki universitet və ya bizim təsvir etdiyimiz ixtisaslar bu baxımdan istisna təşkil etmir deyə Azərbaycanda başqa ixtisas və ya universitetdə təhsil alan şəxslər də bizimlə oxşar təcrübəni bölüşür.

Texnikumlar və peşə məktəbləri

Yuxarıda qeyd etdiyimiz kimi, biz hesab edirik ki, universitet diplomunun dəyəri əsasən məzunun iş imkanlarını artırması ilə ölçülür. Lakin universitetlərdə təhsil haqları heç də hamı üçün əlçatan deyil. Belə olan təqdirdə, ixtisasa uyğun iş tapmaq baxımından yeni imkanlar yaradan diplomlar əsasən universitet diplomlarını əhatə etməməlidir. Hazırda diqqətdən kənar qalan texnikum və peşə məktəblərinin cəlbediciliyinin artırılması işçinin biliyi ilə bazarın tələbləri arasındakı uyğunsuzluğu aradan qaldırmağa ciddi kömək edə bilər.

Hazırda əmək bazarında təklif edilən bir çox işlər üçün ali təhsil tələb edilir. Amma həm Azərbaycan universitetlərində tədris edilən ixtisasların, həm də əmək bazarında tələb olan ixtisasların ciddi bir hissəsi üçün ali təhsil şərt deyil və ya şərt olmamalıdır. Çünki həmin ixtisaslar üçün ən yaxşı halda minimal nəzəri bilik tələb edilir. Belə olan halda, həmin ixtisasların texnikum və peşə məktəblərində tədris edilməsi daha çox şəxsin məktəbi bitirdikdən sonra təhsilinə davam etməsinə, beləliklə, əmək bazarında ixtisaslı işçi qüvvəsinin artmasına səbəb ola bilər. Bu isə, dolayısıyla, işsizliyin azalmasına imkan yaradır. Çünki ixtisassız işçi qüvvəsindən fərqli olaraq, bir çox peşə sahəsində bilikləri olan şəxslər şirkətlərdə iş yeri tapa bilmədikdə peşə fəaliyyətləri ilə bağlı fərdi qaydada öz xidmətlərini təklif edə bilirlər. Digər tərəfdən, əmək bazarında işəgötürənlərin vakansiyalar üçün peşə bilikləri ilə bağlı tələbləri olur və heç bir istiqamətdə ixtisaslaşmayan ixtisassız işçilər vakant yerlər olmasına baxmayaraq həmin sahədə təcrübəsi olmadığı üçün iş imkanlarını əldən vermiş olur.

Texnikum və peşə məktəblərində daha çox insanın təhsil alması və bu təhsil müəssisələrinin reputasiyasının yaxşılaşması təbii ki, işəgötürənlərin də yerli-yersiz bütün iş elanlarına ali təhsil tələbi yerləşdirməsini aradan qaldıra bilər. Məsələn, hazırda ölkədə ən prestijli hesab edilən iş yerlərindən biri bank sektorudur. Banklarda ön ofis işçiləri üçün lazım olan əsas bacarıqlar bankların daxili proqram təminatı ilə işləmək və məhsulların şərtləri ilə tanış olmaqdan ibarətdir. Belə olan təqdirdə bu tip ixtisaslar üçün niyə ali təhsil şərti vacib olmalıdır? Məhsulun şərtləri ilə tanış olmaq və müştəri ilə ünsiyyət yaratmaq üçün universitet bitirmək, yaxud da texnikum məzunu olmaq hansısa bir təsir yaratmır. Məsələn, ali təhsil müəssisələrində tədris edilən turizm bələdçiliyi ixtisası da ciddi nəzəri bilik tələb etmədiyindən onu texnikumlara həvalə etmək olar.

Bu baxımdan, ciddi nəzəri bilik tələb edilməyən ixtisaslarda texnikum və ya peşə təhsili alanların da işləyə bilməsi bu təhsil müəssisələrinə olan marağın artmasına səbəb ola bilər. Belə ki, texnikum və peşə məktəblərində həmin ixtisasların tələb etdiyi səviyyədə minimal nəzəri bilik tədris edilə bilər.

İnsanların mütləq əksəriyyəti varlı ailədə doğulmayıb və onlar üçün iş tapmaq həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, texnikum və peşə məktəblərinə marağın artması universitetlərdəki yüksək təhsil haqları səbəbi ilə məktəbdən sonra təhsilini davam etdirə bilməyən və ya onu yarımçıq dayandıran, eləcə də, təhsil haqqını ödəmək üçün ciddi maddi çətinliklər çəkən şəxslərə iqtisadi cəhətdən də sərfəli olardı. Lakin nəzərə almaq lazımdır ki, texnikum və peşə məktəblərinə marağın artması üçün həmin təhsil müəssisələrində təhsilin keyfiyyəti artmalı, infrastruktur və kadrlar inkişaf etdirilməlidir. Bunun üçün isə dövlətin texnikum və peşə məktəblərinə daha çox vəsait ayırması və bu sahədə daha effektli siyasət həyata keçirməsi tələb olunur.

Dövlət bu sahədə hələlik çox az iş görüb. Belə ki, 2022-ci il dövlət büdcəsində təhsil xərclərinin həcmi 3 milyard 884 milyon manata bərabərdir. Bütün büdcə xərclərinin 13%-ni məhz təhsil xərcləri təşkil edir. Büdcədən təhsil istiqamətinə ayrılan xərclərin (yəni, 3 milyard 884 milyon manatın) təxminən 70%-ni müxtəlif təhsil pillələri üzrə ayrılan vəsaitlər təşkil edir. Təhsil pillələri arasında ən çox vəsait – təhsilə ayrılan maliyyə vəsaitinin 54%-i orta mətkəblərə (bura 1-ci sinifdən 11-ci sinifədək bütün siniflərdə təhsil alanlar daxildir) ayrılır (bax, Cədvəl 1).

Cədvəl 1: 2022-ci il dövlət büdcəsindən təhsil pillələri üzrə ayrılan vəsait

Təhsil pilləsi Məbləğ (manat) Ümumi təhsil xərcləri arasında xüsusi çəkisi
Məktəbəqədər təhsil 376.858.452 9.7%
Ümumi təhsil (orta məktəblər) 2.089.913.442 53.8%
Peşə təhsili 63.815.386 1.7%
Orta ixtisas təhsili (texnikumlar) 87.300.596 2.2%
Ali təhsil[5] 59.987.844 1.6%

Mənbə: (Prezident 2021).

İlk baxışdan orta ixtisas və peşə təhsili müəssisələrinə universitetlərdən daha çox vəsaitin ayrılması gözə dəysə də, nəzərə almaq lazımdır ki, Azərbaycanda universitetlərin əsas maliyyə mənbələri təhsil haqlarından əldə edilən vəsaitdir. Digər tərəfdən, universitetlərdə təhsil haqqı məbləğləri texnikumlar və peşə məktəbləri ilə müqayisədə olduqca yüksəkdir. Universitetlərdə illik təhsil haqqı orta hesabla 2290, texnikumlarda təxminən 600, peşə təhsili müəssisələrində 500 manatdır (Fins.az 2020).

Dövlət Statistika Komitəsinin sonuncu açıqladığı rəqəmlərdən aydın olur ki, 2020-2021-ci təhsil ilində dövlət universitetlərində ümumilikdə 177 min tələbə təhsil alıb (Dövlət Statistika Komitəsi 2021a). Onlardan 100 min 806 nəfəri, yəni, bütün tələbələrin 57%-i ödənişli əsaslarla təhsil alanlardan ibarətdir. Universitetlərdə illik təhsil haqqının orta hesabla 2290 manat olduğunu nəzərə alsaq, bu, ali təhsil müəssisələrinin dövlət büdcəsindən dövlət sifarişli yerlərdə təhsil alanlar üçün ayrılan vəsaitdən əlavə, təxminən 250 milyon manata yaxın vəsait cəlb etməsi deməkdir.

Dövlət büdcəsindən texnikum və peşə məktəblərində dövlət sifarişli yerlərin və həmin qurumlara ayrılan maliyyə vəsaitinin artırılması həmin təhsil müəssisələrinin də infrastrukturunun yaxşılaşdırılmasına və resursların artırılmasına imkan yarada bilər. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası adlı sənəddə qeyd edilir ki, hökumətin təhsil sahəsində müəyyən etdiyi strateji hədəflərdən biri cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı texnikum və peşə məktəbi standartları və kurikulumlarının hazırlanmasıdır (Prezident 2013). Həmin sənəddə bildirilir ki, texnikum və peşə məktəblərinin kurikulumları müasir tələblərə cavab vermir. Bu baxımdan, hökumətin də texnikum və peşə məktəblərində problemlərin olduğunu təsdiqlədiyini qeyd edə bilərik.

Azərbaycandakı ali təhsil qiymətləri heç də əhalinin gəlirlərinə adekvat deyil. 2021-ci ilin yekununda ölkədə orta aylıq əməkhaqqı miqdarı 724 manata bərabər olub. Median əməkhaqqının miqdarının isə ötən il 343 manat olduğu açıqlanmışdı. Yəni ölkədə əməkhaqqı ilə çalışanların yarısının (təxminən 850 min insan) maaşı 343 manatdan aşağı səviyyədə idi. Ali təhsil müəssisələrində orta illik təhsil haqqı məbləğinin 2300 manata yaxın olduğunu nəzərə alsaq, bu o deməkdir ki, minimum əməkhaqqı səviyyəsində (300 manat) maaş alan şəxs övladını oxutmaq üçün bütün il ərzində qazandığı gəlirin 65%-ni universitetə ödəməlidir.

Ali təhsil müəssisələrində təhsil haqqı qiymətlərinin əhalinin gəlirlərinə adekvat olmaması, texnikum və peşə məktəblərində təhsil keyfiyyətinin aşağı olması, eləcə də, texnikum və peşə təhsilinin əmək bazarında iş tapmaq imkanlarını elə ə artırmaması bir çox şagirdlərin orta məktəbi bitirdikdən sonra, ümumiyyətlə, heç bir pillədə təhsilini davam etdirməməsinə səbəb olur. Bu isə nəticədə əmək bazarının ixtisaslı işçi qüvvəsindən məhrum olmasına gətirib çıxarır. Dövlət Statistika Komitəsinin 2021-ci ilin əvvəlinə olan rəsmi rəqəmlərindən də aydın olur ki, Azərbaycanda iqtisadi fəal əhalinin üçdə ikisi sadəcə orta məktəb təhsilinə malikdir (Dövlət Statistika Komitəsi 2021b). Təhsilin inkişafı üzrə dövlət strategiyası adlı sənəddə də qeyd edilirdi ki, Azərbaycanda, xüsusilə özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranıb (Prezident 2013).

Cədvəl 2: Ölkədə 01.01.2021-ci il tarixinə iqtisadi fəal əhalinin təhsil pillələri üzrə bölgüsü

Təhsil pilləsi Xüsusi çəkisi (faizlə)
Ali təhsil 16.6
Orta ixtisas təhsili 11.2
Peşə təhsili 5.7
Tam orta təhsil 59.0
Ümumi orta təhsil 6.7
İbtidai təhsil 0.07

Mənbə: (Dövlət Statistika Komitəsi 2021d, 135).

Cədvəl 2-dən göründüyü kimi, hazırda iqtisadiyyatda aktiv iştirak edən iqtisadi fəal əhalinin hər üç nəfərindən ikisi orta məktəbdən başqa heç bir təhsil pilləsində təhsil almayıb. Onlar məktəbi bitirdikdən sonra sadəcə fəhlə və ya ixtisassız işçi olmaq potensialına yiyələniblər. Nəzərə almaq lazımdır ki, hər il Azərbaycanda orta təhsil müəssisələrinə büdcədən 2 milyard manatdan çox vəsait ayrılır və bu qədər böyük vəsaitə rəğmən məktəbi bitirən hər beş şagirddən üçü təhsilin heç bir növbəti pilləsində ixtisasa yiyələnmək şansı qazanmır və nəticədə ixtisassız işçi olur. Bu isə təbii ki, onun yaxşı gəlirli iş tapmasını, demək olar, mümkünsüz edir. Şagirdlərin təxmini 66%-nin məktəbdən sonra heç bir təhsil almamasının əsas səbəbi odur ki, ali təhsil hər kəs üçün əlçatan deyil, texnikum və peşə məktəbləri isə əmək bazarında əlavə dəyər yaratmağa və ya prestijli işlərdə işləməyə elə də imkan vermir. Belə olan təqdirdə əmək bazarında heç bir ixtisası olmayan və bir qarın çörək üçün nə iş olsa görməyə hazır olan böyük bir fəhlə – ixtisassız işçi qüvvəsi ordusu yaranmış olur.

Təhsil səviyyəsinin aşağı olması, iqtisadiyyatın strukturu – ölkənin ixracının 90%-nin neft-qaz sektorundan ibarət olması, biznes mühitinin azad olmaması sərvətlərin formalaşmasındakı insanların payının da çox az olmasına səbəb olur. Dünya Bankının Millətlərin Dəyişən Sərvəti 2021: Gələcək üçün Aktivlərin İdarə Edilməsi hesabatına görə, Azərbaycan dünyada sərvətlərin formalaşmasında insan kapitalı payının ən az olduğu ölkələrdən biridir (World Bank 2021, 466). Hesabatın metodologiyasına görə, hər bir ölkənin sərvəti dörd komponentin cəmindən ibarətdir. Bunlardan birincisi istehsal kapitalıdır. İstehsal kapitalı dedikdə maşın, qurğu və avadanlıq kimi insanlar tərəfindən yaradılan sərvətlər başa düşülür. Sərvətləri formalaşdıran ikinci amil bərpaolunan və bərpaolunmayan təbii sərvətlərdən ibarət təbii kapitaldır. Növbəti komponent isə insan kapitalıdır. İnsan kapitalı dedikdə işçi qüvvəsində təcəssüm olunan bilik, bacarıq və təcrübə nəzərdə tutulur. Sərvətləri formalaşdıran sonuncu komponent isə xalis xarici aktivlərdir. Bunlar səhmlər, borc qiymətli kağızları, birbaşa xarici investisiyalar və digər ölkələrdə saxlanılan maliyyə aktivlərindən ibarətdir.

Hesabatda Azərbaycanla bağlı ən çox diqqət çəkən məqamlardan biri ölkənin dünyada təbii resursların sərvətin formalaşmasında ən çox paya sahib olan ölkələrdən biri olması ilə bağlıdır. Belə ki, 2018-ci ildəki göstəricilər əsasında aparılan hesablamaya görə, Azərbaycanda yuxarıda qeyd etdiyimiz komponentlər üzrə formalaşan sərvətin 42%-i neft-qaz hesabına yaranıb. Bu göstərici ilə Azərbaycan dünyada təbii resursların sərvətin formalaşmasında ən çox payı olan dördüncü ölkədir. İlk üç yeri isə İraq (65%), Səudiyyə Ərəbistanı (46%) və Küveyt (46%) tutur. Dünya üzrə qlobal sərvətlərin 64%-i insan kapitalından ibarət olduğu halda, Azərbaycan üçün bu göstərici cəmi 23%-ə bərabər olub. Halbuki, ən zəif inkişaf etmiş aşağı gəlirli ölkələr qrupunda belə insan kapitalının sərvətlərin formalaşmasında payı 50 faizə yaxındır – yəni Azərbaycanın malik olduğu göstəricidən iki dəfə daha yüksək. İnkişaf etmiş ölkələrin göstəricisi isə, Azərbaycandan üç dəfə daha yüksək – 64%-dir. Texnikum və peşə məktəblərində təhsilin keyfiyyətinin artırılması, bu təhsil müəssisələrinin, ələlxüsus da aztəminatlı ailələrdən olan məktəblilər üçün əlçatan edilməsi insan kapitalının sərvətin formalaşmasındakı rolunu gücləndirə bilər.

Azərbaycanda NEET (Youth not in employment, education or training) indikatorunun səviyyəsi də bu fikri dəstəkləyir. Bu indikator 15-24 yaşlı gənclər arasında nə təhsildə, nə də əmək bazarında olanların həmin yaş qrupundakı insanlar arasında xüsusi çəkisini göstərir. 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası adlı sənəddə qeyd edilir ki, həmin göstərici Azərbaycanda 23%-ə bərabərdir və hökumət bu rəqəmi 15%-ə endirməyi hədəfləyir. Bu o deməkdir ki, hazırda rəsmi rəqəmlərə görə, ölkədə 15-24 yaş arası gənclər arasında hər 4 nəfərdən biri nə təhsil alır, nə də işləyir. Ölkədə məşğul hesab edilən əhali ilə bağlı kriteriyaların bəzilərinin mübahisəli olduğunu, yəni istifadə edib-etməməsindən asılı olmayaraq adına pay torpağı olan hər kəsin məşğul hesab edilməsini,  öz istəyi ilə, yoxsa iş tapa bilmədiyi üçün evdə oturması araşdırılmayan 650 mindən çox qadının evdar qadın sayılaraq işsiz hesab edilməməsi kimi amilləri də nəzərə alsaq, bu rəqəm reallıqda biraz da yüksək ola bilər. Bu göstəricinin yüksək olmasının səbəblərindən biri texnikumlara və peşə məktəblərinə olan marağın aşağı olmasıdır. Müqayisə üçün qeyd edək ki, Dünya Bankının məlumat bazasındakı göstəricilərdən aydın olur ki, NEET indikatoru göstəricisi inkişaf etmiş ölkələrdə 10%-dən aşağıdır.

MDB ölkələri arasında ümumi tələbələr arasında universitetlərdə və texnikumlarda təhsil alanların xüsusi çəkisinin müqayisəsi də, Azərbaycanda texnikumların təhsil sistemində payının az olmasını əks etdirir.

 

Cədvəl 3: MDB ölkələrində ümumi tələbələr arasında orta ixtisas və ali təhsil müəssisələrində təhsil alanların xüsusi çəkisi

Ölkə Orta ixtisas (%) Ali təhsil (%)
Ukrayna 12.7 87.3
Azərbaycan 22.7 77.3
Özbəkistan 24.8 75.2
Ermənistan 26 74.0
Tacikistan 28.5 71.5
Belarus 29.5 70.5
Qırğızıstan 31 69.0
Moldova 33.7 66.3
Rusiya 40.5 59.5
Qazaxıstan 45.3 54.7

Mənbə: (Dövlət Statistika Komitəsi 2021c)

Cədvəl 3-dən göründüyü kimi, Azərbaycanda ali və ya orta ixtisas təhsili (texnikum) alan hər 100 tələbədən təxminən 23-ü orta ixtisas təhsili müəssisələrində, 77-i isə ali təhsil müəssisələrində təhsil alır. Orta ixtisas təhsili müəssisələrində təhsil alanların payına görə Azərbaycan 10 ölkə arasında sadəcə Ukraynanı qabaqlaya bilib.

Ancaq onu da qeyd edək ki, biz heç də iddia etmirik ki, universitetlərdə nə qədər az adam oxusa, bir o qədər yaxşıdır. İddiamızın əsas məğzi ondan ibarətdir ki, universitetlər faydalı biliklər verməlidir və universitetlərdə tədris edilən heç də bütün ixtisaslar üçün ciddi nəzəri bilik, dolayısıyla universitet təhsili (ən azından, Azərbaycan universitetlərinin verdiyi təhsil) vacib deyil. Ölkədə iqtisadi fəal əhalinin 66%-nin ixtisassız işçi qüvvəsindən ibarət olduğunu və bütün əhalinin ali təhsil almaq üçün maddi imkanı olmadığını nəzərə alsaq, Azərbaycanda dərhal texnikum və peşə məktəblərində təhsilin keyfiyyəti artırılmalı və əhalinin həmin təhsil müəssisələrinə yönəlməsi təşviq edilməlidir. Bunun üçün əsas təşviq mexanizmləri kimi, texnikum və peşə məktəblərinə büdcədən daha çox vəsait ayrılması, ödənişsiz plan yerlərinin artırılması, həmin təhsil müəssisələrinə daxil olanlara verilən təqaüdlərin yüksəldilməsi, dövlət müəssisələrinə işə qəbul olmaq üçün müvafiq ixtisaslarda texnikum və peşə məktəblərini bitirənlərin də işləyə bilməsi çıxış edə bilər. Əgər dövlət təhsil sahəsinə müdaxilə edərək bəzi ixtisas qrupları üzrə tələbələrin təhsil haqqını ödəyirsə, o zaman pulsuz təhsil üzrə prioritet universitetlər yox, texnikum və peşə məktəbləri olmalıdır.

Azərbaycanda texnikum və peşə məktəblərinə marağı artırmaq məqsədilə təhsilin heç bir pilləsində təmsil olunmayan gənclər üçün bu təhsil müəssisələrinin cəlbediciliyini artırmaqla yanaşı, ali təhsil müəssisələrində tədris edilən bəzi ixtisasların tədrisini texnikumlara  ötürmək olar. Çünki hazırda universitetlərdə tədris edilən ixtisasların bir hissəsi üçün ciddi nəzəri bilik vacib deyil. Əgər texnikum və peşə məktəblərinin məzunlarına da əmək bazarında tələbat artsa, daha yaxşı iş tapmaq arzusunda olanlar üçün eyni bir ixtisası universitetlərdə, yaxud da texnikum və peşə məktəbində almaqla bağlı heç bir fərq qalmayacaq. Onu da nəzərə almaq lazımdır ki, təhsilin həmin pillələri iqtisadi cəhətdən daha çox əhali qrupu üçün əlçatandır. Universitetlərdə sadəcə ciddi nəzəri bilik tələb edən ixtisasların saxlanılması universitetlərin onsuz da məhdud olan resurslarını (kadr, maddi, texniki ) həmin ixtisaslarda təhsil alan tələbələrə daha çox ayırmasına və nəticədə təhsilin keyfiyyətinin artmasına səbəb ola bilər.

Universitetlərdəki bəzi ixtisasların texnikumlara ötürülməsi ilə yanaşı, oradakı ixtisaslara ayrılan dövlət sifarişli yerlərin sayında da ciddi dəyişikliklərə ehtiyac var. Dövlət İmtahan Mərkəzinin 2020-2021-ci təhsil ilində keçirilən qəbul imtahanlarının nəticələri əsasında yayımladığı analizdən məlum olur ki, həmin il dövlət sifarişli, yəni pulsuz təhsil verilən yerlərin sayı beynəlxalq münasibətlər ixtisası üzrə 170-ə, coğrafiya üzrə 95-ə, hidrometeorologiya üzrə 30-a, fəlsəfə üzrə 40-a, kitabxanaçılıq üzrə 60-a, politologiya üzrə 90-a, sosiologiya üzrə 100-ə, dinşünaslıq və islamşünaslıq üzrə 72-yə, muzey, arxiv işi və abidələrin qorunması üzrə 55-ə, tarix üzrə 149-a, meşəçilik üzrə 70-ə, şərabçılıq üzrə 80-ə bərabər olub (Dövlət İmtahan Mərkəzi 2021, 182). Dövlət bu sahələrə pulu hansı əsaslarla ayırır? Məsələn, doğrudan da hər il Azərbaycana 170 diplomat və 90 politoloq yetişdirmək və bunun üçün büdcədən pul ayırmaq lazımdırmı? Azərbaycan beynəlxalq siyasətdə qlobal güc deyil və heç buna iddia da etmir. Belə olan təqdirdə beynəlxalq münasibətlər və politologiya ixtisasları üçün hər il dövlət sifarişli 260 yerin ayrılması dövlət resurslarının israfıdır. Lakin israf edilən həmin resurslar müasir iqtisadiyyatda daha çox tələb yaradan sahələrə, məsələn, dəqiq elmlərə yönəldilə bilər.

Digər tərəfdən, tələbin az olduğu istiqamətlərə bu qədər çox plan yerinin ayrılması oradan məzun olan şəxslərin işsiz qalmasını və ya ən azı öz ixtisaslarına uyğun iş tapa bilməməsini şərtləndirən əsas amildir. Nazirlər Kabinetinin hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı ilə bağlı qərarında beynəlxalq münasibətlər ixtisası üçün bu məbləğin 2100 manat olduğu qeyd olunub (Nazirlər Kabineti 2010). Bu o deməkdir ki, Azərbaycanda beynəlxalq münasibətlər üzrə 170 nəfərin dövlət sifarişi ilə təhsil alması üçün büdcədən universitetlərə hər il 357 min manat pul ödənilir. Bu tip ixtisaslarda universitetlərdə keyfiyyətli tədrisi təşkil edə biləcək kadrların da sayı çox azdır. Tələbin az olduğu ixtisaslara plan yerlərinin sayını azaldaraq onsuz da məhdud olan kadr potensialını az sayda, amma öz ixtisası üzrə peşəkarlaşmış tələbələrin hazırlığına yönəltmək olar.

 

Cədvəl 4: Azərbaycanda 2020-ci ildə universitetdən məzun olan tələbələrin ixtisas istiqamətləri üzrə bölgüsü

İxtisaslar Məzunların sayı Faizlə
təhsil ixtisasları qrupu                 9.475 27,3%
humanitar və sosial ixtisaslar qrupu                 4.418 12,7%
mədəniyyət və incəsənət ixtisasları qrupu                 1.345 3,9%
iqtisadiyyat və idarəetmə ixtisasları qrupu                 7.449 21,5%
təbiət ixtisasları qrupu                 1.468 4,2%
texniki və texnoloji ixtisaslar qrupu                 7.028 20,2%
kənd təsərrüfatı ixtisasları qrupu                    703 2,0%
səhiyyə, rifah və xidmət ixtisasları qrupu                 2.830 8,2%
bakalavr – cəmi, nəfər               34.716 100%

Mənbə: (Dövlət Statistika Komitəsi 2020).

Dövlət Statistika Komitəsinin sonuncu məlumatına görə, 2020-ci ildə Azərbaycanda 34 min 716 tələbə bakalavr pilləsi üzrə ali təhsilini başa vurub (Dövlət Statistika Komitəsi 2020). Cədvəl 4-dən göründüyü kimi, universiteti bitirən məzunların təxminən 70%-i humanitar elmlərlə bağlı təhsil alır. Modern iqtisadiyyat əlavə dəyər yaradan məhsullara əsaslanır. Elm və texnologiya tutumlu və əlavə dəyər yaradan məhsulların istehsalı üçün ilk şərtlərdən biri həmin məhsulu yaratmaq potensialına sahib olan insanlar yetişdirməkdir. Dördüncü sənaye inqilabının müzakirə edildiyi, rəqəmsallaşmanın əsas trendləri müəyyən etdiyi bir şəraitdə ölkə iqtisadiyyatında mühəndislər, texniki elmlərdə ixtisaslaşan şəxslər olmadan heç bir inkişafa nail olmaq olmaz. Bu baxımdan dövlət ali təhsil üçün sərf etdiyi vəsaiti səmərəli istifadə etməli, texniki elmlərdə kadrların yetişməsi üçün daha çox vəsait sərf etməli, beynəlxalq münasibətlər, tarix, politologiya kimi humanitar ixtisaslara ayrılan dövlət sifarişli yerlərin sayı real tələbi əks etdirməlidir.

Burada diqqət çəkən daha bir məqam tələbələrin ən çox təhsil ixtisas qruplarında təhsil alması ilə bağlıdır. Universiteti bitirən hər dörd tələbədən biri təhsil ixtisasları qrupundan, yəni, müəllimliklə bağlı ixtisaslardan məzun olub. Nazirlər Kabinetinin Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisas təsnifatından məlum olur ki, təhsil ixtisasları qrupuna 21 sahə daxildir: 19 fənn üzrə orta məktəblərə müəllim hazırlığı, eləcə də, korreksiyaedici təlim və təhsildə sosial-psixoloji xidmət ixtisasları (Nazirlər Kabineti 2019).[6] Bura coğrafiya, fizika, kimya, biologiya müəllimliyi kimi ixtisaslar daxildir.

Bəs bu 21 ixtisas niyə universitetdə tədris edilir? Belə ki, bu sahələr üzrə orta məktəb müəllimliyi üçün universitet təhsilinin tələb edilməsində məqsəd odur ki, məsələn, coğrafiya müəllimi coğrafiya elmi üzrə ciddi nəzəri biliklərə sahib olmalı və elmi yenilikləri izləyə bilməlidir. Başqa sözlə desək, coğrafiya müəllimindən təkcə orta məktəb dərsliyini əzbərləyib şagirdə öyrətmək yox, həm də elmi yenilikləri izləyib şagirdlərə məlumat vermək və mövcud dərsliklərə tənqidi yanaşa bilmək gözlənilir. Lakin biz bilirik ki, Azərbaycanda orta məktəb müəllimlərinin və ümumiyyətlə, məktəblərin tədris sahəsində heç bir muxtariyyəti yoxdur. Müəllimlərdən dərslikləri əzbərləyib şagirdə öyrətmək tələb olunur. Öz muxtariyyəti olmayan müəllimin isə elmi yeniliyi izləyə bilməsinə ehtiyac yoxdur. Əgər bu 21 ixtisas universitetdə tədris edilirsə, onda müəllimlərə və məktəblərə muxtariyyət verilməli ki, müəllimlərin universitetdə öyrəndiyi nəzəri bilik israf olunmasın.

Nə etməli?

Azərbaycanda həm təhsil sistemində, həm də əmək bazarında çatışmazlıqlara səbəb olan yuxarıda sadaladığımız problemlərin həlli üçün ilk növbədə ali təhsil müəssisələrində tədris edilən ixtisasların, ən azından dövlət sifarişi ilə ayrılan yerlər bazarın və dövlət sektorunun tələblərinə uyğunlaşdırılmalıdır. Azərbaycanda hər il yüzlərlə tarixçi, diplomat, politoloq və bu kimi ixtisaslar üzrə təhsil alan şəxslərin yetişdirilməsi üçün dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmasına ehtiyac yoxdur. Həmin vəsait əmək bazarında daha çox tələb olunan və ölkədə kadr çatışmazlığı yaranan mühəndislik, tibb, hüquq kimi istiqamətlərə yönəldilməlidir. Məsələn, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatında göstərilir ki, 2018-ci il üzrə Avropa ölkələri arasında hər yüz min nəfərə düşən vəkil sayına görə Azərbaycan sonuncu yerdədir: bu göstərici Azərbaycanda 15,7 olduğu halda Avropa üzrə orta rəqəm 164-dür. Müqayisə üçün qeyd edək ki, müvafiq göstərici Ermənistanda 72,2, Gürcüstanda isə 123-dür (CEPEJ 2020, 70-71).[7] Azərbaycan Vəkillər Kollegiyasının açıqladığı son rəqəmlərə görə, ölkədə 2132 kollegiya üzvü vəkil var (onlardan 1679-u Bakı şəhərində 453-ü isə regionlardan fəaliyyət göstərir), beləliklə, ölkə üzrə hər yüz min nəfərə düşən vəkil sayı təxmini 21.3-dür. Lakin Bakıdan kənarda yaşayan təxmini 7 milyon insan üçün cəmi 453 vəkil var, deməli, regionlarda yaşayan əhali üçün hər yüz min nəfərə cəmi 6.4 vəkil düşür (Vəkillər Kollegiyası 2022). Yəni 2018-ci ildən bəri, son üç ildə vəkillərin sayında bir qədər artım müşahidə edilsə də, Azərbaycan Avropa ölkələri arasında hələ də sonuncu yerdədir.

Yuxarıda sadaladığımız ixtisaslara ayrılan dövlət sifarişli yerlərin sayının azaldılması tək tələbin olmaması və resurs israfı ilə deyil, həm də, Azərbaycan universitetlərinin həmin ixtisaslarda o qədər çox kadr yetişdirmək potensialının olmaması ilə də izah oluna bilər. Ölkədə hazırda universitetlərdə təhsilin səviyyəsi çox aşağıdır və o qədər çox kadra yetəcək qədər keyfiyyətli professor-müəllim heyəti yoxdur. Həmin ixtisaslarda təhsil alanların sayının azaldılması universitetlərin öz məhdud resurslarını az tələbəyə ayırmasına və nəticədə isə onların nisbətən daha keyfiyyətli təhsil almalarına şərait yarada bilər. Universitetlərlə bağlı atılmalı olan daha bir addım nəzəri biliyin ən yaxşı halda minimal tələb edildiyi ixtisasların texnikumlara ötürülməsi olmalıdır. Məsələn, kitabxanaçılıq ixtisasını universitetdən texnikuma köçürtmək olar. Belə olan təqdirdə, bu ixtisas həm daha çox insan üçün, xüsusən də maddi səbəblərə görə daha əlçatan olacaq, həm də universitet öz resurslarını ciddi nəzəri bilik tələb edən ixtisaslara yönəldə biləcək.

Universitetlərdəki dəyişikliklərlə yanaşı problemin həlli həm də texnikum və peşə məktəblərinə marağın artırılmasından asılıdır. Bunun üçün tələb olunan addımlar büdcədən təhsilin bu pillələrinə daha çox vəsait ayrılması, dolayısıyla, texnikum və peşə məktəblərində kadr potensialının, infrastrukturun inkişaf etdirilməsidir. Həmin təhsil müəssisələrində dövlət sifarişli yerlərin artırılması daha çox şəxsin texnikum və peşə məktəblərinə yönəlməsinə şərait yarada bilər. Texnikum və peşə məktəblərinə münasibətdə müşahidə edilən digər ayrı-seçkilik hallarının aradan qaldırılması da, bu təhsil müəssisələrinin reputasiyasının yaxşılaşmasına kömək edə bilər. Məsələn, hazırda Azərbaycanda hərbi xidmət kişilər üçün icbari sayılır. Universitetlərə daxil olan tələbələrə, hətta magistraturaya daxil olduğu halda iki dəfə hərbi xidmətdən möhlət hüququ verilsə də, bu yanaşma nə texnikumlara, nə də peşə məktəblərinə daxil olan oğlanlar üçün tətbiq edilir. Eyni zamanda, texnikum və peşə məktəblərinin məzunları ilə orta məktəb məzunlarının hərbi xidmət müddəti arasında heç bir fərq qoyulmur. Halbuki, universitet məzunları digərlərinə nəzərən altı ay daha az, 12 ay müddətinə hərbi xidmət keçirlər. Bu baxımdan, texnikum və peşə məktəblərinə daxil olan şəxslərə də hərbi xidmətdən möhlət hüququnun verilməsi və hərbi xidmət müddətinin azaldılması təmin edilməlidir.

Ədəbiyyat siyahısı:

CEPEJ. “European Judicial Systems CEPEJ Evaluation Report,” 2020. https://www.coe.int/en/web/cepej/special-file-publication-of-the-report-european-judicial-systems-cepej-evaluation-report-2020-evaluation-cycle-2018-data-.

Dövlət İmtahan Mərkəzi. “2020/2021-ci Tədris İli Üçün Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Müəssisələrinə Tələbə Qəbulu və Ümumtəhsil Müəssisələri üzrə Buraxılış İmtahanları Nəticələrinin Elmi-Statistik Təhlili,” 2021. https://dim.gov.az/upload/iblock/e7d/e7deac5768f30b770dc2b07b541fcbd1.pdf.

Dövlət Statistika Komitəsi. “Dövlət Ali Təhsil Müəssisələrində Təqaüd Alan Tələbələrin Sayı,” 2021a. https://www.stat.gov.az/source/education/az/001_8_16-17.xls.

Dövlət Statistika Komitəsi. “2020-ci ildə İqtisadi Fəal Əhalinin Təhsil Səviyyəsi və Yaş Qrupları üzrə Sayı,” 2021b. https://www.stat.gov.az/source/labour/az/007_5-6.xls.

Dövlət Statistika Komitəsi. “MDB-yə Üzv Olan Ölkələr Üzrə Təhsil Müəssisələrinin və Onlarda Təhsil Alanların Sayı,” 2021c. https://www.stat.gov.az/source/education/az/001_11_1.xls.

Dövlət Statistika Komitəsi. “Dövlət və Qeyri-Dövlət Ali Təhsil Müəssisələrini Bitirən Mütəxəssislərin  İstiqamətlər Üzrə Bölgüsü,” 2020. https://www.stat.gov.az/source/education/az/001_8_13-15.

Dövlət Statistika Komitəsi. “Əmək Bazarı Statistik Məcmuəsi,” 2021d. https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/labour_2021.zip.

Fins.az. “Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinin prosedur qaydaları məlum olub.” Fins.az, 2020. https://fins.az/telebelerin-tehsil-haqqi-xerclerinin-denilmesinin-prosedur-qaydalari-melum-olub/.

Huseynli, Ilkin. “Academic Freedom and University: The Case of Azerbaijan.” In La Liberté Académique : Enjeux et Menaces, edited by Vanessa Frangville, Aude Merlin, Jihane Sfeir, and Pierre-Étienne Vandamme, 133–43. Brussels: Editions de l’Université de Bruxelles, 2021.

Nazirlər Kabineti. “Ali Təhsil Müəssisələrində və Magistratura Səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında Yeni Maliyyələşmə Mexanizminin Tətbiq Edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı,” 2010. http://www.e-qanun.az/framework/20015.

Nazirlər Kabineti. “‘Ali Təhsilin Bakalavriat (əsas (baza ali) tibb təhsili) Səviyyəsi üzrə İxtisasların (proqramların) Təsnifatı’nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ‘Ali təhsilin Bakalavriat Səviyyəsi İxtisaslarının (proqramlarının) Təsnifatı’nın təsdiq edilməsi haqqında’ 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, ‘Ali Təhsilin Bakalavriat və Magistratura Səviyyələri üzrə Bəzi İxtisasların (ixtisaslaşmaların) Təsnifatı’nın təsdiq edilməsi haqqında’ 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və ‘Ali Təhsil Pilləsində Tibb Təhsilinin Əsas Təhsili üzrə İxtisasların Təsnifatı’nın təsdiq edilməsi və “Ali Təhsilin Bakalavriat Səviyyəsi İxtisaslarının (proqramlarının) Təsnifatı’nın təsdiq edilməsi haqqında’ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında Dəyişikliklər Edilməsi Barədə’ 2012-ci il 24 dekabr tarixli 314 nömrəli Qərarlarında Dəyişikliklər Edilməsi Haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı,’” 2019. http://www.e-qanun.az/framework/41438.

Prezident. “Azərbaycan Respublikasında Təhsilin Inkişafı Üzrə Dövlət Strategiyası,” 2013. http://www.e-qanun.az/framework/20015.

Prezident. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu,” 2021. https://president.az/az/articles/view/54776.

Vəkillər Kollegiyası. “Azərbaycan Respublikası Vəkillər Kollegiyası,” 2022. https://barassociation.az/.

World Bank. The Changing Wealth of Nations 2021: Managing Assets for the Future. Washington, DC: World Bank, 2021. https://doi.org/10.1596/978-1-4648-1590-4.

Qeydlər:

[1] Azərbaycanda rəsmi sənədlərdə texnikumlar orta ixtisas təhsili müəssisələri kimi qeyd olunur. Son illərdə texnikumların adlarında dəyişiklik edilərək bu təhsil qurumları kollec adlandırılmağa başlanılıb. Lakin orta ixtisas təhsili müəssisələri Azərbaycanda ənənəvi olaraq texnikum adlandırıldığından, biz də yazıda kollec yox texnikum sözündən istifadə edirik.

[2] Orta məktəbi bitirdikdən sonra heç bir formal təhsil almayan şəxslərin, güman ki, çox az hissəsi özəl kurslarda təhsil alaraq müəyyən bir peşəyə yiyələnirlər.

[3] Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabineti tərəfindən hər ixtisas üzrə dövlət sifarişli yerlərin sayı müəyyən edilir. Həmin ixtisaslar üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi kvota əsasında yüksək bal toplayan tələbələr universitetə ödəniş etmədən təhsil alır: həmin tələbələr üçün dövlət büdcəsindən universitetlərə vəsait ödənilir. İxtisaslar üzrə yerdə qalan yerlərə qəbul olunan tələbələr isə təhsil haqqını ödəyərək təhsil alırlar.

[4] 2011-2012-ci illərdə Türkay Qasımova həmin kafedrada saat hesabı müəllim kimi işləyirdi, Amerikaşünaslığa giriş fənnini Azərbaycan dilində tədris edirdi və ingilis dilini bilirdi, lakin o, ştatlı müəllim deyildi və BDU-dan qısa müddət sonra ayrıldı. 2015-ci ildən sonra müəllimlərin dil biliyi məsələsində vəziyyət dəyişibmi bilmirik, lakin güman edirik ki, ciddi dəyişiklik baş verməyib.

[5] Ali təhsil müəssisələri dedikdə bura akademiya, universitetlər, ali məktəblər və institutlar daxil edilir.

[6] Texnikumlarda tədris edilən təhsil ixtisasları qrupuna cəmi 5 ixtisas daxil edilib: ailə və ev təhsili, fiziki tərbiyə müəllimliyi, inklüziv təhsil, məktəbə qədər təhsil (uşaq bağçası) və rəqs müəllimliyi.

[7] Avropada ən pis göstərici Belarusa məxsusdur, belə ki, Belarusda 2022-ci ilə aid rəqəmlərə görə, 1868 vəkil var, yəni hər yüz min nəfərə düşən vəkil sayı 19-dur. Belarus Avropa Şurasının üzvü olmadığından yuxarıdakı hesabatda verilməyib.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.