Pasifizm (latınca pax “sülh”, ficus “yaratmaq”, “etmək” sözlərindən yaranıb) müharibə əleyhinə olmaq, sülhə sadiqlik mənasına gəlir. İdeya olaraq pasifizm kifayət qədər qədim tarixə malikdir. İlk pasifist ideyaların izlərini caynizm, daoizm, erkən xristianlıq və digər qədim dini və fəlsəfi dünyagörüşünə aid mətnlərdə tapmaq mümkündür. (Məsələn, Əhdi-Cədidin Matveydən xəbərlər fəslində İsa peyğəmbərin sülhməramlıları uğurladığı qeyd olunur.) Müasir dövrdə isə pasifist baxışlar həm fəlsəfə və digər humanitar elm sahələrində, həm də ədəbiyyatda kifayət qədər geniş yayılıb. Bu yazıda biz müasir fəlsəfi mətnlərdə tez-tez rast gəlinən əsas pasifist ideyaları etik (deontoloji və konsekvensialist) bölgü əsasında nəzərdən keçirəcəyik. Daha sonra isə onlara qarşı irəli sürülən bəzi tənqidlərə və pasifizmin müvafiq cavablarına nəzər salacağıq.

Sülh

Adından da göründüyü kimi, pasifizmin əsas qayəsi sülhə çağırış və sülhü təbliğ etməkdir. Bu səbəbdən pasifizmin nə olduğunu anlamaq üçün sülh anlayışı üzərində dayanmağa ehtiyac vardır. Sülh termini çoxmənalı olsa da, əsas iki sülh anlayışını bir-birindən fərqləndirmək mümkündür: neqativ sülh və pozitiv sülh. Neqativ sülh müharibə əleyhinə olmağı və ya qeyri-zorakılığı ehtiva edir. Neqativ sülhü nəzərdə tutan pasifizm də müvafiq olaraq müharibə və zorakılıq əleyhinə bir reaksiya kimi nəzərdən keçirilir. Təsadüfi deyil ki, sülhün neqativ formasını nəzərdə tutan pasifistlər “müharibəyə yox”, “zorakılığa yox” və s. bu kimi inkar bildirən ifadələrdən şüar kimi daha çox istifadə edirlər.

Pasifist müəlliflərin bir qismi isə belə düşünürlər ki, sülhün sadəcə neqativ anlayışlar vasitəsi ilə təqdim edilməsi düzgün deyil; sülh insanlar arasındakı ədalətli, dinc və harmonik münasibətləri də özündə ehtiva edir (bax Galtung 1969, Boersema 2017). Buddizmə aid bəzi dini yanaşmalarda isə daha da irəli gedilərək vurğulanır ki, sülhpərəstlik əslində şüurun dinclik vəziyyətidir (bax Dalai Lama 1999, 202). Bu cür düşünənlər əsasən pozitiv sülh anlayışından istifadə edirlər, çünki onlar sülhü tək müharibə və zorakılığın olmaması ilə deyil, digər ədalətli, dinc və harmonik münasibət, şüurun dinclik vəziyyəti və s. kimi müəyyən xüsusiyyətləri bildirən anlayışlarla müəyyən edirlər.

Pozitiv sülh anlayışının mühüm bir problemi onun çox geniş və yayğın məzmuna malik olmasıdır. Bu, o deməkdir ki, pozitiv sülh anlayışından bəhs edəsi olsaq, onda ədalət də daxil olmaqla sosial və siyasi fəlsəfənin bir çox digər məsələlərini də nəzərdən keçirməli olarıq. Təbii ki, kiçik həcmli yazıda bunu etmək çox çətindir. Və biz burada neqativ sülh üzərində fokuslanacağıq. Digər tərəfdən, pozitiv sülh üzərinə fokuslanmaqla biz sülhün əsas qayəsi olan qeyri-zorakılığı istər-istəməz nisbətən arxa plana sürüşdürmüş olardıq ki, bunu da ən azı bu yazıda etmək istəməzdik.

Pasifizmin əsas növləri: deontoloji və konsekvensialist pasifizm

Filosoflar pasifizmin müxtəlif növlərinin mövcudluğundan bəhs edirlər (bax Fiala 2018). Bunların hamısı haqqında qısa yazıda bəhs etməkdənsə, yığcamlıq xatirinə gəlin fəlsəfi baxımdan daha fundamental səciyyə daşıyan və bir çox digər bölgülərin əsasında dayana biləcək deontoloji və konsekvensialist pasifizm üzərində fokuslanaq.

Qeyd edim ki, pasifizmin bu bölgüsü fəlsəfədə etik nəzəriyyələrin iki böyük qrupa bölünməsinə müvafiqdir. Belə ki, fəlsəfədə deontoloji və konsekvensialist etik nəzəriyyələr qrupu bir-birindən fərqləndirilir ki, bunların da əsas fərqi davranışlarımızın əxlaqi baxımdan – düzgün və ya səhv olaraq – dəyərləndirilməsi üsulundadır. Deontoloji nəzəriyyələrə görə, düzgün davranış o davranışdır ki, nəticəsinin pis və ya yaxşı olmasından asılı olmayaraq, əxlaqi prinsiplərə və ya vəzifələrə uyğundur (deon yunancadan tərcümədə öhdəlik, borc və ya vəzifə deməkdir). Konsekvensialist nəzəriyyələrə görə isə davranışın düzgün və ya əxlaqi olması onun nəticəsindən asılıdır; davranışın nəticəsi yaxşıdırsa, o, düzgündür, pisdirsə, deməli, səhvdir (consecutio latıncadan tərcümədə nəticə mənasına gəlir). Məsələn, tutaq ki, A yoldan keçməyə çalışan yaşlı adama- B-yə kömək etmək məqsədi ilə ona yaxınlaşıb yolu keçməsinə rahat şərait yaradır. Konsekvensialistlərə görə, burada A-nın davranışı ona görə düzgündür ki, onun (yaxud belə davranışların bir qayda olaraq) nəticəsi yaxşıdır; B kömək sayəsində yolu rahatlıqla keçə bilər ki, bunu o, təkbaşına edə bilməzdi. Məsələyə deontoloji yanaşanlara görə isə A-nın davranışın qiymətləndirilməsi onun nəticəsindən asılı deyil. A-nın davranışı isə burada ona görə düzgündür ki, o, “ehtiyacı olan insana kömək etmək lazımdır” əxlaqi prinsipindən çıxış edərək B-yə kömək edib.

Deontoloji pasifistlərin müharibə əleyhinə çıxmalarının səbəbi onun etik (yaxud əxlaqi) prinsiplərə uyğun gəlməməsidir. Bu qrupdan olan pasifistlər belə düşünürlər ki, müharibədə hər bir insanın əməl etməli olduğu “insanları öldürmək olmaz” prinsipi pozulur. Digər tərəfdən, müharibədə insanların həyatı başqa məqsədlər üçün qurban edilir ki, bu da pasifistlərə görə, əxlaqi baxımdan düzgün deyil. Məsələn, deontoloji etik nəzəriyyəyə sahib məşhur filosoflardan sayılan İmmanuel Kant belə hesab edirdi ki, insan özlüyündə sondur və o, nəyəsə vasitə sayıla bilməz. Müharibədə isə, əksinə, insanlar (əsgərlər) yeni ərazilər tutmaq, torpaq işğaldan azad etmək və s. məqsədlər üçün alət kimi istifadə olunur. Burada pasifistlərin müharibəni tənqid kimi üzərində dayandıqları xüsusi bir məqam da ondan ibarətdir ki, müharibədə alət kimi vasitəyə çevrilən insanlar kütləvi şəkildə öldürülür və şikəst edilir ki, bu da insanların yaşamaq və digər hüquqlarının əlindən alınmasıdır.[1]

Konsekvensialist pasifistlər də müharibə və zorakılıq əleyhinə olsalar da, məsələyə nisbətən fərqli cür yanaşırlar. Konsekvensialistlərin bir çoxlarının fikrincə, müharibə və zorakılıq əleyhinə olmağı bir qayda olaraq qəbul etsək, nəticədə bəşəriyyətdə xoşbəxtlik artacaqdır. Başqa sözlə, onların müharibə əleyhinə çıxmasının səbəbi müharibənin ziyanlı nəticələrinin onun gətirə biləcəyi faydadan daha çox olması ilə bağlıdır. Maraqlıdır ki, tarixdən olan məlumatların təhlili də bu nəticəyə gəlməyə əsas verir. Son yüzilliklərdə baş verən müharibələrin nəticəsi onu göstərir ki, onların qələbə qazanan tərəfin qarşıya qoyduğu məqsədlərə çatmasına səbəb olduğunu birmənalı olaraq söyləmək mümkün deyil; müharibədəki qurbanlar isə əsasən əbəs yerə verilmişdir (bax Bickerton 2011, xi).

Pasifistlər nə dərəcədə haqlıdırlar?

Pasifistlərin mövqeyi bir neçə aspektdən tənqid edilir. Gəlin burada onların bir neçəsini nəzərdən keçirək.

Tez-tez səslənən tənqidlərdən biri odur ki, pasifistlər müharibədən qorxurlar və bu səbəbdən əllərinə silah götürüb vuruşmaq istəmirlər. Hərçənd, bu tənqidə cavab pasifist üçün heç də çətin görünmür. Pasifist qeyd edə bilər ki, onun mövqeyi etik prinsiplərə əsaslanır və qorxub-qorxmamaqdan asılı olmayaraq müharibə və zorakılıq məhz əxlaqi baxımdan yolverilməzdir. Digər tərəfdən isə – o əlavə edə bilər – kimisə fikrinə görə qorxaqlıqda ittiham etmək ad hominem səfsətəsi üzərinə dayanır. Ad hominem arqumentlərdə tənqidçi qarşı tərəfə iradı onun irəli sürdüyü fikrinə əsasən deyil, tənqid edilənin şəxsi keyfiyyətinə və ya fikrin irəli sürülmə motivinə əsasən bildirir. Məsələn, pasifistlərə qarşı irəli sürülən “Qorxursunuz, ona görə müharibə əleyhinəsiniz” kimi fikirlər müharibə əleyhinə olmağa qarşı məntiqi baxımdan düzgün arqument deyil, pasifistin şəxsinə hücumdur. Çünki burada müharibə əleyhinə olmaq ayrıca bir mövqe kimi götürülüb tənqid edilmir, bu fikri ifadə edən şəxsin hansısa keyfiyyəti mövzuya çevrilir. Bu isə dəxlisiz məsələdir; ona görə ki, bir adamın qorxaq olması hələ onun mövqeyinin yanlış olması demək deyil. Necə ki bir adamın cəsarətli və patriot olması hələ onun mövqeyinin doğru olması demək deyil.

Pasifistlərə qarşı tənqidi mövqe sərgiləyənlərin bir qismi belə hesab edir ki, bəzi hallarda müharibə qaçılmaz ola bilər. Bir çoxlarına görə, insan ləyaqəti və hüquqlarını qorumaq xatirinə müharibəyə və zorakılığa yol vermək olar (bax, məsələn, Anscombe 1981). Buna uyğun olaraq, bir sıra siyasi nəzəriyyələr də qəbul edir ki, dövlətlərin öz vətəndaşlarının hüquqlarını qorumaq üçün zorakılıqdan istifadə və ya müharibəyə legitim əsası vardır. Hərçənd, pasifizm buna da cavabsız qalırmış kimi görsənmir. Məsələ burasındadır ki, zorakılıq və ya müharibə özündə hüquq pozuntusu ehtiva etdiyindən, ondan hüquqların müdafiəsi üçün istifadə etmək hüquq pozmaqla hüquq müdafiə etmək anlamına gəlir. Hüququ hüquq pozmaqla müdafiə etmək isə zidiyyətli olduğundan pasifizm bu yanaşmanı qüsurlu hesab edir.

Pasifistlərə qarşı irəli sürülən digər bir tənqid bundan ibarətdir ki, onlar şəxsin özünə qarşı olan zorakılığa cavabını lazımsız bilirlər. Pasifistlərə irad olaraq tez-tez deyilir: “Sənə və ya ailənə hücum olsa, müdafiə olunmazsan?” Bu suala cavab olaraq pasifistlərin mövqeyi fərqlənir. Mahatma Qandi kimi mütləq pasifist mövqe sərgiləyənlər istənilən vəziyyətdə zorakı müqavimət göstərməyin əleyhinə çıxırlar. Onlar bu mütləq mövqeni əldə etməyin çətin olduğunu anlasalar da, ideal mövqe kimi bəşəriyyəti ona can atmağa səsləyirlər. Pasifistlərin digər qrupu isə suala cavab olaraq bir kəsin zorakılıqdan müdafiə olunmaq hüququnun olması ilə müharibə vəziyyətini bir-birindən fərqləndirməyə üstünlük verir. Şəxsi müdafiə zamanı zorakılığa əl atan tərəf konkret məlum olduğu halda, müharibədə öldürülən və şikəst edilən insanların həqiqətən zorakılığa səbəb olduqlarını müəyyən etmək çətindir. Bu səbəbdən, şəxsi müdafiə zamanı zorakılığa zorakılıqla cavab vermək bir çoxlarına əxlaqi baxımdan əsaslandırılmış görünsə də, müharibə zamanı insanların necə gəldi öldürülməsinə bəraət qazandırmaq çətin gəlir. Çünki müharibə zamanı əsgərlərin bir çoxu məcburi olaraq orduya və döyüşə göndərilirlər; onların bir çoxu müharibə dəstəkçisi olmaya da bilər. Ona görə də bu insanların ölümə göndərilməsinin və öldürülməsinin əxlaqi baxımından əsaslandırılması ən azı açıq sual olaraq qalır.

Konsekvensialist pasifistlər də tənqid olunmaqdan kənar qalmırlar. Onları tənqid edənlər belə bir fikir irəli sürürlər ki, bəzən müharibənin nəticəsi əvvəlki vəziyyətlə müqayisədə xeyli yaxşı olur (məsələn, İkinci Dünya Müharibəsində faşizmin məğlubiyyəti və Avropada dayanıqlı sülhün bərqərar olması müharibənin yaxşı nəticəsi kimi qələmə verilə bilər). Ancaq bu tənqidə də cavab vermək pasifist üçün o qədər də çətin görsənmir. Pasifist bildirə bilər ki, əksər hallar üçün müharibənin nəticə olaraq vurduğu ziyan onun gətirdiyi faydadan çoxdur. Ona görə də konsekvensialist pasifist müharibə əleyhinə olmağı əsasən bir qayda olaraq qorumağa üstünlük verir. Əgər müharibə əleyhinə olmaq qayda olaraq qəbul olunsa və buna əməl edilsə, gələcəkdə insanların rifah səviyyəsi və xoşbəxtliyi artmış olar; ən azı ona görə ki, müharibəyə və hərbi sənayeyə xərclənən pulu iqtisadiyyata, təhsilə və digər sosial məqsədlərə xərcləmək olar; digər tərəfdən, ətraf mühitə dəyə biləcək ziyanın qarşısı alınar, beynəlxalq stabillik dayanıqlı olar; ən əsası isə insanların kütləvi şəkildə öldürülməsinin və şikəst edilməsinin qarşısı alınar.

Nəticə əvəzi

Bu yazıda biz pasifizmi etik (deontoloji və konsekvensialist) əsasda nəzərdən keçirdik, pasifistlərə qarşı irəli sürülən bir sıra tənqidlərə və onların müvafiq cavablarına nəzər saldıq. Əslində, yazının məqsədi oxucuda həm də mövzu ilə bağlı nisbətən ümumi təsəvvür yaratmaq olduğundan və mövzunun ayrı-ayrı aspektlərinin şaxəli olması səbəbindən bir çox mühüm suallar kənarda qalmış ola bilər. Digər tərəfdən, qarşı tərəfin pasifistlərin tənqidlərə verdiyi cavablara da öz əks-arqumentləri ola bilər ki, bunları da kiçik yazıda ətraflı nəzərdən keçirmək çətindir. Son olaraq əlavə edək ki, pasifizmin müxtəlif aspektləri ilə bağlı müzakirələr son illərin fəlsəfi dərgilərində kifayət qədər geniş yer almaqda davam edir və mövzu ilə bağlı daha ətraflı maraqlananlar üçün Endryu Fialanın redaktorluğu ilə 2017-ci ildə nəşr olunan The Routledge Handbook of Pacifism and Nonviolence adlı məqalələr toplusundan ibarət kitaba nəzər salmağı tövsiyə edərdik.

 

İstinadlar:

Anscombe, G.E.M., 1981. “War and Murder” in Ethics, Religion, and Politics, Minneapolis: University of Minnesota Press.

Bickerton, Ian, 2011. The Illusion of Victory: The True Costs of War, Melbourne: Melbourne University Press.

Boersema, David, 2017. “Positive and Negative Peace” in The Routledge Handbook of Pacifism and Nonviolence, Andrew Fiala, (ed.), New York: Routledge.

Dalai Lama, 1999. Ethics for the New Millenium, New York: Riverhead Books.

Fiala, Andrew, “Pacifism”, The Stanford Encyclopedia of Philosophy (Fall 2018 Edition), Edward N. Zalta (ed.), URL = <https://plato.stanford.edu/archives/fall2018/entries/pacifism/>.

Fiala, Andrew (ed.), The Routledge Handbook of Pacifism and Nonviolence, New York: Routledge.

Galtung, Johan, 1969. “Violence, Peace, and Peace Research” The Journal of Peace Research, 6(3): 167–191.

 

[1]Bu problem çağdaş dövrdə daha çılpaqlığı ilə özünü göstərir. Çünki indiki silahlar daha çox dağıdıcı gücə malik olduğundan insan itkisi də daha çox olur, dinc əhali də istər-istəməz çox ziyan görür.

 

7 dekabr 2020-ci il