fbpx

Cəmiyyət

Cəmiyyət

Periklin Qəbirüstü nitqinin qədim yunan dilindən dilimizə tərcüməsinə şərh-müqəddimə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azadlığın müdafiəsi üçün dünya tarixində bir çox parlaq nitqlər söylənilib və təsirli yazılar ərsəyə gəlib, lakin bütün bu mətnlərin qalereyasında Periklin Qəbirüstü nitqi hələ də mərkəzi yerlərdən birini tutmağa davam edir.

Qədim yunan demokratiyası, xüsusən də onun ən bariz nümunəsi olan Afina şəhər-dövləti əlbəttə ki nöqsanlardan uzaq deyildi. Quldarlıq, qadın və gəlmələrin tam hüquqsuzluğu, çoxluğun azlıq üzərində mütləq hakimiyyəti, müttəfiq dövlətlər üzərində siyasi və iqtisadi hegemoniya – bütün bunlar Afina demokratiyasına heç də başucalığı gətirmir. Lakin Afina demokratiyası tək bu gün yox, həm də öz zamanında çoxsaylı suallar, etirazlar və düşmənçilik ilə qarşılaşırdı. Dövrünün bütün tiranniya və oliqarxiyaları ilə yanaşı, az qala bütün intellektual potensialı da Afina demokratiyasının əleyhinə idi. Əgər Sparta və Korinf kimi oliqarxiyalar Afinanın çöküşü üçün uzaqdan tədbirlər tökürdüsə, Afinanın özündə, bazar meydanında, Akadem və Likey bağlarında antik çağın ən böyük filosofları demokratiyanın əsaslarını sarsıtmaqla məşğul idi. Sokrat onu amansız sual atəşinə tuturdu, Platon ona açıq-aşkar nifrət edirdi, hətta Aristotel də uzun-uzadı, yorucu, monoton təhlillərinin arxasında öz qərəzini gizlədə bilmirdi. Yunan demokratiyasının bütün bu müqavimət, hətta amansız hücumlar qarşısında davam gətirməsi ona görə də təəccüblü görünə bilər.

Qədim yunan demokratiyası nəinki yaşayırdı, o həm də rəqiblərinə meydan oxuyurdu. Demokratiya nə İran şahının sarayında qurulan intriqalar, nə Spartanın hərbi qüdrəti qarşısında geri çəkilmirdi. Lakin sonda, elə yunan demokratlarının öz səhvləri nəticəsində antik demokratiya büdrədi və rəzalət içində süquta uğradı. Oliqarxiyaların Peloponnes ittifaqı ilə müharibədə Afina dövləti öz siyasi liderlərinin səriştəsizliyi və təqsirləri səbəbindən ağır məğlubiyyətə düçar oldu. Qədim dünya tarixinin ən qaranlıq məqamlarından birində, Afina demokratiyasının heysiz günlərində 30 tiran – onların bir neçəsi Sokratın tələbəsi idi – dövlət çevrilişi edərək yunan azadlığını boğmağa cəhd göstərdi. 1,500 görkəmli demokratı – Afina vətəndaşlarının təqribən 10%-ini edam edən tiranlar hakimiyyətdə çox qala bilməsələr də, yunan demokratiyası aldığı fiziki və mənəvi zərbələrdən bir daha özünə gələ bilmədi. Əvvəlcə Makedoniya, sonra isə Romanın qalibiyyət yürüşləri qarşısında təslim olan Yunanıstan böyük imperiyaların ucqar əyalətinə çevrildi.

Bəlkə də tarixin ironiyası idi – vaxtilə quldarlığa haqq qazandıran savadlı yunanlar indi özləri zəngin romalıların qullarına çevrildilər. Romanın qüdrətli zamanlarında artıq bir dəb halını almışdı – hər bir əsilli-nəcabətli Roma ailəsinin Kampaniyada dəniz kənarında yay villası olduğu kimi, evində də savadlı, filosof yunan qulu olmalı idi.

Bütün bunlar daha sonra baş verəcəkdi. Perikl öz Qəbirüstü nitqini söylədiyi vaxt isə – eradan əvvəl V əsrin ortalarında yunan demokratiyası hələ özünün yetkin çağını yaşayırdı. Bu zaman Afina siyasi və iqtisadi qüdrətinin zirvəsində idi, ona dünya tarixində nadir siyasi səriştəyə sahib liderlərdən olan Perikl rəhbərlik edirdi. Bütün yunan dünyasının demokratları Afinanı öz pənah yeri kimi görür, Afina demokratları da zaman-zaman dara düşən digər demokratlara öz yardımlarını əsirgəmirdi. Afina demokratiyasının Perikl dövrü yalnız Afina dövlətinin deyil, həm də qədim yunan demokratiyasının qızıl çağı sayıla bilər. Bəlkə də qədim yunanların teleoloji dünyagörüşünə görə afinalılar elə düşünürdü ki, inkişafın son mərhələsi gəlib çatıb. Qarşıdan gələn faciələri kim ehtimal edə bilərdi? Bəlkə ancaq Perikl.

Məhz bu səbəbdən qədim yunan dövlət xadimi və tarixçisi Fukididin Peloponnes müharibəsi kitabı gərək günümüzdə hər bir siyasətçinin, ictimai xadimin, intellektualın stolüstü kitabı olsun – bir zamanlar keçmişdə olduğu kimi. İnsan təkəbbürü və axmaqlığını, onların qaçılmaz olaraq gətirib çıxardığı fəsadları Peloponnes müharibəsi kimi ətraflı təsvir və təhlil edən, vaxtında ayılmaq üçün həyəcan təbili çalan ikinci belə kitab tapmaq bir qədər çətin məsələdir. Fukidid Peloponnes müharibəsinin heç də ən dürüst salnaməsini yaratmaya bilər, amma o, gələcək nəsillər üçün böyük bir xəbərdarlıq qoyub gedib. Öz uğurlarından məst olan, reallıq hissini itirən dövlətlər və siyasi elitalar bu tarixdən mütləq dərs götürməlidir. Siyasi karyerası uğursuzluq və sürgünlə bitən Fukididin bizlərə son vəsiyyəti də məhz elə bundan ibarətdir.

Yunan demokratiyasına ölümcül zərbə vuran Peloponnes müharibəsi haqqında bu kiçik yazıda ətraflı danışmaq, nə də Fukididin Peloponnes müharibəsi kitabı haqqında geniş məlumat vermək təəssüf ki mümkün deyil. Həm oxucuların bu kitabı oxuması ümidi ilə, həm də Periklin Qəbirüstü nitqinin kontekstini bir qədər aydınlaşdırmaq məqsədi ilə sadəcə qısa icmalla kifayətlənirik.

Eramızdan əvvəl V əsrin ortalarında qədim Yunanıstanda sülh və sabitlik, iqtisadi və siyasi tərəqqi hökm sürürdü. Yunanlar İran imperiyasının işğalını dəf etmişdi, Misir və Finikiya kimi qonşularından fərqli olaraq öz istiqlaliyyətlərini qoruya bilmişdi. Öz dövrü üçün az qala bütün “məlum dünyanı” əhatə edən İran imperiyasını məğlub edən kiçik yunanlar qələbədən məst olmuşdu. Aristotel bu dövr haqqında ikrahla yazırdı: iranlılar üzərində qələbədən sonra yunanlar necə pozulmuşdusa, Afinada az qala hər kəs fleytada ustaca ifa edə bilirdi. İndi də Afina başda olmaqla demokratiyalar (Delos ittifaqı), digər tərəfdə isə Sparta və Korinf başda olmaqla oliqarxiyalar (Peloponnes ittifaqı) yunan dünyasında nüfuz mübarizəsinə girişmişdi. Məhz belə nikbin, qayğısız və təkəbbürlü günlərin birində yunan dünyasının periferiyasında baş verən kiçik bir insident nəzarətdən çıxdı, oliqarxların şuralarında və Afinanın xalq yığıncağında emosiyalar qaynadı, yunan şəhər-dövlətləri miqyasını təsəvvür edə bilməyəcəkləri müharibəyə sürükləndi.

Əlbəttə, bu müharibənin nə qədər acınacaqlı nəticələr doğuracağını görənlər də var idi. Sparta hər vəchlə Peloponnes ittifaqını, Perikl isə afinalıları emosiyaların əsiri olmaqdan qurtarmağa çalışırdı, amma tarixin gedişatı qarşısında fəlakət sanki qaçılmaz idi və qarşıdan gələn bu fəlakət məğlubları da, qalibləri də məhv edəcəkdi. Fukididin Peloponnes müharibəsi məhz bu gözlənilməyən fəlakətin tarixçəsi kimi bizi iyirmi beş əsr sonra da insan təkəbbürü və axmaqlığına qarşı ayıq-sayıq olmağa çağırır.

Burada oxuyacağınız mətn – Periklin Qəbirüstü nitqi Fukididin Peloponnes müharibəsi əsərinin ikinci kitabındandır. Perikl bu nitqi Peloponnes müharibəsinin birinci ilinin sonunda (eradan əvvəl 431 və ya 430-cu il) Afinanın müharibədə verdiyi ilk qurbanların dəfn mərasimində səsləndirib. Qəbirüstü nitq Afina dövlətinin və yunan demokratiyasının müdafiəsi üçün söylənsə də, dünya tarixində azadlıq uğrunda söylənilən ən təməl mətnlərdən biri kimi qəbul edilir. Qəbirüstü nitq bir növ həm öz dövrünün filosofları Sokratın, Platonun, Aristotelin, həm də qədim yunan demokratiyasının müasir tənqidçilərinə cavabdır. Perikl burada rəhbərlik etdiyi şəhər-dövlətin demokratik quruluşunu səmimi qəlbdən və böyük həssaslıqla müdafiə edir. Periklin bu çıxışı bir dövlətin necə idarə edilməsi haqqında həm də master class-dır.

Ümumiyyətlə, Perikl – dünya tarixində siyasi səriştəsinə və bacarıqlarına görə nadir rastlanan siyasətçilərdən biri idi. O, nəinki böyük demokrat, həm də sözün həqiqi mənasında lider idi. Perikl kütlənin qara instinktinə xitab etməz, onun ardınca kor-koranə getməzdi. Perikli digər demokratik liderlərlə müqayisə edən müasirləri qeyd edirdi ki, Perikl xalqın gözündə xoş görünmək üçün heç zaman populizmə əl atmazdı. O, xalq yığıncağına gələr, insanların qarşısına çıxıb onları ən acı və kəskin sözlərlə danlayar, tənqid edər, yanlışlarını izah edər, sonra isə doğru qərara səs vermələri üçün onları inandırardı. Bu mənada Perikl sözün yaxşı mənasında həm də bir insan mühəndisi idi. Nə qədər ki Perikl Afina şəhər-dövlətinin başında idi, demokratiya bütün sınaqlardan üzüağ çıxırdı. Lakin müharibə dövrünün müvəqqəti çətinlikləri afinalıların Periklə inamını sarsıtdı, Perikl özü də ölümcül epidemiyanın vaxtsız qurbanı oldu və nəticədə Afinada hakimiyyət demaqoq və macərapərəst siyasətçilər əlinə keçdi. Onlar isə mətin addımlarla yunan demokratiyasını fəlakətə sürüklədilər.

Bir neçə kəlmə də tərcümə haqqında. Təəssüf ki, Fukididin Peloponnes müharibəsi Azərbaycan dilinə hələ də tam tərcümə olunmayıb. Lakin Azərbaycan oxucusu Periklin Qəbirüstü nitqi ilə müəyyən mənada tanışdır. İlk nəşri 2001-ci ildə işıq üzü görən və Azərbaycanda liberal bir nəslin yetişməsində müstəsna rolu olan “qırmızı kitab”da – Hikmət Hacızadənin tərtib etdiyi Demokratiya: Gediləsi uzun bir yol antologiyasında Periklin nitqindən qısa fraqmentlər verilib. Tərcümə kafi olsa da, mətndə getmiş qəribə bir təhrif diqqətli oxucunu çaşdırmaya bilmir. Həmin mətndə belə bir cümlə var:

Çox az adam siyasətçi ola bilər, lakin siyasətçilərin əməllərinə qiymət verməyə hamının haqqı var. [i]

Məsələ ondadır ki, bu cümlə nəinki nitqin orijinal mətnində yoxdur, hətta bütün qədim yunan siyasi fikrinə və dünyagörüşünə ziddir. Bu cümlədə verilən fikrin nə qədər həqiqət olmasından asılı olmayaraq, etiraf etməliyik ki, Perikl bu sözləri sadəcə deyə bilməzdi. Qədim yunanlar siyasətlə məşğul olmayan vətəndaşları ictimai qınaq obyektinə çevirirdilər. Ancaq öz işləri ilə məşğul olan vətəndaşlara neqativ konnotasiyalı “idiot” adını verirdilər. Perikldən bir qədər sonra yaşamış Aristotel də ictimai-siyasi münasibətlərdən kənarda yaşayan insanları insan hesab etmirdi, onlar ya vəhşi heyvan olmalı idilər, ya da allah. Çünki insan – siyasi heyvandır. Siyasətçilərin əməllərinə qiymət vermək qədim yunan vətəndaşı üçün kifayət etmirdi, o, həm də siyasətlə fəal məşğul olmalı idi.

Siyasətlə məşğul olmayan şəxsləri siyasətçilərin işinə qiymət verməyə dəvət edən həmin heyrətamiz cümlənin Periklin nitqinə düşməsi çox güman ki, tərcüməçi və ya redaktor özfəaliyyətinin nəticəsində baş verib. Həmin cümlənin ekvivalentinə nə orijinal mətndə, nə də Fukididin Peloponnes müharibəsinin ingilis, rus, fransız və alman dillərindəki nəşrlərində rast gəlinmir.

Periklin Qəbirüstü nitqinin bu yeni tərcüməsini orijinaldan – qədim yunan dilindən Vyana universitetinin antik fəlsəfə üzrə doktorantı Tinay Müşdiyeva tərcümə edib. Tinay xanım həm də qədim yunan tarixi və mədəniyyətinə yaxından bələddir. Konteksti yaxşı bilən şəxsin orijinal dildən tərcüməsini oxuculara təqdim etmək özü də böyük şərəfdir. Ümumiyyətlə, təməl mətnlərin tərcümədən tərcüməsi praktikasına son qoymağın vaxtı çoxdan çatıb. Xüsusən də Azərbaycan dilinə olan tərcümələrin böyük əksəriyyəti sözügedən mətnlərin rus və ya türk dilinə tərcümələrindən edilir ki, bu da nəticədə təhrif olunmuş və orijinaldan xeyli uzaq materialla nəticələnir. Umberto Ekonun təbiri ilə desək, tərcümə onsuz da orijinaldan daha primitiv olur, bir də tərcümədən tərcümənin vəziyyətini düşünün.

İstənilən halda, sizə təqdim edilən bu tərcümənin ideal olduğunu iddia etmirik. Qədim yunan dili öyrənmək üçün çətin dildir, deyilənə görə istifadə etməyəndə yaddan çıxır. Hətta antik dövrün bestseller müəllifi, populyar yazıçı Heliodor da klassik Attika dialektində yazanda felin növlərini qarışıq salırdı. Eyni zamanda Fukididin Peloponnes müharibəsinin Azərbaycan dilinə tam tərcüməsi hələ də gələcəyin vəzifəsi olaraq qalır. Ümid edək ki, bir gün, orijinaldan nəfis tərcümədə Fukidid intellektual Azərbaycan oxucusunun da stolüstü kitabına çevriləcək.

[i] Demokratiya: Gediləsi uzun bir yol, tərt. Hikmət Hacızadə (Bakı: İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi FAR Centre, 2002), 4.

https://bakuresearchinstitute.org/az/azerbaijani-periklin-q%C9%99birustu-nitqi/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.