fbpx

Cəmiyyət

Cəmiyyət

Redaksiyaya Məktublar

Read this article on other language
Download article
image_pdf
image_pdf

Fəlsəfə Elmləri Doktoru, Professor Rəhman Bədəlov 

ANETA STRZEMZALSKANIN “RƏSMİ VƏ QEYRİ RƏSMİ MİLLƏTÇİLİK. AZƏRBAYCAN CAZ İFALARI” MƏQALƏSİ HAQQINDA BƏZİ QEYDLƏR

“Rəsmi və qeyri rəsmi millətçilik. Azərbaycan caz ifaları” adı məni çaşdırır. Birincisi ona görə ki, Aneta            Strzemzalska etiraf edir ki, Tomas Eriksenin, “Rəsmi və qeyri rəsmi millətçilik” məqaləsindən istifadə edib: “O (Tomas Eriksen – R.B.) reallığın dərk edilməsinin dualistik bir modelini istifadə edərək, həmçinin Trinidad və Tobaqo Respublikası ilə Mavriki Respublikasında aparılmış müqayisəli təqdiqatın nəticələrinə istinadən iki millətçilik növü müəyyən edir: rəsmi və qeyri-rəsmi.”

Dərhal sual yaranır ki, bu “iki millətçilik” bütün ölkələrə aiddirmi, yəni adalarda yaşayan xalqlara, yeni istiqlaliyyət əldə edənlərə və digərlərinə? Şübhə etmirəm ki, Eriksen ciddi tədqiqatçıdır. Bildiyim qədər onun “etnik şüur” haqqında mülahizələri geniş müzakirə edilir. Strzemzalskanın məqaləsi bu məsələləri tədqiq etsəydi və Azərbaycan gerçəkliyi haqqında nəsə deyə bilsəydi, heç bir iradım olmazdı. Çünki doğrudan da biz “etno” musiqini və “milli” musiqini eyniləşdiririk və bu, bəzi yanlışlıqlar törədir. İradım isə odur ki qeyri-müəyyən, mübahisəli olan məsələlər kontekstində Azərbaycan cazı tədqiq olunur. İki qeyri-müəyyən üz-üzə qalır. Başqa cür desək, Strzemzalska “rəsmi və qeyri rəsmi millətçiliyə” hazır cavab, hazır nəzəri klişe kimi yanaşır. Buna görə də, istər-istəməz Azərbaycan cazı o hazır nəzəri klişeyə, mən deyərdim “təslim edilir”.

İkincisi, Azərbaycan cazını müxtəlif aspektlərdə araşdırmaq olar, bir şərtlə ki, bu aspektlərin fərqini nəzərə alasan. Bu təkcə caza yox, bütün sənət növlərinə aiddir. Sənət əsərinə artefakt kimi də yanaşmaq olar, sosioloji fenomen kimi də. Tədqiqat üsulları isə tam fərqli olmalıdır, hətta biri digərini inkar da edə bilər. Belə olmadıqda, biz “ifrat sosioloji” yanaşmanın şahidi oluruq və bilindiyi kimi bu ifratçılıq Sovet sənətşünaslığında (hər halda müəyyən dövründə) geniş yayılmışdı və buna Sovet ədəbiyyatında “vulqar sosioloji yanaşma” deyilirdi. Bu halda müəllifin gözündə sənətin incəliyi itir və sənət sadəcə olaraq sosioloji fenomenə çevrilir. Artefaktdan kənara çıxaraq sənətə məhz sosioloji olaraq yanaşılması problemdir, çünki bu, sənətə birtərəfli yanaşmadır. Kimsə sənətə sosioloji yanaşmaq istəyirsə, bu zaman bunu açıq formada deməlidir. Lakin Strzemzalskanın yazısında bu heç də yoxdur və onun yazısı belə ifrat sosioloji yanaşmadan azad deyil.

Üçüncüsü, “Azərbaycan caz ifaları” mənasını başa düşmürəm. Bu o deməkdir ki, “ifalar” tədqiq olunur və məhz “ifalarda” “rəsmi və qeyri rəsmi millətçilik” təzahürləri izlənilir? Aydın olmur.

Dördüncüsü, Strzemzalska etiraf edir ki, “bu məqalədə istifadə olunan material Bakıda və ətraf ərazilərdə 2015-ci ilin iyul ayından 2016-cı ilin aprel ayına qədər olan (üç aylıq) dövrdə apardığım tədqiqat işimin nəticəsidi.  Əsas tədqiqat üsullarıma: caz ifalarının şəxsən müşahidə edilməsi; caz ifaçıları və dinləyiciləri ilə, alimlərlə, publisistlərlə, musiqiçilərin ifa etdiyi konsert zallarında, həmçinin kafelərdə Azərbaycanın paytaxtındakı caz icmasının nümayəndələri ilə, ölkənin mədəni inkişafından məsul olan dövlət qurumlarının işçiləri ilə apardığım müsahibələr daxildir”.

Strzemzalska əlavə edir: “Deyə bilərik ki, Azərbaycanın müasir mədəniyyət məkanında yayılmış iki növ cazı vardır. Biri, Qərb cazına bənzəyən lakin yerli muğam çalarlarının da əlavə edildiyi klassik hökumət dəstəkli cazdır. Digəri isə caz harmoniyalarından istifadə edilərək Bakının dəbdəbəli restoranlarında ifa edilən və pop mahnılarını xatırladan cazın stilizasiyasıdır”. Özü-özlüyündə xanımın bu fikrində (və binar oppozisiyalardan istifadə məsələsində) bir yenilik yoxdur. Musiqidən danışsaq (başqa sənət növlərində də demək olar ki, vəziyyət eynidir), onun ciddi qolu və pop qolu var, deyək ki Ştrausun valsları var (öz dövrü üçün “pop”) Malerin simfoniyaları var, ikisi də bu gün klassik musiqiyə aid edilir. Hətta bir bəstəkarın yaradıcılığında “iki qola” aid əsərlər ola bilər.

Dünyanı kənara qoyaq, bizdə bir vaxt var idi ki, caz kinoteatrlarda (film nümayişindən əvvəl) yaşayırdı, vaxt var idi ki, gözəl caz ifaçılarımız restoranlarda çalırdılar, vaxt var idi ki, Caz klubu fəaliyyətdə idi və orada içki sifarış vermək olardı və bu heç də çalınan musiqiyə təsir etmirdi.

Bir sözlə sosioloji fenomen kimi Azərbaycan cazının müxtəlif, bəzən paradoksal yaşayış formaları olub və məncə həmişə olacaq. Deyə bilərik ki, (mən də Strzemzalskanın hökm üslubuna keçırəm) bizdə caz müxtəlif məkanlarda yaşayıb və yaşayacaq. Cazımızda “iki növ vardır” demək, yumşaq desək, məsələni sadələşdirir.

Strzemzalska bir çox hallarda Azərbaycan cazını hakimiyyətin ideoloji manipulyasiyalarının məhsulu kimi qəbul edir. O yazır: “Əvvəldən etibarən, Azərbaycan cazı rəsmi hakimiyyət tərəfindən yaradılmış və məşhurlaşdırılmışdır. Həmçinin, bu caz müstəqil respublikanın milli ideologiyasına daxil edilib və hələ də edilməkdədir”.

Burada bir neçə məsələ qarışdırılıb, halbuki onların differensiasiyası nəinki vacib, hətta mütləqdir. Doğrudanmı bizim hakimiyyət çalışırdı ki, cazımız “milli üslubda” olsun? Doğrudanmı belə sənətkarlara üstünlük verirdi? Doğrudanmı məhz buna uyğun olaraq cavanları xaricə oxumağa göndərirdi? Doğrudanmı cazdan özünün təbliğatı üçün istifadə edirdi? Bəli, bu nəinki caza, büövlükdə sənət sahəsinə (sosial tərəfinə) aiddir. Bunlardan danışmaq vacibdir. Belə hallar bizim cazın yaşayışı, spontanlığı, sərbəstliyi, azad insan və improvizəni sevən caz haqqında mənfi təəssürat yaradır. Amma yenə də bir şərtlə ki, bu məsələləri tədqiq edərkən ifrat sosioloji yanaşmaya üstünlük verməyəsən, “çəkic-mismar” üsulundan qaçasan.

Bizim hakimiyyət, bizim caz məsələləri tədqiq oluna bilər. Amma tədqiqatçılar bu münasibətləri “çəkic-mismar” kimi qələmə verməməlidirlər. Bu səbəbdən kateqorik halda iddia edə bilərəm ki, Strzemzalskanın “əvvəldən etibarən, Azərbaycan cazı rəsmi hakimiyyət tərəfindən yaradılmış və məşhurlaşdırılmışdır” fikri Azərbaycan cazının ünvanına deyilən ədalətsizlikdir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.