fbpx

Cəmiyyət

Cəmiyyət

Kitab Rəyi: Türkçülüyün Patriarxı. Əhməd bəy Ağaoğlu

Read this article on other language
Download article
image_pdf
image_pdf

1887-ci ilin yayında Əhməd Ağaoğlu anasının qohumları olan Sarıcalı tayfasının köçəriləri ilə birgə Qarabağın dağlarında idi. Tiflisdəki Realschuledən yenicə məzun olan bu gənc Şuşanın otlaqlarını tərk edib şimala- Politexnik İnstitutunda oxumaq üçün imperiyanın paytaxtı Sankt-Peterburqa uzun səyahətə hazırlaşırdı.

Ən yaşlı adam kimi ailənin başçısı olan əmisi Ağaoğlunun ənənəvi şiə müsəlman təhsili almasını, bugünkü İraqda yerləşən ənənəvi şiə təhsil mərkəzləri Kərbəla və Nəcəfdə din xadimi kimi tədrisini ən yüksək səviyyəyə çatdırmasını planlaşdırırdı. Bu plana ilk dəfə gizli olaraq müdaxilə edib Ağaoğlunun sekulyar Avropa təhsili almasını təmin edən, onu həyatının və karyerasının sonuna qədər izləyəcəyi yola salan isə anası Tazə xanım olub.

Tazə xanım özü bu növ təhsil almamışdı. Onun qardaşı Şuşa şəhər bələdiyyə başçısının köməkçisi idi, digər bir qohumu isə Rusiya ordusunun sıralarında Polşa və Sankt-Peterburqda xidmət etmişdi. Onların dövlət işində işləmələri və imperiyanın lingua francası olan rus dilini yaxşı bilmələri öz icmalarında onları hörmət edilən kəslərə çevirmişdi. Tazə xanım etdiyinin tam mahiyyətini başa düşməsə də oğluna hər üstünlüyü vermək üçün mübarizə aparırdı və əgər bunun üçün oğlunun yeni, yad təhsil almasına gərək vardısa, Tazə xanım ona da razı idi.

Amma yenə də qəlbinin dərinliklərində Tazə xanım qorxurdu ki, oğlunun təhsili onu yerli adət-ənənədən çox uzaqlaşdırar. Ağaoğlu öz xatirələrində Qarabağdan çıxmasını təsvir edir. Araba onu uzaq Sankt-Peterburqa aparmağa gözləyərkən Ağaoğlu anası ilə sağollaşır və bu, onların sonuncu görüşü olur. Tazə xanım təəccüblənmiş Ağaoğlunu emosional şəkildə bir kənara çəkir, onun başını sinəsinə sıxıb ağlayaraq ondan istəyir ki, nə olsa da heç vaxt xristianla evlənməyəcəyinə and içsin.

Ağaoğlunu kosmopolit insana, çoxdilli alimə, jurnalistə və siyasətçiyə çevirəcək təhsil üçün mübarizə aparan Tazə xanım olub, amma yenə də oğluna dediyi sonuncu sözlərində o, görünür öz narahatlığını və özünün başlatdığı dəyişiklik prosesinin sərhədlərini müəyyənləşdirmək ümidlərini biruzə verir. Ağaoğlunun bütün həyatı sonradan bu gərginlik ilə müşayiət olunacaqdı.

Ağaoğlunun həyat və düşüncə hekayəsi sonuncu dəfə 2018-ci ildə rus dilində TEAS Press tərəfindən çap olunmuş Aydın Balayevin Türkçülüyün Patriarxı. Əhməd bəy Ağaoğlu kitabında nəql olunub. Kitab Ağaoğlunun dramatik bioqrafiyasını belə izləyir: onun Şuşa və Tiflisdəki   məktəbli həyatından ilk dəfə alim kimi tanındığı Parisdəki təhsilinə qədər olan dövr; onun jurnalist və siyasi təşkilatçı kimi karyerasını başlatdığı Qafqaza qayıdışı; və nəhayət, onun Osmanlı İmperiyasının süqutu və Türkiyə Respublikasının yarandığı qarışıq bir dövrdə ölkə siyasətində aktiv və əhəmiyyətli roy oynadığı Türkiyəyə köçməsi.

Ağaoğlunun təcrübələri onu gənc yaşlarından mürəkkəb kimlik sualları barədə düşünməyə vadar edib. Şuşa məktəbində əksəriyyəti erməni olan sinifdə Ağaoğlu bir neçə müsəlman şagirddən biri olub və mütəmadi olaraq sataşmalara məruz qalıb. Tiflis və Parisdə təhsilini davam etdirəndə də o, həmişə ya kiçik azlığın nümayəndəsi, ya da yeganə müsəlman olub. İnsanların sekulyar Avropa təhsili alan müsəlmanla tanış olanda tez-tez nümayiş etdirdikləri təəccüb onda təəssüf hissi doğururdu.

Tiflisin müsəlman rayonu olan Şeytan Bazarı şəhərin ən kasıb hissəsi idi və oranın sakinləri digər şəhər əhalisindən ayrı, aşağı sinfin nümayəndələri idilər. “İlk dəfə belə bir vəziyyəti müşahidə edirdim ki,” Ağaoğlu yazırdı, “yanbayan yaşayan iki insan qrupu bir-birinə qarışmadan aydın şəkildə ‘yuxarı və aşağı’ kateqoriyalara bölünüblər. Çox yaxşı xatırlayıram ki, bu müşahidə məni şoka saldı və məndə ikrah hissi doğurdu.”[1]

Amma eyni zamanda Ağaoğlunun erkən təcrübələri müsəlman cəmiyyətində gördüyü problemlərin həlli üçün onun hərəkət modelləri və planlar hazırlamasına kömək etdi. Məsələn, Tiflisdə Ağaoğlunun iştirak etdiyi ilk anderqraund siyasi yığıncaq onun “mənəvi həyatı[n]a təsir göstərən mühüm hadisələrdən biri idi.”[2] O, Tiflisdə iş tapıb zəngin ailədən olan erməni bir qızı həndəsə və cəbrdən hazırlaşdırırdı. Bu şagirdin təhsil səviyyəsi ilə Ağaoğlunun tanıdığı və heç birinin oxuma və yazma bacarığı belə olmadığı müsəlman qadınlar arasında kəskin fərq var idi. Ağaoğlunun belə təcrübələri ona müsəlman cəmiyyətini öz sükunətindən çıxarmaq üçün gərəkli olan səfərbərlik və siyasi təşkilatlanmanın inqilabi metodları barədə modellər hazırlamaqda kömək edirdi: məsələn, qadın azadlığı və təhsili, həmçinin bu modellərin icra mexanizmləri.

Amma Ağaoğlu hansı cəmiyyətə aid olduğunu, həmin cəmiyyətin sərhədlərini müəyyən etməli idi və bu suallara olan cavabı onun həyatı boyu dəyişirdi. Belə şeylər barədə ilk dəfə Parisdə yazmağa başlayanda özünü iranlı kimi təqdim edirdi. Farsca onun ana dili olmasa da Ağaoğlu şiə müsəlman idi və Qafqaz uzun müddət İranın mədəni-siyasi hökmranlığı altında olmuşdu. Bəlkə də həmin dövrdə Avropada məşhur olan ari irqi nəzəriyyələrinin təsiri altında Ağaoğlu qədim Persiyanı ideallaşdırırdı, lakin Parisdəki bəzi müəllimlərindən fərqli olaraq o, hesab edirdi ki, şiə İslamında inqilabi potensial var. O, yazırdı: “əgər bir gün müsəlmanlar ayağa qalxacaqsa, bu, şiə dünyasının hesabına baş verəcək.” Onun qənaətinə görə, bu zaman Türkiyə “uğurlu olmayacaq, çünki Türkiyədə fərdiyyətçilik ölüb.”

1894-cü ildə Ağaoğlu Qafqaza qayıdıb burada yazıçı, müəllim və siyasətçi kimi işləməyə başlayır. O, aktiv bir şəkildə savadlılığın (oxuma və yazma bacarığının) və sekulyar təhsilin yayılması, həmçinin müsəlman cəmiyyətdə qadınların azadlığı üçün təbliğat aparırdı. Siyasətçi kimi o, 1903-1909 illər arasında Bakı Şəhər Dumasında xidmət edərək çarın müsəlman təbəələrinin bərabər hüquqları üçün mübarizə apardı, lakin bu istəyində elə də uğur qazanmadı. 1905-ci il faciəvi erməni-müsəlman münaqişəsi zamanı Qafqazdakı ilk müsəlman siyasi partiyası olan Difainin əsasını qoydu və 1906-cı ildə Qafqazda rus canişini tərəfindən aparılan erməni-müsəlman sülh danışıqlarında iştirak etdi.

Bu dövr ərzində Ağaoğlunun düşüncəsində panislamizm şiəçiliyin önünə keçdi. Əsərlərindən birində sünnilər və şiələr arasında ayrılıq yaratdığı və genişləndirdiyinə görə şiə ruhanilərini tənqid etdiyi üçün haqqında ölüm fətvası çıxmışdı, onu ölümdən qoruyan isə milyonçu Hacı Zeynalabdin Tağıyevin məsələyə müdaxiləsi olub. Ağaoğlu hesab edirdi ki, müsəlman dünyası birləşib islahatlar keçirməlidir ki, Avropa imperiyaları tərəfindən udulmaqdansa Avropanın inkişaf səviyyəsinə çatsın. O, 1900-cü ildə Kaspi qəzetində yazırdı ki, “özlərinə qalsa bir-birindən əlaqəsiz, etnik və irqi xüsusiyyətlərinə görə olduqca müxtəlif olan və nəhayət geridəqalmış müsəlman xalqları daxillərində gizlənən birləşdirici qüvvənin heç vaxt fərqinə varmazdılar (…) Yalnız güclü xarici impuls, məhv edilmə qorxusu və kəskin özünü qoruma hissi bu gizlənmiş və güclə görülə bilən qüvvəni oyada bilər. Avropa bu impulsu müsəlman dünyasına verdi” (s. 119).

Qafqazda mübahisəli fiqur olan, çoxlu, müxtəlif tərəflərdən təzyiqlərlə üzləşib həbs olunmaq təhlükəsi olan Ağaoğlu 1909-cu ildə İstanbula köçməyə qərar verdi. Ömrünün qalan hissəsini Türkiyədə keçirəcək, Qafqaza isə cəmi bir dəfə – Azərbaycanın müstəqilliyi dövründə Qafqaz İslam Ordusunun komandanı general Nuru Paşanın siyasi məsləhətçisi kimi qayıdacaqdı.

Ömrünün son dövründə Ağaoğlu kimlik olaraq türklüyü mənimsədi və Türkiyə Respublikasının formalaşdığı illərdə ölkə quruculuğunda aktiv iştirak etdi. O, Türk Yurdu cəmiyyətinin və onun eyniadlı jurnalının banilərindən biri idi, o, həmçinin məqsədi türk dilinin, tarixinin, Türkiyədə elm və təhsilin inkişaf etdirilməsi və s. olan digər təşkilatlarda da aktiv fəaliyyət göstərirdi. Ağaoğlu Türkiyə siyasətində də vacib rol oynadı: 1930-cu illərdə Atatürk və İsmət İnönü ilə münasibətləri pisləşənə və müxalifət tərəfə keçənə qədər Ağaoğlu Matbuat ve İstihbarat Umum Müdürlüğü rəhbəri kimi əhəmiyyətli mövqelərdə işlədi. 1939-cu il 19 mayda Ağaoğlu vəfat etdi.

Türkçülüyün Patriarxı informativ bir kitabdır və rusdilli oxucular üçün xüsusilə dəyərlidir, çünki bildiyim qədərilə bu, Ağaoğlunun rus dilindəki yeganə bioqrafiyasıdır, lakin kitab heç də problemsiz deyil və bu problemlərin bir neçəsini burada göstərməyə çalışacam.

Balayev təkcə Ağaoğlunun bioqrafiyaçısı yox, etnik kimlik, türk millətçiliyi, inkişaf və s. kimi məsələlərdəki mövqeyinə görə həm də Ağaoğlunun tərəfdarıdır. Balayevin Ağaoğluna olan pərəstişinin yan təsirlərindən biri onun vaxtaşırı olaraq Ağaoğlunu ideallaşdırması və hətta onu haradasa sekulyar müqəddəsə çevirməsidir. Bunu kitab boyu Ağaoğlunu xarakterizə edən epitetlərdən və təsvirlərdən, həmçinin kitabın ümumi tonundan aydın şəkildə görmək olar. Məsələn:

Gənc yaşlarından daxili ədalət hissi və azadlıq istəyi Əhməd bəyi hakimiyyətdəkilərin özbaşınalığının, qəddarlığının və zülmünün istənilən növ təzahürünə qarşı prinsipial və əvəzolunmaz döyüşçüyə çevirdi (s. 84).

Bu, heç də təcrid olunmuş, mətndə bir dəfə rast gəlinən məsələ deyil. Digər bir misal:

Və ömrünün sonuna qədər bu yolda həyat və sağlamlığına əksərən ciddi təhdid təşkil edən çoxlu maneələr və təhlükələrlə üzləşsə də o, öz xalqına xidmət etmək qayəsinə sadiq qaldı (s. 91).

Heç vaxt iddia etmərəm ki, Ağaoğlunun çoxlu heyranedici keyfiyyətləri olmayıb, lakin Balayevin bu yüksəldici təsvirləri hadisələri həddindən artıq sadələşdirərək tarixi təhrif edən yaxşılar və pislər, qəhrəmanlar və xainlər və s. kimi dünyanı ağ-qara görməyin simptomudur. Bu, daha obyektiv qiymətləndirmə üçün zəruri olan müəllif ilə araşdırma obyekti arasındakı tənqidi məsafənin olmadığını göstərir.

Gəlin, Ağaoğlunun şəxsiyyəti ilə heç bir əlaqəsi olmayan başqa bir misala baxaq. Bu, Rusiya İmperiyası və Sovet hökumətinin millətlərlə bağlı siyasətinin Balayev tərəfindən analizinin bir hissəsidir:

Rusiyada türkçülüyə qarşı birmənalı mənfi münasibət bolşeviklərin 1917-ci il çevrilişi ilə hakimiyyətə gəlməsindən sonra da dəyişmədi. Və bu, tamamilə təbii idi, çünki mahiyyəti etibarilə SSRİ Rusiya İmperiyasının bir qədər forma dəyişdirmiş, marksist cildinə bürünmüş versiyası idi. Eyni zamanda hər iki imperiyanın strateji məqsədləri də oxşar idi. Sovet rejimi keçmiş Çar Rusiyası kimi rus xalqının digər millətlər üçün “müəllim və mənəvi qəyyum” kimi xilaskar rolu ideyasının tətbiq edilməsinə çalışırdı. Yalnız bu problemi həll etmək üçün planlaşdırılan ideoloji yanaşmalar dəyişdi. Bu xilaskar rolun tətbiqinə əngəl törədən istənilən milli ideologiya mürtəce və kriminal elan edildi (s. 207).

Rusiya İmperiyası və SSRİ-nin millətlərlə bağlı siyasəti haqqında nə düşünməyinizdən asılı olmayaraq, bu abzas olduqca mürəkkəb məsələnin çox geniş ümumiləşdirilməsidir. Nəinki Rusiya imperiyası və Sovet hökumətinin millətlərlə bağlı siyasəti bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirdi, həm də onların hər biri öz daxilində heç də ardıcıl deyildi və vaxt keçdikcə dəyişib təkamül edirdi. Gəlin bir misala baxaq: bu abzas 1920-ci illərdə dövlətin maliyyələşdirdiyi türkdilli təhsilin və nəşrlərin artmasını, “dil quruculuğu”nda dövlət dəstəyi və s. kimi məsələləri özündə ehtiva edən Sovet hökumətinin ilk illərindəki korenizatsiya siyasəti ilə nə dərəcədə uyğundur. Bu və digər pasajlarda müəllif bəzən elə geniş ümumiləşdirmələr edir ki, onlar bizim mövzunu başa düşməyimizə heç bir tövhə vermir və ən pis hallarda isə bizi yanıldır.

Tənqidi məsafənin olmamasından qaynaqlanan tarixə olan bu ağ-qara yanaşma təkcə yüksəldici epitetlər və hədsiz dərəcədə sadələşdirilmiş analizlə nəticələnmir. Bu, həm də Balayevin tamamilə faktual məsələlərə olan münasibətinə də təsir göstərib. İcazə verin nə demək istədiyimi göstərmək üçün bir qədər uzun bir abzası istinad kimi verim. Bu, Ağaoğlunun şəhər dumasının üzvü və məşhur yazıçı olduğu, Türkiyəyə köçməzdən bir qədər əvvəlki qarışıq dövrdəki həyatının Türkçülüyün Patriarxı kitabındakı təsviridir:

Bütün bunlardan əlavə, başlıca sosial-siyasi və milli məsələlərdə sərt tənqidləri, dönülməz və prinsipial mövqeyi ilə Ə. Ağaoğlu öz həmyerliləri arasından özünə xeyli nüfuzlu düşmən qazandı. Müsəlman ruhaniləri və Azərbaycan cəmiyyətinin zəngin təbəqəsinin özündənrazı, amma darfikirli nümayəndələrinin də daxil olduğu bu pis niyyətli insanlar Ə. Ağaoğluna qarşı müxtəlif növ provakasiyalar hazırlamaq fürsətlərini heç vaxt əldən vermədilər. Mətbuatda Əhməd bəyə təhqiramiz hücumlar edən çoxsaylı məqalələrin arxasında onlar dayanırdılar.

Və məlum olandan sonra ki, bütün bu çirkli oyunlar Ə. Ağaoğlunun xalqın maraqları uğrunda fədakarcasına apardığı mübarizəsi ilə əldə etdiyi cəmiyyətdəki etibarını zədələyə bilmir, onun düşmənləri elə alçaq bir addım atdılar ki, bir əsr sonra belə insanda o addımların arxasında duranlara və onları icra edənlərə qarşı yalnız ikrah hissi yaranır. 1908-ci ildə Bakı İctimai Məclisinin binasında Əhməd bəy düşmənlərinin kirayələdiyi adamlar tərəfindən döyüldü…

Çox güman ki, məhz bu hadisə Ə. Ağaoğlunun səbr kasasını dolduran sonuncu damcı oldu. Həqiqətən də Əhməd bəy üçün, yumşaq desək, daima münaqişədə olduğu erməni və rus şovinistləri tərəfindən özünə qarşı düşmənçilik münasibəti görməsi təbii və gözlənilən idi. Belə caniliyin maraqları uğrunda ürəkdən və fədakarcasına döyüşdüyün xalqın nümayəndələri tərəfindən törədilməsi isə başqa məsələdir… (s. 234-235)

Birincisi, əvvəl də qeyd etdiyimiz kimi burada da Ağaoğlunun ideallaşdırıldığını görürük. Onun “xalqın maraqları uğrunda fədakarcasına apardığı” mübarizədə “dönülməz və prinsipial mövqe”yindən, bunun üçün “ürəkdən və fədakarcasına” döyüşməsindən və s. bəhs edilir. Ağaoğlunun siyasi rəqiblərinin şeytanlaşdırılması da eyni dərəcədə yanlışdır, çünki bu yanaşma  onları karikatura səviyyəsinə endirir. Onlar “cəhalətpərəstlər” və ya “özündənrazı, amma darfikirlilər,” dəqiqləşdirilməmiş “provakasiyalar” və “çirkli oyunlar” hazırlayan və s. kəslər kimi təqdim edilirlər.

Amma daha böyük problem odur ki, oxucu nə baş verdi kimi sadə suallara belə aydın cavab tapa bilmir. Ağaoğlunun “pisliyini istəyənlər” və “düşmənləri” kimlər idilər? Deyilir ki, onlar “mətbuatda çoxlu məqalələr” dərc ediblər, lakin həmin məqalələrə kitabda heç yerdə istinad verilmir. Balayev eyham vurur ki, o, Ağaoğluna hücum edənləri kirayələyən insanları “öz doğma xalqının nümayəndələri” kimi müəyyən edə bilib. Bəs niyə onların kim olduqlarını oxucuya demir? Niyə Ağaoğlunun bütün siyasi rəqibləri və şəxsi düşmənləri üzsüz və səssiz qalır?

Tarixi araşdırmada xarakterlərin seçimi onların əxlaqi keyfiyyətləri ilə yox, oynadıqları rolların əhəmiyyəti ilə müəyyən edilir. Balayev Ağaoğluna qarşı olan bu kampaniyanı əhəmiyyətli hesab etdiyi üçün kitaba daxil edib və əgər Ağaoğlunun Qafqazı tərk etməsinə təsir edibsə, həqiqətən də bu, çox əhəmiyyətli məsələ olub. Belə olduqda kampaniyaya daxil olan insanlar və onların hərəkətləri bir qədər detallı, bizə bu kitabda təqdim olunandan şübhəsiz ki daha dəqiq şəkildə xarakterizə edilməlidir. Balayev təkcə ətraflı təsvir verməməklə qalmayıb, o, heç ilkin mənbələri yoxlamaq istəyən diqqətli oxucular üçün istinadlar belə verməyib. Kitab Ağaoğlunun həyatında belə vacib rol oynayan Azərbaycan cəmiyyətindəki bu konflikt haqqında bizə ətraflı məlumat vermir.

Bir an üçün Qarabağın dağlarında 1887-ci ilin avqust ayına qayıdaq, gəlin Ağaoğlunun anasından ayrılmasını Balayevin necə təsvir etdiyinə nəzər salaq. Bu səhnə Türkçülüyün Patriarxında aşağıdakı kimi öz əksini tapıb (nəzərə alın ki, Balayev bu pasajı dırnaqda verib):

Məni yola salmaq üçün qadınlı-kişili qohum və tanışlarımızdan çoxu gəlmişdi. Arabanın yanında hər kəslə vidalaşdım. Növbə anama çatanda o məni bir kənara çəkdi. Başımı sinəsinə alıb dedi: – Oğlum, get. Allah köməyin olsun. Amma indi burada mənə and iç ki, xaçpərəst qızla evlənməyəcəksən. Yoxsa sənə xeyir-duamı vermərəm! Haydı, oğlum, bizi gözləyirlər, and iç! – dedi. – And içirəm! – Yox, mən dediyim kimi! Sözlərini eynilə təkrar etdim. Anam son kərə alnımdan öpdü. Arabaya yaxınlaşdıq (s. 46).

Yuxarıdakı sitatı Ağaoğlunun öz memuarındakı orijinal abzas ilə müqayisə edin:

Məni yola salmaq üçün qadınlı-kişili qohum və tanışlarımızdan çoxu gəlmişdi. Arabanın yanında hər kəslə vidalaşdım. Növbə anama çatanda o məni bir kənara çəkdi. Çarşabını açdı, köynəyinin arasında iki məməsini çıxartdı. Başımı döşləri arasına alıb göz yaşları içərisində dedi: – Oğlum, get. Allah köməyin olsun. Amma indi burada mənə bu andı iç. De ki, ana, əgər bir xaçpərəst qızı ilə evlənsəm, bu döşlərindən əmdiyim süd mənə haram olsun. Ətrafda hər kəs bizə baxırdı. Amma anam arxasını arabaya çevirdiyindən burada nə baş verdiyini bir kimsə anlaya bilməzdi. O qədər mütəəssir olmuşdum ki, həm ağlayır, həm anamı qucaqlayır, həm də arabanı da unudub başımı anamın döşlərindən ayırmadan dururdum. Anam incə səsi ilə: – Haydı, oğlum, bizi gözləyirlər, and iç! – dedi. – And içirəm! – Yox, mən dediyim kimi! Sözlərini eynilə təkrar etdim. Anam son kərə alnımdan öpdü. Yaxasını və çarşabını bağladı. Arabaya yaxınlaşdıq.[3]

Bu müqayisədən də göründüyü kimi hansısa səbəbə görə Ağaoğlunun həyatında vacib anlardan biri olan bu hadisəni təsvir edərkən Balayev onun öz dediklərini qısaldıb. Ağaoğlunun özünün xatirəsi – anasının çadrasını qaldırması, döşlərini göstərməsi və Ağaoğlunun hisslərə qərq olması – həmin anın dramasını daha kəskin ifadə edir. Bu, həm də daha informativdir. Məsələn, Ağaoğlunun öz qeydləri bəzi yönləri ilə tanış, bəziləri ilə isə qəribə davranış növünü təsvir edib onun uşaqlıq illərindəki dünyanın bu gün yaşadığımız dünyadan necə fərqli olduğu barədə bizə müəyyən bir fikir verir. Amma ən əsası odur ki, orijinal xatirə doğru olduğu üçün daha üstündür: bu, Ağaoğlunun həmin anla bağlı ən yaxşı xatirəsidir. Xatirələr heç vaxt 100% dəqiq olmasa da Ağaoğlunun öz xatirəsi onun sonradan ixtiyari olaraq kəsilmiş – detalların silindiyi və and sözlərinin heç bir göstərici, səbəb təqdim edilmədən dəyişdirildiyi versiyasından təbii olaraq daha dəqiqdir.

Bunlar, xüsusi məsələlərdə müəllifin qəhrəmanlarla xainlərin ağ-qara şəklini çəkərək, oxucuya daha geniş məlumat verə biləcək detalları və mənbələri gözardına vuraraq Ağaoğlunun bioqrafiyasını necə sadələşdirdiyinə dair misallardan bir neçəsidir. Məncə, bu səbəblərə görə də Türkçülüyün Patriarxı kitabı mövzu ilə yeni maraqlananlar üçün Ağaoğlunun həyat və düşüncəsinin icmalı kimi faydalı olsa da, mövzu ilə ciddi elmi şəkildə maraqlanan oxucuları əksərən qane etməyəcək.

Istinadlar

[1] Ağaoğlu, Samet. Babamdan Hatıralar. Ankara, 1940, s. 78

[2] Ağaoğlu, Əhməd bəy. Xatirələr. Bakı: TEAS Press Nəşriyyat evi, 2019, s. 32.

[3]Ağaoğlu, Əhməd bəy. Xatirələr. Bakı: TEAS Press Nəşriyyat evi, 2019.

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.