fbpx

iqtisadiyyat

iqtisadiyyat

Dairəvi İqtisadiyyat inkişaf modeli həqiqətən iqtisadi və ekoloji böhrandan xilas yolu ola bilərmi?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Biz mütləq antroposendə yaşayırıq. Yəni, təbiət davamlı iqtisadi artım maraqları səbəbindən insan tərəfindən tamamilə dominantlığa və təsirə məruz qalır ki, bu da bu gün qarşılaşdığımız qlobal iqlim dəyişikliyi, eləcə də sosial-iqtisadi bərabərsizliklə nəticələnir. 2013-cü ildən başlayaraq düzxətli iqtisadiyyatın (xammal-istifadə-tullantı) dağıdıcı təsirini aradan qaldırmaq üçün qlobal korporasiyalar, dövlət və ictimai (qeyri-hökumət) təşkilatlar dairəvi iqtisadi modeli irəli sürürlər. Bu model düzəlt və yenidən istifadə et prinsipi ilə çalışmaqla, tullantısız iqtisadiyyat təklif edir.[1] Modelə əsasən bu cür iqtisadi münasibətlərdən bütün tərəflər (cəmiyyət-təbiət-biznes) yararlanacaq və bu iqtisadi artıma müsbət təsir göstərəcək. Artıq akademik və biznes dairələrində model ətrafında yaranan həyəcanlanma Avropa İttifaqının, Afrika Birliyi və Çinin tətbiqi siyasi direktivlər qəbul etməsinə səbəb olub. Modelin tərəfdarları dairəviliyin nəinki inkişaf etmiş ölkələr, hətta inkişafda olan iqtisadiyyatlar üçün də dayanıqlı inkişaf gətirəcəyinə iddialıdır.[2]

Halbuki dairəvi iqtisadiyyat modeli də sələfi düzxətli iqtisadi model kimi əsasən iqtisadi artıma fokuslanır və tükənən təbiətin varlığını nəzərə almır. Hətta ilkin hesabatlarda model bizneslər və böyük korporasiyalar üçün yeni imkanlar və bazarlar vəd edir. Təbii ki, dairəvi iqtisadiyyat modelini düzxətli iqtisadiyyatdan daha dayanıqlı iqtisadiyyata keçid üçün əhəmiyyətli cəhd kimi qiymətləndirmək olar. Lakin bu model iqtisadi artıma əsaslanan kapitalizmin depolitizasiyasına (bununla da müzakirə mövzusunu iqtisadi artım nəticəsində yaranan bərabərsizlikdən yayınmasına) və kəmiyyət əsaslı inkişaf modelinin davam etdirilməsinə yardım edir.

Dairəvi iqtisadiyyat nədir?

Dairəvi iqtisadiyyat resurslardan maksimum istifadə etməyə çalışaraq tullantını azaltmağı hədəfləyir. Dairəviliyin yaradıcılarından olan Böyük Britaniyada yerləşən Ellen MacArthur Foundation modelin həm bioloji, həm də texniki dövriyyəsini bizneslərin iş prinsiplərinə inteqrasiya etdirməyə çalışır. Məsələn, necə ki təbiətdə tullantı yoxdur və tullantı əslində digər canlının qidasıdır və ya istehsal üçün xammaldır, bu prinsipi istehsala da aid etmək olar və tullantısız istehsal yaratmaq olar. Sistemi anlamaq üçün Kəpənək Diaqramına (diaqram 1) nəzər sala bilərsiniz. İkinci əhəmiyyətli prinsip istehsal üçün tələb olunan enerjini dayanıqlı və yenilənə bilən resurslardan əldə etməkdir (günəş, hidro, külək, biokütlə, geotermal). Üçüncü və ən vacib prinsip olaraq isə dairəvi iqtisadiyyat modeli sistemli düşünmə prinsipini irəli sürür. Yəni, istehsal bütün dəyər zəncirində sistemli yanaşmalı, məhsul ilə xidmətin dizaynından tutmuş, çatdırılması və satışına qədər tullantının olmamasına, istifadə olunmuş məhsulların təkrar istehsala qayıtmasına çalışmalıdır. Bu isə daha uzunömürlü və dayanıqlı dizayn, təmir və təkrar emal ilə əldə oluna bilər. Bu prinsiplərin əsasında tikinti, qida, logistika, tekstil və plastik sənayesi üçün taktiki (məhsullar), əməliyyat (proseslər) və strateji (təşkilati) səviyyədə tətbiqi həllər hazırlanıb. Qeyri-hökumət təşkilatları ilə dövlət nümayəndəliklərindən əlavə qlobal  korporasiyalar, məsələn Filips, Coca-Cola, CisCo, Unilever Apple bu prinsiplərə müxtəlif səviyyələrdə qoşulub.

Bu modeldə əsas məsələlərdən biri də alternativ istehlakçı mədəniyyətinin yaranmasıdır. Dairəvi iqtisadiyyatda biz artıq öz məhsullarımızı  almayacağıq, onları müvəqqəti istifadəyə götürəcəyik. Məsələn, istehlakçı işıqlandırma cihazları üçün deyil, işıq üçün ödəniş edə bilər, şirkət isə işıqlandırma cihazlarının sahibidir və elektrik fakturasını ödəyir. Beləliklə, məhsul xidmətə çevrilir və bu biznesləri məhsulların  ömrünü və təkrar emalını yaxşılaşdırmağa təşviq edir.

Həqiqətən dairəvi iqtisadiyyat modeli “ehtiyacımız olan, lakin layiq olmadığımız xilaskar“dırmı?

Bu model ilk baxışdan bütün tərəflər üçün əlverişli görünür. Lakin dairəviliyin qlobal korporasiyalar tərəfindən dəstəklənməsinin əsas səbəbi modelin davamlı iqtisadi artım və daha çox istehsal vəd etməsidir. Model təbiətin limitli resurslarını nəzərə almayaraq, dayanıqlı iqtisadi artımın davamlı mümkün ola biləcəyini güman edir və dairəvi iqtisadiyyat konsepsiyası iqtisadi artımı davamlılıqla uzlaşdırır. Başqa sözlə, bu daha çox maşın, daha çox mikroçip, daha çox bina istehsalı deməkdir. Məsələn, Avropa İttifaqı dairəvi iqtisadiyyatın dayanıqlı iqtisadi artımı təmin edəcəyini vurğulayır. Amma iqtisadi artımın surətli şəkildə davamı tullantıların və enerji istifadəsinin də artması deməkdir.  Keçən əsr ərzində resursların istifadəsi 1400% (1900-cü ildə 7 qiqatondan 2005-ci  ildə 62 qiqaton, 2010-cu ildə 78 qiqatona qədər) artmışdır. Bu illik orta hesabla 3% artım deməkdir.[3]

Birincisi, davamlı artım dairəviliyin tətbiqini çətinləşdirir, çünki hətta bütün xammal təkrar istehsal oluna və təkrar istehsal 100% səmərəli olsa belə, artıma lazım olan materialların həcmi istifadə olunmuş və təkrar istehsal oluna bilən materialların həcmindən artıq olacaq. Bunu kompensasiya etmək üçün davamlı olaraq daha çox resurs istifadə etməliyik. Ehtiyac və təchizat arasındakı fərq resursların daha məsuliyyətli istifadəsini və davamlı artım iqtisadi siyasətinin dəyişməsini tələb edir. Resursların ən ideal halda 71% təkrar istehsal və təkrar istifadə oluna biləcəyini nəzərə alaraq, dairəvi iqtisadiyyat modelini yalnız ümumi istifadəni azaltmaqla əldə etmək olar. Dairəvi modeldə daha az fosil yanacağı istifadə etməli, beləliklə də daha az xammal istifadə etməli olacağıq. Ən əsası, biz daha az maşın, mikroçiplər, binalar istehsal etməliyik. Bu resursların daha uzunmüddətli istifadəsinə və xammalın təkrar istehsalına imkan yaradacaq. Post-artım iqtisadi fikir tərəfdarları belə iqtisadi modelin işlək olduğunu qeyd edirlər.[4] Hal-hazırda fəaliyyət göstərən korporativ satış şəbəkələri və ya sosial sahibkarlıq modelinə əsaslanan bizneslər qeyri-kommersiya biznes və istehsalın mümkün olmasının nümunəsidir.[5]

İkincisi, dairəvi iqtisadiyyatın prinsiplərinin və tətbiqi mexanizmlərinin strateji səviyyədə formalaşdırılmasının əsasən qlobal korporasiyalar (Dünya İqtisadi Forumu liderliyi ilə) tərəfindən aparılması bir çox hallarda vətəndaşların və vətəndaş cəmiyyətlərinin, kiçik və orta biznes (Avropa İttifaqının iqtisadi fəaliyyətinin 98.7%-ni təşkil edir), universitet və tədqiqat institutlarının iştirakını minimuma endirir. Məsələn, Avropa Şurası Parlament Assambleyası, Dünya Dairəvi İqtisadi Forumu, Avropa İttifaqı Dairəvi İqtisadiyyat Tərəfdaşları Forumu kimi aparıcı və qərarverici platformalarda qlobal korporasiyaların dominant iştirakını və digər tərəflərin təmsil olunmadığını aydın görə bilərik. Qlobal korporasiyaların bu üstünlüyü modelin tətbiqinin hələ də elmi araşdırmalara (məsələn, sənaye ekologiyasında son araşdırma dairəvi iqtisadi fəaliyyətin ilkin istehsal halqasını azaltmaq əvəzinə ümumi istehsalı artırmasına dair nəticələr əldə edir – qayıtma effekti)[6] və vətəndaş  (ictimai) iştirakına əsaslanmadan aparılmasına səbəb olur və hələ də dairəvi iqtisadiyyatda yerli icmaların və vətəndaşların (istehlakçı kimi deyil) roluna dair suallar açıq qalır.

Üçüncüsü, dairəvi iqtisadiyyat modeli dayanıqlı inkişafı depolitizasiya etməklə iqtisadi və qlobal problemlərin nəticəsi olan və hələ də dairəvi iqtisadiyyatın ünvanlanmadığı inklüzivlik – yəni, miqrasiya, bərabərsizlik və yoxsulluq kimi mürəkkəb sosial-iqtisadi məsələlərin kölgədə qalmasına səbəb olur. Dairəvilik iqtisadi və ekoloji problemlərin texniki mühəndislik yanaşması ilə həll oluna biləcəyini iddia edir və istehsal zəncirinin daha qlobal olduğu bir dövrdə yaşadığımızdan dövlətdaxili və dövlətlərarası iqtisadi-sosial bərabərsizliyin (bərabərsizliyin düzxətli və artım iqtisadiyyatının yaratdığı nəticə olduğunu qəbul edərək) necə aradan qaldırılması və ya artmamasına dair həllər təklif etmir. Aydındır ki, strategiya daha çox qlobal korporasiyaları əməkdaşlığa cəlb etmək və biznes üçün imkanlar yaratmaqdır. Bu səbəbdən dairəvi iqtisadiyyat üzrə elmi ədəbiyyatı sistemli şəkildə nəzərdən keçirən son araşdırma bu sahədəki tədqiqatda əhəmiyyətli bir boşluğun olduğunu üzə çıxarır.[7] Mövcud akademik və siyasi diskurs əsasən biznes modellərinə, daha təmiz istehsal yanaşmalarına və məhsuldarlığın optimallaşdırılmasına fokuslanır. Hazırkı ədəbiyyatın yalnız əhəmiyyətsiz sayda az bir hissəsi modelin sosial və institusional tətbiqini nəzərə alır.

Bundan əlavə, inkişafda olan və sənayeləşmə mərhələsinə yeni qədəm qoymağa çalışan iqtisadiyyatlar bu qərarverici proseslərdən kənarda qalır. Daha öncə qeyd etdiyim kimi, inkişafda olan ölkələrin bəzi hallarda daha dairəvi olması qeyd olunur. Məsələn, Azərbaycan, Kolumbiya, Nigeriya kimi inkişafda olan iqtisadiyyatlarda təmir və təkrar-istifadə vərdişləri olduğundan məhsullar iş funksiyasını itirdikdə atılmır, ilk öncə təmir ustasına aparılır və ya insanlar yerli istehsalçıdan süd aldıqda onu plastik əvəzinə davamlı istifadə etdikləri şüşə qablara doldururlar. Bu dairəvi iqtisadi vərdişləri daha çox sadalamaq və eyni mənzərəni sənayeləşmə nərdivanının ilkin və orta mərtəbələrində olan ölkələrin əksəriyyətinin iqtisadi münasibətlərində müşahidə etmək mümkündür. Lakin bu təcrübələr dairəviliyin yalnız taktiki səviyyəsindədir. Reallıqda isə bu iqtisadiyyatlar daha çox sənayeləşməyə (ekoloji dayanıqlı olmayan) və iqtisadi artıma can atır. Həmçinin, bu ölkələrin bir çoxunda minimum ekoloji tələblərlə bağlı (məsələn, karbon emisiyaları) tənzimləmə mövcud deyil. Bu halda isə dairəviliyin inkişafda və yaranmaqda olan iqtisadiyyatlara tətbiqinə və dəyər zəncirinə dair lokal tədqiqatlara ehtiyac vardır.

Nəticə

Dairəvi iqtisadiyyat yeni iqtisadi sistemin (post-artım və post-neoliberal iqtisadiyyat) yaranmasına töhfə verə bilər. Ümumən, dairəvilik prinsipi xətti iqtisadiyyatdan qurtulmaq üçün ümidvericidir. Lakin bu modelin həqiqətən çiçəklənməsi və tətbiq ediləbilən olması üçün əvvəlcə onun inklüziv olması, yəni vətəndaşların və vətəndaş cəmiyyətlərinin, kiçik və orta bizneslərin, universitet və tədqiqatçıların iştirakı təmin edilməlidir. Bununla yanaşı, daha konseptual, yəni miqrasiya, yoxsulluq, bərabərsizlik kimi sosial və iqtisadi problemləri inteqrasiya edə bilməsi və davamlı iqtisadi artıma və istehlakçı mədəniyyətinə yanaşmamızın dəyişməsi də eyni dərəcədə əhəmiyyətlidir.[8] Belə icma əsaslı hərəkatların əsas məqsədi qlobal korporasiyaların mövcudluğunun yox olması ilə deyil, daha çox yerli və regional icma əsaslı istehlakçı modeli ilə yanaşı daha dayanıqlı və kəmiyyət artımı əsaslı iqtisadiyyatın formalaşması ilə əldə oluna bilər. Dairəvilik bu holistik çərçivə tətbiq olunduğunda daha real iqtisadi modelə çevriləcək. Hətta bu istiqamətdə ilkin addım olaraq daha inklüziv (BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əldə etməyə yardımçı olan) Dairəvi İqtisadiyyat 2.0 modeli təqdim olunub.

Istinadlar

[1] “Unleashing the Power of the Circular Economy”, report by IMSA Amsterdam for Circle Economy, 2013

[2] “A Wider Circle? The Circular Economy in Developing Countries”, Chatham House, 2017

[3] Against wasted politics: A critique of the circular economy, F. Valenzuela and S. Bohm, Journal of Theory & Politics in Organization, Volume 17 (1), 2017

[4] A not-for-profit world beyond capitalism and economic growth?, J. Hinton and D. Maclurcan, Journal of Theory & Politics in Organization, Volume 17 (1), 2017

[5] ”The political economy of peer production”, Bauwens, M, Post-Autistic Economics Review, 37(3): 33-44, 2006

[6] “Circular Economy Rebound”, T. Zink & R. Geyer, Journal of Industrial Ecology, Volume 21, Issue 3, 2017

[7] “How do scholars approach the circular economy? A systematic literature review”, R.Merli, M.Preziosi & A. Acampora, Journal of Cleaner Production, Volume 178, p.703-722, 2018

What’s mine is yours: How collaborative consumption is  changing the way we live, Botsman, R, New York: Harper Business, 2010 https://www.economist.com/business/2017/09/30/a-right-to-repair-movement-tools-up

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.