fbpx

Cəmiyyət

Cəmiyyət

Cinayət işləri üzrə Ədalət Mühakiməsi hüququnun beynəlxalq hüquqi aspektləri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanda Avropa İnsan Haqları Konvensiyası (AİHK, yaxud Konvensiya) hüquqi qüvvəyə mindikdən hazırkı vaxta kimi Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) Azərbaycan Respublikasının AİHK üzrə götürdüyü öhdəlikləri pozmasına dair verilmiş fərdi şikayətlər üzrə çoxlu sayda işlərə baxılıb. Bu şikayətlərə dair baxdığı və mahiyyəti üzrə qəbul etdiyi 169 qərarda AİHM Konvensiyanın minimum bir maddəsinin pozuntusunu aşkar edib. Bu qərarların mühüm bir hissəsini Konvensiyanın 6-cı maddəsi ilə müdafiə edilən ədalətli məhkəmə araşdırması hüququ təşkil edir. Belə ki, AİHM 66 iş üzrə qərarında ədalətli məhkəmə araşdırması hüququ pozuntusunu tanıyıb.[1]

Ədalətli məhkəmə araşdırması hüququ AİHK-in 13-cü maddəsi (səmərəli hüquqi müdafiə vasitələri) ilə birlikdə Konvensiyanın təminat verdiyi əsas prosessual hüquqdur. Digər konvension hüquqlar kimi, o da praktik və effektiv tətbiq edilməlidir. Lakin Konvensiyanın tərəfdaşı olan bəzi ölkələrin, eləcə də Azərbaycanın məhkəmə təcrübəsi bu tələblərə cavab vermir. Əksinə, bir çox hallarda, xüsusən də siyasi motivli cinayət işlərində, ədalət mühakiməsi hüququnun pozuntularına yol verilir, o cümlədən təqsirləndirlən şəxsin hüquqi yardıma çıxışı məhdudlaşdırılır, onun müdafiə etdiyi şəxs ilə konfidensial ünsiyyəti pozulur.

Qeyd edilənləri nəzərə alaraq, hesab edirəm ki, həm AİHK-in təminat verdiyi əsas prosessual hüquq olması baxımından, həm də Azərbaycan Respublikası tərəfindən ən çox pozulan konvension hüquqlardan biri olması nöqteyi-nəzərindən Konvensiyanın 6-cı maddəsinin bəzi aspektləri nəzərdən keçirilməli və bu hüquqla əlaqədar ictimaiyyət məlumatlandırılmalıdır. Bu yazı ədalət mühakiməsi hüququnun cinayət işlərində məhkəmə və məhkəməyə qədərki ilkin istintaq dövründə təqsirləndirilən şəxsin praktiv və effektiv hüquqi yardıma çıxışının təmin edilməsi və vəkili ilə konfidensial ünsiyyət haqqına sahib olmasının AİHK kontekstində necə tənzimlənməsindən bəhs edir.

Spesifik olaraq, yazı Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndinin yurisdiksiyasına düşən hüquqlardan bəhs edir və izah xarakteri daşımaqla müqayisəni AİHM-in inkişaf etdirdiyi müvafiq məhkəmə hüququ (case law) üzərindən aparır. Bu yazı deskriptiv xarakter daşıyır və hər hansı normativ arqument irəli sürmür.

Cinayət prosesi anlayışı Avropa İnsan Haqları Konvensiyası müstəvisində

Cinayət prosesi anlayışı cinayətə dövlət tərəfindən reaksiya, dövlətin vətəndaşlarına tətbiq etdiyi maddi cinayət hüququ mexanizminin bir hissəsi kimi müəyyən edilmişdir.[2]Blakstonçu düsturun (Blackstonian formula)  yanaşması ilə desək, cəmiyyətin maraqlarını müdafiə etməməsinə baxmayaraq, cinayət prosesi günahsız və ya qanunsuz olaraq təqsirli bilinən şəxslərin qorunmasında da maraqlı olmalıdır.[3]

Cinayət prosesi fonunda beynəlxalq insan haqları müqavilələri ilə qorunan bir neçə fərdi hüquq beynəlxalq hüququn ümumi prinsiplərinə çevrilib.[4] Çünki cinayət əməlləri qarşılıqlı əlaqələrə malik olduğundan həmin əməllərin xarakteri bir neçə əsas insan haqlarına təsir göstərir. (Azadlıq və təhlükəsizlik hüququ, şəxsi həyata hörmət hüququ bu təsirə məruz qalan əsas hüquqlara misaldır). Həmin beynəlxalq insan haqları sənədlərindən biri Azərbaycanın da imzaladığı və ratifikasiya etdiyi AİHK-dir.

Ümumiyyətlə, cinayət işlərində Konvensiya tərəfdaşı olan ölkələrdə ümumi hüquq (common law) və mülki hüquq (civil law) sistemləri arasındakı sadə fərqlər səbəbindən həmin beynəlxalq sənədin yurisprudensiyasının tətbiqi çətin prosesə çevrilmişdi.[5] AİHM bu çətinlikləri aradan qaldırmaq üçün avtonom konseptlər doktrinasını tətbiq etdi. Belə ki, AİHM məhkəmə hüququndan məlum olur ki, cinayət ittihamı konsepti avtonom məna daşıyır[6] və konspetdəki ittiham anlayışını AİHM formal deyil, maddi hüquqi kimi (substantive) qəbul edir.[7] Cinayət  anlayışının Konvensiyadakı avtonom xarakterini, həmçinin cinayət hüququ aspektinin tətbiq olunmağını qiymətləndirmək üçün üç meyar müəyyən edilib. Bunlara  –  ölkədaxili hüquq tərəfindən məhkəmə araşdırmasının necə təsnif edilməsi, məhkəmə araşdırmasının xarakteri, verilən cəzanın xarakteri və ağırlılıq dərəcəsi aiddir.[8]

Müəyyən dövriliklə cari şərait nəzərə alınıraq təkmilləşdirilən AİHM-in məhkəmə hüququndan doğan meyarlar Konvensiyaya tərəfdaş ölkələrin cinayət hüququ sistemlərinə müsbət təsir göstərib. Nümunə kimi istinad edə bilərik ki, Latviyada Cinayət Prosessual Qanunun hazırlanması zamanı Avropa İnsan Haqları Məhkəməsinin müəyyən etdiyi metodoloji yanaşmalar tətbiq edilib.[9]

Şəxsin bilavasitə özünümüdafiə hüququ və ya şəxsin seçdiyi müdafiəçi ilə müdafiə hüququ

Cinayətdə ittiham olunan şəxslərə müəyyən prosessual hüquqlar verilir ki, bunlara da təqsirləndirilən şəxsin özünü müdafiə etmək hüququ, vəkil və ya hüquqi təmsilçi ilə təmsil olunma hüququ və ədalət mühakiməsinin marağı tələb edildiyi zaman belə hüquqi yardım xərcini ödəyə bilmədiyi təqdirdə, həmin yardımı ödənişsiz alma hüququ aiddir.[10]

Bundan əlavə, cinayət işində təqsirləndirilən şəxsin məhkəmə iclaslarında iştirak hüququndan imtina edilməsinə də icazə verilir.[11] Məhkəmə iclasının keçiriləcəyi tarixi və vaxtı çağırış vasitəsilə almasına baxmayaraq, iclasda iştirakdan imtina edilməsi,[12] təqsirləndirilən şəxsin hüquqi təmsilçisi və ya vəkili tərəfindən müdafiə olunma hüququnu ondan almır.[13] Çünki hüquqi təmsilçisinin və ya vəkilinin təqsirləndirilən şəxs adına hər hansı bir qanuni addım atmasını məhdudlaşdıraraq məhkəməyə gəlməməsinə görə onu cəzalandırmaq açıq-aşkar qeyri-mütənasib sayılır.[14] Əlavə olaraq, həm də o qeyd olunur ki, mütləq olmasa da, cinayət əməlində ittiham edilən hər kəsin zərurət olduqda rəsmi təyin edilmiş bir vəkil tərəfindən müdafiəsi hüququ ədalətli mühakimənin prinsipinin əsas xüsusiyyətlərindən biridir.[15] Təqsirləndirilən şəxsin özünümüdafiə hüququ onun məhkəmə iclasında iştirak hüququ ilə əlaqəlidir. Lakin məhkəmə prosesində təqsirləndirilən şəxsin iştirakı olmadan yalnız vəkil ilə təmsilçiliyi şəxsin prosesdə iştirak etməməsini kompensasiya edə bilməz.[16]

Təqsirləndirilən şəxsin hüquqlarından biri də onun hüquqi təmsilçisini və ya vəkilini seçmək hüququdur  ki, bu hüquq da mütləq sayılmır. [17] Başqa sözlə, bu, məhdud hüquqdur. Xüsusən də əgər hüquqi yardım ödənişsiz əsaslarla dövlət tərəfindən təmin olunubsa, bu hüquqa məhdudiyyət qoyula bilər.[18] Hüquqi təmsilçi və ya vəkil pulsuz xidmət müqabilində dövlət tərəfindən təyin olunubsa, məhkəmə təqsirləndirilən şəxsin seçiminə hörmətlə yanaşmalıdır, amma bunun üçün ədalət mühakiməsinin marağı tələbi kontekstində zəruri əsaslar olduğu təqdirdə, yerli məhkəmə tərəfindən təqsirləndirilən şəxsin seçimi nəzərə alınmaya bilər.[19]

Bununla yanaşı, AİHM, həmçinin, cinayət işində təqsirləndirilən şəxsin hüquqi yardımın xərcini  ödəmək üçün kifayət qədər vəsaiti olmadığı təqdirdə, məsləhət almaq hüququ ilə hüquqi yardım almaq hüququ arasındakı əlaqənin olduğunu vurğulayıb ki, bu haqda növbəti yarımbaşlıqda söz açılacaq.[20]

Dövlət hesabına hüquqi yardım

Dövlət hesabına hüquqi yardım anlayışı, dövlətin təmin etdiyi hüquqi yardım adı verilən bir anlayışdır və Konvensiya tərəfdaşı olan dövlət heç də hüquqi yardım üçün müraciət edən hər bir şəxs üçün vəkil təyin etmək məcburiyyətində deyil. AİHM-in məhkəmə hüququndan bizə məlum olur ki, hüquqi yardım üçün əsasən iki qayda müəyyən edilir: cinayətdə ittiham olunan təqsirləndirilən şəxsin qanuni hüquqi nümayəndəlik xərcini ödəmək üçün kifayət qədər vəsaiti (təəssüf ki, nə Konvensiya, nə də AİHM-in məhkəmə hüququ kifayət qədər anlayışının dəqiq açılışını və ölçüsünü müəyyən etməyib) olmadığını göstərməsi[21] və bu xidmətin ədalət mühakiməsi marağı tələb etdiyi təqdirdə, dövlət hesabına təmin edilməsi.[22] Bu halda da müəyyən meyarlar – cinayətin, eləcə də cəzanın ağırlığı, işin mürrəkkəbliyi və təqsirləndirilən şəxsin sosial və şəxsi vəziyyəti nəzərə alınmalıdır.[23] Bunu da qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxs dövlətin ona təqdim etdiyi hüquqi yardımdan imtina edə bilər. Belə imtinanın əsaslı sayılması üçün təqsirləndirilən şəxsin bu hüququ dərk etməsi və həmin hüquqdan imtinanın nəticələrini əvvəlcədən götür-qoy edə bildiyini nümayiş etdirməsi lazımdır.[24] Elə hallar da olur ki, təqsirləndirilən şəxs hüquqi yardım alma hüququndan imtina edir. Lakin sonradan hüquqi bilikləri kifayət qədər olmadığından işin faktiki və hüquqi məzmununu anlamaqda çətinlik çəkir. Təqsirləndirilən şəxsin hüquqi müstəvidə özünü müdafiə etməyə uyğun olmaması hüquqi yardımın zəruri olub-olmadığını qiymətləndirmə zamanı əlaqəli olan elementlərdən biridir. Təqsirləndirilən şəxsin qabiliyyətsizliyi ucbatından hüquqi hərəkətləri izləyə bilməməsi məhkəmə prosesini zəiflədir və məhz ədalət mühakiməsi marağı tələbindən həmin şəxsin hüquqi təmsilçi və ya vəkil ilə təmsil olunması labüd məsələyə çevrilir. Konvensiyada təqsirləndirilən şəxsin qabiliyyətsizliyi ilə bağlı dəqiq meyarlar qeyd olunmasa da, AİHM-in məhkəmə hüququ üç əsas amili nəzərə almağı tövsiyə edir. Bunlar təqsirləndirilən şəxsin yaşı[25], fiziki və ya əqli qüsur əlamətləri[26] və yerli dili, həmçinin hüquq sistemini kifayət qədər anlayıb-anlamamasıdır.[27]

Məhkəməyəqədər ibtidai istintaq dövründə əldə edilmiş sübutlar cinayət işinin təşkili baxımından əhəmiyyətli rola malik olduğundan, cinyət işində şübhəli bilinən və ya ittiham olunan şəxs üçün dövlət hesabına hüquqi yardıma çatımlılıq yalnız məhkəmə zamanı deyil, həm də ibtidai istintaq dövrünün ilkin mərhələsindən təmin olunmalıdır. Lakin bu, o demək deyil ki, həmin mərhələdə şəxs bu yardımdan qeyri-məhdud istifadə hüququna malikdir.[28] Baxmayaraq ki, Konvensiyanın mətnində birbaşa göstərilməyib, AİHM təqsirləndirilən şəxsin polis dindirilməsinin başlanğıc mərhələsində vəkilin köməyindən faydalana biləcəyini müəyyən edib. Lakin əsaslı səbəb olduqda həmin hüquq bu hissədə məhdudlaşdırıla bilər.[29] (Burada AİHM qoyulmuş məhdudiyyətin  təqsirləndirilən şəxsi ədalətli məhkəmə araşdırmasından məhrum edib-etməməsinə nəzər yetirir).

Hüquqi yardım tələbinin təmin edilməsi məqamı cinayət işinin nəticələrinin müdafiə tərəfi üçün ağırlığı ehtimal edilən müfaviq məhkəmə hökmü baxımından əhəmiyyətlidir.[30] Əgər hökmdə həbs və ya azadlıqdan məhrumetmə sanksiyasının tətbiq ediləcəyi ehtimalı varsa, ədalətli mühakimənin maraqları naminə hüquqi yardım xidməti labüd sayılır.[31]

Hüquqi yardımın effektivliyi və praktikliyi

Ədalətli mühakimə prinsipinin vacib elementləri özündə ehtiva etdirdiyi azadlıqların praktikliyi və effektivliyindədir.[32] Cinayətdə ittiham olunan hər bir şəxsin effektiv şəkildə vəkil tərəfindən hüquqi müdafiə olunma hüququ var ki, bu da ədalətli məhkəmə araşdırması konseptinin əsas cəhətlərindən biridir.[33] Əgər təqsirləndirilən şəxsi hüquqi yardım tələbi əsasında təmsil edən vəkil həyatını itirərsə, ağır xəstəliyə düçar olarsa, müəyyən səbəblərdən uzun müddət fəaliyyət göstərməsə və yaxud xidmətini həyata keçirməkdən yayınarsa, onda Konvensiyaya tərəfdaş dövlət həmin vəkilin öhdəliklərini sona qədər yerinə yetirməsi tələbini ortaya qoymalı və ya onu başqa vəkillə əvəzləməlidir.[34] Konvensiyaya tərəfdaş dövlətlər, hüquqi yardım məqsədləri üçün təyin edilmiş vəkil tərəfindən yol verilmiş nöqsanlara görə məsuliyyət daşımır.[35] Lakin hüquqi vəkil müdafiəni effektsiz şəkildə həyata keçirərsə, bu zaman Konvensiya tərəfdaşı olan dövlətin müdaxiləsi tələb olunur.[36]

Hüquqi yardımı göstərəcək vəkilin dövlət tərəfindən təyin edilməsi hüquqi yardımın effektivliyini təmin etmək üçün heç də yetərli deyil.[37] Dövlət orqanları vəkilin yanlış təyin olunmasına görə məsuliyyət daşıyır və zərurət yarandığı halda, bu məsələni aradan qaldırmaqdan ötrü müdaxilə etməyə borcludur. Dövlət tərəfindən cinayət işinə təyin olunan yeni vəkilin işin hazırlanmasından ötrü vaxtı və imkanları məhdud olarsa, o zaman müvafiq yerli dövlət orqanı təqsirləndirilən şəxs qarşısında öhdəliklərin lazımi şəkildə qarşılanmasını təmin etmək üçün müsbət addımlar atmalıdır.

Bəs, əgər dövlət tərəfindən vəkilin hüquqi yardımı göstərməsinə əngəllər törədilərsə? Azərbaycan məhkəmə çəkişmələri praktikasında bu kimi hallar tez-tez yaşanır (xüsusən də siyasi motivli cinayət işlərində) – məhkəmə vəkilin müdafiə taktikasına süni əngəllər, yaxud da prosedur pozuntuları ilə müşayiət olunan digər maneələr yarada, effektiv hüquqi yardımın göstərilməsi zamanı lüzumsuz vaxt məhdudiyyətləri tətbiq edə bilər ki, bu hallar da yolverilməzdir.[38]

Vəkil ilə konfidensial ünsiyyət hüququ

İstisna halları çıxmaq şərti ilə təqsirləndirilən şəxsin vəkillə konfidensial ünsiyyət saxlamaq hüququ vardır. Lakin Konvensiya tərəfdaşı olan bəzi ölkələr, eləcə də Azərbaycan praktikasında bu hüququn pozuntusuna yol verildiyi müşahidə edilir. Belə ki, müxtəlif vaxtlarda azərbaycanlı vəkillər də müdafiə etdikləri şəxslərlə keçirdikləri görüşlər zamanı danışıqların gizli şəkildə izlənilməsi/səs yazısına alınması haqda faktları dilə gətiriblər.[39] Vəkil ilə təqsirləndirilən şəxsin münasibəti qarşılıqlı etibar və anlaşma üzərində qurulduğundan, konfidensial kommunikasiyaya üçüncü tərəfin müdaxiləsi və ya iştirakı göstərilən hüquqi yardımın faydalılığını itirir.[40] Məsələn, vəkil ilə təqsirləndirilən şəxs arasındakı görüşdə polisin və ya digər dövlət rəsmisinin iştirakı, ikincinin görüş zamanı vəkili ilə səmimi ünsiyyət aparmasına və ondan müəyyən tərəddüdün yaranmasına səbəb olur.[41] Həmçinin vəkilin təqsirləndirilən şəxs ilə videobağlantı üzərindən ünsiyyəti də yolverilməzdir. Çünki videobağlantı zamanı dijital müdaxilələr ola bilər və üçüncü tərəf danışığı gizli izləyə bilər.[42]

Yenidən qayıdırıq azərbaycanlı vəkillərin üzləşdiyi başqa bir problemə – təqsirləndirilən şəxslərlə vəkilin görüşünə süni əngəllərin yaradılması və ya məhdudiyyətlərin tətbiq olunması. Bu kimi süni əngəllər və ya qoyulan məhdudiyyətlər, həm də tərəflərin bərabər imkanlara sahib olması (equality of arms) baxımından yanlış addımdır ki, bu da ədalətli məhkəmə araşdırması  prinsipinin pozuntusuna gətirib çıxarır. Məhdudiyyətlər bir kənara, hər dəfə təqsirləndirilən şəxslə görüşə gələn vəkilə süni bürokratik əngəllərin yaradılması da praktik çətinlikdən savayı, vaxt və səy itkisinə gətirib çıxarır ki, bu vəziyyət də müdafiə tərəfini asılı hala salaraq subardinasiyanı və tərəflərin bərabər imkanlara sahib olması prinsipini pozur.[43]

Ədalətli məhkəmə araşdırması hüququ həm də vəkil ilə müdafiə etdiyi tərəf arasındakı etimad münasibətlərindən asılıdır və vəkilin peşə fəaliyyəti ərzində onun peşə imtiyazına xələl gətirəcək hallara yol vermək şəxsi həyata hörmət hüququnun da pozulmasına gətirib çıxarır.[44]

Nəticə

AİHM məhkəmə hüququnun ədalətli məhkəmə araşdırması hüququna dair bəzi aspektlərinin nəzərdən keçirilməsi əsasında aşağıdakı ümumiləşdirilmiş qənaətlərə gəlmək mümkündür. Cinayət işində ittiham olunan şəxsin təkcə məhkəmə prosesi zamanı yox, polis tərəfindən dindirilmə zamanından hüquqi yardım almaq haqqı həmin şəxsin fundamental hüquqlarından biridir. Ədalətli mühakimə hüququnun hər bir şəxs üçün əlçatan və tərəflər üçün bərabər imkanların yaradılması demokratik cəmiyyətlərdə dövlətin hüquqi öhdəliklərindən biridir. Konvensiyaya tərəfdaş dövlət hüquqi yardımı həyata keçirdiyi zaman yalnız onun praktikliyi və effektivliyinə nəzarət etməkdən savayı, həm də təqsirləndirilən şəxsin legitim arzu və ehtiyaclarını da nəzərə almalıdır.

 

 

[1] https://www.echr.coe.int/Documents/Stats_violation_1959_2019_ENG.pdf, Sonuncu dəfə daxil olunub: 27.05.2020.

[2] Ashworth and Redmayne, “The Criminal process”, 4th edition, 2010, chapter 1-2.

[3] “It is better that ten guilty persons escape than that one innocent suffer”, Blackstone, Commentaries on the Laws of England, 1760.

[4] Bassiouni & Derby, The Crime of Torture, 3rd edition, 2008, 363; 379-82.

[5] Harris, O’Boyle and Warbrick, Law of the European Convention on Human Rights, 1995, 164.

[6] EctHR, Application no. 8269/78, Adolf v. France, 26/03/1982, para. 30.

[7] EctHR, Application no. 6903/75, Deweer v. Belgium, 27/02/1980, para. 44.

[8] ECtHR, Application no. 5100/71; 5101/71; 5102/71; 5354/72; 5370/72, Case of Engel and others v. the Netherlands, 8/06/1976, para.81, 82, 83.

[9] Motoc and Ziemele, The impact of the ECHR on democratic change in central and in Eastern Europe, 2016, 225.

[10] Foster, Human Rights and Civil Liberties, 2nd edition, 2008, 274.

[11]  ECtHR, Application no. 56581/00, Case of Sejdovic v. Italy, 10/11/2004, para. 25.

[12] ECtHR, Application no. 16737/90, Case of Pelladoah v. The Netherlands, 22/09/1994, para. 40.

[13] ECtHR, Application no. 13566/06, Case of Kari-Pekka Pietilainen v. Finland, 22/09/2009, para. 31.

[14] ECtHR, Application no. 29731/96, Case of Krombach v. France, 13/02/2001, para. 90.

[15] ECtHR, Application no. 14032/88, Case of Poitrimol v. France, 23/11/1993, para. 34.

[16] ECtHR, Application no. 69/1996/688/880, Case of Zana v. Turkey, 25/11/1997, para. 68.

[17] Dijk, Hoof, Rijn, Zwaak, Theory and Practice of the ECHR, 4t edition, 2006, 641.

[18] ECtHR, Application no. 26891/95, Case of ZaLagerblom v. Sweden, 14/04/2003, para.68.

[19] ECtHR, Application no. 13611/88, Case of Croissant v. Germany, 25/09/1992, para. 29.

[20] Klip and Sluiter, Annotated Leading Cases of International Criminal Tribunals, 2003, page. 299.

[21] ECtHR, Application no. 31541/96, Case of Carlo Caresana v. UK, (decision).

[22] ECtHR, Application no. 12744/87, Case of Quaranta v. Switzerland, 24/05/1991, para.27.

[23] Ibid 22, 33-35.

[24] ECtHR, Application no. 7025/04, Case of Pishchalnikov v. Russia, 24/12/2009, para.77.

[25] EctHR, Application no. 4268/04, Case of Panovits v. Cyprus, 11/03/2009, para. 67.

[26] EctHR, Application no. 35683/97, Case of Vaudelle v. France, 05/09/2001, paras. 60, 61.

[27] ECtHR, Application no. 42/1997/826/1032, Case of Twalib v. Greece, 09/06/1998, para. 53.

[28] Reid, A practitioner’s guide to the European Convention on Human Rights, 1998, 104.

[29] ECtHR, Application no. 28135/95, Case of Magee v. UK, 06/07/2000, para. 41.

[30] Harris, O’Boyle and Warbrick, Law of the European Convention on Human Rights, 1995, 262

[31] ECtHR, Benham v. the United Kingdom, No. 19380/92, 10 June 1996, para. 61.

[32] Nuala and Harby, A guide to the implementation of Article 6 of the ECHR, 3rd edition, 2006, 7.

[33] ECtHR, Application no. 36391/02, Case of Salduz v. Turkey, 27/11/2008, para. 51.

[34] ECtHR, Application no. 6694/74, Case of Artico v. Italy, 13/05/1980, para. 33.

[35] Ibid.31 və 36.

[36] ECtHR, Application no. 9783/83, Case of Kamasinski v. Austria, 19/12/1989, para. 65.

[37] Coster van Voorhout, Ineffective Legal Assistance, 2016, 388.

[38] ECtHR, Applications no. 35485/05, 45553/05, 35680/05 and 36085/05, Huseyn and others v. Azerbaijan, 26/07/2011, para.184, 186.

[39] https://www.icj.org/azerbaijan-lawyer-sadigov-should-be-applauded-not-sanctioned-for-acting-professionally/. Sonuncu dəfə daxil olunub: 26.05.2020.

[40] ECtHR, Application no. 39846/98, Case of Brennan v. UK, 16/10/2001., para. 58.

[41] Ibid. 62

[42] ECtHR, Application no. 21272/03, Case of Sakhnovskiy v. Russia, 02/11/2010, para. 104.

[43] ECtHR, Application no. 62936/00, Case of Moiseyev v. Russia, 09/10/2008, para. 205.

[44] ECtHR, Application no. 12323/11, Case of BrMichoud v. France, 06/03/2013, para. 117.

10 iyun 2020

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.