fbpx

Cəmiyyət

Cəmiyyət

Avropa İnsan Haqları Konvensiyasına görə internetdə ifadə azadlığımızın sərhədləri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanın da tərəfdaşı olduğu Avropa İnsan Haqları Konvensiyası (AİHK) bir sıra fundamental insan hüquqları və azadlıqlarını müdafiə edir ki, onlardan biri də demokratik cəmiyyət və onun inkişafı üçün qaçınılmaz olan ifadə azadlığıdır.[i] Müasir dünyada ifadə azadlığının tətbiq olunduğu və sınaqdan keçirildiyi platformalar arasında internet əhəmiyyətli rola malikdir. İfadə azadlığının da demokratikləşməsi prosesinə töhfə verən internet platformaları ictimai müzakirələri daha geniş auditoriyaya daşıyır. Lakin istər yerli, istərsə də beynəlxalq səviyyədə internetin fəaliyyətini tənzimləyən qaydalar məhdud saydadır. Buna görə də yerli və beynəlxalq məhkəmələr internetdə ifadə azadlığının qorunmasına dair standartların yaradılmasında böyük rol oynayırlar.

İnternetdə yer alan fikirlər nifrətli, zərərli və təhqiramiz ola bildiyindən, məsələn, əksər sosial şəbəkə platformasının özünün tənzimlədiyi, məzmun və təmkinlilik prinsipləri ilə bağlı davranış qaydaları var ki, istifadəçiləri də bu qaydalara riayət etməyə çağırır.[ii] Həmçinin sosial şəbəkə platformaları istifadəçilərin paylaşımlarını tənzimləmək üçün avtomatik filtrlərin köməyi ilə bildiriş sistemlərindən, məzmunun etiketlənməsindən, hesabın deaktiv edilməsindən və məzmunun silinməsindən istifadə edirlər. Əksər hallarda da paylaşımlar silindikdə bu haqda istifadəçilərə məlumat verilmir və qərara etiraz etmə imkanı yaradılmır.

Bəzi hallarda isə sosial şəbəkə platformaları (məsələn, Facebook) təhqiramiz və ya daxili qaydalara zidd hesab etdiyi paylaşımlara/şikayətlərə ifrat həssas reaksiya nümayiş etdirərək onu tamamilə çıxarır, bu isə bəzən həmin platformanın ifadə azadlığını az qoruması kimi tənqidlərə səbəb ola bilir.[iii] Bu cür özünü tənzimləyən qaydaların hüquqi müstəvidə mübahisəli tərəfi ondan ibarətdir ki, məzmunu müəyyən edərək hansı standartların tətbiq olunacağına qərar verən qurum özəl qurumdur. Bu məsələ internetdən istifadənin insan haqları ilə uyğunluğu məsələsini gündəmə gətirib və ifadə azadlığı, eləcə də şəxsi həyata hörmət hüquqları kontekstində mübahisəli işlər Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) yeni texnologiyalar adı verdiyi məhkəmə hüququnu inkişaf etdirib.[iv]

Bu yazıda Avropa İnsan Haqları Konvensiyasının (AİHK) 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığı hüququnun internetə münasibətdə tətbiqi, sərhədləri və bu sahədə ifadə azadlığı hüququnun məhdudiyyətlərinin çərçivələri AİHM-in məhkəmə hüququna uyğun nəzərdən keçirilir.

İfadə azadlığı AİHK kontekstində

İfadə azadlığı AİHK-nın 10-cu maddəsinin yurisdiksiyasına düşür və mütləq hüquq hesab edilmir. Bu hüquqla hər bir insan fikir sahibi olmaq, məlumat və fikir almaq və onları ötürmək haqqına malikdir.[v] Buraya, məsələn, hər hansısa bir etiraz aksiyasında çatdırılan fikirlərdən tutmuş, məqalə, kitab və ya broşur, televiziya və ya radio yayımı vasitəsilə səsləndirilən ifadə, sənət əsərləri üzərindən çatdırılan ifadə, həmçinin internet və sosial media köməkliyi ilə qəbul edilən və paylaşılan məlumatlar da daxildir.

İfadə azadlığı demokratik cəmiyyətin əsas təməllərindən birini təşkil etməklə yanaşı, həmin cəmiyyətin və hər bir insanın inkişafı üçün əsas şərtlərdən biri hesab edilir. Qanuni məhdudiyyətlərdən savayı ifadə azadlığı yalnız iltifat kimi qəbul edilən və ya heysiyyata toxunmayan, yaxud əhəmiyyətsiz məsələ kimi sayılan məlumat və ya fikri deyil, həmçinin dövlətə və ya əhalinin hər hansısa bir kəsiminə yönəlmiş təhqiredici, şok effekti yaradan və ya narahatedici məlumat və ya fikrə də şamil edilir. Bunlar plüralizmin, tolerantlığın və açıq fikirliliyin demokratik cəmiyyət üçün tələblərindən hesab edilir.[vi]

AİHM-nin 10-cu maddə ilə bağlı olan ümumi prinsipləri həm də ifadə azadlığı haqqına tətbiq edildiyindən internet üzərindən yayımlanan, ötürülən və qəbul edilən məlumat və ya fikirlər də bu maddənin yurisdiksiyasına daxildir. İfadə azadlığı haqqı yalnız fərdlərə yox, həmçinin hüquqi şəxslərə də məxsusdur.[vii] AİHM-nin məhkəmə hüququndan bəlli olur ki, əlçatanlığına, böyük miqdarda məlumat saxlama və ünsiyyət qurma qabiliyyətinə görə internet ictimaiyyətin xəbərlərə çıxışının genişləndirilməsində və ümumiyyətlə məlumatların yayılmasında əhəmiyyətli rola malikdir.[viii]

Digər hüquq və azadlıqlarla birlikdə ifadə azadlığını da təmin etmək öhdəliyi, ilk növbədə, Konvensiyaya tərəfdaş olan dövlətin məsuliyyəti çərçivəsindədir.[ix] Bu hüquqa istisna hallarda müdaxilə yolveriləndir. AİHM bu məsələdə Konvensiyaya tərəfdaş dövlətlərin müxtəlif mədəni və tarixi, eləcə də fərqli hüquqi sistemə aid olduğunu nəzərə alaraq daxili qanunvericiliyə uyğun məhdudiyyətlərin tətbiqi zamanı diskresion səlahiyyətə malik olmasını qeyd edir. AİHM-nin məhkəmə hüququ bunu belə əsaslandırır ki, dövlət orqanları bu tələblərin dəqiq məzmunu ilə yanaşı onlara cavab vermək üçün nəzərdə tutulmuş məhdudlaşdırma və ya cəzanın zəruriliyi barədə fikir bildirmək üçün beynəlxalq hakimdən daha uyğun vəziyyətdədirlər.[x] Lakin ifadə azadlığı kontekstində dövlətin diksresion sərbəstliyindən istifadə edə bilməsi məhduddur. Belə ki, məhkəmə dövlətin Konvensiyadan doğan öhdəlikləri ilə davranışlarının bir-birinə uzlaşmasına da nəzarət edir.[xi]

Dövlətin ifadə azadlığına tətbiq etdiyi məhdudiyyətlər qanunla nəzərdə tutulmalı,[xii] AİHK-nın 10 (2)-cu maddəsində sadalanan legitim məqsədlərindən birini (milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai təhlükəsizlik maraqları, iğtişaş  və cinayətlərin qarşısının alınması, sağlamlıq və ya mənəviyyatın qorunması, başqalarının nüfuzunun və ya hüquqlarının qorunması, məxfi hesab edilən məlumatların açıqlanmasının qarşısının alması və məhkəmə hakimiyyətinin səlahiyyətlərini, eləcə də qərəzsizliyinin qorunmasını)[xiii] müdafiə etməli[xiv] və nəhayət, sadalanan legitim məqsədlərdən birini müdafiə etməkdən ötrü demokratik cəmiyyət anlayışı kontekstində zəruri olmalıdır.[xv]

İfadənin dəyəri

AİHM-in məhkəmə hüququna görə, ifadənin Konvensiyanın 10-cu maddəsinə uyğun müdafiə səviyyəsini müəyyən etməkdən ötrü həm də onun dəyərinə diqqət yetirmək lazımdır. Yüksək dəyərləri özündə ehtiva edən ifadə daha aşağı dəyərlərə nisbətdə güclü müdafiəyə ehtiyac duyur. AİHM müəyyən ifadənin yüksək və ya aşağı dəyərli olmasına qərar verərkən müəllifin fikri yaymadan öncə ifadə olunanları reformulyasiya, təkmilləşdirmə və ya fikrini geri çəkmə imkanının olub-olmamasına diqqət yetirir.[xvi] İfadə edilən fikrin dəyəri konsepti AİHM tərəfindən inkişaf etdirilib. AİHM-in təsnifatına görə fikrin dəyəri əsasən altı fərqli məcrada şaxələnib: artistik, kommersiya, şayiə, pornoqrafiya, şəxsi hücum və nifrət nitqi.[xvii] İfadə azadlıqlarının dəyər iyerarxiyası aşağıdakı kimi təsvir edilə bilər:

İctimai marağa səbəb olan və ya siyasi məsələlərə dair işlədilmiş fikir ifadə azadlığının müdafiəsindən daha çox bəhrələnir və belə olduğu təqdirdə də dövlətin diksresion səlahiyyətinin hüdudları daralır.[xviii] Ümumi marağa səbəb olan ictimai müzakirədə iştirak edən bir fərd öz ifadəsində müəyyən dərəcədə şişirtmə və ya təxribata yol verə bilər, həmçinin vulqar ifadə səsləndirə bilər.[xix] Lakin özündə şişirtmə və ya təxribatı ehtiva edən ifadə heç bir fakta  söykənmirsə, bu, ifadə azadlığı hüququnun təminatından məhrum ola bilər.[xx] Həmçinin özündə bəzi nifrət nitqini ehtiva edən ifadə[xxi] və söyüş, ələlxüsus da niyyət qarşı tərəfin ləyaqətini alçaltmaqdırsa, ifadə azadlığının müdafiəsindən kənarda qala bilir.[xxii] Lakin vulqar ifadələrin istifadəsi təhqiredici ifadənin qiymətləndirilməsində həlledici əhəmiyyətə malik deyil, çünki bu, üslub məqsədlərinə də xidmət edə bilər. Avropa Məhkəməsi qeyd edib ki, üslub ifadə forması kimi ünsiyyətin bir hissəsini təşkil edir və ifadənin məzmunu ilə birlikdə qorunur.[xxiii]

Əlavə olaraq, zorakılığa təhriketməyə hesablanmış ifadələr də ifadə azadlığının təminatından kənar qalır.[xxiv] (İrqçi və ya nifrət nitqi məsələsi AİHK-nın 10-cu maddəsindən savayı, həm də 17-ci maddəsini əhatə edə bilir. 17-ci maddə əsasən Konvensiyada yer alan tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi kimi dəyərlərə xələl gətirən irqçi çıxışlar kontekstində tətbiq edilir. Məsələn, ikinci Qarabağ müharibəsi dövründə “Qarabağ” futbol klubunun mətbuat katibi Nurlan İbrahimovun Feysbukda yazdığı “Bütün erməniləri öldürməliyik” yazısı etnik zəmində nifrət nitqi kimi qiymətləndirilə bilər [xxv]

Həmçinin siyasi fikirlərinə görə hər hansısa bir peşə sahibinin işdən çıxarılması da ifadə azadlığının pozuntusu hesab oluna bilər.[xxvi] Çünki AİHM-in məhkəmə hüququna görə, işdən çıxarılma qanuni məqsədlə qeyri-mütənasibdir və bu səbəbdən demokratik cəmiyyətdə edilən müdaxilə (işdən çıxarılma) zəruri hesab edilə bilməz.[xxvii]

Cəmiyyət arasında ədəbsiz hesab edilən  artistik və ya satirik ifadə nümunələri də ifadə azadlığı kimi müdafiə edilə bilər. Çünki bu növ ifadə (artistik və ya satirik) demokratik cəmiyyətin ayrılmaz xüsusiyyəti olan ictimai maraq doğuran məsələlərin açıq müzakirəsində çox mühüm rol oynaya bilər. Bəzən də elə olur ki, artistik və ya satirik ifadə nümunəsini səsləndirən müəllif təzyiqə və ya qeyri-adekvat cəzaya məruz qalır və bu da hədələyici effektin (hədələyici effekt natural və qanuni haqların legitim şəkildə tətbiqinə maneə yaradan hədə və ya qanuni sanksiyaya deyilir) yaranmasına  səbəb olur. u effekt azərbaycanlı jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı işində də AİHM tərəfindən təsbit edilmiş və qeyd edilmişdir ki, hədələyici effekt mətbuatı, ictimaiyyəti narahat edən məsələləri açıq müzakirə etməkdən çəkindirir.[xxviii] Ona görə də məhkəmə tövsiyə edir ki, hüquqi və ya fiziki şəxsin təməl haqlarını məhdudlaşdırdıqda, sözügedən hüquqlara mümkün qədər az zərər vuran yanaşmanı seçmək lazımdır.[xxix] Mübahisəli ifadənin məzmununu hüquqi müstəvidə qiymətləndirərkən gözdən keçirilməli olan vacib element məzmundakı təhqiramiz və alçaldıcı sözlərin hansı formada işlədilməsindən savayı hansı şəraitdə istifadə olunmasıdır. Daha vacib element isə ifadənin səbəb olduğu zərərin ölçüsünün müəyyən edilməsidir.

İfadə azadlığı ilə şəxsi həyata hörmət hüququ

Çox vaxt ifadə azadlığı (AİHK-maddə 10) şəxsi həyata hörmət hüququ (AİHK-maddə 8) ilə toqquşur. Bu kimi hallarda AİHM ilk olaraq tərəfdaş dövlətin yerli məhkəməsinin bu iki hüquq arasında ədalətli tarazlığın necə təmin olunmasına diqqət yetirir.[xxx] Ədalətli tarazlığın yoxlanılması üçün məhkəmə əlaqədar şəxsin ictimai şəxs olub-olmamasını, ümumi marağa səbəb olan müzakirədəki qatqı payını, məsələnin məğzini və dərc/paylaşımın formasını və nəticələrini, eləcə də verilmiş cəzanın şiddətini analiz edir. Bundan əlavə isə məhkəmə özünün inkişaf etdirdiyi kriteriyaları – təsir (hüquqi pozuntunun ciddiliyi), əsas/ətraf (toqquşan hüquqların aspektlərinin sözügedən insan hüquqlarının əsasına aid olub-olmaması), əlavə hüquqların iştirakı (bir və ya ikidən artıq hüquqların toqquşması zamanı), ümumi marağın iştirakı, niyyət (hüquqlar nəzərdə tutulmuş hüququn məqsədinə zidd bir şəkildə həyata keçirildikdə) və ən sonuncu məsuliyyət meyarlarını işin hallarından asılı olaraq nəzərdən keçirir. Bu proporsionallıq testi meyarlarının analizini etməkdə məhkəmənin məqsədi münaqişənin həllini tapmaq yox, hansı hüququn üstünlük təşkil etməsini müəyyən etməkdir. Çünki proporsionallıq testi təyin olunmuş məqsədə çatmaq üçün tədbirin məqsədəuyğunluğunu və daha az müdaxilə tədbirlərinin mövcudluğunu nəzərə almalıdır.

Məhkəmə nifrət nitqi və zorakılığa çağırışla əlaqəli olmayan istənilən ifadənin yer aldığı internet platformasına müdaxilənin mütənasibliyinin qiymətləndirilməsindən ötrü müəyyən meyarlar inkişaf etdirib: (1) mübahisəli şərhlərin məğzi və məzmunu, (2) şərh müəllif(lər)inin məsuliyyəti, (3) veb sayt operatorları tərəfindən görülən tədbirlər və zərər çəkmiş şəxsin davranışı, (4) şərhlərin zərər çəkmiş tərəf və (5) ərizəçilər (məhkəməyə müraciət edənlər) üçün nəticələri.[xxxi]

Dövlət qulluqçuları və ya siyasətçiyə ünvanlanan, məqbul hesab edilən tənqidin sərhədləri fərdi şəxsə yönəlmiş tənqidlərin sərhədlərindən daha genişdir.[xxxii] Məsələn, siyasətçiyə qarşı qəbul edilən tənqidin sərhədlərini müəyyən etmək üçün məhkəmə qeyd edir ki, siyasətçi adi vətəndaşdan fərqli olaraq tənqidlərə qarşı yüksək dərəcəli dözümlülük nümayiş etdirməlidir. Çünki o, istər-istəməz işlətdiyi ifadənin və ya əməlin həm jurnalistlər, həm də ictimaiyyətin müzakirəsinə təqdim edir.[xxxiii] Əgər ünvanlanan ifadə dövlət orqanına, dövlətə və ya hökümətə qarşıdırsa, o zaman həmin ifadə daha geniş müdafiəyə malikdir.[xxxiv] İctimai arenaya  çıxan hər bir fiziki şəxs də avtomatik olaraq ictimai nəzarətə məruz qaldığından ona yönələn tənqidə yüksək dərəcəli dözümlülüklə yanaşmalıdır.[xxxv]

Nəticə

Yuxarıda qeyd olunanları nəzərə alsaq məlum olur ki, ifadə azadlığı haqqında qanun özündə zorakılığı, ayrı-seçkiliyi və nifrəti ehtiva etməyən ifadələri (bəzi istisnalar olmaqla) müdafiə edir. Sadalanan ifadə azadlığı formalarından AİHM siyasi ifadə azadlığına xüsusi əhəmiyyət verərək qeyd edir ki, siyasi ifadələrin müxtəlif formaları və üsullarına qoyulmuş məhdudiyyətlər üçün dar bir əhatə dairəsi mövcuddur. Fərdlərin ifadə azadlığı haqqının qorunması isə birbaşa AİHK-ya qoşulmuş dövlətin məsuliyyətidir.

Təəssüf ki, Azərbaycan da daxil Konvensiyaya tərəfdaş dövlətlər arasında ənənəvi media üçün hazırlanmış yerli qanunvericiliyi hələ də internetə tətbiq edənlər var. Lakin bəziləri isə onlayn məzmun üçün hazırlanmış yeni hüquqi qaydalar (məsələn, yerli qanunvericilikdə “ekstremizm”, “terror təbliğatı”, “terrorizmə təhrik”, “zərərli məzmun”, “irqçi məzmun” və “nifrət nitqi” kimi anlayışların ölçüsünü müəyyənləşdirmək üçün) hazırlamışlar.

 

İstinadlar

[i] Thoma v. Luxembourg, Application no 38432/97, para 43, 29.003.2001.

[ii]Community Standards of Facebook, http://www.facebook.com/communitystandards, son giriş: 01.02.2020

[iii]L. Edwards, “The Fall and Rise of Intermediary Liability Online” in L. Edwards and C. Waelde (eds.), Law and the Internet (Oxford 2009) 73-76.

[iv] Council of Europe, European Court of Human Rights Factsheet-New Technologies, 2020, https://www.echr.coe.int/Documents/FS_New_technologies_ENG.pdf son giriş: 01.02.2020.

[v] Council of Europe, European Convention on Human Rights, Article 10, 1953, https://www.echr.coe.int/Documents/Convention_Eng.pdf, 13.

[vi]Handyside v UK, Application no 5493/72, para 49, 07.12.1976.

[vii]Autronic AG v. Switzerland, Application no 12726/87, para 47, 1990.

[viii] Times Newspaper Ltd v. UK, (1 and 2) Application no, 3002/002 and 23676/08, para 27, 10.03.2009.

[ix] Yenə orada, 3, para 48.

[x]Mouvement raëlien suisse v. Switzerland, Application no 16354/06, para 63, 13.07.2012.

[xi] Sunday Times (No. 1) v. the United Kingdom, Application no 6538/74, para 59, 26.04.1979.

[xii] Yenə orada, 13, para 53.

[xiii] Yenə orda, 5,  page 12.

[xiv] Observer and Guardian v. the United Kingdom, Application no  13585/88, para 6726.11.1991.

[xv] Barthold v. Federal Republic of Germany, Application no 8734/79, para 63, 13.07.1983.

[xvi] Nielson and Johnsen v. Norway, Application no 23118/93, para  48, 25.11.1999.

[xvii] Müvafiq olaraq, Muller v. Switzerland, 13 EHRR 212, 1991; Markt Intern v. Germany, 12 E.H.R.R. 161, 1989; Thorgeir v. Iceland, Application no 13778/88, para 63, 25.06.1992; Pryanishnikov v. Russia, Application no 25047/05, para 62, 10.09.2019; Gorelishvili v. Georgia, Application no 12979/04, para 40, 05.06.2007; Norwood v. UK, Application no 23131/03, 16.11.2004.

[xviii]Morice v. France, Application no. 29369/10, para 125, 23.04.2015.

[xix] Willem v. France, Application no 10883/05, para 33, 16.07.2009.

[xx] Petrina v Romania, Application no 78060/01, para 48, 14.10.2008.

[xxi]Gündüz v. Turkey, Application no 35071/97, para 41, 04.12.2003.

[xxii] Skałka v. Poland, Application no 43425/98, para 34, 27.05.2003.

[xxiii] Case of UJ v. Hungary, Application no. 23954/10, para 20, 19.07.2011.

[xxiv] Leroy v. France, Application no 36109/03, para 42, 02.10.2008.

[xxv] Paul Nicholson, “UEFA bans Qarabağ’s Ibrahimov after call to ‘kill’ all Armenians”, Inside world football, 04.11.2020,  http://www.insideworldfootball.com/2020/11/04/uefa-bans-qarabags-ibrahimov-call-kill-armenians/, son giriş tarixi: 01.02.2020.

[xxvi] “Müəllimlər siyasi səbəblərlə işdən çıxarıldılar”, Toplum TV, 28.04.2017, https://toplum.tv/az/muellimler-siyasi-sebeblerle-isden-cixarildilar/#.X9O4bc1KhPY, son giriş tarixi: 01.02.2020.

[xxvii] Vogt v. Germany, Application no 17851/91, para 52, 26.09.1995.

[xxviii] Case of Fatullayev v. Azerbaijan, Application no 40984/07, para 1280, 4.10.2010.

[xxix]Yenə orada, 6, para. 75.

[xxx]Axel Springer AG v. Germany, Application no 39954/08, paras 87, 88, 07.02.2012.

[xxxi] MTE and Index.hu ZRT v. Hungary, Application no 22947/13, paras 72-88, 02.02.2016.

[xxxii] Yenə orada, 1, para 47.

[xxxiii]Lingens v. Austria, Application no 9815/82, para 42, 08.07.1986.

[xxxiv] Case of Castellas v. Spain, Application no 117/98, para 46, 23.04.1992.

[xxxv]Bodrožić v. Serbia, Application no 32550/05, para 54, 23.06.2009.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.