fbpx

Cəmiyyət

Cəmiyyət

Bilik nədir? (klassik baxış)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Tez-tez olur ki, ətrafımızdakı insanlar barədə eşidirik: “Filankəs bilikli insandır” və ya “Filankəs filan məsələni yaxşı bilir”. Başqa sözlə, bilik insanlara tez-tez aid etdiyimiz əsas və müsbət sayılan xüsusiyyətlərdəndir. O, elə bir xüsusiyyətdir ki, insan-dünya münasibətlərinin təməlində dayanmaqla, bizim ətraf mühitə baxışımızı və davranışlarımızı müəyyən edir, həmçinin ümumi desək, həyatımıza xeyli dərəcədə birbaşa təsir etmiş olur. Bu səbəbdəndir ki, bilik qədim dövrlərdən bəri fəlsəfənin mərkəzi mövzularındandır. Bəs, filosoflar bilik dedikdə konkret olaraq nəyi nəzərdə tuturlar? Burada biz bu sualı nəzərdən keçirəcəyik. İlk öncə tanış olacağıq ki, onlar biliyin əsas üç növünü – tanışlıq biliyi, bacarıq biliyi və propozisional biliyi – bir-birindən fərqləndirirlər. Sonra isə filosofların daha çox üzərində fokuslanmış olduğu propozisional biliyə malik olmanın şərtlərindən bəhs edəcəyik.

Biliyin növləri

Biliyin nə olduğunu izah etmək üçün birbaşa olaraq onun tərifinə keçmək çətin olardı. Bunun əsas səbəbi ondan ibarətdir ki, fəlsəfi ədəbiyyatda insana aid xeyli müxtəlif nəsnələri bilik kimi təqdim edirlər. Bu isə onların hamısı üçün ortaq bir tərif çıxarmaq işini xeyli qəlizləşdirir.[1] Bilik adlandırılan nəsnələri bir çox filosofların əsərlərində geniş istifadə olunan bölgüdə üç qrupa ayırırlar: 1) tanışlıq bilik; 2) bacarıq bilik; 3) propozisional bilik. Gəlin hər üç növü sadə misallarla nəzərdən keçirək. Bu, bizə biliyin nə olması ilə bağlı ilkin təsəvvürləri verəcəkdir. Məqalənin növbəti hissəsində isə sonuncu növün tərifinə nəzər salarıq.

Tanışlıq bilik. Bu, elə bilik növüdür ki, burada bilik sahibi olan insanla biliyin obyekti arasında vasitəsiz, birbaşa əlaqə olur. Məsələn, siz gündüz vaxtı küçənin ortasında dayandıqda müxtəlif səslər eşidirsiniz və müxtəlif şeylər görürsünüz. Bu, o deməkdir ki, ətrafınızda olan şeylər yaratdıqları səs və əks etdirdikləri işıq dalğaları vasitəsi ilə sizin hiss orqanlarınıza – qulağınıza və gözünüzə – təsir edir. Nəticədə siz müxtəlif hisslər yaşamış olursunuz. İndi isə eşitmə, görmə və digər hisslərinizə səbəb olan şeyləri hələlik kənara qoyun. Keçirdiyiniz hisslərin özünə fokuslanın. Onlar sizə necə verilir? Əlbəttə, birbaşa. Hisslərimizlə biz (ağrı, sevinc və s. digər yaşantılar kimi) birbaşa olaraq tanışıq. Müəyyən bir zaman anında hansı hissləri keçirdiyimizi yalnız özümüz bilirik. Müqayisə üçün diqqət edin ki, biliklərimizin əhəmiyyətli bir hissəsinin obyekti bizə birbaşa olaraq verilmir. Məsələn, İkinci dünya müharibəsi 1945-ci ildə bitmişdir, Əmtəəyə tələbat artdıqca satış qiyməti qalxır kimi məzmuna malik biliklərin obyekti bizə birbaşa olaraq deyil, müvafiq anlayışlar vasitəsilə verilir. Belə bilikləri əldə etmək üçün biz müvafiq anlayışları (İkinci dünya müharibəsi, 1945-ci il, əmtəə, satış qiyməti və s.) adətən – əgər özümüzdən anlayış və ya fərziyyə vermiriksə – ya oxumaqla, ya da kimdənsə eşitməklə əldə etməli və anlamalıyıq. Ancaq sonunculardan fərqli olaraq (sonuncular propozisional biliyə aid nümunələrdir və haqqında aşağıda bəhs ediləcək), hansı hisslərə məruz qaldığımızı kiminsə dəqiq bilərək bizə söyləməsi mümkün deyil. Yalnız hissləri yaşayan subyekt özü birbaşa olaraq öz hisslərinin nə və ya necə olması barədə epistemik nüfuza malikdir. Bu baxımdan, hisslərimizi bilməyimiz üçün heç bir vasitəçiyə və ya mücərrəd anlayışlara ehtiyac da yoxdur.[2]

Bacarıq bilik. Biliklərimizin xeyli hissəsi nə İkinci dünya müharibəsi 1945-ci ildə bitmişdir formasındadır, nə də ki hiss və yaşantılarımıza aiddir. Biz bir çox şeyləri sadəcə necə etmək lazım olduğunu bilirik, yəni, hansısa bacarıqlara malikik. Məsələn, velosiped sürən velosiped sürməyin necə olduğunu, dülgər taxtadan müxtəlif əşyaları necə düzəltməyi, pianoçu pianonu necə çalmağı bilir. Bu növ bilikləri biz ancaq kitabları oxumaqla və ya müəllimləri dinləməklə əldə edə bilmərik. Mümkündür ki, kimsə velosiped sürmək barədə kitab yazmış olsun və siz də onu oxuyub nələrisə öyrənəsiniz. Ancaq velosiped sürməyi bacarmırsınızsa, yalnız müvafiq kitabı oxumaqla sürməyi öyrənə bilməyəcəksiniz; bu bacarığa yiyələnmək üçün velosipedə minib sürməyə cəhd etmək, başqa sözlə, sürməyi praktika edərək öyrənmək lazımdır. Bəzən bu növ biliyi praktiki bilik də adlandırırlar, çünki misallardan da göründüyü kimi, bacarıq bilik bizim praktiki fəaliyyətlərimizə bağlıdır. Belə yeni bilikləri biz əsasən görüb praktika etməklə əldə edirik.[3]

Propozisional bilik. Nəhayət, üçüncü növ bilik – propozisional bilik – tez-tez kitablar oxuduqda və ya şifahi nitq dinlədikdə əldə etdiyimiz bilikdir. Bu növ biliyi daha sadə şəkildə müəyyən bir informasiya əsasında olan bilik kimi də xarakterizə etmək olar. Propozisional bilik dildə adətən nəqli cümlə şəklində ifadə olunur. (Propozisiya fəlsəfi ədəbiyyatda çox zaman cümlənin mənası kimi təqdim edilir.) Yuxarıda çəkdiyimiz misallara uyğun cümlələr, “İkinci dünya müharibəsi 1945-ci ildə bitmişdir”, “Əmtəəyə tələbat artdıqca satış qiyməti qalxır”, həmçinin “Səhərlər insanlar işə gedirlər”, “Daş bərkdir” və s. bu kimi bayağı məzmunlu cümlələr müvafiq propozisional bilikləri ifadə edir. Yəqin, artıq təxmin etmiş oldunuz ki, orta məktəb və universitetlərdə öyrəndiklərimizin əksər hissəsi elə propozisional bilik növünə aiddir. Fəlsəfi ədəbiyyatda da daha çox diqqət mərkəzinə düşən elə bu bilik növüdür.

Propozisional biliyə sahib olmanın şərtləri

Bəs bir insanın hər hansı bir (propozisional) biliyə sahib olduğunu söyləyə bilməyimiz üçün hansı şərtlər ödənməlidir? Məsələn, Süsənin Arifin maşını olduğunu bilməsi üçün zəruri olan şərtlər hansılardır?

Biliyin klassik analizinə əsasən burada üç şərtin ödənməsi zəruridir. Birincisi, Süsən inanmalıdır ki, Arifin maşını var. İkincisi, Arifin maşınının olması doğru olmalıdır. Üçüncüsü, Süsənin Arifin maşınının olduğuna inanmasının əsası olmalıdır. Yalnız bu üç şərt birlikdə ödəndikdə biz deyə bilərik: Süsən bilir ki, Arifin maşını var. Süsəni S-lə, biliyin məzmunu isə P-ilə əvəzləyib formal dildə ifadə etsək,

S bilir ki, P-dir, əgər və yalnız əgər:

1) S inanır ki, P-dir;
2) P doğrudur;
3) S-in P-yə inanmaqda əsası var.

Platonun Theaitetos dialoqundan bəri uzun yüzilliklər ərzində bilik anlayışı ənənəvi olaraq yuxarıdakı formula uyğun qəbul edilib. Bu formulu tərif formasında qısaca olaraq belə də ifadə etmək olar: Bilikəsaslandırılmış doğru inamdır.

Gəlin indi bilik üçün zəruri olan bu üç şərtə ayrı-ayrılıqda nəzər salaq.

İnam şərti. Bəri başdan deyim ki, inam dedikdə, burada yalnız Allah var, Öləndən sonra insan ruhu yaşayır və s. kimi dini məzmunlu deyil, eyni zamanda istər elmi, istərsə gündəlik həyatımızla bağlı çox müxtəlif məzmunlu mental vəziyyətlərin bir növü nəzərdə tutulur. Məsələn, “Hava bu gün günəşlidir”, “Biz XXI əsrdə yaşayırıq”, “Şaxta baba qışda gəlir”, “Cismə təsir edən qüvvə onun kütləsi ilə təcilinin hasilinə bərabərdir” kimi cümlələr səmimi olaraq kiminsə dilindən səslənirsə, biz həmin şəxs haqqında deyə bilərik ki, o, müvafiq inamlara – yəni, havanın bu gün günəşli olmasına, bizim XXI əsrdə yaşamağımıza və s. – malikdir. (Hərçənd, cümlələrimiz bir sıra hallarda inamlarımızı ifadə etməyə də bilər. Yalan danışdıqda insanlar inamlarını gizlədirlər.) İnam zehnimizin elə bir vəziyyətidir ki, inam daşıyıcısı olan şəxs onun məzmununda əks olan halı gerçəkləşmiş hesab edir. Şaxta babanın qışda gələcəyinə inanan uşaq Şaxta babanın qışda gəlməsi halını gerçəkliyin bir hissəsi sayır.[4] Əlbəttə, inamlarımızın hamısı doğru deyil. Biz bir çox halları gerçək hesab etsək də, onların xeyli qismi məzmunlarına görə gerçəkliyə uyğun gəlmir. İstənilən halda, inam biliyin zəruri şərtlərindən biridir və inam daşıyıcısı olmadan biliyə malik olmaq mümkün deyil.

Doğruluq şərti. Doğruluq dedikdə, burada fikrin və ya inam məzmununun gerçəkliyə uyğun gəlməsi nəzərdə tutulur. Məsələn, kitab stolun üstündədir inamı yalnız o zaman doğrudur ki, kitab (həqiqətən) stolun üstündə olsun. Bu misal sizə təkrarçılıq kimi görsənməsin. Burada iki kateqoriyanı bir-birindən fərqləndirmək lazımdır: 1) doğruluq daşıyıcısı olan fikir (buna bəzən propozisiya da deyilir) və ya inam; 2) müəyyən bir gerçək hal. Kitab stolun üstündədir inamının doğru olması üçün gerçəklikdə aşağıdakı şəkildə təsvir olunan halın olması zəruridir. Əks halda, inam yanlış olacaqdır.

Biliyin doğruluq şərtinə görə, yalnız doğru olan inam daşıyıcısı haqqında deyilə bilər ki, o, müvafiq biliyə sahibdir. Günəşin Yer ətrafında fırlanması, Bakıda yayda havaların soyuq olması kimi gerçəkliyə uyğun gəlməyən məzmuna malik inamlar əsasında bilik mümkün ola bilməz.

Əsaslandırma şərti. Filosofların əksəriyyəti belə düşünürlər ki, subyektin doğru inama sahib olması hələ onun bilik sahibi olması anlamına gəlmir. Çünki elə hallar ola bilər ki, subyekt doğru inama sahib olsun, ancaq o inam subyektdə düzgün olaraq formalaşmasın. Məsələn, tutaq ki, Süsən əllərini arxaya apararaq, bükülmüş kiçik kağız parçasını sağ əlində gizlədir, sonra isə əllərini qarşısında duran Azərə uzadaraq kağız parçasını hansı əlində gizlətdiyini ondan soruşur. Azər Süsənin kağızı hansı əlində gizlətdiyini görmədiyi halda əminlik hissi ilə deyir ki, kağız Süsənin sağ əlindədir. Və onun söylədiyi təsadüfən doğru çıxır. Göründüyü kimi, bu nümunədə Azərin kağız Süsənin sağ əlindədir inamı doğrudur. Bununla belə, sual etməyə dəyər: Azər həqiqətən bilirmi ki, kağız Süsənin sağ əlindədir? Bilik problemləri ilə məşğul olan əksər filosofların fikrinə əsasən, Azər kağızın Süsənin sağ əlində olması ilə bağlı doğru inama sahib olmasına baxmarayaq, o, bilmir ki, kağız Süsənin sağ əlindədir. Çünki burada biliyin üçüncü şərti olan əsaslandırma ödənməyib. Yəni Azərin kağızın Süsənin sağ əlində olması ilə bağlı inama malik olması üçün sözün epistemik mənasında əsası yoxdur.

İndi isə başqa bir mümkün hal olaraq təsəvvür edin ki, Süsən əllərini arxaya apararaq kağızı gizlədən zaman Azər onu güzgü vasitəsilə görmüş olur. Və bunun nəticəsində onda kağızın Süsənin sağ əlində olması inamı formalaşır. Bu halda biz deyə bilərik ki, Azər müvafiq biliyə sahibdir. Çünki onun inamı doğru olmaqla yanaşı görmə vasitəsilə əsasa da malikdir. (Əsas başqa cür də ola bilərdi. Məsələn, Süsənin kağızı sağ əlində gizlətdiyini görən kimsə bunu Azərə işarə ilə başa sala da bilərdi). Bir sözlə, burada artıq bilik üçün zəruri olan hər üç şərt ödənmiş sayılır:

Azər bilir ki, kağız Süsənin sağ əlindədir, ona görə ki:

1) Azər inanır ki, kağız Süsənin sağ əlindədir;
2) Kağızın Süsənin sağ əlində olması doğrudur;
3) Azərin əsası var, inansın ki, kağız Süsənin sağ əlindədir.

Nəticə əvəzi

Biliyin məhz əsaslandırılmış doğru inam olması yuxarıda göstərildiyi aydın şəklində fəlsəfi ədəbiyyatda son dövrlərdə ifadə olunsa da, uzun yüzilliklər ərzində bu məsələlərlə məşğul olan müxtəlif filosoflar tərəfindən implisit olaraq qəbul olunmuşdur. Ancaq son olaraq xatırlatmaq yerinə düşər ki, XX əsrin ikinci yarısında yazdığı kiçik həcmli “Əsaslandırılmış doğru inam bilikdirmi?” adlı məqaləsi ilə Edmund Qetier (Edmund Gettier) biliyin bu mətndə bəhs etdiyimiz klassik analizini ciddi şəkildə tənqid etmişdir.[5] Qetierin tənqidi filosoflar arasında olduqca böyük marağa səbəb olmuş və bilik mövzusu ilə bağlı fərqli konsepsiyaların ortaya çıxmasında stimul rolunu oynamışdır. Yaşadığımız dövrdə də nəzəri fəlsəfənin mühüm bir istiqaməti olaraq bilik problemləri ilə məşğul olan filosofların sayı yetərincə çoxdur.[6]

İstinadlar

[1] Fəlsəfədə bilik problemləri ilə xüsusi məşğul olan sahə epistemologiya adlanır. Episteme qədim yunancadan tərcümədə elə bilik deməkdir.

[2] Tanışlıq bilik haqqında daha ətraflı məlumat üçün bax: Russell, Bertrand, 1910–11, “Knowledge by Acquaintance and Knowledge by Description” Proceedings of the Aristotelian Society, 11: 108–128.

[3] Bacarıq bilik üçün daha ətraflı bax: Fantl, Jeremy, “Knowledge How”, The Stanford Encyclopedia of Philosophy (Spring 2021 Edition), Edward N. Zalta (ed.), URL = <https://plato.stanford.edu/archives/spr2021/entries/knowledge-how/>.

[4] Müqayisə üçün əlavə edim ki, biz bütün mental vəziyyətlərdə heç də onda əks olunan halı gerçək hesab  etmirik. Məsələn, arzu özü də mental vəziyyət olsa da, arzu daşıyıcısı olan şəxs onda əks olunanı gerçək hesab etmir. Çoxları arzu edir ki, milyonçu olsun, ancaq bu, o demək deyil ki, milyonçu olmağı arzu edənlər həqiqətən özlərini milyonçu hesab edirlər.

[5] Bax: Qetier, E., 2021. “Əsaslandırılmış doğru inam bilikdirmi?”, Bakı Araşdırmalar İnstitutu, tərc. Emin İmanlı, https://bakuresearchinstitute.org/en/edmund-qetier-esaslandirilmis-dogru-inam-bilikdirmi/

[6] Müasir bilik nəzəriyyələrinə tematik giriş vəsaiti olaraq bax: Bernecker, S., 2006. Reading epistemology. Oxford: Blackwell. A nice collection of articles, each of.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.