fbpx

TRANSLATION

TRANSLATION

Hilas və Filonus arasında üç dialoq

Read this article on other language
Download article
image_pdf
image_pdf

Corc Berkli (1685-1753) məşhur britaniyalı filosofdur. Onun Hilas və Filonus arasında üç dialoq (Three Dialogues between Hylas and Philonous) əsəri qabaqcıl universitetlərin bir çoxunda fəlsəfə ixtisası üzrə təhsil alan ilk kurs tələbələrinə oxunması tövsiyə olunan əsərlərdən biridir. Əsər dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmişdir.

Üçüncü dialoqun altıncı hissəsi (mətnin sonunda dialoqun əvvəlki hissələrinə və Ön sözə keçid yerləşdirilmişdir)

Filonus: Düşünün, insan sualın bir tərəfi ilə bağlı səbəbini bilməyərəkdən tərəddüd edəndə, bu, hər zaman köhnə və köklü anlayışlarla müşayiət olunan önyarğının təsirindən başqa nəsə bir şey ola bilər? Əslində, bu baxımdan inkar edə bilmərəm ki, elmi təhsil almış insanların yanında materiyaya inam əks fikrə münasibətdə daha çox üstünlüyə malikdir.

Hilas: Etiraf edim ki, bu, siz deyən kimi görünür.

Filonus: Ona görə də, belə bir önyarğıya qarşılıq olaraq, gəlin tərəzinin o biri gözünə elə böyük üstünlükləri qoyaq ki, həm dinə, həm də insanın öyrənməsinə münasibətdə immaterializmə inamdan qaynaqlansın. Allahın varlığı və ruhun ölməzliyi, dinin böyük ehkamları, – bunlar ən aydın və birbaşa şəhadət vasitəsi ilə sübut olunmadı? Allahın varlığı dedikdə, haqqında heç bir anlayışımızın olmadığı, şeylərin ümumi, qeyri-aydın səbəbini deyil, sözün ciddi mənasında Allahı, ruhaniliyi, həryerdəolarılığı, bəsirəti, hərşeyibiləriliyi, sonsuz güc və yaxşılığı öz varlığımız qədər şübhəsiz (skeptiklərin aldadıcı iddiaları və təsirə malik tərəddüdlərinə baxmayaraq), hissi şeylərin mövcudluğu kimi aşkar olan bir Varlığı nəzərdə tuturam. Sonra humanitar elmlərə gəldikdə: Naturfəlsəfənin materiyaya inamı insanları necə də dolaşıqlıqlara, qaranlığa, ziddiyyətlərə gətirdi! Saysız mübahisələrin miqyasını, davamlılığını, yeknəsəqliyini, çəkiciliyini, şaxəliliyini və s. kənara qoysaq, – onlar bütün şeyləri hərəkət qanunlarına əsasən, cisimlərin cisimlər üzərindəki təsiri ilə izah etməyə iddia etmirlərmi? Bununla belə, onlar bir cismin digər cismi necə hərəkətə gətirdiyini dərk edə bilirlərmi? Digər tərəfdən, qəbul etsək ki, süst materiya anlayışını səbəb anlayışına uyğunlaşdırmaqda, yaxud bir vəziyyətin bir cisimdən digərinə necə keçə bilməsini anlamaqda heç bir çətinlik yoxdur, – yenə də, bütün gərgin fikirləri və qeyri-adi gümanları ilə onlar hansısa bir heyvan və bitki bədəninin mexaniki yaradılmasına nail ola biliblər? Onlar səsləri, tamları, iyləri və ya rəngləri, yaxud şeylərin müntəzən gedişatını hərəkət qanunları vasitəsilə izah edə bilirlər? Onlar fizikanın qanunları vasitəsilə kainatın ən əhəmiyyətsiz hissələrinin meyl və məqsədini izah ediblər? Hərçənd, materiya və cismani səbəbləri kənara qoysaq və yalnız hərtərəfli kamil Zehnin təsirini qəbul etsək, təbiətin bütün təsirləri asan və ağlabatan olmazmı? Əgər fenomenlər ideyalardan başqa heç nə deyilsə, Allah ruhi, materiya isə ağlabatmaz və qavramayan varlıqdır. Əgər onlar səbəblərində qeyri-məhdud güc nümayiş etdirirlərsə, demək, Allah aktiv və hərşeyəqadir varlıqdır, materiya isə süst kütlədir. Əgər onların nizamı, müntəzəmliyi və faydalılığı heç vaxt lazımi dərəcədə heyranlıq yarada bilmirsə, Allah sonsuz müdrik və bəsirətli, materiya isə bütün cür məqsəd və plandan məhrumdur. Bunlar, əlbəttə,  fizikada yüksək üstünlüklərdir. Hələ onu demirəm ki, uzaq Allah təsəvvürü insanları əxlaqlarına səhlənkar olmağa təbii olaraq meyilli edir – halbuki, əgər Onu birbaşa yaxınlıqda, materiyanın və qeyri-zehni ikinci səbəbin vasitəçiliyi olmadan zehinlərinə təsir edən olaraq düşünsəydilər, əxlaqlarına daha diqqətli olardılar. Sonra, metafizikaya gəldikdə: abstrakt nəsnə, substansional formalar, hilarxik başlanğıclar, plastik mahiyyətlər, substansiya və aksidensiyalar, individualizasiya prinsipi, materiyanın düşünmə mümkünlüyü, ideyaların mənşəyi, RuhMateriya qədər bir-birindən fərqli iki müstəqil substansiyanın bir-birinə təsir etməsi tərzi ilə bağlı hansı çətinliklər var? Deyirəm, yalnız Ruhları və ideyaları güman etməklə, bu və saysız oxşar məsələlərlə bağlı hansı çətinliklər və sonsuz axtarışlardan yan keçirik? Yertutumlu şeylərin mütləq mövcudluğunu kənara qoysaq, hətta riyaziyyat özü daha aydın və asan olur; bu elmlərdəki ən heyrətləndirici paradokslar və dolaşıq spekulyasiyalar həmin gümana əsaslanan məhdud yertutumun qeyri-məhdud bölünməsindən asılıdır. Bəs, xüsusi elmlərin üzərində dayanmağa nə ehtiyac var? Məgər bütün elmlərə qarşı olan bu müxaliflik, qədim və müasir skeptiklərin ağılsızlığı eyni əsasa söykənmir? Yoxsa, cismani şeylərin gerçəkliyi əleyhinə və ya onların təbiətləri haqqında açıq qəbul olunan tam xəbərsizliyin – ki, gerçəkliyin xarici mütləq mövcudluqda olduğunu güman etmir – xeyrinə bircə arqument gətirə bilərsiniz? Əslində, bu gümanla, göyərçinin boynundakı rənglərin dəyişikliyi və ya sudakı sınıq kürək təzahürü iradlarının çəkiyə malik olduğu hesab edilməlidir. Ancaq əgər biz zehindənkənar mütləq mövcudluğu iddia etməsək və şeylərin gerçəkliyinin əslində ötücü və dəyişkən olan ideyalarda yerləşdirsək,onda bu və oxşar iradlar yoxa çıxacaq; – hərçənd, bu dəyişiklik təsadüfi qaydada deyil, təbiətin bəlli nizamına uyğun baş verir. Çünki həyatın bütün qayğılarını sığortalayan şeylərin daimiliyi və həqiqəti məhz onda şərtlənir və o, gerçək olanı təxəyyülün qeyri-müntəzəm görmələrindən fərqləndirir.

Hilas: İndi dediklərinizin hamısı ilə razıyam və etiraf etməliyəm ki, onunla əlaqəli gördüyüm üstünlüklər qədər başqa heç bir şey məni sizin düşüncənizi qəbul etməyə sövq edə bilməz. Mən təbiətən tənbələm; və bu, biliyə olan yolu xeyli qısaldardı. Tək İmmaterializm ifadəsi ilə nə qədər şübhədən, fərziyyədən, nə qədər söz oyunundan, mübahisə sahələrindən, nə qədər yanlış alimlik dəryasından yan qaçmaq olar.

Filonus: Əvvəl axır, etməyə başqa nəsə qalırmı? Xatırlaya bilərsiniz ki, araşdırdıqda Sağlam Düşüncəyə ən uyğun və Skeptisizmdən uzaq fikri qəbul edəcəyinizə söz vermişdiniz. Öz etirafınıza əsasən, bu, materiyanı, yaxud cismani şeylərin mütləq mövcudluğunu inkar edən fikirdir. Hərçənd, bu heç də məsələnin tamı deyil; eyni anlayış müxtəlif aspektlərdən baxılaraq, nəticələri nəzərdən keçirilərək və ona qarşı olan bütün iradlar aydınlaşdırılaraq bir neçə yolla sübut edildi. Onun həqiqiliyinə dair daha yaxşı sübut ola bilərmi? Yaxud, mümkündürmü ki, o, doğru fikrin bütün xüsusiyyətlərinə malik olmaqla yanaşı, yanlış olsun?

Hilas: Etiraf edirəm ki, indilik bütün aspektlərdən tamamilə qane olmuşam. Ancaq hansı zəmanətim ola bilər ki, mən gələcəkdə də sizin fikrinizinlə razı qalmağa davam edəcəm və bundan sonra ortaya gözlənilməz irad və ya çətinlik çıxmayacaq?

Filonus: Zəhmət olmasa, deyin, Hilas, digər hallarda da məsələ bir dəfə sübut olunduqdan sonra ona aid ola biləcək irad və çəkinliklərə görə razılıq verməkdən çəkinirsiniz? Ortaq ölçüsüz kəmiyyətlər, əyri asimptotları, toxunma bucağı və ya digər oxşar nəzəriyyələrə aid çətinliklər sizin riyazi sübut əleyhinə dayanmağınız üçün kafi əsas olarmı? Yaxud, ilahi bəsirətlə necə bir araya gətirəcəyinizi bilmədiyiniz bəzi xüsusi hallar ola bilər deyə, siz ona inanmayacaqsınız? İmmaterializmə aid çətinliklər varsa da, eyni zamanda onun birbaşa və aşkar sübutu da vardır. Ancaq materiyanın mövcudluğu üçün bir dənə də olsun sübut yoxdur, əksinə, onun əleyhinə çoxlu sayda aradan qaldırıla bilməyən iradlar mövcuddur. Bəs, sizin təkid etdiyiniz tutarlı çətinliklər hanı? Heyhat! Siz onların harada və ya nə olduğunu bilmirsiniz; ola bilsin, sonradan tapdınız. Əgər bu, sizin tam razılığa gəlməməyiniz üçün kafi bəhanədirsə, onda siz heç bir fikrə –  o, nə qədər istisnalardan azad, nə qədər aydın və əsaslı sübut olunmuş olursa olsun – tam razılıq verməməlisiniz.

Hilas: Məni qane etdiniz, Filonus.

Filonus: Ancaq gələcək bütün iradlar üçün bunu diqqətdə saxlayın ki, iki ziddiyyətli fikrin eyni dərəcədə əleyhinə olan onların heç biri əleyhinə sübut ola bilməz. Ona görə, nə zaman ki hansısa çətinlik ortaya çıxır, çalışın onun üçün həlli materialistlərin fərziyyələri əsasında tapa biləsən. Sözlərə aldanmayın, öz fikirlərinizə arxalanın. Və əgər onu materializmin köməkliyi ilə anlamasanız, aydındır ki, o, immaterializmə qarşı da irad ola bilməz. Əvvəlcədən bu qaydaya əməl etsəydiniz, yəqin ki, özünüzü iradlarla bağlı bir çox narahatçılıqlardan qorumuş olardınız; çünki mənim tələbim o idi ki, çətinliklərdən materiya ilə izah olunan birini göstərəsiniz; hansı ki, həmin gümanla onsuz olduğundan daha anlaşılmazdır və nəticə etibarı ilə onun əleyhinədir, nəinki xeyrinə. Siz hər birini ayrılıqda nəzərdən keçirməlisiniz, görək çətinlik materiyanın qeyri-mövcudluğundan yaranırmı. Əgər yaranmırsa, onda siz yertutumun sonsuz bölünənliyini, necə ki belə çətinlikdən immaterializm əleyhinə istifadə edirsiniz, ilahi bəsirət əleyhinə arqument kimi də gətirə bilərsiniz. Hərçənd, inanıram ki, xatırlasanız, görərsiniz ki, bu hal həmişə olmasa da, tez-tez baş veribdir. Oxşar şəkildə, çalışmalısınız ki, arqumentləriniz petitio principii üzərində qurulmasın. Adam istəyir desin ki, bilinməyən substansiyaları zehnimizdəki ideyalar kimi qəbul etməkdənsə, gerçək şeylər kimi qəbul etmək gərəkdir: kim mübahisə edər ki, qeyri-zehni xarici substansiya ideyalarımızın yaranmasında səbəb və ya alət kimi çıxış edə bilər? Ancaq bu, xarici substansiyaların mövcudluğunu güman etməyin davamı deyil? Və bunu güman etmək əsas sualdan yan keçmək deyilmi? Bundan əlavə, siz ignoratio elenchi adlanan sofizmə yuvarlanmağın fərqində olmalısınız. Tez-tez deyirdiniz ki, siz elə bilirdiniz mən hissi şeylərin qeyri-mövcudluğunu qəbul etmişəm. Ancaq, əslində, heç kim məni qədər onların mövcudluğuna əmin ola bilməz. Şübhə edən, daha doğrusu, qətiyyətlə inkar edən isə sizsiniz. Görünən, hiss edilən, eşidilən və ya hansısa qaydada hisslərlə qavranılan hər şey, sizin deyil, mənim qəbul etdiyim prinsiplərə əsasən, gerçək varlıqdır. Xatırlayın ki, müdafiə etdiyiniz materiya bütün hissi keyfiyyətlərdən məhrum, nə hisslə qavranıla bilən, nə də zehinlə dərk edilən, bilinməyən nəsədir (əgər onu nəsə adlandırmaq mümkün olarsa). Xatırlayın ki, o, hər hansısa bir bərk və ya yumşaq, mavi və ya ağ, yumru və ya kvadrat obyekt (bütün bu şeylərlə bağlı təsdiq edirəm ki, onlar mövcuddur) deyil. Baxmayaraq ki, əslində, onların mövcudluğunun qavranılan olmaqdan fərqli olduğunu, yaxud istənilən cür zehindən kənarda mövcudluğunu inkar edirəm. Bu məsələlər üzərində düşünün, onları diqqətlə nəzərdən keçirin və yenə də nəzərinizdə saxlayın. Əks halda, sualın qoyuluşunu başa düşə bilməyəcəksiniz; və bunsuz iradlarınız həmişə hədəfdən yan keçəcəkdir və mənimkilərdən fərqli olaraq, mümkün ki, (artıq bir neçə dəfə baş verdiyi kimi) öz anlayışlarınızın əleyhinə yönələcəkdir.     

Hilas: Filonus, etiraf etməliyəm ki, məhz sualı düzgün anlamamaq qədər məni sizinlə razılaşmaqdan kənar tutmuş heç bir şey görünmür. İlk baxışda düşünməyə meyilli oldum ki, siz materiyanı inkar etməklə gördüyümüz və hiss etdiyimiz şeyləri inkar edirsiniz; ancaq üzərində düşündükdə anladım ki, bunun üşün əsas yoxdur. Materiya adının saxlanması və hissi şeylərə tətbiq edilməsi barədə nə düşünürsünüz? Bunu sizin düşüncələrinizə heç bir dəyişiklik etmədən etmək olar; və inanın mənə ki, bu,  onları sözlərdəki yeniliklərə fikirlərdəkindən daha çox heyrətlənə biləcək şəxslərlə barışdırmaq üçün bir vasitə olardı.

Filonus: Bütün qəlbimlə: əgər istəyirsinizsə, materiya sözünü saxlayın və onu hissi obyektlərə tətbiq edin; o şərtlə ki, onlara qavranılan olmaqdan başqa hansısa mövcudluğu aid etməyəcəksiniz. Heç vaxt sizinlə sözə görə mübahisə etmərəm. Materiya və ya maddi substansiya filosoflar tərəfindən daxil edilmiş terminlərdir və onların istifadəsinə uyğun olaraq, bir növ müstəqilliyi və ya zehin tərəfindən qavranılan olmaqdan fərqli bir mövcudluğu ehtiva edir; bunlar adi danışıqda heç vaxt istifadə edilmir; ya da hissiyatın birbaşa obyektlərini işarələmək üçün istifadə edilir. Ona görə də, düşünmək olardı ki, bütün xüsusi şeylərin adları, hissi, substansiya, bədən, cisim və digər terminlərlə dildə qaldıqca, materiya sözü adi danışıqdan itməməlidir. Fəlsəfi diskurslarda isə, görünür, ən yaxşı yol onu tamamilə kənara qoymaqdır; çünki güman ki, bu ümumi və qarışıq terminin istifadəsindən daha çox zehnin ateizmə doğru yanlış meylinə kömək edən və onu gücləndirən başqa heç nə yoxdur.

Hilas: Yaxşı, Filonus, ancaq düşünürəm ki, zehnindən xaric düşünməyən substansiya anlayışını kənara qoymağa razıyam deyə, istədiyim vaxt materiya sözünü istifadə etmək və ona yalnız zehində mövcud olan hissi keyfiyyətlər məcmusunu aid etmək üstünlüyümü inkar etməməlisiniz. Tam etiraf edirəm ki, sözün ciddi mənasında, Ruhdan başqa substansiya yoxdur. Uzun müddətdir ki, materiya termininə elə öyrəşmişəm ki, ondan necə ayrılmağı bilmirəm. Bu dünyada materiyanın olmadığını demək hələ də məni şok edir. Ancaq deyilsə ki, “materiya yoxdur, əgər bu terminlə zehinsiz mövcud olan düşünməyən substansiya nəzərdə tutulursa; materiya vardır, əgər materiya dedikdə, mövcudluğu qavranılmaqda olan hansısa hissi şey nəzərdə tutulursa”, onda bu fərqləndirmə məsələyə tamamilə başqa istiqamət verər; və əgər bunlar belə təklif edilsə, camaat sizin anlayışlarınızı az çətinliklə qəbul edəcək. Çünki əvvəl-axır materiya ilə bağlı mübahisə sizi ciddi mənada digər filosoflardan ayırır; o filosoflar ki, onların prinsipləri, qəbul edirəm ki, sizinki qədər təbii deyil, yaxud sağlam bəşəri düşüncə və Müqəddəs Yazıya uyğun deyil. Biz nəyisə xoşbəxtlik və ya bədbəxtliyimizin bir hissəsini təşkil etdiyi və ya təşkil etdiyini başa düşdüyümüz qədər onu arzu edirik, yaxud ondan qaçırıq. Bəs, xoşbəxtlik və ya bədbəxtliyin, sevinc və ya kədərin, həzz və ya iztirabın Mütləq mövcudluqla, yaxud da bizimlə bütün əlaqələrdən mücərrədləşdirilmiş bilinməyən nəsnələrlə nə əlaqəsi var? Aydındır ki, şeylərin bizə aidiyyatı onların verdikləri həzz və ya narahatlıq qədərdir. Və onlar qavranıldıqları qədər bizə həzz və narahatlıq verə bilər. Ona görə də bundan ötəsinin bizə dəxli yoxdur; və buraya qədər siz şeyləri rast gəldiyiniz kimi buraxırsınız. Ancaq yenə də, bu təlimdə yeni nəsə var. Əlbəttə, mən indi nə filosoflar, nə də ki adi insanlar kimi düşünmürəm. Bilmək istərdim, məsələ bu baxımdan necədir; daha dəqiqi, ona hansı əlavələri etmisiniz və ya mənim əvvəlki anlayışlarımda nələri dəyişdirmisiniz.

Filonus: Yeni anlayışlar verməyə iddia etmirəm. Cəhdlərimin məqsədi adi insanlar və filosoflar tərəfindən əvvəllər bölüşülən həqiqəti yalnız birləşdirmək və daha aydın işıq altına yerləşdirməkdir: əvvəlkilər bu fikirdədirlər ki, birbaşa qavradıqları şeylər gerçək şeylərdir; sonunculara görə isə, birbaşa qavranılan şeylər yalnız zehində mövcud olan ideyalardır. Əslində, bu iki fikir birlikdə irəli sürdüyümün mahiyyətini təşkil edir.   

Hilas: Uzun müddət idi ki, hisslərimə inanmırdım; düşünürdüm ki, şeyləri tutqun işıqda və aldadıcı şüşələr vasitəsilə görürəm. İndi isə şüşə yoxdur və ağlıma yeni bir işıq düşür. Tam əminəm ki, şeyləri öz təbii formalarında görürəm və onların bilinməyən təbiətləri və ya mütləq mövcudluqları məni artıq qayğılandırmır. Özümü hal-hazırda tapdığım vəziyyət budur; baxmayaraq ki, əslində, məni bura kimi gətirən yolu hələ də tam dərk etmirəm. Akademiklər, dekartçılar və digər oxşar sektalarla eyni prinsiplərdən çıxış etdiniz və uzun müddət elə göründü ki, onların fəlsəfi skeptisizmini davam etdirirsiniz. Lakin nəhayətdə sizin nəticələriniz onlarınkının birbaşa əleyhinədir.

Filonus: Görürsünüz, Hilas, o fəvvarənin suyu necə yumru formada müəyyən hündürlüyə qədər yuxarı qalxır; sonra o parçalanır və geri hovuza düşür; və oradan isə yenidən qalxır. Onun qalxmağı və enməyi vahid qanuna, cazibə qanununa əsasən baş verir. Tamamilə eyni qaydada, ilk baxışdan skeptisizmə aparan eyni prinsiplərə müəyyən mərhələdə baxdıqda, onlar bizi sağlam düşüncəyə geri qaytarır.

Çevirəni və Ön sözün müəllifi Anar Cəfərov

Berklinin Hilas və Filonus arasında üç dialoq əsərinin tərcüməsinə ön söz

https://bakuresearchinstitute.org/az/berklinin-hilas-ve-filonus-arasinda-uc-dialoq-eserinin-tercumesine-on-soz/

Birinci dialoqun birinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq/

Birinci dialoqun ikinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-2/

Birinci dialoqun üçüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-3/

Birinci dialoqun dördüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/hiilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-4/

İkinci dialoqun birinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-4/

İkinci dialoqun ikinci hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-5/

İkinci dialoqun üçüncü hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-6/

Üçüncü dialoqun birinci hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-7/

Üçüncü dialoqun ikinci hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-8/

Üçüncü dialoqun üçüncü hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-9/

Üçüncü dialoqun dördüncü hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-10/

Üçüncü dilaoqun beşinci hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-11/

Share article
FacebookTwitter

Facebook Comment
bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.