fbpx

TRANSLATION

TRANSLATION

Hilas və Filonus arasında üç dialoq

Read this article on other language
Download article
image_pdf
image_pdf

Corc Berkli (1685-1753) məşhur britaniyalı filosofdur. Onun Hilas və Filonus arasında üç dialoq (Three Dialogues between Hylas and Philonous) əsəri qabaqcıl universitetlərin bir çoxunda fəlsəfə ixtisası üzrə təhsil alan ilk kurs tələbələrinə oxunması tövsiyə olunan əsərlərdən biridir. Əsər dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmişdir. Biz bu əsərin ilk dialoqunu şərti olmaqla dörd hissəyə bölərək, ingiliscədən Azərbaycan dilinə tərcümə etməkdəyik. Tərcümənin ilk hissəsini aşağıda oxuya bilərsiniz. Əsərin digər hissələri də tərcümə edildikdən sonra o, tam olaraq internet səhifəmizə yerləşdiriləcəkdir. 

Birinci dialoq

Birinci hissə

A.

Filonus: Sabahınız xeyir, Hilas, sizi bayırda belə erkən görməyi gözləmirdim.

Hilas: Bu həqiqətən nəsə adətdən kənardır. Fəqət dünən gecə haqqında düşündüyüm mövzuyla bağlı başım elə qarışıq idi ki, yata bilməmişəm, buna görə yataqdan qalxmağa və bağda gəzməyə qərar verdim.

Filonus: Bu, yaxşıdır, sizə hər səhər hansı saf və xoş həzləri qaçırdığınızı görmək şansı verir. Günün daha xoş bir vaxtı və ya daha füsunkar mövsüm ola bilərmi? O bənövşəyi səma, quşların o cır amma xoşagələn nəğmələri, agaclar və kollar üzərindəki ətirli çiçəklər, doğmaqda olan günəşin xəfif təsiri – bütün bunlar və təbiətin minlərlə izaholunmaz gözəllikləri sirli ecazkarlıqları ilə ruhu ilhamlandırır. Ancaq qorxuram ki, sözünüzü yarımçıq kəsdim, nəyisə deməyə çox niyyətli görünürdünüz.

Hilas: Doğrudur, bəli, davam etməyə icazə versəydiniz sizə minnətdar olardım. Hərçənd, heç də özümü sizinlə söhbətdən məhrum etmək istəmirəm, çünki düşüncələrim kiminləsə söhbətdə daha sərbəst cərəyan edir, nəinki təklikdə. Lütfən, düşüncələrimi sizinlə bölüşməyə icazə verərdinizmi?

Filonus: Bütün qəlbimlə! Siz ilk olaraq başlamasaydınız, özüm bunu rica edəcəkdim.

Hilas: Mən bütün dövrlərdə özlərini adi insanlardan fərqləndirmək istəyi ilə, ya da, Allah bilir, fikirlərindəki hansısa hoqqa ilə ya ümumiyyətlə heç bir şeyə inanmadığını, ya da dünyada ən əcaib şeylərə inandığını iddia etmiş adamların qəribə aqibəti barədə düşünürdüm. Onların paradoks və skeptisizmləri ümumilikdə bəşəriyyət üçün ziyanlı nəticələr gətirməsəydi, bu, o qədər də əhəmiyyət kəsb etməzdi. Ancaq ehtimal var ki, belə ziyanlı nəticələr baş versin; əgər qəbul olunsa ki, bütün vaxtlarını, deyilənə görə, bilik axtarışında keçirmiş insanlar hər şeydən tamamilə xəbərsizdirlər, yaxud onlar aşkar və ortaq qəbul edilmiş prinsiplərlə ixtilafda olan görüşləri müdafiə edirlər, onda bu, belə məsələləri düşünməyə asudə zamanı olmayan digər insanlarıəvvəllər müqəddəs və sorğuolunmaz hesab etdikləri ən mühüm həqiqətlərə şübhəli yanaşmağa təhrik edəcəkdir.

Filonus: Mən bəzi filosofların uydurma şübhələrinin zərərli təsirləri və digərilərinin fantastik mülahizələri ilə bağlı sizinlə tamamilə razıyam. Son zamanlarda mən bunu o qədər güclü hiss etdim ki, onların universitetlərində öyrənmiş olduğum iddialı nəzəriyələrdən adi gündəlik düşüncələrin xeyrinə olaraq əl çəkdim. İnandırım sizi, metafiziki anlayışların əleyhinə, təbiətin aşkar diktəsi və gündəlik düşüncənin xeyrinə olan bu qiyamımdan sonra mənə elə gəlir ki, düşünməyi əvvəlkindən daha yaxşı bacarıram; belə ki, əvvəllər mənə sirli, tapmaca kimi görünən bir çox şeyləri indi daha asan anlaya bilirəm.

Hilas: Şadam ki, barənizdə eşitdiklərim doğru deyilmiş.

Filonus: Deyin görək, nə eşitmisiniz?

Hilas: Son axşamkı söhbətdə siz insan ağlına indiyədək gələn ən qeyri-adi fikri – dünyada maddi substansiya kimi bir şey mövcud deyil – fikrini dəstəkləyən birisi kimi təqdim olunmuşdunuz.

Filonus:Mən ciddi şəkildə inanıram ki, filosoflların “maddi substansiya” kimi adlandırdıqları bir şey mövcud deyil; əgər mənə bunda absurd və şübhəli nəsə göstərilsəydi, o zaman indi bu inama əks olan fikirləri inkar etməyə əsasım olduğu kimi eyni ilə bu inamın özünü də inkar etməyə əsasım olacaqdı.

Hilas: Necə?! Sağlam düşüncə ilə ziddiyyətdə olmaqdan daha fantastik nəsə, ya da materiya kimi bir şeyin mövcud olmamağına inanmaqdan daha aşkar skeptisizm nümunəsi ola bilərmi?

Filonus: Sakit olun, Hilas! Əgər materiyanın mövcudluğunu iddia etdiyinizə görə daha böyük skeptik olduğunuz və belə şeylərə inanmayan mənim kimi biri ilə müqayisədə sağlam düşüncə ilə daha çox ziddiyyətləri və paradoksları təsdiqlədiyiniz ortaya çıxsa, onda nə olacaq?

Hilas: Siz məni hissə bütövdən böyükdür fikrinə inandıra biləcəyiniz kimi, həm də ona inandıra bilərsiniz ki, absurda varmamaq və skeptisizmdən qaçmaq xatirinə materiyaya olan inamımı kənara qoymalıyam.

Filonus: Yaxşı, onda siz sağlam düşüncəyə ən çox uyğun, skeptisizmdən isə istənilən ən uzaq bir baxışı həqiqi olaraq qəbul etməyə razısınızmı?

Hilas: Bütün qəlbimlə! Madam ki, siz dünyadakı ən sadə şeylər haqqında söhbətə başlamaq istəyirsiniz, sizin nə söyləmək istədiyinizi eşitməyə hazıram.

Filonus: Zəhmət olmasa, söyləyin, Hilas, siz “skeptik” deyəndə nəyi nəzərdə tutursunuz?

Hilas: Hər kəsin nəzərdə tutduğunu,“hər şeyə şübhə ilə yanaşan birini” nəzərdə tuturam.

Filonus: Demək, əgər kiminsə müəyyən məsələ ilə bağlı şübhələri yoxdursa, onda bu məsələyə münasibətdə skeptik hesab edilə bilməz.

Hilas: Sizinlə razıyam.

Filonus: Şübhələnmək sualın təsdiq və ya inkar tərəfinin qəbul edilməsindən ibarətdir?

Hilas: Heç birindən ibarət deyil. Dilimizi bilən hər kəs bilməlidir ki, “şübhələnmək” iki tərəf arasında tərəddüdü bildirir.

Filonus: Deməli, əgər kimsə hansısa məsələni inkar edirsə, onun haqqında deyilə bilməz ki, o, həmin məsələ barədə şübhəli qalıb – necə ki o məsələni eyni dərəcədə əminlikdə təsdiqləyən haqqında da bunu demək olmur.

Hilas: Düzdür.

Filonus: Və beləliklə inkar inkar edəni digərindən daha çox skeptik etmir.

Hilas: Mən bunu qəbul edirəm.

Filonus: Onda bəs necə olur ki, Hilas, siz məni sizin təsdiq etdiyinizi – yəni, materiyanın mövcudluğunu – inkar etdiyim üçün skeptik adlandırırsınız? Gördüyünüz kimi, siz təsdiqləməkdə əmin olduğunuz qədər mən də inkar etməkdə əmin ola bilərəm.

Hilas: Dayanın, Filonus, mənim skeptikə verdiyim tərif yanlış idi. Ancaq adamı söhbətdə etdiyi hər yanlış addıma görə saxlamazlar. Bəli, mən dedim ki, skeptik hər şeyə şübhə ilə yanaşan birisidir, fəqət əlavə etməli idim ki, o, şeylərin gerçəkliyini və həqiqətini inkar edən birisidir.

Filonus: Hansı şeylərin? Elmlərin prinsip və teoremlərini nəzərdə tutursunuz? Amma bunlar, bildiyiniz kimi, universal əqli anlayışlardır və materiyaya dəxli yoxdur, bu səbəbdən materiyanın inkarı heç də onların inkarını nəticə olaraq hasil etmir.

Hilas: Bununla razıyam. Bəs digər şeylər barədə necə? Hisslərə inanmamaq, hissi şeylərin gerçək mövcudluğunun inkarı və ya onlar haqqında heç bir şey bilməmək iddiası barədə nə düşünürsünüz? Bu, adamı skeptik kimi tanımağa kifayət etmirmi?

Filonus: Yaxşı, onda gəlin, baxaq, hansımız hissi şeylərin gerçəkliyini inkar edirik və ya onlar haqqında ən böyük bilgisizliyə malik olduğunu iddia edirik; əgər sizi doğru anlayıramsa, o, daha böyük skeptik hesab olunmalıdır.

Hilas: Bu elə mənim istədiyimdir.

Filonus: Hissi şeylər dedikdə nə nəzərdə tutursunuz?

Hilas: Hisslərlə qavranılan şeyləri. Yoxsa, mənim daha nəyisə nəzərdə tutduğumu təsəvvür edə bilirsiniz?

Filonus: Üzr istəyirəm, ancaq əgər sizin anlayışlarınızı aydın dərk etsəm, bu bizim axtarışlarımızı olduqca qısalda bilər. Sizdən bu növbəti sualı soruşarkən səbr göstərin. Təkcə hisslərlə qavranılan şeylər birbaşa qavranılan şeylərdirmi? Yoxsa dolayı olaraq, yəni daha nəyinsə müdaxiləsi ilə qavranılan şeylər də onlara daxildir?

Hilas: Sizi düz-əməlli anlamadım.

Filonus: Kitab oxuyarkən mənim birbaşa qavradığım səhifə üzərindəki hərflərdir, ancaq dolayı olaraq və ya hərflər vasitəsi ilə Allah, fəzilət, həqiqət və s. anlayışlar zehnimə verilir. Hə, şübhə yoxdur ki, hərflər doğrudan da hissi və ya hisslərlə qavranılan şeylərdir. Ancaq mən bilmək istəyirəm ki, hərflər vasitəsilə verilmiş şeylərimi də hisslərlə qavranılmış şeylər kimi qəbul edirsiniz?

Hilas: Yox, əlbəttə, Allahın və ya fəzilətin hissi şeylər olduğunu düşünmək absurd olardı, baxmayaraq ki onlar hissi işarələrlə işarələnə və zehnə verilə bilərlər – o işarələrlə ki, onlarla ixtiyari əlaqədədirlər.

Filonus: Onda görünür ki, siz hissi şeylər dedikdə hisslərlə birbaşa qavranıla bilən şeyləri nəzərdə tutursunuz.

Hilas: Düzdür.

Filonus: Buradan belə çıxmırmı ki, mən səmanın bir hissəsini qırmızı, digər hissəsini mavi görəndə və buradan nəticəyə gələndə ki, rənglərin bu cür müxtəlifliyinə nəsə səbəb olmalıdır, bu səbəb haqqında deyilə bilməz ki, o, hissi şeydir və ya görmə ilə qavranılandır?

Hilas: Elə çıxır.

Filonus: Eynilə, müxtəlif səsləri eşitdiyimdə deyilə bilməz ki, mən onların səbəblərini eşidirəm.

Hilas: Deyilə bilməz.

Filonus: Və əgər mən toxunuşla bir şeyin isti və ağır olmasını hiss edirəmsə, hansısa həqiqət və ya dəqiqliklə deyə bilmərəm ki, mən onun istiliyinin və ya kütləsinin səbəbini hiss edirəm.

Hilas: Bu qəbildən olan başqa suallardan qaçmaq üçün birdəfəlik qeyd edim ki, hissi şeylər dedikdə mən yalnız hiss ilə qavranılan şeyləri nəzərdə tuturam və hisslər yalnız birbaşa qavradıqlarını qavrayırlar, çünki onlar nəticə çıxarmırlar. Demək, səbəblərin və əsasların  nəticə və təzahürlərdən (hansı ki, yalnız onlar hisslə qavranılandırlar) çıxarılması tamamilə ağılın işidir.

Filonus: Onda biz razılaşırıq ki, hissi şeylər yalnız birbaşa hiss ilə qavranılan şeyləri ehtiva edir. İndi söyləyin mənə: biz işıqdan, rəngdən, formadan başqa nəyisə görmə ilə; səsdən başqa nəyisə eşitmə ilə; daddan başqa nəyisə dadbilmə ilə; qoxudan başqa nəyisə iybilmə ilə; toxunulmaqla hissolunan şeylərdən başqa nəyisə lamisə ilə qavrayırıqmı?

Hilas: Xeyr.

Filonus: Demək, belə görünür ki, bütün hissi keyfiyyətlər aradan qaldırılsa, hissolunan heç bir şey qalmaz.

Hilas: Razıyam.

Filonus: Deməli, hissi şeylər çoxsaylı hissi keyfiyyətlər və ya hissi keyfiyyətlərin birləşməsindən başqa bir şey deyil.

Hilas: Bəli.

Filonus: Demək, istilik hissi bir şeydir.

Hilas: Əlbəttə.

Filonus: Hissi şeylərin gerçəkliyi onların qavranılan olmasındadırmı, yoxsa qavranılanlıqdan fərqli olan bir şeydədir – elə bir şeydə ki, o, zehindən kənardadır?

Hilas: Mövcud olmaq bir şeydir, qavranılmaq isə başqa şey.

Filonus: Mən yalnız hissi şeylər haqqında danışıram. Sualım belədir: onlardan birinin gerçək mövcudluğu dedikdə, siz zehindən kənarda və onların qavranılanlığından fərqli olan mövcudluğu nəzərdə tutursunuz?

Hilas: Mən onların qavranılanlığından fərqli və onunla heç bir əlaqəsi olmayan gerçək mütləq varlığı nəzərdə tuturam.

Filonus: Deməli, hesab edilsə ki, istilik gerçək mövcudluğa malikdir, onda o, zehindən kənarda mövcud olmalıdır.

Hilas: Bəli.

Filonus: Söyləyin, Hilas, bu gerçək mövcudluq istiliyin hiss etdiyimiz bütün dərəcələri üçün eyni dərəcədə  mümkündür? Və ya bir əsas varmı ki, biz onu istiliyin hər hansı bir dərəcəsinə aid etməliyik, digərinə isə yox? Əgər varsa, lütfən, söyləyin, bu nədir?

Hilas: İstiliyin hansı dərəcəsini hisslə qavrayırıqsa qavrayaq, əmin ola bilərik ki, bu dərəcə eləcə də onu doğuran obyektdə mövcuddur.

Filonus: Necə, ən yüksək dərəcə də elə ən aşağı dərəcə kimi?

Hilas: Bəli, çünki eyni əsas hər ikisi üçün keçərlidir; hər ikisi hiss ilə qavranılır; əslində istiliyin daha yüksək dərəcəsi daha kəskin hiss ilə qavranılır; demək, hansısa fərqlilik varsa, bu,  odur ki, biz istiliyin daha yüksək dərəcəsinin gerçək mövcudluğundan daha çox əminik, nəinki nisbətən aşağı dərəcənin gerçəkliyindən.

Filonus: Bəs istiliyin ən şiddətli və kəskin dərəcəsi çox güclü ağrı deyil?

Hilas: Heç kim bunu inkar edə bilməz.

Filonus: Qavramayan bir şeyin ağrısı və ya həzzi ola bilərmi?

Hilas: Əlbəttə yox.

Filonus: Sizin maddi substansiyanız hissiyyatsız bir şeydir, yoxsa hiss və qavrayışa malikdir?

Hilas: Hissiyyatsızdır, şübhəsiz.

Filonus: Deməli, o,ağrının subyekti ola bilməz.

Hilas: Əslində ola bilməz.

Filonus: Deməli, o, hiss ilə qavranılan ən kəskin istilik dərəcəsinin də subyekti ola bilməz, çünki, razılaşırsınız ki, bu, əhəmiyyətli ağrıdır.

Hilas: Bunu qəbul edirəm.

Filonus: Onda biz sizin xarici obyektiniz haqqında nə deməliyik? Bu maddi substansiyadır, yoxsa necə?

Hilas: Ona xas olan hissi keyfiyyətlərlə birgə, maddi substansiyadır.

Filonus: Madam ki, qəbul edirsiniz, o, maddi substansiya deyil, bəs onda kəskin istilik onun içində necə ola bilər? Zəhmət olmasa, bu məsələyə aydınlıq gətirərdiniz.

Hilas: Dayan, Filonus, qorxuram ki, kəskin istiliyi ağrı kimi qəbul etməkdə yanılmışam. Mən əslində deməli idim ki, ağrı istilikdən fərqli bir şeydir, istiliyin nəticəsi və ya təsiridir.

Filonus: Əlinizi alova yaxınlaşdıranda bir sadə dəyişməyən hiss duyursunuz, yoxsa iki fərqli hiss?

Hilas: Yalnızca bir sadə dəyişməyən hiss.

Filonus: İstilik birbaşa qavranılmırmı?

Hilas: Qavranılır.

Filonus: Bəs ağrı?

Hilas: Əlbəttə.

Filonus: Yaxşı, nəzərə alaraq ki, onlar hər ikisi eyni zamanda birbaşa qavranılır və alov sizə yalnız bir sadə və tərkibsiz ideya ilə təsir edir, buna görə, bu bir sadə ideya həm qavranılan kəskin istilik, həm də ağrıdır; və nəticə etibarilə, birbaşa qavranılan kəskin istilik ağrının bir növü ilə eynidir.

Hilas: Bu belə görünür.

Filonus: Bir daha düşünün, Hilas. Ağrı və ya həzz olmadan meydana gələn kəskin hissiyat təsəvvür edə bilərsiniz?

Hilas: Xeyr.

Filonus: Və ya ümumilikdə isti, soyuq, dad, qoxu haqqındakı bütün xüsusi ideyalardan kənarda hissi ağrı, yaxud həzz haqqında ideya yarada bilərsiniz?

Hilas: Düşünmürəm ki, bu mümkündür.

Filonus: Onda buradan belə çıxmırmı ki, hissi ağrı həmin hisslərin və ya ideyaların kəskin dərəcəsindən fərqli bir şey deyildir?

Hilas: Bu, inkaredilməzdir. Əslində mən şübhələnməyə başlayıram ki, çox kəskin istilik onu qavrayan zehin olmadan mövcud ola bilməz.

Filonus: Necə? Onda siz təsdiq və inkar arasındakı skeptik tərəddüd vəziyyətindəsiniz?

Hilas: Məncə, burada tərəddüd etməyə bilərəm. Çox gərgin və ağrılı istilik zehindən kənarda mövcud ola bilməz.

Filonus: Demək, sizə görə o, gerçək olaraq mövcud deyil.

Hilas: Bunu qəbul edirəm.

Filonus: Onda dəqiqdirmi ki, təbiətdə heç bir cisim əslində isti deyil?

Hilas: Cisimlərdə gerçək istilik olduğunu inkar etmədim. Yalnız deyirəm ki, gerçək kəskin istilik kimi bir şey mövcud deyil.

Filonus: Bəs bir az əvvəl demədiniz ki, istiliyin bütün dərəcələri eyni dərəcədə gerçəkdir və ya fərqlilik varsa, o da bundan ibarətdir ki, daha yüksək istilik aşağı istilikdən daha qəti gerçəkdir?

Hilas: Bəli, dedim. Ancaq bunu ona görə dedim ki, mən onlar arasındakı fərqləndirici səbəbi nəzərdən qaçırmışdım; indi isə mən bunu aydın görürəm. Fərq budur: kəskin istiliyin ağrılı hissiyatın xüsusi növündən başqa bir şey olmamasından və ağrının qavrayan varlıqdan kənarda mövcud ola bilməməsindən belə çıxır ki, heç bir kəskin istilik qavramayan cismani substansiyada həqiqətən mövcud ola bilməz. Fəqət bu, bizim belə bir substansiyada daha aşağı istiliyin mövcud ola bilməyini inkar etməli olduğumuzun səbəbi deyil.

Filonus:  Bəs yalnız zehində mövcud olan istilik dərəcələrini ondan kənarda mövcud olandan fərqləndirməliyik?

Hilas: Bu, çətin deyil. Bildiyiniz kimi,  ən əhəmiyyətsiz ağrı qavranılmamış mövcud ola bilməz; demək, istiliyin ağrı olan istənilən dərəcəsi yalnız zehində mövcuddur. Biz eyni şeyi ağrı olmayan istilik dərəcələri  barəsində düşünməməliyik.

Filonus: Deyəsən, bir az əvvəl razılaşmışdınız ki, qavramayan heç bir varlıq ağrını hiss etməyə qadir olmadığı kimi həzz almağa da qadir deyil.

Hilas: Bəli.

Filonus: Yaxşı, hərarət – narahatçılıq və daha pisinə səbəb olan hisslərdən daha mülayim istilik dərəcəsi – həzz deyilmi?

Hilas: Bəs necə?

Filonus: Belə çıxır ki, hərarət zehindən kənarda, qavramayan substansiya və ya cisimdə mövcud ola bilməz.

Hilas: Belə görünür.

Filonus: Demək, belə nəticəyə gəldik ki, istiliyin ağrılı olmayan, həmçinin ağrılı olan dərəcələri yalnız düşünən substansiyada mövcud ola bilər! Buradan nəticə çıxara bilmərikmi ki, xarici cisimlər istiliyin heç bir dərəcəsinə qətiyyən malik ola bilməz?

Hilas: Daha dərindən düşündükdə, hərarətin həzz olmasına daha az əminəm, nəinki kəskin istiliyin ağrı olmasına.

Filonus: İddia etmirəm ki, hərarət istilik ağrı olduğu qədər həzdir. Ancaq siz bunu hətta kiçik həzz olması kimi qəbul etsəniz belə, bu, mənim nəticəm üçün kifayətdir.

Hilas: Mən bunu əslində “ağrının olmaması” adlandırardım. Bu, sadəcə ağrının və həzzin olmaması kimi görünür. Ümidvaram, inkar etməyəcəksininz ki, bu keyfiyyət və ya vəziyyət düşünməyən substansiyanın sahib ola biləcəyi bir şeydir!

Filonus: Əgər siz hərarətin həzz olmadığını israr etməkdə qərarlısınızsa, bilmirəm, sizi öz hisslərinizə yönlətməkdən başqa necə inandırım. Bəs soyuq haqqında nə düşünürsünüz?

Hilas: Eynilə isti haqqında düşündüyümü. Soyuğun kəskin dərəcəsi ağrıdır; çox kəskin soyuğu hiss etmək böyük narahatçılıq yaşamaqdır və buna görə də o, zehindən kənarda mövcud ola bilməz. Ancaq soyuğun daha mülayim dərəcəsi istinin mülayim dərəcəsi kimi zehindən kənarda mövcud ola bilər.

Filonus: Deməli, dərimizə toxunuşda cisimdən istinin (və ya soyuğun) mülayim dərəcəsini hiss ediriksə, nəticə çıxarmalıyıq ki, həmin cisimdə istinin (və ya soyuğun) mülayim dərəcəsi vardır?

Hilas: Bəli.

Filonus: Hansısa bir təlim zəruri olaraq absurda aparırsa, o, həqiqi ola bilərmi?

Hilas: Əlbəttə yox.

Filonus: Bir şeyin eyni zamanda həm soyuq, həm də isti olduğunu düşünmək absurd deyilmi?

Hilas: Absurddur.

Filonus: Yaxşı, indi fərz edək ki, əllərinizdən biri isti, digəri soyuqdur və əllərinizi birdən-birə orta temperaturlu su olan qaba salırsınız. Suyu bir əliniz isti, digəri isə soyuq hiss etməyəcəkmi?

Hilas: Hiss edəcək.

Filonus: Onda sizin prinsiplərə əsasən belə çıxmırmı ki, su eyni zamanda həm isti, həm də soyuqdur – yəni, bu, absurd olmasını qəbul etdiyiniz nəyəsə inanmaqdır?

Hilas: Etiraf edirəm ki, bu, doğru görünür.

Filonus: Madam, siz qəbul etmişdiniz ki, heç bir həqiqi prinsip absurda aparmır, demək, prinsiplərin özləri yanlışdır.

Hilas: Ancaq, yenə də, atəşdə istiliyin olmamasını deməkdən daha absurd nəsə ola bilər?

Filonus: Bu məsələni daha aydın etmək üçün mənə cavab verin: tamamilə  bənzər olan iki hal üçün  eyni hökmü vermək məcburiyyətində deyilikmi?

Hilas: Məcburiyyətindəyik.

Filonus:  İynə barmağınıza batdıqda, ətinizin liflərini kəsib paraçalamır?

Hilas:  Parçalayır.

Filonus: İsti kömür əlinizi yandırdıqda, o da eyni şeyi edirmi?

Hilas:  Xeyr.

Filonus: Siz qəbul edirsiniz ki, iynə nə səbəb olduğu hissiyyatı, nə də buna bənzər başqa şeyi özündə saxlamır. Deməli, madam, indicə razılaşdınız ki, bənzər hallar bənzər mühakimə olunmalıdır, onda qəbul etməlisiniz ki, atəş nə səbəb olduğu hissiyatı, nə də ona bənzər başqa şeyi özündə saxlamır.

Hilas: Yaxşı, bu, belə olmalı olduğundan, bu məsələdə güzəştə getməyə razıyam və qəbul edirəm ki, isti və soyuq yalnız bizim zehnimizdə mövcud olan hissiyatlardır. Ancaq cisimlərin reallığına zəmanət verməyə hələ də çoxlu sayda başqa keyfiyyətlər vardır.

Filonus: Hilas, əgər ortaya çıxsa ki, eyni arqument bütün digər hissi keyfiyyətlər üçün də keçərlidir və onların heç birinin, isti və soyuqda olduğu kimi, zehindən kənarda mövcudluğu güman edilə bilməz, bəs onda nə deyəcəksiniz?

Hilas: Bunu sübuta yetirmək olduqca böyük uğur olardı, ancaq düşünmürəm ki, sizin bunu etmək şansınız var.

Share article
FacebookTwitter

Facebook Comment

subscribe

BRI is a think-tank launched by independent experts aiming to provide a local and international audience with analysis, opinion and research on Azerbaijan.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.