fbpx

TRANSLATION

TRANSLATION

Hilas və Filonus arasında üç dialoq

Read this article on other language
Download article
image_pdf
image_pdf

Corc Berkli (1685-1753) məşhur britaniyalı filosofdur. Onun Hilas və Filonus arasında üç dialoq (Three Dialogues between Hylas and Philonous) əsəri qabaqcıl universitetlərin bir çoxunda fəlsəfə ixtisası üzrə təhsil alan ilk kurs tələbələrinə oxunması tövsiyə olunan əsərlərdən biridir. Əsər dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmişdir. 

Üçüncü dialoqun beşinci hissəsi (mətnin sonunda dialoqun əvvəlki hissələrinə və Ön sözə keçid yerləşdirilmişdir)

Hilas: Mənə elə gəlir ki, Müqəddəs Yazının yaradılış barədəki izahı sizin anlayışlarınızla bir araya sığmır. Musa bizə nəyin yaradılışı haqqında danışır? İdeyaların? Əlbəttə, xeyr, şeylərin, gerçək şeylər, bərk cismani substansiyaların yaradılışı haqqında. Öz prinsiplərinizi buna uyğunlaşdırın, onda yəqin sizinlə razılaşaram.

Filonus: Musa Günəşi, Ayı, ulduzları, yeri, dənizi, bitkiləri və heyvanları xatırladır. Onların hamısının gerçəkdən mövcud olmasını, başlanğıcda Allah tərəfindən yaradılmasını sorğulamıram. İdeyalar dedikdə, zehnin fiksiya və xülyalarını nəzərdə tutursunuzsa, onda onlar ideya deyil. İdeyalar dedikdə, ya dərketmənin birbaşa obyektlərini, ya qavranılmadan mövcud ola bilməyən hissi şeyləri, ya da zehindən kənar şeyləri nəzərdə tutursunuzsa, onda həmin şeylər ideyalardır. Ancaq sizin onların ideyalar adlandırıb-adlandırmamağınızın əhəmiyyəti azdır. Fərq yalnız addadır. Və bu adın qalması, yaxud ləğv edilməsindən asılı olmayaraq, şeylərin mənası, həqiqəti və gerçəkliyi eyni qalacaq. Adi danışıqda hisslərimizin obyektləri ideyalar deyil, şeylər adlandırılır. Bundan sonra da onları belə adlandırın – o şərtlə ki, heç bir mütləq xarici mövcudluğu onlara aid etməyəcəksiniz – və mən sizinlə sözə görə heç vaxt mübahisə etməyəcəm. Ona görə yaradılışı şeylərin, gerçək şeylərin yaradılışı hesab edirəm. İndicə söylədiklərimdən aydın olduğu kimi, bu, azacıq da olsa, mənim prinsiplərimlə uyğunsuz deyil; əvvəl tez-tez deyiləni unutmasaydınız, sizə bunsuz da aydın olardı. Bərk cismani substansiyalara gəldikdə isə, istəyirəm sizə göstərim ki, Musa onları harada xatırladır; və əgər onlar Musa və ya hər hansı başqa işıqlı bir yazar tərəfindən xatırladılırsa, həmin sözlərin adi danışıqda hisslərimiz altına düşən şeylərə aid deyil, Materiya və ya mütləq mövcudluğa malik bilinməyən mahiyyət üçün fəlsəfi mənada istifadə olunduğunu göstərmək yenə sizin üzərinizə düşər. Bu məsələləri sübut etdikdən sonra (bundan əvvəl deyil) Musanın nüfuzlu adını mübahisəyə gətirə bilərsiniz.

Hilas: Belə aydın bir məsələ barədə mübahisə etmək əbəsdir. Sizi öz vicdanınızın mühakiməsinə buraxmaq istərdim. Əmin deyilsiniz ki, Musanın yaradılış izahı ilə sizin anlayışlarınız arasında özünəməxsus bir ziddiyyət var?

Filonus: Əgər Yaradılış kitabının birinci hissəsinə aid edilə biləcək bütün mümkün mənalar mənim prinsiplərimə uyğun anlaşıla bilərsə, onda burada xüsusi bir ziddiyyət yoxdur. Fikirlərimi bölüşsəniz, sizin də anlaya bilməyəcəyiniz məna olmaz. Çünki ruhlardan başqa dərk etdiyiniz hər şey ideyalardır; və onların mövcudluğunu mən inkar etmirəm. Həmçinin, siz də iddia etmirsiniz ki, onlar zehinsiz mövcuddur.

Hilas: Zəhmət olmasa, mənə deyin ki, o fəsli hansı mənada başa düşə bilərsiniz?

Filonus: Təsəvvür edirəm ki, əgər mən yaradılışda iştirak etmiş olsaydım, şeylərin müqəddəs tarixçinin müəyyən etdiyi qaydada var olmaq üçün yaradıldığını – yəni, qavranılan olduğunu  – görmüş olardım. Musanın yaradılış izahına həmişə inanmışam və indi də inamımda heç bir dəyişiklik görmürəm. Şeylər haqqında deyiləndə ki, onların mövcudluğunun başlanğıcı və sonu vardır, bunu Allaha deyil, Onun yaratdıqlarına münasibətdə nəzərdə tuturuq. Bütün obyektlər əbədi olaraq Allah tərəfindən bilinir, yaxud başqa sözlə, Onun zehnində əbədi mövcudluğa malikdir: ancaq əgər əvvəlcədən yaradılanlara qavranılmaz olan şeylər Allahın istəyi ilə onlar üçün qavranılandırsa, onda həmin şeylər nisbi, yaradılmış zehinlərə münasibətdə mövcudluğa başlayır. Ona görə Musanın yaradılış izahını oxuyan zaman başa düşürəm ki, müəyyən qabiliyyətlər bəxş edilmiş məhdud ruhlara dünyanın bir hissəsi tədrici qavranılan olmağa başlayıb; belə ki, kim iştirakçı olsaydı, onlar həqiqətən onun tərəfindən qavranılardı. Bu, Müqəddəs Yazının sözlərinin mənə təklif etdiyi aydın, hərfi mənadır; orada substrat, alət, fürsət və ya mütləq mövcudluq barədə heç bir xatırlatma və ya fikir yoxdur. Və yaxından nəzər saldıqda, şübhə etmirəm, aşkar olacaqdır ki, yaradılışa inanan ən sadə və səmimi insanlar bu şeylər barədə heç vaxt məndən çox düşünmürlər. Siz hansı metafizik mənanı başa düşə bilirsiniz, bunu yalnız özünüz söyləyə bilərsiniz.

Hilas: Ancaq, Filonus, fərqində olduğunuz görünmür ki, yaradılmış şeyləri başlanğıcda yalnız nisbi, nəticə olaraq isə hipotetik varlıq hesab edirsiniz; yəni, fərziyyəyə görə, şeyləri qavramaq üçün insanlar var idi ki, onsuz onların mütləq mövcudluğu – nədə ki yaradılış sona yetə bilər – gerçəklik olmazdı. Deməli, sizin fikrinizcə, sadəcə mümkünsüz deyilmi ki, hər hansı cansız varlığın yaradılışı insanın yaradılışını qabaqlasın? Və bu, Musanın izahının birbaşa əleyhinə deyilmi?

Filonus: Buna cavab kimi ilk olaraq deyim ki, yaradılmış varlıqlar insanlardan başqa digər ağıllı varlıqların zehnində mövcudluğa başlaya bilərlər. Ona görə, siz ilk olaraq, insandan əvvəl yaradılan məhdud ruhların varlıqda başqa ardıcıllığının olmadığını göstərməyincə, Musa ilə mənim anlayışlarım arasında hər hansı ziddiyyətin olduğunu sübut edə bilməzsiniz. Bundan əlavə, iddiam budur ki, yaradılışı bütün növ bitki və ya tərəvəzlərin heç kimin olmadığı səhrada gözəgörünməz qüvvə tərəfindən yaradıldığını təsəvvür etsək belə: – bu cür izah və ya başa düşülmə mənim prinsiplərimə uyğundur, çünki onlar hiss və ya təxəyyül ediləsi heç nəyi əlinizdən almır; insanlığın adi, təbii, təhrif olunmamış anlayışlarına tamamilə uyğundur; hər şeyin Allahdan asılı olduğunu əks etdirir; nəticə olaraq, bütün yaxşı effekt və ya nəticələrə sahibdir ki, bu da inamımızın mühüm hissəsi kimi mümkündür ki, insanları təvazökar, öz Yaradıcısına itaətkar, minnətdar etməyi ehtiva etsin. Daha sonra, iddia edirəm ki, şeylərin sözlərdən azad, belə müstəqil anlaşılmasında sizin mütləq mövcudluğun aktuallığı adlandırdığınız hər hansı anlayış aşkar edilməyəcək. Siz, əlbəttə, bu sözlərlə duman qaldıra və beləcə mübahisəmizi məqsədsiz şəkildə uzada bilərsiniz. Ancaq sizdən xahiş edirəm ki, öz fikirlərinizi sakit şəkildə nəzərdən keçirəsiniz və sonra mənə deyəsiniz, görək onlar yararsız və anlaşılmaz jarqon deyilmi.

Hilas: Etiraf edim ki, onlara bağlanılası çox da aydın anlayışlarım yoxdur. Hərçənd, buna nə deyərdiniz? Hesab etmirsiniz ki, hissi şeylərin mövcudluğu onların zehində olmasındadır? Və bütün şeylər əbədi olaraq Allahın zehnindədir? Bu səbəbdən, onlar, sizə görə, əbədi olaraq mövcud deyildimi? Digər tərəfdən, əbədi olan nəsə necə olar bilər ki, zamanda yaradılsın? Bundan aydın və yaxşı əlaqələnmiş başqa nəsə ola bilərmi?

Filonus: Məgər siz də o fikirdə deyilsiniz ki, Allah hər şeyi əbədiyyən bilir?

Hilas: O fikirdəyəm.

Filonus: Deməli, onlar həmişə ilahi ağılda mövcud olublar.

Hilas: Bunu qəbul edirəm.

Filonus: Deməli, öz etirafınıza əsasən, ilahi ağıla münasibətdə heç nə yeni deyil və ya başlanğıca malik deyil. Demək, bu məsələdə razılaşdıq.

Hilas: Bəs yaradılış məsələsini necə başa düşək?

Filonus: Onun məhdud ruhlara münasibətdə yer aldığını başa düşmək olmazmı ki, düzgün olaraq demək mümkün olsun ki, bizə münasibətdə mövcudluqlarına şeylər onların ağıllı varlıqlara Allahın Özünün sonradan qurduğu ardıcıllıq və tərzdə – ki, bunu biz təbiətin qanunları adlandırırıq  – qavranılan olmağına izin verməsindən sonra başlayıb və ya yaradılıb? İstəsəniz, bunu nisbi və ya hipotetik mövcudluq adlandıra bilərsiniz. Ancaq nə qədər ki, bu, bizi Yaradılışın Musa izahının ən təbii, aydın və hərfi mənası ilə təmin edir, müqəddəs yazının da bütün dini məqsədlərinə cavab verir. Bir sözlə, ona bunun əvəzinə başqa anlam və ya məna yaza bilməzsiniz. Bunu nəyə görə inkar edək?  Hər şeyi mənasız və anlaşılmaz təqdim edən gülünc və skeptik yumor xatirinəmi? Əminəm, siz deyə bilməzsiniz ki, bu, Allaha xatirdir. Çünki əgər mümkün və anlaşılan olsa ki, cismani dünya ilahi və bütün yaradılmış ruhların zehnindən kənar mütləq mövcudluğa malikdir, onda bu, Allahın böyüklüyü və ya hər şeyi bilməsini, yaxud bütün şeylərin Ondan zəruri və birbaşa asılılığını necə izah edə bilər? Bu, əslində, həmin atributları kənara qoymaq sayılmazdımı?

Hilas: Yaxşı, bəs şeylərin qavranılan edilməsi ilə bağlı Allahın izninə nə deyirsiniz, Filonus, aydın deyilmi ki, Allah bu izni ya əbədiyyətdən verib, ya da əvvəl əslində istəmədiyi, yalnız istəməyi hədəflədiyi şeyi müəyyən vaxtda istəməyə başlayıb. Əvvəlki düzdürsə, onda yaradılış və ya sonlu şeylərin mövcudluğa başlaması ola bilməz. Sonuncu düzdürsə, onda biz Allahla bağlı yeni nəyinsə olduğunu qəbul etməliyik ki, bu da dəyişikliyi ehtiva edir; bütün dəyişikliklər isə qeyri-kamilliyin göstəricisidir.

Filonus: Zəhmət olmasa, dediyinizə diqqət edin. Aydın deyilmi ki, bu irad istənilən mənada yaradılışın, əslində, Allahın təbiətdə aşkarlana biləcək hər bir hərəkətinin eyni şəkildə əleyhinədir? Zamanda yaradılmış və başlanğıca malik olmağını təsəvvür etmədən heç birini dərk edə bilmərik. Allah transsendent və qeyri-məhdud kamilliklərə malik varlıqdır. Ona görə, Onun təbiəti məhdud ruhlar tərəfindən dərkedilməzdir. Bu səbəbdən, gözlənilməməlidir ki, istənilən insan – istər materialist olsun, istər qeyri-materialist – Allah və Onun atributları və fəaliyyət üsulları haqqında dəqiq anlayışlara malik olsun. Demək, əgər əleyhimə nəsə nəticə çıxarırsınızsa, çətinliyiniz bizim Allahın təbiəti haqqındakı anlayışımıza – hansı ki, istənilən dünyagörüşü üçün qaçınılmazdır – görə deyil, Materiyanı inkardan dolayı olmalıdır ki, onun haqqında da indiki etirazınızda birbaşa və ya dolayı bir söz yoxdur.

Hilas: Qəbul etməliyəm ki, aydınlaşdırmaq istədiyiniz çətinliklər elədir ki, yalnız Materiyanın qeyri-mövcudluğundan ortaya çıxır və bu anlayışa məxsusidir. Buraya qədər düz yoldasınız. Ancaq özümü heç cür düşünməyə sövq edə bilmirəm ki, yaradılışla sizin düşüncəniz arasında elə bir məxsusi ziddiyyət yoxdur, baxmayaraq ki, əslində, onun harada olduğunu aydın olaraq bilmirəm.

Filonus: Nə istəyirsiniz? Məgər, mən şeylərin ikili – biri ektipik və ya təbii, digəri arxetipik və ya əbədi – vəziyyətini qəbul etmirəm? Əvvəlki zamanda yaradılıb; sonuncu Allahın zehnində əbədiyyən mövcud olub. Bu, ilahiyyatçıların ümumi anlayışları ilə üst-üstə düşmürmü? Yaxud, yaradılışı dərk etmək üçün bundan zəruri nəsə varmı? Ancaq siz harada olduğunu bilməsəniz də, hansısa məxsusi ziddiyyətdən şübhələnirsiniz. Bu halda bütün mümkün şübhələri aradan qaldırmaq üçün heç olmasa bu məqamı nəzərdən keçirin. Ya siz hansı yaradılış fərziyyəsi olursa-olsun, onu dərk etmək bacarığına malik deyilsiniz və əgər belədirsə, bu məsələdə hər hansısa xüsusi bir fikri xoşlamamaq və ya onun əleyhinə irad üçün əsas yoxdur; ya da siz onu dərk etmək bacarığına maliksiniz və əgər belədirsə, onda niyə mənim prinsiplərimi deyil, axı onlar da dərk ediləndir? Bütün bu vaxt ərzində hissiyyat, təxəyyül və ağıldan tam şəkildə istifadə etmək imkanınız olub. Ona görə birbaşa və ya hissləriniz, yaxud hisslərə əsaslanan əql vasitəsilə əvvəlcədən nə dərk edə bilmisinizsə, nəyi qavraya, təxəyyül edə və ya başa düşə bilmisinizsə, o, hələ sizinlə qalmaqdadır. Deməli, əgər yaradılış haqqındakı anlayışınız başqa prinsiplərə görə anlaşılandırsa, onda mənimkilərə görə də elədir; əgər anlaşılan deyilsə, onda o, mənə görə, ümumiyyətlə anlayış deyil; beləliklə, burada itirəcək heç nə yoxdur. Həmçinin, əslində, mənə çox aydın görünür ki, tamamilə bilinməyən və anlaşılmaz nəsnə olan Materiyanı güman etmək nəyisə dərk etməkdə bizə kömək edə bilməz. Həm də, ümid edirəm, sizə sübut etməyə ehtiyac yoxdur ki, əgər Materiyanın mövcudluğu yaradılışı anlaşılan etmirsə, yaradılışın mövcudluğunun onsuz anlaşılmaz olması onun qeyri-mövcudluğu əleyhinə irad ola bilməz.

Hilas: Filonus, etiraf edim ki, yaradılışın bu məqamı ilə bağlı məni, demək olar, qane etdiniz.

Filonus: Bilmək istərdim, nəyə görə tam olaraq qane deyilsiniz. Mənə əslində Musanın tarixçəsi ilə İmmaterializm arasında olan ziddiyyətdən danışırsınız, ancaq bu ziddiyyətin nədə olduğunu bilmirsiniz. Bu, ağlabatandır, Hilas? Gözləyə bilərsinizmi ki, mən çətinliyin nədə olduğunu bilmədən onu həll edim? Hərçənd, bütün bunları kənara qoysaq, düşünməzlər ki, materialistlərin ortada olan fikirləri ilə müqəddəs yazılar arasında ziddiyyətin olmamasına əmin olubsunuz?

Hilas: Bəli, mən əminəm.

Filonus: Müqəddəs Yazının tarixi hissəsi birbaşa və aydın mənada başa düşülməlidir, yoxsa metafizik və birbaşa olmayan mənada?

Hilas: Şübhəsiz, birbaşa mənada.

Filonus: Musa otlar, yer, su və s. barədə Allahın yaratdıqları kimi danışanda, düşünmürsünüz ki, filosof olmayan hər bir oxucunun nəzərinə o sözlərlə adi olaraq işarələnən hissi şeylər gəlir?

Hilas: Başqa cür düşünmək olmur.

Filonus: Və Materialist təlimə görə, bütün ideyalar, yaxud hisslərlə qavranılan şeylərin gerçək mövcudluğu inkar edilmirmi?

Hilas: Bunu artıq qəbul etmişəm.

Filonus: Deməli, onlara görə, yaradılış hissi şeylərin – hansı ki, yalnız nisbi varlığa malikdirlər – deyil, mütləq varlığa malik bəzi bilinməyən mahiyyətlərin yaradılışıdır ki, orada o, sona çata bilər.

Hilas: Doğrudur.

Filonus: Bu səbəbdən, aydın deyilmi ki, Materiyanı müdafiə edənlər Musanın birbaşa və aydın mənalarını nəzərə almırlar – o mənalar ki, onların anlayışları ilə heç uyğun gəlmir; və bunun əvəzinə bizə, bilmirəm, özlərinə və mənə eyni dərəcədə anlaşılmaz nəyisə qəbul etdirirlər?

Hilas: Sizə etiraz edə bilmirəm.

Filonus: Musa bizə yaradılış haqqında bəhs edir. Nəyin yaradılışı? Bilinməyən mahiyyətlərin, fürsətlərin, yoxsa substratın? Xeyr, əlbəttə, hisslərə aydın olan şeylərin. Siz birinci bunu öz anlayışlarınızla uyğunlaşdırmalısınız; əgər gözləyirsinizsə ki, mən dediklərimi onlara uyğunlaşdırım.

Hilas: Görürəm ki, mənə öz silahlarımla hücum edə bilirsiniz.

Filonus: Mütləq mövcudluğa gəldikdə: nə vaxtsa bundan məzmunsuz anlayış olubmu? Bu anlayış, elə mücərrəd və anlaşılmazdır ki, onunla nəsə izah edəcəyinizi qırağa qoysaq belə, özünüz səmimi etiraf etdiniz ki, onu dərk edə bilmirsiniz. Hərçənd, güman edək ki, Materiya mövcuddur və mütləq mövcudluq anlayışı gün kimi aydındır; ona sahib olmaq yaradılışı daha inandırıcı edərdi? Bu, ateistlərə və bütün dövrlərin inancsızlarına yaradılış əleyhinə ən tutarlı arqument vermək olmazdı? Ruhların zehnindən kənar olan, mütləq mövcudluğa malik cismani bir substansiyanın sadəcə bir Ruhun istəyi ilə heç nədən yaranması hər cür ağıla elə ziddiyyətli, elə mümkünsüz və absurd görsənib ki, nəinki qədim filosoflardan ən tanınmışları, hətta müxtəlif müasir və xristian filosoflar düşünürdülər ki, Materiya Allah kimi əbədidir. Bütün bunları bir araya gətirin və sonra düşünün, materializm insanları şeylərin yaradılışına inanmağa meyilli edirmi.

Hilas: Filonus, etiraf edim ki, etmədiyini düşünürəm. Bu yaradılış iradı haqqında düşünə biləcəyim sonuncu iraddır; və etiraf etməliyəm ki, bunu da o biriləri ilə eyni dərəcədə qənaətbəxş cavablandırdınız. Özümü anlayışlarınıza münasibətdə tapdığım, bir növ izahedilməz ətalətdən başqa dəf etməyə heç nə qalmır.

Çevirəni və Ön sözün müəllifi Anar Cəfərov

Berklinin Hilas və Filonus arasında üç dialoq əsərinin tərcüməsinə ön söz

https://bakuresearchinstitute.org/az/berklinin-hilas-ve-filonus-arasinda-uc-dialoq-eserinin-tercumesine-on-soz/

Birinci dialoqun birinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq/

Birinci dialoqun ikinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-2/

Birinci dialoqun üçüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-3/

Birinci dialoqun dördüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/hiilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-4/

İkinci dialoqun birinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-4/

İkinci dialoqun ikinci hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-5/

İkinci dialoqun üçüncü hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-6/

Üçüncü dialoqun birinci hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-7/

Üçüncü dialoqun ikinci hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-8/

Üçüncü dialoqun üçüncü hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-9/

Üçüncü dialoqun dördüncü hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-10/

Share article
FacebookTwitter

Facebook Comment

subscribe

BRI is a think-tank launched by independent experts aiming to provide a local and international audience with analysis, opinion and research on Azerbaijan.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.