fbpx

TRANSLATION

TRANSLATION

Hilas və Filonus arasında üç dialoq

Read this article on other language
Download article
image_pdf
image_pdf

Corc Berkli (1685-1753) məşhur britaniyalı filosofdur. Onun Hilas və Filonus arasında üç dialoq (Three Dialogues between Hylas and Philonous) əsəri qabaqcıl universitetlərin bir çoxunda fəlsəfə ixtisası üzrə təhsil alan ilk kurs tələbələrinə oxunması tövsiyə olunan əsərlərdən biridir. Əsər dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmişdir. 

İkinci dialoqun birinci hissəsi (mətnin sonunda dialoqun əvvəlki hissələrinə və Ön sözə keçid yerləşdirilmişdir)

Hilas: Filonus, sizinlə daha tez görüşmədiyimə görə üzr istəyirəm. Bütün bu səhər başım sonuncu söhbətimizlə bağlı elə məşğul idi ki, günün vaxtını, yaxud başqa nəyisə düşünməyə boş vaxtım olmayıb.

Filonus: Şadam ki, buna belə can atmısınız və ümidvaram ki, əgər güzəştlərinizdə hər hansı səhv, yaxud mənim çıxardığım nəticələrdə hər hansı səfsətə olubsa, indi onları mənə açıqlayarsınız.

Hilas: İnandırıram ki, sizi görəndən bəri səhvlər və səfsətələr üzərində düşünməkdən başqa heç bir şey etməmişəm və bu məqsədlə dünənki söhbətin bütün gedişini ətraflı yoxlamışam. Ancaq hamısı əbəs yerə, çünki söhbət nəticəsində gəldiyim anlayışlar mənə yoxlamadan sonra daha aydın və aşkar görünür; və mən onları nə qədər çox nəzərdən keçirirəm, onlar məni bir o qədər çox razılığa məcbur edirlər.

Filonus: Düşünmürsünüz ki, bu, onların həqiqi olmasına, təbiətdən irəli gəlməsinə və düzgün təfəkkürə uyğun olmasına işarədir? Həqiqət və gözəlliyin oxşarlığı ondadır ki, ən ciddi sorğu onların hər ikisinin xeyrinədir; ancaq xətanın aldadıcı parlaqlığı və maskası təkrar baxışa və ya daha ətraflı yoxlamaya dayana bilmir.

Hilas: Qəbul edirəm, dediyinizdə böyük həqiqət var. Nə qədər ki həmin qəribə nəticələrə aparan düşüncələr mənim nəzərimdədir, heç kim onların həqiqiliyindən məndən daha çox qane ola bilməz. Ancaq digər tərəfdən, onlar fikrimdən çıxan kimi, şeylərin yeni izah üsulu elə qənaətbəxş, elə təbii və ağlabatan görünür ki, etiraf edirəm, ondan necə imtina edəcəyimi bilmirəm.

Filonus: Bilmirəm ki, hansı üsulları nəzərdə tutursunuz.

Hilas: Mən bizim duyğularımızın və ideyalarımızın izah olunması üsulunu nəzərdə tuturam.

Filonus: O necə olur?

Hilas: Güman edilir ki, beynin müəyyən hissəsində ruhun yeri var ki, buradan sinirlər yaranır və sonra bədənin bütün hissələrinə yayılır; digər tərəfdən, xarici obyektlər duyğu orqanlarına etdiyi müxtəlif təsirlərlə müəyyən titrəyiş hərəkətlərini sinirlərə çatdırır; sinirlər isə hərəkətə gəlməklə bunları beyinə və ya ruhun oturacağına qədər yayır; beyində bu yolla yaranmış müxtəlif təəssüratlara və ya izlərə əsasən isə ruhda müxtəlif ideyalar yaranır.

Filonus: Və siz bunu bizdə ideyaların yaranması yolunun izahı adlandırırsınız?

Hilas: Niyə də yox, Filonus? Buna qarşı nəsə etirazınız var?

Filonus: Əvvəlcə bilmək istərdim ki, sizin fərziyyənizi doğru anlayırammı. Siz beyindəki izləri bizim ideyalarımızın səbəbləri və ya əsasları kimi qələmə verirsiniz. Zəhmət olmasa deyin, siz beyin dedikdə nəsə hissi bir şeyi nəzərdə tutursunuz?

Hilas: Başqa nəyi nəzərdə tuta biləcəyimi düşünürsünüz?

Filonus: Hissi şeylərin hamısı birbaşa qavranılandır; birbaşa qavranılan həmin şeylər isə ideyalardır; və onlar yalnız zehində mövcuddur. Yanılmıramsa, bunlarla siz çoxdan razılaşmısınız.

Hilas: Bunu inkar etmirəm.

Filonus: Deməli, barəsində danışdığınız beyin hissi şey olaraq yalnız zehində mövcuddur. İndi bilmək istərdim ki, zehində mövcud olan bir ideya və ya şeyin digər ideyalara səbəb olmasını güman etməyin ağlabatan olmasını düşünürsünüzmü? Əgər bu cür düşünürsünüzsə, onda xahiş edirəm deyin, əsas ideyanın və ya beynin öz mənşəyini necə izah edirsiniz?

Hilas: İdeyalarımızın mənşəyini hisslə qavranılan olan beyin — ki, özü yalnız hissi ideyaların birləşimidir — ilə deyil, təsəvvür etdiyim başqa şey ilə izah edirəm.

Filonus: Bəs təsəvvür edilən şeylər qavranılan şeylər kimi həqiqətən zehində deyil?

Hilas: Etiraf etməliyəm ki, elədir.

Filonus: Deməli, söhbət eyni məsələnin üzərinə gəlib çıxır; və siz bütün bu müddət ərzində ideyaları beynin müəyyən hərəkətləri və ya təəssüratları – yəni, hissi və ya xəyali olmasından asılı olmayaraq, ideyada hansısa dəyişkənliklər – ilə izah etməkdəsiniz.

Hilas: Fərziyyəmdən şübhələnməyə başlayıram.

Filonus: Ruhlardan başqa, bildiyimiz və ya dərk etdiyimiz hər şey bizim öz ideyalarımızdır. Buna görə, bütün ideyalar beyindəki təəssüratlarla baş verir deyərkən, siz bu beyni təsəvvür edirsiniz, ya yox? Əgər təsəvvür edirsinizsə, onda siz ideyada – hansı ki, həmin eyni ideyaya səbəb olur – həkk edilmiş ideyalardan bəhs edirsiniz ki, bu da absurddur. Əgər onu təsəvvür etmirsinizsə, bu halda ağlabatan bir fərziyyə qurmaq əvəzinə, anlaşılmaz danışırsınız.

Hilas: Mən indi aydın görürəm ki, bu, boş xəyal idi. Bunda heç nə yoxdur.

Filonus: Bu məsələdə çox narahat olmağınıza gərək yoxdur. Axı şeylərin izahının bu üsulu, sizin də qeyd etdiyiniz kimi, heç vaxt ağıllı bir insanı qane edə bilməyib. Sinirlərdəki hərəkət və zehindəki rəng və səs duyğuları arasında nə əlaqə var? Və ya bunların hərəkətin təsiri olması necə mümkündür?

Hilas: Ancaq heç vaxt düşünə bilməmişdim ki, bu məsələnin indi göründüyü qədər az əhəmiyyəti var.

Filonus: Yaxşı, nəhayətdə siz razısınızmı ki, heç bir hissi şeyin gerçək mövcudluğu yoxdur; və siz həqiqətdə əsl skeptiksiniz?

Hilas: İnkar etmək əbəsdir; bu, olduqca aşkardır.

Filonus: Baxın, tarlalar füsunkar yaşıllıqla örtülü deyilmi? Meşələrdə və bağlarda, çaylarda və şəffaf bulaqlarda dinləndirən, məmnun edən, ruhu yüksəldən nələrsə yoxdurmu? Geniş və dərin okeanın, yaxud zirvəsi buludlarda itən nəhəng dağların, qədim və qaranlıq meşənin qarşısında ruhumuz xoş həyəcan ilə dolmurmu? Hətta qayalarda və səhralarda xoşagələn vəhşilik yoxdurmu? Yerin təbii gözəlliklərini seyr etmək necə də ruhi həzdir! Onlardan aldığımız zövqü qorumaq və yeniləmək üçün gecənin örtüyü Yerin  üzünə çəkilmirmi və o, öz donunu fəsillərlə dəyişmirmi? Elementlər necə uyğun şəkildə yerləşmişlər! Təbiətin ən adi əsərlərində necə müxtəliflik və fayda var! Heyvan və bitkilərin vücudlarında necə incəlik, necə gözəllik, necə də füsunkarlıq var! Bütün şeylər həm özlərinin məqsədlərinə, həm də bütövün əks hissələrinin təşkilinə necə də qüsursuz uyğundur! Və qarşılıqlı kömək və dəstək olduqları müddətcə onlar bir-birilərini gözəl göstərmir və şəkil vermirmi? Düşüncələrinizi Yer kürəsindən göyün yüksək üzünü bəzəyən, şəfəqlənən bu möhtəşəm şeylərə sarı yönəldin. Planetlərin hərəkəti və yerləşməsi məqsədəuyğunluq və nizamına görə təəccüblü deyilmi? Bu (yanlış olaraq yanıldıcı adlandırılan) səma cisimlərinin  yolsuz boşluqlar boyu təkrarlanan səfərlərində indiyə kimi bir dəfə azdığı bilindimi heç? Onlar Günəş ətrafında həmişə eyni sürətlə hərəkət etmirlərmi? Təbiətin gözəgörünməz Müəllifinin kainatı idarə etdiyi qanunlar belə sabit, belə dəyişməzdir. Sabit ulduzların şəfəqi necə də canlı və parlaqdır! Bütün göy qübbəsi boyunca səpələnmiş görünən o səhlənkar bolluq necə əzəmətli və zəngindir! Hələ siz teleskopu götürsəniz, o, sizin gözünüzün önünə çılpaq gözdən qaçan yeni bir yığın ulduzu gətirəcək. Burada onlar bir-birilərinə yaxın və kiçik, ancaq daha yaxın baxışdan isə səmanın ənginliklərində batan müxtəlif məsafələrdəki nəhəng işıq kürələri kimi görünür. İndi siz təxəyyülünüzü köməyə çağırmalısınız. Zəif və məhdud hissiyyat mərkəzi atəşlərin ətrafında fırlanan saysız dünyaları, həmçinin həmin dünyalarda sonsuz formalarda əks olunan kamil Ruhun enerjisini fərq edə bilməz. Nə hissiyyat, nə də təxəyyül hüdudsuz məkanı bütün mükəmməl hissələri ilə birlikdə qavramaq üçün yetərincə güclü deyil. İşlək zehnin bütün  gücünü toplayıb səy göstərməsinə baxmayaraq, orada hələ də ölçüyəgəlməz qalıq dərk edilməmiş qalır. Hərçənd, bu əzəmətli quruluşu təşkil edən bütün nəhəng cisimlər, nə qədər uzaq və məsafəli olur-olsun, bir-biriləri ilə müəyyən gizli mexanizmlərlə, müəyyən ilahi üsul və güclə qarşılıqlı asılılıq və əlaqədədir; hətta az qala düşüncələrimdən yayınan və kainatın genişliyində itən bu Yer kürəsi belə. Bütün sistem ifadə və düşüncələrin fövqündə dayanacaq qədər möhtəşəm, gözəl, mükəmməl deyilmi? Bu nəcib və valehedici mənzərələri heç cür gerçək hesab etməyən filosoflar hansı münasibətə layiq olardılar? Bizi bütün gözəlliyin aldadıcı xəyali parıltı olmasını düşünməyə sövq edən Prinsipləri necə dəstəkləmək olar? Daha aydın desək, sizin skeptisizminizin bütün ağıllı adamlar tərəfindən ifrat dərəcədə absurd düşünülməyəcəyini gözləyə bilərsiniz?

Hilas: Başqaları nə istəyirlər onu düşünə bilərlər, ancaq sizə gəlincə, məni qınamağa əlinizdə bir şey  yoxdur. Təsəllim odur ki, siz də mənim kimi skeptiksiniz.

Filonus: Burada, Hilas, sizdən fərqlənməyimi bildirməyi rica etməliyəm.

Hilas: Necə! Bütün bu vaxt ərzində ilkin şərtlərlə razılaşdınız, indi isə nəticəni inkar edirsiniz və sizin mənə yönləndirdiyiniz parodoksları dəstəkləməkdə məni təkbaşına buraxırsınız. Bu, əlbəttə, ədalətli deyil.

Filonus: Skeptisizmə aparan fikirlərdə sizinlə razılaşdığımı inkar edirəm. Siz əslində söylədiniz ki, hissi şeylərin reallığı ruhların zehinlərindən kənarda olan mütləq mövcudluqdan ibarətdir və ya onların qavranılanlığından fərqlidir. Və bu reallıq anlayışına uyğun olaraq, siz hissi şeylərin real mövcudluğunu inkar etməyə məcbursunuz: yəni, verdiyiniz öz tərifinizə görə özünüzü skeptik bəyan edirsiniz. Ancaq mən hissi şeylərin reallığına bu şəkildə tərif verilməsini nə dedim, nə də düşündüm. Sizin qəbul etdiyiniz əsaslardan mənə aydındır ki, hissi şeylər ağıldan və ya ruhdan kənarda heç bir halda mövcud ola bilməz. Buradan onların heç bir mövcudluğa malik olmamasını deyil, onların mənim düşüncəmdən asılı olmamasını və tərəfimdən qavranılanlığından fərqli mövcudluğa malik olmasını görməklə, hissi şeylərin mövcud olduğu hansısa başqa zehin olmalıdır nəticəsini çıxarıram. Buna görə hissi dünyanın gerçək olaraq mövcudluğuna əmin olduğum kimi, onu ehtiva edən və dəstəkləyən, sonsuz və hər yerdə olan Ruhun da mövcudluğuna əminəm.

Hilas: Necə! Bu, mənim və bütün xristianların, həmçinin Allahın mövcudluğuna və Onun hər şeyi bilməsi və dərk etməsinə inananların söylədiklərindən başqa bir şey deyil.

Filonus: Hə, ancaq burada fərq var. Ümumən insanlar Allahın bütün şeyləri bildiyinə və ya qavradığına ona görə inanırlar ki, onlar Allahın varlığına inanırlar; halbuki mən Allahın varlığı nəticəsini birbaşa və zəruri olaraq çıxarıram, çünki bütün hissi şeylər Onun tərəfindən qavranılmalıdır.

Hilas: Bəs, bir halda ki biz hamımız eyni şeyə inanırıq, bu inama necə gəlməyimizin nə əhəmiyyəti var?

Filonus: Ancaq biz eyni fikri bölüşmürük. Baxmayaraq ki, filosoflar bütün cismani nəsnələrin Allah tərəfindən qavranılan olmasını qəbul edirlər, onlar həmin nəsnələrə onların hər hansı zehin tərəfindən qavranılan olmasından fərqli olan mütləq mövcudluğu aid edirlər – bunu mən etmirəm. Bundan başqa, Allah var, ona görə də O, bütün şeyləri qavrayır deməklə, Hissi şeylər həqiqətən də mövcuddur; və əgər onlar həqiqətən mövcuddursa, zəruri olaraq sonsuz zehin tərəfindən qavranılır: deməli, sonsuz zehin və ya Allah var demək arasında heç bir fərq yoxdurmu? Bu, sizi Allahın mövcudluğu barədə ən aşkar prinsipdən çıxan birbaşa və bilavasitə sübut ilə təmin edir. İlahiyyatçılar və filosoflar yaradılışın müxtəlif hissələrinin gözəlliyi və faydalılığından çıxış edərək, hər cür ziddiyyətdən kənar şəkildə sübut etdilər ki, o, Allahın işidir. Astronomiyanın və təbiət fəlsəfəsinin bütün köməyini, şeylərin planauyğunluğu, düzəni, tənzimlənməsi haqqında bütün düşüncələri kənara qoysaq, sonsuz zehnin mütləq şəkildə sadəcə hissi dünyanın mövcudluğundan çıxarılmalı olması isə yalnız bu cür asan düşünənlər üçün üstünlükdür: hissi dünya bizim öz müxtəlif hisslərimizlə qavradığımızdır; və ideyalardan başqa heç nə hisslərlə qavranılmır; və heç bir ideya və ya ideyanın mənbəyi zehindən kənarda mövcud ola bilməz. İndi siz elmlərdə hər hansı əziyyətli axtarış, ağıl itiliyi və ya yorucu, uzun sürən müzakirə olmadan ateizmin ən güclü tərəfdarlarına qarşı çıxa və onu məhv edə bilərsiniz. İstər qeyri-zehni səbəb və nəticələrin əbədi ardıcıllığına, istərsə də atomların təsadüfi birləşməsinə qaçan zavallı sığınmalar; Vanini, Hobbs və Spinozanın o çılğın fantaziyaları – bir sözlə, bütün ateizm sistemi. Bu, bütün görünən dünyanı və onun hər hansı bir, hətta ən qaba və formasız, hissəsinin zehindən kənarda mövcudluğunu güman etməyi ehtiva edən uyğunsuzluq üzərində tək refleksiya ilə tamamilə inkar edilmirmi? Qoy, o dinsizliyin tərəfdarlarından biri öz düşüncələrini nəzərdən keçirsin və cəhd etsin görüm, təsəvvür edə bilirmi ki, hansısa qaya, səhra, xaos, atomların nizamsız qarışığı, ümumiyyətlə, hissi və ya təsəvvüredilən nəsə, necə zehindən asılı olmadan mövcud ola bilər – abdallığına əmin olmaq üçün onun bundan uzağa getməyə ehtiyacı yoxdur. Müzakirəni belə bir məsələnin üzərinə qoymaqdan və hətta düşüncədə olsa da, nəzərində tutduğunun əslində doğru olduğunu təsəvvür edə bilməsini görmək üçün bunu bir insanın özünə buraxmaqdan, həmçinin, anlayışsal olandan onun gerçək mövcudluğunu çıxarmağa imkan verməkdən daha düzgün nəsə ola bilər?

Hilas: İnkar edilə bilməz ki, irəli sürdüyünüzdə din üçün olduqca faydalı nəsə var. Ancaq düşünmürsünüz ki, bu, bəzi görkəmli müasirlərin qəbul etdiyi hər şeyi Allahda görmək anlayışına çox bənzəyir?

Filonus: Bu fikirlə məmnuniyyətlə tanış olmaq istərdim; rica edirəm, bunu mənə izah edin.

Hilas: Onlar düşünürlər ki, qeyri-maddi olmaqla ruh maddi şeyləri özlüyündə qavrayacaq qədər onlarla birləşmiş olmağa qabil deyil; hərçənd, ruh onları özünün Allah substansiyası ilə birliyində qavrayır. Allah substansiyası ruhi olduğundan tamamilə ağlabatandır və ya bir ruhun düşüncəsinin birbaşa obyekti olmağa qabildir. İlahi mahiyyət hər bir yaradılmış varlığa xas olan mükəmməllikləri özündə saxlayır; bu səbəblə də onlar zehində əks olunmağa uyğundur.

Filonus: Anlamıram ki, tamamilə hərəkətsiz və passiv olan ideyalarımız necə mahiyyət, yaxud qeyri-passiv, bölünməz, saf, aktiv varlıq olan ilahi mahiyyətin və ya substansiyasının hər hansı bir hissəsi (və ya hansısa hissəsinə bənzər) ola bilər. Bu fərziyyəyə qarşı ilk baxışda meydana çıxan daha çox çətinliklər və iradlar var; ancaq mən yalnız əlavə edəcəm ki, yaradılmış dünyanın Ruhun zehnindən kənarda mövcud olduğunu iddia etdiyinə görə ümumi fərziyyənin bütün absurdluqları ona da aiddir. Bütün bunlardan başqa onun belə özünəməxsus xüsusiyyəti var ki, o, maddi dünyanın heç bir məqsədə xidmət etmədiyini bildirir. Əgər o, elmlərdəki digər fərziyyələr – o fərziyyələr ki, təbiət və ya ilahi hikmətin nəyisə əbəs yerə, yaxud daha asan və qısa şəkildə həyata keçirilə biləni yorucu dolayı yollarla etdiyini güman edir – əleyhinə yaxşı arqument kimi keçərlidirsə, bütün dünyanın əbəs yerə yarandığını güman edən fərziyyə barəsində biz nə düşünəcəyik?

Çevirəni və Ön sözün müəllifi Anar Cəfərov

Berklinin Hilas və Filonus arasında üç dialoq əsərinin tərcüməsinə ön söz

https://bakuresearchinstitute.org/az/berklinin-hilas-ve-filonus-arasinda-uc-dialoq-eserinin-tercumesine-on-soz/

Birinci dialoqun birinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq/

Birinci dialoqun ikinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-2/

Birinci dialoqun üçüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-3/

Birinci dialoqun dördüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/hiilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-4/

Share article
FacebookTwitter

Facebook Comment

subscribe

BRI is a think-tank launched by independent experts aiming to provide a local and international audience with analysis, opinion and research on Azerbaijan.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.