fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Hilas və Filonus arasında üç dialoq

Read this article on other language
Download article
image_pdf
image_pdf

Corc Berkli (1685-1753) məşhur britaniyalı filosofdur. Onun Hilas və Filonus arasında üç dialoq (Three Dialogues between Hylas and Philonous) əsəri qabaqcıl universitetlərin bir çoxunda fəlsəfə ixtisası üzrə təhsil alan ilk kurs tələbələrinə oxunması tövsiyə olunan əsərlərdən biridir. Əsər dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmişdir. 

Üçüncü dialoqun dördüncü hissəsi (mətnin sonunda dialoqun əvvəlki hissələrinə və Ön sözə keçid yerləşdirilmişdir)

Hilas: Deyirsiniz ki, hisslərinizə inanırsınız; və görünür, özünüzü təqdir edirsiniz ki, bu məsələdə çoxluqla razısınız. Ona görə də, sizin fikrinizcə, bir şeyin əsl təbiəti hisslər vasitəsilə aşkarlanır. Əgər belədirsə, onda bu narazılıq haradan ortaya çıxır? Məgər eyni forma və başqa hissi keyfiyyətlər bütün vasitələrlə qavranılmır? Və bu, yalın gözlə mümkün olsaydı, nəyə görə biz cismin gerçək təbiətini aşkar etmək üçün mikroskop istifadə etməliyik?

Filonus: Ciddi desək, Hilas, hiss etdiyimiz obyektlə gördüyümüz eyni deyil; həmçinin, mikroskopla qavradığımız obyekt də yalın gözlə gördüyümüzün eynisi deyil. Ancaq əgər hər bir dəyişiklik yeni bir növ və ya təkcəni güman etməyə kafi hesab edilsəydi, sonsuz sayda və ya qarışıq adlar dili istifadəyə yararsız edərdi. Ona görə, azacıq düşündükdə aydın olan bu və ya digər çətinliklərdən yan qaçmaq üçün insanlar müxtəlif hisslər, yaxud müxtəlif vaxtlarda və ya vəziyyətlərdə eyni hiss tərəfindən qavranılan bir neçə ideyanı birləşdirirlər; hərçənd, bu müxtəlifliklər ya həmmövcudluq ya da ardıcıllıq baxımından – ki, bunların hamısına bir ad aiddir və onlar vahid nəsnə hesab edilir – təbiətlə bağlı müşahidə edilir. Demək, buradan belə çıxır ki, görmüş olduğum şeyi digər hisslərimlə yoxlamaq eyni obyekti daha yaxşı dərk etmək üçün deyil; bir hissin obyekti başqa hisslər vasitəsilə qavranılmır. Mikroskopla baxmaq isə artıq yalın gözlə gördüyümü daha aydın görə bilmək deyil; şüşə vasitəsilə qavranılan obyektlər əvvəlkindən tamamilə fərqlidir. Hərçənd, hər iki halda məqsədim hansı ideyaların bir-biri ilə əlaqədə olduğunu bilməkdir; insanın ideyaların əlaqəsi barədə çox bilməsi şeylərin təbiəti haqqında çox bilməsi deməkdir. Ona görə, əgər ideyalarımız dəyişkəndirsə, onda necə olsun? Bəs, əgər hisslərimiz bütün vəziyyətlərdə eyni təzahürlərlə təsirlənmirsə, onda necə? Buradan belə çıxmır ki, onlara inanmaq olmaz; yaxud da, onlar ya özləri ilə, ya da başqa nə iləsə uyğunsuzdur – hansısa (bilmirəm, hansı) qabaqcadan formalaşmış, hər bir adın işarələdiyi təkcə, dəyişməz, qavranılmaz, gerçək mahiyyət anlayışınız istisnadır ki, bunu da, görünür, önyarqı müxtəlif fərqli ideyalar haqqında zehin tərəfindən vahid nəsnə kimi birləşdirilmiş olaraq bəhs edən insanların adi dilini düzgün anlamamasından götürüb. Və əslində, filosofların bir sıra yanlış fikirlərinin eyni səbəbdən ortaya çıxmasına şübhələnməyə əsas vardır: onlar öz düşüncələrini anlayışlardan çox sözlər əsasında qururlar ki, sözlər də xalq tərəfindən, fəlsəfi düşünməni nəzərə almadan, sadəcə gündəlik həyati işlərin rahatlığı və axıcılığı üçün yaradılmışdır.

Hilas: Mənə elə gəlir, nə nəzərdə tutduğunuzu anlayıram.

Filonus: Bu, sizin fikrinizdir ki, hisslərmizlə qavradığımız ideyalar gerçək şeylər deyil, onların şəkilləri və ya kopyalarıdır. Bu səbəbdən, biliklərimiz, ideyalarımızın həmin orijinal nəsnələrin həqiqi inikası olmasından daha çox gerçək deyil. Ancaq bu gümanedilən orijinal nəsnələr özlüyündə bilinməz olduğundan, ideyalarımız onlara nə dərəcədə oxşayır – yaxud ümumiyyətlə oxşayırmı –  bilmək mümkün deyil. Ona görə də gerçək biliyə sahib olmağımızdan əmin ola bilmərik. Bundan əlavə, ideyalarımız gerçək şeylərdə dəyişikliyi güman etmədən qavrayışsal olaraq dəyişdiyindən, zəruri olaraq belə çıxır ki, onların hamısı şeylərin düzgün kopyası ola bilməz: yaxud, əgər bəziləri düzgün, bəziləri isə qeyri-düzgündürsə də, əvvəlkini sonuncudan fərqləndirmək mümkün deyil. Bu isə bizi daha dərin qeyri-müəyyənliyə yuvarlayır. Məsələni bir daha nəzərdən keçirək: biz dərk edə bilmərik ki, hər hansı ideya və ya ideyaya bənzər nəsə zehindən kənar mütləq mövcudluğa necə malik olar; həmçinin, nəticədə dərk edə bilmərik ki, sizin fikrinizə görə, təbiətdə hər hansı gerçək şey necə var ola bilər. Bütün bunların nəticəsi bu olar ki, biz ən ümidsiz və tərk edilmiş Skeptisizmə atılaq. İndi isə icazə verin, sizdən soruşum: birincisi, ideyaları, onların orijinalı olaraq mütləq mövcudluğa malik müəyyən qavranılmayan substansiyalara müncər etməyiniz bütün bu Skeptisizmin mənbəyi deyilmi? İkincisi, həmin bilinməyən orijinal nəsnələrin mövcudluğu haqqında ya hiss, ya da ağıl vasitəsilə məlumatlısınızmı? Və əgər məlumatlı deyilsinizsə, onları güman etmək absurd deyilmi? Üçüncüsü, yaxından nəzərdən keçirdikdə, siz qavramayan substansiyaların mütləq və ya xarici mövcudluğu adı altında, nəsə aydın şəkildə dərk edilmiş və ya nəzərdə tutulmuş bir anlayış tapırsınız? Sonuncusu, premislər nəzərdən keçirilsə, təbiəti izləmək, hisslərə inanmaq və bilinməyən təbiətlər və substansiyalar haqqındakı narahat fikirləri kənara qoyaraq, adi insanlar kimi hisslərlə qavranılan şeyləri gerçək hesab etmək ən müdrik yol olmazdımı?

Hilas: İndilik cavab verən tərəf olmağa həvəsim yoxdur. Əvəzində üstünlük verərdim, görüm, buna nə deyəcəksiniz: zəhmət olmasa, deyin, bir hiss tərəfindən qavranılan obyektlər oxşar şəkildə o biri mövcud hisslər tərəfindən qavranıla bilərmi? Əgər burada daha yüzü olsaydı, onların hamısı bağı, ağacları və gülləri mən onları gördüyüm kimi görərdi. Ancaq onlar təxəyyülümdə formalaşdırdığım ideyalarla eyni qaydada təsirlənmirlər. Bu, əvvəlki növ obyektlərlə sonuncular arasında fərqi göstərmir?

Filonus: Qəbul edirəm ki, göstərir. Hissiyatın obyektləri ilə təxəyyülün obyektləri arasındakı fərqi də heç vaxt inkar etməmişəm. Bəs, siz buradan nə nəticə çıxarardınız? Deyə bilməziniz ki, hissi obyektlər qavranılmadan mövcuddur, çünki onlar çoxları tərəfindən qavranılır.

Hilas: Etiraf edirəm ki, bu irada qarşı heç nə edə bilmərəm. Hərçənd, bu, başqasına səbəb oldu. Hisslərimizlə yalnız zehnimizdə olan ideyaları qavramağımız sizin fikriniz deyilmi?

Filonus: Mənim fikrimdir.

Hilas: Bəs, axı mənim zehnimdə olan eyni ideya sizinkində və ya başqa bir zehində ola bilməz. Ona görə, sizin fikirlərinizdən belə çıxmırmı ki, iki nəfər eyni şeyi görə bilməz? Və bu, xeyli dərəcədə absurd deyilmi?

Filonus: Əgər eyni terminini adi danışıqdakı kimi qəbul etsək, dəqiqdir (və bu heç də qəbul etdiyim prinsiplərə zidd deyil) ki, müxtəlif insanlar eyni şeyi qavraya bilərlər; başqa sözlə, eyni şey və ya ideya müxtəlif zehinlərdə mövcud ola bilər. Sözlərə verdiyimiz mənalar ixtiyaridir. İnsanların eyni sözünü heç bir fərqlilik və ya müxtəliflik qavramayanda tətbiq etməklərindən – mən onların qavrayışlarını dəyişməyə iddia etmirəm – belə çıxır ki, əvvəllər deyildiyi kimi, bir neçəsi eyni şeyi gördü ifadəsini onlar oxşar vəziyyətlərdə dil qaydaları və ya şeylər haqqındakı həqiqətdən yayınmadan istifadəyə hələ davam edə bilərlər. Ancaq əgər eyni termini mücərrəd eyniyyət anlayışına iddia edən filosofların qəbul etdikləri kimi istifadə edilsə, onda onların bu anlayışa verdikləri fərqli təriflərə əsasən (fəlsəfi eyniyyətin nə olduğu ilə bağlı hələ razılıq yoxdur), müxtəlif insanların eyni şeyi qavraması gah mümkün ola bilər, gah da ola bilməz. Ancaq filosofların bir şeyi eyni adlandırmağa uyğun görməsinin məncə əhəmiyyəti azdır. Gəlin, eyni qabiliyyətlərə malik və nəticə etibarilə hissləri vasitəsilə oxşar şəkildə təsirlənmiş, ancaq dildən istifadənin nə olduğunu bilməyən bir neçə insanı birlikdə təsəvvür edək; şübhəsiz, onların qavrayışları oxşar olar. Hərçənd, güman ki, dildən istifadəyə başladıqda, onların bir qismi qavranılan şeyin təkformalılığına görə onu eyni şey adlandırsın; digər qismi, xüsusilə qavrayan insanların müxtəlif olmasına görə, müxtəlif şeylər adlandırmağı seçsin. Bəs, kim görmür ki, bütün bu mübahisə söz barədədir? Yəni, o barədədir ki, müxtəlif insanlar tərəfindən qavranılan şeyə eyni termini tətbiq oluna bilərmi? Yaxud, divarları və ya çöl üzü dəyişməz qalmış, otaqları tam dağıdılmış və yerinə yeniləri tikilmiş bir ev təsəvvür edin. Təsəvvür edin ki, siz bunu eyni adlandırırsınız, mən isə deyirəm ki, bu, eyni ev deyil: – Buna baxmayaraq, ev haqqındakı fikirlərimizdə, özlüyündə götürsək, tam razılaşmazdıqmı? Və bütün fərq səsdə olmazdımı? Əgər məndən fərqli olaraq, siz ev anlayışınıza abstraktlaşdırılmış sadə eyniyyət anlayışını əlavə etdiyinizdən “bizim anlayışlarımız fərqlənir” desəydiniz, cavab verərdim ki, abstraktlaşdırılmış sadə eyniyyət dedikdə nə nəzərdə tutduğunuzu bilmirəm; və istərdim ki, öz düşüncələrinizi nəzərdən keçirəsiniz və özünüzü başa düşdüyünüzdən əmin olasınız. –– Niyə belə sakitsiniz, Hilas? Hələ də inanmırsınız ki, insanlar, sözləri kənara qoysaq, fikir və düşüncələrində gerçək fərqlilik olmadan eyniyyət və müxtəliflik barədə mübahisə edə bilərlər? Bu məsələni də diqqətə alın ki, Materiyanın mövcud olub-olmaması haqqında bəhs edilən hal üçün eyni dərəcədə keçərlidir. Çünki Materialistlər özləri də qəbul edirlər ki, hisslərimizlə birbaşa qavranılan öz ideyalarımızdır. Ona görə, sizin iki nəfərin eyni şeyi görməməsi ilə bağlı çətinliyiniz Materialistin və mənim eyni dərəcədə əleyhinədir.

Hilas: Ancaq onlar xarici arxetipi güman edirlər və eyni arxetipi onların bir neçə ideyası bildirdiyindən, haqlarında deyilə bilər ki, onlar eyni şeyi qavrayırlar.

Filonus: Və (bu arxetipləri inkar etməyinizi xatırlatmadan) siz də eynilə mənim premislərim əsasında xarici arxetipi güman edə bilərsiniz: – xarici dedikdə, sizin öz zehninizə xaric olanı nəzərdə tuturam; hərçənd, əslində, onun mövcudluğunun bütün şeyləri dərk edən zehində olması güman edilməlidir; ancaq onda bu, zehindən kənar mövcudluğa cavab verdiyi kimi, eyniyyətlə bağlı bütün iddialara da cavab verir. Və əminəm, siz özünüz deməyəcəksiniz ki, bu, daha az ağlabatandır.

Hilas: Əslində, mənə aydın şəkildə göstərdiniz ki: ya bu məsələdə heç bir çətinlik yoxdur, ya da əgər olsaydı, bu, eyni dərəcədə hər iki fikrin əleyhinə olardı.

Filonus: Hərçənd, bu iki ziddiyyətli fikrin eyni dərəcədə əleyhinə olan onların heç birinin əleyhinə sübut ola bilməz.

Hilas: Bunu qəbul edirəm. Ancaq, Filonus, əvvəl-axır, Skeptisizm əleyhinə irəli sürdüklərinizin mahiyyətini nəzərdən keçirsəm, o, bundan artıq deyil: biz əminik ki, gerçəkdən görürük, eşidirik, hiss edirik; bir sözlə, hissi təəssüratların təsirinə məruz qalırıq.

Filonus: Bəs, sonra necə? Mən bu albalını görürəm, onu hiss edirəm, dadıram; və əminəm ki, heçnə görülə və ya hiss edilə, ya da dadıla bilməz; ona görə o, gerçəkdir. Yumşaqlıq, nəmlik, qırmızılıq, turşluq duyğularını kənara qoyun və siz albalını kənara qoymuş olacaqsınız. Duyğulardan kənar bir varlıq olmadığına görə, fikrimcə, albalı hissi təəssüratların birləşməsindən və ya müxtəlif hisslər tərəfindən qavranılan ideyalardan başqa bir şey deyil; bu ideyalar zehin tərəfindən vahid bir şeyə çevrilir (yaxud onlara bir vahid ad verilir), çünki onların bir-birini müşayiət etməsi müşahidə olunur. Belə ki, damaqda müəyyən bir dad hiss edildikdə, görmə qırmızı rəngi, lamisə yumruluğu, yumşaqlığı və s. hiss edir. Deməli, mən müxtəlif tərzdə görəndə, hiss edəndə və dadanda, əminəm ki, albalı mövcuddur, yaxud o, gerçəkdir; fikrimcə, onun gerçəkliyi həmin duyğulardan mücərrədləşmiş bir şey deyil. Ancaq əgər albalı sözü ilə bütün bu hissi keyfiyyətlərdən fərqli bilinməyən bir mahiyyəti, mövcudluğu ilə onun qavranılanlığından fərqli nəyisə nəzərdə tutursunuzsa, onda etiraf edim ki, əslində, nə siz, nə də mən, nə də ki başqa birisi əmin ola bilməz ki, o mövcuddur.

Hilas: Bəs, Filonus, əgər mən hissi şeylərin zehində mövcudluğu əleyhinə, sizin eynilə onların maddi substratda mövcudluğu əleyhinə irəli sürdüyünüz arqumentləri gətirsəydim, onda nə deyərdiniz?

Filonus: Arqumentlərinizi ortaya qoyduqda onlara cavab olaraq nə deyəcəyimi eşidərsiniz.

Hilas: Zehin yertutumludur, yoxsa yox?

Filonus: Şübhəsiz, yertutumsuzdur.

Hilas: Deyirsiniz ki, qavradığınız şeylər zehninizdədir?

Filonus: Elədir.

Hilas: Hissi təəssüratlar haqqında danışdığınızı eşitmədimmi?

Filonus: İnanıram, ola bilər.

Hilas: Mənə indi izah edin, Filonus, bütün bu ağacların və evlərin zehninizdə mövcüd olması necə mümkündür? Yertutumlu şeylər yertutumsuz şeydə ola bilərmi? Yaxud, bərkliyi olmayan şey üzərində təəssüratların qalmasını təsəvvür edə bilərikmi? Deyə bilməzsiniz ki, kitabların kabinetinizdə olması kimi obyektlər də sizin zehinizdədir; ya da ki, möhürün forması mumda iz saldığı kimi, şeylər də onun üzərində iz salır. Ona görə, bu ifadələri hansı mənada başa düşməliyik? Mümkünsə, bunu mənə izah edin və mən sonra substratla bağlı əvvəl qoyduğunuz bütün suallara cavab verə biləcəm.

Filonus: Baxın, Hilas, obyektlər barədə zehində mövcud kimi və ya hisslər üzərində iz olaraq bəhs etdikdə, sözün kobud mənasında – necə ki, cisimlər haqqında deyilir ki, onlar bir yerdə mövcuddur; yaxud möhür mum üzərində iz salır – başa düşülmək istəməzdim. Nəzərdə tutduğum yalnız budur ki, zehin onları dərk edir və ya qavrayır; və o, xaricdən və ya özündən fərqli bir nəsnə tərəfindən təsirlənir. Sizin çətinliyinizin mənim tərəfdən olan izahı budur. Bilmək istərdim ki, bu, sizin qavramayan maddi substrat barədə fikrinizi necə ağlabatan edə bilər.

Hilas: Yox, deyilənlər bu qədərdirsə, etiraf edirəm ki, bunun necə kömək ola biləcəyini görmürəm. Bəs, bu məsələdə dildən sui-istifadəyə görə günahkar deyilsiniz?

Filonus: Heç də. Bu, dildən adi istifadənin – ki, bilirsiniz, dilin qaydasıdır – icazə imkanlarından başqa bir şey deyil. Filosofların dərketmənin birbaşa obyektləri haqqında zehində mövcud şeylər kimi bəhs etməsindən adi heç nə yoxdur. Həmçinin, burada dilin ümumi analogiyasına tabe olmayan heç nə yoxdur. Zehni fəaliyyətin çox hissəsi hissi şeylərdən götürülmüş sözlərlə işarələnmiş olur; bu, dərk etmək (comprehend), refleksiya etmək (reflect), düşünmək (discourse) və s. kimi sözlərdən – hansıları ki, zehinə tətbiq etdikdə kobud mənada başa düşülməməlidir – aydındır.

Hilas: Etiraf edim ki, bu məsələdə məni qane etdiniz. Ancaq hələ də bir böyük çətinlik qalmaqdadır ki, onun öhdəsindən necə gələcəyinizi bilmirəm. Əslində bu, elə əhəmiyyətlidir ki, bütün başqa məsələlərə həll tapsanız da, ona həll tapmadan heç vaxt gözləməyin ki, mən sizin prinsiplərinizə inanım.

Filonus: İcazənizlə bu həlledici çətinlik haqqında məlumatlanım.

Çevirəni və Ön sözün müəllifi Anar Cəfərov

Berklinin Hilas və Filonus arasında üç dialoq əsərinin tərcüməsinə ön söz

https://bakuresearchinstitute.org/az/berklinin-hilas-ve-filonus-arasinda-uc-dialoq-eserinin-tercumesine-on-soz/

Birinci dialoqun birinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq/

Birinci dialoqun ikinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-2/

Birinci dialoqun üçüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-3/

Birinci dialoqun dördüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/hiilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-4/

İkinci dialoqun birinci hissəsi:

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-4/

İkinci dialoqun ikinci hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-5/

İkinci dialoqun üçüncü hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-6/

Üçüncü dialoqun birinci hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-7/

Üçüncü dialoqun ikinci hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-8/

Üçüncü dialoqun üçüncü hissəsi

https://bakuresearchinstitute.org/az/hilas-v%c9%99-filonus-arasinda-uc-dialoq-9/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.