fbpx

iqtisadiyyat

iqtisadiyyat

Qiymətlər əhalinin qazanclarından nə qədər sürətlə artır? Gəlirlərin və inflyasiyanın dinamikasının statistik analizi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Yüksək inflyasiya postpandemiya dövründə qlobal iqtisadiyyat üçün ən ciddi problemlərdən birinə çevrilib. Son 40 ildə aşağı inflyasiya (1-2%) şəraitində yaşamağa adaptasiya olmuş, hətta müəyyən dövrdən bir iqtisadi fəallığa neqativ təsiri baxımından deflyasiya kimi arzuolunmaz fenomenlə üzləşən ABŞ və Avropa iqtisadiyyatı belə artıq 8-10%-lik inflyasiya ilə üzləşib.

Bir sıra keçid ölkələrində (Braziliya, Hindistan) isə 12-13%-ə çatan inflyasiya göstəriciləri qeydə alınıb. Azərbaycanla eyni regionu paylaşan ölkələr içərisində ən yüksək inflyasiya Türkiyədə müşahidə edilir. Ölkənin Mərkəzi Bankının açıqlamasına əsasən, ötən ayın yekunlarına görə, illik ifadədə 80.2%-lik inflyasiya göstəricisi qeydə alınıb. Azərbaycan isə hələ pandemiyadan xeyli əvvəl – 2015-ci ildə milli valyutanın kəskin ucuzlaşması nəticəsində məzənnənin yüksək inflyasiyaötürücü potensialı hesabına ikirəqəmli inflyasiya ilə üzləşməli olmuşdu. Bütövlükdə isə həm idxaldan yüksək asılılıq, həm iqtisadiyyatın ciddi institusional və struktur problemləri (xüsusilə də sərt inhisarçılıq, qiymətlərə dövlət müdaxiləsi, rəqabətli bazarların məhdudluğu, qiymətləri artıran qeyri-rəsmi və ya iqtisadi cəhətdən əsaslandırılmamış rəsmi ödənişlər və s.) üzündən Azərbaycan iqtisadiyyatı daima yüksək inflyasiya potensialını özündə daşıyır.  

Azərbaycanda son 2 ilin qiymət artımları

Rəsmi statistikaya görə, Azərbaycanda istehlak qiymətləri indeksinin səviyyəsi Türkiyə ilə müqayisədə xeyli aşağıdır – ən son rəsmi məlumat iyula aiddir və illik ifadədə 14%-ə yaxın inflyasiya göstərilir.  Bununla belə, Statistika Komitəsi qida inflyasiyasını daha yüksək göstərir – illik 21%. Yüksək qida inflyasiyası artıq son 2 ildir davam edir və 2021-ci ilin yekunlarına görə, 16%-lik qida inflyasiyası qeydə alınmışdı. Yeri gəlmişkən, inflyasiyanın səviyyəsinin ölkələrarası müqayisəsi etibarlı nəticələr əldə etməyə imkan vermir. Əvvəla ona görə ki, ölkələr fərqli məhsul və xidmət səbətindən istifadə edirlər. Məsələn, Azərbaycan inflyasiyanın hesablanması üçün hər ay 532 adda məhsul və xidmətlərin qiymətini müşahidə edir, amma Türkiyədə həmin göstərici 400-dən bir qədər artıqdır. Ən optimal yanaşma budur ki, etibarlı və obyektiv inflyasiya göstəricisinin əldə olunması üçün statistika orqanları mümkün qədər daha az sayda və ev təsərrüfatlarının ən zəruri tələbatını ödəyən məhsul və xidmətləri səbətə daxil etməlidir. İnflyasiyanı siyasi göstərici kimi istifadə edən hökumətlər isə məhsul və xidmətlərin sayının daha çox olmasında maraqlıdır. Bu, manipulyasiya imkanı qazandırır və rəsmi statistikada inflyasiya göstəricisini daha aşağı səviyyədə əks etdirməyə şərait yaradır.

İkinci mühüm səbəb odur ki, statistika orqanlarının siyasiləşmə və peşəkarlıq səviyyəsindən, şəffaflıq və hesabatlılıq potensialından asılı olaraq qiymət müşahidələri baxımından coğrafi və qiymət reprezentativliyi arasında çox böyük fərqlər olur və həmin fərqlər qiymət ölçmələrinin etibarlılığına çox ciddi təsir göstərir.

Bütün bunlara baxmayaraq Azərbaycanda inflyasiyanın alternativ ölçülməsi aparılmır və yeganə istinad ediləsi mənbə rəsmi statistika orqanının qiymətlərə dair açıqladığı aylıq, rüblük və illik göstəricilərdir. Bu baxımdan aşağıda ölkədə gəlirlərin və qiymətlərin dinamikası arasındakı fərqlərlə bağlı müqayisədə rəsmi məlumatlara istinad olunur. Amma hətta müstəqil tədqiqatçıların yetərincə güvənmədiyi rəsmi inflyasiya statistikası qiymət artımlarının gəlirləri xeyli üstələdiyini nümayiş etdirir və aşağıda təqdim olunan statistik analizdən bunu görmək mümkündür.

Ölkədə qiymət artımı ilə bağlı gəlirlərin indeksasiyası

Qiymətlərin və gəlirlərin dinamikası üzrə tendensiyaları daha uzun müddəti (5-10 il) əhatə edən zaman intervalında izləmək lazımdır. Çünki bəzən 2 və ya 3 il ardıcıl olaraq daha yüksək inflyasiya tempi qeydə alınır, lakin gəlirlərin indeksasiyası yalnız 1 ildə baş verir. Yaxud əksinə hansısa ildə aşağı inflyasiya qeydə alınsa da, hökumət büdcədə maaş və sosial ödənişləri, eləcə də minimum əməkhaqqını artırmaqla gəlirlərin inflyasiyanı qabaqlayan yüksək artım tempini təmin edir və aşağıdakı diaqramda bu fakt öz təsdiqini tapır. Yeri gəlmişkən, təhlil üçün baza ilinin 2016-cı il seçilməsi təsadüfi deyil – həmin dövrdən etibarən Azərbaycanda milli valyutanın kəskin dəyər itirməsilə məzənnə hesabına idxal inflyasiyası üçün münbit şərtlər təmin edildi.

2016-2022-ci illərdə Azərbaycanda gəlirlər, yaşayış minimumunun dəyəri və inflyasiya arasında əlaqə

Qeyd: 2022-ci il üzrə məlumatlar iyul ayına aiddir və əvvəlki ilin eyni dövrünə nisbətən hesablanan göstəricidir

Rəsmi statistik məlumatlardan göründüyü kimi, 2016-2022-ci illərdə (2022-ci ilin 8 ayının nəticələri) inflyasiya tempi (xüsusən də qida inflyasiyasının sürəti) əsasən gəlirlərin artım tempini üstələyib. Belə ki, 2018-2019-cu illər istisna olmaqla həm təhlil aparılan dövrün başlanğıcında, həm də son 3 ilində qiymət artımlarının əhalinin gəlirlərini üstələməsi aydın görünür. Yalnız 2020-ci ildə orta maaşın artım tempi istehlak qiymətləri indeksinin artımını qarşılasa da, əhalinin adambaşına gəlirləri qida inflyasiyasından zəif artıb. Son 2 ildə (2021-2022 illər) isə inflyasiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyi, əhalinin adambaşına gəlirlərinin artım tempini az qala 5-6 dəfə üstələdiyi aydın görünür.

Hökumət gəlirlərin indeksasiyası hesabına əhalini inflyasiyadan qorumaq üçün istifadə etdiyi mexanizmlər isə effektiv deyil. Bura 3 mexanizm daxildir: 1) minimum əməkhaqqının artırılması; 2) büdcə vasitəsilə maaş, pensiya, təqaüd və sosial müavinətlərin məbləğinin artırılması; 3) yaşayış minimumunun dəyərinə ildə bir dəfə baxılması.

Minimum əməkhaqqı ilə bağlı qərarlar aşağı gəlirli ev təsərrüfatlarının gəlirlərinin formalaşmasında əhəmiyyətli rola malikdir. Son 5 ildə (2017-2022-ci illərdə) minimum əməkhaqqı məbləği təxminən 2.6 dəfə artırılaq 116 manatdan 300 manata çatdırılıb. Lakin yuxarıdakı diaqramdan da göründüyü kimi, qısa müddətdə minimum maaş səviyyəsinin bu cür kəskin artımı əhalinin gəlirlərinin inflyasiya tempini üstələməsini təmin etməyib. Bunun başlıca səbəbi odur ki, ölkədə yalnız hər 3 nəfərdən birinin gəlirləri əməkhaqqı gəlirləri hesabına formalaşır. Çünki iqtisadiyyatda məşğul olan 4.9 milyon nəfərə yaxın əmək qabiliyyətli əhalinin yalnız 1.7 milyon nəfəri muzdla, yəni rəsmi əmək müqaviləsi və rəsmi məvaciblə çalışır. Digər tərəfdən, əmək bazarı statistikasına görə, ən yaxşı halda hər 5 nəfərdən biri minimum əməkhaqqına yaxın məbləğdə maaş alır.   

Minimum əməkhaqqının artımı paralel olaraq iqtisadiyyat üzrə orta maaş məbləğinə də təsir edir. Rəsmi statistikaya əsasən, 2017-2022-ci illərdə nominal ifadədə orta aylıq əməkhaqqı 56% artmışdır.[1] Yaşayış minimumunun dəyərinin müəyyən edilməsinin hazırkı mexanizmi də gəlirlərin inflyasiya tempinə uyğun indeksləşdirilməsi baxımından effektiv deyil. Yaşayış minimumu hər bir fərdin minimum yolverilən həddən aşağı olmayan səviyyədə özünün fizioloji və sosial-mədəni tələblərini ödəməsini qarşılaması üçün əmtəə və xidmətlər səbətinin dəyərini ifadə edir. Təhlil aparılan dövr üzrə əksər illərdə yaşayış minimumunun dəyəri inflyasiyadan daha zəif templə artıb. Əmək qabiliyyətli yaşda əhali üçün rəsmi yaşayış minimumu 2016-cı ildə 146 manat, 2022-ci ildə 220 manat təşkil edib – yəni 74 manatlıq və ya 50%-lik artım var. Lakin rəsmi statistikanın 2016-cı2022-ci illər üzrə məhsul və xidmətlərin qiymət monitorinqi əsasında 20 ən zəruri qida məhsulunun qiymətləri və 3 kommunal xidmət növünün tarifləri əsasında apardığımız hesablama göstərir ki, ölkədə son 6 il üzrə qiymət artımı 75% ətrafında olub.

20 adda ən zəruri qida məhsulunun qiyməti, 2016 (iyul) və 2022-ci il (iyul) üzrə (manatla)

Məhsulun adıÖlçü vahidiQiymət (2016)Qiymət  (2022)Qiymət (2016)Qiymət  (2022)
Uzun düyü1kq2,464,332,464,33
Buğda unu1kq0,81,400,81,40
Əla növ buğda çörəyi1kq0,631,170,631,17
Vermişel1kq1,742,411,742,41
Sümüklü mal əti1kq7,2512,337,2512,33
Sümüklü qoyun əti1kq8,4413,558,4413,55
Toyuq əti1kq3,395,633,395,63
Qatıq1 litr1,622,421,622,42
Pendir1kq5,449,595,449,59
Şor1kq3,413,743,413,74
Kəsmik1kq5,307,315,307,31
Toyuq yumurtası10 ədəd1,311,681,311,68
Kərə yağı1kq8,1819,248,1819,24
Qarğıdalı yağı1 litr3,486,823,486,82
Alma1kq1,482,201,482,20
Ağ kələm1kq0,420,710,420,71
Baş soğan1kq0,560,960,560,96
Kartof1kq0,601,050,601,05
Şəkər tozu1kq1,211,761,211,76
Qara və ya yaşıl çay 500 qr7,4811,147,4811,14
Cəmi, manatla65,2109,5

Cədvəldə təqdim olunan məlumatlardan göründüyü kimi, əhalinin gündəlik istehlakında əsas yer tutan 20 adda qidadan təşkil olunmuş səbətin dəyəri 68% artıb. Lakin həmin dövrdə əsas kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su-kanalizasiya) üzrə əhalinin xərcləri orta hesabla 80% artıb. Belə ki, yaşayış minimumunun bir nəfər hesabı ilə kommunal xidmətlər səbətinin dəyəri 2016-cı ildə 10.5 manat təşkil etdiyi halda, hazırda həmin məbləğ 19 manat təşkil edir. Beləliklə, zəruri qida və kommunal xidmətlər səbətinin dəyəri əsas götürüldükdə, son 6 ildə əhalinin yaşayışı 75%-dən çox bahalansa da, orta maaşlar 65%-ə yaxın artıb. Əhalinin orta gəlirləri isə daha zəif templə artıb. Belə ki, 2016-2021-ci illərdə adambaşına nominal gəlirlər cəmi 21% artmışdı və 2022-ci il üzrə gözlənilən 13-14%-lik mümkün artım da nəzərə alınsa, qiymətlərin gəlirlərdən az qala 2 dəfə sürətlə artdığı aydın görünür.     

Yeri gəlmişkən, hökumətin siyasi təbliğatda maaşların yüksək artımı baxımından vurğu etdiyi sosial qruplardan biri də təhsil işçiləri, xüsusilə də 2015-ci ildən sonrakı dövrdə diaqnostik qiymətləndirilmədən keçmiş orta məktəb müəllimləridir. Amma bu qrup üzrə maaşların artım dinamikası göstərir ki, ötən 6 ildə orta məktəb müəllimlərinin məvaciblərinin artımı (təxminən 55%) real inflyasiyadan xeyli geri qalıb. Eyni zamanda, əgər diaqnostik qiymətləndirilmənin nəticələrinə əsasən müəyyən olunan yeni maaş sxemində ən aşağı məvacibə (18 saat dərs və 3 ilədək pedoqoji staj) malik müəllimlərin əmək haqqı həmin dövrdə ölkə üzrə orta maaşların 71%-nə bərabər idisə, hazırda bu göstərici 66%-ə yaxındır. Ən yüksək (18 saat dərs yükü və 18 ildən çox pedoqoji staj) maaşa malik müəllimlərin məvacibi isə həmin dövrdə ölkə üzrə orta maaşlara bərabərləşmişdisə, hazırda bu göstərici 86% təşkil edir.       

Beləliklə, son 6 ildə milli valyutanın ciddi dəyər itirməsilə kəskinləşən, ardınca qlobal pandemiya və Rusiya-Ukrayna müharibəsi, eləcə də iqtisadiyyatda rəqabətin yoxluğu və inhisarların hökmranlığı ilə daha da sürətlənən yüksək inflyasiya əhalinin gəlirlərini sürətlə yeyir. Bu problem yaxın 5 ildə ölkədə yoxsulluğu və sosial bərabərsizliyi daha da dərinləşdirəcək.

Qeydlər və istinadlar:

[1] https://stat.gov.az/source/labour/az/004_2-3.xls

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.