fbpx

Cəmiyyət

Cəmiyyət

Sara Krombaxın “Ziya Bünyadov və Azərbaycan keçmişinin icadı” dissertasiyası haqqında

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bir müddət əvvəl ətrafında çoxlu tənqidi fikirlər söylənilən və geniş müzakirələr açılan hollandiyalı tədqiqatçı Sara Krombaxın (Sara Crombach) “Ziia Buniiatov and the invention of an Azerbaijani past” (Ziya Bünyadov və Azərbaycan keçmişinin icadı) adlı dissertasiya işini oxudum. Bu müzakirələrdə tez-tez mənim də adım çəkildiyi üçün bu əsər barədə bəzi mülahizələrimi oxucularla bölüşmək qərarına gəldim. Digər tərəfdən, araşdırmanın bəzi məqamlarında müəllif mənim kitablarıma da (SSSR-Turtsiia: ot neitraliteta k kholodnoi voine 1939-1953 Moscow, 2008; Khrushchevskaia “ottepel” i natsional’nyi vopros v Azerbaidzhane, 1954-1959 Moscow, 2009) istinadlar edir və buna görə dr. Krombaxa öz təşəkkürümü bildirirəm.

Birinci başlayaq ki, əgər müəllif özü dissertasiyasının adını “Ziya Bünyadov və Azərbaycan keçmişinin icadı” kimi təqdim edirsə – doğrusu da budur – bəziləri  niyə onun “invention” ifadəsini “kəşf”, “icad” kimi deyil, “uydurma” kimi tövsif edir? Axı belə təqdimat həm tərcümənin tələbləri, həm işin məzmunu, həm də müəllifin səmimi niyyətləri baxımdan doğru yanaşma deyil. Sara Krombax deyir: “Bir neçə həftə əvvəl Amsterdam Universitetinin humanitar fakültəsində “Ziya Bünyadov və Azərbaycan keçmişinin icadı” tezisimi uğurla müdafiə etdim. Bu iş çox uzun bir araşdırmanın və bəlkə də mürəkkəb, lakin çox zəngin və rəngarəng keçmişə və mədəniyyətə sahib bir bölgə olan Qafqaza uzun müddət davam edən şəxsi heyranlığımın nəticəsidir: aralarındakı bir çox fərqə baxmayaraq, ortaqlıqları da xeyli olan mədəniyyətlərin bəzən kəsişmə, bəzən toqquşma nöqtəsi olan bir qovşaqdır bura. Bu bölgəyə ilk marağım sadəcə, şəxsi idi. Bakıdakı ailəsiz qalmış uşaqlarla işim (əsasən Dağlıq Qarabağ münaqişəsinin qurbanları) Azərbaycanla ilk tanışlığım olub və bu iş etnik münaqişələrin dağıdıcı təsirlərini dərk etmək və bu anlaşılmazlıqları başa düşərək cəmiyyətə töhfə vermək istəyimi oyatdı… Ziya Bünyadovun tərcümeyi-halını və nəşrlərini təkcə bir milli qəhrəmanın həyatı və əsərləri kimi deyil, həm də “alim şəxsiyyət”in təzahürü kimi, başqa sözlə, müəyyən bir kontekstdə xüsusi mənəvi, akademik, ictimai və siyasi ehtiyaclarla bir alimin xarakterik nümunəsi kimi araşdırdım. Ziya Bünyadov yaxşı sovet şərqşünası olmaq üçün lazım olan bütün standartlara uyğun gələn bir alim idi. Mənim də əsas diqqətim bu standartları araşdırmaq və anlamaq idi. Başlıqdaki “invention” (icad) terminini mən yeni tarixi kanonun yaradılmasını qabartmaq üçün postkolonial rəqabət və sovet doqmaları kontekstində istifadə etmişəm”.

Bu səmimi ideyaların təsiri altında akademik Ziya Bünyadov haqqında obyektiv, maraqlı, yaddaqalan bir əsər ortaya qoyan Sara Krombaxın simasında düşmən axtarmaq, casus güdmək totalitar düşüncəyə xas və bizə də sovet xüsusi xidmət ənənələri tərəfindən gətirilmiş bir yanaşmadır, bunun əsirinə çevrilmək zərərlidir, uzaq olmaq gərəkdir. Mənim bir vaxtlar Milli Məclisin kitabxanasında işləmiş Ziya müəllimin həyat yoldaşı Tahirə xanımla mərhum alim haqqında saatlarla söhbətlərim olub və həmin söhbətlərin xeyli hissəsini Krombaxın dissertasiya işində də gördüm.

Məlum olduğu kimi, hər bir işin hazırlanma prosesində tədqiqatçı elmi problemin həlli üçün müəyyən fərziyyələr formalaşdırıb, onu arqumentlərlə əsaslandırır. Araşdırmaçının arqumentləri ilə razılaşmaq da olar, razılaşmamaq da. Lakin razılaşmadıqda buna ümumi sözlər və mücərrəd mülahizələrlə deyil, tutarlı kontr-arqumentlərlə cavab vermək lazımdır. Nəzərə almaq lazımdır ki, Krombaxın tədqiqatı Azərbaycan tarixi məsələlərinə deyil, tarix elminin, xüsusilə də bir sıra məqamlarda siyasi məzmun kəsb edən sovet şərqşünaslıq məktəbinin parlaq nümayəndələrindən biri kimi akademik Ziya Bünyadovun bu sistemdə və bu sahədəki yerinə və roluna həsr olunub.

Dissertasiya işinin mündəricatından onun qayəsi və ideya istiqaməti məlum olur. Giriş və 3 fəsildən ibarət olan araşdırmada Ziya Bünyadovun həyat və fəaliyyəti “Alim qəhrəmanın yüksəlişi və çiçəklənməsi: Ziya Musayeviç Bünyadovun Tərcümeyi-Halı (1923-1986)”; “Tarixşünaslıq ərazi uğrunda mübarizədə: Bünyadovun əsərləri (1958-1987)”; “Dəyişiklik dövrünün marginallaşmasına müqavimət: Köhnə rejimlə Bünyadov arasında siyasi oyun, Xalq Cəbhəsi və Əliyevin dönüşü (1987-1997)” çərçivəsində öyrənilir. Fikrimizcə, bu plan araşdırmaçıya akademik Ziya Bünyadovun həyat və elmi yaradıcılığını öyrənmək üçün geniş imkanlar verir və araşdırmaçı bu imkanlardan bacarıqla yararlana bilib. Dissertasiyanın 2-ci fəslində dr. Krombaxın verdiyi “Müdafiə: erməni təcavüzü və Azərbaycanın reaksiyası” adlı paraqraf müəllifin məsələyə obyektiv baxışının bir açarı kimi dəyərləndirilə bilər.

Dissertasiyanın birinci fəslində tədqiqatçı Ziya Bünyadovun həyat yolunun başlanğıc  mərhələsini təhlil edir, onun çılğın, daha çox realist və hətta bəzi məqamlarda opportunist olduğunu qeyd edir. Müharibə haqqında yazarkən tədqiqatçı Ziya müəllimin cəsur olduğunu, onun “ştrafnik” (sovet ordusunda cinayət törətmiş hərbçilərdən ibarət hərbi hissənin üzvü) olmadığını bildirir. Tədqiqatçı yazır: “Çox guman ki, onu hansısa kiçik qanun pozuntusuna görə cəzalandırıblar, lakin bu, onun “ştrafnik” olmasına dəlalət etmir”. Krombax eyni zamanda Stalinin müharibədən sonrakı repressiyaları zamanı Ziya Bünyadovun öz fikrini açıq ifadə etməkdən çəkinmədiyini, publika qarşısında belə müəyyən fikirləri söyləməkdən qorxmadığını, stalinist hücumun hədəfinə gələn alimlərin müdafiəsinə qalxdığını, lakin bununla yanaşı, onun dissident də olmadığını vurğulayır. Tədqiqatçı qeyd edir ki, “Ziya Bünyadov sonralar da dəfələrlə belə cəsarət nümayiş etdirmiş, lakin sovet cəza aparatı tərəfindən təqib olunmamışdır.” Bu cəsarətin əsas səbəbini isə o, bir tərəfdən Ziya Bünyadovun müharibədən Sovet İttifaqı Qəhrəmanı kimi Qızıl Ulduzla çıxmasında, digər tərəfdən marşal Şestopolov ilə qohum, Primakovla tələbə yoldaşı, sonralar isə Heydər Əliyevlə dost münasibətində olmasında görür.

Mübaliğəsiz demək olar ki, dissertasiya işinin birinci fəsli yüksək səviyyədə yazılıb və çılğın, bir qədər də macəraçı gənc kimi Ziya Bünyadovun həyat hekayəsi zəngin boyalarla oxuculara təqdim edilib. Bəzilərinin iddia etdiyi kimi, əsərdə Ziya Bünyadovun Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi şübhə altına alınmır. Dissertasiyada Ziya müəllimin öz sözləri əsasında deyilir ki, Visla-Oder əməliyyatı zamanı 123-cü cərimə eskadronundakı  670 nəfərdən sağ xilas olmuş 47 nəfərin içində olması gənc zabit Bünyadovun günahı deyildi və onun qəhrəmanlığını şübhə altına ala bilməz. Bu, bilavasitə müharibə zamanı insan həyatını qorumağın ən elementar qaydalarını nəzərə almayan Stalinin müharibə taktikasının qiymətləndirilməsi məsələsidir və heç bir normal tarixçi, xüsusilə Qərb araşdırmaçıları buna bəraət qazandıra bilməz.

Müəllif dissertasiyada partiya və dövlətin tarixşünaslıq qarşısında Azərbaycanda milli kimliyin formalaşdırılması missiyasını qoyduğunu iddia edir, bu vəzifəni Azərbaycan tarixşünaslığının atası adlandırdığı Ziya Bünyadovun icra etdiyini söyləyir və dissertasiyanın ikinci fəslində bunu sübuta yetirməyə çalışır. Bu fəsildə tədqiqatçı Ziya müəllimin elmi fəaliyyətinin Dağlıq Qarabağ probleminə  nə dərəcədə təsir göstərdiyini də araşdırmağa çalışır. Dr. Krombax nə dərəcədə buna müyəssər ola bilib? Buna aydınlıq gətirmək üçün onun dissertasiyada irəli sürdüyü dəlillərə diqqət yetirək. O qeyd edir ki, “Qafqaz Albaniyası dövrünə dair yerli azərbaycanlı yazılı mənbələr yoxdur və bunun əksini iddia ediriksə, gərək dövrün mütəxəssisləri həmin mənbələrin olduğunu ortaya qoyub  elmi cəhətdən əsaslandıra bilsinlər.” Daha sonra Krombax bildirir ki, “Qafqaz Albaniyası ilə bağlı iddialar irəli sürən Ziya Bünyadov qrabarda yazılmış mənbələri oxumaq imkanına malik olmayıb və 1960-cı ildə Mxitar Qoşun Albaniya xronikasını isə ingilis ermənişünas alimi Çarlz Dousetin (Charles J. F. Dowsett) 1958-ci ildə nəşr olunmuş tərcüməsi əsasında, yəni ingilis dilindən rus dilinə tərcümə edərək dərc etdirib.”

Belədirmi? Bəli, belədir və Ziya Bünyadov özü də nəşrin əvvəlində Mxitar Qoşun Albaniya xronikası əsərini Dousetin ingilis dilindəki nəşrindən tərcümə etdiyini yazır. Lakin məsələ bunda deyil. Məsələ ondadır ki, Krombax bundan sonra Dousetin 1958-ci il ingilis nəşri ilə Ziya müəllimin 1960-cı il rus nəşrini müqayisə edir. Bax, elə bir çoxlarını narahat edən məqam da bu müqayisə zamanı ortaya çıxır. Tərcümə orijinala uyğun olmalıdır və burada mübahisəyə yer yoxdur. Lakin bu müqayisə zamanı Krombax belə bir nəticəyə gəlir ki, Ziya Bünyadov Mxitar Qoşun Albaniya xronikası əsərini Dousetin ingilis nəşrindən rus dilinə tərcümə edərkən kiçik təhriflərə yol verib. Müəllifin fikrincə, Ziya Bünyadov “erməni” və  ya “Ərməniyyə” terminlərini tərcümə etməyib. Yəni bu müqayisə zamanı Krombax aşkar edib ki: “Dowsett starts his introduction with the argument that “Caucasian Albania, or Aluank, [is] the country that represents the most eastern part of the Armenian sphere of influence”. Buniiatov drops these nuances and simply speaks of Caucasian Albania”. (s.79) Mənbənin müəllifinin kimliyinə gəldikdə isə Krombax yazır:Similarly, where Dowsett identifies historical personalities and scholars as “Armenian”, Buniiatov simply drops this ethnic attribute”.(s.79) Göründüyü kimi, burada söhbət hər hansı tarixi saxtalaşdırmadan deyil, Ziya Bünyadovun tərcümə etdiyi kitabı təhrif etməsindən gedir, onun iddiasına görə tərcümə xətasına yol verilib. Dr. Krombax haqlıdırmı? Onu topa tutmaqdan və dağa-daşa əl atmaqdansa, Dousetin ingilis nəşri ilə Bünyadovun rus nəşrini tutuşdurub müqayisə etsək, hər şey yerinə oturacaq. Tərcümə prosesində razılaşılmayan məqamla bağlı şərh, izah, tənqidi mülahizə vermək olar, amma tərcümə edilən əsərin hansısa ifadəsini, hissəsini çıxarmaq, gözardı etmək yolverilməzdir.

Bundan əlavə, dr. Krombax Ziya Bünyadovun Musa Kalankatuklunun (Dissertasiyada Movses Kalankatutsi gedir) əsəri üzrə yazdığı məqaləsini təhlil edərək bildirir ki, ya Ziya Bünyadov Musa Kalankatuklunun Douset tərəfindən edilən tərcüməsinə rəy yazan Robert Hyusen (Robert Hewsen) və Cerard Klausonun (Gerard Clauson) fikirlərini mənimsəyib, ya da sonuncular Ziya Bünyadovun fikirlərini  mənimsəyib və  istinad verməyiblər (Hewsen and Clauson, Notes and Communications on the Chronology of Movses Daskhurantsi, 1964, s.153 və Ziia Buniiatov, O khronologicheskom nesootvetstvii glav ‘istorii agvan’ Moiseia Kagankatvatsi, DANAzSSR, No. 4 (1965) s.65-67). Krombax rəy və məqalənin dərc olunması arasında fərqin bir il olduğunu göstərərək erməni alimi Paruir Muradyanın Ziya Bünyadovu plagiatlıqda ittiham etdiyini söyləyir, yəni özü bilavasitə onu mənimsəmədə ittiham etmir, amma bunun mümkün ola biləcəyini deyir.

Dr. Krombax Ziya Bünyadovun Cənubi Qafqaz xalqlarının etnogenezi məsələsi ilə bağlı sovet tarixşünaslığının əsas məqsədini (korennıye nasionalnosti, yerli xalqlar) ifadə etdiyini, formalaşdırdığını göstərir, ermənilərin iddialarına qarşı çıxır və Azərbaycan vətənpərvərliyini nümayiş etdirmiş olur ki, bunu da heç kim danmır və bütün bunlar həqiqətdir.

Tədqiqatçı iddia edir ki, Ziya Bünyadov müasir Azərbaycan dövlətini Qafqaz Albaniyasının varisi, albanları isə azərbaycanlıların əcdadı kimi təqdim edir, Qafqaz Albaniyasının güclü mərkəzləşmiş dövlət olduğunu göstərir və beləliklə də Azərbaycan tarixini həm sovet dövlətinin yerliləşdirmə (korenizasiya) siyasətinə uyğunlaşdırır, həm ermənilərə qarşı torpaq iddialarını əsaslandırır, həm də əsl millətçi kimi çıxış edir. Alban və erməni qüvvələrinin ərəb işğallarına qarşı birgə çıxışı isə Ziya Bünyadovun tədqiqatında “xalqların dostluğu” kimi əsaslandırılır və onun fikrincə, belə yanaşma sovet təbliğatının tələblərinə cavab verirdi.

Dr. Krombax Ziya Bünyadovun ikinci monoqrafiyasında Atabəylər dövlətini Azərbaycan dövlətçiliyinin davamı kimi təqdim etdiyini göstərir və bu əsərdə də erməni alimlərin üzərinə hücum edərək onları Naxçıvan və  Dağlıq Qarabağın tarixini saxtalaşdırmaqda ittiham etdiyini vurğulayır. Araşdırmaçı qeyd edir ki, Ziya Bünyadovun növbəti əsəri Xarəzmşahlara həsr olunub, bu əsərində alim özbəklərin monqol işğallarına qarşı mübarizəsini əks etdirir və bu əsərə görə də o, 1988-ci ildə Ürgəncin fəxri vətəndaşı elan edilir. Krombaxın fikrincə, Ziya Bünyadov Cənubi Qafqaza həsr olunmuş əsərlərdə yaxşı bilmədiyi erməni mənbələri və bu mənbələrin ermənilər tərəfindən rus dilinə çevrilmiş nəşrləri ilə işləmək məcburiyyətində qalıb və ola bilsin ki, erməni alimləri tərcümə etdikləri mətnləri təhrif ediblər, lakin Orta Asiyaya həsr olunmuş tədqiqatında əsasən ərəb mənbələri ilə işlədiyindən Ziya Bünyadov özünü olduqca rahat hiss edib.

Tədqiqatçı qeyd edir ki, 1987-ci ildə Azərbaycanın tarixi coğrafiyası adlı kitabın redaktoru olan Ziya Bünyadov Azərbaycan tarixini formalaşdırmağa davam edir. O, eyni zamanda qeyd edir ki, “bu sahədə Azərbaycan tarixşünaslığı erməni tarixşünaslığından geri qalmışdı, çünki analoji tədqiqatlar Ermənistanda 1968 (Akopyan) və 1979-cu illərdə (Georqyan) işıq üzü görmüşdü.” Əslində Krombax burada diqqəti Azərbaycan və Ermənistan tarixşünaslığı arasında gedən mübarizə, mübahisə və polemikaya cəlb edir və bu qarşıdurmanın əsasən ərazi iddiaları ilə bağlı olduğunu vurğulayır. Tədqiqatçı yazır ki, “orta əsrlərin tədqiqi üçün kifayət qədər erməni və gürcü mənbələri olduğu halda, azərbaycanlıların keçmişin bərpası üçün yazılı mənbələri azdır və bu səbəbdən də Ziya Bünyadov erməniləri utanıb-qızarmadan Musa Kalankatuklunu  erməni müəllifi adlandırdıqları üçün tənqid edir.” Krombax eyni zamanda qeyd edir: “Tədqiqatçı bundan sonra “Azərbaycanın tarixi coğrafiyası” kitabına salınmış Azərbaycan tədqiqatçılarının məqalələrini təhlil edərək onların Azərbaycan dövlətçiliyi tarixini və bu dövlətçiliyin sərhədlərini bərpa cəhdlərini təsvir edir, qeyd edir ki, tarixi coğrafiyada böyük təcrübəyə malik erməni və gürcü tarixşünaslığından fərqli olaraq, bu cəhd Azərbaycan tarixşünaslığında ilk idi.”

Krombax eyni zamanda vurğulayır ki, “Cənubi Qafqazda torpaq iddialarına ilk başlayan ermənilər olub.” O, dissertasiya işində Zori Balayanın kitabını təhlil edir, onun əsərinin rasist və aqressiv xarakterini qeyd edir. Araşdırmaçı göstərir ki, Balayanın kitabına ilk olaraq İsa Qəmbər cavab yazır, lakin cavab nəşr edilmir və buna səbəb Fəridə Məmmədovanın İsa Qəmbəri onun əsərlərindən yararlanıb, onlara istinad etməməkdə ittiham etməsi olur. Krombaxa görə, gənc tədqiqatçılar arasında yaranmış münaqişəni Ziya Bünyadov İsa Qəmbərin cavabının nəşrinə qadağa qoymaqla həll edir, lakin cavab geniş kütlə arasında (samizdat-azad, sərbəst və ya gizli nəşr  vasitəsilə) yayılır.

Üçüncü fəsildə tədqiqatçı Ziya Bünyadovun köhnə nəsli təmsil etməsinə baxmayaraq, 1980-ci illərin sonunda millətçi mövqedən çıxış edərək Xalq Cəbhəsinə qoşulmasını, 1993-cü ildə isə keçmiş partiya başçısı olan Heydər Əliyevin və köhnə kommunistlərin hakimiyyətə qayıdışından sonra yenidən öz siyasi mövqeyini dəyişdiyini bildirir. O həmçinin qeyd edir ki, “bu dövrdə Ziya Bünyadovun tədqiqatlarında siyasi məzmun daha qabarıq xarakter alır və Ermənistana qarşı açıq aqressiya, düşmən münasibət hiss olunur, bütün bunlar isə Dağlıq Qarabağ probleminin daha da dərinləşməsinə səbəb olub.” Tədqiqatçı nə dərəcədə bizim də bəzi məqamlarını bölüşmədiyimiz bu iddiasını arqumentləşdirə bilib?

Üçüncü fəsildə tədqiqatçı müasir siyasi məsələlərə və  bu məsələlərdə Ziya Bünyadovun iştirakına toxunur, 1980-ci illərin sonlarında onun Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılmasından (Heydər Əliyevə qarşı çıxdığı üçün) danışır. Bütövlükdə Ziya Bünyadov sovet nomenklaturasının üzvü kimi təqdim edilir. Eyni zamanda alman alimi Maykl Korsdan (Michael Kohrs) iqtibas gətirərək tarixi debatların etnik toqquşmalara giriş olduğunu xatırladır, yəni əslində Ziya Bünyadovun da dərc etdirdiyi əsərlərlə bu proseslərdə müəyyən rol oynadığına işarə vurur. Krombax bildirir ki, bu proses təkcə Azərbaycanda deyil, Ermənistanda da baş verirdi. Ziya Bünyadovun karyerasında 1988-ci ildə baş verən dəyişikliyə toxunan tədqiqatçı qeyd edir ki, Şərqşünaslıq İnstitutunda “perestroyka” ilə bağlı direktorun seçilməsi təklif ediləndə əməkdaşlar Ziya Bünyadovu deyil, SSRİ Afrika və Asiya ölkələri Tarixi İnstitutunun əməkdaşı, azərbaycanlı iranşünas Saleh Əliyevi seçirlər. Lakin Ziya Bünyadov Əbdürrəhman Vəzirovla münasibət qura bildiyi üçün Vəzirov onu müdafiə edir, səsvermənin nəticələri ləğv edilir və Bünyadov yenidən direktor təyin edilir. Bunun səbəbini isə o, Ziya Bünyadovun Vəzirovla yaxınlaşması və Heydər Əliyevə qarşı çıxmasında görür.

Krombax dissertasiyada Ziya Bünyadovun Xalq Cəbhəsinin başına gətirilməsi cəhdindən danışır və deyir ki, Zərdüşt Əlizadə bunu DTK və Kommunist Partiyasının xalq hərəkatını nəzarətə almaq cəhdi kimi təqdim edirdi. Səhifə 171-də isə Ziya Bünyadovun Heydər Əliyevin dəvəti ilə YAP-a qoşulduğu qeyd olunur. Tədqiqatçı bununla əsərinin qəhrəmanının qısa zaman çərçivəsində siyasi mövqeyini tez-tez dəyişərək həm Vəzirovun, həm Xalq Cəbhəsinin, həm də Heydər Əliyevin yanında ola bilməsinə diqqəti çəkir.

Dissertasiya ilə bağlı gedən müzakirələrdə “Quran”ın tərcüməsi ətrafında da bəzi məqamlara toxunulur. Dissertasiyanın 177-ci səhifəsində tədqiqatçı “Quran”ın tərcüməsindən bəhs edir və göstərir ki, Ziya Bünyadovun yaxın qohumu Zemfira Qurbanova “Quran”ın Ziya Bünyadov tərəfindən tərcümə edildiyini, Vasim Məmmədəliyev isə Ziya müəllimin bu işdə rolunun cüzi olduğunu söyləyib. Lakin Zemfira xanım alimin tərcümə etdiyi əlyazmalarını ona nümayiş etdirməkdən imtina etdiyi üçün tədqiqatçı şərqşünas alimlərə üz tutmalı olub. Ümumiyyətlə, bəzilərinin tamamilə yanlış olaraq “casus” adlandırdıqları Krombax öz əsərində dəfələrlə qeyd edir ki, ona yazılı mənbələrlə, arxivlərlə işləmək imkanı verilmədiyindən o, şifahi sorğulara, müsahibələrə üstünlük verib. Müəlliflə söhbət zamanı akademik Vasim Məmmədəliyev özü qeyd edib ki, 1968-ci ildə Mərkəzi Komitə “Quran”ın Azərbaycan dilinə tərcüməsi haqqında təşəbbüs qaldırmış və o, hələ həmin vaxt bu işə başlayaraq böyük qismini icra etmişdi. Lakin Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra Mərkəzi Komitə bu işi dayandırır və bir də bu məsələyə 1980-ci illərin sonlarında, “perestroyka” dövründə qayıdılır. Müəllifin fikrincə, bu işdə Ziya Bünyadovun əməyinin cüzi olduğunu göstərən digər fakt isə ədəbi ərəb dilini bilən Bünyadovun Azərbaycan ədəbi dilini bilməməsi olub. Yəni Krombax demək istəyir ki, Ziya Bünyadov istəsəydi də, “Quran”ı ərəbcədən ədəbi Azərbaycan dilinə tərcümə edə bilməzdi. Görünür, tərcümə prosesində Ziya müəllimin əməyinin “cüzi” olduğunu nəzərə alaraq onun vəfatından sonra qeyd edilən tərcümənin təkrar nəşrindən onun ailəsinə cüzi qonorar (cəmi min manat) çatdırmışdılar.

Dissertasiyada səhvlər varmı? Əlbəttə, var. Razılaşmadığımız məqamlar varmı? Təbii ki, var. Bunlardan biri Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq haqqında qərarının 1921-ci ilin iyulunda guya Stalinin təzyiqi ilə qəbul olunması iddiasıdır. Krombax bu məsələdə Tomas de Vaalın “Qara bağ” kitabına istinad etsə də, müstəqillik dövründə bu məsələ zəngin arxiv mənbələri əsasında ətraflı işlənilib və erməni tarixçilərinin özlərini Stalin siyasətinin qurbanları kimi göstərmək cəhdləri ifşa edilib. Arxiv mənbələrinə istinadən sübut edilib ki, nə 1921-ci ilin iyul ayının 4-də Dağlıq Qarabağın Ermənistanın idarəçiliyinə verilməsi haqqında 5-ci məsələnin müzakirəsi zamanı 8 nəfərdən ibarət olan Qafqaz Bürosunda keçirilən səsvermədə, nə həmin gün toplantının 6-cı məsələsi kimi Nərimanovun etirazının qəbul edilməsi ilə bağlı qərarda, nə də bir gün sonra, iyulun 5-də Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında qərarın qəbul olunmasında Stalinin hər hansı təsiri, rolu və iştirakı olub. Stalin həmin vaxt Tiflisə Dağlıq Qarabağ məsələsinə görə deyil, Gürcüstan İnqilab Komitəsinin daha müstəqil olan sədri Filip Maxaradzeni daha sözəbaxan olan Budu Mdivani ilə əvəzləmək üçün gəlmişdi. (Bax: Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət  Bakı: İrşad, 1998, s.172; Jamil Hasanli, The Sovietization of Azerbaijan: The South Caucasus in the Triangle of Russia, Turkey, and Iran, 1920-1922. The University of Utah Press, Salt Lake City, 2018, p.147-152).

Sara Krombaxın dissertasiyasının ətrafında gedən müzakirələrdə “Turaninfo” saytı “Bakıda arxivə girən Sara casusdur?” adlı məqalə dərc edib. Eyni ritorika  “Axar.az” saytının “Bakıda arxivə girən, Bünyadova qara yaxan Sara casusdur?” yazısında da yer alıb və hər iki yazı professor Aida Qasımovanın fikirləri əsasında dərc edilib. Bu casus məsələsi təəssüflər olsun ki, ötən əsrin 30-cu illərinin ittihamıdır və bunun bu gün müzakirəyə gətirilməsi gülüncdür. Krombax ümumiyyətlə, arxivlərdən istifadə edibmi? Bu barədə o, işin 32-ci səhifəsində yazır: “Kiçik istisnalar olmaqla, praktiki baxımdan Bakıda arxivlərə girmək mümkünsüzdür. Hətta Şərqşünaslıq İnstitutunda Ziya Bünyadovun şəxsi arxivi tədqiqat üçün çətin əlçatandır. Azərbaycanda arxivlərə girişin məhdudlaşdırılması mənim tədqiqatımın sərhədlərini də məhdudlaşdırdı və eyni zamanda məni tam şəkildə şifahi arxivdən istifadə etməyə məcbur etdi.”

Göründüyü kimi, bir çoxlarının casusluqda şübhəli bildiyi müəllifin arxivlərdən istifadəsinə məhdudiyyətlər qoyulub, özünün də yazdığı kimi, hətta Ziya Bünyadovun şəxsi arxivindən istifadə etməyə imkan verilməyib. Bəlkə verilsəydi, dissertasiyanın məzmunu fərqli, daha maraqlı, daha zəngin olardı. Professor Aida Qasımova yazır ki, Krombax erməni millətçilərinin təsiri altında olub, halbuki tədqiqatçı sadəcə olaraq işıq üzü görmüş elmi əsərlərə, mənbələrə və məqalələrə istinad edərək fikrini formalaşdırır, bu əsərləri oxuyan və onların təhlili əsasında tədqiqat yazan alimin kənar təsirə heç bir ehtiyacı yoxdur; Aida xanımın  “dedi-qodu” adlandırdığı yanaşma Qərb tarix elmində “şifahi tarix”, “hadisə şahidləri ilə müsahibələr”, “sosial sorğular” kimi artıq uzun müddətdir istifadə edilən elmi metoddur, elmi mənbədir. Ona görə də indiyə qədər nəşr edilmiş elmi ədəbiyyat və şifahi tarixin imkanlarından yararlanaraq yazılmış bu maraqlı dissertasiyada erməni izi axtarmağa ehtiyac yoxdur.

Dissertasiya işi ətrafında gedən müzakirələrdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov da 1930-cu illərin ittihamına bənzər bir ittiham irəli sürür və bildirir: Amsterdam Universitetinin əməkdaşı Sara Krombaxın dissertasiya “tədqiqatı” yalnız görkəmli alim Ziya Bünyadova deyil, bütövlükdə Azərbaycan xalqına qarşı təxribat və təhqirdir. Hesab edirəm ki, bu təxribat Avropadakı ermənipərəst dairələrin təsiri altında olanların işidir”. 

Adamlar öz işlərini görə bilmirlər, Azərbaycan tarixi haqqında dünyaya beş-on normal əsər çıxara bilmirlər və təxribat güdükçüsü kimi sayıqlıqlarını nümayiş etdirirlər. Dissertasiya işi ilə tanış olmadan kütlə psixologiyasının təsiri altında necə belə fikirləri ifadə etmək olar? Yaqub Mahmudov deyir ki, dünya bizim həqiqətləri qəbul etməyə meylli deyil. Siz nə vaxt bu həqiqətləri həqiqi elmin tələblərinə cavab verən formada təqdim etdiniz ki, dünya onu qəbul etmədi? O, yazır: “Ziya Bünyadovun elmi fəaliyyəti Azərbaycan tarix elmində xüsusi bir səhifədir. Tariximizin düzgün araşdırılıb tədqiq edilməsi, elmi cəhətdən əsaslandırılması məhz Ziya Bünyadovun adı ilə bağlıdır. Tarixçi alim kimi vətən elminin keşiyində durmaq, Azərbaycanın mənafeyinə xidmət etmək, ən müxtəlif mənbələrdən gərgin zəhmət bahasına əldə etdiyi tarixi sənədləri gənc nəslə ötürmək Ziya müəllimin bütün elmi fəaliyyətinin başlıca qayəsi idi. Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə, Azərbaycan Atabəyləri dövləti (1136-1225)” və digər əsərlərində bir çox prinsipial məsələlərə tutarlı cavablar verib. Sovet dövründə ‘Azərbaycan Qafqazda ən qədim dövlətdir, heç zaman unutmamalıyıq ki, ən böyük aborigen bizlərik’ müddəalarının müəllifi olmaq Ziya Bünyadov tərəfdən çox böyük cəsarət idi.”

Çox gözəl. Ziya müəllim təkrarsız alim idi, böyük elm xadimi və Sovet İttifaqı Qəhrəmanı idi. Tarix və Şərqşünaslıq institutlarında çoxlu yetirmələri olduğu halda, kim onun haqqında bir kitab, dissertasiya, monoqafiya yazdı və dünya da onu qəbul etmədi? Gözləmək lazım idi ki, bu əsəri Sara Krombax yazsın, bizlər də “vətənpərvərlik” dalğasında öz “sayıqlığımızı” nümayiş etdirək?

Akademik Şahin Mustafayev və doktor Fərda Əsədovun “525-ci qəzet”də dərc olunmuş “Akademik Ziya Bünyadov: bizim yaddaşımızda və özgələrinin təsvirində” adlı birgə geniş məqaləsində də təəssüf ki, Sara Krombaxa qarşı başlanmış kampaniyanın izləri hiss edilir. Onlar dr. Krombaxı elmi obyektivliyin və professional etikanın olmamasında ittiham edirlər, halbuki Krombax bütün iddialarını elmi əsərlərə, məqalələrə istinadlarla əsaslandırmış, qeyri-etik ifadələrdən qaçmış, iddiasını əsaslandırmaq üçün elmi şərhlərdən, istinadlardan istifadə etmişdir. Belə bir ittiham irəli sürülürsə, həmin məqamlar səhifələrə, cümlə və ifadələrə istinad edilərək qeyd edilsəydi, daha praktik olardı və oxucular da bu qeyri-obyektivliyin və qeyri-etikliyin nədən ibarət olduğunu bilərdi. O qeyri-etiklik nədən ibarətdir ki, Krombax dissertasiyanın süjet xəttini Ziya Bünyadovun cəsarəti üzərində qurub, hətta onun Stalin repressiyaları dövründə haqqı müdafiə etmək cəsarətini göstərə bilib. Məqalədə dissertasiyanın metodologiyasına toxunulur, lakin müəlliflər dissertasiyanı diqqətlə oxusa idilər, metodoloji baxımdan dissertasiyanın mükəmməl olduğunu, tarixi-müqayisəli, tarixi-təsviri metodlardan, sosial sorğudan, tarixi hadisələrin və tarixi şəxsiyyətlərin qiymətləndirilməsində yalnız ağ-qara rənglərdən deyil, tarixin rəng çalarlarından istifadə edildiyini görə bilərdilər. Dağlıq Qarabağ məsələsinə gəldikdə isə tədqiqatçı tarixi problemlərdən deyil, tarixi əsərlərin milli münasibətlərə təsirindən bəhs edir ki, bu da danılmaz faktdır.

Sara Krombax onun dissertasiyası ətrafında başlanmış qalmaqalla bağlı deyir: “Tarix yazmaq heç vaxt ağ, ya qara olmayıb və ya sadəcə keçmişi formalaşdıran aydın, təmiz faktları toplamaqdan ibarət də olmayıb, xüsusilə də mübahisəsiz görünə biləcək siyasi, sosial və ya mədəni məsələlərdən asılı olan, şiddətli müzakirələrə məruz qalan Qafqaz kimi bir bölgədə…” Elə bu meyarlarla da Sara Krombax bizlərdən çoxumuzun görə bilmədiyi bir işi görüb və Ziya Bünyadov haqqında maraqlı bir tədqiqat əsəri yazıb. Həmin əsərdən tarixin rəng çalarlarında Ziya Bünyadovun çılğın qəhrəman, cəsur azərbaycanlı və alim şəxsiyyət obrazı boylanır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.