fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanda submədəniyyətlər: 1980-2010

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu yazıda 1980-ci illərdən başlayaraq 2010-cu illərə qədər Azərbaycanda əvvəlcə SSRİ-nin tərkibində olduğu zaman, sonra isə müstəqillik dövründə submədəniyyət fenomeninin hansı formalarda təzahür olunması və inkişaf etməsi, yaxud etməməsi təsvir edilib. Belə ki, 1980-1991-ci illərdə Sovet Azərbaycanında mövcud olan qeyri-formal birliklər, 1991-ci ildən 2010-cu illərə qədər dövrdə isə müstəqil Azərbaycanda mövcud olan 3 submədəniyyət nümunəsi – klubinq (clubbing), hip hopemo – haqqında məlumatlar burada öz əksini tapıb. Qeyd edim ki, müstəqillik dövründə inkişaf etməyə və kütləviləşməyə başlayan klubinq və hip hop submədəniyyət nümunələrinin əsası SSRİ dövründə qoyulub. Burada bütün bu nümunələrin necə və hansı şərtlər altında yaranmasını, onların qısa icmallarla tarixi, inkişaf prosesini təsvir edir və Qərb ölkələrindəki nümunələrlə müqayisə edirəm. 

Sovet Azərbaycanında qeyri-formal birliklər

1980-ci illər, xüsusilə də onilliyin ikinci yarısı Qərb ölkələrindəki submədəniyyət nümunələrinin, onların müəyyən mədəni tərkib elementlərinin və submədəni nümunələrlə assosiasiya olunan spesifik musiqi, rəqs və digər sənət növlərinin SSRİ-də, o cümlədən də Sovet Azərbaycanında əvvəlki onilliklərlə müqayisədə nisbətən senzurasız və aşkar şəkildə yayılması ilə xarakterizə edilir. Bu isə SSRİ-nin ictimai-siyasi sferasında həm Qorbaçovun hakimiyyət illərindən qabaq yaranan yumşalmalar, həm də onun SSRİ-yə gətirdiyi Yenidənqurma və Aşkarlıq siyasi xətti əsasında həyata keçirilən islahatlar, senzuranın qismən azaldılması, informasiya axınına qoyulan məhdudiyyətlərin xeyli dərəcədə aradan qalxması, Sovet məkanına ayaq açan demokratiya imitasiyasının ab-havası ilə əlaqəli idi.[1] Bu səbəbdən 1980-ci illərdə ABŞ, Kanada, Avropa gənclərinin həyat tərzi və onların maraq dairəsində olan musiqi, rəqs, moda trendləri haqqında informasiya KİV-də açıq şəkildə yazılır,[2] əcnəbi musiqilərin bəzi nümunələri radiostansiyalarda səsləndirilir,[3] xarici filmlər televiziyada nümayiş etdirilirdi. Əslində xarici filmlərin televiziyalarda nümayişi daha əvvəl – Xruşov dövründəki yumşalmalar dövründə başlasa da, həmin filmlərin bəzilərinin sujet xətti Sovet ideologiyasına zidd olduğundan onların nümayişinə qadağalar qoyulurdu. 1980-ci illərin ikinci yarısında isə həm klassik, həm də ən yeni xarici filmlərin demək olar ki, əksəriyyəti SSRİ teleməkanında maneəsiz göstərilirdi.

SSRİ-nin, demək olar ki, bütün respublikalarında, o cümlədən də Azərbaycanda rəsmi komsomol təşkilatlarından, pioner hərəkatlarından, digər Sovet ideoloji xətti ilə yaranan birliklərdən tamamilə fərqli, qərbmeyilli, kreativ yeniyetmə və gənclərdən təşkil olunan submədəni sosial qruplar yaranır, hətta bu qruplar ictimai birliklər adı altında rəsmi qeydiyyatdan keçərək aşkar şəkildə fəaliyyət göstərirdilər. Lakin o dövrdə SSRİ-də hələ də müəyyən qədər senzura, Kommunist Partiyasının ideoloji qadağaları, KQB-nin xüsusilə Sovet gəncləri üzərində total nəzarəti qalırdı və buna görə də informasiya məhdudiyyəti və qıtlığı hələ də mövud idi. Bu səbəbdən də Gənclərin Qeyri-Formal Birlikləri (Неформальные Объединения Молодёжи) adlanan və qısaldılmış adı neformallar (неформалы) olan bu ictimai birliklər Qərb submədəni nümunələrinin prototipi, alternativi və bir növ onların təqlidi obrazında çıxış edirdilər. Qərb submədəni dəyərlərin qarışığının təzahür olunduğu qeyri-formal birlikləri həmçinin neforlar (нефоры), niferlər (ниферы) və s. də adlandırırdılar. Əslində qeyri-formal birliklərdə toplaşan Sovet gəncləri qərbli gəncləri, birliklərin özləri isə Qərb submədəniyyət nümunələrini imitasiya edirdilər. Onilliyin sonlarına doğru müxtəlif musiqi ansamblları və qruplarından, rəqs kollektivlərindən, truppalardan, rəssamlardan, rejissorlardan, fotoqraflardan və s. ibarət olan bu cür birliklərin sayı artırdı və bu birliklərin təşkilatçılığı ilə SSRİ-nin böyük şəhərlərində, o cümlədən də Bakıda gənclər üçün Sovet əyləncə tədbirlərindən tamamilə fərqlənən, Qərb tərzinə yaxın müxtəlif tipli disko şoular, konsertlər, sərgilər və s. keçirilirdi.[4]

Lakin bu, heç də qeyri-formalların çox rahat və sərbəst şəkildə, heç bir təzyiqə məruz qalmadan fəaliyyət göstərdiklərinə mənasına gəlməməlidir. SSRİ daxili işlər orqanları və yerli partiya təşkilatları, xüsusilə ABŞ və Avropa gənclərini imitasiya edən bu cür birlikləri nəzarət altına alaraq, onlara ara-sıra xəbərdarlıqlar edir, onları bəzi məqamlarda xuliqan, avara, tüfeyli kimi də qələmə verirdilər. Hətta bəzi qeyri-formalların Bakıda təşkil etdikləri diskoteka və disko şoularda əylənən gənclərə Sovet dəyərlərinin ziddinə gedən əxlaqsızlıq, pozğunluq damğası vurulurdu. Lakin bununla belə, əvvəlki onilliklərlə müqayisədə məhz bu onillikdəki yumşalmalara görə ictimai, sosial, mədəni şərait xeyli qənaətbəxş idi və Sovet gəncləri müstəqil, Sovet ideologiyasının təbliğ etdiyi vahid xətdən kənar fəaliyyət göstərmək üçün bu cür yenilikçi birliklərə həvəslə qoşulurdular.

SSRİ respublikalarında, o cümlədən Azərbaycanda 1980-ci illərdə ərsəyə gələn qeyri-formal birliklər onilliyin ikinci yarısından başlayaraq rəsmi dövlət qeydiyyatından keçmələrinə baxmayaraq, onları həm cəmiyyətdə, həm də hökumət səviyyəsində rəsmi şəkildə yenə də qeyri-formal birliklər\neformallar adlandırırdılar. SSRİ üçün lokal sayılan qeyri-formal terminini 1985-ci ildə rus yazıçısı və jurnalisti, Gəncədə doğulan Yuriy Şekoçixin dövriyyəyə gətirib. Onun yaratdığı bu termini əvvəlcə əsasən hippi və rokçulara, sonralar isə yeni yerli ictimai birlik və qruplara aid etməyə başlamışdılar.[5] Bir sözlə, Sovet qeyri-formalları Qərb submədəniyyətlərinin alternativi olmaqla yanaşı, SSRİ-dəki lokal modelləri rolunda da təzahür edirdilər. 1980-ci illərdə Azərbaycan qeyri-formallarının fəaliyyətinə təkan verən məkanlardan ən əsası Bakı İncəsənət Mərkəzi (BİM) idi. 1988-ci ildə yaranan bu mərkəz özündə müxtəlif sənət nümayəndələrini – rəssamları, fotoqrafları, sənətşünasları, rejissorları, ədibləri, musiqiçiləri birləşdirirdi.[6] Sənət və mədəni işlərlə məşğul olan neformal təşkilatların nümunələrinə keçməzdən öncə qeyd edim ki, qeyri-formal birliklərin bəziləri ictimai-siyasi proseslərin başlamasına təkan vermək üçün də yaradılırdı. 1988-ci ildə jurnalist Zərdüşt Əlizadənin də yaradıcılarından biri olduğu Gənc Bakı Alimləri Klubu elm adamları və ictimai xadimlərdən təşkil edilmişdi.[7] Birliyin üzvləri olan elm adamları, ictimai və siyasi xadimlər, dövrün intellektual təbəqəsi tez-tez Bakıda müxtəlif mənzillərdə yığılaraq ölkənin ictimai və siyasi problemlərini müzakirə edirdilər.[8] Növbəti ildə bu birlik Azərbaycanın müstəqilliyini bərpa edən Xalq Hərəkatının yaranmasında böyük rol oynadı. Lakin bu yazıda mən məhz submədəni elementlərin daşıyıcısı olan qeyri-formalların bir neçəsinin fəaliyyətinə fokuslanacam.

Azərbaycanda rəsmi qeydiyyatdan keçən ilk qeyri-formal təşkilat Cəngi ictimai birliyi hesab olunur.[9] Bu eksperimental ictimai birlikdə gənc müəllimlərin və tələbələrin təşkil etdikləri müxtəlif istiqamətli bədii özfəaliyyət kollektivləri, müxtəlif dərnəklər, həvəskar klublar fəaliyyət göstərirdi. Cəngi birliyinin tərkibində həmçinin, əfsanəvi OZAN muğam-rok qrupu, Abbasqulu Nəcəfzadənin rəhbərlik etdiyi Arzu xalq çalğı alətləri ansamblı, tələbə qızlardan ibarət Sevinc milli rəqs ansamblı, Ocaq tələbə klubu, Qara vəzir şahmat klubu, Ayna fotostudiyası, Mesxeti türklərinin Ümid ansamblı, Davam aşıqlar qrupu, Tofiq İsgəndərlinin rəhbərlik etdiyi Hoqqa illüziyaçılar dərnəyi də vardı.[10] Birlikdə yaradıcı fəaliyyət göstərən gənclərdən biri də 1980-ci illərdə Bakıda təşkil olunan diskoteka və disko şouların təşkilatçılarından biri olan və həmin diskotekalarda dicey/DJ[11] kimi də fəaliyyət göstərən, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayev idi.[12] Cəngidə Ç. Mustafayenin rəhbərlik etdiyi bir breykdans qrupu da vardı. Bəstəkar Rasim Müzəffərlinin yaratdığı Cəngi eksperimental ictimai birliyinin üzvləri tələbə şəhərciyində yerləşən eyniadlı kinokonsert zalına toplaşırdılar. Birliyə daxil olan sənət nümayəndələri öz məşqlərini də elə bu kinokonsert zalında edirdilər. 1987-ci ildə bu zalda təşkil olunan konsertlərin birində o dövrdə SSRİ-nin əfsanəvi rok qrupu sayılan Akvarium da iştirak etmişdi.[13] R. Müzəffərli və Ç. Mustafayev hələ Cəngi birliyi yaranmamışdan bir neçə il qabaq- 1980-ci illərin əvvəllərində Azərbaycan Dövlət Televiziyasında (AZTV) Ekspromt adlı musiqili-əyləncəli veriliş aparırdılar. Yeni üslubda olan bu kreativ və dinamik verilişin formatı ənənəvi Sovet proqramlarından xeyli dərəcədə fərqlənirdi. Belə ki, aparıcıların efirdəki davranışları, maneraları, ritorikaları sərbəstliyi, müzakirə etdikləri mövzular isə fərqliliyi ilə Sovet verilişlərindən seçilirdi. Burada Azərbaycan rok-qrupları və ansamblları iştirak edir, aparıcılar efirdə müxtəlif əyləncəli müsabiqələr keçirirdilər. Verilişin sonunda isə Ç. Mustafayevin təşkilatçılığı ilə tamaşaçılara disko şou nümayiş etdirilirdi. Həmin dövrün gəncləri bu veriliş vasitəsilə disko şouların təşkilatçılarından biri olan Ç. Mustafayevi və Ozan rok qrupunu tanımağa başlayırdılar.[14]

1989-cu ildə Bakıda yaranan ilk qeyri-formal art qruplarından biri Təsdiq idi.[15] Yarandığı vaxtda art qrup üzvləri Mənəvi azadlıq adlı birinci, bir müddətdən sonra isə Transformasiya, yaxud Yeni sənət adlı ikinci manifestlərini yazmışdılar. Təsdiq art qrupu öz dövrü üçün Bakıda görünməmiş layihələri reallaşdırır, sərgilər təşkil edir, qrafika, dizayn sənətində kreativ işlər görürdülər. Bu birlik o zaman İncəsənət Universitetində təhsil alan dörd tələbə – Əmirbəy Nərimanbəyov, Teymur Daimi, Samir Qafarov və Elmar Əmirağov tərəfindən təsis edilmişdi. Onlar hələ 1985-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil alarkən belə bir qeyri-formal birlik yaratmaq qərarına gəlmişdilər. Birliyin üzvlərinin bildirdiyinə görə, onlar bu birliyi Aşkarlıq dövründəki yumşalmalardan ilhamlanaraq təsis etmişdilər.[16] Fəaliyyəti cəmi bir neçə il çəkən bu qeyri-formal birlik öz fəaliyyətinə 1992-ci ildə son qoydu.

SSRİ-dəki qeyri-formal birlikləri Qərb submədəni nümunələrlə müqayisə edərkən əvvəlcə onu qeyd etmək lazımdır ki, SSRİ-də mövcud olan senzura, informasiya qıtlığı, xarici musiqilərin və dövri mətbuatın əlçatmazlığı və s. amillər səbəbindən gənclər mədəniyyətində monoton, quru, boz abu-hava hökm sürürdü. Gənclərin nisbətən gözəçarpan və fərqliliyi ilə seçilən sosial qruplaşma halları 1970-ci illərin sonlarından 1991-ci ilə qədər ümumi şəkildə əks-mədəniyyət və nümayişkaranə karnaval elementləri üzərində formalaşan Sistem (Система) adlandırılan fenomenlə ifadə olunurdu.[17] Sistem SSRİ üçün qeyri-ənənəvi sayılan, qərbpərəst dəyərlərə söykənən, Sovet ideologiyasına və dəyərlərinə etinasız yanaşan, özünü daha modern hesab edən gənclərin birləşdikləri submədəni qrupların ümumi adı idi. Sistemə bir neçə submədəniyyət nümunələri aid edilsə də, əslində onun əsasını iki əks-mədəniyyət – pankhippi təşkil edirdi. Sovet Azərbaycanında bu əks-mədəniyyət nümunələrindən yalnız dağınıq və pərakəndə halda hippilər mövcud olublar ki, onların böyük əksəriyyəti Bakıda, az qismi isə Sumqayıt şəhərində yaşayırdı.[18] Azərbaycanın digər şəhər və qəsəbələrində hippilərin, ümumilikdə isə Sovet Azərbaycanında pankların mövcudluğuna dair də heç bir mənbə mövcud deyil.

Sistemin Qərb submədəni nümunələrindən fərqli cəhətlərindən biri Sovet əks-mədəniyyətlərinin Sovet ideoloji dəyərlərinə etinasızlığı və apolitikliyi ilə xarakterizə edilirdi. Bu əks-mədəniyyətlərdə bir neçə istisnadan başqa açıq etiraz, Sovet dəyərlərinə kütləvi şəkildə protest mövcud deyildi. Əksinə, Sovet əks-mədəniyyətlərinə çoxluqdan ayrılma, tənhalıq və yalnız onları başa düşən azlıqla ünsiyyət qurub, dostluq etmək amilləri xarakterik idi. Köhnə nəslin dəyərlərini inkar etdikləri, Sovet tədbirlərində iştirakdan yayındıqları, onlara saymazyana yanaşdıqları üçün onların bu əməlləri rüsvayçılıq, pozğunluq kimi dəyərləndirilir, bu cəhətdən sərt tənqidlərə məruz qalırdılar. Onlar elə məhz bu cəhətlərinə görə də əks-mədəniyyətə yaxın hesab edilirdilər. Bu zümrəyə xas olan xüsusiyyətlərdən biri də özünü bu cür qruplara daha çox yaradıcı insanlar, xüsusilə də rəssamların qoşulmasında, onların yaradıcılığının ənənəvi Sovet ideoloji xətti ilə müəyyən edilən yaradıcı nümunələrdən fərqlənməsində, avanqard, ekstremal sənət nümunələrini yaratmalarında büruzə verirdi. Sovet Azərbaycanındakı qeyri-formal birliklərə gəlincə isə onların Qərb submədəni nümunələrindən fərqi bunda idi ki, istənilən qeyri-formal birlik hansısa vahid bir submədəni xəttin üzərində qurulmurdu. Bu birliklər bir neçə submədəni elementlərin qarışığından təşkil edildiklərinə görə, hibrid formada mövcud idilər. Məsələn, yuxarıda haqqında yazılmış Cəngi birliyində bir neçə submədəni əlamətlər mövcud idi və sözügedən birlik vahid submədəni xətt üzərində formalaşmamışdı. SSRİ-də mövcud olan, bir neçə submədəni nümunələrdən ibarət Sistem dalğası öz bütövlüyünü 1990-cı illərin əvvəllərində tamamilə itirməyə və parçalanmağa başladı. Parçalanmış Sistemdən isə müstəqil submədəniyyət növləri (pank, hip hop, metalçı\metalhed, bayker və s.) yarandı. Lakin bu hal SSRİ-nin daha böyük şəhərlərində baş verirdi, Azərbaycanda isə bu cür hal mövcud olmayıb.

Klubinq submədəniyyəti (diskoteka, reyv və DJinq)

 1970-ci illərin ortalarından başlayaraq Sovet gənclərinin mədəni həyatının əlamətdar hadisələrindən biri disko rəqs musiqisi janrı, bu rəqsin kollektiv şəkildə ifa olunduğu diskotekadisko modası ilə bağlı idi. ABŞ-da və Avropa ölkələrində 1970-ci illərin əvvəllərində yaranan disko hərəkatı onilliyin ortalarında SSRİ-də əvvəlcə Baltikyanı respublikalarda – öncə Latviyada, sonra Litva və Estoniyada yaranmış, daha sonra isə Rusiya, Ukrayna və digər respublikalarda, 1970-ci illərin sonlarında isə Azərbaycanda da yayılmağa başlamışdı.[19] SSRİ tarixində respublikalararası diskotekaların ilk festival-müsabiqəsi də 1976-cı ildə Latviyanın paytaxtı Riqa şəhərində keçirilmişdi.

70-ci illərin sonlarına doğru Qərb ölkələrində olduğu kimi SSRİ-də də gənclər arasında disko musiqi janrı ilə assosiasiya olunan disko modası dəb halını alırdı. Disko modasına üstünlük verən Sovet gəncləri adətən həmin dövrün dəbdə olan Ottawan, Bee Gees, Arabesque, ABBA, Boney M, Modern Talking və s. Qərb musiqi qruplarının geyimlərini təqlid edərək onlar kimi geyinməyə çalışır, saç stillərini də bu qrupların üzvləri kimi düzəldir, onların istifadə etdikləri aksesuar və bəzək əşyalarından taxırdılar. Demokratikliyinə görə seçilən disko modası bəzən özündə aşkar nəzərə çarpan parlaqlıq və erotizm də ehtiva edirdi ki, bu da həm yaşlı nəslin, həm də Sovet propaqandasının mühafizəkarlığı ilə qarşı-qarşıya gəlir, eyni zamanda Sovet hökuməti tərəfindən də sərt tənqidə məruz qalırdı. SSRİ-də disko rəqsi janrının submədəni faktora çevrilməsi prosesi 1970-ci illərin sonlarına doğru başladı və bu özünü disko rəqs gecələrində mütəmadi iştirak edən və bunu bir növ öz həyat tərzinə çevirən Sovet gənclərinin musiqi, rəqslə bağlı ümumi zövq və maraqlarında, onların disko modasına uyğun geyimlərində, bir-biriləri ilə ünsiyyət zamanı disko ilə assosiasiya olunan davranış, danışıq tərzi və xüsusi leksikonda büruzə verirdi. Elə disko hərəkatının trendə çevrilməsinə və Sovet gənclərinin musiqi cəhətdən sosial sifarişlərinə görə 1970 və 1980-ci illərdə SSRİ-də bir neçə rok qrupu (Norok [Норок], Plamya [Пламя], Zemlyane [Земляне] və s.) öz repertuarlarına pop və disko musiqiləri də əlavə edir, 1980-ci illərdə isə disko, avrodisko və pop janrlarında ifa edən yeni qruplar (Rok-Ostrova [Рок-Острова], Laskovıy may [Ласковый май], Miraj [Мираж], A’Studio və s.) yaranırdı. Artıq 1980-ci illərin Sovet diskotekalarında yerli pop və disko musiqilərinə çox böyük yer verilirdi. Gənclik dövrü 1980-ci illərə düşən və vaxtilə Sovet diskotekalarının şahidlərinin bir neçəsi ilə ünsiyyət zamanı belə bir məlumat əldə etmişəm ki, 1982-ci ildə Hindistan aktyoru Mithun Çakrabortinin iştirakı ilə çəkilən Disko rəqqas filminin kütləvi şəkildə nümayişi və məşhurlaşması SSRİ-də diskotekaların daha da populyarlaşmasına səbəb olan amillərdən biri idi.[20]

Azərbaycanda ilk diskoteka və disko şouların yaranmasına gəlincə isə qeyd etmək lazımdır ki, bu proses bir neçə il gecikmə ilə, 1970-ci illərin sonlarında yaranmağa, 1980-ci illərin birinci yarısında isə populyarlaşmağa və kütləviləşməyə başladı. 1980-ci illərin ikinci yarısında isə təkcə Bakıda deyil, həm Bakıətrafı qəsəbələrdəki Mədəniyyət Evlərində, həm də Azərbaycanın digər şəhərlərində, əsasən, sanatoriya və kurortlarda da diskotekalar təşkil edilirdi. Lakin 1970-ci illərin sonu, 1980-ci illərin əvvəlində Azərbaycanda mövcud olan disko rəqsi, disko modası və diskotekalardan danışarkən yalnız paytaxt Bakını nəzərdə tutmalı olacağıq. Qeyd etmək lazımdır ki, Sovet Azərbaycanı gənclərinin diskotekalara böyük meyli olsa da, onlar disko modasına müəyyən mənada üstünlük versələr də, SSRİ-nin digər respublikalarından fərqli olaraq disko hərəkatı Azərbaycanda submədəni fenomenə çevrilə bilməmişdi. Hətta müstəqillik illərində, 21-ci əsrin ilk onilliyində belə klubinq, yaxud reyv submədəniyyətlərinin pərakəndə halda daşıyıcıları mövcud olsa da, kütləvi submədəniləşmə prosesi baş tutmayıb. Bunun səbəbləri barədə bu başlığın sonunda geniş məlumat veriləcək. Lakin bununla belə, qeyd etmək lazımdır ki, Azərbaycanda istər Sovet dönəmində, istərsə də müstəqillik zamanı həm diskoteka, klub və rəqs meydançalarının mövcud olduğuna, həm də bu rəqs-əyləncə tədbirlərində kifayət qədər gənclərin iştirak etdiyinə görə Azərbaycanda klubinqin tarixinin icmalını yazmağı və fenomeni təhlil etməyi məqsədəuyğun hesab edirəm.[21]

Azərbaycanda ilk diskotekaların yaranması ilə bağlı bir neçə məlumatı 1970-ci illərdə Tibb İnstitutunun tələbəsi olmuş, eyni zamanda ilk diskotekaların təşkilatçılarından və Azərbaycanın ilk DJlərindən biri olan Elman İbadullayevdən almışam. Hazırda Avstraliya vətəndaşı olan Elman İbadullayev 1980-ci illərin əvvəllərində Elman-Meloman təxəllüsü ilə həvəskar DJ kimi fəaliyyət göstərirdi. Həm onun, həm bir neçə digər şəxsin, eyni zamanda da mətbuatda da dərc edilmiş bir neçə informasiyaya əsaslanaraq qeyd edim ki, Azərbaycanda ilk diskotekaların yaranması prosesi 1978-ci ildən başlayır. Azerbaydjanskie izvestiya qəzetinin 2007-ci ilin 14 mart tarixli buraxılışında dərc edilmiş bir məqalədə ilk diskotekalardan birinin Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) yeməkxanasında elə institutun tələbələri tərəfindən təşkil edildiyi yazılıb.[22] Məqalədə qeyd olunur ki, həmin tədbirin təşkil edilməsində Politexnik İnstitutunda təhsil alan əcnəbi tələbələrin xüsusi rolu olmuşdu. Belə ki, sözügedən diskotekanın təşkil edilməsi üçün həmin dövrün ən modern avadanlıqlarını əcnəbi tələbələr gətirmişdilər, eyni zamanda da diskotekada səslənəcək mahnı siyahısının (playlist) tutulmasında da onların rolu var idi.

Maraqlı məqam bundan ibarətdir ki, Azərbaycanda (Bakıda) ilk diskotekalar 1978 və 1979-cu illərdə məhz tələbələr tərəfindən onların təhsil aldıqları ali təhsil müəssisələrinin müxtəlif obyektlərində – yataqxanalarda, akt zallarında, yeməkxanalarda və s. təşkil olunurdu. 1980-ci illərin ilk illərində hətta Bakıdakı institutlar arasında ən yaxşı diskoteka qeyri-rəsmi müsabiqələri də keçirilirdi.[23] Diskotekaların keçirilməsində ən çox fəallıq göstərən institutlar isə Tibb İnstitutu, Neft İnstitututu və Politexnik İnstitutu idi. Tibb Universitetinin tələbələri bu cəhətdən daha çox aktiv hesab edilirdilər, onların diskotekaları institut binasının içində, tələbə yataqxanasının yanında yerləşən məkanda, eyni zamanda, Tibb işçilərinin Mədəniyyət Sarayında (ДК Медработников) baş tuturdu. Bu Mədəniyyət Sarayında Ç. Mustafayev 1980-ci illərin əvvəllərində öz breykdans qrupunu yaratmışdı və qrup elə burada da məşq edirdi. Azərbaycanın ilk DJlərindən biri olan Ç. Mustafayev 1977-1983-cü illərdə özü də Tibb İnstitutunda təhsil almışdı və Bakıda ilk disko gecələrinin təşkil edilməsində onun da böyük rolu var idi.

Azərbaycanda 1980-ci illərdən başlayaraq Bakının bir neçə kənd və qəsəbələrində də diskotekalar fəaliyyət göstərib. Topladığım məlumatlara əsasən, o dövr üçün yeni salınmış Əhmədli qəsəbəsində də bir diskoteka mövcud idi. Bundan başqa, Əmircan və Sabunçu qəsəbələrindəki Mədəniyyət evlərində, həmçinin köhnə Leytenant Şmitd adına zavodun klubunda da (hazırda burada Heydər Əliyev Mərkəzi yerləşir) diskotekalar olurdu. Həmin illərdə məşhur diskotekalardan biri də köhnə Abşeron mehmanxanasının disko-klubunda təşkil edilirdi və orada musiqiləri Vladik adlı DJ səsləndirirdi. Bu cür diskotekalar mütəmadi deyil, həftənin müəyyən günləri, yaxud müəyyən bayram və əlamətdar günlərlə bağlı təşkil olunurdu. Həmin dövrdə DJlər val və miksteypləri Bakıdakı məşhur Melodiya adlı mağazadan əldə edirdilər, Bakıda tapılmayan avadanlıqlar isə Moskva və Leninqrad (Sankt-Peterburq) şəhərlərindən gətirilirdi. Sovet DJlərinin avadanlıqları adətən Akkord, Noktyurn, Rossiya-321, Ariya, Volna və s. markalı stasionar elektrofonlardan (qiyməti təxminən 500-600 rubl idi),  Elektron, Pioneer A-9, Rostov-Don 101 və s. markalı səsgücləndiricilərdən (q.t 200-250 rubl), KİNAP, Veqa, İlqa və s. markalı səsötürücü dinamiklərdən (cütünün q. t. 300 rubl) ibarət olurdu. 1980-ci illərdə DJlər TDS markalı qulaqlıqların müxtəlif modellərindən (TDS 3, TDS 5, TDS 7, TDS 15 və s.) istifadə edirdilər.

1980-ci illərin birinci yarısında Bakıda daimi fəaliyyət göstərməyə başlayan ilk diskoteka isə Milli Məclislə üzbəüz yerləşən köhnə Moskva mehmanxasında (hazırda həmin mehmanxananın yerində Alov Qüllələri tikilib) idi. Shine of the Disco adlanan bu diskotekada DJ Saşa Levinski fəaliyyət göstərirdi. Levinski özü reqqi musiqi janrının pərəstişkarı olduğundan, burada da reqqi musiqisinə geniş yer ayırırdı. Diskotekanın adı da Bob Marlinin Sun is shining adlı mahnısından götürülmüşdü. Bakıda dövrünün ən elit disko məkanı sayılan Shine of the Disco bir sıra xüsusiyyətlərinə görə digər diskotekalardan həm səsləndirilən musiqi repertuarına, həm ən keyfiyyətli işıqlandırma sisteminə, həm də xidmət səviyyəsinə görə fərqlənirdi. Bundan başqa, buradakı rəqs meydançasının həcmi də daha böyük və rəqs etmək üçün rahat idi. Sovet dövründə iaşə məkanlarının Qərb ölkələrindən daha tez bağlanmasını və adətən diskotekaların gecə saat 10-a, ən geci isə 12-yə qədər işləməsini nəzərə alsaq, Shine of the Disco qeyd edilən xüsusiyyətlərinə görə Sovet Azərbaycanının klubinq tarixində ilk rəqs klubu hesab etmək olar.[24]

Tələbəlik illərindən eksperimentlərə, novatorluğa meyilli olan Ç. Mustafayev 1980-ci illərin ilk illərində köhnə Yuri Qaqarin adına Pioner Sarayında o dövr üçün ultramüasir sayılan disko musiqilər səsləndirən musiqi kollektivi və Azərbaycanda ilk disko-studiya yaratmışdı.[25] Ümumiyyətlə Abşeronda yerləşən pioner düşərgələrinin əksəriyyəti də diskotekaların mütəmadi keçirildiyi yerlərdən idi. 1980-ci illərdə Abşeronda ümumilikdə 16 pioner düşərgəsi var idi və bunlar arsında daha çox populyar olan Mərdəkandakı Lastoçka (Ласточка) və Qaranquş, Bilgəhdəki ÇaykaYuniy geoloq (Юный Геолог), Şüvəlanda Yuriy Qaqarin düşərgələri və s. idi. Buradakı diskotekalarda yalnız yuxarı sinif şagirdlərinə (9 və 10-cu sinif şagirdləri) iştirak etməyə icazə verilirdi.

1990-cı illərin birinci yarısında Azərbaycanda baş verən ictimai-siyasi hadisələrə görə diskotekaların və klubların inkişafında ləngimələr baş verirdi. Həmin dövrdə ölkədə mövcud olan həm müharibə şəraiti, həm ictimai-siyasi sferada mövcud olan ağır durum, həm də iqtisadi vəziyyətin ürəkaçan olmaması diskotekaların tez-tez keçirilməsi üçün qənaətbəxş deyildi. Həmçinin xüsusi keyfiyyətli avadanlıqların qıtlığı səbəbindən Bakıda nadir hallarda klub formatlı musiqili-əyləncəli tədbirlər baş tuturdu ki, bunlar daha çox Sovet ənənələri və Sovet dövründən qalma avadanlıqlarla təşkil edilirdi. Həmin dövrdə Azərbaycanın müstəqillik dövrünün ilk DJlərindən biri olan Namiq Məmmədovun Gənclər Sarayında təşkil etdiyi diskotekaları nümunə göstərmək olar.[26]

1990-cı illərin ikinci yarısından başlayaraq bu sahədə proses sürətlənməyə başladı. Bakıda yeni diskoteka və gecə klubları açılırdı.[27] Həmin dövrdə Bakıda fəaliyyət göstərən diskoteka və klublar Bermuda, Relax, S Club, Tunnel, 106fm idi. Həmçinin Nizami küçəsində yerləşən Vətən kinoteatrının binasında eyniadlı diskoteka, bir qədər irəlidə isə Səkkizinci möcüzə adlı diskotekalar vardı. Bunlar arasında ən məşhuru Skylife idi.[28] Sonuncu klubda Azərbaycanda ilk dəfə DJ REM-in ifasında House@106 fm adı altında elektro musiqi gecələri təşkil edilməyə başlamışdı və bu cəhətdən Azərbaycanda qapalı məkanda reyvin (rave) tarixini bu hadisədən götürə bilərik.[29] Skylife 1996-cı ilin mart ayında Aviasiya akademiyasında təhsil alan Namiq Məmmədov və Riad Əliyev adlı iki gənc DJ tərəfindən yaradılmışdı. Onlar bu klubun adını elə təhsil aldıqları akademiyanın adına uyğun bu cür qoymuşdular. Həmin dövrdə Bakıda digər klublar olsa da, rəqs meydançasının ərazisinə görə ən böyüyü Skylife sayılırdı. Belə ki, orada eyni vaxtda 800 nəfərə qədər adam rəqs edə bilərdi.[30] Həmin kluba qızlar üçün giriş pulsuz, oğlanlar üçün 10 000 manata başa gəlirdi. Klubun yaradıcıları əvvəlcə Sahil metrostansiyası yaxınlığında yerləşən Dənizçilər Klubunda fəaliyyət göstərirdilər, bir neçə ildən sonra isə onlar klubun ünvanını indiki Nizami kinoteatrının ikinci mərtəbəsinə dəyişdilər.

Azərbaycanın REM (Ramil Əşrəfov) və NEMO (Mansur Əhmədov) təxəllüslü iki DJi 2000-ci ildə Azərbaycanda ilk dəfə SYMBİOS adlı milli elektro musiqi festivalı təşkil etmişdilər. Onların yaratdığı TRİBAL PROMO GROUP təşkilatı tərəfindən həyata keçirilən bu festival Tbilisi prospektindəki 5 ulduzlu Grand Hotel Europe otelinin yaxınlığında yerləşən Tunnel gecə klubunda baş tutmuşdu. Bu festivalda həm azərbaycanlı, həm də rusiyalı DJlər iştirak etmişdilər.[31] 2003-cü ildə Sankt Peterburqdan gələn DJ Vanya Nosikovun da iştirakı ilə baş tutan Liquid Surfase adlı open-air (açıq hava altında keçirilən) Bakıda ən möhtəşəm tədbirlərdən biri olub. Növbəti, 2004-cü ilin yayında DJ REM və DJ NEMO Bakıda SandStorm adlı open-air təşkil etmişdilər ki, bu da həmin vaxta qədər Azərbaycanda ən böyük open-air hesab edilirdi. Burada finlandiyalı DJ Daruda və peterburqlu DJ Mixa Voron da iştirak etmişdilər.[32]

Azərbaycanda 2007-ci ilin “Gənclər İli” elan edilməsi çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycanın 54 şəhər və rayonunda DJlərin iştirakı ilə diskotekalar təşkil edilməsi təşəbbüsü irəli sürülmüşdü. Hazırlıq üçün cəmi iki həftə vaxt verilməsinə və bəzi rayonların diskoteka ənənəsindən uzaq olmasına baxmayaraq, DJlər demək olar ki, bütün digər şəhər və rayonlarda keyfiyyətli tədbirlər keçirməyə nail olmuşdular. Rayonlar arasında DJlərin ən çox insan toplaya bildikləri diskoteka Ağcabədi şəhərində baş tutmuşdu. Belə ki, Ağcabədidəki tədbirdə 700-ə yaxın insan iştirak etmişdi.[33] 2007-ci ilin 12 iyulunda həyatını itirən rusiyalı DJ Dlee (Aleksey Taqantsev) 1990-cı illərin sonlarından Bakıya gələrək burada yerli DJləri həm texnoloji, həm də yaradıcı yeniliklərlə tanış edərək Azərbaycan DJinq sənayesinin inkişafına ciddi təsir göstərmiş, bu sahə üçün böyük töhfə vermişdi. Bunu Azərbaycanın veteran DJlərindən biri və DJ Dleenin yaxın dostlarından biri olan DJ Shock (Vaqif Rəsulov) onun ölümündən sonra bildirmişdi. Qeyd edim ki, Dlee ölümündən 9 gün öncə Bakıda partilərin birində Azərbaycanlı DJlər Shock, Twist və Pancho ilə birgə çıxış etmişdi.[34]

Azərbaycanda qadınların DJinqə meyili cüzi şəkildə hiss edilir. Bütün submədəniyyət növlərində olduğu kimi bu sahədə də cəmi bir neçə nəfər qadın DJ nümunə göstərmək olar. Azərbaycanın ilk qadın DJi Stasy ləqəbli Anastasiya Tolstovadır.[35] 2020-ci ilin fevral ayında Azərbaycanda elektro musiqiyə həvəs göstərən və DJinqlə məşğul olan qadınlara dəstək üçün tədbir təşkil edilmişdi. Britaniyanın Azərbaycandakı konsulluğu, YARAT, Sektoreight və ASAN Radionun birgə təşkilatçılığı ilə baş tutan, Selector Live: Women. Sounds. adlı Britaniya elektro musiqi şousunda həm britaniyalı həm də azərbaycanlı DJ qadınlar – DIHAJ (Diana Hacıyeva) və Inherroom (Nəzrin Məmmədova) iştirak etmişdilər.[36]

Submədəni anlamda Sovet diskotekasının Qərb diskotekasına bənzərliyi, uyğunluğu olsa da təbii ki, onlar arasında fərqlər də olub. Belə ki, Qərb diskotekası eyni zamanda asudə vaxt və istehlak standartlarını yayımlayan şou-biznes, populyar musiqi və moda sənayesinin bir parçası da olduğu halda, Sovet diskotekası bu mədəni sənaye nümunələrinin yalnız cüzi elementlərini nümayiş etdirirdi. Bundan başqa, həmin dövrdə  ən dəbdə olan Qərb pop musiqisindən tamamilə təcrid olunan və KİV-lərdə yalnız Sovet hökumətinin dəstəklədiyi və geniş şəkildə təbliğ etdiyi maarifçilik məzmunlu və senzuradan keçən estrada musiqilərini dinləyə bilən Sovet gəncləri üçün diskotekalarda ən yaxşı halda sosialist Avropa ölkələrinin pop musiqisi, yaxud rok səsləndirilirdi.[37] SSRİ dövründə Sovet Azərbaycanındakı klubinq fenomeni digər Sovet respublikalarından, xüsusilə də Baltikyanı və əhalisinin çoxu slavyan mənşəli olan Rusiya, Ukrayna kimi ölkələrdən fərqlənirdi. Sovet dönəmində Azərbaycanda həm mental, həm də müsəlmançılıqdan irəli gələn dəyərlərin cəmiyyətdəki dominant mövqeyinə görə gənc nəslin diskoteka və klublarda əylənməsi müsbət qarşılanmırdı. Hətta Azərbaycan müstəqillik əldə etdikdən sonra da rəqs klublarında əylənməyə meyilli olan gənclərə qarşı neqativ münasibət cüzi istisnalar olmaqla dəyişməmişdi. İstər Sovet, istərsə də müstəqillik dönəmində gecə klubu, rəqs meydançaları milli dəyərlərə yad, hətta əxlaqsızlıq məkanları kimi dəyərləndirilib. Azərbaycandan patriarxal dəyərlərin üstünlüyünə görə xüsusilə, gənc qızlar bu baxımdan həmişə maneə və problemlərlə qarşılaşıblar. Belə ki, hətta paytaxt Bakıda belə gənc qızların həftənin müəyyən günləri əylənmək, asudə vaxtı keçirmək üçün diskoteka və gecə klublarına rəqs etmək üçün getmələri onların həm ailəsində, həm də cəmiyyətdə etirazla qarşılanıb, bu əksər hallarda ictimai qınağa səbəb olub. Buna görə də istər gənc oğlanlar, istərsə də gənc qızlar klublara çox vaxt ailə üzvlərindən gizlin getməyə məcbur olublar. Elə buna görə də Avropa ölkələrindəki klublardan fərqli olaraq Azərbaycanda qızların klublara getməsinin çətinliklərinin nəzərə alındığı üçün ödənişli giriş olan klublara qızlar üçün giriş ödənişsiz olub.

Fərqlərdən biri isə Azərbaycanda Qərb ölkələrindən, hətta daha yaxın ölkələr sayılan Rusiya, Türkiyədən fərqli olaraq reyv submədəniyyətinin əsl daşıyıcılarının sayının həddən artıq az olması və onların pərakəndəliyidir. Azərbaycanda əslində reyv submədəniyyət kimi formalaşmayıb, reyverlər yalnız tədbirlər zamanı müvəqqəti şəkildə submədəniyyət daşıyıcıları olurlar. Bu faktı həmçinin mütəmadi olaraq reyvlərdə, klublarda iştirak edən şəxslər də mənimlə ünsiyyət zamanı təsdiq ediblər. Onlar özləri etiraf edirdilər ki, çevrəsindəki insanlar onların reyvlərdə çox iştirak etdiklərinə görə reyver kimi qəbul etsələr belə, əslində onlar özlərini qəti şəkildə bu submədəniyyətin daşıyıcısı hesab etmirlər. Bu cəhətdən cüzi azlıq və DJlərin özləri istisna olmaqla Azərbaycanda reyv və klubinqlə əlaqəli olan heç bir submədəniyyətin mövcud olmadığını söyləyə bilərik.

Azərbaycanda rəqs əyləncəsinə üstünlük verən gənclərin böyük əksəriyyətinə reyv anlayışının mahiyyəti tam bəlli deyil. Reyv elektron rəqs musiqiləri (electronic dance music / EDM) toplusunun canlı olaraq gecə klublarında, yaxud açıq hava altında səsləndirildiyi rəqs tədbiridir. Daha çox yeniyetmələrin toplaşdığı və adətən daha yüngül, pop və disko musiqi repertuarına malik olan diskotekalardan fərqli olaraq reyv hətta minlərlə insanı özündə birləşdirəcək daha kütləvi, təkcə yeniyetmələrin deyil, həm də daha yaşlı təbəqənin toplaşdığı və yalnız elektro musiqilərlə assosiasiya olunan tədbir kimi xarakterizə edilir. Lakin Azərbaycanda müəyyən hallarda reyv kimi təqdim edilən bəzi tədbirlərdə pop musiqisinin, yaxud hip hop, rok, reqqi, alternativ musiqilərin də üstünlük təşkil etdiyini müşahidə etmək olar. Təbii ki, bu, bütün hallara aid deyil və Azərbaycanda bunların fərqini bilən peşəkarlar da mövcuddur.

Azərbaycan və Avropa klublarının daha bir fərqi bundan ibarətdir ki, Azərbaycanda bütün klublarda adətən eyni simaların iştirak edib əyləndiyini və eyni musiqi nömrələrinin səsləndiyini görmək olar. Bunun səbəblərindən biri budur ki, Azərbaycandakı klublarda qiymətlərin yüksək olduğuna görə, bu klublarda yalnız maddi vəziyyəti yüksək olan şəxslər iştirak edib əylənə bilirlər. Avropa ölkələrindəki cəmiyyətlərdə bütün sosial təbəqələrin təmsilçiləri klublara getdiyi halda Azərbaycanda orta təbəqədən olan şəxslər üçün bu, bəzən əlçatmaz olur, ona görə də əksər klublara bəlli sayda eyni simalar gəlir. Bu fikirləri Azərbaycanın ən nüfuzlu DJlərindən biri REM 10 il qabaq verdiyi bir müsahibədə söyləmişdi.[38] Həmin vaxtdan on il keçdiyinə baxmayaraq, Bakının bir çox gecə klublarında vəziyyət olduğu kimi qalıb. DJ REM Azərbaycanda həmin problemin aradan qalxması üçün ölkədəki orta təbəqə üçün də klubların yaradılması təklifini vermişdi və mənim bir neçə müsahibim də bu ideyanı dəstəkləyib.

Azərbaycanda DJinq sənəti üçün heç bir platformanın olmaması bu sahənin inkişafını ləngidən səbəblərdən biridir. Adətən Qərb ölkələrində bu sahəyə aid xüsusi jurnallar buraxılır, radio və televiziya efirlərində DJinqə aid proqramlar təşkil edilir ki, bununla da sənət daim gündəmdə qalır, bu sənət sahəsi daim müzakirə mərkəzində qalır. Bundan başqa, məsələn, Britaniyada hər il ilin ən yaxşı klublarının, ən yaxşı DJlərinin beşliyi, onluğundan ibarət reytinqlər də tərtib edilir ki, bu da klubinq sahəsində rəqabətin yaranmasına səbəb olur. Bu amillər isə sənətin inkişafına şərait yaradır. Azərbaycanda isə sadalanan faktların olmaması DJinq sahəsinin öz mövcudluğunu kor-koranə şəkildə saxlamasına səbəb olur.

Hip hop submədəniyyəti (rep (rap), breykdans (breakdance) və qrafiti (graffiti))[39]

Hip hop submədəniyyətinin 3 qolunun (rep, breykdans, DJinq) Azərbaycanda yaranması 1980-ci illərinin ikinci yarısına (SSRİ dövrü), onun bütövlükdə submədəniyyət nümunəsi kimi formalaşmağa başlaması isə 1990-cı illərin ikinci yarısına (müstəqillik dövrü) təsadüf edir. 1980-ci illərin birinci yarısında əsasən paytaxt Bakıda təşkil edilən diskotekalarda bu submədəniyyətin yalnız DJinq qolu həvəskar formada artıq mövcud idi. 1980-ci illərin ortalarından başlayaraq M. Qorbaçovun QlasnostYenidənqurma siyasi xəttinin SSRİ-yə gətirdiyi demokratik abu-hava, yumşalmalar, senzuranın qismən aradan qaldırılması hip hop submədəniyyətinin sözügedən qollarının Sovet Azərbaycanında da yayılmasına əlverişli şərait yaradırdı. Rep, breykdans və DJinq kimi sənət növləri həm qeyri-formal birliklərin tərkibində, həm də müstəqil fəaliyyət göstərən şəxslər tərəfindən müxtəlif konsert və diskotekalarda, həmçinin bəzi filmlərdə, teletamaşalarda, musiqi kliplərində və televiziya verilişlərində də nümayiş edilirdi. Məsələn, 1980-ci illərin istehsalı olan Gülüş sanatoriyası (1989)[40] televiziya filmində, Ozan qrupunun Kimsən sən robot? (1987)[41] klipində[42], Əlaqə (1989)[43] bədii filmində breykdans rəqsinin müəyyən elementlərindən, Yaşıl eynəkli adam (1987)[44] televiziya filmində isə həm breykdans rəqsi, həm də repə bənzər ritmik deklamasiyadan istifadə edilmişdi. Sonuncu filmdə breykdans rəqsini aktyorlar deyil, elə həmin dövrdə breykdansla məşğul olan rəqqaslar (bi boylar)[45] ifa etmişdilər.[46]

Azərbaycanda ilk rep parçaları 1980-ci illərin ortalarından başlayaraq həm fərdi, həm də qrup şəklində bir neçə həvəskar gənc tərəfindən ifa edilirdi. Həm əcnəbi mahnıların instrumental versiyalarının, həm Rasim Müzəffərli, Cavanşir Quliyev və s. kimi bəstəkarların musiqiləri üzərində, həmçinin rok qruplarının müşayiəti ilə ifa edilən ilk rep nümunələri əsasən, diskoteka və disko şoularda ifa edilirdi. 1980-ci illərdə ifa edilən replərdən günümüzə musiqisi R. Müzəffərliyə məxsus olan və Ç. Mustafayevin həvəskar kimi ifa etdiyi cəmi bir rep nümunəsi gəlib çatıb.[47] Təəssüf ki, həmin dövrdə digər həvəskar şəxslərin və qrupların ifa etdikləri rep parçaları lentə köçürülmədiyinə görə günümüzə qədər gəlib çatmayıb.

1980-ci illərin ikinci yarısında hip hop submədəniyyətinin qolları arasında Azərbaycanda ən geniş yayılan, gənclərin daha çox bəyəndiyi və maraq göstərdiyi məhz breykdans rəqsi idi. Yuxarıda qeyd edildiyi kimi, Cəngi qeyri-formal birliyində də Ç. Mustafayevin rəhbərlik etdiyi breykdans rəqs qrupu həm onun özünün, həm digər təşkilatçıların təşkil etdikləri müxtəlif diskotekalarda performanslar göstərirdi. Ümumiyyətlə, Sovet Azərbaycanında hip hop submədəniyyətinə daxil olan qolların yaranmasına ən böyük təkan verən amil 1980-ci illərdəki diskotekalar idi və rep, DJinq, breykdans kimi nümunələrin ərsəyə gəlib yayılmasında əsasən diskotekalar mühüm rol oynayırdı.

1980-ci illərdə hələ submədəniyyət növü kimi formalaşmayan hip hopun nə fan klubları, nə ayrıca kütləsi, nə də bu sənət nümunələri ilə bağlı ənənə və məktəb mövcud idi. 1980-ci illərdə DJlər, rep və breykdans ifaçıları daha çox həvəskar kimi çıxış edir, əksər hallarda başqa peşə sahibləri olan bu şəxslər yalnız həftənin müəyyən günlərini, əsasən həftə sonlarını, yaxud axşamlar işdən sonra vaxtlarını bu sənət növlərinə ayırırdılar. Həm rep, breykdans, DJinqin peşə kimi formalaşması, həm də bu sənət növlərinin öz kütləsinin yaranması prosesi 1990-cı illərin ilk illərində bir neçə rusdilli qrup və əfsanəvi reper, “Azərbaycan repinin atası” Anar Nağılbazın fəaliyyəti nəticəsində başladı.[48] Həmin dövrdə sözügedən sənət növləri ilə həvəskar kimi deyil, sənətin incəliklərinə qədər mənimsəyən və davamlı şəkildə onlarla məşğul olan və bunu hətta həyat tərzinə çevirən gənclər meydana çıxırdı. Həmçinin reper və breykdans ifaçılarının enli paltarlarla assosiasiya olunan xüsusi geyimlərində, onların həyat tərzində, davranışlarında, danışıqlarında, xüsusi çevrələrin formalaşmasında submədəniləşmə elementləri də təzahür olunurdu.

90-cı illərin əvvəllərində Anar Nağılbazla paralel şəkildə fəaliyyət göstərən qrupların demək olar ki, hamısı həm rəqs edir, həm də rep deyirdilər və buna görə də mən həmin qrupları rep-breykdans qrupları adlandırıram. 1980-ci illərin son illərində Rap RoadTexas qrupları artıq peşəkar səviyyədə rep-breykdans qrupu kimi fəaliyyətə başlasalar da onların da fəaliyyətinin aktiv mərhələsi 1990-cı illərin əvvəllərinə təsadüf edirdi. Həmin dövrdə adıçəkilən qruplardan savayı əvvəlcə Play-off, Pharaons pray, New Men, sonralar isə XəlitəSavaş kimi rep-breykdans qrupları yaranmışdı.[49] Bu qruplar bəzən breykdans ifaçıları kimi çıxış edərək yalnız rəqs edir, bəzən isə paralel şəkildə rəqs edərək rep də ifa edirdilər. Qeyd edim ki, 1990-cı illərdə Nağılbazın da rəqqaslardan və aktyorlardan ibarət Canlı klip adlı kiçik teatrı var idi və o, rep deyərkən həmin rəqqas və aktyorlardan ibarət qrup səhnədə Nağılbazın söylədiyi replərin mətninə, sujet xəttinə uyğun miniatür tamaşalar canlandırırdılar. Həmin dövrdə adları çəkilən qrupların əksəriyyətinin adları və ifa etdikləri rep parçaları rus və ingilis dillərində idi. Anar Nağılbaz isə Azərbaycan dilində rep ifa etməsi ilə yanaşı, onun ifa etdiyi replərin mətnləri heca vəzninə, Azərbaycanın ənənəvi poeziya nümunələrinə daha yaxın sayılırdı. Bundan başqa, Nağılbazın fəaliyyəti adıçəkilən rep-breykdans qruplarından fərqli olaraq milliliyə, xəlqiliyə daha yaxın idi. Nağılbaz 1990-cı illərin birinci yarısında Azərbaycanın ictimai, siyasi, sosial həyatında baş verən problemləri də replərində dilə gətirirdi və o, Azərbaycanda musiqiyə etiraz mövzusu gətirən, ölkədəki siyasi problemləri rep parçalarında qaldıran ilk ifaçı idi. 1990-cı illərin sonlarına doğru Savaş qrupu istisna olmaqla bu rep-breykdans qruplarının demək olar ki, hamısı öz fəaliyyətinə son qoydu və 1999-2000-ci illərdən etibarən A. Nağılbazı yeni nəsil reperlər (Elşad Xose və Dəyirman qrupu) müşayiət etməyə başladılar və artıq 2000-2001-ci illərdə Azərbaycan repində üç ad dominant mövqedə dayanırdı – A. Nağılbaz, Elşad Xose və Dəyirman qrupu. 2000-ci ildə A. Nağılbazın təsisi etdiyi AİDS[50], yaxud AİS[51] Azərbaycan rep tarixində ilk rəsmi rep leyblı və prodüser mərkəzi sayılır və Azərbaycanın demək olar ki, əksər reperləri bu leyblın altında birləşmişdilər. Bir neçə ildən sonra Dəyirman qrupu ilə E. Xose ara-sıra A. Nağılbazın da əməkdaşlıq etdiyi Qafiyə-Mafiya leyblını yaratdılar. 2003-cü ildə mərhum reper Hüseyn Dərya ilə Qafiyə-Mafiya arasında baş verən bif (beaf) Azərbaycan repinin bütün ölkə üzrə kütləviləşməsi, rep musiqisinin zirvəyə çatması ilə nəticələndi. Həmin bifin yaratdığı proses zamanı 2004-cü ildə Azərbaycan rep tarixində ilk meynstrim (mainstream) batl (battle) – Mən də varam adlı televiziya yarışması da populyarlıq qazanmağa başladı. Əsasən, reper Uranın timsalında bu teleyarışmada iştirak edən reperlərin sayəsində Azərbaycan repində ilk dəfə bədahətən deyişmə – fristayl (freestyle) janrı geniş kütləyə tanındı. 2002-2005-ci illərdə həm Qafiyə-Mafiya ilə Hüseyn Dərya arasında gedən bif, həm Mən də varam teleyarışması vasitəsilə kütləviləşən fristayl janrının populyarlıq qazanması, həm də bu dövrdə gənc və yeniyetmələrin rep musiqisinə böyük axın etməsi faktlarını əsas götürərək bu dövrü Azərbaycan repinin Qızıl Dövrü adlandırıram.

2010-cu ilə qədər ciddi proses yaradan, milli repin kütləviləşməsi üçün təkan verən əsas üç mərhələ mövcud olub – Anar Nağılbazın 1990-cı illərdəki fəaliyyəti, Qafiyə-Mafiya və Hüseyn Dərya arasında baş verən bif dövrü və Uranın simasında Mən də varam telelayihəsi. 2008-ci ildə HOST Alliance qrupunun böyük kütləyə tanınması və populyarlaşması ilə Azərbaycan rep tarixində böyük və ciddi proses başladı. HOST qrupunun fəaliyyəti nəticəsində rep musiqisi daha da kütləviləşdi və daim trenddə qalan, ən çox dinlənilən musiqi janrlarından birinə çevrildi və Azərbaycan rep tarixində bu janrın kütləviləşməsində böyük rol oynayan, dördüncü əsas hərəkətverici mərhələ məhz HOST qrupunun fəaliyyəti ilə bağlıdır.[52]

Breykdans rəqsinin ikinci dalğası 1990-cı illərin ortalarında yaranmağa başladı. Bu dövrdə breykdans da hip hop submədəniyyətinin qollarından biri kimi ifaçıların həyat tərzinə çevrilir, onlar gerçək şəkildə submədəniyyət daşıyıcılarına çevrilir, danışıq, davranış kodekslərində submədəniləşmənin izləri aydın görünürdü. Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk breykdans məktəbi 1998-ci ildə Zabitlər Evində, Orxan Qasımovun təşəbbüsü ilə açılmışdı. 1990-cı illərin sonları 2000-ci illərin ilk illərində Azərbaycanda fəaliyyət göstərən ən aktiv breykdans qrupları Liqa İks (League-X), Strit Cam (Street Jam), Bi Procekt (B-Project), MontinStyle və s. qrupları idi. 2001-ci ildə Azərbaycanda adları çəkilən qrupların iştirakı ilə ilk dəfə breykdans müsabiqəsi keçirilmişdi. 2002-ci ildən başlayaraq breykdans, rep və DJinq iç-içə, paralel şəkildə inkişaf etsələr də, bu qollardan daha çox kütləviləşən rep musiqisi idi. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da hip hop submədəniyyətinin qollarının inkişafına təkan verən səbəblərdən biri festivalların və çempionatların keçirilməsi olmuşdu. 2000-ci illərin ilk illərində ilk dəfə breykdans və rep batlları təşkil edilməyə başladı. 2001-ci ildə Azərbaycanda Nağılbazın təşkilatçılığı ilə ilk dəfə rep festival, 2002-ci ildə isə ilk dəfə Xırdalan, Sumqayıt, Gəncədən ümumilikdə 10 komandanın iştirak etdiyi breykdans çempionatı keçirilmişdi. 2003-cü ildə köhnə Səttarxan adına mədəniyyət evinin səhnəsində “Ödər prodakşn”ın təşkilatçılığı ilə keçirilən rep batlda da ilk dəfə dinləyicilərə fristayl nümayiş edilmişdi. Həmin ildə breykdans üzrə üçüncü çempionat baş tutmuşdu. Ümumilikdə, 2001-2006-cı illəri Azərbaycanda hip hop submədəniyyəti üçün proseslərin yaranması, kütləviləşmə, gənclərin bu submədəniyyətə toplu şəkildə təmayül etməsi baxımından ilk ən məhsuldar dövr hesab etmək olar.

Azərbaycanda hip hop submədəniyyətinin qolları arasında ən gec yaranan qrafiti (graffiti) sənəti olub. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda qeyri-leqal sayılan bu küçə rəssamlığının ilk nümunələri Bakıda 2000-ci illərin ilk illərində yaranmağa başladı.[53] Bakıda hazırda 28 Mall TM-nin yerləşdiyi ərazi bir vaxtlar beton plitələrlə hasara alınmışdı. Həmin daş hasarlar üzərində və Xətai metrostansiyasının yaxınlığında yerləşən divarda çəkilən rəsmlər Azərbaycanda ilk qrafiti nümunələri hesab edilir. Həmin dövrdə Makhor, Fike, Scone, Ersh ləqəbli rəssamlar daha aktiv idilər. 2004-2005-ci illərdə Azərbaycanda qrafit sənətinin ikinci dalğası başladı və bu dalğa AzeriffStuffy-kid adlı rəssamların АZE-RIFF adlı komanda yaratması ilə bağlı idi.[54] 2006-cı ilin sentyabrında Britaniyanın Azərbaycandakı konsulluğunun təşəbbüsü ilə Touch The Sky adı altında skeytbord və qrafiti şouları təşkil edildi. Həmin tədbirlər çərçivəsində britaniyalı qrafiti ustaları yerli rəssamlara bir neçə gün davam edən treninqlər də keçmişdi.[55] Bir neçə ildən sonra Bakıda fəaliyyət göstərən bir neçə qrup bütün qrafiti rayterləri (writer) bir hərəkata toplamaq barədə təşəbbüs qaldırırlar və Find yourself adlı hərəkat ərsəyə gəlir. 2009-2010-cu illəri qrafiti rəssamlığı üçün həm ən uğurlu, məhsuldar, həm də təqib və təzyiqlərə məruz qalma dövrü kimi xarakterizə etmək olar. Həmin dövrdə yerli rayterlər Biz QİÇS-in əleyhinəyikFiziki mədəniyyət və idman günü adlı festivallarda iştirak etmişdilər və bundan sonra onlar müxtəlif klub və təsisatlardan təkliflər almağa başladılar. Lakin elə həmin vaxt rayterlər polislər tərəfindən təqib olunmağa başladılar, Bakı küçələrinin bir çox divarında min bir əziyyətlə çəkilən rəsmlər isə silinirdi. 2010-cu ildə isə bir neçə rayter və fotoqraf Urban Art (Azerbaijan) adı altında birləşirlər və bu birliyin fəaliyyəti günümüzə qədər davam edir.

1980-ci illərdə rep, breykdans və DJinqlə məşğul olan gənclərin demək olar ki, hamısı həvəskar idilər və müstəqillik dövrünün ilk illərində onların böyük əksəriyyəti artıq fəaliyyətini dayandırmışdı. Bu cəhətdən də həmin onillikdə ümumilikdə Azərbaycanda hip hop submədəniyyətinin ilk dalğası yaransa da, peşəkarlıq baxımından rep musiqisinin ilk dalğası yuxarıda adları çəkilən rep-breykdans qrupları və Anar Nağılbaz timsalında müstəqillik dövrünün ilk illərində, breykdans rəqsinin ilk dalğasının 1990-cı illərin ortalarında yarandığını söyləməliyik. Hip hopun təşəkkül tapdığı ABŞ və Avropa ölkələri ilə müqayisədə Azərbaycanda bu submədəniyyət müəyyən qədər gecikmə ilə yaranıb. Bunun ən əsas səbəbi isə Azərbaycanın SSRİ kimi qapalı imperiyanın tərkibində olması və uzun müddət SSRİ senzurasından keçən sənət nümunələrinə öyrəşən orta və yaşlı nəslin, hətta gənc təbəqənin onların ruhuna yad olan rep, DJinq, breykdans kimi sənət növlərini uzun müddət anlaya və qəbul edə bilməməsi olub. Rep musiqisi Hüseyn Dəryanın fəaliyyətinə qədər Azərbaycanın bölgələrində və yaşlı nəsil tərəfindən demək olar ki, ümumiyyətlə qəbul edilmirdi. İlk dəfə replərində milli ritmlər, meyxana və bəhri-təvil üslubundan istifadə edən H. Dəryanın sayəsində rep hər kəs tərəfindən sevilməsə belə qəbul olunur və anlayışla qarşılanırdı.

Azərbaycanda 1990-cı illərin ortalarına qədər bir şəxsin hip hopun bir neçə qolunu ifa etməsi faktı (bir nəfərin eyni zamanda həm rep deməsi, həm breykdans ifa etməsi, həm də DJinqlə məşğul olması) 1970-ci illərin əvvəllərində ABŞ-da hip hopda olan situasiya ilə çox bənzər idi. Belə ki, ABŞ-da bu submədəniyyətin yaradıcıları DJ Kul Herk, Afrika Bambataa, Qrendamaster Fleş və s. də eyni vaxtda həm DJ-inqlə məşğul olur, həm repin ilkin forması sayılan emsiinqlər (mcing) söyləyir, onların bəziləri ya özləri rəqs edir, yaxud oğlan və qızlardan yaratdıqları qrupları breykdans rəqsini ifa edirdilər. Analoji fakt 1980 və 1990-cı illərin ortalarına qədər Azərbaycanda da bu cür olub.

Azərbaycanda hip hopun meyxana və metalhed submədəniyyətləri ilə oxşar, digər submədəniyyətlərdən fərqləndirici cəhəti isə özünü bu submədəniyyət daşıyıcılarının bəzilərinin həm etiraz, protest ruhlu olmasında, həm də öz sənət nümunələri vasitəsilə sosial, hətta ictimai və siyasi problemləri qabartmalarında göstərib. Hərçənd adları çəkilən submədəniyyət nümunələri Azərbaycanda protestlə bağlı böyük proses yaratmasalar da onların mövcud sistemə, ictimai və siyasi hadisələrə qarşı çıxmasını əks-mədəniyyət amili ilə uyğunlaşdırmaq olar. Azərbaycanda məhz bu üç submədəniyyət daşıyıcıları müxtəlif vaxtlarda fikirlərinə görə müxtəlif illərdə həbs edilib, müxtəlif təzyiqlərə məruz qalıblar. Belə ki, 2013-cü ilin fevral ayının 27-də Dado (Səid Əliyev) ləqəbli reper rep mətnində Dövlət Yol Polisini tənqid etdiyinə görə 10 sutkalıq həbs edilmişdi.[56] O zaman bir neçə hüquq müdafiəçisi bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə etmişdilər. 2019-cu il aprelin 13-də Rüzgar ləqəbli reperə ifa etdiyi replərin birində narkomaniyaya çağırış etməsini səbəb gətirərək, 30 sutka həbs cəzası verilmişdi.[57] Məsələ burasındadır ki, Vüqar Səda adlı meyxanaçı da reper Rüzgarın həbsindən bir neçə gün qabaq eyni maddə ilə, yəni ifa etdiyi musiqili meyxanada narkotik vasitələrin təbliğatı ittihamı ilə 30 sutka həbs edilmişdi.[58] Həmin il, dekabrın 26-da isə Paster ləqəbli reper həbs edilmişdi. Əslində onun həbsinin səbəbi rəsmən narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edib, polisin qanuni tələbinə tabe olmadığı kimi göstərilmişdi. Lakin cəmiyyətdə onun ifa etdiyi replərin birində səsləndirdiyi ifadəsinə görə həbs olunması fikri formalaşmışdı.[59] Bu hadisədən bir neçə il qabaq isə reper Pasterin siyasi motivli replərindən biri youtube platformasından silinmişdi.

2012-ci ildə Azərbaycanda yaradılmış Art for democracy[60] layihəsi ilə əməkdaşlıq edən Anar Nağılbaz da 2013-2014-cü illərdə ictimai-sosial mövzularda bir neçə rep ifa etmiş[61] və buna görə bir neçə dəfə təzyiqlərə məruz qalmışdı. Nağılbaza edilən təzyiqlərin bir səbəbi də onun həmin ərəfədə həbsxanada olan siyasi məhbus, REAL hərəkatının sədri İlqar Məmmədova dəstək verdiyinə, bir neçə dəfə onun məhkəmə prosesində iştirak etməsinə görə idi. 2014-cü ildə onun hakimiyyətə müxalif mövqedə dayanan REAL hərəkatına qoşulması, bundan sonra isə həm onun eks-deputat olmuş atasına, həm də özünə qarşı təzyiqlərin olduğu barədə məlumatlar mövcud idi.[62] Bununla belə qeyd etməliyəm ki, hip hop Azərbaycandakı submədəniyyət nümunələri arasında orijinallığını qoruyub saxlayan, təqlidçi rolunda olmayan submədəniyyət növlərindən biridir və bu xüsusiyyət hip hopun emo submədəniyyəti ilə oxşarlığıdır. Eyni zamanda adları çəkilən bu iki submədəniyyət vaxtilə Azərbaycanda böyük dalğa yaratmış, ölkənin demək olar ki, əksər şəhər və rayonlarına yayılmışdılar. Əgər Azərbaycanda çoxluq digər submədəniyyət nümunələri ilə tanış deyilsə, emo və hip hop haqqında ən azı hər kəs səthi şəkildə də olsa məlumatlıdır.

Emo submədəniyyəti

2000-ci illərin ortalarından başlayaraq təkcə paytaxt Bakıda deyil, Azərbaycanın digər bir neçə şəhərində də emo submədəniyyətinin geniş şəkildə yayılması müşahidə edilirdi. Xüsusi olaraq məktəbli yeniyetmələrin daha çox təmayül etdiyi bu submədəniyyət nümayəndələrinin sayı 2000-ci illərin ortalarından etibarən hər il artırdı və artıq 2010-cu illərin əvvəllərindən başlayaraq emo submədəniyyəti Azərbaycanda böyük dalğaya çevrilmişdi. Azərbaycandakı emolar özləri ilə həm böyük dəb, həm də bir trend dalğası gətirmişdilər və onların trendi digər submədəniyyətlərə də öz təsirini göstərirdi. Bunu 2010-cu illərdə fəaliyyət göstərən bir neçə reperin timsalında görmək olardı.[63] Bəzən submədəniyyət daşıyıcısı olmayan yeniyetmələri də emoların davranışları, onların saç stili və geyim tərzi cəlb etdiyindən, xüsusilə Bakı şəhərində kütləvi halda zahirən özlərini emolara oxşadan yeniyetmələr gözə çarpırdı. Əsl emolarla onları təqlid edənlərdən birincilərin kədərli, depressiv görünüşündən və danışarkən istifadə etdikləri emolara xas xüsusi slenq və ifadələrdən başqa heç nə ayırmırdı. Emoların Azərbaycanda yayıldığı dövrdə internet və sosial şəbəkələrin populyarlaşması bu submədəniyyətin kütləviləşməsində çox əhəmiyyətli rol oynayırdı. Çatlar, internet saytları, sosial şəbəkələr vasitəsilə bu submədəniyyətə meyilli olan yeniyetmələr bir-biriləri ilə asanlıqla və tez dil tapır, müxtəlif informasiyanı bir-birilərilə bölüşür və beləliklə də onlar müəyyən müddətdən sonra qrup halında birləşirdilər. Elə bu submədəniyyətin Azərbaycanın digər bölgə və şəhərlərində yayılmasının əsas səbəbi də məhz internet resurslarının sayəsində baş tuturdu. 2010-cu illərin ortalarından etibarən dünyanın demək olar ki, hər yerində olduğu kimi Azərbaycanda emo submədəniyyəti artıq dəbdən düşməyə, mütəmadi şəkildə sıradan çıxmağa başladı və hazırda da demək olar ki, Azərbaycanda bu submədəniyyət daşıyıcıları yox dərəcəsindədir. Mən həm şəxsi müşahidələrimə və müxtəlif dövrdə apardığım qeydlərə, həm KİV-də emolarla bağlı yazılan xəbərlərə, həm də vaxtilə bu submədəniyyətin daşıyıcıları olmuş şəxslərin mənə verdikləri qısa müsahibələrə əsaslanaraq, Azərbaycanda emo submədəniyyətinin mövcud olduğu tarixin başlanğıcını 2004-2005-ci, dəbdən düşdüyü tarixi isə 2014-2015-ci illərə aid etməyi məqbul hesab edirəm.

Azərbaycanda emo submədəniyyəti kütləviləşməsi və proses yaratma baxımından bir neçə istisnadan başqa, demək olar ki, bütün submədəniyyət növlərini geridə qoymuşdu. Bəlkə də elə bu səbəbdəndir ki, Dilçilik İnstitutunun “Yeni sözlər və yeni mənalar lüğəti”ndə submədəniyyətlərdən yalnız emo haqqında yazılıb: EMO [ing. emo; emotional sözündən] Eyniadlı musiqi üslubu əsasında yaradılan gənclərə xas submədəniyyət. Emosiyanı ifadə etmə, ədalətsizliyə qarşı çıxmaq, həssaslıq və depressivlik emonun əsas xüsusiyyətləridir.[64]

Yuxarıda qeyd edildiyi kimi emolar yeniyetmə və gənclər üçün moda ilə bağlı yeni trend dalğası yaratmışdılar. Həmin dövrdə emoların geyim tərzi və saç stilindən istifadə edən, lakin submədəniyyət daşıyıcısı olmayanların sayı da xeyli dərəcədə çox olsa da, yeniyetmələr arasında bu submədəniyyətə axın yaranmışdı. Əslində bunun kökündə internetin, informasiya axınının sürətlənməsindən savayı, həm də Azərbaycanda mövcud olan sosial problemlər də dayanırdı. Belə ki, 21-ci əsrin ilk onilliyinin ortalarında yeniyetmələrin həyata baxışlarında, düşüncələrində kəskin şəkildə dəyişikliklər baş verdi. Bu yeniyetmələr daha sərbəst yaşamağa, istədikləri kimi sərbəst geyinməyə, əylənməyə, günün çox hissəsini öz dostları, yaxud sevgililəri ilə keçirməyə təmayül edirdilər. Lakin qabaqlar fərqli paradiqmada yaşamış valideyinlər və ictimaiyyətin nisbətən yaşlı nümayəndələri bu dəyərlərə qarşı çıxırdı, sərbəstliyə meyilli olan yeniyetmələrin davranışlarına qarşı sərt ictimai qınaq yaranırdı. Yeniyetmə oğlan və qızlar nə qədər sərbəstliyə meyilli idilərsə, onların valideyinləri bir o qədər də onları bundan çəkindirməyə çalışırdılar. Bunun nəticəsində isə valideyinlərlə övladları, yaşlı nəsillə yeniyetmələr arasında kəskin ixtilaflar yaranırdı. Bu cəhətdən həmin dövrdə nəsillər arasında yaranan ixtilafı birinci məqalədə haqqında yazılmış amerikalı antropoloq Marqaret Midin ailə tipləri və ictimai inkişaf müstəvisində nəsillər arasındakı qarşılıqlı təsirləri araşdırması ilə paralel aparmaq olar. Mid 1960-cı illərdə Qərb cəmiyyətində baş verən oxşar ixtilafların səbəbini elmi-texniki tərəqqi və sosial sferanın aktiv inkişafı dövrünə təsadüf etməsində görürdü.[65] Mid nəsillərarsı savaş zamanı cəmiyyətin inkişafını məhz gənc nəslin müəyyən etdiyini və onların yaşlı nəslin təcrübələrinə nadir hallarda müraciət etdiyini bildirirdi.

Qeyd etdiyim zamanlarda yeniyetmələr onların müstəqilliyini məhdudlaşdıran valideyinləri ilə yaşadıqları problemlərə görə depressiyaya düşür, daha çox özləri ilə eyni fikirdə olan şəxslərlə münasibət qurmağa çalışırdılar. Çılğın yeniyetmələr ailədə, yaxınları arasında əldə edə bilmədiyi azadlığı emolar arasında alaraq öz narazılıqlarını aşkar şəkildə ifadə edirdilər. Elə bu səbəbdən də 2010-cu illərdə yeniyetmələr arasında evdən qaçma, intihara cəhd etmə halları çoxalır, mediada bu mövzuda yazılan xəbərlər isə ildən-ilə artırdı. Yeniyetmələrin bəziləri macəra axtarmaq, bəziləri valideyinləri ilə yola getmədikləri, bəziləri isə özləri ilə həmrəy olan yeniyetmələrlə ayrıca yaşamaq üçün öz evlərindən ayrılırdılar. Ağır sosial şəraitdə olan ailədə yaşamaq istəməmə də bu səbəblərdən biri idi. Məsələn, 2013-cü ildə Bakının Yasamal rayonunda evdən qaçan 15 yaşlı qız haqqında xəbər həmin dövrdə cəmiyyətdə böyük rezonans doğurmuşdu.[66] Evdən qaçan yeniyetmənin anası qızının emo rəfiqəsinin onların evlərinə tez-tez gəlməsindən sonra qızının geyimlərində, davranışlarında, danışıq maneralarında dəyişikliklərin baş verdiyini və getdikcə onun da öz rəfiqəsinə bənzədiyini bildirmişdi. Polislər həmin qızı tapıb anasına təhvil verdikdən bir müddət sonra o, yenidən evdən qaçmışdı.[67] Yeniyetmənin anası o zaman qızının qaçmasının səbəbini sosial şəraitsizliklə əlaqələndirirdi. Həyat yoldaşı həbsxanada olan, özü isə üç övladı ilə zirzəmidə yaşayan ana qızının belə bir şəraitlə barışmaq istəmədiyi, rahat evdə yaşamaq və təhsil alıb bir peşəyə yiyələnmək arzusunda olduğu üçün bu addımı atdığını bildirmişdi. 2014-cü ildə başqa bir emo qızın intihara cəhd etməsi xəbəri də Bakıda böyük rezonans doğurmuşdu. 15 yaşlı yeniyetmə qız da əvvəlcə evdən qaçmış, sonra valideyinlərinin müraciətindən sonra polislər onu tapıb evə qaytarmışdılar. Bu zaman isə həmin qız intihara cəhd etmişdi.[68] 2005-2015-ci illərdə bu mövzuda olan onlarla hadisələr bir-birini əvəzləyirdi.

Yəqin ki, bir neçə il öncə iki emo qızdan alınan qeyri-peşəkar video müsahibə hamının yadındadır. Müsahibə zamanı optimizmdən üz döndərdiklərini, özünə qapalı olmağın, depressiv əhvalda qalmağın onları qane etdiklərini deyən qızlardan biri emoların satanizmə yaxın olduqlarını, pişik qanı içdiklərini söyləmişdi. Emo qız özünün pişik öldürdüyünü, amma qanını içmədiyini etiraf etmişdi. O zaman həm ictimaiyyətdə, həm də sosial şəbəkələrdə gülüş obyektinə çevrilən və qeyri-ciddi qəbul edilən bu video əslində həqiqətən də ciddi qəbul edilməsə də, həmin qızın emoların geyimlərdə üstünlük verdiyi rənglər, emo qrupları və s. barədə dediklərində həqiqət payı da vardı, onun söylədiyi bəzi ifadələr Azərbaycandakı emolara uyğun idi.[69] Azərbaycanda emo submədəniyyəti yarandığı ilk vaxtlarda onların yaş həddi əsasən, 13-20 yaş arasında idi. Yaşı 20-dən yuxarı olan emolara nadir hallarda rast gəlinirdi. Qeyd edildiyi kimi, Azərbaycanın başqa şəhərlərində də emolar mövcud olsalar da, onların böyük əksəriyyəti Bakıda idi. Bakıda adətən Sahil bağında və köhnə Fəvvarələr meydanında, McDonalds restoranının qarşısında günün istənilən vaxtında bir yerə toplaşan emoları görmək olardı. Emoların üstünlük verdikləri musiqi janrları rep və rok olduğundan onlar rokçuların bir vaxtlar yığışdıqları Rock klub adlı məkana da yığışırdılar. Eyni zamanda, HOST rep qrupunun yaratdığı alternativ submədəni dalğanın da bu submədəniyyətin genişlənməsində böyük təsiri olmuşdu. Belə ki, HOST-un depressiv motivli rep mətnləri, xüsusilə də HOST alyansın üzvlərindən biri Qaraqanın 2007-ci ildə yazdığı A romanı emoların arasında çox populyar idi. Romanda baş verən bəzi hadisələrlə emoların həyat tərzi arasında yaxınlıq olduğundan onlar bu romanı böyük maraqla oxuyurdular. HOST konsertlərində və partilərində də xeyli sayda emo iştirak edirdi. Emolar kiçik rok partilərində də mütəmadi olaraq iştirak edirdilər. Küçələrdə o qədər aktivlik müşahidə edilməsə də internet üzərində yaratdıqları qruplarda onlar çox aktiv idilər, müxtəlif mövzularda müzakirələr aparırdılar. Bu submədəniyyəti digərlərindən fərqləndirən amillərdən biri də onların submədəniyyət haqqında daha dərin məlumatlara yiyələnmələri, submədəni əlamətlər haqqında müzakirələr aparmaları idi ki, bu da onları daşıdıqları submədəniyyətə daha da bağlayır və Azərbaycan emolarının xalis submədəni dəyərləri daşımaları, onların təqlidçi rolunda olmamaları ilə xarakterizə olunurdu.

Həmin dövrdə emo submədəniyyətin kütləviləşməsi prosesi təkcə Azərbaycanda deyil, Ermənistan və Gürcüstanda, eyni zamanda Rusiyada da gedirdi və bu ölkələrdə həm cəmiyyət, həm də hökümətlər narahatlıq ifadə edirdilər. Ermənistanda emoların polislər tərəfindən təqib edilməsi daha sərt şəkildə həyata keçirilirdi, belə ki, Ermənistan polisləri xüsusi şəkildə məktəbləri gəzir, emo görkəmində olan hər kəsi təqib edirdi.[70] Bu əməliyyatlar Ermənistanda təkcə emolara qarşı deyil, qotlara və hippilərə qarşı da keçirilirdi. Lakin Azərbaycanda qot submədəniyyəti geniş yayılmadığından, qot submədəniyyətinə nadirən meyillənmə olduğundan narahatlıq əsasən yalnız emo submədəniyyətinə köklənirdi.

2010-cu ildə Azərbaycanda da məktəblərə xüsusi nəzarət edilməyə başlamışdı, emo geyim tərzi və saç stilinə üstünlük verən şagirdlərə xəbərdarlıqlar edilir, onların məktəbə həmin görünüşdə gəlməmələri üçün xüsusi nəzarət olunurdu. Hətta submədəniyyət dalğası o qədər güclü idi ki, son zəngdə məzunların emo və qot görkəmində məktəbə gəlmələrinə xüsusi qadağalar qoyulmuşdu.[71] Hətta bir vaxtlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideyinlərə yeniyetmələrə nəzarət etməyi, onların internetdən istifadə edərkən emo qruplarına qoşula biləcəkləri, bununla da pis yola düşəcəklərinə dair tövsiyyələr verirdilər.[72]

Bu gecikmə digər submədəniyyətlər üçün də xarakterikdir. Məsələn, emo submədəniyyəti Qərbdə 1990-cı illərin sonlarında yaranmağına baxmayaraq, Azərbaycanda yalnız 2000-ci illərin ortalarında meydana çıxmışdı. Azərbaycanda mövcud olan submədəniyyətlər arasında ən çox kütləviləşən iki submədəniyyəti qeyd etmək olar ki, bunlar hip hop və emolardır. Lakin bunlar arasında bir fərq var ki, emo  submədəniyyətinin kütləviləşməsində internetin, informasiya axınının rolu böyük idisə, hip hop submədəniyyətinin yayılması və kütləviləşməsi zamanı internet rolu olduqca az idi. Həmçinin, emo və hip hop orijinallığını saxlayan, təqlidi rol oynamayan və demək olar ki, Qərbdəki emo və hip hop submədəniyyətləri ilə əhəmiyyətli dərəcədə fərqlənməyən nümunələrdir. Lakin hip hopun bir qolu olan rep musiqisinin əks-mədəniyyətə yaxınlığı olduğu halda, emolarda heç bir əks-mədəni faktor mövcud deyildi.

Nəticə

Məqalədə Sovet Azərbaycanında 1980-ci illərdə meydana gələn və mövcudluğu müstəqillik dövrünə qədər davam edən qeyri-formal ictimai birliklər (neformallar), həmçinin əsası Sovet dövründə qoyulsa da müstəqillik dövründə inkişaf etməyə və kütləviləşməyə başlayan klubinq, hip hop və emo submədəniyyət nümunələrinin qısa tarixi, spesifik əlamətləri, bu nümunələrin necə inkişaf etməsi, yaxud etməməsi barədə yazıldı, onların həm bir-biriləri, həm də xarici ölkələrdəki nümunələrlə müqayisələri aparıldı.

Ümumi olaraq ilk növbədə qeyd edilməlidir ki, Qərb ölkələrində submədəniyyətlərin inkişafını, kütləviləşməsini, gündəmdə qalmasını təmin edən müxtəlif platformalar mövcud olduğu halda, Azərbaycanda heç bir platforma mövcud deyil. ABŞ və Avropa ölkələrində submədəniyyətlərə aid müxtəlif jurnallar, ədəbiyyatlar nəşr edilir, televiziya və radiostansiyalarda gənclər üçün xüsusi əyləncəli proqramlar ayrılır, TOP 10, yaxud TOP 5-liklər tərtib edilir və bununla da submədəniyyət daşıyıcılarının həyat tərzi, submədəniyyətlə bağlı sənət növləri gənclərin diqqət mərkəzində olur. Təəssüf ki, bu cəhətdən Azərbaycanda vəziyyət tam əksinədir. Ümumiyyətlə bu fenomen Azərbaycanda araşdırma, tədqiqat obyekti olmadığından cəmiyyətin böyük əksəriyyəti bu fenomenin mövcudluğundan xəbərsiz qalır.

Azərbaycanda mövcud olan submədəniyyət nümunələri ilə bağlı həmişə xaotik, qeyri-stabil mənzərə müşahidə edilib. Belə ki, əksər hallarda Azərbaycandakı submədəniyyət növlərində daimilik, statiklik əvəzinə Mark Kirbinin 1990-cı illərdə irəli sürdüyü axıcılıq (fluidity) əlamətini müşahidə edə bilərik. Biz bunu demək olar ki, bütün submədəniyyət daşıyıcılarının timsalında görə bilərik. Adətən, Qərb ölkələrində bir şəxsin daşıyıcısı olduğu submədəniyyət onun həm həyat tərzi, həm maddi qazancını təmin edən sahə, həm də əyləndiyi sahədir. Lakin Azərbaycanda submədəniyyət fenomeni inkişaf etmədiyindən daşıyıcılar bir növ həvəskara çevrilir və deyək ki, həftənin beş iş günü submədəniyyətə aid olmayan hardasa çalışır, yalnız həftə sonları fraqmentar şəkildə submədəniyyətin daşıyıcısı olur.

Qərb ölkələri ilə müqayisədə Azərbaycanda mentalitet dəyərləri və müsəlmançılıqdan irəli gələn dəyərlərin mövcudluğuna görə qadınların submədəniyyət daşıyıcısı olmasına nadir hallarda rast gəlmək olar. Belə demək olar ki, Azərbaycanda bütün submədəniyyət nümunələri kişimərkəzçi olub. İstənilən submədəniyyət nümunəsində qadınların sayının az olduğunu müşahidə etmək olar. Lakin bununla belə, daşıyıcıların öz qüvvələri sayəsində olsa belə Azərbaycanda submədəniyyət fenomeni mövcuddur və əgər Qərb ölkələri ilə müqayisədə nə qədər geri qalsa belə yeniyetmələr və gənclər bu gün də bu fenomenə meyillidirlər.

 

[1] Айна Штрале, “Закат цензуры в советской Латвии 1985 – 1990 гг.”, Национальная библиотека Латвии, Terbatas iela 75, LV-1001 Rîga, Latvija, 2006)

[2] http://docs.cntd.ru/document/9038393

[3] http://www.radiojamming.puslapiai.lt/doc/2801.jpg

[4] Александр Владленович Шубин, “Преданная демократия. Неформалы и Перестройка (1986—1989)”, (Москва, Издательство Европа, 2006)

[5] Александр Владленович Шубин, “Преданная демократия. Неформалы и Перестройка (1986—1989)”, (Москва, Издательство Европа, 2006)

[6] http://www.cecartslink.org/pdf/2019/Miracle_or_misunderstanding_rus.pdf

[7] https://versus.az/index.php?view=article&id=1394&dil=az

[8] https://eadaily.com/ru/news/2016/08/12/zardusht-alizade-posle-kraha-sssr-azerbaydzhancy-poteryali-vse

[9] https://lent.az/news/251712

[10] https://lent.az/news/251712

[11] Dicey/DJ (ing. Disc Jockey) – Musiqili-əyləncəli tədbirlərdə, gecə klublarında öncədən yazılmış musiqi nömrələrini ya bütöv şəkildə, yaxud hissələrə bölərək publika üçün səsləndirən şəxs. Diceylər bəzən bir neçə musiqi parçasından hissələri kəsib bir-birinə qarışdıraraq publikaya təqdim edir.

[12] http://www.anspress.com/siyaset/26-02-2011/vahid-mustafayev-cingiz-ve-mubariz-jurnalist-ve-esgerin-sucaeti   və  https://news.milli.az/society/135210.html

[13] https://1news.az/news/rasim-muzaffarli-segodnya-ya-uveren-v-tom-vo-chto-veril-slepo—foto

[14] https://azershow.biz/all_news/local_news/87-ozan-group.html

[15] Nargis Magazine jurnalı, İrena Nərimanbəyova “Təsdiq – Bakıda ilk art-qrup” (23 mart, 2013)

[16] Zerkalo qəzeti, İradə Əsədova, “Знаменитая бакинская четверка: история группы «Təsdiq» и ее прорыв в культуре Азербайджана” məqaləsi, (10 yanvar, 2019)

[17] Н.В. Гришина, «Психология конфликта», (2-ое издание, переработанное и дополненное, ПИТЕР, 2008)

[18] Ətraflı məlumat üçün bax, Riad, Said. “Sovet Azərbaycanında submədəniyyətlər.” Baku Research Institute, 2020. https://bakuresearchinstitute.org/az/subcultures-in-soviet-azerbaijan/.

[19] https://academ.info/news/5296

[20] Babbar Subxaş, “Disko rəqqas” (Hindistan filmi, 1982)

[21] Qeyd etməliyəm ki, digər submədəni nümunələrlə müqayisədə Azərbaycandakı klubinq, reyvinq haqqında məlumatlar ümumiyyətlə yox dərəcəsindədir. Bu hissə üçün demək olar ki, cüzi sayda internet və mətbuat resurslarından istifadə edilib, əsas məlumatlar isə müxtəlif yaş kateqoriyalarına mənsub olan şəxslərdən almışam. Sovet dövründəki diskotekalar barədə ümumiyyətlə heç bir mənbə mövcud olmadığı üçün yalnız həmin dövrün şahidlərinin mənə verdikləri şifahi məlumatlara istinad etmişəm. Aldığım istənilən məlumatın doğru olduğuna əmin olmaq üçünsə onların ən azı iki-üç digər şəxslər tərəfindən təsdiqlənməsindən sonra məqaləyə əlavə etmişəm.

[22] “Азер­бай­джанские известия” qəzeti, Скрытникова М., “Ди-джей – профессия XXI века – Новое поколение выбирает техно и фанк”, səh 3, (14 mart, 2007-ci il)

[23] https://www.baku.ru/frmpst-view.php?frmpst_id=262984&id=264793&v=1

[24] Ibid.

[25] https://1news.az/news/20-let-bez-chingiza-mustafaeva

[26] “Азер­бай­джанские известия” qəzeti, Скрытникова М., “Ди-джей – профессия XXI века – Новое поколение выбирает техно и фанк”, səh 3, (14 mart, 2007-ci il)

[27] https://1news.az/news/dj-rem-rabotayu-nad-proektom-v-kotorom-my-remiksuem-azerbaydzhanskiy-narodnyy-fol-klor—foto

[28] https://1news.az/news/istoriya-skylife-kak-poyavilas-pervaya-nastoyaschaya-diskoteka-90-h-v-baku—foto

[29] http://clublife.ru/djrem/

[30] https://www.youtube.com/watch?time_continue=3&v=N1C6NEyZPX8&feature=emb_logo

[31] http://clublife.ru/djrem/  və   https://az.sputniknews.ru/culture/20070905/41920037.html

[32] https://kpcast.livejournal.com/

[33] https://az.sputniknews.ru/culture/20070905/41920037.html

[34] https://www.trend.az/life/interesting/1504030.html

[35] http://www.kaspiy.az/news.php?id=99477

[36] https://az.sputniknews.ru/life/20200220/423203817/chetyre-devushki-didzhei-predstavjat-jelektronnuju-muzyku-v-baku.html

[37] В. О. Шадрин, “Советские дискотеки и советское государство: неуправляемый объект управления”, Вестник ПНИПУ. Культура. История. Философия. Право = Bulletin of the PNRPU. Culture. History. Philosophy. Law. – 2018

[38] https://1news.az/news/dj-rem-rabotayu-nad-proektom-v-kotorom-my-remiksuem-azerbaydzhanskiy-narodnyy-fol-klor—foto

[39] Bu hissədə 1970-ci illərdə ABŞ-da meydana gələn hip hop submədəniyyətinin Azərbaycanda nə vaxt və necə yarandığını, onun inkişaf mərhələləri barədə məlumat verəcəm, Qərb hip hopu ilə müqayisələr aparacam, həmçinin hip hopun Azərbaycanda mövcud olan digər submədəni nümunələrlə oxşar və fərqli cəhətlərini göstərməyə çalışacam. Qeyd edim ki, digər submədəniyyət nümunələrində olduğu kimi hip hop haqqında da ədəbiyyatlar, spesifik məlumatlar çox azdır. Mən özüm 1990-cı illərin son illərindən bu submədəniyyətin daşıyıcısı olduğuma və müəyyən proseslərdə şəxsən iştirak etdiyimə və hip hop submədəniyyətin qollarından biri olan rep musiqisi haqqında kitabın müəllifi olduğuma görə öz müşahidələrimə, bir neçə il ərzində özümdə apardığım qeydlərə və rep musiqisi haqqında müəllifi olduğum kitaba istinad edəcəm. Bundan başqa, reyv submədəniyyəti haqqında yazılmış hissədə Azərbaycan DJləri haqqında məlumat verildiyinə görə, bu hissədə hip hopun digər qollarına daha çox yer ayrılacaq.

[40] Ələkbər Kazımovski, “Gülüş sanatoriyası” (musiqili komediya filmi, 1989)

[41] https://www.youtube.com/watch?v=cK52NopZ3I0 (Ozan qrupunun bu klipini Sevinc Kərimova çəkmişdi, robot roluna çəkilən aktyor Eldar Bağırbəyov breykdans ifa edirdi)

[42] https://www.youtube.com/watch?v=cK52NopZ3I0

[43] Cahangir Zeynallı, “Əlaqə” (film-fantastika, 1989)

[44] Ramiz Həsənoğlu və Tariyel Vəliyev, “Yaşıl eynəkli adam” (film, 1987)

[45] Bi boy (ing. B-Boy) – breykdans rəqsinin oğlan ifaçısı. Bu rəqsin qız ifaçılarına isə ingiliscə B-Girl deyilir.

[46] https://1news.az/mobile/news/breyk-dans-v-azerbaydzhane-skvoz-ternii-k-zvezdam-foto

[47] https://www.youtube.com/watch?v=Ort8bg78pTk

[48] Səid Riad, “İntro: Repin tarixi” (Başla nəşriyyatı, Bakı, 2017)

[49] https://www.youtube.com/watch?v=FPEj-hkiZas

[50] AİDS (Anar İmic Düzəltmə Servisi) Nağılbaz tərəfindən 2000-ci ilin dekabr ayında yaradılan rep ailə və leybl idi.

[51] AİS (Azəri İmic Servis) Nağılbazın 2000-ci ildə yaratdığı AİDS leyblı 2001-ci ilin mart ayında öz adını AİS-ə dəyişib.

[52] Səid Riad, “İntro: Repin tarixi” (Başla nəşriyyatı, Bakı, 2017)

[53] https://friday.az/основатель-urban-art-azerbaijan-юнис-крылов-о-граффити/

[54] https://1news.az/news/graffiti-po-azerbaydzhanski-nasha-cel-ukrasit-mir—foto

[55] https://www.trend.az/azerbaijan/society/788352.html

[56] https://www.amerikaninsesi.org/a/dado_rep/1614758.html

[57] https://lent.az/news/311260

[58] https://apa.az/az/hadise/kazbek-mahnisini-oxuyan-meyxanaci-hebs-edilib-527820

[59] https://www.amerikaninsesi.org/a/reper-h%C9%99bs-edilib-/5222089.html

[60] https://www.humanrightsclub.net/en/category/art-for-democracy/

[61] https://www.youtube.com/watch?v=_uA0Pp5Ojts

[62] https://moderator.az/news/40682.html

[63] https://www.youtube.com/watch?v=g-v5_on0_Vk

[64] AMEA, Nəsimi adına Dilçilik İnstitutu, “Yeni sözlər və yeni mənalar lüğəti”, səh. 79 (“Elm və təhsil” nəşriyyatı, BAKI, 2016)

[65] Margaret Mead, “Culture and Commitment” (1970).

[66] https://minval.az/news/8269 və https://ru.baku.ws/22404-yasamalskie-policeyskie-ischut-15-letnyuyu-devochku-emo.html

[67] http://www.live.az/index.php?newsid=666

[68] https://aze.az/news_v_baku_subkultura_111219.html

[69] https://www.youtube.com/watch?v=IhWXr728g8s

[70] https://www.trend.az/scaucasus/armenia/1686617.html  və  https://armenianreport.com/pubs/1252/

[71] https://www.trend.az/life/socium/1755162.html

[72] https://apa.az/ru/media/na-inostrannykh-internet-forumakh-azerbajdzhanskie-deti-podvergayutsya-k-nezakonnym-prizyvam-goskomitet-378406

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.