fbpx

Cəmiyyət

Cəmiyyət

İnsan hüquqlarının universallığı, yoxsa mədəni nisbilik?

Read this article on other language
Download article
image_pdf
image_pdf

İnsan hüquqları hüququ üzrə əksər leqal təfsirlər insan hüquqlarının universal vacibliyinə əlavə edilmiş mədəni kontekst barədə narahatlıq ifadə edir. Universalizm və mədəni nisbilik[i] yanaşmaları insan hüquqlarının tətbiqi sahəsində bir-biri ilə kəskin ziddiyətə girir[ii]. Buna baxmayaraq, bəzi müəlliflərə görə, nisbilik universalizmin variantlarından biridir. Məsələn, Rainer Arnold hesab edir ki, universalizm mütləq (absolyut) və nisbi (relyativ) ola bilər. bu kontekstdə o, mədəni nisbiliyi nisbi universalizmə (biz bu məsələyə aşağıda yenidən qayıdacağıq) daxil edir.[iii]

İnsan hüquqlarının dünya üzrə yayılması barədə iki yanaşma var. Mədəni nisbilik nəzəriyyəsini əsas götürənlər düşünürlər ki, universal insan hüquqları ideyası tətbiq olunarkən, hər bir cəmiyyətin adət-ənənəsi və dinləri nəzərə alınmalıdır. Digər tərəfdən universalistlər isə hesab edirlər ki, insan hüquq və azadıqları o qədər ümumidir ki, onlar cəmiyyətlərin mədəni kontekstləri ciddi surətdə nəzərə alınmadan birbaşa tətbiq edilə bilərlər.

Bu iki yanaşma arasında debat ifadə azadlığı hüququnu da əhatə edir. İfadə/danışmaq azadlığı hər bir cəmiyyət üçün vacib olan 3 ən əsas konseptdən biridir.[iv] İmmiqrasiya sahəsində hazırda artan problemlər, azlıqların Qərb liberal cəmiyyətlərinə adaptasiya və inteqrasiyasına müqaviməti insan hüquqlarına münasibətdə mədəni və dini müxtəliflikləri diqqət mərkəzində saxlamağı tələb edir. Misal üçün, məşhur islam dini lideri Sistaninin rəsmi internet səhifəsində “Qərbdə müsəlmanlar üçün davranış Kodeksi” adlı xüusi bir bölmə var. Bu bölmənin Qərbin liberal demokratik ölkələrində yaşayan insanlar üçün yüzlərlə icazə və qadağadan ibarət 63 başlığı var.[v]

Çıxış yolu nədir? Mədəni nisbiliyə tolerantlıq və insan hüquqlarının universallığına sadiqlik arasında qızıl xətt haradan keçir? İndi biz universalizmi nisbiliyin əleyhinə amil kimi aydınlaşdırcağıq. Sonra ifadə azadlığı hüququ mədəni nisbiliklə ziddiyətə girən əsas hüquqlardan biri kimi müzakirə olunacaq. Nəhayət, biz liberal demokratiyanın əsasının qoyulması və insan hüquqlarının təmin oluması üçün mədəni zəminin vacib olmadığını sübut edən dövlətlərin nümunələrinə baxacağıq.

Universalizm nisbiliyə qarşı

Universalizm nədir? Universalizm bir çox insan hüquqları pozuntuları olan dünyada ictimai şüurun dayaqlarından biri olan ideoloji konseptdir.[vi] Aşağıda görəcəyimiz kimi nisbiliyin də güclü bir konsepsiyası var. Universalistlər iddia edirlər ki, insan hüquqları dünya miqyasında qəbul edilməlidir, buna görə də Rainer Arnold universalizmi insan hüquqlarının qlobal səviyyədə qəbul edilməsinə meyl adlandırır.[vii] Lakin biz faydaçı (utilitarian) siyasi fəlsəfənin universalizmi ilə insan hüquqları kimi universalizmi fərqləndirməliyik. Utilitarianizm insanlar üçün ən böyük xoşbəxtlik ideyasına əsaslanır. Utilitarianizmin forması olaraq universalizm insan hüquqlarının əsas xüsusiyyəti olan fərdləri ayırmağı nəzərdə tutmur. Utilitarianizmin forması olan universalizmdən fərqli olaraq insan hüquqları universalizmi isə hər kəsin bütün kontekstlərdə güclü müdafiə tələb edən fundamental maraqlara malik olduğu görüşünü paylaşır.[viii] Nəticədə insan hüquqlarına universalist yanaşma individualizmə əsaslanır, utilitarianism isə son nəticəni ən mühüm mülahizə hesab edir.[ix]

Universalizm ideyasının haradan gəldiyi barədə fərqli mülhaizələrin mövcudluğundan asılı olmayaraq, mütləqlik universalizmin əsas elementlərindən biridir. Universalizmin mütləqliyə olan iddiası çərçivəsində belə bir məntiqi sual meydana çıxır: İnsan hüquqlarının universallığı ideyasına məhdudiyyətlər varmı? Bu sual “mədəniyyət toqquşmaları” daimi olan regionlar (Yaxın Şərq, Balkanlar və s.) üçün xüsusilə əhəmiyyətlidir.[x] İnsan hüquqlarının yayılmasına iki faktor mane olur – lokallıq və mədəniyyət.[xi] Xüsusən də antropoloqlar tərəfindən dəstəklənən ideyaya görə, Qərb ölkələrinin insan hüquqlarına universalist yanaşması tənqid edilməli, mədəni fərqlər və “kültür” sözünün mənası ali etik dəyər olmalıdır. Universalizmin antropoloji tənqidləri “insan”a ənənəvi insan hüquqları konseptinin əsaslandığı “fərd” kimi deyil, sosial konstruksiyalı yaradılış kimi baxır.[xii] Çünki antropoloji yanaşmaya görə, bir cəmiyyətin mədəni (kültürəl) xarakteristikası insan təbiətini müəyyən etmək üçün əsas faktordur, çünki sosial faktorlar təbii – “verilən” xüsusiyyətlərdən daha vacibdir. Digər tərəfdən, ənənəvi insan hüquqları konsepti təbii hüquqlara əsaslanır. Bu, elə xüsusiyyətdir ki, cəmiyyətindən, mədəniyyətindən, dinindən və s.-dən asılı olmayaraq, hər bir fərdə aiddir. Belə görünür ki, nisbiçilərin yanaşması özünün radikal formasında insan hüquqları institutunun əsaslarına qarşıdır.

Amerika-Britaniya hüquq və insan hüquqları sosial antropoloqu, Konnektikut Universitetində İnsan Hüquqları professoru Richard A. Wilson mədəni nisbiliyin üç mənfi cəhətini sadalayır.[xiii]

Birinci çatışmazlıq mənəvi nihilizmdir – mədəni nisbiçilər meta-narrativ və ümumiləşdirici iddialar ortaya qoyurlar.[xiv] Ümumi dəyərlərin əhəmiyyətsizləşdirilməsi və emosiyalara əsaslanan çox zəif arqumentasiya nisbiçiləri post-modernistlərin əksəriyyətinin etiraf etməyə qorxduğu mənəvi nihilizmə aparır.[xv] Bu meta-narrativ yanaşma beynəlxalq insan hüquqları əleyhinə hərəkətlərinə bəraət axtaran qeyri-demokratik və diktator liderlərin siyasətinin bir hissəsidir[xvi]. 2006-cı ildə Rusiya Prezident Admisntrasiyası Rəhbərinin Birinci müavini Vladislav Surkov “suveren demokratiya” terminini dövriyəyə buraxdı və Rusiyanın sistemini “idarə olunan demokratiya” adandırdı. Bu, tezliklə Putin Rusiyasının rəsmi doktrinasına çevrildi. Doktrina iddia edir ki, Qərb müdaxiləsi Rusiya cəmiyyətinin üzərinə qərb stilli liberal demokratiya öhdəliyi qoyur.[xvii]

“Suveren demokratiya” doktrinasının təsiri altında olan liderlər ölkələrində insan hüquq və azadlıqlarının təmin edilməsindən yayınmaq üçün bu ifadədən sui-istifadə edirlər. Məsələn, 2016-cı ilin noyabrında Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyirdi: “Bizi “diktatura ölkəsi,” bundan başqa “avtokratiya” adlandırırlar. Bu, nonsensdir. Bunu bizim öz yaşamaq yolumuz haqqında heç nə bilməyənlər deyir. Bu gün bizim idarəetmə üsulumuz ölkəmiz üçün normaldır. Qərb ölkələrinin Qazaxıstanı Amerika stilli demokratiyaya çevirmək arzusu tamamilə qeyri-stabildir.”[xviii]

Digər post-sovet lideri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2015-ci ilin senyabrında deyirdi:“Eyniləşmə gedir. Bəzi beynəlxalq dairələr sanki təsir məntəqələrini yaratmaq istəyirlər. Bizim isə öz yolumuz var.”[xix] Surkova və bənzər yanaşması olan liderlərə görə insan hüquqları elə universal deyil ki, mədəni və yerli xüsusiyyətlər nəzərə alınmadan birbaşa tətbiq edilə bilsin.

İkinci mənfi cəhət odur ki, mədəni nisbiçilərin mədəniyyətin nə olması ilə bağlı aydın təsəvvürləri yoxdur. Nisbiçilərin çoxu “mədəniyyəti” maddiləşdirir və öz post-modernist yanaşmalarına bağlı ideya kimi formalaşdırırlar. Lakin bu sahədəki son diskussiyalarda əksəriyyətin yanaşması belədir ki, “mədəniyyət” qeyri-maddiləşir və özünün ontoloji mənasını itirir.[xx]

Mədəni nisbiçilərin sonuncu çatışmazlığı odur ki, onlar beynəlxalq insan hüquqları sistemini əhəmiyətsizləşdirir və transmilli ədalət mühakiməsi prosesini gözməzdən gəlirlər. Buna baxmayaraq hətta nisbiçilərin öz nəzəriyələrində tez-tez müraciət etdikləri yerli xalqlar da özlərinin mədəni hüquq və azadlıqları çərçivəsində beynəlxalq hüquqa müraciət edir və məhz bu müstəvidə hökumətlərlə ərazi və linqvistik hüquqların tənzimi ilə bağlı təmasda olurlar. Beləliklə, bu, onların mövqelərini insan hüquqlarının ayrıca institutu kimi daha yüksək səviyyəyə qaldırır.[xxi]

İfadə azadlığı hüququ mədəni nisbiliyin zəmininə qarşı

Sürətli qlobalizasiya, həmçinin Qərb liberal dövlətlərinə kütləvi miqrasiya immiqrantların mədəniyyətlərinə əsaslanan mənəvi həssaslığa görə Qərbin ifadə azadlığı hüququna liberal və mədəni, ya dini yanaşması barədə narahatlıqlara səbəb olur.[xxii]

Bu məsələdə iki bir-birinə zidd problem var. Birinci problem budur ki, liberal dəyərlərlə yaşayan çoxluq mədəniyyəti və ya dini bu dəyərlərlə bəzi nöqtələrdə toqquşan azlıqların mənəvi maraqlarına hörmət etməlidir. Danimarka qəzetində Məhəmməd Peyğəmbərin 12 karikaturası, Salman Rüşdinin “Şeytan Ayələri,” Charlie Hebdo terroru, Məhəmmədin üzünü göstərən filmlər, rahib tərəfindən Müqəddəs Quranın yandırılması, digər oxşar məsələlər və həmçinin müsəlmanların bunlara reaksiyası insan hüquqlarının, konkret bu misallarda ifadə azadlığı hüququnun mədəni, dini nisbiliyə hörmətsizliyindən, yaxud aşırı hörmətindən irəli gələn problemə nümunələrdir.[xxiii]

İkinci məsələ budur ki, insan hüquq və azadlıqlarının universallığı ilə razılaşmayan mədəni, yaxud dini cəmiyyətlər insan hüquqları institutuna və liberal dəyərlər tərəfindən müəyyən edilmiş ümumi dəyərlərə tolerant olmalıdırlar. Misal üçün, homofob biri homoseksual sevginin ictimai nümayişinə dözümlü yanaşmağı öyrənməlidir (ən azından heteroseksual sevginin ictimai nümayişinə icazə verildiyi səviyyədə). Həmçinin inanclı biri öz inancına, etiqadına görə iyrənc, axmaq və məyusedici hesab etdiyi ateist münasibətin ictimai nümayişinə tolerant yanaşmalıdır.[xxiv] Çünki birincisi, Birləşmiş Millətlərin bütün insanlar üçün Universal və Ümumi olaraq tanıdığı bu dəyərlər, demək olar, bütün dövlətlər tərəfindən qəbul edilib (ən azı Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında, həmçinin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Paktlar bura daxildir). İkincisi bu dəyərlər mədəniyyətindən, dinindən və sairədən asılı olmayaraq, bütün insanlara qarşı tolerantlığı və hörməti nəzərdə tutur. Üçüncüsü, bütün bu dəyərlər yalnız birlikdə işləyə bilər. dünya dəfələrlə şahidi olub ki, beynəlxalq insan hüquqlarının hansısa dəyəri insan hüquqları institutunun digər komponentlərindən kənar yaşaya bilməz.

İfadə azadlığına və nifrət çıxışına münasibətdə iki radikal fərqlənən sistem var. Bunlar Amerika və Avropa sistelmləridir ki,[xxv] bunlar ayrılıqda yuxarıdakı yanaşmalardan birinə müvafiqdir. Amerika sistemi “Schneck Birləşmiş Ştatlara qarşı” məhkəmə işində ifadə edilmiş Oliver Wendell Holmes və Louis Brandeis-in rəylərinə əsaslanır. Bu iki tanınmış hakimə görə, “Azad sözün ən sərt müdafiəsi də teatrda yalandan “yanğın” deyə qışqıran və panikaya səbəb olan adamıı müdafiə edə bilməz.”[xxvi] Holmes və Brandeis belə bir doktrina irəli sürmüşdülər ki, təhlükəsizliyə risk, ya hədə aydın və mövcud olmalıdır ki, ifadə azadlığının məhdudlaşdırılmasına bəraət qazandıra bilsin.

Bu rəy həmçinin “R.A.V. St. Paul şəhərinə qarşı” məhkəmə işində də əsas olub. Bir neçə yeniyetmə afroamerikan qonşularının qazonunu yandırmışdı, Minnesota ştatının St Paul şəhər idarəsi isə onları “başqaları barədə irq, rəng, əqidə, din və ya gender əsaslı nifrət, həyəcan və ya kin nümayişi” çərçivəsində cəzalandırmışdır (Burada biz işin mülkiyyətə vurulan ziyanı hissəsini deyil, sırf işin ifadə azadlığı hissəsini müzakirə edirik). Lakin Birləşmiş Ştatların Ali Məhkəməsi hakim Scalia-nın məşhur bir ifadəsi əsasında hökmü ləğv etdi. Bu ifadədə deyilirdi ki, “hökumətin mübahisənin bir tərəfi üçün sərbəst döyüş qaydalarını tanıyarkən, digər tərəf üçün Queensbury Markizinin Qaydalarına əməl etməyi tələb etmək səlahiyyəti yoxdur.”[xxvii]

Avropada da bir işdə oxşar situasiya meydana gəlmişdi, amma tamamilə başqa cür nəticələnmişdi. Fransız müəllif Roger Garaudy (Ragaa Garaudy) Holokostu mif olduğunu iddia etdiyi bir kitab yazıb. 2003-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi qərara aldı ki, bu iddiaya ədalətin və sosial sülhün pozulması üçün haqq qazandırıla bilməz. “Belə müddəlardan irəli gələn zərər Garaudy-nin Holokostu danmaq azadlığından daha mühüm məslədir.”[xxviii]

Hər bir halda Amerika və Avropa hakimlərinin  bütün bu rəyləri universalist yanaşmanın tərkib hissəsidir. Amerika nöqteyi-nəzəri yuxarıdakı (a) bölməsinə uyğun gəlir, yəni bu misalda qazonu yandırmış yeniyetmələrin ifadə azadlığı qorunmalıdır. Əksinə Avropa İnsan Hüquqları Məhkəməsinin Garaudy Fransaya qarşı işdəki mövqeyi yuxarıdakı (b) bölməsinə uyğun gəlir, yəni cəmiyyətdə azlıq hesab edilə bilən subyektlərin fikirləri, bu misalda Garaudy universal insan hüquq və azadlıqlarının ümumi dəyərlərinə əməl etməlidirlər.

Liberal demokratiyanın əsasının qoyulması və insan hüquqlarının təmin oluması üçün mədəni zəminin vacib olmadığını sübut edən nümunə ölkələr

Bu məhkəmə işləri ilə yanaşı bir çox dövlətlərin nümunələri də sübut edə bilir ki, ifadə azadlığı hüququ bir çox cəmiyyətlərdə onların mədəniyyətlərindən və digər yerli xüsusiyyətlərindən asılı olmayaraq tətbiq edilə bilər.

Mətbuat və media azadlıqlarını müdafiə və inkişaf etdirən beynəlxalq qeyri-kommersiya, qeyri-hökumət təşkilatı olan Sərhədsiz Reportyorların 2016-cı ilə aid Media Azadlığı İndeksində Kosta Rika haqqında deyilirdi ki, “insan hüquqlarına və ifadə azadlığına hörmət baxımından ən yaxşı nəticə göstərən Latın Amerika ölkəsi olan Kosta Rika zorakı cinayətlərlə və korrupsiya ilə xarakterizə olunan bir regionda diqqətəlayiq istisnadır.”[xxix]

2004-cü ildə Ulloanın məhkəmə işindən sonra Kosta Rika ciddi irəliləyiş edib. 1995-ci ilin 19-21 may və 13 dekabr tarixlərində Mauricio Herrera Ulloa Belçika mediasından da qismən yararlanan “La Nacion” qəzetində bir neçə məqalə yazdı. Bu məqalələr Avstriyada Beynəlxalq Atom Enerjisi Agentliyində Kosta Rikanın səlahiyyətli nümayəndəsi olan Felix Przedborski tərəfindən törədilmiş qanunazidd əməllər haqqında idi. 1999-cu ilin 12 noyabrında Kosta-Rikanın paytaxtı San Xosenin Birinci Ədalət Mühakiməsi Dairəsinin Cinayət Məhkəməsi Mauricio Herrera Ulloanı konstitusuional defamasiyanın pozuntusunda təqsirli bildi və onu cərimələdi. Məhkəmə həmçinin “La NacionƏ qəzetini şəxsi və mənəvi zərərə görə cəzalandırdı, həmçinin məhkəmə qərarının bir hissəsini dərc etmək göstərişi verdi.[xxx]

2004-cü il iyulun 2-də isə İnter-Amerikan İnsan Hüquqları Məhkəməsi qərara gəldi ki, Kosta-Rika dövləti Amerika İnsan Hüquqları Konvensiyasının 1(1) maddəsinə bağlı olaraq 13-cü maddəsi ilə qorunan fikir və ifadə azadlığı hüququnu pozub.[xxxi] Bu, Kosta Rikada media azadlığını bərpa etməyə yol açmış əsas məhkəmə işi hesab edilir. Bu məhkəmə işindən sonra Kosta Rika ildən ilə ifadə azadlığı hüququnun təmini səviyyəsini qaldırdı. Misal üçün, yalnız 2015-ci ildə Kosta Rika Dünya Media Azadlığı İndeksində 10 pillə qalxdı və hazırda dünyada 6-cı, Amerikada isə 1-ci yerdədir.[xxxii]

Digər nümunə Botsvanadır. Bu ölkə ABŞ hökuməti tərəfindən maliyyələşərək demokratiya, siyasi azadlıqlar və insan hüquqlarını araşdıran, həmçinin yayan qeyri-hökumət təşkilatı olan “Freedom House”un “Dünyada Azadlıq 2016” hesabatında azad ölkə kimi qeyd edilib.[xxxiii] Botsvana Konstitusiyası hüquq və azadlıqların müdafiəsini təmin edir və yalnız ən demokratik ölkələrdə olan məhdudiyyətləri nəzərdə tutur.[xxxiv] Botsvanada medianın ictimai seçimlər üzərində təsiri var və siyasi seçimlərə də təsir edə bilir.[xxxv] Daron Acemoglu və James Robinson məşhur “Niyə xalqlar süqut edir?” kitabında qeyd edirlər ki, müasir Botsvanadakı San xalqı kimi ovçu-yığıcılar da mədəni mənşələrindən asılı olmayaraq, müasir siyasi və iqtisadi institutlar yaradaraq demokratiya, Qərb dəyərləri altında yaşaya bilirlər.[xxxvi] Əgər biz Dünya Media Azadlığı İndeksində ölkələrin reytinqinə görə Botsvananı istər adət və ənənələr nöqteyi-nəzərindən, istərsə də müstəmləkə keçmişinə görə oxşar mədəni, tarixi şərtləri olan Zimbabve, Zambiya, Lesoto, Svazilendlə müqayisə etsək, oxşar mədəni kontekstə baxmayaraq hüquq və azadlıqlara fərqli yanaşmalar görərik.[xxxvii]

Nəticə

Son illər güclü, vacib ölkələrdə (məsələn, Rusiyada Putin və onun rəsmi “idarə olunan/ suveren demokratiya”sı) beynəlxalq siyasət və insan hüquqlarına ifrat sağçı yanaşmanın triumfu fonunda insan hüquq və azadlıqlarının universallığının əhəmiyyəti xüsusilə vacib məsələyə çevrilir. Bu tip sağçı yanaşma ilə ıinterpretasiya olunmuş “demokratiya”dan avtoritar liderlərin sui-istifadə etməsi liberal dəyərləri yenidən populyar edir. “Öz yolu”nun olduğuna inandırılmış xalqlar bu yolun inkişafa aparmadığını görür və “köhnə liberalizm”ə – universal insan hüquqları konseptinə müraciət edirlər.

Miqrantların Qərb liberal ölkələrinə nəhəng axını bütün insanlara onların mədəniyyətindən, dinindən, etnik mənsubiyyətindən, ənənələrindən və sairədən asılı olmayaraq labüd surətdə bərabər qlobal münasibət formalaşdırdı. Düzdür, bu, ifrat sağçı yönün inkişafına da apardı, amma Fransada, Avstriyada ifrat sağın məğlubiyyəti miqrantlara münasibətdə əsasən siyasiləşmiş seçicilərin arasında universalizmin daha çox populyarlaşdığını göstərir.

Eyni zamanda dünyada Tayvandan Qanaya, Kosta Rikadan Botsvananın ovçu-yığıcı qəbilələrinə qədər çoxlu ümidverici nümunələr var.

Mədəniyyətə konkret tərif vermədən, özünün mənəvi nihilizmi və transmilli ədalət mühakiməsi prosesinin əhəmiyyətini azaltmaqla, həmçinin qeyri-demokratik rejimlərin, liderlərin sui-istifadəsinə açıq olmaqla mədəni nisbilik insan hüquqları və müasir qlobal problemlər üçün həll yolu deyil.

İstinadlar

[i]Beynəlxalq insan hüquqlarının mümkünlüyü barədə müzakirə çərçivəsində mədəni (kültürəl) relyativizm dedikdə, hər hansı cəmiyyətdə yerli mədəni (kültürəl) ənənələr (bura dini, siyasi və leqal təcrübə daxildir) tərəfindən fərdlərin istifadə etdiyi sivil və siyasi hüquqların mövcudluğunun və əhatə dairəsininin müəyyən edilməsi başa düşülür.” – Fernando R. Tesón, International Human Rights and Cultural Relativism, 25 Va. J. Int’l L. 869 (1985), Mövcuddur: http://ir.law.fsu.edu/articles/30

[ii] Steiner, J. & P. Alston. International Human Rights in Context: Law, Politics, Morals. (2000. 2nd ed. Oxford: Oxford University Press).

[iii] Rainer Arnold, The Universalism of Human Rights (2013), p.1

[iv] Geoff Heath, Freedom of speech in a multicultural society, in Believing in Nothing and Something, An Approach to Humanist Beliefs and Values (2010), p.7

[v] Mövcuddur: http://www.sistani.org/english/book/46/

[vi] Rainer Arnold, supra, p.2

[vii] Ibid.

[viii] Richard Mullender ‘Human Rights: Universalism and Cultural Relativism’ (2003), in Critical Review of International Social and Political Philosophy, 6:3, 70-103, DOI: 10.1080/1369823032000233564, p.70

[ix] Marques, Joan (2015) “Universalism and Utilitarianism: An Evaluation of Two Popular Moral Theories in Business Decision Making,” The Journal of Values-Based Leadership: Vol. 8: Iss. 2, Article 3. Mövcuddur: http://scholar.valpo.edu/jvbl/vol8/iss2/3

[x] Rainer Arnold, supra, p.4

[xi] Richard A. Wilson, Human Rights, Culture & Context. Anthropological Perspectives (1997) p.1

[xii] Ibid.

[xiii] Richard A. Wilson, supra, p.8

[xiv] Ernest Gellner, ‘Relativism and Universals’ (1982), in M.Hollis and S.Lukes (eds) Rationality and Relativism

[xv] Richard Rorty, ‘Human Rights, Rationality and Sentimentality’ (1993), in Stephen Shute and Susan Hurley (eds) On Human Rights, New York: Basic Books.

[xvi] Richard A. Wilson, supra, p.8

[xvii] Sarah Fisher, ‘Sovereign democracy: Russia’s response to the color revolutions.’ (2014), in College of Arts & Sciences Senior Honors Theses. Paper 90. p.42

[xviii] Mövcuddur: https://www.zakon.kz/4831289-nazarbaev-zhelanie-zapada-sdelat-u-nas.html

[xix] Mövcuddur: http://publika.az/news/nida/107590.html

[xx] Richard A. Wilson, supra, p.9

[xxi] Eric R. Wolf, ‘Facing Power’ (1989), in American Anthropologist 92(3)

[xxii] Lars Binderup, Global Freedom of Speech, TRAMES, 2007, 11(61/56), p. 403

[xxiii] Ibid, p.404

[xxiv] Alexander, L. Is there a right of freedom of expression (2005) Cambridge: Cambridge University Press

[xxv] Erik Bleich, ‘Freedom of Expression versus Racist Hate Speech: Explaining Differences Between High Court Regulations in the USA and Europe’, in Journal of Ethnic and Migration Studies, 2014 Vol. 40, No. 2, p. 283–300

[xxvi] Schenck v. United States (Argued: January 9, 10, 1919, Decided: March 3, 1919) 249 U.S. 47

[xxvii] R.A.V. v. City of St. Paul, Minnesota, 392 (1992) 505 U.S. 377

[xxviii] Garaudy v. France (07.07.2003) 65831/01

[xxix] Mövcuddur: https://rsf.org/en/costa-rica

[xxx] Herrera-Ulloa v. Costa Rica (July 2, 2004) C No. 107

[xxxi] Ibid.

[xxxii] Mövcuddur: https://rsf.org/en/costa-rica

[xxxiii] Mövcuddur: https://freedomhouse.org/report/freedom-world/freedom-world-2016

[xxxiv] Mövcuddur: https://rsf.org/en/botswana

[xxxv] Bugalo Maripe, ‘Freezing the press: Freedom of expression and statutory limitations in Botswana’, African Human Rights Law Journal, p.53

[xxxvi] Daron Acemoglu & James Robinson, Why Nations Fail? (2009) p.123, 132

[xxxvii] Mövcuddur: https://rsf.org/en/ranking

Ədəbiyyat siyahısı

Kitablar:

  1. Steiner, J. & P. Alston. International Human Rights in Context: Law, Politics, Morals. (2000. 2nd ed. Oxford: Oxford University Press).
  2. Rainer Arnold, The Universalism of Human Rights (2013).
  3. Richard Mullender ‘Human Rights: Universalism and Cultural Relativism’ (2003), in Critical Review of International Social and Political Philosophy, 6:3, 70-103, DOI: 10.1080/1369823032000233564.
  4. Richard A. Wilson, Human Rights, Culture & Context. Anthropological Perspectives (1997).
  5. Lars Binderup, Global Freedom of Speech, TRAMES, 2007, 11(61/56).
  6. Alexander, L. Is there a right of freedom of expression (2005) Cambridge: Cambridge University Press.
  7. Daron Acemoglu & James Robinson, Why Nations Fail? (2009) p.123, 132

Jurnal məqalələri:

  1. Ernest Gellner, ‘Relativism and Universals’ (1982), in M.Hollis and S.Lukes (eds) Rationality and Relativism.
  2. Fernando R. Tesón, International Human Rights and Cultural Relativism, 25 Va. J. Int’l L. 869 (1985).
  3. Geoff Heath, Freedom of speech in a multicultural society, in Believing in Nothing and Something, An Approach to Humanist Beliefs and Values (2010).
  4. Marques, Joan (2015) “Universalism and Utilitarianism: An Evaluation of Two Popular Moral Theories in Business Decision Making,” The Journal of Values-Based Leadership: Vol. 8: Iss. 2, Article 3. Mövcuddur: http://scholar.valpo.edu/jvbl/vol8/iss2/3
  5. Richard Rorty, ‘Human Rights, Rationality and Sentimentality’ (1993), in Stephen Shute and Susan Hurley (eds) On Human Rights, New York: Basic Books.
  6. Sarah Fisher, ‘Sovereign democracy: Russia’s response to the color revolutions.’ (2014), in College of Arts & Sciences Senior Honors Theses. Paper 90.
  7. Eric R. Wolf, ‘Facing Power’ (1989), in American Anthropologist 92(3).
  8. Erik Bleich, ‘Freedom of Expression versus Racist Hate Speech: Explaining Differences Between High Court Regulations in the USA and Europe’, in Journal of Ethnic and Migration Studies, 2014 Vol. 40, No. 2.
  9. Bugalo Maripe, ‘Freezing the press: Freedom of expression and statutory limitations in Botswana’, African Human Rights Law Journal.
  10. Anita L. Allen, ‘Hijabs and Headwraps: The Case for Tolerance’ (2010), in Freedom of Expression in Diverse World, edited by Deirdre Golash.

Məhkəmə işləri:

  1. A.V. v. City of St. Paul, Minnesota, 392 (1992) 505 U.S. 377.
  2. Garaudy v. France (07.07.2003) 65831/01.
  3. Herrera-Ulloa v. Costa Rica (July 2, 2004) C No. 107.
  4. Schenck v. United States (Argued: January 9, 10, 1919, Decided: March 3, 1919) 249 U.S. 47.

İnternet mənbələri:

  1. https://www.zakon.kz/4831289-nazarbaev-zhelanie-zapada-sdelat-u-nas.html
  2. http://publika.az/news/nida/107590.html
  3. http://www.sistani.org/english/book/46/
  4. https://rsf.org/en/costa-rica
  5. https://rsf.org/en/costa-rica
  6. https://freedomhouse.org/report/freedom-world/freedom-world-2016
  7. https://rsf.org/en/botswana
  8. https://rsf.org/en/ranking
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.