fbpx

Cəmiyyət

Cəmiyyət

Səs vermək niyə vacibdir?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Seçkilərin ədalətli keçirilib-keçirilməməsindən asılı olmayaraq, vətəndaşların aktivliyi və öz iradəsini səs verərək ortaya qoyması vacibdir. Qeyri-şəffaf və ədalətsiz keçirilsə belə, seçkilərdə iştirak faizi nə qədər yüksək olsa, nəticələrin saxtalaşdırılması da müvafiq olaraq çətinləşir, hakimiyyət xalqın rəyini ən azından öyrənmiş olur və cəmiyyətdə siyasi fəallıq artır. “Onsuz da səsimiz nəzərə alınmır” deyib ümidsizliyə qapılaraq və ya dərhal radikal dəyişikliyə ümid edərək səs verməyən vətəndaş isə vacib fürsətləri əldən vermiş olur: səs verməklə o, öz etirazını ifadə edə, hakimiyyəti bəlkə də gələcəkdə ictimai rəyi nəzərə almağa vadar edə və ən əsası, siyası fəallığın artmasına töhfə verə bilərdi. Bu məqalənin mesajı sadədir – seçkidə iştirak edib istədiyiniz namizədə səs verin və ya heç bir namizədi bəyənməsəniz, bülleteni qaralayın: əsas odur ki, prosesə qatılın. Çünki siyasi iştirakçılıq vacibdir və seçkilərdə iştirak etməklə vətəndaş olaraq biz heç nə itirmirik.

Ölkədə nə baş verir?

Azərbaycan yeni siyasi mərhələyə qədəm qoyub – nə qədər şablon səslənsə də, bu belədir. Prezident İlham Əliyevin idarəçiliyinin 16-cı ili, 2005-ci ilin parlament seçkiləri kampaniyası istisna olmaqla, ötən dövrdə müşahidə edilməmiş siyasi dinamizmlə yekunlaşmaqdadır, özü də bu dinamizmi şərtləndirən başlıca amil bilavasitə hakimiyyətin öz daxilində baş verən transformasiyadır.

Hələlik sistemin deyil, illərdir oturuşmuş və özünəməxsus prinsipləri olan kadr siyasətinin transformasiyası gedir. Əksəriyyəti mərhum prezident Heydər Əliyevin dövründə təyin edilmiş köhnə nəsil kadrlar yeniləri ilə əvəzlənir. Yenilənmə təkcə dövlət aparatında təmsil olunanların orta yaş həddinin aşağı düşməsi ilə məhdudlaşmır. Əhəmiyyətli dəyişiklik budur ki, daha çox traybalist prinsiplə təşkil olunmuş, zaman ötdükcə öz oliqarxlarını yetişdirmiş idarəetmə konstruksiyası yavaş-yavaş aradan qaldırılır və müxtəlif sahələr (iqtisadiyyat, sənaye və s.) üzərində inhisarçılıq qurmuş patronlar sərvət sahibi olmayan icraçılarla əvəzlənir. Doğrudur, kadr seçimində nepotizmdən imtina olunduğunu və meritokratik prinsiplərə üstünlük verilməyə başlandığını söyləmək də mümkün deyil. Lakin hər halda, artıq hakimiyyətin təşkilində regional mənsubiyyətin əsas götürüldüyü dövrün geridə qaldığını, siyasi regionçuluğun tədricən başa çatmaqda olduğunu qeyd etmək yanlış olmaz.

Burada bir məqamı xüsusi qeyd edək ki, prezidentin islahat adlandırdığı siyasi proses bilavasitə onun iradəsi və rəhbərliyi ilə həyata keçirilir. Bu prosesin nəticəsinin birinci vitse-prezidentin prezidentliyi olacağını iddia edənlərlə yanaşı, sadəcə olaraq, hazırkı dövlət başçısının komandasını yeniləyərək özünün uzunmüddətli hakimiyyətinə yeni nəfəs verməyə çalışdığını söyləyənlər də var. Dəqiq məlum olan budur ki, birinci vitse-prezidentin ölkənin idarə olunmasında, qərarların qəbulunda rolu və çəkisi artır.

Müxalifətin klassik dilemması

Seçkilərin elan olunması Azərbaycan müxalifətinin daxilində ənənəvi mübahisələri alovlandırdı və onları yenə dilemma qarşısında qoydu: seçkiyə getmək, ya getməmək?! Zaman çox qısa olduğundan qərarların operativ qəbulu məcburiyyəti var idi, bu səbəblə çox tez müddətdə bütün müxalif təşkilatların mövqeyi məlum oldu. Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun təşkil etdiyi Milli Şura boykota üstünlük verdiyi halda, əksəriyyət seçkidə iştirak qərarına gəldi. Amma görünən odur ki, bu mübahisələr seçkiyə qədər davam edəcək və bəzi müxalif siyasətçilərin parlamentdə təmsilçilik qazanıb, onun işində iştiraka qərar verəcəyi təqdirdə isə qarşılıqlı ittihamların dozası yüksələcək. 

Həm boykotçuların, həm də seçkiyə qatılanların arqumentlərində haqlılıq payı olduğundan, bu mövqelərin hansının doğru, hansının yanlış olduğuna birmənalı qiymət vermək çətindir. Son 26 ildə Azərbaycanda siyasi sahədə nəinki inkişaf baş verməyib, əksinə, geriləmə qeydə alınıb: ölkədə avtoritarizm güclənib, azadlıqlar məhdudlaşdırılıb, qanunun aliliyi əvəzinə siyasi hakimiyyətin və onun mənsublarının aliliyi prinsipi tətbiq olunub, seçki formal prosedura çevrilib və seçki yolu ilə dəyişikliyə nail olmaq qeyri-mümkün hala gətirildiyi üçün vətəndaşların bu instituta inamı sarsılıb. Azərbaycan əhalisi əksəriyyət etibarilə seçkilərə getmir, real iştirak faizi adətən çox aşağı olur. Bu reallıq boykot tərəfdarlarının arqumentlərini ilk baxışdan inandırıcı edir.

Lakin boykot hansı nəticəni verə bilər və istər müxalifətə, istərsə də ümumilikdə vətəndaşlara nə qazandırar sualı üzərində düşünməyə də ehtiyac var. Yenə yaxın keçmişə nəzər salanda görmək olur ki, müxalifətin iştirak etdiyi və etmədiyi seçki prosesləri bir-birindən əsaslı şəkildə fərqlənib. Müxalifətin qatıldığı seçkilər ölkədə apatiyaya son qoyub: siyasi fəallıq yaranıb, passionarlıq artıb, apolitik vətəndaşlar belə ən azı “nə baş verir?” sualını verməyə, hadisələrlə maraqlanmağa və düşünməyə çalışıb. Misal kimi 2000-ci və 2005-ci illərin parlament, 2003-cü ilin prezident seçkilərini göstərmək olar. Hətta əsas müxalif partiyaların (AXCP, Müsavat) boykot etdiyi və Milli İstiqlal Partiyasının qurucu lideri Etibar Məmmədovun yeganə müxalifət təmsilçisi olaraq qatıldığı 1998-ci ilin prezident seçkiləri də ölkədə canlanma yaratmağa yetmişdi. Boykot edilən seçkilər isə adətən siyasi indifferentlik şəraitində gerçəkləşib. Məsələn, 2015-ci ilin parlament və 2018-ci ildə keçirilmiş prezident seçkilərini yalnız siyasi cəhətdən çox aktiv azlıq xatırlayır.

Boykot tərəfdarları haqlı olaraq deyə bilər ki, “siyasi fəallığın yüksək olduğu seçki kampaniyaları da qeyri-bərabər və qanunsuzluqlar şəraitində keçib, bu baxımdan 2020-ci ilin 9 fevral parlament seçkiləri nə ilə fərqlənir? Çünki bədnam reputasiyaya malik seçki administrasiyası yerində qalır, seçki qanunvericiliyi demokratikləşdirilməyib, əvvəlkilərdən tam fərqli, şəffaf seçkilərin keçiriləcəyinə dair siyasi iradə hələlik müşahidə olunmur.” Amma bütün bunlar əsas vermir ki, müxalifət absenteist təbliğatla özünü, tərəfdarlarını və protest elektoratını siyasi prosesdən təcrid etsin. Demokratik institutların inkişaf etmədiyi Azərbaycan kimi ölkələrdə müxalifətin əsas missiyası ən minimal imkanlardan belə maksimum yararlanmağa çalışmaqdan ibarət olmalıdır. Hüquqlar nə qədər məhdudlaşdırılsa da, seçkilər müəyyən imkanlar yaradır: ən əvvəl istər imzatoplama zamanı, istərsə də namizədliyin qeydiyyata alınması halında əhali ilə təmas yaranır. Təcrübə göstərir ki, iştirak faizinin yüksəldiyi seçkilərin nəticələrini dəyişmək daha çətin olur və hakimiyyət bunun üçün daha çox enerji və güc sərf etmək məcburiyyətində qalır, nəinki boykot zamanı. (Məsələn, 2003-cü və 2005-ci il seçkiləri.)

Bütün çatışmazlıqlara rəğmən səs vermək niyə vacibdir?

Arqument xətrinə hesab edək ki, boykot tərəfdarlarının tez-tez təkrarladığı kimi, heç nə dəyişməyəcək, bu seçkilər də əvvəlkilər kimi olacaq. O zaman prosesi adi bir rəy sorğusu və passiv etiraz kimi də düşünmək olar: narazı vətəndaş bazar günü evindən çıxıb, seçki məntəqəsinə gedərək səsini iqtidar namizədinin opponentlərinə verməklə heç nə itirməyəcək. Yəni seçici məntəqəyə gedib-gəlməklə uzağı bir saat sərf edir, bunu sanki sağlamlıq üçün açıq havada gəzinti kimi də düşünmək olar. Bu halda səslər oğurlansa belə, hakim dairələr insanların real olaraq necə səs verdiyini, yəni əsl nəticəni bilmiş olur. Bir sözlə, seçicinin qeyri-şəffaf seçkiləri belə qanuni və təhlükəsiz etiraz tədbirinə çevirmək şansı var. Yəni vətəndaşların səs verərək etdiyi passiv etiraz belə iqtidarın onların rəyini nəzərə alaraq öz siyasətini qismən də olsa dəyişdirməsinə səbəb ola bilər. İlin əvvəlindən bəri müşahidə edirik ki, sosial mediada diktə olunan ictimai rəyi hakimiyyət diqqətlə izləməyə və öz siyasətində nəzərə almağa başlayıb.

Digər tərəfdən, seçki kampaniyası dövründə cəmiyyətdə fəallıq yaranması həm də müxalifətə öz sosial bazasını genişləndirmək imkanı verir. Kobud pozuntulara şahid olanda adətən qəzəbli seçicilər müxalifətə üz tutur, yaxud özünü onunla eyniləşdirir, müxalifətin təəssübkeşinə çevrilir. İnsanlar seçkiyə getmədiyi halda isə elan olunan nəticələrə laqeyd yanaşmağa meylli olurlar, “onsuz da səs verməmişdim” fikrinə qapılırlar. Lakin vətəndaş gedib səs verəndə özünü prosesin iştirakçısı kimi gördüyü üçün baş verən qanunsuzluqları adətən birbaşa özünə qarşı haqsızlıq sayır və buna görə də imkanı olarsa, səslərin düzgün sayılmasını tələb edərək qərarvericilər üzərində təzyiq qurur. Həmçinin, seçkidən sonra da seçkidə iştirak etmiş vətəndaşların bir qismi siyasətlə maraqlanır və özünə ən yaxın hesab etdiyi siyasi qurumu birbaşa və ya dolayı yolla dəstəkləməyə meylli olur.

Seçki kampaniyası eyni zamanda prosesə elmi yanaşan siyasi qüvvələr üçün data baza yaratmaq imkanıdır: şəhərlər, rayonlar, kəndlər, məhəllələr üzrə vətəndaşların sosial tərkibini, yaş həddini, əhval-ruhiyyəsini, açıq olan şəxsi məlumatlarını öyrənmək, toplamaq mümkün olur. Bu isə gələcək siyasi fəaliyyətin təşkili, konkret ərazilər və əhali təbəqələri üzrə ünvanlı siyasətin qurulması üçün əsas yaradır, növbəti seçkidə artıq yaxşı tanıdığınız seçki dairəsində iş aparırsınız. Seçki praktikası həm də siyasi vərdişlərin və təcrübənin itirilməməsi deməkdir və siyasi mədəniyyətin inkişafına zəmin yaradır. Ölkənin buna böyük ehtiyacı var. 

Azərbaycan dəyişir

Bu seçkilərin əvvəlkilərdən fərqi ölkənin dəyişikliklər mərhələsinə qədəm qoyması ilə bağlıdır. Düzdür, yuxarıdan aparılan bu dəyişikliklərin xarakterini (müsbət, ya mənfi) müəyyənləşdirmək, ölkəni hansı istiqamətə yönələcəyini bu mərhələdə konkret söyləmək asan deyil. İslahatlardan çox danışılsa da, kadr əvəzlənmələri və yeni nəslin təmsilçilərinin hakimiyyət iyerarxiyasında yer tutmağa başlaması istisna olmaqla, real və köklü islahatlar hələ ki yoxdur. Lakin ölkəni idarə edənlər mövcud iqtisadi və siyasi sistemin köhnəldiyinin fərqindədir və sistemin müasir dövrə adaptasiyasına cəhd göstərirlər. 2014-cü ildən başlayaraq enerji bazarındakı təlatüm Azərbaycanın xammal ixracına əsaslanan iqtisadi modelinin arxaik və dayanıqsız olduğunu ortaya qoydu. Bu model faktiki olaraq iflas etdi, paralel olaraq ökədə sosial gərginlik artmağa başladı.

Ərəb mənşəli olan islahat kəlməsinin etimologiyası yanlış olan nələri isə islah etmək, yəni düzəltmək, yaxşılaşdırmaq mənasını verir. Bu sözün prezident tərəfindən son aylar sürəkli təkrarlanması əslində indiyə qədər bəzi işlərin və müəyyən sahələr üzrə aparılan siyasətin yanlış olduğunun etirafıdır. Bunu dövlət başçısının Şamaxıya səfəri zamanı ASAN Həyat Mərkəzinin açılışında suallara verdiyi cavablardan da görmək olur. Məsələn, Əliyev öz hakimiyyəti dövründə də pozuntular, çatışmazlıqlar olduğunu etiraf etdi.  Bundan bir neçə gün əvvəl onun Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı mərasimdəki nitqi müxalifətə qarşı hücum xarakterli idisə, Şamaxıdakı ritorika özünümüdafiə xarakterli idi. Prezident Azərbaycanda korrupsiya və rüşvətxorluğun mövcudluğunu qəbul edərək bu problemin ona miras qaldığını dedi, yəni özünü bu problemdən bir növ ayırmağa çalışdı və ilk dəfə olaraq (müxalifətin tez-tez dilə gətirdiyi məsələlərdən biri olan) institusional, sistem xarakterli islahatların zərurliyini bildirdi.

Ümumiyyətlə, nəzərə çarpan məqamlardan biri də budur ki, hakimiyyət ötən dövrün neqativ yükünü sanki üzərindən atmağa çalışır və onu sahiblənmək istəmir. Amma əlbəttə ki, əhəmiyyətli olan sözlərin praktikada əksini tapması, konkret addımlarla müşayiət olunmasıdır. İndiki mərhələdə aydın olan budur ki, hakimiyyətdəkilər ölkədəki real vəziyyətin AzTV-də təsvir edildiyi kimi olmadığını bilirlər. Prezidentin çıxışlarında gənclik vurğusunun artması onun nəsil dəyişikliyindən xəbərdar olduğunu və bu gerçəkliyə uyğun siyasət qurmağa çalışdığını göstərir. Gənc nəsillər 1990-cı illərin ağır problemlərinə şahid olmadıqları üçün Əliyev onlara bu yaddaşı aşılamağa və o dövrlə müqayisədə bugünkü inkişafın qiymətini bilməyə çağırır. Təəssüf ki, ölkədə peşəkar sosioloji tədqiqatlar aparılmadığından bu tip xitab və təbliğatın gənclər və ümumilikdə əhali təbəqələri arasında hecə qarşılandığını, onların rəyinə nə dərəcədə təsir göstərdiyini müəyyənləşdirmək qeyri-mümkündür.

Cənubi Qafqazda – Azərbaycanın qonşuluğunda cərəyan edən hadisələrin Azərbaycana təsiri də inkarolunmaz reallıqdır. Xüsusən Ermənistanda məxməri inqilab nəticəsində siyasi dəyişikliyin baş verməsi Azərbaycanda böyük diqqət və maraqla izləndi. Ermənistandakı inqilabın Azərbaycanda rəsmi səviyyədə necə qiymətləndirilməsindən asılı olmayaraq, mütərəqqi dünya bunu demokratik inkişaf kimi qəbul edir. Yəni Azərbaycan faktiki olaraq bu sahədə Ermənistandan geri qalıb, bu isə insanlar tərəfindən ağrılı qarşılanır, “heç olmasa, düşməndən geri qalmayaq” düşüncəsi ölkədəki vəziyyətdən narazılığı artırır. Azərbaycan vətəndaşlarının tez-tez səfər etdiyi və yaxşı tanıdığı Gürcüstanda qaynar siyasi proses gedir, sərbəst toplaşma azadlığı, söz azadlığı, plüralizm təmin olunub və 2020-ci ildə bu ölkədə seçki yolu ilə növbəti hakimiyyət dəyişikliyinin gerçəkləşməsi ehtimalı da var. Bütün bunları görən Azərbaycan vətəndaşı qonşularla müqayisə aparır və “bizdə niyə olmasın” sualını özünə ünvanlayır.

Bir daha qeyd etməyə ehtiyac var ki, bu gün üçün Azərbaycanda köklü islahatlardan və demokratikləşmədən danışmaq hələ ki mümkün deyil. Ümumiyyətlə, real islahatların aparılıb-aparılmayacağı da sual olaraq qalır. Parlament seçkilərindən sonra bu mövzuda bəlkə daha konkret fikir söyləmək mümkün olacaq. Amma bütün əlamətlər ölkədə tədricən siyasi yumşalmanın baş verməsinin qaçılmaz olacağını göstərir. Belə bir mərhələdə vətəndaşların siyasi aktivliyinin artması və seçkilərdə fəal iştirakı prosesin müsbət istiqamətdə getməsinə təkan verə bilər.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.