fbpx

Cəmiyyət

Cəmiyyət

1905-1906-cı il erməni-müsəlman qırğınları müasirlərin gözü ilə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Uzun illərdir ki, erməni-azərbaycanlı münaqişəsi müasir Azərbaycan tarixşünaslığının ən mühüm probleminə çevrilib. Azərbaycan tarixçiləri bu problemin kökünü qədimləşdirərək təqribən 20 min il əvvələ çəkməyə cəhd göstərirlər. Siyasi hakimiyyət isə respublikanın az qala  bütün problemlərini Ermənistan-Azərbaycan qarşıdurması prizmasından izah edir. Hər ilin mart ayında respublika mətbuatında,  medianın müxtəlif platformalarında 1918-ci il mart hadisələri ilə bağlı materiallar, çıxışlar, müzakirələr yayımlanır. Lakin tarixi mənbələrə baxdıqda erməni-türk müsəlman (tarixi mənbələrdə azərbaycanlılar XX əsrin əvvəllərinə qədər müxtəlif cür, “müsəlmanlar”, “tatarlar”, “Zaqafqaziya tatarları” və s.  adlandırılıblar) münasibətlərinin heç də Azərbaycan tarixşünaslığının təqdim etdiyi kimi, hər zaman bir rəngi olmadığını görə bilirik. Bu iki xalqın dinc şəraitdə yaşaması haqqında tarixi mənbələrin şahidliyi mövcuddur. Lakin keçən əsrin əvvəllərində Rusiya imperiyasında baş vermiş sosial böhranlar bu iki xalqın yaddaşında bir-biri ilə bağlı mənfi (düşmən) obrazın möhkəmlənməsi ilə nəticələndi. Bunun səbəbinin erməni və azərbaycanlıların bir-birinə qarşı etnik dözümsüzlüyü deyil, bir sıra problemlərdən doğan ziddiyyətli proseslərin nəticəsi olduğunu çoxları bilsə də,  müasir Azərbaycan cəmiyyətində bu haqda danışmaq o qədər də asan deyil. Bu yazıda məqsədim iki qonşu xalqın taleyində ciddi dönüşə səbəb olmuş 1905-1906-cı illər münaqişəsinin dövrün müasirləri tərəfindən necə qiymətləndirildiyinə aydınlıq gətirməkdir. Bu məlumatlar keçən əsrin əvvəllərində azərbaycanlılarla ermənilər arasında yaranmış gərginliyin səbəblərini təhlil etmək və müasir dövrümüzdə də aktual olan erməni-azərbaycanlı qarşıdurmasının  mənşəyini anlamaq imkanı verəcək. Bu məlumatlar eyni zamanda yüz il əvvəl baş vermiş hadisələrə iki baxışın,  müasirlərin və müasir Vətən tarixşünaslığının müqayisəli təhlilinə yardım edəcək.

Keçmişə qısa baxış

Azərbaycan tarixşünaslığı ermənilərin Qafqaza 19-cu əsrdə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsinin nəticəsində köçürüldüyünü iddia etsə də, bu, həqiqətdən uzaqdır. Ermənilərlə azərbaycanlıların uzun əsrlər boyu eyni dövlətlərin və imperiyaların tərkibində yaşaması, eyni sosial, siyasi və mədəni mühiti bölüşməsi bir çox sahələrdə (mətbəx, musiqi, ədəbiyyat nümunələri, rəqs) oxşarlıqların formalaşmasına səbəb olmuşdur. Lakin ortaq tarix  bu iki xalq arasında həm də ciddi fərqliliklərin səbəbidir.

İlk tarixi narrativlərini eramızın V əsrindən yazmağa başlamış ermənilər  özlərini qədim millətlərdən biri kimi görürlər.  IV əsrdə artıq xristianlaşmağa başlamış Ərməniyə dövləti[1] iki imperiya, Sasani və Bizans arasında bölüşdürüldü. Sasani imperiyası dağıldıqdan sonra bir-birinin ardınca davam etmiş Ərəb, Səlcuq, Monqol və digər türk dövlətlərinin (Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi) işğalları altında əzilən ermənilər orta əsr şərqinin iki qüdrətli imperiyasının, Osmanlı və Səfəvi imperiyalarının böyük xristian icmasını təşkil edirdilər. Uzun əsrlər xarici işğalçıların təsiri və təhdidləri altında yaşamağa, davamlı miqrasiyalara məcbur edilmiş, dini diskriminasiyadan əziyyət çəkmiş ermənilərin etnik  və dini kimliyi onları mütəşəkkil siyasi qüvvəyə çevirən önəmli faktorlardan idi. Bu faktor müsəlman olan türklərin etnik kimliyi üçün keçərli deyildi. Müsəlman-türk dövlətlərin hakimiyyəti altında yaşamış azərbaycanlılar 19-cu əsrin əvvəllərinə – xristian Rusiya imperiyasının təbəəliyinə keçənə qədər ermənilərin üzləşdikləri sosial-siyasi diskriminasiyanın nə olduğunu bilməyiblər.  Məhz bu səbəbdən azərbaycanlıların etnik kimliyi ilk dəfə 1905-ci ildə xristian ermənilərlə qarşıdurmada birləşdirici qüvvə  kimi önəmli faktora çevrildi.

19-cu əsrin əvvəllərində Rusiya imperiyasının Osmanlını və İranı məğlubiyyətə uğratması ilə bölgədəki ermənilərin vəziyyətində ciddi dəyişikliklər başlandı. İndiyə qədər Qafqazda sayca azlıq təşkil edən, şəxsi və mülkiyyət hüquqları ciddi şəkildə məhdudlaşdırılan, türk-müsəlman hakimiyyətindən asılı olan ermənilər xristian Rusiyanın hakimiyyəti altında daha əlverişli şərait əldə etmiş oldular. Onlar Qafqazda Rusiya hakimiyyəti ilə işğal olunmuş müsəlman xalqlar arasında vasitəçi rolunu oynamağa başladılar. Hakimiyyətin etibarını qazanan ermənilər nəinki dövlət sifarişləri alır,  hətta dövlət qulluğuna da qəbul olunurdular.[2] Rusiyanın qəyyumluğu və müdafiəsinə ümid edən ermənilər uzun illər Osmanlı imperiyasının hakimiyyəti altında əzilən  böyük erməni icmasının da azad ediləcəyini düşünürdü.[3] Rusiya işğalları ilə türk-müsəlman əhali ilk dəfə xristian hakimiyyəti altında dini və etnik diskriminasiya ilə qarşı-qarşıya gəldi.

Azərbaycan tarixşünaslığında Rusiya imperiyasının hər zaman ermənipərəst mövqe tutduğu  tənqid edilsə də, bu, mübahisəli məsələdir. Bütöv Qafqazın işğalına xristian əhalinin müdafiəsi ilə haqq qazandıran Rusiya imperiyasının ermənilərə münasibəti təqribən 19-cu əsrin sonlarında imperiya daxilində slavyanofil millətçi ideyaların möhkəmlənməsi ilə dəyişdi. İmperator III Aleksandr atasının erməni olan Daxili İşlər naziri Loris-Melikov tərəfindən hazırlanan və imperiyanın qanunvericilik, iqtisadi, idarəetmə və təhsil sahələrini əhatə edən islahat siyasətindən imtina edir, ruslaşdırma xətti götürərək, Rusiya Ortodoks Kilsəsini imperiyanın modernləşdirmə siyasətinin sütunu elan edir. Britaniyalı tarixçi Seton-Vatson haqlı olaraq qeyd edir ki, imperatorun ruslaşdırma siyasətinin əsas hədəfi əhalinin siyasi cəhətdən hakimiyyətə ən çox loyal hissəsini təşkil edən ruslar idi və bu siyasət qeyri-rusların, o cümlədən ermənilərin ciddi narazılığına səbəb oldu.[4] 19-cu əsrin sonlarına doğru bu siyasətin nəticəsi olaraq erməni kilsələrinin nəzdində fəaliyyət göstərən məktəblər bağlandı, erməni tarixi və coğrafiyasının tədrisi qadağan edildi.

III Aleksandrın oğlu II Nikolay atasının yolunu davam etdirdi. 1903-cü ilin iyununda imperator fərmanı ilə erməni kilsələrinin mülkiyyəti müsadirə olunmağa başlandı. Erməni kimliyinin formalaşmasında önəmli rol oynayan kilsəyə bu cür münasibət erməni icmasını ciddi narahat etməyə başladı. Lakin imperator bununla kifayətlənmədi. Tezliklə erməni mətbuatının, teatların, xeyriyyə cəmiyyətlərinin bağlanması haqqında qərar qəbul edildi. Erməni icmasının dini liderləri və din xadimləri kilsəyə və maddi-mədəni strukturlara olan bu hücumu erməni xalqının mövcudluğuna təhdid kimi qiymətləndirdilər. Anti-erməni siyasətin Rusiya və ermənifob ziyalılar tərəfindən dəstəklənməsi ziddiyyətləri daha da kəskinləşdirdi.

Rusiya imperiyasının anti-erməni siyasətinə qarşı çıxan erməni kilsəsi və bütün ermənilərin katolikosu I Mkrtıç Vanesi (Xrimyan) müdafiəni sosialist meyilli Erməni İnqilabi Federasiyasında (EİF) axtarmağa başladı. Azərbaycan tarixşünaslığında daha çox Daşnaksutyun kimi tanınan bu partiya 19-cu əsrin sonlarında Tiflis şəhərində yaradılmışdı. Partiyanın qısa müddətli məqsədi Osmanlı imperiyasında yaşayan erməni icmasının və erməni kilsəsinin  təhlükəsizliyini təmin etmək idi. Uzun müddətli məqsəd kimi partiya erməni əhalinin sayca üstünlük təşkil etdiyi əraziləri birləşdirərək müstəqil Ermənistan dövləti yaratmağı planlaşdırırdı. 1903-cü ilə qədər daşnakların əsas fəaliyyət coğrafiyası Osmanlı imperiyasının ərazisi idi. Lakin Rusiya imperiyasında güclənən anti-erməni siyasəti partiyanın diqqətini Cənubi Qafqaza, xüsusilə də erməni bankirlərin, sənayeçilərin, hüquqşünas və tacirlərin böyük nüfuza malik olduğu ərazilərə  yönəltməsinə səbəb oldu. Neft mühəndisi və sahibkar Konstantin Xatisov 1903-cü il qanununun qəbul edilməsi ilə indiyə qədər Rusiya ermənilərinin işinə qarışmayan Daşnaksutyun partiyasının fəaliyyətini Qafqaza yönəltdiyini və Rusiya hökumətinin erməni xalqını təhdid edən ayrı-ayrı  nümayəndələrinə müharibə elan etdiyini yazır.[5] EİF-nın 8 inqilabi komitəsindən 3-ü müasir Azərbaycanın ərazisində, Bakı, Yelizavetpol (müasir Gəncə) və Şuşada yerləşirdi. Tezliklə bu 3 şəhərdə, xüsusilə də Bakıda terror aktlarının səsləri eşidilməyə başlandı.

1905-1906-ci illərin faciəsi

20-ci əsrin əvvəllərində Bakı quberniyasının paytaxt şəhəri olan Bakı yoxsul, geridə qalmış Asiya tipli yaşayış məntəqəsindən Rusiya imperiyasının sürətlə inkişaf edən sənaye şəhərinə çevrildi. Bu dövrdə şəhərdə 140 min əhali yaşayırdı. Şəhərin sürətli inkişafı və modernləşməsi neft sənayesinin hesabına baş vermişdi. Neft təkcə şəhər əhalisinin sayına deyil, sosial-etnik strukturuna da təsir etmişdi. 1903-cü ilin Bakı şəhəri siyahıyaalınmasına görə, yerlilər, yəni mənbədə Zaqafqaziya Tatarları adlandırılan müsəlman türklər əhalinin cəmi 21.4% təşkil edirdi. Əhalinin 35.5% slavyanlardan (bura rusladan başqa beloruslar və ukraynalılar daxil idi), 19.4% isə ermənilərdən ibarət idi. Şəhərin özünə görə heç də kiçik olmayan yəhudi icması da (9700 nəfər və ya 6.9%) mövcud idi.[6] Bakı bir çox millətin yaşadığı şəhər idi, lakin çoxmillətli şəhər deyildi, bu şəhərdə hər millətin özünə aid bir məhəlləsi, coğrafi məkanı var idi və bu məkanlar bir-biri ilə, demək olar ki, kəsişmirdi. Hər icmanın özünəməxsus sosial həyatı var idi.

Şəhərin iqtisadi cəhətdən çiçəklənməsi neft hasilatına bağlı idi. Bu hasilat 1900-ci ildə təqribən ABŞ-ın səviyyəsinə çatmışdı. Lakin şəhərin artmaqda olan zənginliyindən daha çox gəlmələr bəhrələnirdi. Bakıda Aleksandr və Konstantin Xatisov, Pavel Qukasov, Mkrtıç Kalantarov, Ambarsum Məlikov, Aleksandr Mantaşev, Lazar Mailov, Moses Mirzoyants kimi neft milyonçuları fəaliyyət göstərirdi. Keçən əsrin əvvəllərində Bakının 1-ci və 2-ci gildiyaya məxsus tacirlərinin təqribən yarısı erməni idi.[7] Qeyri-müsəlmanların mətbuat orqanları, teatrları, xeyriyyə cəmiyyətləri var idi və onlar zəngin sosial həyat yaşayırdılar. Müəslmanlar bunların bir çoxundan məhrum idi.  İmperator II Aleksandr tərəfindən 1870-ci ildə imzalanan Şəhər Nizamnaməsinə görə, yerli idarəçiliklə bağlı Bakı şəhərinə geniş muxtariyyət verilmişdi. Lakin nizamnamə şəhər Dumasında əyləşən qeyri-xristian deputatların  sayını Dumanın “ümumi üzvlərinin sayının üçdə birindən çox olmamaq şərtilə” məhdudlaşdırırdı.[8] 20-ci əsrin əvvəllərində müsəlmanlar Cənubi Qafqazın mərkəzi dövlət strukturlarında heç bir vəzifə tutmurdular.

1905-ci ildə imperiyada inqilab başlayanda Bakıda ermənilərlə türk müsəlmanlar arasında (bundan sonra azərbaycanlılar) qanlı toqquşmalar başlandı. Bu toqquşma hər hansı ərazi iddiası ilə bağlı deyildi,  münaqişə siyasi və iqtisadi nüfuz uğrunda idi. Bakinskiye izvestiya qəzeti 1905-ci il fevralın 6-9 arasında baş verən faciəli hadisələri  “dəlilik və dəhşətlə dolu dörd gün” kimi təsvir edirdi.[9] Etnik toqquşma Bakıda başlasa da, tezliklə böyük erməni icmasının yaşadığı Naxçıvan (may 1905), Şuşa (avqust 1905), Yelizavetpol (noyabr 1905) kimi şəhərlərə də sıçradı. Bu hadisələrlə bağlı maraq doğuran etnik qırğının qəflətən başladığı kimi dörd gündən sonra azərbaycan və erməni dini liderlərinin qısa çıxışı ilə qəflətən bitməsi oldu.  İmperiyanın Maliyyə naziri Vladimir Kokovtsev 1905-ci ilin fevralında imperator II Nikolaya göndərdiyi hesabatında bunu belə təsvir edirdi: “Pravoslav, erməni və müsəlman din xadimlərinin müxtəlif millətlərdən olan mötəbər insanların müşayiəti ilə şəhər və mədən bölgələrini iki dəfə gəzməsindən sonra qırğın dayandırıldı…”[10] Mətbuat Bakıda dörd gün davam edən erməni-azərbaycanlı qırğının 269 nəfərin ölümü ilə nəticələndiyini yazırdı.[11] Lakin 1905-ci il qarşıdurması fevral hadisələri ilə bitmədi.

1905-ci ilin avqustunda Bakıda konka sürücülərinin tətili başlandı. Bakıda konka sürücülərinin əksəriyyətini ermənilər təşkil edirdi. Hökumət ictimai asayişin pozulmaması üçün tətil edən erməni sürücüləri əsgərlərlə əvəz etdi. Buna etiraz olaraq erməni tətilçilər bir əsgər konka sürücüsünə atəş açaraq onu öldürdülər. Əsgərləri qorumaq üçün gələn hərbi dəstə ilə erməni silahlı dəstələr arasında atışmada bir neçə əsgər və azərbaycanlı sərnişin öldürüldü. Bu, şəhərdə yeni qırğının başlanmasına səbəb oldu. Lakin avqust hadisələri erməni və azərbaycanlıların bir-birini öldürməsi və mülklərinin məhv edilməsi ilə məhdudlaşmadı, qarşıdurma əksəriyyəti erməni neft maqnatlarına məxsus neft mədənlərinə sıçradı. Balaxanı, Suraxanı, Ramana, Zabrat, Bibi-Heybət neft mədənlərində güclü yanğınlar başladı. 1906-cı ilin fevralında keçirilən Bakı neft mədənçilərinin 21-ci fövqəladə qurultayında səsləndirilən rəqəmlər Bakı neft sənayesinə ciddi ziyan dəydiyini təsdiqləyir. Bakı neft mədənlərində baş verən yanğınlar nəticəsində  istismar olunan neft quyularının yarıdan çoxunun məhv edildiyi,  sənaye əmlakının dördə üç hissəsinin itirildiyi bildirilirdi.[12]

Bir il sonra 1906-cı ilin fevralında (20-28 fevral) Tiflisdə erməni-azərbaycanlı qarşıdurmasını doğuran səbəbləri təhlil etmək məqsədilə sülh qurultayı çağırıldı. Qurultayda iştirak edən nümayəndələr iki xalq arasında yaranmış problemlərin mənşəyini müzakirə edirlər. Problemləri aradan qaldırmaq üçün hər iki xalq proqram hazırlayır. Bu proqramlar iki xalqı bir-birinə düşmən edən səbəblərə aydınlıq gətirməklə yanaşı, onların özləri haqqında nə düşündüklərini təhlil etmək baxımından önəmlidir.  Qurultayın ilk günündə çıxış edən Qafqaz canişini qraf İllarion Vorontsov-Daşkov etnik qırğını doğuran ən ciddi səbəbin iki xalq arasında  mədəni və dini ayrılıq olduğunu söyləyir. Rusiya administrasiyasının nümayəndəsi yerli hakimiyyət orqanlarının qeyri-effektiv işləməsini və silahlı toqquşmanın qarşısının alınması üçün polis və ordu hissələrinin məhdud imkanlara malik olduğunu da etiraf edir.[13] Erməni nümayəndələrdən Georgiy Xatisov imperiya hakimiyyətini azərbaycanlılara qarşı nifrəti qızışdırmaqda günahlandırır. Müsəlman nümayəndələr isə əsas səbəbkarın erməni hərbi dəstələri, xüsusilə də Daşnaksutyun partiyasının olduğunu bəyan edir. Lakin hər üç tərəfin günahkar və səbəb kimi göstərdikləri hədəflər ciddi suallar doğururdu. Məsələn, Qafqaz canişini müsəlmanların nə üçün Qafqazda yad element olan işğalçı rusları deyil, məhz erməniləri hədəflədiyini izah edə bilmirdi.  Ermənilər Qafqazda hansı səbəbdən hərbi dəstələrə ehtiyac duyduqlarını və hansı məqsədlərə nail olmaq istədiklərini izah edə bilmirdilər. Müsəlmanlar nə üçün rusları deyil, Qafqazda işğalçı olmayan erməniləri  hədəflədiklərini izah edə bilmirdilər.

Müsəlman nümayəndə heyətinin üzvü İsrafil Hacıyev daşnakları müsəlmanlara qarşı terrorda günahlandıranda EİF partiyasının üzvü Konstantin Xatisov partiyanın Osmanlı imperiyasındakı erməni icmasının azadlığı uğrunda mübarizə apardığını bildirir və əlavə edir ki, demokratiyanın tərəfdarı olan müsəlman nümayəndələr demokratik dəyərlər uğrunda mübarizə aparan erməniləri anlamaqda çətinlik çəkməməlidirlər. Azərbaycanlı nümayəndə Qarabəy Qarabəyov Xatisovun iradına cavab  olaraq bildirir ki, “erməni partiyasının Osmanlı Türkiyəsində erməni xalqının azadlığı uğrunda istənilən mübarizəsini alqışlayıram. Lakin siz ermənilər terroru Qafqazın ərazisinə gətirirsiniz. Biz sizin Türkiyə ərazisində yaşayan soydaşlarınızın həyat şəraitini yaxşılaşdırmaq uğrunda mübarizənizə etiraz etmirik, lakin cəmi bir milyon olan ermənilərin Qafqazda dar millətçi siyasi məqsədlər yürütməsinə münasibətimiz fərqlidir.”[14] Qurultayda iştirak edən müsəlman nümayəndə heyəti ermənilərə Qafqazda özlərinə dövlət yaratmaq kimi bir fikirlərinin olub-olması haqqında birbaşa sual vermədilər. Lakin artıq uzun müddət idi ki, cəmiyyətdə ermənilərin Rusiyanın ağır vəziyyətindən istifadə edərək Rusiya və Osmanlıya qarşı üsyan qaldırıb dövlət yaratmaq və ətraf xalqları özlərinə tabe etmək istədikləri,  azərbaycanlıların isə Türkiyənin yardımı ilə Zaqafqaziyanın bir hissəsini Rusiyadan qopararaq Osmanlıya birləşdirib qüdrətli müsəlman imperiyası yaratmaq istədikləri haqqında şayiələr dolaşırdı.[15] Ermənilər Böyük Ermənistan yaratmaq iddiaları ilə bağlı yayılan şayiələri absurd adlandırır və bunu hakimiyyətin bir oyunu hesab edirdilər.  Xatisov bu şayiələrlə bağlı Bakı qəzetində yazırdı ki, “məmurlar Böyük Ermənistan haqqında heç bir əsası olmayan, mənasız nağıllar yayırlar. Bu nağıllar sonradan Novoye Vremya, Moskovskiye Vedomosti kimi qəzetlərin səhifələrində dərc olundu, oradan da bütün dünyaya yayılaraq `erməni separatizmi` haqqında rəvayətin yaradılmasının əsasını qoydu.”[16]

İnqilab, xalq, hakimiyyət

1905-1906-cı illərin faciəli hadisələrinə dövrün müasirlərinin münasibəti birmənalı deyildi. 1906-cı ildə hadisələrin şahidi olmuş iki ziyalı, azəbaycanlılardan Məmməd Səid Ordubadi, ermənilərdən İvan Əlibəyov qırğınların baş verdiyi müxtəlif bölgələrdən göndərilən məlumatlar əsasında kitab dərc etdirirlər. Ordubadinin Qanlı illər adlı əsəri Azərbaycan auditoriyasına tanışdır. Ermənilər isə bu faciəli hadisələr haqqında Əlibəyovun Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsində adlı əsərindən məlumat əldə edə biliblər.[17] Hər iki müəllif iddia edir ki, ilk hücum edən qarşı tərəf olub və hücumlar gözlənilməz olduğu üçün insanlar özlərini qoruya bilməyiblər. Ordubadi bu faciəni azərbaycanlıların gözü ilə təhlil edərək onun 4 səbəbini göstərir: 1. daşnakların fəaliyyəti; 2. hakimiyyətin fəaliyyətsizliyi; 3. müsəlmanların elmsizliyi və müasir işlərdən bixəbər olmaları və nəhayət; 4. ermənilərin muxtariyyət istəyi.[18] Əlibəyovun fikrincə, faciənin 3 səbəbi vardı: 1. Siyasi hakimiyyət; 2. mötəbər müsəlman ziyalıları; 3. mötəbər müsəlmanların  fitnəsinə uyan sadə müsəlmanlar.[19] Əlibəyov mötəbər müsəlmanlar dedikdə bölgənin bəyləri və ağalarından, siyasi xadimlərindən olan Adıgözəlbəy Adıgözəlovu, Hüseynağa Cavanşiri, İbrahim bəy Hüseynbəyovu, Həsənəli bəy Əsgərxanovu, Sadıx bəy Məlik-Aslanovu, Ələsgər bəy Xasməmmədovu və Ələkbər bəy Rəfibəyovu[20] nəzərdə tutur və xüsusi olaraq qeyd edir ki, baş verənlərdə sadə azərbaycanlıların heç bir günahı yoxdur,  onları cinayət əməllərinə təhrik edən varlı təbəqə və hakimiyyət nümayəndələridir.[21] İddialarını möhkəmləndirmək üçün Əlibəyov adları çəkilən mötəbər müsəlmanların Şuşa və Cavanşir qəzalarında törətdikləri özbaşınalıqlardan, qanunsuzluqlardan söz açır və əlavə edir ki, ağalar müsəlman əhalinin üsyankar ermənilərin təsiri altına düşməsindən ehtiyat edirdilər. Buna sübut olaraq, Yelizavetpolda sülh danışıqları zamanı Ələkbər Xasməmmədovun söylədiyi nitqdən sitat gətirilir. Əlibəyov iddia edir ki, Xasməmmədov sülh danışıqları zamanı üzünü çar hakimiyyəti təmsilçilərinə tutaraq bildirib ki, müsəlmanlar olmasaydı, çar hakimiyyəti erməniləri inqilabi hərəkatdan uzaqlaşdıra bilməzdi.[22] Ordubadinin Bakıda erməniləri ölümdən qurtaran müsəlmanların olduğunu qeyd etdiyi kimi,[23]  Əlibəyov da Yelizavetpolda müsəlmanların məsləkdaşlarını ölümdən qurtardığına, hakimiyyətin isə hadisələrə seyrçi qaldığına şahidlik edir.[24]

1905-1906-cı illərin faciəli hadisələri ilə bağlı ətraflı fikirlər 1906-cı il Tiflis qurultayında səslənir.  Erməni nümayəndələrin çıxışından məlum olur ki, erməni tərəfi bu faciənin birmənalı olaraq hakimiyyət tərəfindən təşkil edildiyini və imperiya qüvvələrinin erməniləri siyasi aktivliyə görə cəzalandırdığını düşünür.  20-ci əsrin əvvəllərində ermənilər Qafqazda  siyasi cəhətdən ən aktiv  və mütəşəkkil qüvvə idilər. Çar hakimiyyətinin erməniləri sosialist partiyalara qoşulduğuna, tətillərdə aktiv iştirak etdiyinə, dövlət məmurlarına qarşı sui-qəsd hazırladığına görə cəzalandırmaq istəməsi məntiqli görünürdü. Ermənilər məhz bu səbəbdən qırğınların planlaşdırılmasında və icrasında günahkar hesab etdikləri Bakı qubernatoru Mixail Nakaşidzeyə ölüm hökmü çıxarmışdılar və bu hökm 1905-ci il mayın 11-də daşnak Drastamat (Dro) Kanayan tərəfindən icra edilmişdi.

Ermənilər həmçinin Qafqazın hakimiyyət orqanlarını vəzifələrini yarıtmaz icra etdiklərinə, qanunsuzluqlara yol verdiklərinə, polisin insanların həyatını və mülkiyyətini qorumaq əvəzinə siyasi məsələlərlə məşğul olduğuna görə tənqid edirdilər. Konstantin Xatisov bildirir ki, özbaşınalıqlar,  hakimiyyət orqanlarının qeyri-professional fəaliyyəti, qanunlara hörmətsizlik erməniləri Daşnaksutyun partiyasından yardım istəməyə məcbur edib. Ziyadxanov üzünü hakimiyyət orqanlarının fəaliyyətindən şikayət edən Xatisova tutaraq bildirir ki, təmiz qəlbdən hakimiyyətin öz funksiyalarının düzgün yerinə yetirilməsini arzulayır, belə olduqda, yəqin ki, ermənilər K.Xatisovun dediyi kimi, özlərini və mülklərini qorumaq üçün daşnaklara ehtiyac hiss etməyəcəklər.[25]

Ermənilərin digər hədəfi isə müsəlman bəyləri və ağaları idi. Ermənilər müsəlman ali zümrəsinin sadə müsəlmanları qorxu altında saxladıqlarını, onları öz iradələrinə tabe edərək istədikləri kimi istifadə etdiklərini, çar hakimiyyəti ilə müttəfiqlik etdiyini bildirirlər. Qurultayda çıxış edən A.Arakelyan Naxçıvan hadisələrindən danışaraq qırğınlara bəylərin və ağaların rəhbərlik etdiyini bildirir və əlavə edir ki, “müsəlmanlar bütün baş verənlərdə daşnakları günahlandırdıqları kimi biz də baş verənlərdə müsəlman bəyləri və ağaları günahlandırırıq.”[26] Ermənilərin bu mövqeyinə qarşı çıxan Əhməd bəy Ağayev müsəlman imtiyazlı təbəqənin azərbaycanlıların düşməni olmadığını bildirir.[27] Qurultayın son iclaslarında təzminat məsələsi müzakirə olunan zaman Ağayev təzminatın müsəlman imtiyazlı təbəqənin üzərinə qoyulmasına etiraz edir və bildirir ki, “bəylər və ağalar müsəlmanların yeganə dayağıdır, onları müflis etməklə ermənilər müsəlmanlığı məhv etmək istəyirlər”.[28] Ehtimal etmək olar ki, mötəbər müsəlmanların milli qırğında aktiv fəaliyyəti ermənilərin çar hakimiyyəti altında daha yaxşı imkanlar əldə etməsi ilə bağlı idi. Vaxtilə müsəlmanların hakimiyyəti altında olan ermənilərin indi müsəlmanlardan daha yüksək sosial mövqeyə malik olması, hakimiyyətlə müttəfiq olması, müsəlman ağaları deyil, imperiya hakimiyyətinə loyallıq nümayiş etdirməsi  müsəlman ağalara ədalətsizlik kimi görünürdü.

Azərbaycanlı nümayəndələrin çıxışları və iki xalq arasında sülhə nail olmaq üçün hazırladıqları proqram onların 1905-1906-cı illərin faciəsini necə təhlil etdiklərini və hansı nəticələrə gəldiklərini göstərir. Azərbaycanlılar da çar hakimiyyəti kimi ermənilərlə aralarında olan fərqliliklərin nifrətə çevrilməsinin mümkünlüyünü qeyd edirlər. Lakin bu fərqlilik etnik və ya dini dözümsüzlükdən irəli gəlmirdi. Azərbaycanlılar ermənilərlə aralarındakı ən böyük fərqin mədəni inkişaf sahəsində olduğunu etiraf edirdilər. Bunun üçün çar hakimiyyətinin və yerli müsəlman icmalarının ümumi ibtidai təhsil şəbəkəsini yaratmasının və maliyyələşdirməsinin zəruriliyini qeyd edirdilər.  Hacıyev, Ağayev, Vəkilov, Quliyev öz çıxışlarında azərbaycanlıların təhsil sahəsində ermənilərdən geridə qaldıqlarını, müsəlman əhalinin ermənilər kimi təhsil ala biləcəyi məktəb, seminariya və hətta akademiya yaratmalı olduğunu qeyd edirlər.[29] Bu fikri dəstəkləyən baron Rauş fon Traubenberq müsəlmanların seyrək məskunlaşdığı ərazilərdə İsveç nümunəsi kimi səyyar məktəblərin yaradılmasının mümkünlüyündən bəhs edir.[30]

Azərbaycanlıların səsləndirdikləri ikinci və ən mühüm fərqlilik onların vətəndaş hüquqları ilə bağlı idi. Azərbaycanlı nümayəndələr şəhər dumalarında müsəlman nümayəndələrinin sayının az olmasına, təhsil və mədəni sahədə təşkilatlarını yarada bilmədiklərinə etiraz edir və bildirirdilər ki, müsəlmanlar Qafqazda rusların sahib olduqları imtiyaz və hüquqlara iddialı deyillər, lakin hüquqi müstəvidə dini mənsubiyyətlə bağlı qarşılaşdıqları məhdudiyyətlərlə razılaşa bilməyəcəklər.[31] Erməni nümayəndələri bu iradın haqlı olduğunu bildirirlər, amma əlavə edirlər  ki, hüquq və imtiyazları verən ermənilər olmadığından müsəlmanların onları cəzalandırması  məntiqli deyil. Müsəlmanlar bu məsələləri ermənilərlə deyil, hakimiyyətlə həll etməlidirlər. Şəhər Əsasnamələrində müsəlmanların hüquqlarının məhdudlaşdırılması məsələsindən danışan Topçubaşov da hakimiyyətin diskriminativ siyasətini erməni-müsəlman qarşıdurmasının əsas səbəbi kimi göstərir.[32] Hakimiyyətin nümayəndəsi Tseperson diskriminativ vəziyyətin yalnız Bakı şəhəri üçün keçərli olduğunu deyir və vurğulayır ki, Yelizavetpol şəhərində  böyük erməni icmasının olmasına rəğmən, şəhər dumasının bütün üzvləri müsəlmanlardır.[33]

Azərbaycanlı və erməni nümayəndələrin səsləndirdikləri iki xalq arasındakı fərqliliklərdən biri də müsəlmanların sosial həyatı ilə bağlı idi.  Müzakirələrdən məlum olur ki, bölgələrdə yaşayan müsəlmanların əksəriyyəti köçəri maldarlıqla məşğul olur və yaylağa çıxan zaman müsəlmanlar bəzi yerlərdə erməni kəndlərinin içərisindən keçməli olurlar. Bu, ermənilərlə azərbaycanlılar arasında ciddi qarşıdurmalara, hətta ölüm hallarına da səbəb olurdu. Quliyev çıxışında bildirir ki, fəsli köç zamanı bölgələrdə daha qanlı toqquşmalar baş verirdi və ölümlərin sayı heç də Bakı qırğınları zamanı öldürülən insanların sayından az olmurdu.[34] Əlbəttə ki, 1905-1906-cı illərin qırğınları zamanı hər iki tərəfin odlu silahdan istifadə etməsi və mütəşəkkil olaraq bi-birlərini hədəfləməsi köç zamanı baş verən lokal toqquşmaları kölgədə qoyurdu. Erməni nümayəndələr azərbaycanlıların tədricən oturaq həyat tərzinə keçmələri üçün müsəlman ziyalıların onları maarifləndirməli və hökumətlə bu sahədə birgə planlar hazırlamalı olduqlarını düşünürdülər. Əhməd bəy Ağayev çıxışında müsəlmanların əksəriyyətinin köçəri olduğunu qəbul edir və bildirir ki, azərbaycanlılar sosial inkişafın 2-ci, köçəri maldarlıq səviyyəsində qalıblar və üçüncü, oturaq həyat səviyyəsinə keçə bilməyiblər.[35] Buna baxmayaraq, azərbaycanlı nümayəndələr köçəri maldarlığın tamamilə məhv edilməsinin qeyri-mümkünlüyünü və rasional yanaşma olmadığını düşünürdülər.

Qurultayda hakimiyyəti təmsil edənlər qanlı qarşıdurmaları birbaşa olaraq çarizmin yürütdüyü siyasətlə və yaxud inqilaba qarşı mübarizə ilə əlaqələndirmirdilər. Hakimiyyət bunu qeyd edildiyi kimi sivilizasiyalar arasında toqquşma,  müsəlman-xristian qarşıdurması kimi təqdim etməyə çalışırdı. Güc strukturlarının bir müddət qanlı hadisələrə müdaxilə etməməsi, silahlı toqquşmaların qəflətən başladığı kimi qəflətən bitməsi, qırğınlardan sonra icmaların yaşayış yerlərini kütləvi şəkildə tərk etməməsi bu proseslərin kənar qüvvələr tərəfindən idarə olunması fikrini formalaşdırır. Lakin bununla yanaşı, hakimiyyətin bu qırğınları təşkil və idarə etməsinə şübhə yaradan bir neçə məsələ də mövcuddur.  Əvvəla, hakimiyyətin qırğınlara vaxtında müdaxilə etməməsi üçün bir sıra səbəbləri var idi. Hakimiyyətin bölgədə kifayət qədər silahlı qüvvələr və polis saxlamaq imkanı yox idi. Artıq bir neçə il idi ki, böyük imperiyanın ərazisində inqilabi gərginlik, ixtişaşlar baş alıb gedirdi. Bütöv ərazini polis və ordu nəzarətində saxlamaq qeyri-mümkün idi. İkincisi, yerli əhalinin əlində odlu silahın cəmləşməsi hakimiyyətin sərhədlərə effektiv nəzarət edə bilmədiyinə dəlalət edirdi. Bundan silah qaçaqmalçılığı ilə məşğul olanlar yararlanırdı. Rusiya imperiyasında uzun müddət odlu silahın istehsalı, idxalı və satışı ilə bağlı heç bir məhdudiyyət olmayıb. Lakin imperiya hakimiyyətindən narazılıqlar artdıqca, ixtişaşlar gücləndikcə odlu silahla bağlı qanunvericilik sərtləşdirilir.  Bundan başqa, Rusiya imperiyasının şərq siyasəti ilə əlaqədar hələ 1892-ci ildən Zaqafqaziya ərazisinə həm İran və Türkiyə vasitəsilə quru yolla, həm də Xəzər sahilindəki limanlar vasitəsilə hərbi silah-sursatın və barıtın idxalı qadağan edilmişdi.[36]1900-cü ilin yayında isə imperator  Dövlət Şurasının Orduda istifadə edilən odlu silah nümunələrinin istehsalı və xaricdən idxalının qadağan edilməsi haqqında təklifini qanun kimi təsdiq edir.  Bu qadağalara  baxmayaraq, azərbaycanlılarla ermənilərin əlində kifayət qədər odlu silah var idi. Çox güman ki, silah-sursatın bir hissəsi xarici dövlətlərdən qaçaqmalçılıq yolu ilə gətirilmirdi, yerli hərbi bölmələrdən əldə edilirdi ki, bu da orduda rüşvətxorluğa dəlalət edir.  Üçüncüsü, neft mədənləri ilə zəngin Bakıda silahlı ixtişaşlar olduqca təhlükəli idi və bu təhlükənin qarşısının alınmasında həm şəxsən imperator, həm də sənayeçilər maraqlı idilər.

Rusiya imperiyasının Yaponiya ilə müharibə etdiyi bir dövrdə neft sənayesinə zərbə dövlət xəzinəsinə daxil olan vəsaitin  azalması, müharibənin ehtiyaclarının vaxtında ödənilməməsi demək idi. İmperiya ərazisində sabitlik və ictimai asayişin  qorunmaması, xaos və təlatümlər eyni zamanda hakimiyyətin imicinə böyük zərbə vururdu. Müharibəni uduzan imperiyanın artan xərclərini ödəməsi üçün maliyyə dəstəyinə ehtiyacı var idi. Daxili sabitliyini təmin edə bilməyən dövlətə borc vermək istəyən olmayacaqdı və Maliyyə Naziri  bunu açıq etiraf edirdi.[37] İxtişaş dövründə hakimiyyət həm öz səlahiyyətlərini icra etmək iqtidarında deyildi, həm də səlahiyyətlərin icrasına nəzarət edəcək qədər güclü deyildi.

Tiflis qurultayında iştirak edən müsəlman ali zümrəsi və erməni sənayeçilərin dəyən ziyan və insan tələfatı ilə bağlı səsləndirdikləri fikirlər göstərir ki, 1905-1906-cı illər toqquşması zamanı “hazırlıqsız yaxalandığı” deyilən müsəlmanların arasında tələfat ermənilərlə müqayisədə daha az olub. Bilavasitə Bakı hadisələrinə diqqət yetirdikdə isə maddi zərərin daha çox  erməni sənayeçi və tacirlərinə dəydiyi məlum olur.[38] Bunun ən azı iki səbəbi var idi, müsəlmanlar şəhərdə sayca çox olduqlarından yaxşı qoruna bilmişdilər, erməni sənayeçiləri isə iqtisadi cəhətdən daha aktiv olduqlarından ən çox zərər  onlara dəymişdi.

Nəticə

Bizi 1905-1906-cı illərin faciəsindən yüz ildən də çox vaxt ayırır. Bu zaman çərçivəsində faciəli hadisələrə münasibət dəyişib. Müasir Azərbaycan cəmiyyətinin 1905-1906-cı illər haqqında yaddaşı tarixşünaslıq tərəfindən formalaşdırılır. 2008-ci ildə AMEA A.Bakıxanov adına Tarix İnstitutu əməkdaşları tərəfindən hazırlanan Azərbaycan tarixinin 5-ci cildində faciəli hadisələr haqqında bilavasitə bəhs edilmir, “1905-ci ilin erməni-müsəlman qırğını” neft sənayesinin iflasa uğramasının səbəblərindən biri, sinfi qarşıdurmanın nəticəsi kimi xatırlanılır.[39]  2023-cü ildə dərc olunan 11-ci sinif Azərbaycan tarixi dərsliyində isə bu faciə 21-ci əsr Ermənistan-Azərbaycan qarşıdurması prizmasından şərh edilir:

1905-ci ilin əvvəllərində Bakıda milli qırğın həyata keçirmək üçün çar hökuməti xüsusi plan hazırladı. Bu planın reallaşdırılması isə qubernator M.Nakaşidzeyə tapşırıldı…. Hökumət nümayəndələri tərəfindən  silahlandırılmış daşnaklar yüzlərlə azərbaycanlının qətlinə bais oldular. Evlər qarət edildi, talanlar törədildi. Qubernator qırğının qarşısını almaq üçün heç bir tədbir görmədi.[40]

Dövrün müasirlərinin bu hadisələr haqqında şahidliyini nəzərə almayan dərslik müəllifləri,  sözsüz ki, ermənilərin müttəfiqi kimi təqdim etdikləri Nakaşidzenin erməniləri müdafiə edə bilmədiyi üçün daşnaklar tərəfindən öldürülməsi faktından da yan keçir və bu qırğının səbəbini izah edə bilmirlər.

1905-1906-cı illərin faciəli hadisələri erməni və azərbaycanlıların Rusiya hakimiyyəti altında transformasiyaya məruz qalmış sosial statusu və siyasi ambisiyalarından irəli gələn kompleks səbəblərin nəticəsi idi. Bakı neft sənayesinin itkilərini nəzərə alaraq hakimiyyətin bu qarşıdurmadan bəhrələndiyini söyləmək doğru olmaz. Lakin bu qarşıdurmanın yerli əhalinin, xüsusilə də ermənilərin siyasi aktivliyinə zərbə vurduğu danılmazdır. 1904-1905-ci illər rus-yapon müharibəsi, güc dövlətlərinin Rusiyanı  dünya neft bazarından sıxışdırmaq istəyi Bakıdakı etnik qarşıdurmaya  təsir edən ciddi amillərdən idi. Bütövlükdə 1905-1906-cı illərin faciəsi Qafqazın iki xalqı arasında ziddiyyətlərin əsasının qoyulduğu hadisə idi. Bu faciə torpaq uğrunda deyil, sosial-siyasi nüfuz uğrunda başlasa da, tədricən tarixə müdaxilələr və əsassız ərazi iddiaları ilə dərinləşdi.

 

Qeydlər və istinadlar:

[1] Bu ad Əhəməni şahı I Darius dövrünə aid Bisütun kitabələrində Armina/Ərminə və Arminiya/Ərməniyə kimi qeyd olunub.

[2] Главнейшие выводы из отчета с произведенной с 1905 года сенатором Кузьминским ревизии города Баку. Каспий, 26 января 1906 г.

[3] Hugh Seton-Watson, Nations and States. An Enquiry into the Origins of Nations and the Politics of Nationalism (London: Methuen, 1977), 61.

[4] Yenə orada, s.186.

[5] Хатисов К. Ревизия сенатора Кузьминского и армянские комитеты. Баку, 19 февраля 1906 г.

[6] Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 894, siy. 10, iş 99, v. 90.

[7] Бакинский Торгово-Промышленный сборник. Баку: Типография Я. Г. Гюльбасарова, 1901, с.111.

[8][8]Высочайше утвержденное 16 июня 1870 года Городовое Положение с объяснениями. Санкт-Петербург, 1870.

[9]Иван Алибегов. Мысли, вызванные кровавыми событиями последних дней в городе Баку. Бакинские известия, 12 февраля 1905.

[10] Всеподданнейший доклад министра финансов В.Н.Коковцева Николаю II, 14 февраля 1905 Г.

[11] Главнейшие выводы из отчета с произведенной в 1905 году сенатором Кузьминским ревизии города Баку. Каспий, 26 января 1906 г.

[12] Труды 21-го экстренного съезда нефтепромышленников в городе Баку. С 17 по 21 февраля Баку: Б.и., 1906.

[13] Армяно-мусульманский съезд. Баку, 24 февраля 1906 г.

[14] Армяно-мусульманский съезд. Каспий, 28 февраля 1906 г.

[15] Армяно-мусульманский съезд. Баку, 28 февраля 1906 г.; 3 марта 1906 г.

[16] Хатисов К. Ревизия сенатора Кузьминского и армянские комитеты. Баку, 19 февраля 1906 г.

[17] Алибегов И.Елисаветпольские кровавые дни пред судом общества. Завравшийся “публицист” и его общественные сподвижники: публицистика. Тифлис, Типография К. П. Козловского, 1906.

[18] Ordubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. Bakı, Qafqaz, 2007, s.11-14.

[19]Алибегов, s.6-8, 11-12.

[20] Əlibəyovun adlarını qeyd etdiyi azərbaycanlılar 1905-ci ildə Gəncədə Qeyrət partiyasını yaratmışdılar. 1917-ci il fevral inqilabından sonra onlar siyasi səhnəyə Türk Federalist partiyası kimi qayıtdılar.

[21] Yenə orada, s.38.

[22] Yenə orada, s.48

[23] Ordubadi, s.18-20.

[24] Yenə orada, s.16, 21, 24.

[25] Yenə orada.

[26] Армяно-мусульманский съезд. Баку, 7 марта 1906 г.

[27]Армяно-мусульманский съезд. Баку, 1 марта 1906 г.

[28] Армяно-мусульманский съезд. Баку, 8 марта 1906 г.

[29] Армяно-мусульманский съезд. Баку, 2 марта 1906 г.; Армяно-мусульманский съезд. Баку, 3 марта 1906 г.;

[30] Yenə orada

[31] Армяно-мусульманский съезд. Каспий, 28 февраля 1906 г.

[32] Армяно-мусульманский съезд. Баку, 2 марта 1906 г.

[33] Yenə orada.

[34] Армяно-мусульманский съезд. Баку, 3 марта 1906 г.

[35] Армяно-мусульманский съезд. Баку, 3 марта 1906 г.

[36] Свод законов Российской империи. Все 16 томов со всеми относящимися к ним продолжениями в одной книге. Под ред. Ф. Волкова, Ю. Д. Филиппова. СПб., 1900. Т. VI. (Издание 1892 г.). Свод учреждений и уставов таможенных. s. 98–99.

[37]Коковцов В.Н. Из моего прошлого. Воспоминания, 1903–1917. Том 1, Париж: Иллюстрированная Россия, 1923, с.67.

[38] Армяно-мусульманский съезд. Баку, 7 марта 1906 г.; Армяно-мусульманский съезд. Баку, 8 марта 1906 г

[39] Azərbaycan tarixi. 5-ci cild, Bakı: Elm, 2008, s.24, 80, 99.

[40] Azərbaycan tarixi fənni üzrə dərslik. 11-ci sinif. Bakı, Şərq-Qərb ASC, 2023, s.51.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.